Məşhur yazar: Kitab oxumaq əvəzinə futbol matçlarına baxıram”

Məşhur yazar: Kitab oxumaq əvəzinə futbol matçlarına baxıram”
7 iyun 2014
# 07:30

Herman Kox Avropanın ən çox oxunan on yazarından biri sayılır. Qısa vaxtda iyirmidən çox dilə çevrilən "Şam yeməyi" romanı ona dünya şöhrəti gətirib. Yazarla rus ədəbiyyatı, adıçəkilən romanın ekranlaşdırılması və övladların tərbiyəsi barədə rus jurnalistin söhbətini oxuculara təqdim edirik.

"Şam yeməyi"

- "Nobody knows my past" (ingiliscə – "Mənim keçmişimi heç kimsə bilmir") deyimi sizə aiddir. Bu - tam həqiqətdir, çünki haqqınızda çox az bilgi var.

- Orta məktəbi bitirəndən sonra mən düz üç ay rus dilini öyrənməyə girişdim, çünki rus ədəbiyyatının pərəstişkarıyam. Ancaq həmin dövr bitəndə özümü təkrar məktəb partası arxasına dönən biri kimi hiss elədim və başa düşdüm ki, kitabları oxuyub-anlamam üçün bu dili ayrıca öyrənməmə gərək yoxdur. O vaxtdan bəri hər hansı təhsil almadım. Uzun müddət işlədim və səyahətlərə çıxdım. Əvvəlcə radioda, daha sonra televiziyada çalışdım və orada "Jiskefet" adlı çox populyar yumoristik şounun yaradıcılarından biri oldum (YouTube-a girib, baxa bilərsiniz). Ancaq mən daha çox yazıçı olmağı arzulayırdım. İlk hekayəm 1982-ci, ilk kitabım isə 1985-ci ildə çap olundu.

- Müsahibələrinizdən birində demisiniz ki, 1985-ci ildə nəşr olunan ilk romanınız sonuncu romandan keyfiyyətcə əsla fərqlənmir. Sizcə, "Şam yeməyi"nin hansı cəhətinə görə siz dünya şöhrəti qazana bildiniz?

- Məncə, bunun səbəbi - başqa insanların (bu kontekstdə – övladlarımızın) şəxsi həyatlarının axarından tamamilə xəbərsizliyimizdir. Başqaları barədə çox şey öyrənməyə can atsaq da, onların həyatına müdaxilə etmədən buna əsla nail ola bilmirik.

- "Şam yeməyi" romanınızın əsasında yeniyetmələrin səfil bir qadını ələ salma faktı dayanır. Bu cür hallara Hollandiyada tez-tezmi rastlanır? Onlara qarşı hökumət hansı tədbirləri görür?

- Bənzər hallar vaxtaşırı baş vermir, ancaq qalmaqal doğuran bir neçə olay bütün topluma bəllidir. Bunun bir səbəbi isə yeni tendensiya ilə bağlıdır: öz hərəkətlərinizi smartfonla çəkib, YouTube-a yerləşdirirsiniz ki, sonradan onunla öyünə, qürrələnə biləsiniz. Belə videoların əksəriyyəti məzəli və zərərsizdir, halbuki bəziləri çox amansızdır. Hökumətin bu problemin həlliylə bağlı hansısa çözüm tapdığını da düşünmürəm.

- Bu cür hallara Rusiyada da rast gəlinir və hamı onlara göz yummağa üstünlük verir. Belə provokativ mövzuda kitab çap etdirərkən hər hansı şübhələrə qapıldınızmı?

- Yox, məncə, bu, mənim bir yazıçı kimi yararlanmalı olduğum fürsət idi. Yaxşı romanların əksəriyyəti ya müharibə, ya da qəddarlıq barədədir. Sözügedən mövzunu işləyərkən mən bu tip adamların qəddarlıq sərgiləyərkən nəyi əsas götürdüklərini anlamaq istəmişdim.

- Qələminizdən çıxan kitab uşaqların tərbiyəsi məsələsinə həsr olunub və siz özünüz də atasınız. Sizcə, uşaqlara doğru tərbiyə necə verilməlidir?

- Elə özüm də bunu öyrənmək istəyərdim… Düzünü desəm, mən qayğıkeş ata olmağa çalışıram, ancaq bununla yanaşı, övladıma bəlli bir çərçivədə nəzarət etməkdən, onunla bağlı bəzən qapıldığım şübhələri, bəzən isə yanılğılarımı da səmimi etiraf edirəm. Öz övladınıza "sadiq dost" olmağa əsla cəhd etməyin! Özünüzü normal ata-ana kimi aparmaqla siz balalarınıza daha gözəl örnək verə bilərsiniz.

- Hollivudda "Şam yeməyi" adlı çəkiləcək filmin rejissoru Keyt Blanşetdir. Filmin hazırlıqlarına qatılırsınızmı? Əsas rolları kimlərin canlandıracağı bəllidirmi?

- Yox, mən o işlərə əsla qatılmıram. Mən sadəcə ilk göstərimdə iştirak edəcəyəm. Əgər film "Oscar" qazanarsa və mənim iştirakım vacib sayılarsa, təqdimat mərasiminə qatılacağam. Hazırda ssenari üzərində iş gedir və mən hansı rolun kimə tapşırılacağına dair hər hansı bilgi sahibi deyiləm.

- Qəhrəmanınız Paul ilə ortaq cəhətləriniz varmı?

- Hə, bu, Paulun "restoran tipli yerlərə" və hədsiz siyasi korrektəliyə bəslədiyi nifrət mənə də xasdır.

Rus və Holland ədəbiyyatı

- Herman, dekabr ayında siz Moskvada keçirilən "Non-fiction-2013" kitab yarmarkasına qatılmışdınız. Rusiya təəssüratınızı, rusiyalı pərəştişkarlarınızın sizə və yaradıcılığınıza bəslədikləri marağı necə dəyərləndirirsiniz?

- Rusların çox qiraət etdiklərini əvvəldən bilirdim. Bu – sizdə ciddi alqılanan bir işdir. Orada görüşüb, söhbətləşdiyim insanlar da bunu bir daha isbatladılar. Biz təkcə mənim yazdıqlarım barədə deyil, ümumilikdə kitablar barədə fikirlərimizi qarşılıqlı paylaşdıq. Onu da öyrəndim ki, son 10-15 il ərzində kitab satışlarının həcmi sizdə də nəzərəçarpacaq dərəcədə azalıb.

- Rus ədəbiyyatına bələdsinizmi? Hansı müəllifləri tanıyırsınız və ya oxumusunuz? Bu arada bizi daha çox çağdaş ədəbiyyatımızla bağlı fikirləriniz maraqlandırır.

- Mən əsasən XIX yüzil rus ədəbiyyatını – Turgenevi, Çexovu, Tolstoyu və Dostoyevskini oxumuşam. Bunların çoxunu iyirmi yaşıma qədər mütaliə etmişəm. Təəssüf ki, çağdaş rus ədəbiyyatı barədə bilgilərim xeyli məhduddur.

- Bəs sevimli yazarlarınız kimlərdir?

- Elis Munro, Mişel Uelbek, Deniel Kelman.

- Hollandiyada hansı ədəbiyyata, hansı müəlliflərə və hansı mövzularda ədəbiyyata üstünlük verilir? Məsələn, "Bozun əlli çaları" kimi romanlar ölkənizdə nə dərəcədə populyardır?

- Yəqin ki, "Bozun əlli çaları" bizdə də elə hər yerdə olduğu qədər populyardır. Trillerlərə böyük maraq bəslənir, bir də trillerlə ciddi ədəbiyyat arasındakı əsərlərə.

Yazar olmaq nə deməkdir?

- Yazarlıq sənəti sizin əsas məşğuliyyətinizdir, yoxsa daha çox hobbidir? Hollandiyada kitab yazaraq pul qazanmaq nə dərəcədə realdır?

- Son on ildə yazarlıq mənim əsas məşğuliyyətimə çevrilib. Bəxtim onda gətirib ki, mən kitablar yazmaqla öz dolanışığımı təmin edə bilirəm, ancaq ölkəmizdə bununla öyünə biləcək yazarların sayı hədsiz azdır.

- İlk kitabınızı yazarkən bir şüşə viskinin sizə yardım etdiyini bildiribsiniz. İlhama gəlməkdən ötrü daha hansı üsullara əl atırsınız?

- Hazırda mən hər şeyi tam əksinə edirəm: yazıdan öncəki gecə ya az içir, ya da heç içmirəm. Gündəlik səhifə yarımlıq mətnimi yazandan sonra isə ya qaçmağa yollanır, ya da xanımım və dostlarımla yemək süfrəsinə otururam ki, az əvvəl yazdıqlarımı sabahkı günə qədər tamam-kamal unudum getsin.

- Eşitdiyimə görə, 2014-cü ilin sonuna qədər daha üç kitabınızı çapa hazırlayırsınız. Onlar nədən bəhs edəcəklər?

- "Bryus Kennedi barədə düşünərkən" adlı kitabımın qəhrəmanı - rejissorluqla pul qazana bilməyən əriylə darıxdırıcı bir həyat sürən qadındır. Bu qadın İspaniyada olarkən Cek Nikolsona bənzəyən və özündən yaşlı bir amerikan aktyor ilə eşq macərası yaşayıb.

"Odessa Star" adlı kitabım yeniyetmə oğlunun gözündə yüksəlməyi uman və sırf bundan ötrü bir qanqsterlə dostluq münasibətləri quran ata haqdadır.

"Save us, Maria Montanelli" isə dərslərini zəif oxuyan sinif yoldaşının ölümündə şübhəlilərdən biri sayıldığı üçün məktəbdə əsl qiyam qaldıran on yeddi yaşlı oğlandan söz açır.

Elektron kitablar və piratlıq

- Piratlığa münasibətiniz necədir?

- Piratlıqdan siz deyən qorxu-hürküm yoxdur. Əgər kimsə kitabın pulsuz versiyasını bilgisayarına endirirsə, belələrinin əksəriyyəti həmin əsərin leqal (qanuni) versiyasını pulla almaz. Ancaq, ola bilsin, gələn səfər onlar hansısa kitabı satın almaq fikrinə də düşəcəklər. Bəlkə də mən bu barədə çox nikbin biriyəm.

- Sizin vətəninizdə piratlığa qarşı qanunlar varmı və onlara nə dərəcədə riayət olunur?

- Əlbəttə ki, piratlıq – qanuna zidd hərəkətdir, ancaq onun öhdəsindən heç kim gələ bilmir. Düşünürəm ki, çıxış yolu – ABŞ-dakı kimi, elektron kitabları daha da ucuzlaşdırmaqdır. Bu sayədə kitabların pulsuz «endirilməsinə» qarşı ciddi bir arqument ortaya atılmış olar.

- Hollandiyada elektron kitablara necə yanaşırlar? Özünüz heç elektron kitab oxuyursunuzmu?

- ABŞ ilə müqayisədə bizdə elektron kitablar sən deyən rəğbət görmür, çünki ABŞ daha iri ölkə olsa da, hər kvadratkilometrə düşən kitab mağazalarının sayı bizdəkindən azdır. Bizdə satılan kitabların yalnız 3 faizi elektron versiyaların payına düşür. Kağız variantını tapmam çətinləşəndə mən hansısa kitabın elektron versiyasını oxuyuram. Ancaq adətən həqiqi, kağız kitaba üstünlük tanıyıram və onu özümlə daşımam nisbətən rahatdır. İlk dəfə öz aypədimi təyyarədə itirəndə anladım ki, kitabla müqayisədə aypədi itirmək adama daha çox yer eləyir.

Blits-sorğu

Mənim həyat fəlsəfəm…

bu gün görə biləcəyim işi sabaha ertələməkdir.

Yaxşı yazıçı olmaqdan ötrü

hər gün və ən azından bir neçə cümlə yazmaq gərəkdir.

Sevdiyim ölkə…

İspaniyadır.

Məncə, uğurlarımın səbəbi…

onlara çatmaq üçün özümü lazım olduğundan daha az gərməm olub.

Elə kitablar oxumaq vacibdir ki…

Bu, çox da vacib şərt sayılmaz, çünki bəzi günlər mən kitab oxumaq əvəzinə, futbol matçlarını izləyirəm. Bax, bu işi mən "vacib" sayardım.

# 4356 dəfə oxunub

Oxşar xəbərlər

Han Kanq:  "Onlar qurbana çevrilməmək üçün ölümü seçmişdilər" - Müsahibə

Han Kanq: "Onlar qurbana çevrilməmək üçün ölümü seçmişdilər" - Müsahibə

12:00 11 oktyabr 2024
"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi

"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi

12:00 10 oktyabr 2024
Yolun yarısı keçildi! - 10 möhtəşəm cild haqqında

Yolun yarısı keçildi! - 10 möhtəşəm cild haqqında

17:00 9 oktyabr 2024
Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar

15:00 4 oktyabr 2024
Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

09:00 2 oktyabr 2024
Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

14:30 1 oktyabr 2024
# # #