Laçından çıxmayan Kamran bəyə həsr olunmuş HEKAYƏ

Laçından çıxmayan Kamran bəyə həsr olunmuş HEKAYƏ
25 aprel 2016
# 12:50

Kulis.az Nazim Əhmədlinin “Kəndimizin ruhu” hekayəsini təqdim edir.

Qarabağ müharibəsi zamanı Laçında doğma kəndini tərk etməyən və orada qalıb döyüşən Kamran bəyin xatirəsinə həsr edirəm

Dağlara səs düşmüşdü. Elə bil ağır-ağır qayalar yerindən qopub aşağı yuvarlanırdı. Göy üzünün buludları qaralmışdı. Bir himə bənddir sanki... Get-gedə yaxınlaşan atəş səslərinə kəndin itləri hürürdü və elə bil ürəyimin içindən bir sap qırılmışdı, ürəyim də o sapdan asılı qalmışdı. Gecəni də rahat yata bilməmişdim. Səhərə qədər çarpayımda o qədər o yan-bu yana çevrilmişdim ki, yuxusuzluq ağrısı gözlərimin kökünə saplanmışdı. Hə, indi də səhərin gözü açılmamış güllə səsləri...

Dedilər bir azdan kəndə hücum olacaq. Düşmən lap yaxındadı. Kəndimizin özünümüdafiə qüvvələrinin də bir neçə avtomatdan başqa iriçaplı silahı yox idi, onlar ov tüfəngləri ilə silahlanmış və kəndimizin ətrafında mövqe tutmuşdular.

Axşamdan bəri kəndimizin bütün itləri ağız-ağıza verib ulaşırdılar. Elə bil onların komuna canavar soxulmuşdu. Hə, canavar demişkən, kəndimizin aşağı məhəlləsində yaşayan Köçəri kişi bir neçə il qabaq səkkiz-doqquz dənə canavar balasını yuvadan çıxardıb gətirmişdi. Onları tövləyə salıb qulluq edirdi ki, bir az böyüsünlər. Hər gün də gecələr ana canavar gəlib kəndimizin başının üstündəki təpədən səhərə qədər yanıqlı-yanıqlı ulayırdı və kəndin itlərinin də ancaq hürməyə gücü çatırdı. Bir neçə ay sonra əniklər də böyümüşdülər və onlar da Köçəri kişinin həyətindəki o tövlədən analarına sarı ulayırdılar. Hətta bir dəfə kəndimizin ağsaqqalları yığışıb Köçəri kişiyə demişdilər ki, a kişi, bu dilsiz-ağızsız heyvanları burax meşəyə, qoy anaları gəlib onları tapsın. Heyvan olanda nə olar ki, ananı baladan ayırmaq günahdı.

Axşama yaxın kəndə bir dəstə yük maşını gəldi və xəbər yayıldı ki, kəndə hücum olacaq, əhali daha təhlükəsiz yerə köçürülməlidir. Kəndin özündə olan yük maşınlarının sürücüləri isə olacaqlardan xəbər tutduqlarına görə bir neçə gün öncədən öz qohum əqrəbalarını və ailələrini hara isə köçürmüşdülər. Kənddə böyük canfəşanlıq var idi, hər evin qarşısında duran yük maşınına bir neçə evin adamlarını və ələ keçən yükünü yığılırdı. Toyuq-cücə, it-pişik, insanların ağlamaq səsi ətrafı bürümüşdü. İki sutka ərzində kənd boşaldılmalı idi və kənddə də ancaq özünümüdafiə dəstəsi qalmalıydı.

Artıq gecədən xeyli keçmişdi və həmişə səs küylü, sərt hürüşlü Qara itimiz də evin yanındakı balaca hinin qabağında çömbəlib tövşüyürdü. Dünəndən bəri canavar kimi ulayan Qara itin bugünkü sükutu məni təəccübləndirdi:

- Nə olub cənə, Mastan, (ənik vaxtından ona Mastan deyirdik) niyə keyfin yoxdu? – dedim. Mastan başını tərpədib quzuldadı, qabaq əllərini yuxarı qaldırıb havanı cırmaqladı. Olanlardan xəbəri varmış kimi, gözlərinin altı yaş idi. Elə bil Mastan bütün gecəni ağlamışdı. Mən itlərin ağlamağını heç vaxtı görməmişdim. Həmişə itlər insanlara gələn bəlanı qabaqcadan duyurlar. Mastanı açıb buraxdım, o bir anda evin dörd yanını dolandı və sonra zəngildəyə- zəngildəyə kəndin içərisinə doğru cumdu. Mastanın pişiklərlə arası yox idi. Əlinə keçən pişiyi boğub öldürürdü. Bir axmaq xasiyyəti də var idi. Kənddə hansı evin qarşısındakı paltar şəritində açıq halda sərilmiş qadın alt paltarı görürdüsə tullanıb onu dişi ilə götürür və gətirib kəndin ortasnda açıq bir yerə atardı.

Bir dəfə kənddə toy idi. Gündüzkü toyun ardından axşam da kənd camaatı toy mağarına gələr və gecəyə qədər çalıb oynayardılar, saz aşıqları da nağıl deyərdilər. Atam musiqiçi idi. Kənd toylarını da onun dəstəsi çalardı. Axşam biz də ailəvi toya getmişdik. Mastanı da açıb məhləyə buraxmışdıq. Toyun sonuna yaxın hardansa Mastan peyda oldu və adamların başının üstündən sıçrayaraq toy mağarının düz ortasına düşdü. Sonra da ayaqları üstə qalxıb əllərini oynatdı. Deyəsən, Mastanın da sümüyünə oynamaq düşmüşdü. Çaşqınlıqdan toya gələnlər hərə bir tərəfə dağıldı. Bu hadisəyə görə toy sona çatdı və hamı çıxıb evə getdi. Biz evə qayıdanda hardansa Mastan yenə gəldi və yol boyu bizimlə məzələnməyə başladı. Bizə hücum edir, ayaqlarımızı quçaqlayır, qarşımızda yumalanır, bilməzsən nə oyun çıxardırdı. Sonra birtəhər astandan canımızı qurtarıb evə çatdıq. Qardaşım onu tutub bağladı. Bu Mastanın cəzası idi və o sonrakı gecəyə qədər zəncirdə qalası oldu.

Hə, Mastanın son günlərdəki narahatlığı da başa düşülən idi. Kəndə yayılan səs, müharibənin bir addımlıqda olması, camaatın dərdi, narahatçılığı heyvancığazın gözündən yayına bilməzdi.

Artıq gün qüruba doğru əyilmişdi. Yavaş-yavaş kölgələr kəndin evlərini, məhəllələrini ağuşuna alırdı. Kəndə gələn maşınlar iki gün idi ki, kənd sakinlərinin olan-olmazından yığıb sakinlərlə birlikdə hara isə daşıyırdı. İt, pişik, toyuq-cücə, mal-qara səsləri ətrafı bürümüşdü.

Deməli belə, min illərlə bu kənddə məskunlaşan babalarımızın qəbirlərini qoyub hara gedir bu insanlar. Əlbəttə, müharibənin öz qanunları var. Hər insanın taleyi olduğu kimi, kəndlərin, şəhərlərin, dağların, bulaqların da taleyi var. Alın yazısı doğruymuş. Elə əvvəllər də bu kəndin başından qovğalar əksik olmayıb. Yüz illərdir bizim torpaqlarda məskunlaşan qonşu ermənilər dəfələrlə torpaqlarımıza göz dikiblər. Andranikin qoşunları da bizim kəndlərimizə çox həmlələr edib, Lakin igid babalarımız onların hücumunu dəf edib və layiqli cavablarını da veriblər. İndi isə neyləmək olar?... Yaxşı deyiblər, arxalı köpək qurd basar. Arxalarında da o ruslar durur... Heç eyib etməz, artıq onların da divarı çat verib.

Axşam düşmüşdü. Axırıncı maşın da kəndi tərk elədi. Kənddə qalan it-pişik və toyuq cücələr də gözə dəymirdi. Araya ölü bir sükut çökmüşdü. İlahi, bu boyda kənddə bir inni-cinni qalmadı ki... Adamsız da kənd olarmı? Elə bil bu kəndin adamları göyə çəkilib... Ara-sıra köçdən qalan itlər ulayırdı.

Bir azdan döyüş səsləri lap yaxında eşidildi, qızğın döyüş başlandı. Düşmən ordusu ilə qeyri bərabər döyüşdə itki verən özünümüdafiə dəstəsi də meşəyə çəkildi.

...Gecə yarıdan keçmişdi. Atamın qoyub getdiyi qoşalülə tüfəngi və patrondaşı divardan götürüb çiynimə saldım, sonra kəndin yanındakı yaşıl taladan keçib yuxarı meşəyə sarı qalxdım. Qaranlıq idi. Yaşıl kolların arası ilə kəndin ən uca zirvəsi olan Dik meşəyə qalxdım. Kənd ordan çox gözəl görünürdü.

Mən heç haraya getməyəcəm. Qalacam burada. Ölmək ölməkdi, xırıldamaq nə deməkdi? Yəqin mənim də alın yazım beləymiş. Bu kənd öldü. Bir anlığa elə təsəvvür etdim ki, mən bu kəndin ruhuyam. Axı ruhlar sağ qalır. Bunu babamdan eşitmişdim. İndi də burada buludlardan yuxarıdayam. Orada, göy talada babalarımız uyuyur. Onların da ruhu sağdır. Kəndimizin də ruhu mənəm. Mən də babalarımızın, əcdadlarımızın ruhuna qoşulmuşam. İndi onlarla birlikdəyəm.

Qayıdıb aşağı baxdım. Ağ duman topaları arasından qırmızı dəmirli evlər görünürdü.

Hə, bu kənd ölüb. İndi bu kəndin ölüm xəbəri hər yana çatıb. Hardasa bu kənddən uzaqlarda onu ağlayırlar. Və bu ağlaşma səsləri də mənim qulağıma gəlir. Mən ağlaya bilmirəm. Elə bil dilim də tutulub. İçimdəki qisas hissindən dodaqlarımı gəmirir, qəhərdən boğazım quruyurdu. Bəs necə olacaq, bu dağlar, bulaqlar, bu gözəlliklər düşmənəmi qalacaq? O murdarlarla... Axı onlar bizim kənddə qul kimi işləyirdilər. Demək olar ki, kəndin bütün evlərini erməni ustaları tikmişdi. Ona görə də bizə gic müsəlman deyirdilər. Yaxşı yadımdadı, o vaxt mən on dörd-ön beş yaşımda olardım. Kəndin aşağı hissəsində Xanış oğlu Əlinin evini ermənilər tikirdi. Soruşdum ki, nə gözəl ev tikirsiniz, erməni bənna cavab verdi ki, ara özümüzə ev tikirik də, onsuzda bizə qalacaq.O vaxt erməninin belə sözlərini hər kəs zarafat kimi başa düşürdü. Mən sonradan başa düşdüm ki, ki, bu nə demək imiş.

Hə, bəs Mastan hanı? İstədim dönüb kəndə qayıdam, Mastanı axtaram.Birdən ayağım nəyəsə isti bir bədənə ilişdi.Aşağı əyilib diqqətlə baxdım. Ah, bu bizim Mastandı ki... O hələ ölməmişdi, tövşüyürdü.

- Sənə nə olub, Mastan,dedim. İstədim əlimlə onu başından tutıb qaldıram. Lakin edə bilmədim Mactan gözlərini hərləyib üzümə baxdı və canını tapşırdı. Demə yazıq heyvancığazın ürəyi partlayıbmış.Gözlərinin altı hələdə yaş idi.

Ürəyimdən dəli bir çığırtı keçdi. Səsim qarşı qayalara toxunub əks-səda verdi.Elə bil dağlar uçdu, buludlar şaqqıldadı, ildırım çaxdı. Sellər sular hər yanı basdı.

İndi mən nə edim... Bu ölmüş kəndin ölmüş iti və mən...

- Yox, mən döyüşəcəm. Qayıdım kəndə. Yəqin sağ qalan döyüşçülərimiz də gələr. Axıra qədər döyüşəcək və mütləq qalib gələcəyik.

Ulduzlar görünmürdü. Hər yanı qatı duman bürümüşdü. Kəndə sarı boylandım. Qatı dumanın arasından yad dildə danışıq səsləri gəlirdi. Yuxarıda, göy üzünün bir parçası açıq idi. Açıq üfüqin o biri başında bir topa bulud qızarmışdı. Deyəsən səhərə az qalıb.

Meşəyə sarı yollandım. Mastanın cəsədi otların arasında qalmışdı. Gözlərindən süzülən yaş üzünü örtən qaramtıl tüklərin arasında səhər şehini xatırladırdı.

9 mart 2016

# 1076 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #