Çağdaş ədəbiyyatşünaslıq – MÜZAKİRƏ. II HİSSƏ

Çağdaş ədəbiyyatşünaslıq – <span style="color:red;">MÜZAKİRƏ. II HİSSƏ
25 oktyabr 2016
# 14:10

Çağdaş Azərbaycan ədəbiyyatşünaslığı: nəzəri-metodoloji problemlər və mülahizələr

Milli müstəqillik qazandığımız iyirmi beş ildə bir çox sahələrdə, eləcə də humanitar düşüncə sferasında bir çox təbəddülatlar nəzərə çarpdı. Bu təbəddülatlar hansıdır? Ədəbiyyatşünaslıq elminin tarixi təcrübəsi haqda nə bilirik? O, bu tarixi təcrübə əsasında nəzəri-metodoloji prinsiplərə təshihlər edə bilirmi? XX əsrdən bu yana Azərbaycan ədəbi-estetik fikrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirən hansı ədəbiyyatşünaslıq konsepsiyaları var? Yəni bu gün də ədəbi-bədii nümunəyə yanaşmada onların mövqeyi dominantdır? Suallar çoxdur. Onlara cavab aramaq üçün "Ədəbiyyat qəzeti"nin müzakirə saatına qoşulurlar: professorlar, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Zaman Əsgərli və Şirindil Alışanlı, filologiya üzrə fəlsəfə doktorları "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, Elnarə Akimova (moderator), İradə Musayevavə Xəzər universitetinin dosenti Dilbər Zeynalova.

I HİSSƏ

Elnarə Akimova: - Şirindil müəllim, son illər ədəbiyyatşünaslıqla bağlı çıxan konkret hansı əsərlər ədəbi prosesi dəyərləndirmədəki qəlibləri aradan götürməyə yönəlib?

Şirindil Alışanlı: - Dünya nəzəri fikrini təmsil edənlərin adlarını eşitmək başqa şeydir, onların tarixi təcrübəsi ilə milli ədəbi fikir tarixini öyrənməyin problemləri başqa. 1989 və 2006-cı illərdə "Elm" nəşriyyatı tərəfindən nəşr edilmiş "Azərbaycan ədəbiyyatının tarixi poetikası" kitabları, eləcə də "Bədii təsvir sisteminin təkamülü" adlı nəşri üç ildir gecikən III kitab da ədəbiyyat tarixini və ədəbi prosesi dəyərləndirmədəki qəlibləri, illərlə vərdişə çevrilmiş təhlil üsullarını aradan götürməyə yönəlib. "Tarixi poetika və ədəbiyyatşünaslığın müasir mərhələsi" adlı məqalədə qeyd edilir ki, ədəbi-nəzəri fikrin müasir durumu və bədii əsərin, ədəbi prosesin təhlil üsullarının hazırkı yararlığı tarixi poetika istiqamətində tədqiqatlara çağırışın yaşarılığını və tarixi mənasını təsdiq etdi.

Bu kitabları ən görkəmli mütəxəssislər yazıblar və dünya nəzəri fikrinin milli ədəbi tarixi təcrübəyə tətbiqi sahəsində böyük nailiyyətdir. Məhz tarixi-müqayisəli ədəbiyyatşünaslığın prinsiplərinə əsaslanan, tarixi poetika sahəsində ədəbiyyatşünaslığımızın milli təcrübəsi zəminində elmimizdə yeni sözdür. Digər bir neçə faktı da xatırlatmaq istərdim. "Ədəbi-nəzəri fikir iki əsrin qovşağında", "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri", "XX əsr ədəbiyyatı məsələləri" seriyasından nəşr olunmuş III kitabla tanış olunsaydı, bu problemlər haqqında təsəvvür başqa cür olardı. Son iyirmi ildə məhz Akademiyada ədəbiyyatşünaslığın nəzəri-metodoloji problemləri gündəlik elmi mübahisə və müzakirələrin mövzusu olmuşdur.

Elçin "Sosrealizm bizə nə verdi", "Ədəbiyyat söhbətləri" və digər əsərlərində ədəbiyyatşünaslığımızın, dilçiliyimizin və mən deyərdim ki, humanitar fikrimizin sovet dövründəki təcrübəsinə, nailiyyət və qüsurlarına obyektiv qiymət vermişdir. Nəyisə inkar etmək yersiz mənəmlik ideyasıdır. Ən yaxşısı ortaya konkret tədqiqat qoymaq, öz bildiklərini də orada sübut etməkdir.

Zaman Əsgərli: - Şübhəsiz, görülən işlərə tarixi zəmində qiymət vermək lazımdır. Əgər müəllif hər hansı bir müəllif mövcud ədəbiyyatdan istifadə eyləyib bir metodik vəsait ortaya qoyursa, ondan həm tələbələr, həm müəllimlər istifadə eləyə bilirlərsə, bəhrələnə bilirlərsə, pisləmək lazım deyil.

İradə Musayeva: - Zaman müəllim, söhbət ondan gedir ki, yəni bu ədəbiyyatşünaslar ya bir-birini oxumur, ya bir-birinin kitablarına səmimi münasibət bildirmir, ya da məsələn, tutaq ki, elə qeyri-obyektiv yazılar yazırlar ki, münasibətin konkret olaraq xarakteri bəlli olmur. Elə bil anlaşma müqaviləsi bağlayıblar öz aralarında, başqaları üçün mətləblər qaranlıq qalır. "Nə şiş yansın, nə kabab" prinsipi... Başdan ayağa paradoks. Məqalənin başlığında yazır ki, çox gərəkli, vaxtında, müstəqillik dövrünün tələblərinə uyğun şəkildə yazılmış kitabdır, dəyərlidir, əhəmiyyətlidir. Ortasında pisləyir, sübut etmək istəyir ki, yarıtmaz bir kitabdır. Sonda yenə təntənəli təriflər... Biri var kitabı təhlil prosesində həm mənfini, həm də müsbəti göstərmək, biri də var öz şəxsi münasibətini və kitaba yox, şəxsiyyətə münasibətini bildirmək... Bir də son illər bu "müstəqillik" ifadəsinin bu qədər mənasızcasına, yeri gəldi, gəlmədi işlədilməsi yaxşı hal deyil, məncə... Necə ki vaxtilə tələb edirdilər ki, hər mətnin əvvəlində marksizm-leninizm nəzəriyyəsindən sitat olsun, ardınca da Brejnyevdən... Ədəbiyyatşünaslıqla bağlı olan kitabların fəsillərinin 10-dan 7-si, 8-i bu ifadə ilə əlaqələnir. "Müstəqillik dövründə filan şey" deyimə, şablona çevrilib artıq. Kitabı açıb görürsən ki, bu "müstəqillik" kəlməsi anlayış kimi deyil, eləcə söz kimi daxil olub ora, desinlər ki, məqalə, ya kitab zamanın tələbinə uyğundur. İçində müstəqillik dövrü deyilən zamandan əsər-əlamət yoxdur. Məzmunla forma arasında az qala 50 il fərq var... Yeni bir cəmiyyət... Bu yeni cəmiyyətin yeni ədəbiyyatının, yeni insanının, fərqi yoxdur - pisdir, korazehindir, satqındır, qəhrəmandır, igiddir, fəraridir - hər nədirsə, mən kiməmsə, mən bu müstəqillik dövrünün məhsuluyam - bu insanın ədəbiyyatını normal elmi təfəkkürlə öyrənmək lazımdır. İndi mənim ədəbiyyatım yaranır, yaxşı-pis... Və bu ədəbiyyatın da, bu insanın da ədəbiyyatşünaslığı olmalıdır. Məsələn, yazırsız ki, kitabların başlığında -"müstəqillik dövründə nəsr", mən açıram oxuyum görüm ki, bu müstəqillik dövrünün aliminin, ədəbiyyatşünasının gözündə "mən"im, yəni ədəbiyyat mətnindəki obrazım nə cür görünür? Məni nə cür təhlil edirlər? Məlum olur ki, alimim qayıdır Mikayıl Rəfiliyə, ən axırıncı gəlir dayanır Məmməd Arifdə, XX əsrin 60-70-ci illərində bayaq dediyiniz Akademiyanın "qızıl dövrü"ndə. Mən yenə bir oxucu olaraq, bir insan olaraq, müstəqillik dövrünün məhsulu olaraq, uğursuz məhsulu və ya uğurlu məhsulu olaraq, fərqi yoxdur, oxuduğum ədəbiyyatın düzgün təhlilini, qiymətləndirilməsini, nəzəriyyəsini və ya tənqidini görmürəm bu ədəbiyyatşünaslıq haqqındakı kitablarda... Mahiyyətə varıb araşdırmalıyıq: bu müstəqillik nədir, bu müstəqillik kimi yetişdirdi, zamanın siması ədəbiyyatda əks oluna bilirmi, bu cəmiyyətin ədəbi-estetik düşüncəsindəki meyarlar necədir?.. Bir çox ədəbiyyat alimləri var ki, o qədər iddialıdırlar, müasir ədəbiyyatı da oxumurlar, inanın. Akademiyanın (siz Akademiyanı təmsil etdiyiniz üçün bu elmi müəssisənin adını tez-tez misal çəkirəm), Ədəbiyyat İnstitutunda çalışan alimlərin neçə faizi müasir dövrü oxuyur? Ya hazırkı ədəbi prosesin problematikasını sistemli şəkildə izah edə bilər? İnkişaf və ya tənəzzül hansı nöqtələrdədir? Bu günün yazar gəncləri var ki, onlar bu dəqiqə ədəbiyyat nəzəriyyəsini bunlardan daha yaxşı bilir, hamısından olmasa da çoxundan yaxşı bilir.

Şirindil Alışanlı: - İradə xanım, "bunlar" deyəndə kimi nəzərdə tutursunuz?

İradə Musayeva: - Yenidən həmin adları çəkmək istəmirəm, yazmışam yazılarımda, kimləri konkret tənqid eləmişəm, onları nəzərdə tuturam... Bu kitabların başlıqları ilə mahiyyəti düz gəlmir. Ədəbiyyatşünaslıq kitablarından gedir söhbət. Fəsillərin başlığını oxuyuram, deyirəm "Allaha şükür, axtardığımı tapdım"... Kitabın içərisinə baxanda görürəm ki, nə? Hər şey var və heç nə yoxdur. Qrammatik cəhətdən düz qurulmayan cümlələr və sadəcə rus, dünya ədəbiyyatşünaslığından adlar çəkməklə, terminlərdən istifadə etməklə, savadlı görünmək cəhdləri, guya qeyri-adi üslub nümayişi və yenə bizim ədəbiyyatdan xəbərsizlik...

Şirindil Alışanlı: - Dediyiniz müstəqillik dövrünün ədəbiyyatı, onun təhlili, dəyərləndirilməsi ilə əlaqədar bu günlərdə ictimaiyyətə təqdim olunmuş, Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanmış sanballı II cildlik "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" kitabları sizi düşündürən bir çox məsələlərə aydınlıq gətirir. Bu ikicildlikdə sizin maraq dairənizdə olan müxtəlif nəsillərdən olan yazarların yaradıcılığı əhatə olunub. Bu kitabların əhatə dairəsi olduqca genişdir. Və sizlərin sərəncamındadır. Mənim mövqeyim belədir ki, son 25 ilin ədəbi prosesinin qəbul edilən, mübahisə doğuran yaradıcılıq problemləri, ədəbi prosesi təmsil edən bütün nəsillərdən olan yazıçıların əsərləri bu ikicildlikdə geniş təhlil edilib və sizi narahat edən sualların çoxuna burada cavab tapacaqsınız. Digər tərəfdən axı, müstəqillik dövrünün ədəbiyyatşünası - bu nisbi bir şeydir. Ədəbiyyatşünaslıq hər gün yaranmır. Ədəbiyyatşünaslıq min illər boyu sinkretik başlanğıcdan fərdiliyə doğru yol keçib. Bu 25 ilin təzə bir ədəbiyyatşünaslığı yaranmayıb. XX əsr ədəbiyyatşünaslığını inkar edənlər onu ifrat şəkildə təhrif edirlər. Vaxtilə demişəm, indi də deyirəm, bəzi müəlliflər "sovet dövrü" və "sosialist realizmi ədəbiyyatı" arasında "Çin səddi" çəkmək istəyirlər. Guya realizm, romantizm və modernizm kimi ədəbi cərəyanlara mənsub yazıçıların hamısı eyni istedadın sahibi olmuşlar. İndi də sosialist realizmi yoxdur ki! Hamıya yaradıcılıq azadlığı verilib. Niyə M.Şoloxov yoxdur? Niyə XX əsr kimi xalqımızın tarixində faciələrlə dolu bir zamanın bədii epoxasını işartılarını verən əsər ortaya çıxmır.

Şübhəsiz ki, müstəqillik dövrünün ehtiva etdiyi siyasi, iqtisadi, mənəvi institutlar mövcuddur. Əbədiliyinə varlığımız kimi inandığımız müstəqilliyin ədəbi problemləri isə saysız-hesabsızdır. Bunları çözələməyə günlər lazımdır. Müstəqillik dövrünün ən sanballı nümunələrini elə sovet dövrünün yazıçıları yaradırlar. Siz tənqidin nöqsanlarından danışa bilərsiniz. İndi müstəqillik dövrünün adamının əksini ədəbiyyatşünaslıqda necə görə bilərsiniz? Müstəqillik dövrünün adamını təsvir eləyən ədəbiyyat varmı? Bu haqda düşünməyə və olanları təhlil etməyə dəyər. Ədəbiyyat birdən-birə bu formasiyadan keçdi o birinə və yeni, gözlənilməz ədəbiyyat yarandı. Bu mümkün deyil. Əksəriyyət inersiya ilə yazır.

İradə Musayeva: - "Sovet dövrü ədəbiyyatı" olduğu kimi, "müstəqillik dövrü ədəbiyyatı" və ədəbiyyatşünaslığı da olmalıdır və var. Keyfiyyət və mahiyyət sonra aydınlaşır, əsas odur ki, qəbul etməliyik: bu adda, bu xarakterdə ədəbiyyat var... Bu tarixi prosesdir, bizim istəyimiz və ya istəməməyimiz əsas sayılmamalıdır. Biz tarixi gedişata ancaq ədəbi-estetik və bədii-intellektual yanaşma metodları, nəzəriyyələri və mətnləri ilə - yeni təfəkkür tərzindən doğan tezislərlə təsir edə bilərik. Ədəbiyyat missiyasız bir kateqoriya deyil, nə də ədəbiyyatşünaslıq...

Şirindil Alışanlı: - Digər tərəfdən, hər şey istedadla yazılmış sənət əsərindən asılıdır. C.Cabbarlı yaşadığı dövrdə camaat niyə teatra gedirdi, teatrdan çıxmırdı. Çünki özünü görürdü, öz xarakterini görürdü orada. Bütün tiplər həmin dövrdəydi. İndi gedirsən müasir həyatdan yazılan əsərə baxırsan, görürsən həyat tamam başqa şeydir, orada göstərilən tamam başqa. Bu ədəbiyyatın problemidir. Bunu tənqid aydınlaşdırmalı və izah etməlidir, təhlil eləməlidir.

İradə Musayeva: - Ədəbiyyatşünaslıq kitablarında çox özünütəkzib var. Bayaq mən onu başladım, yarımçıq qaldı. Məsələn, siz bu kitabınızda ("Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı") yazmısınız ki, 7 cildlik Azərbaycan tarixi çox vaxtında yazılmış dəyərli əsərdir. Sonra yazmısınız ki, burada heç nə tapa bilmirik, daha sonra yenə tərifləyirsiniz...

Şirindil Alışanlı: - Mən əsaslı tənqidlə mübahisə etməyə hazıram. Ancaq mənim fikirlərimin təhrifini gözləmirdim. Bu mövzuda məqalə və çıxışlarımdakı mülahizələrimin davamı kimi yekun rəyim belədir: "XX əsr ədəbi-nəzəri fikrinin yekunları və son beş ildə çoxcildliklərin nəşr edilməsi və ya nəşr prosesində olması elmi mübahisələr üçün meydan yaradır. Xüsusən nəşri başa çatmış yeddicildlik "Azərbaycan tarixi"ni buna misal göstərmək olar. Bu nəşrin böyük ictimai-siyasi əhəmiyyəti artıq tarixi fakt kimi götürülməlidir. Bu çoxcildlik müasir tarixi dövrləşdirmə üçün nümunə ola bilməz və belə bir missiyanı da öz üzərinə götürməmişdir. Burada mədəniyyət, elm, təhsil də daxil olmaqla bütün tariximiz ictimai formasiyalar nəzəriyyəsinin prinsipləri ilə araşdırılıb, hətta sovet humanitar fikrində mövcud nəzəriyyələr də axıracan nəzərə alınmayıb". Məncə, hər şey aydındır. Eyni problem "Ədəbiyyat tarixi", "Fəlsəfə tarixi" çoxcildliklərində də mövcuddur. Bizim ədəbiyyat tarixini mən nəşr eləmirdim. Niyə nəşr eləmirdim? Baxdım ki, birinci cild folklor oçerklərdir. Tarixi ədəbi proses izlənmir. Bir ilə qədər saxladım, dedim bu ədəbiyyat tarixi deyil. Bizim milli ədəbiyyatımız əsas Qurbanidir, Xəstə Qasımdır, Aşıq Ələsgərdir. Bəs Aşıq Ələsgər XIX-XX əsrlər ədəbi prosesində iştirak eləmir? Yenə də o cür saxladılar.

Zaman Əsgərli: - O konsepsiya səhv konsepsiyadır.

Şirindil Alışanlı: - Səhv konsepsiyadır. Mən onları demişəm. Mən özümü heç vaxt təkzib eləyə bilmərəm. Mən onlara deyirəm ki, bu mövcud olan imkanlar müqabilində 7 cildliyi çap elədik. 2002-ci ildə qurtardıq. Düzdürmü? VII cildin redaktəsinə bir il vaxtım getdi. Onu bir zülmlə başa gətirdik. 2002-dən bəri neçə il keçib? 13 il. Bir dənə təzə dövrləşdirmə qoysunlar ortaya. Dövrləşdirmə bu saat bütün dünyada ən çətin, ən problemli məsələlərdən biridir. "Azərbaycan ədəbiyyatı tarixi" VI və VII cildlərini mənə tapşırmışdılar. İki il strukturunu müzakirə eləmişik. Götürmüşük 20-30-cu illəri, 37-yə kimi. Ondan sonra 40-50-dir, 60-80-ci illər - bunlar mərhələlərdir. Sonra gəlir artıq müstəqillik illəri.

İradə Musayeva: - Dünyada ədəbi-estetik cərəyanlar və bunların bizim ədəbiyyatda izləri məsələsi var. Biz hələ indi-indi başlayırıq yazmağa ki, sən demə, bizdə modernizm olub, bizim xəbərimiz olmayıb. Sovet dövründə modernist dünyagörüş olub. Musiqidə, rəssamlıqda, sənətin digər sahələrində maraqlı nümunələr olub. Amma bu barədə yazılmayıb, əhatəli şəkildə. Təsəvvür edin: sənət olub, amma onun nəzəriyyəsi işlənməyib, tarixi çevrəsi müəyyənləşməyib, tənqidi-estetik dəyərləndirməsi olmayıb... Heç olmasa, geriyə qayıdış da olsa, yenidən nəzərdən keçirək, görək nəyimiz var, nəyimiz yox və necə davam edək...

Şirindil Alışanlı: - Hansı ölkələrdə yaradıcılıq cərəyanları, o cümlədən modernizm, onun qolları - ekspressionizm, kubizm, futurizm, abstraktonizm, dadaizm, sürrealizm, pop-art və s. incəsənətin əsas növlərində öz əksini tapıb, onların ideya-bədii prinsipləri, fəlsəfi-sosial qaynaqları da yüzlərcə tədqiqatın mövzusu olub. Bu adlar əsasında bədii nümunələr axtarmağa lüzum yoxdur. Əgər ədəbi materialın təhlili ilə sübut edə bilən varsa, buyursun. Digər tərəfdən, XX əsr Azərbaycan, ümumilikdə sovet ədəbiyyatı dünya ədəbiyyatının bir qolu idi. Və dünyada baş verən proseslər ədəbi fikrə də təsir edirdi. Bunlar ədəbiyyata yeni bədii ifadə imkanları verirdi, lakin fəlsəfi-bədii sistemi olan cərəyan kimi formalaşa bilmədi.

Dilbər Zeynalova: - 60-cı illərə hamımız deyirik yenidir. O zaman bu "yeni"nin mahiyyətinə varmaq lazımdır, ya yox? Zənnimcə, 60-cı illərdə ədəbiyyatşünaslıq əhəmiyyətli və eyni zamanda perspektivli bir mərhələyə qədəm qoyur. Milli ədəbiyyatşünaslıq uzun illər məruz qaldığımız marksist nəzəri və metodoloji ehkamlardan xilas olmağa çalışır. Beləliklə də, Qərb sənət nəzəriyyələri, yaradıcılıq cərəyanları ədəbiyyatımıza daxil olur. Hər bir milli ədəbiyyat kimi, Azərbaycan ədəbiyyatı da dünya ədəbiyyatı axarına öz kökləri, tarixi təcrübəsi, estetik bazası ilə qoşulur. Yəni modernizm də, postmodernizm də bizim ədəbiyyatdan yan keçməyib.

Elnarə Akimova: - Hər yenilik modernizm deyil amma. Məncə də, 60-cı illərdə modernizmdən sohbət gedə bilməz. Bunun ilk meyilləri yarana bilərdi olsa-olsa.

Şirindil Alışanlı: - Bayaq dedim ki, bizdə modernizm ədəbi cərəyan kimi olmayıb.

İradə Musayeva: - Necə olmayıb? Məsələn, Ələkbər Salahzadə kimi modernist şairi necə inkar etmək olar?

Azər Turan: - Ələkbər Salahzadə modernist şair deyil.

Şirindil Alışanlı: - Onun şeirlərində orijinal düşüncə tərzi var. Əgər Ələkbər Salahzadənin bir şair kimi varlığı modernizmə bağlıdırsa, bu onun bir şair kimi nüfuzunu qaldırırsa, olsun modernist.

Dilbər Zeynalova: - Ələkbər Salahzadəni modernist kimi qəbul etmirsiz, o zaman Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət" əsərinin estetikasını necə izah edirsiniz? Realizmdi, romantizmdi, ya sosrealizmdi? Yaxud İ.İsmayılzadənin, Ə.Kərimin, V.Səmədoğlunun, S.Əhmədlinin yaradıcılığını hansı sənət cərəyanının meyarları ilə dəyərləndurmək lazımdır? Sizə elə gəlmirmi ki, adlarını çəkdiyimiz (çəkmədiklərimiz daha çoxdur) sənətkarlar onlara zorla qəbul etdirilmiş dəyərlərdən imtina etməyə cəhd etmiş və yaradıcılıqlarının müəyyən mərhələsində buna nail olmuşlar.

Şirindil Alışanlı: - Bizim mübahisələrimiz var və yox dilemması üzərində qurulub. Geniş təhlilə də vaxt yoxdur. Vaxtilə "Azərbaycan" jurnalında V.Səmədoğlunun şeirləri dərc olunmuşdu. Yazıçılar İttifaqında yaradıcılıq müşavirəsində çalışdım bunları təhlil edim. Poeziyamızda yeni intonasiya çalarları, insanın iç dünyasının dərində olan qatlarına qayıdışı təqdir etdim. Rəhmətlik Mirzə müəllim dedi ki, "oğlum, bunlar ölüm şeirləridir". Çıxışımın bəzi hissələri "Ədəbi proses" məcmuəsində nəşr edilmişdir. Deyirsiniz mətnə işləmək. Bəs bunlar nə idi. Əslində indi ölüm şeirlərindən çox başqa ovqatda şeirlər oxuyuram. V.Səmədoğlunun o şeirlərində modernist poeziyanın birbaşa təsirin axtarmağı artıq bilirəm. Bu poeziyamızdakı ümumi tendensiyadan artıq V.Səmədoğlunun fərdi düşüncə, yaşam tərzindən gəlirdi.

Digər tərəfdən tənqid tarixinə obyektiv nəzər salsaq, görərik ki, dediyiniz müəlliflərin yaradıcılığındakı yeni meyillər vaxtilə dəyərincə qiymətləndirilib. Y.Qarayev, A.Məmmədov, K.Vəli, N.Cabbarov, R.Əliyev, V.Yusifli və bir çox tənqidçilər bu məsələlərə dönə-dönə qayıdıblar. Əli Kərim haqqında Rəhim Əliyevin 1976-cı ildə yazdığı "Adiliyin böyük poeziyası" adlı məqaləsi konservativ düşüncəli ədəbiyyat adamlar tərəfindən qısqanclıqla qarşılandı.

İradə Musayeva: - XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında, mətbuatında, ümumiyyətlə, mədəniyyətində, incəsənətində və s. sahələrdə modern təfəkkürlə yaratmaq, yazmaq ənənəsi formalaşmışdı. Sadəcə qısa oldu, sovet hakimiyyəti hər şeyi dağıtdı... 60-cı illərdə isə yenidən geriyə (XX əsrin əvvəllərinə) qayıdış və müasir, dünya modernizminə boylanma və bəhrələnmə prosesi baş verdi.

Elnarə Akimova: - Bəli, bu fikirlə mən də razılaşıram ki, XX əsrin əvvəllərində modernist yanaşma təzahürləri ədəbiyyatımızda olmuşdu. Cavid, Hadi şerində, Ə.Hüseynzadə yanaşmasında ələlxüsus. Amma 60-cı illərdə modernizmdən söhbət gedə bilməz.

Dilbər Zeynalova: - Bu fikirləri inkişaf etdirərək, demək istəyirəm ki, 60-cı illərdən xeyli qabaq XX əsrin 20-ci illərində, Ə.Nazim, M. Rəfili o dövrkü ədəbi ictimaiyyət üçün məcburi olan ideoloji mövqe və poetik prinsiplərdən kənara çıxırdılar və buna görə ciddi şəkildə tənqid olunurdular. Mehdi Hüseynin məqaləsi də var bu barədə: "Bizdə futurizm cərəyanı". Özü də futurizm modernizmin ən radikal meyillərindən biri idi.

Azər Turan: - Cəfər Cəfərov 1965-ci ildə Azərbaycan yazıçılarının IV qurultayında söylədiyi "Ədəbi tənqid haqqında" məruzəsində etiraf edirdi ki, ədəbi tənqid, Rəsul Rzanın, onun ardınca və ya müstəqil gedən ayrı-ayrı gənclərin hərdənbir modernizm dumanında azdığını görür. Modernizm yox idisə, bəs belə mülahizələr nə üçün idi? Mehdi Hüseynin də bir məqaləsində Rəsul Rza yaradıcılığı ilə bağlı belə bir yanaşma diqqətimi cəlb edib. Doğrudur, sonralar Rəsul Rza "Rənglər" silsiləsini yazdı. "Rənglər"in estetik içəriyi modernizm estetikasının bir sıra vacib çalarlarını ehtiva edir. Özəlliklə "Rənglər"in rəng və səs palitrası modernizm estetikasına tabe tutulub. Burada Qogenin ləpirləri, Vaq-Qoqun "Günəbaxanlar"ı, Deqanın "Rəqqasələr"i, Debyüssinin "Kürən saçları" var. Təbii ki, sovet dönəminin şairi bundan artığına gedə bilməzdi. Hətta altmışıncı illərdə tənqidçi İslam İbrahimov "Rənglər"in "düşüncələr axını" üsuluyla yazıldığını qeyd etmişdi. Bu isə indi hamı bilir ki, modernizmin əsas üslub özəlliklərindən biridir.

Deməli, məsələ düşünüldüyü qədər də sadə olmayıb. Demək ki, modernizmə meyil varmış. Rəsul Rzada doğrudur, bu, bəlli səbəblərə görə tam vüsətlə gəlişmədi. Siyasi sistem, siyasi sistemdən öncə isə ilk növbədə marksist ədəbi tənqid özü buna imkan vermədi. Rəsul Rzanın 1956-cı ildə yazdığı "İnsan" şeri çağdaş şerimizdə bunun ən uğurlu başlanğıcı ola bilərdi. İmkan verilsəydi, Türkiyə poeziyasına modernizm estetikasını gətirən İkinci Yeni ilə yanaşı Azərbaycanda da modernizm cərəyanı ədəbi fakta və hərəkata çevrilə bilərdi.

Elnarə Akimova: - Azər müəllim, dediyiniz kimi, bu dönəmi modernizmə meyil mənasında qəbul etmək olar. Amma sırf modernist ədəbiyyat deyil.

Şirindil Alışanlı: - Yuxarıda xatırlanan məqalələr rus sovet ədəbiyyatşünaslığında "naturalizm və formalizm" əleyhinə 1935-ci ildə başlanan kompaniyadan irəli gəlirdi. Bədii forma axtarışları formalizm kimi dəyərləndirilirdi. Rus ədəbiyyatında bu məktəblər mövcud olmuşdu və onun ənənələrinə qarşı mübarizə də vardı. Hətta avanqardizmə mənsub olanlar 1940-1950-ci illərdə gizli fəaliyyət göstərirdilər və "Sintaksis" adlı dərgiləri də gizli nəşr edilirdi. Bizdə belə təşkilatlanmış ədəbi təmayül olmamışdır. M.Rəfili, Ə.Nazim, hətta Rəsul Rza da bu kompaniyanın hədəfinə çevrilirdilər və bu o demək deyildir ki, bizdə formalizm məktəbi olub.

Azər Turan: - Bizim də ədəbiyyat XX yüzilin əvvəllərində modernizmə yönəlmək iddiasındaydı. Lakin hadisələrin sonrakı gedişi bu prosesi əngəllədi və nəhayət, məhv etdi. Sistemdir də bu. Keçən dəfə bir toplantıda ötəri bir polemika oldu. Hörmətli akademiklərimizdən biri dedi ki, məzmun dərinləşməlidir, tədbirdə iştirak edən bir şair isə israr etdi ki, poeziya tarixi müəyyən mənada elə formalar tarixidir. İndi fikirləşirəm, poeziya tarixi formalar tarixdirsə, bəs necə oldu Məhəmməd Hadi əski qəlibdə özünün və milli poeziyanın modernist düşüncəsini qoya bildi ortaya. Yaxud Bodler. XİX əsrin ortalarında ənənəvi qəliblərdə və ölçülərdə təkcə fransız şerinin deyil, ümumən dünya şerinin ahəngini dəyişdirdi, poeziyada modernizmin bütün spektrini qoydu ortaya. Dərindən düşünək, modernizmin ilk örnəyini dekadans tərzində Bodler yaradırsa, yenə də dediyim kimi, ənənəvi fransız şerinin qəlibləri səviyyəsində dünya ədəbiyyatı modernizmə yönəlirsə, yaxud bizdə, məsələn, Əli bəy Hüseynzadənin, Hüseyn Cavidin, Hadinin baxışlarında modernist yanaşmalar varsa və bu, Əli bəy Hüseynzadənin bəlkə də Azərbaycan ədəbiyyatında ilk intellektual nəsr nümunəsi olan "Siyasəti-fürusət"ində daha qabarıq görünürsə, deməli, qəlib önəmli deyil. Önəmli olan sənətkarın ruhi yapısıdır.

Şirindil Alışanlı: - Azər, romantizmdə axı bir yaradıcılıq tipi var, ədəbi cərəyan var, bir də yaradıcılıq metodları var. Bu H.Cavid və başqaları Türkiyənin təsiri ilə, türk romantizminin təsiri ilə formalaşdılar. H.Cavid, Əli bəy, Hadi də.

Azər Turan: - Şirindil müəllim, dediyinizdə böyük həqiqət var. Amma orası da var ki, 60-cı illərə qədər modernizm anlayışı türk poeziyasında tam şəkildə gəlişə bilməmişdi. O barədə bəlkə hələ heç söhbət belə getmirdi. Halbuki Tofiq Fikrət "Qayyayi-Vücud" şerini artıq 1899-cu ildə yazmışdı. Modernizmdən qabaq isə türk ədəbiyyatına pozitivizm daxil olmuşdu, amma İkinci Yeni hərəkatına qədər - 1950-ci illərə qədər Türkiyədə modernizm cərəyanı oturuşmadı. İkinci Yeni Edip Canseverin, Cemal Süreyyanın, Sezai Karakoçun və b. timsalında türk poeziyasına modernizm estetikasını gətirdi. Məsələn, tutaq ki, Birinci Yeni - Qəribçilər, o sırada hətta Orxan Vəli tam modernist hesab olunmur Türkiyədə. Halbuki mənə görə Orxan Vəlinin "İstanbulu dinliyorum" şeri modernist bir estetikada yazılmış şeirdir. Amma Türkiyədə, türk ədəbiyyatşünaslığında belə bir yanaşa məqbul hesab olunmaz. Türkiyədən deyil, Azərbaycandan baxanda Nəcib Fazil Qısakürəyin "Kaldırımlar" şeri sırf modernizm estetikasında yazılmış örnəkdir. Rəsul Rza "İnsan" şerindən iki il sonra, yəni 1958-ci ildə Qısakürəyin "Otel odaları" şerini də Azərbaycan türkcəsinə uyğunlaşdırıb "Ədəbiyyat qəzeti"ndə dərc etdirdi. Bu, sovet dövrü poeziyamızda modernizmə stixiyalı deyil, düşünülmüş, açıq cəhd idi.

İradə Musayeva: - Ədəbiyyatşünaslıq ədəbiyyatdan çox geridə qaldığı üçün bədii mətn yaradıcılarının yazdığının içindən böyük prosesləri əks etdirən məqamları, nümunələri tapıb çıxarda bilmirik. Məsəlçün deyirəm, Sabir Əhmədli yazarların, Salam kimi şairlərin bir tənqidçisi yoxdur ki, onun spesifik sənətkarlıq istedadını ortaya qoysun.

Şirindil Alışanlı: - Əksinə ədəbiyyatşünaslıq son illər qadağan olunmuş ədəbiyyatın tədqiqi və nəşrində vətəndaşlıq işi görür. Əgər tənqidi nəzərdə tutursunuzsa geninə-boluna meydan var, ancaq tənqidi hərəkətə gətirən sanballı əsər qıtlığı yaranıb. Sabir Əhmədlinin əsərlərini bizim görkəmli tənqidçimiz Arif Hüseynov 60-70-ci illər postsovet məkanı ədəbi prosesi fonunda təhlil edib. Yazıçının "Gedənlərin qayıtması" əsərinin əlyazmasını oxuyub rəy yazmışam. Bu yazıçı ədəbi tənqidin yüksək qiymətini alıb. İctimai diqqətdən kənar qalması tək bunlarla məhdudlaşmır.

Dilbər Zeynalova: - Sabir Əhmədlinin "Yasaq edilmiş oyun" romanıın arxitektonikası sosrealizmin tələb və prinsiplərinə cavab vermir. Əsərə sosrealizmin təhlil prinsiplərindən yanaşmaq kökündən yanlışdır. Yeni əsərlər yaranıb, təhlil prinsipləri isə köhnə olduğundan, dəyərləndirmə doğru-düzgün olmayıb. Sonra da deyirik ki, niyə dünya ədəbi fikrinə çıxa bilmirik. Ümumiyyətlə, bizim ədəbiyyatımız səhv konsepsiyaların dar çərçivəsində ilişib qalıb.

Şirindil Alışanlı: - Modernizmin mahiyyəti nədir?

Dilbər Zeynalova: - Modernizm məzmunda və formada ənənəvi ədəbiyyatı inkar edir. Bizim ədəbiyyatımızda da təxminən belədir.

Şirindil Alışanlı: - Bəs bunu belə deyirsən, sonra da deyirsən ki, belədir. Cavid kimi inkar eləyirdi? Heç kimi inkar eləmirdi. Bu romantizmin öz prinsipləri vardı.

Dilbər Zeynalova: - Cavid romantizmi Füzuli romantizmi deyil axı.

Şirindil Alışanlı: - O başqa şeydir.

İradə Musayeva: - O tərif deyil ki, yəni hər cərəyan biri digərini mütləq şəkildə inkar etməlidir - deyək... Yeni baxış, yeni təfəkkür tərzi ilə və yeni ifadəetmə formatında yaradıcılıqlar ortaya gələndə, əlbəttə istər-istəməz inkar stixiyası olur ortada.

Şirindil Alışanlı: - Bu başqa məsələdir. M.F.Axundov da Füzulini "qəbul etmirdi". Şübhəsiz ki, yaradıcılıq məktəbləri daxilən bir-birinə bağlı olub, modernizmdə isə klassik ənənə "yeni ədəbiyyat yaratmaq" təşəbbüslərinin irəli gələn, klassik estetik meyarların inkarı ilə nəticələnən sənət konsepsiyasına çevrilib.

İradə Musayeva: - Şirindil müəllim, siz indi əvvəl oxuduqlarınıza o gözlə baxın, modernizmi görəcəksiniz... Özü də biz "cərəyanlar olub" demirik. Modernizmin nümunələri və təbii ki, nümayəndələri olub. Əslində normal yanaşma ilə təhlillər aparılsa, sistemli və dünya ədəbiyyatı ilə müqayisəli şəkildə, bu modernizmin tarixi gedib M.F.Axundova çıxacaq...

Şirindil Alışanlı: - Ələkbər Salahzadəni hələ siz oxumayanda mən yaxşı tanıyırdım. Ələkbər Salahzadənin şeri R.Rza ədəbi məktəbinin davamı olan bir şeydir. Vəssalam. Bunun daha nə modernizmi? Modernizm kimi bir şey yoxdur axı. Elə bir dənə terminin adını əzbərləyək, deyək ki, modernizmdi.

İradə Musayeva: - İsa İsmayılzadənin özündə, Vaqif Səmədoğluda, Vaqif Bayatlıda, yəni bunların hamısında var poetik obyektə modernistik yanaşma. Sadəcə bizim beynimizdə ki, sovet ədəbiyyatı tendensiyası ilə baxış mexanizmi var, o imkan vermir başqa cür düşünməyə...

Şirindil Alışanlı: - Yox, bunlar o dalğa ilə gəliblər də. Bunların bir qrupuna estradnik deyirdilər. Bizimkilər gedib Moskvada oxuyurdu, Xəlil Rzası da, Söhrab Tahiri də, Cabir Novruzu da və b. Bunlara deyirdilər estradniklər o vaxt. Bu estradnikləri də çox vaxt qəbul eləmirdilər. 60-cı illərdə poeziyada müxtəlif qollar vardı, üslubi təmayüllər vardı, amma bunu modernist adlandırmaq ki, bunlar modernist yazıçılardır, bu belə deyil.

İradə Musayeva: - Yaxşı, o adını çəkdiyim şairlərlə həmin dövrdə yaşayan, tutaq ki, N.Kəsəmənlini, Tofiq Bayramı, Nəbi Xəzrini, B.Vahabzadəni, Cabir Novruzu ayırıb onların yaradıcılığını fərqləndirmirsinizsə, nə deyim... Əlbəttə forma başqadır, mahiyyət və məzmun başqa. Sərbəst şeir məsələsinə əsaslanıb demirəm ki sərbəstdə nə varsa modernizmə aiddir, yox... Sərbəst şerə qalsa, gərək Orxon-Yeniseydən başlayaq.

Zaman Əsgərli: - Siz "Azərbaycan ədəbiyyatında modernizm olub, ya olmayıb? - məsələsini az qala söhbətimizin baş mövzusuna çevirdiniz. Yeni ədəbiyyat yaratmaq uğrunda cəhdlər bütün zamanlarda olub. Həqiqi istedadlar köhnəliyi həmişə inkar ediblər, yenilikçi olublar. Yenilikçilik baxımından Ə.Haqverdiyev özünün "Pəri Cadu" əsəri haqqında yazır ki, XIX əsrin 90-cı illərinin ortasında simvolizm deyilən bir ədəbiyyat üsulu teatro səhnəsinə atıldı. Alman ədibi Hauptmanın "Qərq olmuş çan" sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna uyğun olması məni artıq həvəsə gətirdi və mən Şərq həyatından götürülmüş simvolik bir əsər tetromuz üçün yazmaq fikrinə düşdüm. Nəhayət, 1901-ci ildə "Pəri Cadu" nam əsərimi yazdım". Əli bəy Hüseynzadə simvolist ədəbiyyatı dekadans hesab edir və "Siyasəti-fürusat" əsərini yaradır. Bu əsərlərin modernist üslubda olduğunu bilmək üçün xüsusi və əsaslı tədqiqat aparmaq lazımdır. Əgər yenilikçiliyi, novatorluğu modernizm saysaq, onda gərək Sabiri ən böyük modernist hesab edək. 1920-1930-cu illərdə Azərbaycanın gənc şairləri, məsələn, M.Rəfili, M.Müşfiq, S.Rüstəm futurist şeirlər yazıblar. Amma onlar bu yolu davam etdirmədilər və futurizm bizim şeirdə ədəbi cərəyana çevrilmədi. Rəsul Rzanın poetik qüdrəti onun modernist, yaxud realist şair olmasında deyil: Rəsul Rza bəşəri duyğuları, insanı, onun mənəvi və maddi yaşantılarını böyük sənətkarlıqla əks etdirən xeyirə qardaş, şərə düşmən olan milli sənətkardır. Əgər onu və davamçılarını modernist hesab edirlərsə, təəccüblənmək lazım deyil. Ədəbiyyatşünaslıq fikir meydanıdır. Qoy fikirlərini desinlər və sübut etsinlər... Məncə, Azərbaycan şerində bu dəqiqə yetkin halda heç postmodernizm də yoxdur. Onun meyllərini, bəzi əlamətlərini görürük.

Dilbər Zeynalova: - Əslində böyük sənətkarlar heç bir estetik konsepsiyanın çərçivələrinə sığmırlar. Demək istəyirəm ki, Azərbaycan ədəbiyyatını fərqli görmə bucaqlarından və metodoloji prinsiplərdən çıxış edərək dəyərləndirmək lazımdır. Bu Azərbaycan ədəbiyyatının inteqrasiya imkanlarını da üzə çıxarmağa imkan verir. Modernizm totalitar düşüncənin ideoloji prinsiplərinin rəhbər tutulduğu bir dövrə təsadüf etdiyindən ona qarşı dözümsüzlük özünü açıq-aydın büruzə vermış, mürtəce burjua sənəti ilə realist sənət arasında mubarizə kimi dəyərləndirilmişdir. Ona görə də modernizmin əsas müddəları və yaradıcılıq prinsipləri bizim ədəbi-nəzəri fikirdə geniş vüsət ala bilməmişdir. Amma bu o demək deyil ki, ədəbi-bədii nümunələr yaranmamışdır. Postmodernizmə münasibət isə...

Elnarə Akimova: - Mövzudan uzaqlaşmayaq, məncə.

İradə Musayeva: - Məncə də, qayıdaq ədəbiyyatşünaslığın ümumi problemlərinə. Ədəbiyyatşünaslıq əslində "ədəbi qanunnamədir", belə demək olarsa...

Zaman Əsgərli: - Bizim ədəbiyyatşünaslığın indiki səviyyəsi bəzi sahələrdə XX əsrin 60-cı, 70-ci illəri səviyyəsindən aşağıdır. Baxmayaraq ki, son illərdə həm ədəbiyyat tarixinə, həm ədəbi tənqidə dair müxtəlif kitablar çap olunub. "Azərbaycan ədəbiyyatı tarixi"nin dörd cildi çıxıb. Amma Mirzağa Quluzadənin yazdığı "Füzulinin lirikası" monoqrafiyası indi də bu sahəyə aid ən sanballı kitabdır.

İradə Musayeva: - Sabir Əliyevin "Füzuli poetikası" kitabı da yaxşıdır.

Zaman Əsgərli: - Gözəl kitabdır, amma Sabir Əliyevin yazdıqları Mirzağa Quluzadənin dediklərinin inkişafıdır. Daha sistemli təhlilidir. Ancaq onun kitabının adı ilə məzmunu tamam fərqlidir; Kitabın adı "Füzulinin poetikası"dır. Lakin orada poetikadan heç nə yoxdur. Füzulinin ədəbi-nəzəri görüşləri izah olunur.

Şirindil Alışanlı: - M.Quluzadənin "Füzulinin lirikası" onun ən fundamental əsəridir. M.Cəlalın "Füzuli sənətkarlığı"ndan sonra Füzulişünaslıq bu əsərin fonunda inkişaf etmişdir.

Elnarə Akimova: - Zaman müəllim, deyirsiz ki, 60-70-ci illərə baxanda bu gün səviyyə aşağıdı. Məncə, biz zaman amilini də nəzərə almalıyıq. 90-cı illərdə çox çətin, xaotik proseslərdən keçdik millət olaraq. Azərbaycan ziyalısında bir çaşqınlıq dövrü başladı.

Zaman Əsgərli: - Mən dedim ki, bəzi sahələrdə.

Azər Turan: - Düşüncə sistemimiz zədələndi. Fuad Köprülü 29 yaşında "Türk ədəbiyyatında ilk mütəsəvvüflər" kitabını yazmışdı. Və ümumiyyətlə, müasir türk filoloji düşüncəsi bütövlükdə o kitabın üzərində bərqərardır. Yəni bunu biz də etiraf etməliyik. Çünki bir sıra mənalarda düşüncələrimiz ortaq zəminlər üzərində gəlişib və mənə elə gəlir ki, biz Fuad Köprülünü həm də Azərbaycan ədəbi-elmi faktı kimi dəyərləndirməliyik. Tədqiqatlarımızın sferasına onu mütləq daxil etməliyik. Köprülünün dili də bizim ədəbiyyatımızın dilidir. Əgər Yunus Əmrədən, Əhməd Yəsəvidən vaz keçəriksə ədəbiyyatımızın ümumi mənzərəsi görünməyəcək. Görünməyəcəksə, deməli, Köprülüsüz bizim ədəbiyyat tariximiz də yazıla bilməz. Etiraf edək ki, Əhməd Yəsəvini də, Yunus Əmrəni də biz ən əvvəl Fuad Köprülüyə istinadən tanımışıq. Eləcə də, tutaq ki, şəxsən mənim Əli bəy Hüseynzadə, Hüseyn Cavid barədə yazdıqlarım yetmiş illik sövet dönəmində deyilənlərə deyil, Fuad Köprülünün dediklərinə istinad edir.

Şirindil Alışanlı: - Olar bir şey deyim? İcazə verin sizin bundan əvvəlki müzakirədəki bir məqamı tənqid eləyim. Sizin dəyirmi stolda dövrləşdirmədən gedirdi söhbət. Klassik dövr farsdilli ədəbiyyatdan danışır Səadət Şıxıyeva. Danışırlar, amma o vaxt biz təklif elədik, nəzər almadılar, Azərbaycan ədəbiyyatı tarxinin I cildi olmalıdır ümumtürk ədəbiyyatı, ortaq mədəniyyəti, ortaq abidələr. Bunlar birinci olmalıdır. Sənin dilin, Azərbaycan dili və ədəbiyyatı oradan gəlir də. Orxon-Yenisey abidələri, Kutadqu-bilig və s. Oğuznamənin özündə Azərbaycan şerinin formalaşması üçün elə məqamlar var ki. Bir cild ortaq dəyərlər olmalıdır. Orada mübahisə gedir ki, Nəsimi bizimdir. Nəsimi, əgər kim oxuyub onu dərk eləyirsə, bu türk ədəbiyyatıdır da. Füzulinin özünü sən necə tutub ala bilərsən türkün əlindən? Bunlar deyirlər ən çox azəri dilinə yaxın dildə yazıb. Nəsimini əgər türkmənlər də türkmən hesab edirsə, oxuyurlarsa, qoy oxusunlar da. İndi Nəsimidi, Füzulidi, bunlar bizim böyük klassiklərimiz olduğuna görə onlar əgər oxuyurlarsa, bəhrələnirlərsə, oxusunlar. Nəsiminin bizim ədəbiyyat tariximizdə böyük təsiri var. Füzuli də Azərbaycan xalqının bədii şüurunun inkişafında elə iştirak edibdi ki, bunu bizdən çıxarmaq mümkün deyil. Ona görə türkmən deyir ki, Nəsimi türkmən şairidir, qoy desin də. Burada qadağan olunası bir şey yoxdu. Biz heç nə itirmirik. Türklər Füzulini çap eləyiblər, baxmısız? Bir səhifədə orijinalı, digər səhifədə tərcüməni veriblər. Çox gözəldir. Füzuli bizim varlığımızdır da, ədəbi prosesə daxil olub. Amma o cür mübahisə eləmək ki, mən getdim filan yerdə cavab verdim ki, Nəsimi bizim şairimizdir...

İradə Musayeva: - Onlar demir axı ümumtürk. Onlar deyir ki, məsələn, tutaq ki, "türkmən şairi Nəsimi" və yaxud da "türk şairi Nəsimi". Söhbət onun davasıdır.

Azər Turan: - Əfsus ki, çoxları Cağatay nəslindən olduğu ehtimal edilən Qul Əlinin "Qisseyi-Yusif"indən xəbərsizdir. Şeir zövqümüzün sanki yerində olduğunu isbatlamaq üçün Əbdürrəhman Caminin "Yusif Züleyxa"sı barədə danışmaqdan doymayan bizlər uzun illər unutduq ki, az qala, Nizaminin dövründə və Caminin yazdığı "Yusif və Züleyxa" mövzusunda bizim öz ana dilimizdə - türkcə yazılmış bir "Qisseyi-Yusif"imiz var. Nə dəxli varmış ki, Qul Əli Xarəzmli bir oğuz türkü - bir yəsəvi dərvişidir, yaxud bir kuman türküdür, oğuzdur, yaxud qıpçaqdır? Nə fərqi var ki, bu əsər Orta Asiyada, yoxsa Tatarıstan civarında yazılıb? Harda (və hətta kim tərəfindən) yazılmasından asılı olmayaraq o, Şərqi Türküstandan tutmuş Krıma qədər, Qafqazlardan Anadoluyacan hamının anlayacağı bir türkcədədir. Bəlkə də ortaq türkcənin ilk örnəklərindən biridir. Hələ üstəlik, heç "Qutadqu Bilig" kimi də deyil, əruzun istilasına uğramayıb, heca ölçüsündə yazılıb…

İradə Musayeva: - 50-ci illərdə ümumtürk abidələrini "Dədə-Qorqud" da daxil olmaqla qadağan elədilər ki, mürtəce abidələrdir. Bu da tendensiyalı bir şey idi. İndi imkan yaranıb onların Azərbaycan alimlərinin qələmi ilə yenidən tədqiq olunması üçün... Dissertasiya mövzularının seçilməsi də ədəbiyyatşünaslığın inkişafı naminə yox, doktorantın əziyyət çəkmədən müdafiə etməsi üçün seçilir. Daha çox da qeyri-elmi, mücərrəd, anlaşılmaz mövzular. Dilbər xanım onlardan bir neçəsinin adını çəkmişdi bu yaxınlarda. Məsələn, "Sovet dövrü memuar və tərcümeyi-hal ədəbiyyatı və Azərbaycan qadını"...

Şirindil Alışanlı: - Əvvəla, bizim qorqudşünaslığın nailiyyətlərini obyektiv dəyərləndirmək lazımdır. "Dədə Qorqud"un yubileyi ilə bağlı onlarca sanballı əsər nəşr olunurdu. S.Əlizadə, T.Hacıyev, K.Abdulla, N.Cəfərov, S.Cəmşidov, K.Kamal və başqa alimlərimizin tədqiqatları qorqudşünaslığın yeni mərhələsini şərtləndirdi.

Dissertasiya mövzularında konyunktura həmişə olub, indi də var. Vaxtilə, daha doğrusu, 2001-ci ildə bu mövzuda yazmışdım ki, ədəbi şəxsiyyətlər, ədəbi əlaqələr, folklor və yazılı ədəbiyyatın əlaqələri, ədəbi tənqidin nümayəndələri barədə yazılmış və yazılmaqda olan onlarca dissertasiyanın predmetə yanaşma üsulu, struktur oxşarlığı, çeynənmiş təhsil arsenalı, ədəbiyyatşünaslıq elmi üslubunun az qala söz yığını ilə əvəz edilməsi müşahidə olunur. Keçən on beş ildə elə ciddi dəyişiklik hiss olunmur. Şübhəsiz, bütün tədqiqatları da eyni mövqedən dəyərləndirmək olmaz. Vaxt hər şeyi yerinə qoyur. Hər on ildən 5-10 cilddi əsər elmi dövriyyədə qalır. Yaşar müəllimin 5 cildliyini çap elədik. Mən demirəm Yaşar müəllimin yazdıqları ehkamdır. Amma Yaşar müəllim məsələn, nə deyirdi? Deyirdi, ədəbiyyat tarixini hər dövrün meyarları ilə təftiş eləmək olmaz. Yaşar müəllim deyirdi ki, indi nə sufizm var, nə də sosrealizm. Amma Füzuli var, C.Cabbarlı yaşayır.

Elnarə Akimova: - Yəni hər sənətkarın poetikasını incələmək daha doğrudur.

Şirindil Alışanlı: - Yəni bunlar sənətin bədii mahiyyəti ilə bağlıdır. Safurə xanım Quliyeva 20-30-cu illərin poeziyasından yazır. "Azər" poemasını tamam təzədən təhlil eləyir. Poemada müəllif mövqeyini mətnin alt qatlarında axtarır. Romantizmi romantik estetikanın hüdudları prinsipləri fonunda dəyərləndirməyəndə mətnə nəzəri müddə arasında uçurum yaranır. Safurə xanımın mətn üzərində yeni müşahidələri 2006-cı ildə sizin qəzetin səhifələrindəki qənaətimin əminliyinə inamımı bir daha artırdı. "Romantik kimi formalaşmış A.Şaiq hər on-on beş ildən bir öz bədii təfəkkür tipini, öz üslubunu dəyişə və "zəmanəyə uyğunlaşdıra" bilməzdi. Və yaxud, H.Cavidi "inqilab qatarına" oturmaq istəyən ədəbi tənqid siyasi müdaxilənin vasitəçisinə, icraçısına çevrilirdi. H.Cavid bu qatara otura bilməzdi. Çünki onun bədii dünyagörüşü və poetik sistemi zirvə məqamında idi". Bu mənada ədəbiyyatın o alt qatlarını şübhəsiz ki, təhlil eləmək lazımdır, işıqlandırmaq lazımdır. Mətni dəyərləndirmək hər dəfə onu oxuyan ədəbiyyatşünasın, tənqidçinin yaş dövründən hazırlıq səviyyəsindən də asılıdır. Məsələn, siz cavanlığınızda oxuduğunuz bəzi əsərləri indi oxusanız tamam başqa şeylər tapacaqsınız. Mənim çox böyük arzumdur, oturum Nizaminin "Xəmsə"sini bir də oxuyum. Lap elə istənilən klassiki. Cavan vaxtı o cür dərk eləmirdik. İndi başqa cür dərk edirik.

Dilbər Zeynalova: - Bizim dediyimiz də odur də. Eyni şeyə gəlib çıxdıq. Dediyim odur ki, ədəbiyyatşünaslıq sənətkarın yaradıcılığı, hətta konkret bədii əsərin bədii-estetik keyfiyyətləri və xüsusiyyətləri haqqında konkret fikir formalaşdırmalıdır.

İradə Musayeva: - Dünya ədəbiyyatında böyük yazıçıların nəzəriyyəçiliyi var. Tutaq ki, Dostoyevskidə oxuduqlarımız, lap müasir dövrdə Eko, Nabokovun özü. Bizdə tutaq ki, bəzi xalq yazıçılarının ədəbiyyatla bağlı görüşləri var ki, adam oxuyanda, çox təəccüb edir. Yəni bunu da dəstəkləmək, bunlara rəy vermək düz deyil... Tutaq ki, bizim istinad nöqtəmiz, ədəbiyyatı çiynində aparan yazıçılar var ki, hər şeyi, bütün cərəyanları da ona tətbiq edirlər ki, filankəsdə həm sosializm var, həm modernizm var...

Şirindil Alışanlı: - Cərəyanları tətbiq eləmək olmaz. Ədəbi cərəyanın estetik prinsipləri materialın içindən çıxmalıdır.

İradə Musayeva: - Bilirəm, amma eləyirlər. Ədəbiyyatşünaslar təqdim eləyirlər. Onun haqqında məqalə yazanda elə eləyirlər. Sonra bu adamların kitabları çıxır ədəbiyyatşünaslıq adında, ədəbiyyatşünaslıq görüşləri. Tutaq ki, 15 cildliyi var. 2 cildi həsr olunur onun ədəbiyyatşünaslıq görüşlərinə onlar bunu yazırlar və bunlara rəylər verilir. Sonra professorlar, alimlər bunun haqqında silsilə resenziyalar, nələr, nələr yazır. Mən sizə ona görə ünvanlanıram ki, çünki siz buradasınız. O demək deyil ki, siz eləyirsiniz. Sadəcə məqamdır, dərdimizi demək istəyirik.

Şirindil Alışanlı: - 2 il bundan qabaq demişdim ki, indi Azərbaycanda "muzdur" ədəbiyyatşünaslıq var. "Muzdur" ədəbiyyatşünaslar, tənqidçilər var. "Muzdur" sözünü də işlətmişəm. Daha bundan artıq nə deyərlər ki? Bunun arxasında nə durur?

Bizim yazıçıların içində orijinal tənqidi görüşləri olanlar var: C.Cabbarlı, S.Vurğun, S.Rəhimov, R.Rza, M.Hüseyn, İ.Əfəndiyev. O gün Anar müəllimin bir məqaləsini oxudum. "Vurğunluq" idi adı. 1986-cı ildə yazılıb. "Ədəbiyyat qəzeti"ndə təkrar nəşr edilib. İnandırıram sizi ki, S.Vurğun haqqında ən yaxşı yazılmış əsərlərdən biri budur. Həmişə bir mif yaratmışdılar ki, R.Rza ilə S.Vurğun düşmən olub, ailələr sevməyib bir-birini, qısqanclıq var.

İradə Musayeva: - Olub, amma.

Şirindil Alışanlı: - Bilirəm, ədəbi mübarizələr olub. Amma, Anar müəllim burada böyük məhəbbətlə S.Vurğunu təhlil edib. Bu bədii publisistik bir essedir. Tapıb oxuyun. İnandırıram sizi ki, çox heyrətamiz yazıb. Materialın seçilməsi, S.Vurğunun sənətinin yaşayan tərəfləri hansıdır, özü də elə incə şəkildə deyir ki, hansılar yaşamayacaq, heç adamın ruhu da incimir.

İradə Musayeva: - Bir də şişirdilmiş fiqurlar var ey, məsələn, biz universitetdə oxuyanda auditoriyaya girən müəllim deyirdi ki, nəhəng Məmməd Arif, nəhəng Cəfər Xəndan, qorxurduq. Mifləri yaradılmışdı sanki. Orta məktəb dərslikləri ilə bağlı Zaman müəllim, sizinlə ayrıca müzakirə keçirmək lazımdır, problemli məsələlər çoxdur orda... Bir neçə il öncə Pənah Xəlilovun da iştirakı ilə proqram müzakirə edirdik, dərsliklər və proqramlar. Çox heyrət elədim, Pənah müəllimə dedik ki, olmaz axı belə, elə müəllif var ki, ən pis əsərini salıblar dərsliyə. Məsələn, B.Vahabzadənin çox zəif bir şeirini misal gətirdik o zaman. Pənah müəllim dedi ki, vallah neyləyim zəng elədim ki, sənin hansı əsərini salım dərsliyə? Mənə dedi ki, bunu sal. Deməli, meyara baxın. Müəllifin arzusu dərslik prinsiplərini arxa plana keçirir. Tutaq ki, müəllif şerini hansısa nostalji hisslə yazıb və ya sevgilisinə yazıb, müəllifə bu xoş gəlir. İstəyir onun özü üçün doğma olan dərdi, xatirəsi dillərdə gəzsin, bəs ədəbi-estetik və təlim-tədris prinsipləri?

Şirindil Alışanlı: - İradə xanım, dediyinizdə həqiqət var. Əlbəttə, klassiklərin toxunulmazlığını müəyyən edən səbəblər var. Birincisi, mən bir yazımda istəmişəm əsaslandıram ki, ədəbi mif, mifləşdirmə məsələsi var. Dəyərləndirməyə mane olan nədir? Mifləşdirmə məsələsidir. Yəni ki, istəyirsən yazıçı olsun, istəyirsən ədəbiyyatşünas olsun, müəyyən adamları mifləşdiribdilər. Gənc tədqiqatçı "mif" qarşısında geri çəkilir, müəyyən həqiqəti desə də eşidilmir.

İradə Musayeva: - Bir də ki, Şirindil müəllim. Həmid Araslı və başqaları ilə bağlı bir problem də var. Düzdür, bunlar tamam başqa tədqiqatçılardır. Amma bunların da klassiklərə münasibətində o qədər yanlış şeylər var ki... Amma bunları da elə bil toxunulmaz elan eləyiblər.

Şirindil Alışanlı: - İradə xanım, digər ədəbiyyatşünaslarımızın xidmətlərinə kölgə salmadan onu nəzərə alaq ki, Qədim və Orta əsrlər ədəbiyyatı, XIX əsr ədəbiyyatı, XX əsrin əvvəlləri ədəbiyyatı və sovet dövrü ədəbiyyatı kursları H.Araslı, F.Qasımzadə, C.Xəndan, M.Cəlal, F.Hüseynov və Məmməd Arif tərəfindən yaradılmışdır. İndi yeni materiallar və nəzəri prinsiplərlə təshihlər etməyi heç kimə qadağan etmək olmaz.

Zaman Əsgərli: - Mən də o fikirlə razıyam ki, inkar yox, səmərəli tərəflərini inkişaf etdirmək gərəkdir.

Şirindil Alışanlı: - Mən bir fakt deyim. Biz ədəbi tənqid kursunu bitirmişik. 72-ci ildə Sov.İKP-nin qərarı çıxdı, onda bizi ədəbiyyatşünas və tənqid kurslarına böldülər. 5 nəfər idik. Bizə dərs deyirdilər: Bəkir Nəbiyev Seyfulla Əsədullayev, Qulu Xəlilov. Bir gün Qulu Xəlilov dedi ki, sabah Arif müəllimi gətirəcəyəm sizinlə görüşə. Qulu müəllim girmişdi qoltuğuna, gəldi oturdu, biz də beşcə nəfərik. Ona suallar verirdik, çox rahat, təmkinlə, çox yavaş-yavaş cavab verirdi. Düz doxsan dəqiqə bizlə söhbət elədi. Sadəliyi, ədəb-ərkanı, məntiqi doğrudan da mif yaratmağa əsas verirmiş.

İradə Musayeva: - Şirindil müəllim, ədəbiyyatşünaslıqla bağlı kitablarda mətnlərdən çox uzaqdüşmə var. Elə bil nəzəri şeyləri deyirlər, amma bədii mətnə tətbiq eləmirlər, ədəbiyyata tətbiq eləmirlər. Ümumi, havadan asılı nəzəriyyələr çoxdur...

Şirindil Alışanlı: - Yox, bir var ki, mətnin təhlili ilə məşğul olmaq. Siz Mixail Baxtina baxın, görün bir dənə əsərin təhrifi var? Roman haqqında yazıb. Romanın təsnifatını verib, roman vospitaniya, roman ispıtaniya. Sadəcə bu adam teoretik idi. Amma tərpətsəydin, Baxtin bütün dünya ədəbiyyatının romanlarının məzmununu deyərdi.

İradə Musayeva: - Zaman müəllim, siz 90-cı illər nasirlərindən ən çox kimi təqdir eləyirsiniz? Məsəlçün, nələri oxumusunuz?

Zaman Əsgərli: - Mən Elçin Hüseynbəylini oxumuşam, bir romanını da heç başa düşməmişəm, aclıqdan danışır, nədən danışır. Əlabbasın əsərlərini oxumuşam. O birilərdən də Anarı, Elçini.

İradə Musayeva: - Mən 90-cı illərin gəncliyini deyirəm.

Zaman Əsgərli: - Gəncliyi çox oxumamışam. Bir də mən axı tənqidçi deyiləm, ədəbiyyatşünasam. Tənqidçi və ədəbiyyatşünas ayrı-ayrı anlayışlardır. Mən başqa işlə məşğulam, siz başqa.

Elnarə Akimova: - Əslində, mən o fikirlə razıyam, tutaq ki, Zaman müəllim borclu deyil müasir ədəbiyyatı da izləsin. Onun öz sahəsi var, öz sahəsinin mütəxəssisi oldu yetərlidi.

Şirindil Alışanlı: - Orxan Fikrətoğlunun "Vaxt" kitabına mən müqəddimə yazmışam. Siz oxumusunuz o müqəddiməni?

Elnarə Akimova: - Oxumuşam, bəli

Şirindil Alışanlı: - O postmodernist ədəbiyyatın nümunəsidir. Onun qiymətini vermirlər. Onun hekayələri, ssenariləri, dilinin tutumu, leksikonu çox gözəldir. Çox gözəl yazıçıdır Orxan. Orijinal yazıçıdır.

İradə Musayeva: - Ədəbi prosesdən gedir söhbət, canlı, hal-hazırda olan ədəbi proses. Orxanın ehtimal ki 50 yaşı olar, mən lap müasirləri deyirəm. Bax, ədəbi səs gəlir ey, haradan gəlir bu ədəbi səs?

Dilbər Zeynalova: - Bəli, yeni ədəbi-bədii nümənələr yaranır. Sizin dediyiniz kimi, İradə xanım, əgər yeni nəfəs gəlirsə, ədəbiyyatşünaslıq da bu əsərləri adekvat dəyərləndirməlidir.

Şirindil Alışanlı: - Onunla da siz məşğul olun, bizim ona nə səhhətimiz imkan verir, nə də onları oxumağa vaxtımız. İradə xanım, indi mən sizə bir sual verim. Vaqif Səmədoğlunun poetikasına da baxmışam, oxumuşam, yazılarınızı da izləyirəm, öz yerində. Bax, indiki bu ədəbiyyat ki, var ey, ədəbi proses, bunların paradiqması nədir? Bunlar nə amalla yaşayırlar? Yəni ki, hər dövrün bir ictimai paradiqması olub. Məsələn, Fransa burjua inqilabı. Bərabərli, qardaşlıq, dostluq - bununla gəlmişdilər də. Bütün fransız romantiklərinin də tarixə münasibəti onunla olub. İndi paradiqma nədir?

İradə Musayeva: - Şirindil müəllim, keçən dəfə bir söhbət oldu. Yəni sizi sınamaq üçün demirəm. Mənimçün də aydın deyil ki, bax indi bu yazıçı oturub yazır, hansı ideal uğrunda yazır.

Şirindil Alışanlı: - Yox, indi bu kapitalist münasibətləri formalaşıbdır, bazar iqtisadiyyatıdır, ədəbiyyatın özündə həyatın, varlığın özü ilə bağlı heç bir paradiqma yoxdur.

İradə Musayeva: - Olar sualınıza cavab verim?

Şirindil Alışanlı: - Buyurun.

İradə Musayeva: - Deməli, bu gənc yazarlar ki var, bunlara bu dəqiqə səviyyəli, elit dediyimiz ədəbiyyatşünaslıq alimləri, tənqidçiləri, tarixçiləri, nəzəriyyəçiləri, "uşaq" kimi baxırlar. Onların isə çoxunun artıq 35-40 yaşları var. Ağızlarının danışığını bilməyən, əqidəsiz, filan - belə baxırlar. Amma məsələ ondadır ki, biz birinci bilməliyik ki, bu insanlar ki, yetişib, məsəlçün deyirəm, bu insanlar bax, bu müstəqillik dövrü dediyimiz zamanın doğuşudur. Bəlkə biz onlara daha səmimi və inamla yanaşsaq, ədəbiyyat da, ədəbiyyatşünaslıq da nəsə qazanar bu ədəbi ünsiyyətdən... Yəni biz bunlara alim kimi yox, bir insan kimi yaxınlaşaq ki, necə oldu ki, bu insan belə doğuldu? Bu ədəbi nəslin uğursuzluğunun səbəbini aydınlaşdıraq, əgər doğrudan da istedadları bizi qane etmirsə... Bunlarda belə söyüşlə, pornoqrafiya ilə yazmaq tendensiyası hansı təsirdən oldu? Bunlarda klassiklərə və ənənəyə mənfi münasibətin hansı ədəbi-estetik ya ictimai səbəbi var və s. Məsələn, bu ədəbi nəsil niyə C.Məmmədquluzadədə səhv axtarır, niyə məsələn, Şirindil müəllimi, İradəni qəbul eləmir? Bunun, sosial tərəflərini, maddi tərəflərini, psixoloji tərəflərini araşdırmaq maraqlı olmazmı? Ədəbiyyat insanın mənəvi aləmi ilə məşğuldur. Amma biz bu ədəbiyyatı yaratmaq istəyənlərlə mənəvi cəhətdən qohum olmaq istəmirik....

Şirindil Alışanlı: - Həmin o uşaqların taleyi bilirsiniz niyə elədir? Yoxdu da, bu həyatın paradiqması yoxdur...

İradə Musayeva: - Ay sağ olun, onlar "itirilmiş nəsil" taleyini yaşayırlar...

Şirindil Alışanlı: - Rus ədəbiyyatında vəziyyət bizdən də pisdi.

İradə Musayeva: - Əzilmiş insanların da ədəbiyyatı var da...

Şirindil Alışanlı: - Onlar niyə elə yazırlar? Ona görə ki, həyatın gələcəyi haqqında onların paradiqmaları yoxdur.

İradə Musayeva: - Müstəqillik illərində çox istedadlı yazarlar ədəbi prosesə gəliblər. Onları bəzən istehza ilə qarşılayır, həyat, sənət haqqında sərbəst düşüncələrini qəbul etmirlər. Məncə, gəncləri ardıcıl oxumaq, onlara xüsusi diqqət ayırmaq lazımdır.

Şirindil Alışanlı: - Əvvəla, sizin elmi inadkarlığınız, öz mövqeyini cəsarətlə müdafiə etməyiniz mənə gənclik illərimi xatırladır. İndi ədəbiyyatımızın yaradıcılıq problemlərindən danışmağın zamanıdı və "Ədəbiyyat qəzeti" bu baxımdan yaxşı nümunə göstərir.

Elnarə Akimova: - Söhbəti burda da bitirək. Məncə, müasir ədəbiyyatşünaslığımızın tarixi təcrübəsi və müasir durumu ilə bağlı bir çox problemlərə toxuna və aktuallandıra bildik. Toxuna bilmədiklərimiz də qalsın növbəti söhbətlərimizə. O ki, qaldı yeni nəsil ədəbiyyatına - bu gəncliyin problemləri nədir, hansı ziddiyyətlərdən keçib, nə istəyir və s. kimi suallara cavabı elə gənclərin özlərini bura dəvət etməklə aydınlaşdırarıq. Hamınıza təşəkkür və uğurlar!

# 3694 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #