Musa Yaqubun qızı: “Atam mənim göz qələmimlə şeir yazmışdı”

Musa Yaqubun qızı: “Atam mənim göz qələmimlə şeir yazmışdı”
7 noyabr 2013
# 13:00

- Yaqut xanım, ananız nə vaxt rəhmətə getdi? Onun ölümü Musa Yaqubun şeirlərinə çox əzici bir kədər gətirib...

- Yanvarda üç ili olacaq. Cavan getdi anam. Mənim anam bir başqa idi. Anamız öləndən sonra bizdə çox böyük ruh düşkünlüyü yarandı. Anam gedəndən sonra atamın səsində bir kədər qırıldı qaldı. Özü demiş açarı da tərsinə buruldu qaldı. O vaxtlar atamın yanğıyla oxuduğu “Süsən sünbül, itirmişəm, Mən yarımı itirmişəm” mahnısının sədalarını heç vaxt unutmayacağam. O, yarını itirdi, biz anamızı, Zöhrəmizi-dan ulduzumuzu itirdik. Ömrümüzün işığını itirdik…Mən ömrümdə atamı ümidsiz görməmişəm. Onun bütün şeirlərində ümidsizliyin içində də bir ümid, bir işıq var. Elə bil ki, axır vaxtlar o işığı görə bilmirəm deyə özüm də pis oluram.

Evimizin qonaq-qarasız günü olmayıb. Bəlkə də sənət adamlarının 90 faizi bizim evdə olub. Çox axarlı-baxarlı evimiz olub. Anam işıq idi. Bəzən gecə dörddə də atamın dostları qapımızı döyüblər. Anam deyirdi ki, Musanın işığı gecə də yanmalıdı. Beş dəqiqəyə elə süfrələr açırdı ki... Anamın bişirdiyi o qutabların, xəngəlin, döşəməli aşın dadı hələ də damağımızdadı.

- Heç vaxt şikayət eləmirdi?

Bir neçə gün bundan qabaq anamın doğum günü idi. Anamla bağlı ürək sözlərimi yazmışdım, “525-ci qəzet”də çap olundu. Orda da demişəm, adi bir adam evimizə gəlir, əl-ayağa düşürük ki, necə olacaq, nə təşkil edim? Anam isə bir günə 30-40 adam yola salırdı. Mən bunları deməkdən çəkinmirəm. Hamı bilir. Bununla belə onun üzündə nə bir narazılıq gördüm, nə də dilindən bir giley eşitdim. Belə qadın idi mənim anam, ərinin, övladlarının yolunda özünü şam kimi əridən anam.

Anamın xəstə olduğunu öyrənəndən sonra bizə gəlmişdilər. Anam, atam oturmuşduq. Dedim, ay Zöhrə, - anamı adı ilə çağırırdım - əgər bilsəydin ki, bu fədakarlıqların səni belə yoracaq, zəif salacaq, bu ağrıları yaşayacaqsan yenə o taleyi yaşayardın? Anam heç ağzını açmamış atam qayıtdı ki, bala, yaşayardı. Sonra da anam çox kədərli bir təbəssümlə başını yellədi, yəni atamın dediyini təsdiqlədi. Çünki xisləti bu idi. Mələk kimi qadın idi mənim anam.

İnstitutda oxuyanda tez-tez belə söz eşidirdim; artistlik eləmə. Ailə həyatı qurdum, yenə bu sözü eşitdim. Fikirləşirdim ki, nəyə görə mənə bu sözü deyirlər. Musa adlı qonşumuz vardı, bir dəfə dedi ki, səni pis tərbiyə ediblər.

Əslində o fikrini düzgün ifadə edə bilmədi. Soruşdum niyə? Mənə dedi ki, bilirsən, səni elə tərbiyə ediblər ki, sən bu həyatla bacara bilməyəcəksən. İndi-indi onun o sözlərinin mənasını başa düşürəm. Çünki biz pisliyin, riakarlığın, giley-güzarın nə olduğunu bilməmişik.

Evimizdə o qədər gözəl aura olub ki, atam da işıqlı olub, anam da. Hələ mən həyatımda bu yaşıma qədər onların dilindən kiminsə haqqında iynə ucu boyda pis söz eşitməmişəm. Qeybət nədi, insan dalıyca danışdı nədi? Heç vaxt pisliyi görməyiblər. Heç kəsin sözünü söz etməyiblər. Odur ki, bizə deyiləndə ki, bacara bilməyəcəksiz, bizə qəribə gəlib. Çünki bizə heç bacarmaq da lazım olmayıb. Atamın həmişə bizə nəsihəti o olub ki, bala, xırdalamayın, cəhd edin ucalarda olun. Biz də həmişə xırdalanmamağa çalışmışıq.

- Ailədə neçə uşaq idiz?

- Üç. İki qız, bir oğlan.

- Valideynləriniz necə tanış olmuşdular?

- Anam yetim qız olub, o da anasını elə o xəstəlikdən itirib. Çox dəli qız olub. Ağacları gəzirmiş. Nənəm bəyənib, atamın da könlü istəyib evləniblər. Onlar evlənəndə anamın 16, atamın 27 yaşı vardı. Anam da Buynuz kəndindən idi, qonşu olublar.

Mən hələ onlar qədər bir-birlərinə bağlı həyat yoldaşı görməmişəm. Anamla atam bir bütöv idi. Anam o vəziyyətə düşəndə atam üzümə baxıb dedi ki, bala növrağımız pozuldu. Əslində atamın növrağı anamla bağlı idi. Anam başqa aləm idi:

Mənim dan ulduzum söndü qəfildən,

Söndü, sönməyinə inanmadığım.

Birdən bəxtimin də yuxusu gəldi,

Yatdı, yatmağına inanmadığım.

- Musa Yaquba başqa qadınların münasibəti də birmənalı deyildi. Ananınızın bunlara münasibəti necə idi, qısqanmırdı ki?

- Çox gözəl. Qətiyyən qısqanmırdı. Anam haqqında yazdığı “Aşkar sözüm” və başqa şeirləri var.

Mən özüm bilirdim ki, atamın elə şeirləri var ki, anama yazılmayıb, misal üçün məşhur “Öyrətmə özünü, öyrətmə belə” şeiri.

- Kimə yazılmışdı?

- Tanrı atama sevən, əzab çəkən bir ürək bəxş edib. Atamın ömründə şeirlərinin bəzilərini həsr etdiyi qadın olub. Amma bu hisslər o qədər duru, həyalı və gözəl yaşanıb ki, bizim ona bulanıq gözlərlə baxmağa ixtiyarımız yox idi. Əgər onun sevgi şeirlərinə huşyar gözü ilə baxsaq çox böyük saflıq, duruluq görəcəyik. Sabir Rüstəmxanlı demiş şeirinə, sözünə Musa Yaqub qədər oxşayan bir şair, bir insan tapmaq çətindir. Bu sevgi şeirləri onun özüdür, onun yaşantılarıdır. Kimə həsr olunur olunsun nə fərqi…Bu saflığa, duruluğa necə hörmətsiz yanaşmaq olar ki…

- Deməli ananız bilsə də susurdu.

- Susmaq deməzdim. Biz ona hörmət edirdik. Atamı sevirdi, nifrət etmirdi ki... Amma sağ olsun o qadın, atama dillər əzbəri olan şedevr şeirlərini yazdırdı.

- Başqa qadınlara da şeir yazıb?

- Atam əsl şair ömrü yaşayıb. Bir gün də olsun evdə tək qaldığını görməmişəm. Bütün gün ətrafında dostları, onu sevən insanlar olub. İmkan verməyiblər ki, o məclissiz olsun. İndinin özündə də belədi. Bir də görürdük ki, evimizin üstündə vertolyot dövrə vurur. Bir ara buna öyrəşmişdilər. Vertolyot gəlirdi. Atamı götürüb aparırdı. Yəni atam məclis adamı olub. Məclis adamı kimi də dostları onu çox seviblər. Atam sözlü-söhbətli, işıqlı insandı, təmiz insandı. Çox gözəl yumor hissi, səsi var. Tez-tez evdə Füzulinin, Xəqaninin, Şirvaninin, Aşıq Abbas Tufarqanlının sözlərini musiqi üstündə oxuyurdu.

- Atanız evə içkili gələndə nə edirdi?

- İçib evə gələndə pul paylayırdı, biz də sevinirdik. Səhər də durub deyirdi ki, sən Allah, pulum yoxdu, pullarımı qaytarın. Amma axır vaxtlar anam bir az narahat olurdu. Atam içəndə onda unutqanlıq yaranırdı və fikrini həmişəki kimi ifadə edə bilmirdi. Bayaq dediyim kimi tez-tez məclislərdə olurdu və bütün məclis onun ətrafına yığılırdı. Bəlkə də eşitmisiniz atam öz şeirlərini çox gözəl oxuyub. Bir az içəndə şeirlərini də yaxşı deyə bilmirdi və bu anamı çox narahat edirdi. Sizin sayt üçün çəkdiyiniz videolara baxdım. Əvvəllər şeirlərini çox həzin oxuyurdu... Amma bir neçə il olar ki, o cür şeir oxumur...

- Yaşı da çoxdu.

- 76 yaşı var, yəqin ki yaşla bağlıdır.

- Sizə kimlər daha çox gəlirdi?

- Sabir Rüstəmxanlı, Fərman Kərimzadə, Nüsrət Kəsəmənli, Qabil...Demək olar ki şairlərin hamısı bizdə olub. Qabili mən çox istəyirəm. Oğlu Mahirlə də bir yerdə oxumuşam.

- Yazıçı-şairlər arasında ailəvi gediş-gəliş necə idi?

- Başqalarını deyə bilmərəm amma bizə gəlib-gedən çox idi. Bizim ev qapısı yaxşı mənada qapısı təpiklə açılan ev idi.

Biz də Çingiz Ələkbərzadəgilə, Sabir Rüstəmxanlıgilə gedirdik. Sizə səmimi bir şey etiraf edim. Heç kəsdə anamın gücü yox idi. Bilirdilər ki, bizə gəlib həm çox gözəl qarşılanacaqlar, həm də çox gözəl yemək yeyəcəklər. Ona görə hamı bizə gələrdi.

Tez-tez Çingiz əmigillə yığışıb harasa gəzməyə gedirdik.Və yol boyu Çingiz əmi ilə atam bizə çox gözəl mahnılar oxuyardılar.Elə darıxmışam o günlər üçün…

- Şeirləri ailəsinə oxuyurdu?

- Birinci mənə oxuyurdu. Mən ona ailədə hamıdan yaxın olmuşam, ruhumuz da yaxındı. Mənim onun şeirlərini oxumağımı çox sevirdi. Bir makinası vardı, şeirlərini orda yığırdım, kitablarının hazırlanmasına kömək edirdim. Gələn məktublarına, arxivinə mən baxırdım.

- Neçə yaşınızdan bilirdiz ki, atanız şairdir?

- Yeddi-səkkizinci sinifdə oxuyanda artıq bilirdim ki, atam çox gözəl şairdir. Yadımdadı, bir dəfə bacım pianoda çalırdı, mən də şeir deyirdim, artistlik edirdik. Demə gəlib qapının arxasından qulaq asırmış. Girdi içəri, dedi ki, Yaqut, çox gözəl şeir deyirsən. Dedim, dədə, hələ duya-duya demədim ki. O da qayıtdı: “Yaxşı ki, duya-duya deməmisən, elə belə de”. (gülür).

- Məktəbdə dərs deyirsiz. Musa Yaqub dərsliklərdə var?

- Yoxdu. Çox qəribədi. İndikilər ambisiyalarından dərsliyə elə şairləri, yazıçıları salıblar heç atamın yarısı qədər yoxdu. 11-ci sinifdə oxuyanda oğlum kitabı göstərib dedi ki, mama, nəzəriyyədə adi adamların hamısının adını salıblar, dədəmin adını salmayıblar. 11-ci sinifdə 60-cıları təhlil edəndə atamın adı da çəkilmir. Hamımız bilirik ki, atam 60-cılar poeziyasının ən yüksəkdə duran şairlərindən biridir. Amma elin gözü tərəzidi deyiblər. Alimin verə bilmədiyi sevgini, qiyməti xalqımız, elimiz, camaatımız artıqlaması ilə verir. Mən bunun həmişə, hər yerdə şahidi olmuşam.

- Nə ilə bağlıdı? Siyasi fəaliyyətlə bağlı deyil ki?

- Mən inanmıram. Bəlkə də. Nizami Cəfərov 2004-cü ildə, Yazıçılar Birliyinin sonuncu qurultayındakı çıxışında atamın adını çəkmədi. Ondan sonra Qabil çıxdı və dedi ki, sən Azərbaycanın ən gözəl şairlərindən birinin, Musa Yaqubun adını çəkmədin.

- Əvvəllər dərsliklərdə var idi?

- Aşağı siniflərdə olmalıdı.

- Atanız təhsilinizlə maraqlanırdı?

- Hər axşam evə çox yorğun gəlirdi. İsmayıllıda “Zəhmətkeş” qəzetinin baş redaktoru idi. Təsərrüfatları, kolxozları gəzməli olurdular. Amma tez gələndə bacımla qardaşımdan soruşurdu. Bacımla qardaşım da onu görən kimi yatağa girirdilər. Onlar yaxşı oxumayanda əsəb keçirir, hirslənirdi. Amma mənimlə işi olmurdu.

- İxtisasca filoloqsuz.

- Bəli. Mən əslində jurnalist olmaq istəyirdim. Atama dedim ki, jurnalist olmaq istəyirəm. O da dedi ki, jurnalist olanda da gərək yaxşı jurnalist olasan. Səndən jurnalist çıxmaz. Sonradan yazılarımı başqa jurnalistlərlə müqayisə edirdim, vallah pis də yazmırdım, çoxundan yaxşı yazırdım. O vaxt AZTV-də Elçin Məmiyevlə bir-iki veriliş eləmişdik. Qəribədir ki, mənim səsim gedən verilişlərə baxmırdı.

- Evdə yaradıcı proses necə idi?

- Onun ömründə iş stolu olmayıb. Bəlkə ona görə də atamın şeirlərindən heç vaxt yazı masasının iyi gəlməyib. Onun şeirlərində təbiət, torpaq iyi var. Bəzən deyirlər e “sakit durun, atan işləyir”. Mən anamdan belə söz eşitməmişəm. Heç bilmirdik, harda, necə yazdı. Çox vaxt gecələr yazırdı. Otağında işıq yananda, yatmayanda bilirdik ki, işləyir. Bir də görürdük ki, şeir hazırdı. Çox vaxt yazacağı şeiri musiqi üstə oxuyurdu. O oxuyan kimi artıq bilirdik ki, nəsə yazılacaq. Özü də bu bir neçə gün təkrarlanırdı.

- Şeirlərinin üstündə çox işləyirdi?

- Məncə yox. Bir dəfəyə yazırdı. Amma qeydləri olurdu. Bir də görürdün ki, qəzet qırağına nəsə bir misra yazdı.

- Ən çox sevdiyiniz şeiri hansıdı?

- Bütün şeirlərini sevirəm. Ancaq sevmədiyim bircə şeiri var: “Qış olub üstümə niyə gəlmisən?” Əslində bu şeir oxucuları tərəfindən çox sevilir. Atamın bütün şeirlərini elə bil ki, özüm yazmışam. Duyğularımız, hisslərimiz çox yaxındı. Amma bu şeiri özümünküləşdirə bilmədim. Atamın şeirləri bəşəridi, amma bu şeir çox konkretdi. Konkret şeirləri sevmirəm.

- Universitetdə Musa Yaqubun qızı olduğunuzu bilirdilərmi?

- Atamı təbliğ etməməyimə indi çox peşmanam. Heç vaxt atam bizi tapşırmayıb. Təəccüblü burasıdır ki, mənim haqqımda da “Musa Yaqubun qızı bilməyə bilməz” deyirdilər. Bu məni ikiqat məsuliyyətli edirdi.

- Sizin tələbə vaxtlarınızda universitetdə görüşlər keçirilirdi, iştirak edirdiz?

- Getmirdim.

- Niyə?

- Bilmirəm. Adicə uşaq vaxtı mənə “Sən Musa Yaqubun qızısan” deyəndə utanırdım. Elə indi də utanıram. Atamda da o utancaqlıq var.

- Heç ən kritik anda, yalnız Musa Yaqubun adının keçəcəyi təqdirdə alınacaq bir iş üçün onun adından istifadə etdiyiniz hal olmayıb?

- Heç vaxt. Heç qardaşımda da olmayıb. Bir dənə bu balaca oğlum Rüfət edir. Ona deyirəm ki, sən hamının yerinə istifadə edirsən. (gülür)

- O zəmanə uşağıdır da…

- Özü də deyir ki, niyə dədəmin adından istifadə etməyim? O qədər adam atamın adından, köməyindən istifadə edib ki. Mən burda çox çətin vəziyyətə düşsəm də bilsəm ki, atama desəm yaxşı olacaq, demərəm. Çünki onun içinin həyəcanını bilirəm; vay, mən o adama necə zəng edim, necə ağız açım? O heç vaxt, heç kəsə zəng edib xahiş eləməyi sevmir.

- Çox adam zəng edib kömək istəyir?

- Çox. Amma o özü heç vaxt, heç kəsdən kömək istəmir. Deyir dostlarımı sınamaq istəmirəm.

- Evinizin qonaqları, o təmtəraqlı məclislər barədə nəsə konkret bir hadisə danışa bilərsizmi?

- Konkret hadisələr o qədər də yadımda deyil. Amma yadımdadır ki, günlərlə evimizdə qalan sənət adamları olurdu. Əzizə Cəfərzadə, Əzizə Əhmədova, Şəfiqə Axundova oğlu Taleh ilə birlikdə bizdə günlərlə qalırdılar. Üç otaqlı evimiz vardı. O qədər qonaq qarşılayırdıq, günlərlə bizdə qalırdılar, amma o darısqallığı hiss etmirdik. Qonaqları anamla ikimiz yola salırdıq. Özü də bir yerdə oturmurdular. Əvvəl yay evində, sonra dağdağanın dibində oturur, sonra da qaya dibinə, körpüyə gedirdilər. Biz də əlimizdə podnos arxaları ilə gəzirdik. Bu bizə əlbəttə zövq verirdi. Çünki atamın dostlarına qulluq edirdik, söz adamına qulluq edirdik.

- Aralarında zarafatlar edirdilər?

- Çox zarafat edirdilər. Dədəmdə bir az parodiya eləmək qabiliyyəti var. Bir az içsin, kimisə yamsılamağa başlayır. O, Tofiq Bayramı elə yamsılayır ki, elə bilərsiz Tofiq Bayram danışır. Sonra şairlər arasında olan çoxlu lətifə danışırdı.

- Elçin də sizə gəlirdi. “Mahmud və Məryəm”in bir hissəsini orda yazıb.

- Hə, əvvəl Talıstan kəndinə gəlmişdi, sonra bizdə gəlib qaldı. Bir neçə gün sonra ailəsi, qayınanası da gəldi.

- İlyas Əfəndiyev necə?

- Yox, o gəlməyib. Mən onu çox istəyirdim. Onunla saatlarla söhbət edir, əsərlərini müzakirə edirdik. Biz onlarla Şüvəlanda, Yazıçılar Birliyinin Yaradıcılıq Evində bir neçə il qonşu olmuşuq.

- Elçinin Musa Yaqub əleyhinə məqaləsi vardı, 80-ci illərdə yazmışdı: “Musa Yaqub niyə Mona Lizadan şeir yazıb, o nə bilir Mona Liza kimdi?”

- Atamın haqqında bir cümlə tənqidi nəsə görəndə üç gün özümə gəlmirdim. Nədənsə buna rast gəlməmişəm. Elçin mənim atamla çox yaxın olub.

- Xarici səfərlərə də gedirdi. Gələndə nə alırdı? Xüsusi sifarişiniz olurdu?

- Yox istəmirdik. Amma bir dəfə xaricdən gələndə iki çamadan hədiyyə alıbmış. Gecə Çingiz Ələkbərzadə ilə Kürdəmirdə qalıblar. Səhər durublar ki, çamadanlar oğurlanıb. Özü də telefonla danışanda bizə əvvəlcədən demişdi ki, sənə bunu almışam, ona başqa şey almışam, gəldi, gördük heç nə yoxdu.

- Bu qədər qonaq-qaralı ev, məclislər.... Necə dolanırdız?

- Heç vaxt ehtiyac nədir bilməmişik. Varlı yaşamasaq da, korluq da görməmişik. Kirayə də yaşamışıq. Bir otaqlı ev idi.

- Musa müəllimin son şeirlərinə baxanda ananızın yoxluğu açıq-aydın hiss olunur. Ananıza həsr etdiyi, çap olunmamış başqa şeirləri varmı?

- Hə çoxdu, anam təzə gəlin gəldiyi vaxtlarda ona yazılmış şeirlər var.

- Niyə çap etdirməyib?

- Bilmirəm. Bir də Gülşən adlı bir qıza yazdığı şeirlərini çap etdirməyib. O vaxt dostları yığışıb “O insafa gəlmədi” adlı bir kitab buraxmışdılar. Orda bütün şeirlər Göyçayda oxuduğu vaxtı aşiq olduğu həmin qıza aid idi.

- Çap olunmayan şeirləri çoxdu?

- Çoxdu. Bizə yazdığı o qədər şeiri var ki, çap olunmayıb. Tələbə idik, qızlarla şəhərdə qalırdıq. Bir dəfə universitetdən gəlib gördüm ki, stolun üstünə bir şeir qoyub gedib. Özü də qələm tapmayıb, şeiri göz karandaşı ilə yazmışdı:

Yaqut, sənin qəlbin şüşə,

Bizimlə ol sən həmişə.

Qoyub getdim sənin üçün,

Bir yaz gülü, bir bənövşə.

# 5308 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #