Nəriman Həsənzadə: “Mənə Nazim Hikmət də, Mir Cəlal da ev verib” MÜSAHİBƏ

Nəriman Həsənzadə: “Mənə Nazim Hikmət də, Mir Cəlal da ev verib” MÜSAHİBƏ
16 yanvar 2014
# 15:02

Kulis.Az Xalq Şairi Nəriman Həsənzadə ilə müsahibəni təqdim edir.

- Nəriman müəllim, bir aydan sonra səksən üç yaşınız tamam olacaq. Özünüzü necə hiss edirsiniz?

- Aşıq Şəmşir deyir ki, adamın əhval – ruhiyyəsi yaxşı olanda, qış da birdi, yaz da birdi. Oğlum, mən elə bilirəm ki, adamın işi uğur gətirəndə, yaş da unudulur, hər şey unudulur. Ancaq buna baxmayaraq yaş yaşdır, istər – istəməz təsiri var. Əlbəttə, çətindi. Yaşın çox olmasının pis tərəfi odu ki, bir sıra dostlar, qohumlar dünyasını dəyişir, onlar itir, onlar gedir.

Bir sıra yazıçı dostlarım haqqında xatirələr danışıram. Xatirə danışmaq çox ağırdı... Dünən görüşə gedirdim, bu gün xatirə danışıram. Bir neçə gün bundan əvvəl Məlik Dadaşov haqqında xatirə danışdım. Halbuki böyük sənətkarla həmişə yaxın olmuşuq, mənim “Bütün Şərq bilsin” pyesimdə oynayırdı. Bu mənada dünya sirdir, dünya dərkolunmazdır. Böyük türk şairi Nazim Hikmət isə deyir ki, insan hər yaşda gəncdir. Gərək özünü elə saxlayasan, yaradıcılıqdan, mütaliədən qalmayasan. Mən belə başa düşürəm. Mütaliədən qaldın qocalacaqsan. Elə ki, mütaliə var, insan hər yaşda gəncdi.

- “Avtobioqrafiya” adlı belə bir şeiriniz var:

Döyüldüm dəmir kimi,

döyüşdə gərək oldum.

Yoğruldum xəmir kimi,

gördülər, çörək oldum.

Əkildim torpaq kimi,

göyərdim, çiçək oldum.

O qədər dandılar ki,

axırda gerçək oldum.

- Bu mənim qısaca bioqrafiyamdır. Tərcümeyi-halın çox böyük rolu var. Bir var yüksək təbəqəyə məxsus ailədə dünyaya gələsən, səni hamı tanıya. Bir də var mənim kimi. Atam dəmiryolunda fəhlə olub. Anam da adi qadın. Biz rayondan gəlib Bakıda adam olunca, özümüzü tanıdana, sübut edənə qədər bizimki bizə dəyirdi. Ona görə bu şeiri yazdım. Məni daim danıblar. İstedadın ola və heç kəsin olmaya. Bu çox ağırdı. Ancaq qarşıma yaxşı adamlar çıxdı. Bir yaşında atamı, iyirmi üç yaşında anamı itirdim və qaldım tək. Gəncədə Pedaqoji İnstitutu bitirmişdim. Ondan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat institutunda oxudum. İş tapa bilmirdim. Qabağıma Mir Cəlal müəllim çıxdı. Sözün həqiqi mənasında mənə atalıq elədi. Mir Cəlal müəllimin sözüdür, dedi, nə axtarırsan? Dedim, iş axtarıram. İş axtarma, adam axtar dedi. Sonra soruşdum ki, Mir Cəlal müəllim, niyə elə dediniz? Dedi, Nəriman, iş tapacaqdın. Ancaq elə adamın yanında işləyə bilərdin ki, bütün ilhamını söndürərdi. Gör nəyə fikir verib rəhmətlik. Mir Cəlal müəllimin köməkliyi ilə indiki Bakı Dövlət Universitetində aspiranturaya qəbul oldum. Elmi rəhbərim oldu, mənə mövzu verdi, müdafiə elədim. Böyük oğlu Arifə veriləcək evi mənə verdi.

- Bir neçə il əvvəl televiziya verilişlərinin birində yazıçı Seymur Baycanla aranızda ev məsələsinə görə kiçik “söz atışması” oldu. Bu məsələyə geniş münasibət bildirməyinizi istərdik.

Seymur dedi ki, niyə Nazim Hikmətin sənə ev verdiyini demirsən. O da çox səmimi oğlandı, mənə xoş təsir bağışladı. Rəhmətlik Qılman İlkinin türk yazıçıları haqda kitabı var. Həmin kitabda Nazim Hikmət haqda da yazmışdı. Nazim Hikmətlə bağlı söhbətləri Qılman müəllimə mən danışmışdım. Qəzetdə də yazmışdılar ki, Nəriman heç olmasa o kitabı oxuyaydı. Halbuki o kitabda yazılanları özüm danışmışam. Mən uzun müddət qəzetdə işləmişəm, gərək verdiyin materialı yoxlayasan. Nazim Hikmət haqda çoxlu şeirlər yazmışam. Nazim Hikmətin mənə ev verib. Mən bunu danmıram axı. Nazimin mənə ev verməyi belə oldu. Xəlil Rza ilə Moskvadan Bakıya gəlmək üçün pul yığmışdıq ki, SV-də gedək. Pulu xərclədik, xərclədik, gedib plaskarta düşdük. Plaskartda eşitdik ki, Nazim Hikmət də Bakıya gedir. Xəlilə dedim ki, Nazimlə görüşək. Biz Moskvada Nazimlə qonşu idik. O, Peredelkinoda qalırdı, bizim də yataqxana orda idi. Həmişə görüşürdük. Nazim olan SV-yə getdik. Nazim Hikmət “Böyük insanlıq” şeirini oxudu. Böyük adam kimdi, həbsxanalara düşənlər, kimsəsiz qalanlar, təqib olunanlar, filan-filan. O, bizə şəkərim, biz də ona Nazim can deyirdik. Mən də dözmədim, dedim, Nazim can, onda biz böyük adamıq. Xəlillə biz plaskartda, siz SV-də gedirsiniz. Güldü, dedi hə canım, siz böyük adamsınız (gülür). Onda professor Əziz Şərif də orda idi. Oturduq, Nazim dedi mənə şeir oxuyun. Kimin şeiri xoşuma gəlsə, onlara qonaq gedəcəm. Bir neçə şair idik orda, şeirlərimizi oxuduq. Nazim Nərimangilə gedəcəm deyəndə, İbrahim Kəbirli dedi ki, Nərimanın evi yoxdu. Qonşu kupedə də Bakı şəhərinin meri Ağamirzə Əhmədov gedirdi. Nazim kupedən çıxıb Ağamirzə Əhmədovun yanına getdi. Hamı məni təbrik etməyə başladı ki, sənə ev almağa gedir. Ağamirzə müəllim Gəncədə partkomun katibi olanda mən orda tələbə idim. Dedi, Nəriman oğlum, niyə yanıma gəlməmisən? Yanıma gəlsəydin, mən sənə ev verərdim. Ağamirzə müəllim belə deməliydi də, kim idi məni onun yanına buraxan? Nazim Hikmət xahiş etdi ki, Nərimana Bakıda ev ver. O da soruşdu ki, Nazim neçə gün Bakıdasan? Nazim cavab verdi ki, üç gün. “Üç günə Nərimanın evi olacaq”, dedi Ağamirzə müəllim. Olan şeyi deyirəm. Gəldik Bakıya. Bakıda da deyəsən, yazıçıların plenumu idi. Nazim Rəyasət Heyətindən əliylə işarə elədi ki, nə oldu ev? Mən də aşağıda oturmuşam. Cavab verdim ki, hələ bir səs-soraq yoxdu. Nazim tutuldu. Getdim Ağamirzə Əhmədovun qəbuluna. Katibəsinə dedim ki, məni yoldaş Əhmədov çağırıb. Özü demişdi gəlib yanıma, desin ki, ot Nazima Xikmeta. Qız da gedib deyib ki, Nazim Hikmət gəlib. İclas gedirmiş, bir də gördüm hamısı içəridən bayıra çıxdı (gülür). İndi bunlar mənim yanımda Nazim Hikməti axtarır. Axırda özüm yanaşdım ki, yoldaş Əhmədov, gələn mənəm, Nazim göndərib məni. Dedi, gəl, Nəriman, gəl. Keçdik içəri, oturduq. Orda Səlimov vardı, ona tapşırıq verdi. O, iki – üç yerdə mənə ev göstərdi. Biri Nərimanov prospektində yerləşirdi, biri Münəvvər Kələntərlinin evi idi, üçüncüsünü xatırlamıram. Dedim ki, Nərimanov prospekti uzaqdır. Münəvvər Kələntərlinin evi iki otaqlıydı. Səlimov soruşdu ki, bəyənirsənmi? Necə bəyənirsənmi, ürəyim tökülür. Dedim, çox bəyənirəm. O da zəng elədi ki, yoldaş Əhmədov, Nəriman Həsənzadə yoldaş etiraz eləmir. Dedim, etiraz eləmir demə, de ki, çox xoşu gəlir. Qısaca o evi mənə Nazim Hikmət verdi. Sonra Nazim Hikmət Mehdi Hüseyn, İsmayıl Şıxlı, Osman Sarıvəlliylə birlikdə həmin evə qonaq gəldilər. Çoxlu şəkillər çəkdirdik. Bunu mən yazmışam da, demişəm də. Ancaq görünür Seymur bunları oxumamışdı. Cavandı da... Seymura dedim ki, bu haqda Qılmana da mən demişəm. Qəzet də yazmışdı ki, Nəriman da çıxış edə bilər. Gərək yoxlasınlar, mənim də fikrimi öyrənsinlər. Onlar birtərəfli yazmışdılar. Seymuru da pis vəziyyətdə qoymuşdular. Mən yenə deyirəm, bu adları çəkməkdən yorulmuram. Ömrüm boyu da deyəcəm.

Lap əvvəl İlyas Əfəndiyev İsmayıl Şıxlının Nəsimi bazarının yanında Ermənikənd deyilən ərazidə iki otaqlı mənzilini mənə vermişdi. Moskvada oxuyurdum onda. Xəlilin evi yox idi. Firəngiz xanımla təzə evlənmişdilər. İlyas müəllimin verdiyi evi Xəlilgilə verdim, dedim, siz qalın. Mən indiyə qədər bunu deməmişəm, indi ona görə deyirəm ki, Xəlil Rza rəhmətlik bunu gündəliyində yazıb. Mən heç vaxt elədiyimi deməmişəm. İlyas müəllim də dedi ki, Nəriman, Bakıda ev bağışlayarlar?

- Həyat yoldaşınız artıq iyirmi səkkiz ildir həyatda yoxdur. Sualım kobud səslənsə də, Sara xanım ölümü ilə sizə ilham verdi demək olarmı?

- Bir dəfə İsmayıl qağa (İsmayıl Şıxlı – red.) bizə gəlmişdi. Portretimin altında “Bir insan ömrünü girov qoymuşam, bir şair ömrünü yaşatmaq üçün” misram yazılmışdı. Xəbərim yoxdur, sən demə Sara orda düzəliş edib: “Bir qadın ömrünü girov qoymuşam, bir şair ömrünü yaşatmaq üçün”. İsmayıl qağa dedi, ayə, necə düz yazıb. Sara dedi, İsmayıl qağa Nərimanla çətindi. Deyirdi ki, qızıma şair elçi gəlsə, qapıya qoymaram. Dedim, ay Sara, nə etmişəm sənə, niyə belə danışırsan? Dedi, daim öz aləmindəsən. Sən orda oxuyursan, qızın orda oxuyur, oğlun o tərəfdə oxuyur. Mən evdə tək qalmışam, məcbur olub qonşuya gedib söhbət edirəm. Nə qədər belə olar? Bir dəfə televiziyada dedim təklik istəyirəm, işləmək üçün. Maneçilik edirlər. Elə bil allah eşitdi bunu. Saranı aldı əlimdən, mənə təklik verdi. İndi deyə - deyə qalmışam ki, təklik istəmirəm. Oğul, təklik fəlakətdi. Allah heç düşmənimə də göstərməsin. O, mənim uşaqlıq yoldaşım idi. Gəncədə biz onunla birlikdə böyümüşük. Sara mənim həyatım idi, o mənim taleyim idi. Qadın kişinin yanında gedirsə, taleyi gedir yanında, xəbəri yoxdur.

- Başıbəlalı “Nəriman” poemanız necə yazıldı?

- Nəriman Nərimanovun özü başıbəlalı idi, poemam da başıbəlalı oldu. Sovet dövründə deyirdilər Nərimanov milliyyətçidir, müstəqillikdən sonra da dedilər ki, ruspərəstdir. Nərimanov çox böyük şəxsiyyətdir. O, leninçi idi. Nərimanov inanmışdı ki, Rusiya Azərbaycana müstəqillik gətirəcək və axırda peşman olmuşdu. Hər halda əlli səkkizinci ildə Nərimanov haqda yazmaq asan iş deyildi. Arxamızda Heydər Əliyev dayanmışdı. Heydər Əliyev olmasa, əlbəttə ki, çətin olardı. Mənə demişdilər ki, yazma. Başına oyun açacaqlar. Orda deyirəm ki, “Nəriman dedikcə nərimanlaşıb, özüm də dəyişdim bu neçə ildə”. Mənə dedilər ki, leninləşmək lazımdır, nərimanlaşmaq yox.

Bəlkə su çıxsa yerin dibindən

Ayaqlar altında qalmazdı vətən

Neft mənim ölkəmə fəlakət oldu

Nə xeyir, nə də ki, bərəkət oldu

Gəlmələr apardı kimsəsiz olduq

Yandıran özgələr, yanan biz olduq

Qulaq gətirdilər kar olmaq üçün,

Göz təklif etdilər kor olmaq üçün

Ağız gətirdilər yumulmaq üçün

Ağız içində dil lal olmaq üçün

İllər yaman tökdü qaş-qabağını

Qurtara bilmədik qəm ilə yasdan

Ancaq yüz illərlə yad bayrağını

Asdıq bayramlarda öz qapımızdan.

“Nəriman” poemasındandı. Orda əsgər azadlıq deyir.

Hmm. Azadlıq,

Azadlıq içində batdıq qırıldıq.

Alman azadlığı istemiyorum

Sultan azadlığı istemiyorum

İstəməm ingilis azadlığını,

Ya rusun aferis azadlığını,

Mənim azadlığım sanma çörəkdir,

Azərbaycan azadlığı gərəkdir.

Bunları mən əlli səkkizinci ildə demişəm. Məni ittiham edirdilər ki, adını Nəriman qoyub hər şey deyirsən.

- Uzun müddət “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor olmusunuz. İndi həmin qəzetdən narazılar çoxdu. Siz qəzetin fəaliyyətindən razısınız?

- Məni “Ədəbiyyat və incəsənət” qəzetinə Heydər Əliyev baş redaktor təyin etdi. Həsən Həsənov “26-lar” rayonunun birinci katibi idi. Dedi Nəriman, Heydər Əliyev səninlə görüşmək istəyir. Ona yox demə ha. Heydər Əliyev məni qəbul elədi. Mən onda Yazıçılar İttifaqında partkom idi. ““Ədəbiyyat” qəzetində baş redaktor işlə”, - dedi. Dedim, Heydər Əliyev, orda – burda, iki yerdə bacarmaram. “Ədəbiyyat” qəzetinin üstündə dayandı. İnanın qəzetin hər nömrəsini Heydər Əliyevlə bir yerdə buraxırdıq. Hər nömrəni oxuyurdu.

Qəzetin indiki vəziyyətinə gəldikdə onu deyə bilərəm ki, hər şey nisbidir. Əlbəttə indi kim gəlsə başqa cür edəcək. Mən belə buraxıram, sən belə buraxırsan. Sizə bir fakt deyim. Mən altı ay idi qəzetdə baş redaktor idim, qəzetin üç illik fəaliyyətini Mərkəzi Komitənin bürosunda müzakirəyə qoydular. Yerindən duran deyirdi ki, qəzet pis çıxır. Yazıçılar İttifaqının katibi də deyirdi qəzet pis çıxır. Mənə söz verəndə, dedim, Heydər Əliyeviç, bilmirəm hardan başlayım, harda qurtarım. Çünki üç illiyi yoxlayırlar, mən də altı aydı baş redaktoram. Dedi, hardan istəyirsən başla, harda istəyirsən qurtar. Danışdım, sonra özü qalxıb ayağa dedi ki, qəzeti oxuyuram, qəzet yaxşı çıxır. Heydər Əliyev büroya qarşı getdi. Ondan sonra soruşdu ki, qəzetə nə lazımdı? Nə lazımdı, hamısını dedim. Bizim rəhbərlərdən biri dedi ki, ola bilsin “İzvestiya” qəzetinin mebelləri yaxşı deyil, ancaq qəzeti buraxırlar. Heydər Əliyev də dedi ki, bəs bunları harda desin? “Ədəbiyyat” qəzetinə pul buraxdı, maşın verdi. Nələr etmədi ki... Vəzirov (Əbdürrəhman Vəzirov – red) hakimiyyətə gələndən sonra bildi məni təqib etməyə başladı.

- Kamran Bağırovun vaxtı bir problem çıxmadı?

- Kamran müəllim bir dəfə məni büroya çağırdı. Dedim, Kamran müəllim, bizim qəzetə müsahibə verin. Sonra dedim nazirlər çıxış etməlidir, idarə müdirləri hesabat verməlidir. Qəzet yüz iyirmi min tirajla çıxırdı. “Ədəbiyyat” qəzetini Cənubi Azərbaycan üçün əski əlifbada buraxdım. Heç yerdən şrift zad almadım. Türkiyə üçün latın qrafikasilə çap etdim. Cənubdan dedilər ki, bunu üç yüz min tirajla burax. Sonra eşitdim ki, Cenevrədə bir azərbaycanlı bizim qəzetdən bir dənə alıb, kserokopiya edib azərbaycanlılara satır. Milyoner olub, dedilər ondan patent al (gülür). O da kiməsə məktub yazmışdı ki, sizin qəzetdən bir dənə özüm üçün alıram. Sizdən də yaxşı buraxıram. Biz də o vaxt bilmirdik kserokopiya nədir. Satıram, sizə nə dəxli var? Yadımdadır, bizim o vaxt yaxşı gəlirimiz vardı. Yazıçılar İttifaqının nizamnaməsinə görə ittifaqın orqanlarında on ildən artıq işləmək olmazdı. Məni o vaxt plenumda qəzetdən çıxartdılar. Mən də o vaxt deputat idim, a kişi, deputatı işdən çıxartmışdılar.

- Deputatlıqdan söz düşmüşkən, 1990-cı ildə sizinlə eyni dairədən namizədliyini vermiş Hacı Əbdül sizin saxtakarlıqla seçildiyinizi deyir.

- Hacı Əbdül mənim başıma oyun açdı. Adam göndərmişdi ki, Nərimanın da, oğlunun da qəbiristanlıqda qəbri hazırdır. Əl çəksin bu işdən. Əbdülə heç kim səs verməmişdi. Birinci katib də, Baksovet də, hamısı onun adamı idi. Mənə nə qədər səs verilib, həmin kağız məndə var. Gərək çap edim o kağızı. Deputat seçildim. Deputatlarla birlikdə Budapeştə getmişdim, orda çıxış etdim. Birinci dəfə sizə deyirəm bunu. Mətbuat və İnformasiya nazirinin müavini idim. Zəng gəldi, dedi, Nəriman bəy, danışan Əbülfəzdi. Dedim, hansı Əbülfəz? Naxçıvanlı? Bir şair var idi, Əbülfəz naxçıvanlı, elə bildim odu. Cavab verdi ki, yox, Əbülfəz azərbaycanlıdı (gülür). Dedim, bəy, bağışla tanımadım. Budapeştdə etdiyim çıxışa görə təşəkkürünü bildirdi. O çıxışıma görə Kanada və Amerika da məni müdafiə etmişdi. Bəy, dedi ki, hazırlaş, səni səfir göndərəcəm. Mən də zarafatla dedim ki, Sabir bəy də məni işdən çıxardır. Məni hara səfir göndərirsiniz? (gülür) Allah rəhmət eləsin ona.

- Tarixi hadisələrdən yazmaq bir qədər çətindir. Siz də tarixi pyeslərin müəllifisiniz. “Atabəylər” pyesiniz Ziya Bünyadov və Əbülfəz Rəhimov tərəfindən tənqid olunub.

- “Atabəylər” pyesim Akademik Dram teatrında, bədii şurada oxundu. Anşlaq idi. Ziya Bünyadov da mənim məsləhətçim idi. Afişada da adı yazılmışdı. Bir də gördüm “Azərbaycan” jurnalında Əbülfəznən Ziyanın məqaləsi çıxıb, məni yıxıb sürüyüblər. Zəng elədim ki, ay Ziya müəllim, bu nə məsələdi? Dedi, Nəriman, Əbülfəz gəlmişdi yanıma, xahiş elədi ki, qol çək. Mən də çəkdim. Dedim, axı siz teatrda çıxış etmisiniz, sözünüzü demisiniz. Əbülfəz deyəsən, bir – iki dəfə məqalə gətirib redaksiyaya, çap etməmişik. Bunun acığına məni hədəf götürüb. Mən də ona cavab yazdım. Ziya müəllim dedi ki, boş şeydi. Dedim, boş – dolu sizə cavab yazacam. Mən tarix yazmıram ki? Mən Aleksandr Aneksin məqalələrini oxuyuram. Bizə dərs deyib. Şekspir tamam başqa cür yazırdı. Tarixi köçürmək nəyə lazımdı? Amma mən çalışıram ki, hardasa tarixi mənbələrə sadiq qalım. İsa Hüseynov da Atabəylər haqda yazmışdı. Onun yazdığı da qəbul olunmuşdu. Eşitdim ki, mənə görə geri götürüb. İsanın böyüklüyünə heyran qaldım.

- “Nabat xalanın çörəyi” povestindən sonra nədənsə bir də nəsrə müraciət etmədiniz...

- Nəsr çox çətindir. “Nabat xalanın çörəyi” nəsrdə birinci və axırıncı işimdir. Bu əsər səkkiz dilə tərcümə olunub. Mən bunu nəsrdə yazmamışdım. Akif Hüseynov “Azərbaycan” jurnalında tənqid şöbəsinin müdiri idi. Mən də poeziya şöbəsində idim. Dedim, Akif ürəyimdə bir poema var. Dedi ki, qeydlərini yaz gətir baxım. Mən qeydlər yazmışdım. Süleyman Rəhimov zəng elədi ki, sən teleqram yazmısan, tezis yazmısan, bunu böyüt. Akif düz iyirmi gün əsəri özündə saxladı. Bir də gördüm “Azərbaycan” jurnalında çıxıb. Dedim, Akif, neynəmisən? Dedi, sən nəsr yazmısan, xəbərin yoxdu. Arxasını yaz dedi. Əsər belə çıxdı üzə. Fəxr edirəm ki, “Nabat xalanın çörəyi” povestini yazmışam. Ürəyimdə bəzi nəsr nümunələri var. Həyat yoldaşımın xəstəliyi ilə bağlı, Saradan sonra oğlumla yaşadıqlarımız... Elə qəribə nəsr detallar var ki, yaza bilmirəm, qəhərlənirəm. Pyesdi, poemadı allah kömək edir yazıram. Cümlə qurmaq müsibətdi. İstədiyim cümləni tapa bilmirəm. Ürəyimə yatmır, ürəyimə yatan cümləni tapana kimi axşam olur. Lev Tolstoy “Hərb və sülh”ü neçə dəfə işləyib, mürəkkəbin içində çimib.

# 6131 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #