Azər Abdulla: “Vəsiyyət etmişəm ki, öləndə məni toka qoşsunlar”

Azər Abdulla: “Vəsiyyət etmişəm ki, öləndə məni toka qoşsunlar”
19 may 2016
# 09:00

Kulis.az yazıçı Azər Abdulla ilə müsahibəni təqdim edir.

- Azər müəllim, çoxdandı yazmırsız.

- Son vaxtlar “525”-ci qəzetdə bir hekayəm çıxıb. Yəqin onu görməmisiz.

- “Gül yağışı”?

- Yox, “Fizika pilləsi” adlanır. Son vaxtlar düz deyirsən, yazmıram, amma istəyərdim oxuyasız o hekayəmi. “Gül yağışı” çoxdan yazılıb. Özü də mən onu ən yaxşı hekayələrimdən biri hesab edirəm.

- “Gül yağışı” hansı ehtiyacdan yarandı?

- Hər bir adamda fobiya var. Mənim də qorxum öləndən sonra qəbirdə dirilməkdi. Hətta evdə də vəsiyyət eləmişəm, ölümü bir də öldürün. Qorxuram, birdən qəbirdə dirilərəm. Gülməli olmasaydı, bacarsaydılar, deyərdim tapançayla bir də cənazəmə vursunlar.

- “Kontrolnu”?

- Hə, hə. Yəni mən qəbirdə ayılmayım. Hətta bu yaşımda da qorxuram. O hekayəni yazandan sonra bir az yüngülləşsəm də sonra o qorxu yenə peyda oldu. Adam var liftə minməkdən, yaxud hündürlükdən qorxur, mən də qəbirdə dirilməkdən. Mən bu barədə çox eşitmişəm. Birdən təsəvvür edirəm, dar, qaranlıq qəbirdə ayılıram. Belə hadisələri dəfələrlə eşitmişəm, təbabətdə koma halı...

- Nə əcəb həkimə, psixoloqa müraciət etmirsiz?

- Nə bilim. Fobiyamı yox eləyə bilər?

- Hə.

- Cadu-piti kimi psixoloqa da inanmıram.

- Qorxutmaq kimi çıxmasın, Qoqolun belə bir fobiyası olub.

- Bilirəm. Tabutu açıblar ki, cırmaq-cırmaqdır. Ötən yüzilin 60-cı illərində Zəngəzurda yaşadığım vaxt qəzetlər yazırdı, bir erməni qəbirdə dirilib.

- Bəlkə elə o əhvalatdan sonra qorxmağa başlamısız?

- Ola bilər. Gündüz qorxmuram, elə ki gecə düşür, qaranlıq olur... gecənin bir aləmi yuxudan ayılanda qorxmağa başlayıram.

- Hekayədə qəhrəman ayağını qaytanla bağlayır, yatağa uzanıb özünü qəbirdəki kimi aparır.

- Bunları yazanda yoxlamamışam. O ipi də yaman bərk sıxırlar, elə möhkəm ipdir ki. Hər dəfə ölüləri dəfn edəndə dönə-dönə baxıram.

- Adam var dəfnə baxa bilmir.

- Mən yaxınlaşıb qorxa-qorxa baxıram. Qorxu məni özünə çəkir. İlan gülləni özünə çəkən kimi. Hər ölənlə mən də ölürəm.

- Təcrübə toplayırsız.

- Bəli. Qardaşıma demişəm, məzardakı daşların hündürlüyünü, heç olmasa, bir daş artıq qoyun, üç daş olmasın. Bilirəm standart var, amma istəyirəm qəbrim bir az geniş olsun. Üç daşda o yana, bu yana çevrilmək olarmı, olmazmı, bilmirəm.

- Üstünə də “oblisovka” qoyurlar.

- Oy, dəhşətdi. Bu yaxında bizim bir gənc qohumumuz dünyasını dəyişdi. Təsəvvür elə, az qala 30-40 santim beton tökdülər. Bu nəyə lazımdı?

- Qabaqlar taxta qoyurdular.

- Yadımdadı, ağac kəsib pərdi döşəyirdilər. İndi qəbrin üstünə beton örtüklər qoyur, üstünü suvayırlar. Yenə bir-iki saat sonra adam oyansa nəsə eləmək olar, amma bir gün keçdi sement bərkiyir. Adam var öləndən üç gün sonra oyanıb...

- Evdə vəsiyyət eləmisiz?

- Vəsiyyət eləmişəm. Tapançamız, tüfəngimiz yoxdu, lap olsa da kimdi bu vəsiyyətə baxan, ona görə bir ucu vilkalı, bizim dildə vilka necədir, bilmirəm, şunur hazır qoymuşam. Tapşırmışam dəfndən qabaq məni cərəyana qoşsunlar. Edəcəklərmi, buna da arxayın deyiləm.

- Yanınıza nəsə qoysunlar deyə tapşırmısız?

- Qardaşım mənim ciddi məsələmə yumorla yanaşır, deyir, darıxma, qəbrinə bir boru qoyacam, nəfəs yeri. Mobil telefonun da yanında olacaq. Bilmirəm, dindarlar qardaşıma icazə verərlərmi bunları eləsin?

- Şəriətdə icazə olsa?

- Elə sevinərəm! Dualarımda Allaha yalvarıram, mənə verdiyin ömrü bir az da qısalt, təki öləndən sonra dirilməyim.

- Siz yenə də psixoloqa müraciət edin.

- Yox, inanmıram, təsiri olsun, onu uşaq vaxtından yox etmək olar. Məndə bu hiss artıq qartıyıb, elastikliyi itib, düzəlməz.

- Azər müəllim, söhbətə çox ağır başladıq. Gəlin, ədəbiyyata keçək. Yaradıcılığa şeirlə başlamısız.

- Bəli. Özü də mən yaradıcılığa çox gec – 21 yaşımda - başlamışam. Bəlkə də ədəbiyyat tarixində ən gec yazmağa başlayan mənəm. Özü də yaxşı yazammırdım. Uydururdum.

- Çap olunanda münasibət necə idi?

- Sovet dövründə ayrı cür idi, kitabların jurnalların tirajı çox olurdu, hər yerə yayılırdı. O baxımdan tanınırdım. Düzdür, Ramiz Rövşən kimi parlaq dövrüm olmayıb, amma çox adam oxuyurdu. Əkrəm Əylisli “Gənclik” nəşriyyatında işləyəndə bir çap vərəqi həcmində ilk kitabım çıxdı.

- Sonra da nəsrə keçdiniz.

- Yox, ondan sonra üç şeir kitabım çıxdı.

- Bəs nəsrə keçmək ehtiyacı nədən yarandı?

- Bəlkə də şeirdə verə bilmədiyim hissləri nəsrlə çatdırmağa çalışmışam. Bu hal təkcə məndə deyil. Çoxunda belə olub.

- İri həcmli əsərləriniz də var.

- Çap olunmamış üç romanım var.

- “Qəmərlidən keçən qatar” çox məşhurdur. Özü də deyəsən real hadisələr əsasında yazılıb.

- Qardaşım ailəsi və atam qatarla kəndimizə gələndə, oxşar hadisə olmuşdu. Atama sataşmışdılar. Qardaşım əhvalatı mənə danışanda çox pis oldum. Həm də erməniləri bir az tanıyıram, deyə mövzu yad deyildi. O əsərdə həm olanlar, həm də ola bilənlər yazılıb.

- Qərbi Azərbaycanda, ermənilərin içində yaşamısız. Sizin əsərlərdə erməni xofu var. Sanki onlardan təhlükə doğacağı hiss olunur. Həqiqətən o cür idi, insanlar gərginmi yaşayırdılar?

- Əlbəttə o cür idi. Mənim doğulduğum kənddə üç gənci ermənilər öldürmüşdü, üstü açılmadı. Bu hadisə istər-istəməz xof yaradırdı. Ola bilsin kimsə özünü qəhrəman hesab eləsin, amma mənim özümdə dediyin xof olub. Bir şey deyim. Qatara minəndə görəndə ki, məndən başqa hamısı ermənidi, çalışırdım azərbaycanlılığımı gizlədim. Nə qədər ağrılı olsa da beləydi. Az danışırdım və çalışırdım sözləri səlis deyim, türk olduğumu bilməsinlər. Çünki pis baxırdılar.

- Hələ dünyanın düz vaxtı?

- Aha. Demirəm ki, öldürərdilər, ya qatardan atardılar. Elə şey yoxdu. Mən orta məktəbdə oxuyanda yay tətili vaxtı yaylaqda xırman öküzlərini otarırdım. Öküzləri erməni kəndləriylə sərhəd olan örüşlərə aparırdım. Bəzən uzanıb dincələndə yuxu tuturdu, sək-səkə içində mürgüləyirdim, tez-tez diksinir, “ermənilər gəlib məni öldürər” deyə ağlımdan keçirdi. Bax, bu qorxu yadıma gəlir. 18-ci il hadisələrində ayağından güllə yarası almış anam danışdıqlarının təsiri də yaddaşımda qalmışdı.

- Ermənilərə qarşı içinizdə nifrət var?

- Bu dəqiqə necə olmasın axı! Hər gün şəhidlərimiz gəlir. Ermənilərdən də çox onların havadarlarına nifrət edirəm. Amma sənə deyim, ermənilərin arasında yaxşı adamlar da vardı. Yas mərasimlərimizə gəlirdilər, yaz bayramında mütləq gəlib aşımızdan yeməliyidilər.

- Deməli vəfalı ermənilər də çox idi.

- Bəli. Nə qədər acığım tutsa da inanıram ki, onların içində işıqlı adamlar da var. Sadəcə, o işıq, çoxluq olan zülmətin içində itib batır. Elə ermənilər çoxdu. 18-ci ildə axşam gəlib xəbər verən ermənilər olmuşdu ki, gecə kəndi gülləborana tutacaqlar. Amma bu dəfə, 88-ci ildə deyən olmadı.

- Siz onda Bakıda idiz.

- Bəli.

- “Sağalmayan yaralar” adlı publisistik yazılarınızda yazmısız ki, ermənilər kafedə azərbaycanlı görəndə yeməyinə tüpürürdülər, küçədə sataşırdılar.

- Hə, belə hadisələr də olurdu.

- Təqribən neçənci illər idi?

-70- 80-ci illər...

- Nə əcəb bu mövzunu geniş işləmirsiz?

- “Kəpənək bayramı” kitabım başdan-başa bu barədədir. Bundan artıq nə yazım? Yazmışam da.

- Bayaq redaksiyaya gələndə gördüm molbertin qabağında dayanıb rəsm çəkirsiz.

- Uşaq vaxtından çəkməyə həvəsli olmuşam. İlk dəfə Leninin portretini çəkmişdim. Sonralar da “Qobustan” jurnalında işləyəndə rəssamlarla ünsiyyətim olub, onlar barəsində bədii oçerklər yazmışam. Bəlkə şüuraltı onların təsiri olub. Bu il birdən məndə rəsm çəkmək həvəsi yenə yarandı. Ağlıma bir mövzu gəlib, onu heç peşəkar rəssam da çəkə bilməz. Həmin mövzunu çəkmək üçün hələ ki, təcrübə yığıram. Bəlkə də o mövzunu çəkəndən sonra fırçadan əl çəkdim. Gülməlidi, eləmi? Lap rəssam kimi danışıram...

- Düşündüyünüz o mövzunu yazsanız olmazmı?

- O mövzu məhz rəssamlığa aiddir, çox qəribədir. Sözlə onu ifadə eləmək mümkünsüzdü. Alpay bu yaxında bir hekayə yazıb. Deyir, yazanda elə bilirdim, şedevr olacaq, yazıb qurtarandan sonra gördüm adi hekayədi. Əkrəm Əylislinin də bir klassik sözü var: “Sevdiyim bir mövzunu başlayanda, deyirəm qeyri-adi bir şey yazacam, yazını bitirəndə görürəm adi əsər yazmışam.” Yəni bunu əvvəldən heç vaxt bilmək olmur. Mən nəzərimdə tutduğum bu rəsm barədə düşünürəm, qeyri-adi bir əsər olacaq. Sağlıq olsun.

- Alpay demişkən, onun hekayələrini oxuyursuz, necə yazır?

- Alpay indiki səviyyədə qalmamalıdır. Ondan daha yaxşı yazılar gözləyirəm. Alpayda qəribə xüsusiyyət var, elə mövzuları yazır, elə incə məqamlara toxunur, görürəm mən onu yaza bilmərəm.

- Alpay deyirdi, dilini bir o qədər bəyənmirsiz.

- Dili əvvəl lap pis idi, getdikcə düzəldir.

- Siz də dilə çox həssas yanaşırsız.

- Mən heç öz dilimdən razı deyiləm.

- Yazandan sonra mətndə çox düzəlişlər edirsiz?

- Çox redaktə edirəm. Əsərlərimi bir dəfəyə, iki dəfəyə yazmadığım üçün mən özümü peşəkar yazıçı saymıram.

- Siz də 60-cılar nəsli hesab olunursuz.

- Mən yaş etibarı ilə 60-cılar nəsliyəm. Əslində onlardan sonra çap olunmağa başlamışam. O vaxt o qədər tanınmırdım.

- 60-cıların sırasındakı yeriniz haradır, özünüzü harda görürsüz?

- Nə bilim, vallah. Elə öz yerimdə görürəm. Deyirlər bir-iki yaxşı yazın var. Yerindən duran “Qəmərlidən keçən qatar” hekayəsindən danışır. Mənim özümün xoşuma gələn “Söz havası” hekayəmdi. Rəhmətlik Mehdi Bəyazidə həsr olunub. Sözün, yazının qəribə bir sirri var. Bir əsər ədəbiyyat aləmində avtoritet sayılan birinin ağzından çıxır, sonra hamı başlayır həmin əsəri oxumağa-tərifləməyə, digər əsərlərin unudulur.

- Olur. Amma yazıçılarda da belə xüsusiyyət var. Qəsdən özünün zəif əsərini tərifləyir ki, ona da maraq olsun. Markes “Yüz ilin tənhalığı” qala-qala hər yerdə “Patriarxın payızı”nı özünün ən yaxşı əsri hesab edirdi.

- Nə bilim. Mən “Söz havası” hekayəmi daha çox bəyənirəm. Orda elə cümlələr var, nəsr, dil, struktur, bədiilik baxımından mənim üçün başqa yazılarımdan seçilir.

- Azər müəllim, indi üzərində işlədiyiniz, yarımçıq əsəriniz varmı, yoxsa rəssamlıq sizi yazıçılıqdan uzaqlaşdırıb?

- Birincisi, gəl rəssamlıq deməyək, yaxşı səslənməz. Hobbi deyək, rəssamları yamsılamaq deyək. Axı mənim rəssamlığın heç əlifbasından xəbərim yoxdu. İkincisi, yazıyla bağlı ağlımda bir mövzu var. Bu mövzu sən yaşda ağlıma gəlsəydi, yazardım, bundan sonra dediyim o mövzunu yazmağa nə gücüm, enerjim çatar, nə də ömrüm.

- Niyə?

- Gələrsən mənim yaşıma, onda bilərsən. Adicə sonuncu hekayəmi çox çətinliklə yazdım.

- Bura “Oğuz eli” qəzetinin redaksiyasıdır, eləmi?

- Bəli.

- Hər gün gəlib-gedirsiz işə?

- Bəli.

- Amma qəzet gec-gec çıxır deyəsən.

- Maliyyə çətinliyimiz var. Qabaqlar ildə beş-altı, bəzən səkkiz nömrə buraxırdıq. Bu il Mövlanəyə bir nömrə həsr etmişik. Hələ maliyyə tapa bilmirik. Dini İşlər Üzrə Komitədən nəşrinə söz veriblər, görək də...

- O xüsusi buraxılışları görmüşəm. Nazım Hikmətə həsr olunmuş nömrə məndə var.

- Hə. İndiyə qədər 80-ə yaxın xüsusi buraxılışımız olub.

- Sonuncu buraxılış kimə həsr olunmuşdu?

- Anara. Onu da qeyd edim, buraxılışların çoxunu Anar bəy, AYB maliyyələşdirib.

- İndi maliyyələşdirmir?

- İndi bir az çətindi.

- İşləmirlər?

- Yox elə deyil. Anar bəy haqqında o cür demək haqsızlıq olardı. Mən Anar bəylə 20 il bir yerdə işləmişəm. Sən mənim yerimdə olsaydın, Anarla 20 il bir yerdə işləsəydin, onu olduğu kimi tanısaydın, ömründə qıyıb ona toxunan söz deməzdin. Siz gənclərin bəziləri Anarı yaxından tanımırsız.

- Anarı özünüzə dost hesab edirsiz?

- Dostluq etməsək də Anar bəy mənim üçün doğma və son dərəcə dəyərli şəxsiyyətdir. Bu, Anar bəyə yarınmaq deyil. Onunla mübahisələrimiz, fikir ayrılıqlarımız da olub. Yazılarımın birində belə bir cümlə var: “Anarın yanına hər zaman qayıtmaq olar.” Ola bilsin sən tərəfdən Anar başqa cür görünür, amma mənim görüş bucağımdan tamam başqa cürdür. Anarın geniş bədii yaradıcılığı bir yana, yazdığı “Nəsrin fəzası”, yaxud təəssüf ki, adını unutduğum musiqiyə aid samballı bir məqaləsi var, bax, o səviyyədə, o genişlikdə hansı tənqidçi-ədəbiyyatşünas, yaxud sənətşünas yaza bilib? Bəzən Anarın, Elçinin uğurlarını bir başa xalq yazıçıları olan atalarıyla bağlayırlar. Müəyyən mənada o ataların sözsüz, övladlarına təsiri olub. Axı Rəsul Rza, İlyas Əfəndiyevdən başqa nə qədər xalq yazıçıları, şairlər olub. Hanı bəs onların övladları?

- Azər müəllim, birdən Alpay AYB-yə qarşı çıxıb cavanlara qoşulsaydı, nə edərdiz?

- Ürəyimcə olmazdı. Hamıda nöqsan ola bilər. İnsanın doxsan doqquz yaxşı işinə, əməlinə göz yumub bir nöqsanından danışmaq ədalətsizlikdi...

# 1779 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #