Şərif Ağayar Çingiz Abdullayevə cavab verdi: “O yazıçı yox...”

Şərif Ağayar Çingiz Abdullayevə cavab verdi: <span style="color:red;">“O yazıçı yox...”
20 may 2016
# 12:46

Kulis.Az Şərif Ağayarın Çingiz Abdullayevin ittihamları ilə bağlı açıqlamasını təqdim edir.

“Bunlar həmişə belədir. Məsələnin məğzi qalıb bu yanda, başlayıblar məni şərləməyə. Guya bədxah əməllərimə görə, AYB-dən qovulmuşam, sonra yalvarmışam ki, məni bərpa edin. Bunlar da humanistlik edib, təzədən üzvlüyə götürüblər. Təbii ki, yalandır. Özü də ağ yalan. AYB-dən özüm istefa vermişəm, ərizəmi də yazmışam, sonra Mədəniyyət Nazirliyinə işə girəndə bərpa elədilər, elə bildilər, day “ağıllanmışam”, ancaq məndən istədikləri adamı düzəldə bilmədikləri üçün, eyni zamanda Nazirlikdən istefa etdiyim üçün təzədən azad elədilər. Azad eləməsələr də özüm çıxacaqdım. Bu barədə mətbuatda bildirmişdim. AYB üzvü olduğum müddətdə nəinki Çingizə, heç Anara və Fikrət Qocaya da salam belə verməmişəm. Çünki onların nə işlə məşğul olduğunu bilirdim və üzlərini belə görmək istəmirdim. Nazirliyin vacib işi olanda da Rəşad Məcidlə əlaqə saxlamışam. Rəşad Məcid mənim Çingizə də, Anara da, Fikrətə də, ümumiyyətlə AYB-yə münasibətimi çox yaxşı bilir. Nazirlikdə işlədiyim müddətdə dəfələrlə Anarla aramda yaranan skandalları həll eləməyə çalışıb, hətta bir dəfə bizi telefonla da danışdırıb. Deməyim odur ki, mən ədəbi mühitdə heç kimə boyun əyməmişəm və əyməyəcəm də. İllah da bu Çingiz Abdullayev kimi saya salmadığım biri ola.

Çingiz Abdullayevi yazıçı yox, ədəbiyyat dəllalı sayıram. Ortada özünün yaratdığı ciddi məhsul yoxdur, amma asanlıqla pul-para qazana bilir. Onun açıqlamalarını, müsahibələrini oxuyan adamlar nə qədər dayaz, mənasız adam olduğunu görə bilər. Bu müsahibəsində isə yeni bir xüsusiyyətini kəşf elədim: böhtançı! Bu adam hələ başa düşmür ki, AYB-nin siyahısına əsasən verilən bir illik pul prezident təqaüdü deyil, Mədəniyyət Nazirliyinin büdcəsindən ödənilən illik mükafatdır. Prezident təqaüdü xüsusi sərəncamla, prezident fondundan verilir və müddətsiz olur. Sadəcə bu adla manipulyasiya edib gəncləri ətraflarına yığmağa çalışırlar.

Deyir, təqaüd alanda dinmirdi, sonra danışdı. Yalan deyir. Mən AYB və onun yarıtmaz fəaliyyətini həmişə tənqid eləmişəm. Bir də ki, mükafat mənə işlədiyim nazirliyin büdcəsindən verilib, AYB-nin yox. O büdcədən ki, aşağı-yuxarı pul çəkmək üçün AYB rəhbərləri özləri dəfələrlə boğaz çəkiblər, həftədə bir məktub göndəriblər. Bir dəfə nazir əsəbiləşmişdi, telefonda Çingizin üstünə elə qışqırdı ki, o üzdən mağmın bir inilti gəldi.

Bu adamın düşüncəsinə baxın: “AYB-ni Stalin dövründən bəri dəyişməyən durğun və ölgün bir təşkilat kimi qələmə vermək ən azı övladlarını məmləkətimizin azadlığı uğrunda itirən yazıçılarımıza hörmətsizlikdir” Heç dəxli var? Yazıçıların övladı şəhid olub ki, AYB-dəki durğunluğu tənqid eləməyək? Bəlkə o insanlar azad, Stalin qoxusu verməyən cəmiyyət üçün şəhid olublar? Bu nə düşüncədir? Üstəlik, bu sözləri deyən adam Anarın qorxusundan oğlu Qarabağda şəhid olmuş Sabir Əhmədlinin dəfninə belə getmədi, haqqında heç vaxt xoş bir söz söyləmədi. Çünki Sabir bunları yaxşı tanıyırdı və ədəbiyyat adına nə işlə məşğul olduqlarını gözəl bilirdi.

Nəsə. Bu cəfəngiyatlara çox vaxt itirməyək. Onların da zatən məni təhqir etmələrinin məramı budur ki, məsələdən yayınaq. Pen klubdan danışmışıq, ədəbi mühitdəki aktiv yazarlardan soruşun, bu Pen klubun fəaliyyətindən xəbərləri varmı? Bilirlərmi ki, fəaliyyətsizliyinə görə Çingiz Abdullayevin rəhbərlik etdiyi Pen klub Azərbaycan Beynəlxalq Pen klubun üzvlüyündən çıxarılıb? Google-da axtarışa verin, görün bir şey tapacaqsınız?

Sizcə, Çingiz Abdullayev kimi çoxbilmiş bir adam mənim sadə bir cümləmə niyə bu qədər əsəbiləşib? Ona görə ki, müsahibəm rusdilli “Exo” qəzetində gedib və görünür Çingiz Abdullayevin fırıldaqları hansısa rusdilli “ağa”sı üçün açıla bilər.

Azərbaycana yeni nəsil yazarlar gəlib. Dünyadan xəbəri olan, savadlı, ağıllı, ləyaqətli. Onların qarşısında 30-cu illərin düşük şantaj üsulları ilə dayanmaq mümkün olmayacaq. Kiminsə qucağında oturmaq hələ güclü olmaq deyil. Ədəbiyyat sənətkarlıq, ləyaqət və mübarizə meydanıdır. Çingiz Abdullayev ona görə belə gümrah danışır ki, bu meydanda heç vaxt olmayıb və olmayacaq”

# 1576 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #