Mənim doğduğum qız olmalıydı – BİRCƏNİN ROMANI

Mənim doğduğum qız olmalıydı – BİRCƏNİN ROMANI
30 iyun 2017
# 11:12

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Yanvar yarıdan keçmişdi. Qış sərt üzünü tez-tez göstərirdi.

Bir gecə dan yeri sökülənə yaxın oturduğum kürsüdən güclə ayağa qalxdım. Xoruzlar seyrək-seyrək banlaşırdı. Axşamdan yağan qar donub yerdə qalmışdı.

Özümü tarazlayıb qapıya doğru bir addım atdım. O dəm elə bildim məni belimdən oxladılar. Göbəyim necə silkələndisə az qaldım divara dəyim. Fikrimi toplayıb nə baş verdiyini, mənə nə olduğunu anlamağa çalışırdım. Birdən nəsə qaynar bir maye paqqıltıyla ayaqlarıma töküldü. Əl atıb işığı yandırdım. Ürəyim çırpınırdı. Emin işığa başını qaldırdı:

- Yenə nədi, niyə qoymursan yataq?

Mən ayaqlarım aşağı axan mayeyə baxa-baxa:

- Deyəsən vaxtdı, - dedim, - dur geyin.

- Nə vaxt? Mən heç yerə gedən deyiləm! Gözlə səhər açılsın.

- Mən gözləyərəm ey, içəridəki gözləmir axı.

Emin deyinə-deyinə geyinib anasını səslədi. Qaynanam gəlib məni görəndən sonra:

- Hazırlaş gedirik, - dedi, - sonra gec olar.

Mən soyunub güc-bəlayla yuyundum, birtəhər geyinib aşağı düşdüm. Ayaqqabılarımdan heç biri ayağıma olmadı, elə evdə geydiyim başmaqları sürütləyə-sürütləyə çox çətinliklə özümü maşına təpişdirdim. Maral eltim əlində bir dolça su uğuruma çıxdı:

- Get, sağ-salamat qurtarasan! Ürəyini sıxma, oğlun olacaq, - deyib suyu dalımızca atdı.

Qulaqlarım cingildədi: nə oğlan? Axı mən doqquz aydı içimdə bir əyrimçə qız bəsləyirdim.

Maralın sözünü eşidəndə Emin güzgüdən mənə baxıb gözünü tox-tox süzdürdü. Axı o özü əliylə qoyubmuş kimi “qızın olacaq” deyib bunu mənim başıma yeritmişdi. İndi deyəsən Maralın sözü onun ürəyinə sarı yağ kimi yayılmışdı...

***

Rayon xəstəxanasının doğum şöbəsində məni lümlüt soyundurub əynimə iri bir xalat taxdılar. Bura doğan arvadlarla doluydu, çoxu da yerindən-yurdundan qaçqın düşmüş qadınlar idi. Çox rahat doğurdular – kimisi elə qapının ağzındaca, kimisi də xırda ehtiyacını ödəmək üçün getdiyi tualetdə doğub keçirdi yerinə. Hansınınsa çətinlik çəkdiyini görmədim.

Məni yoxladılar, təzyiqim çox yüksək olduğuna görə reanimasiya şöbəsinə yerləşdirdilər. Elə bilirdim qulaqlarımdan şırıltıyla çay axır, bir də hərdən göbəyimdən küt bir sancı tuturdu, vəssalam.

Gələndə düşünürdüm xəstəxanaya çatan kimi doğacam. Ancaq elə olmadı. Qaş qaralanacan qollarıma iynə-dərman döşədilər. Gecəyə doğru burnumdan sel kimi qan açıldı. Musa əmimlə arvadı, Telli mamam, Səməndər, Kamil qapıda növbə çəkirdilər. Onların burda olmağı mənə toxtaqlıq verirdi. Hər dəfə “ölürəm” dedikcə əmimin sədasını eşidirdim:

- Ölmürsən ey, doğursan. Hələ bu birincidi, on dördü qalır, - deyib şaqqanaq çəkirdi.

Hə, demişdim axı, mən balaca olanda on beş uşaq arzulayırdım. Əmim də məni söylətməkdən ləzzət alırdı:

- Bəlkə onu bəs eləyər? Medal-zad da verəcək dövlət sənə.

O hər soruşduqca mən də inadımdan dönmürdüm:

- Yoxxx, dediyim dedik, on beş uşağım olacaq, vəssalam.

İndi əmim ona işarə vururdu...

Özümün çəkdiklərimdən çox bayırda ayaq üstə qalmış əzizlərimə verdiyim əziyyət ağrıdırdı məni. Qıymırdım bu soyuqda-şaxtada qapı dalında ac-susuz qalsınlar, ancaq getmələrini də istəmirdim. Elə bilirdim daha sonumdu, ürəyimə dammışdı ki, bu dar köynəkdən sağ çıxmayacam. Həkimim pırpız saçlı, gömgöy sifətli əsəbi bir qadınıydı. Axşama doğru acı dilini işə saldı:

- Bu qədər adam niyə yığışıb bura? Hələ bu tezliklə doğuş olmayacaq, çıxın gedin evinizə.

Həkimin sözləri mənim olan-qalan umudumu da suya axıtdı. Bibimlə Səməndərdən savayı hamı dağılışdı. Onların qalmağı mənim həyəcanımı bir az da artırırdı. Xeyli yalvar-yaxardan sonra Səməndər gecənin bir yarısı Telli mamanı da götürüb öz evinə getdi. Onlar sarıdan rahat oldumsa da, köməksiz qaldığıma görə içimdə vahimə yelləri əsirdi.

Eşitmişdim ki, doğuş ağrısı çəkən qadın bəzən ərini söyüb yamanlayır, qarğıyır. Məndə belə bir hal olduğu yadıma gəlmir, hərçənd Emini görmək də ürəyimdən keçmirdi. Doğrusu, Emin özü də əmimdən, qardaşlarımdan utanırdı deyə məni xəstəxanaya təhvil verəndən sonra o həndəvərə üzükməmişdi, bircə yol məni pəncərədən görmək istəmişdi, onda da mən bir bəhanəylə üzə çıxmamışdım...

***

Gecəylə məni doğub qurtarmış arvadların yatdığı palataya köçürdülər. Burnumda az qala beyniməcən tıxanmış tamponlar, qollarımda yekə dərman şırınqaları hərəsinin ağzı bir hava çalan arvadlara baxa-baxa qalmışdım. Kimi paçasının arasında quymaq tavası, kimi əlində çolpa budu qışqıra-qışqıra danışırdı. Mənsə canımla əlləşirdim. Döşü-başı, ayıb yerləri açıq olan bu qadınlara baxdıqca mənə elə gəlirdi onların utanmaq duyğusu da doğduqları uşaqla bərabər canlarından çıxıb. Nənəmin dediyi o üçüncü pərdənin yırtıldığı yer deyəsən elə bura idi.

Gözlərimi tavana zilləyib düşünürdüm ki, yəqin bu qadınların üzündəki üç həya pərdəsinin üçü də cırılıb deyə belə oturub, belə danışırlar. Öz-özümə deyirdim çox keçməz, mən də belə olaram. O gecə həm acından, həm sancıdan, həm də bir dəstə ləçərin səsindən yatammadım, utandığımdan onlara deyə bilmədim ki, heç olmasa işığı söndürün.

Ən çox da palatadakı natəmizlik məni iyrəndirirdi. Burda divarlar da qan qoxuyurdu, yorğan-döşəyin üzü qan ləkəsiylə doluydu. Qanlı döşəklərin üstünə eybəcər mələfələr sərmişdilər. Ləkəli üzü çirkli mələfəylə ört-basdır olunmuş belə döşəklərdən birini də mənim altıma sərmişdilər. Başımı hayandan qoyurdumsa qurumuş qanın qoxusu ağzıma-burnuma dolurdu, nəfəsim tıxanırdı. Tellərimi topalayıb burnumun ucuna yığırdım ki, bəlkə saçımdakı xına qoxusu qan qoxusunu boğa, azca mürgüləyəm. Ancaq neyləsəm də, xeyri yoxuydu.

Səhər açılanda yerdə bəlkə üç qarış qalınlığında qar vardı. İkinci günü də zəif sancılarla başa vurdum. Burnumdan axan qanın kəsməməyi hamını çaş-baş qoymuşdu. Mənə elə gəlirdi artıq bətnimdəki ölüb, çünki dünən gecədən bir dəfə də qımıldanmamışdı. Bura gələn qadınlar tezliklə azad olub, çarpayılara döşənib dincəlirdilər. Tək mən qalmışdım darda. Mən ki bütün hamiləliyim boyu çalışmışdım, bircə gün də tənbəllik eləməmişdim. Qaynanam gün uzunu mənə “oturma, yatma ki, uşaq qarnında bitməsin” deyirdi (hərçənd öz qızına bircə yol belə dediyini eşitmədim). Bəs indi nə olmuşdu, nə azar dəymişdi mənə?

Həkimimlə qaynanamın arası yoxuydu, daha doğrusu, bir-birinə düşmən idilər. Hələ baldızım birinci uşağı doğandan münasibətləri pozulmuşdu. Doğuş vaxtı ağır vəziyyətə düşən Bəstinin üstünə qaynanam qonşu rayondan daha təcrübəli həkim çağırtmışdı. Gələn həkim baldızımı ölümün caynağından almışdı. Ona çoxlu pul, bəxşiş verib yola salan qaynanam bu yerli həkimə heç nə verməmişdi. Ona görə də doqquz aydan bəri Allaha yalvarırdı ki, doğuş vaxtı mən o həkimin növbəsinə düşməyim. İndi tərs kimi mən də gəlib düşmüşdüm həmin həkimin əlinə.

***

Artıq xəstəxanaya gətirildiyimin üçüncü günü başlanırdı. Mən hələ də dardaydım. O gün günortadan sonra ağrılarım necə gücləndisə daha çarpayıda uzana bilmədim, burnumun qanı süzülə-süzülə dəhliz boyu o baş-bu başa qaçmağa başladım. Sonralar da neçə ağır əməliyyatdan keçdim, ancaq bu qədər ağrımadım. Doqquz ay canımda gəzdirdiyim, otuz altı həftədən bəri məni cəhənnəm odunda bişirən dölcük indi yırtıcıya dönüb içimi-içalatımı çeynəyib söküb parçalayırdı. Gücüm çatdıqca bağırırdım, dizin-dizin sürünürdüm, iməkləyirdim, yorulub heydən düşəndə ləhləyirdim. Ağrının şiddətindən sinəmi cırmaq-cırmaq eləmişdim. Tez-tez barmaqlarımı sevə-sevə bəslədiyim saçlarıma yeridirdim, Telli mama əllərimi başımdan güclə-birtəhər qoparanda hər əlimdə bir çəngə tük gəlirdi. Adama deyərlər dilin ağzında yansın, bax mənim ağzımda dilim yandı o gecə.

Çox böyük çətinliklə yerimə uzanırdım, uzanan kimi lap pis olurdum. Qarabasmalarım daha ara vermirdi. Ölüm böyür-başımda hərlənirdi. Mən ağrıdan qovrulduqca o təpəgöz, gümüşsaqqal, həvədiş kişi dişlərini üzümə qıcayırdı, çarpayımın ayaq ucunda durub ayaqlarımın üstünə sərilirdi. Mən hər dəfə “ayyy anaaaa” çağırıb göyü gözümlə gəzə-gəzə fəryad qopardıqca qaynanam “Allah sənin ananı yoxa çəksin” deyirdi. Başıma yığılmış əzizlərimin çoxu mənim naləmə dözmədiyindən qaçıb xəstəxananın bir ağaclığında durmuşdu.

Bu ara qaynanamla həkimim yenə tutaşdılar. Bu da qardaşlarımı lap qorxutdu, Səməndər arada qaynanamın gözündən yayınıb həkimi yanladı:

- Həkim, qurbanın olum, nə qədər pul desən verəcəyik, təki xəstəmizi qurtar.

Həkim də:

- O arvad məni dama basdırar, mənə pul-zad lazım deyil, - deyib yaxasını qırağa çəkirdi.

Qardaşlarım olmasaydı, çox güman, bu iki qadının hikkəsinə qurban gedəcəkdim. Gecəyə doğru halım bir az da pisləşdi, artıq iynələri də canıma uzanılı yox, elə ayaq üstəcə döşəyirdilər. Əlimi, qolumu, belimlə göbəyimdən başqa bədənimin heç harasını hiss eləmirdim. Qulaqlarım uğuldayırdı, içim doğranırdı, burnumun qanı sinəm aşağı axdıqca axırdı. Ağzım-burnum qan dadı, qan qoxusuyla dolu, ayaqlarım doğuş kürsüsünün qollarında, yaxam ölümün pəncəsində.

Birdən həkim qaynanamın üstümdən asdığı iri yastıqçanı – qorxu duasını gördü. Xalatımın yaxasına əl atıb bağırdı:

- Bu nədi belə?!

Qorxumdan, həm də utandığımdan dinmədim. Həkim bir göz qırpımında yastıqçanı sinəmdən qoparıb başımın üstündə hikkəylə silkələdi, duanı gözümə soxa-soxa qollarımı, budlarımı yumruqladı:

- Qaynanan ifritəmi asıb? Qurtarsın da, qurtarsın bu dua səni, niyə qurtarmır bəs? Üç gündü ölümlə əlləşirsən burda.

Mənimkiylə üzbəüz başqa bir kürsünün üstündə bir ayrı gəlin də doğmaqdaydı. O qadının paçasının arasından qara bir şeyin zərblə bayıra sıçradığını görəndə mən necə həyəcanlandımsa sancım tamam kəsdi. Körpənin çığırmasıyla doğum otağına vəlvələ düşdü. Üstümdə əlləşən həkimlər məni buraxıb, indicə doğmuş qadına sarı atıldılar. Hamı qışqırışırdı, tibb bacıları həyəcanla içəri-çölə girib-çıxırdılar. Nə baş verdiyini anlamırdım, hərdən gözlərimi hərləyib o gözəl gəlinə baxırdım – sakitcə uzanmışdı, başına oyun açırdılarsa da, səsi çıxmırdı. Handan-hana anladım: deməyəsən qadın bətnindəki uşaqdan azad olan kimi keçinibmiş. Əziyyəti boşa çıxmış həkimlər əlacsız bir görkəmlə mələfəni hələ də ayaqlarının arasından qan süzülən o bəxtsiz mələyin üzünə sərəndə bayırda bir qadının naləsi ərşə dirəndi.

O gəlinin ölümü, bayırdakı vay-şivən mənim də ağrılarımı keyitdi. Bir az əvvəl ayaqlarıma sərilmiş ölüm məni yox, bu gözəl gəlini aparmışdı. Demək, mən elə düz görürmüşəm, mənim gözlərimin içinə arsız-arsız gülən elə ölümün özüymüş.

Canıma üşütmə doldu, qorxu məni xırxaladı. Heç bir şübhəm qalmadı ki, ölüm o gözəl gəlini məzarına ötürüb mənim dalımca gələcək. Axı o bura məndən ötrü göndərilmişdi, necə oldu ki, bizi dəyişik saldı, iki uşaq anasını çəngəlinə taxdı? Yox, ölüm məni aparmalıydı – yolumu gözləyən uşağım yox, mənim üçün üz cırası anam yox...

***

Dumanlı başla anlayırdım ki, məni huş aparır. Gözlərimə ayların-illərin yatılmamış yuxusu dolmuşdu. Bilmirəm aradan nə müddət keçdi, bir də onda ayıldım ki, tanış bir səs qulağımın dibində həkimlərə yalvarır:

- Qoymayın, balam ölür!

Göz qapaqlarımı bir ənvayi-müsibətlə aralayanda gözümə zillənmiş bir cüt tanış göz gördüm. Başımı azacıq qaldırmışdım ki, Telli mama əllərini yanaqlarına atıb üzünü neçə yerdən cırdı, qan üzündə neçə yerdən cığır açıb sinəsinə damdı. O anda başa düşmədim hardayam, bibim niyə burdadı, üzünü niyə bu hala saldı. Bir balaca da dikələndə üzbəüz kürsüdə (az əvvəl uşaq üstündə ölmüş gəlinin yatdığı kürsüdə) çılpaq bir qadının uzandığını gördüm. Onun doğuş kürsüsünün qoltuqları üstündə haça-paça olmuş ayaqlarını görəndə anladım ki, mən hələ də doğmamışam. Bir də qayıdıb bibimin yoluq saçlarına, cırıq üzünə baxanda mənə elə gəldi göbəyimin bağı qopdu, içimdə nəsə özünü zərblə döşlərimə sarı vurdu, sonra eyni güclə göbəyimin altından qopub çanağıma çırpıldı.

Qaynanam həkimi hədələmişdi ki, mənim başıma bir şey gəlsə, onu tutduracaq. Həkimin qorxusu da, qəzəbi də, mənə yardım göstərmək istəməyi də, istəməməyi də bundan irəli gəlirdi. Uşağın içimdə çabalayıb özünə yol tapa bilmədiyini görüncə həkim cərrah qayçısına əl atdı. Yetişmiş dölün üzünə işıqlı dünyanın qapısını açmaq üçün həkim canımı parça kimi kəsib doğradıqca ağrıdan da çox o qayçının xırçıltısından huşumu itirdim...

Yenə sonu görünməyən qaranlıq tunelə düşdüm. Tunelin yarısı tüstüylə, yarısı da suyla doluydu. Tüstüdən qaçıb suya sarı getdim, getdikcə su topuğumdan dizimə, dizimdən buduma doğru qalxdı; qalxdıqca da isinirdi, budlarımı az qala yandırırdı. Başımı qaldırıb yenə tüstülü tərəfə baxanda nənəmin üzünü gördüm, dinməz-söyləməz əliylə mənə “irəli get” işarəsi verirdi. Gedə bilmirdim, qaynar su ətimi pörşələyirdi. Onda nənəm yüyürə-yüyürə özünü mənə yetirib sifətimə tapança kimi bir şillə çəkdi:- Nə gözünü döyürsən, sənə get demirəm?!

Şillənin zərbindən gözlərimi açanda yan-yörəmdə adamların qaynaşdığını gördüm. Ardınca qulaqlarımda bir şillə də partladı:

- Yatma demirəm? Qan apardı axı səni!

Dostum, heç demə uşaqdan azad olubmuşam, budlarıma dəyən o qaynar su axıb gedən qanımmış, məni şillələyən də nənəm deyilmiş, həkimmiş. Bu üç gündə bətnimdəkinə o qədər qarğış-nifrin yağdırmışdım, indi onun varlığı-yoxluğu mənə maraqlı deyildi. Desəydilər ölü doğulub, uf da deməzdim.

Gözlərimi yenə tavana zillədim, elə bildim kimsə ordan boylanıb mənə çəkdirdiklərinə görə üzrxahlıq eləyəcək. Oralardan bir səs-soraq çıxmayınca başımı qapıya sarı hərlədim: qapının arasından bir cüt göz üzümə baxıb gülümsəyirdi. Diqqətlə baxanda Səməndərin gözlərini tanıdım, utandığımdan üzümü qoltuğumda gizləməyə çalışdım.

Qollarımdan yenə dərman şırınqaları asılmışdı. Telli mama ipək saçlarımla üzümü silə-silə (guya doğan qadının üzünü öz saçlarıyla siləndə sifətində hamiləlik ləkəsi qalmır):

- Bircə, qurbanın olum, özünə gəl, - deyirdi, - özünə gəl, canım qurban, bir gözəl oğlan doğmusan.

Elə bildim səhv eşitdim. Ya da mənim körpəmi kiminsə uşağıyla dəyişik salmışdılar. Necə yəni oğlan? Yox, bir belə zülmün sonunda mənim doğduğum kirtik kimi bir qız olmalıydı, ayrı cür ola bilməzdi!

Dodaqlarımı güclə aralayıb dedim:

- Mama, bəlkə dəyişik salırsan?

- Ay qız, başına hava gəlib, dəyişik salmaq nədi? Oğlun olub eyyy, oğlun, oğlun!

Daha bundan sonrası yadıma gəlmir...

ardı var

# 1420 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #