Sevgililər Günü özünü asan neftçalalı məktəbli - HƏYAT HEKAYƏSİ

Sevgililər Günü özünü asan neftçalalı məktəbli - HƏYAT HEKAYƏSİ
27 fevral 2013
# 08:45

Proloq

Doqquzuncu siniflərdə riyaziyyat dərsi idi. Müəllim lövhədə yeni dərsi danışır, şagirdlər diqqətlə dinləyirdilər. Qabaq cərgədə oturmuş Q. isə boynunu azca büküb pəncərədən çölə baxır, elə bil nəsə axtarırdı. Bayaqdan qələmlə ovcunun içinə yazdığı düsturun üstünü qaralayırdı. Yox, bu riyazi düstur deyildi. Sadə bir düsturdu. Həyat düsturu. Q.nın gələcək həyatını müəyyənləşdirəcək bir düstur.

Artıq gec idi, əlinə cızdığı düsturun üstünü nə qədər qaralasa da artıq gecdi, heç nə geri qayıdan deyildi. Bir vaxtlar intihar etmiş atasını itirdiyi kimi artıq o da qayıtmayacaqdı. Bundan belə əlinin içinə “S+Q=M” yazmağın faydası yoxdu.

S+Q=M

Məşğələdən çıxanda qızlardan kimsə dedi ki, Səfadət məktəbin tinində səni gözləyir. Hava hələ qaralmamışdı. Adətən axşam vaxtı məşğələdən çıxanda məktəbdə xadimə işləyən anası qabağına çıxırdı. Atasını faciəvi şəkildə itirəndən sonra qızından ötrü yaman narahat idi. Q. nın atası bir neçə il əvvəl qarışıq bir hadisə üstündə özünü tüfənglə vurmuşdu.

Q. məşğələ yoldaşlarından ayrılıb Səfadətə sarı gəldi. Dünəndən küsülü idilər, danışmırdılar. Ürəyindən barışmaq keçsə də dünənki incikliyi hələ keçməmişdi.

Səfadətlə Q. bir yerdə oxuyurdular. Bir ay olardı ki, Səfadət çoxdandı qəlbində gizlətdiyi sirrini açmışdı Q.ya. Ona sevdiyini demişdi. Bütün qızlar kimi Q. da əvvəlcə naz eləmişdi, utanmışdı, ürkək-ürkək baxmışdı Səfadətin gözlərinə. Sonra o da həmin sehrli sözü demişdi Səfadətə: “Mən də səni sevirəm.”

Hər şey beləcə başlamışdı. Bütün sinif, hətta məktəbdə də bilirdilər ki, Səfadətlə Q. bir-birini sevirlər. Dərsdə bir yerdə otururdular. Tez-tez bir-birlərinin dəftərinə sevgilərinin formulunu yazırdılar: “S+Q=M”

Dərsdə boş dəqiqələr yaranan kimi bir-birlərinə məhəbbətlərindən danışır, uzaq gələcəyə tuşlanmış planlar qurur, şirin xəyallara dalırdılar. Bu xəyallarda nələr yoxdu; kəndin yaddaşından uzun müddət silinməyəcək möhtəşəm bir toy, xoşbəxt ailə həyatı, adlarını da müəyyənləşdirdikləri mələk-mələk körpələr...

Sinif yoldaşları, digər şagirdlər də bu cütlükdən danışırdılar. Büruzə vermək istəməsələr belə yanaşı gedəndə o dəqiqə sevgili olduqları bilinirdi.

Küsülü olduqları da o dəqiqə faş olurdu. Həmin günlər nə Səfadətin kefi yerində olurdu, nə də Q.nın. Bir-birlərini danışdırmasalar da tez-tez baxışları toqquşar, sevgililərdən biri qarşı cinsdən olan sinif yoldaşı ilə danışan kimi o biri hirslənib özündən çıxar, pörtərdi.

Elə davaları da bundan qaynaqlanardı. Səfadət Q.nın oğlanlarla danışmasını götürmürdü. Heç Q. da ondan geri qalmırdı. Buna görə də Səfadət qızlarla demək olar ki, heç danışmazdı. Bunun qarşılığında o da Q. nın qarşısında öz tələblərini qoymuşdu: geyiminə fikir ver, dizdən yuxarı yubka geymə, yaxan açıq qalmasın, oğlanlarla danışma.

Sevgiylə, xoş sözlərlə, küsmələrlə, barışmalarla dolu günləri bir-birinə calayaraq bir ayı başa vurmuşdular. Hələ ad günlərinə çox vardı. Amma ilk əlamətdar günləri - 14 fevral sevgililər günü qapıdaydı. Bir-birlərinə hədiyyə hazırlamışdılar.

Q. həyəcanla Səfadətin hədiyyəsini gözləyirdi. O artıq hədiyyəsini almışdı. Sevgilərinin əbədiliyinin simvolu olan qol saatı verəcəkdi Səfadətə. Səfadət isə hələ sevgililər günü üçün nə alacağını dəqiqləşdirə bilməmişdi.

Pulu yox idi. Atasından istəməyə utanırdı. Atasının aylıq gəliri ailəyə güclə çatırdı. Qardaşından istəsəydi də faydası olmayacaqdı. Qardaşı siqaret pulunu güclə düzəldirdi. Anası isə qız üçün hədiyə alacağını bilsəydi hirslənib özündən çıxacaqdı: “Sənin qız istəyən yaşın deyil, dərslərinə fikir ver”.

Özündə olan pula isə bahalı, ürəyincə olan hədiyyə ala bilməyəcəkdi. Amma olsun. Dərsdən sonra bütün günü rayon mərkəzinə uzanan şose yolun sağ-solunda düzülüb gedən mağazaları gəzib-dolaşdı. Sevgililər günü ilə əlaqədar xeyli hədiyyə, suvenirlər gəlmişdi, nə olsun, di gəl ki, ya pulu yetmirdi, ya da bəyənmirdi.

Axırda bir yerdə bijuteriya sırğalar tapa bildi. Satıcı qadından utana-utana o sırğaları istədi. Qızıl suyuna çəkilmiş dəmir sırğalardı. Utana-utana manatlığı satıcı qadına uzatdı. Guya satıcı qadın hədiyyəni sevgilisi üçün aldığını bilmirdimi?

Səhər alaqaranlıqda hələ evdəkilər yatmışkən həyətə düşüb bağçanın qabağında təkəmseyrək çiçəkləmiş nərgiz güllərindən kiçik bir dəstə bağladı. Evdən çıxanda dəstəni gödəkcənin qoltuğunda gizlətdi, məktəbə qədər o cür gəldi.

Q. da dərsə tez gəlmişdi. Sinif otağında tək idi. Səfadət fürsət bilib Q.ya yaxınlaşdı. Dilləri təkcə “təbrik edirəm” deyə bilsə də baxışları dərin ehtiraslı məhəbbətdən xəbər verirdi. Səfadət gül dəstəsini Q.ya uzatdı və qızın uzatdığı balaca qutunu aldı. Sonra cibindən sırğaları çıxartdı. Sırğalar cığaranın içində işıldayırdı.

Sinif yavaş-yavaş doqquzunculara dolurdu. Günün mövzusu sevgililər günü idi. Hələ dərs başlamışdı. Sevgililərlə yanaşı zarafatla özlərini sevgili adlandıranlar da bir-birini təbrik edir, verilmiş hədiyyələri müzakirə edirdilər.

Bir azdan sinfə pıçapıç düşdü. Q.nın sırğalarına baxan rəfiqələri gülüşdülər. Oğlanlar da bu lağlağıya qoşulmuşdu. Uşaqlar Səfadətin ucuz hədiyyələrinə gülürdülər. Səfadət rəng alıb rəng verirdi. Q. da kövrəlmişdi. Daha sinifdə dayana bilmədi. Dəhlizə qaçıb ağlamağa başladı. Səfadət də dalıyca qaçdı. Q.nı sakitləşdirməyə çalışsa da bilmirdi nə desin, məlul-məlul sulu gözlərinə baxırdı.

Q. bircə bunu deyə bildi: “Biabır elədin məni”. Cibindən sırğaları çıxarıb Səfadətə uzatdı.

- Pulum çatmadı - Səfadət dedi.

- Çatmadısa heç nə almazdın. Bununla məni də, özünü də biabır etməzdin. Məni danışdırma.

Q. sırğaları pəncərə altlığının üstünə qoyub sinfə qaçdı.

Qızlar Q.nın kefsiz olduğunu görüb daha sırğa söhbətinin üstünü vurmadılar. Oğlanlar isə şıltaqlıqlarından qalmır, elə hey Səfadəti ələ salırdılar.

***

Dünən olanlardan sonra Səfadəti danışdırmamışdı. Bütün gün qaşqabaqlı oturmuşdu dərsdə. Səfadət də özündə deyildi. Arada baxışları toqquşurdu. Bu ani toqquşmada, Səfadət bütün ürəyindəkiləri ona ötürmək, bağışlanmaq istəyirdi.

Q. məşğələ yoldaşlarından ayrılıb Səfadətin yanına gəldi. Səfadətin halı özündə deyildi. Q. da sanki qəsdən özünü soyuq aparır, Səfadəti dindirmək istəmirdi. Səfadət yenə xahiş elədi ki, bağışlasın. Amma Q.nın qəlbi incimişdi, özünə gələ bilmirdi. Uşaqların olanları unutması üçün gərək bir az vaxt keçəydi. Sağollaşanda Səfadətin son cümləsi bu oldu: “Sənə çəkdirdiyim əzabları canımla qaytaracam”.

Q. sevgilisindən eşitdiyi vida cümləsinin əsl mənasını sabah anlayacaqdı.

Səfadət evə çatanda hava artıq qaralmışdı. Anasına sarılıb yanağından öpdü. Anası da onun bu nəvazişində qeyri-adi bir şey görmürdü. Sonra dama getdi. Damın divarlarına keçirilmiş ot presinin kəndirlərindən bir neçəsini götürüb uc-uca düyünlədi. Sonra kəndirin bir tərəfinə ilgək atıb boğazına keçirdi.

Kəndirin bir ucunu damın dəmir pərdisinin üzərindən keçirib ayağına bağladı. Damın kiçik nəfəsliyindən son dəfə bayıra boylandı. Hava qaralsa da gözünü nəfəslikdən görünən dünyadan çəkə bilmir, balaca nəfəslikdən süzülən səslərdən qulağını ayıra bilmirdi. Bir daha ayağının altına baxdı. O biri ayağı ilə altına qoyduğu pres tayını itələdi. Qaranlıq damı kəsik-kəsik xırıltı bürüdü.

Atası heyvanları yemləmək üçün ot damına girəndə qapıdan düşən ölgün işığın altında qövsvarı forma almış soyuq cəsəd sallanırdı.

Epiloq

Üstünə təzə qazılmış torpaq tökülən qəbirə qərənfillər düzülmüşdü. Ön tərəfə başı rombvarı kəsilmiş taxta bərkidilmişdi. Qəbrin ətrafında bir dəstə məktəbli yığılmışdı. Bu fikir onların hansından gəlmişdi, məlum deyil, amma əlüstü hamısı razılıq vermişdilər.

Səfadətin qəbrini ziyarətə gəlmişdilər. Ondan bağışlanmalarını istəyirdilər. Sadəlövh, hələ həyatda hiylənin, zalımlığın, pisliyin əsl dadını almamış bu yeniyetmələr etdikləri kobud bir zarafata görə sinif yoldaşlarından bağışlanmağı xahiş edirdilər.

Qızların hıçqırıqları oğlanların boğuq, kəsik-kəsik nitqlərinə qarışmışdı.

Q. da qızların arasında idi. Ağlamırdı. Bu neçə günü o qədər ağlamışdı ki, daha gözlərindən yaş da gəlmirdi.

Bu barədə isə sinif qızları mütləq qeybət edəcəkdilər, mütləq: “Hüzrdə Q.nın gözündən bir qətrə də yaş çıxmadı”.

# 7499 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #