“Salam Qədirzadəyə 50 min manat pul təklif olunmuşdu” ANIM

“Salam Qədirzadəyə 50 min manat pul təklif olunmuşdu” ANIM
24 sentyabr 2013
# 07:30

Yazının birinci hissəsini burdan oxuya bilərsiz.

II hissə

1974-cü ildə «Kirpi» jurnalından işdən çıxdı. Ondan sonra çox vəzifələrə dəvət alsa da, ömrünün sonunadək heç yerdə işləmirdi. Yaradıcılıqla məşğul olur, qonorarları ilə dolanırdı. O vaxtlar kitab çap etdirmək asan məsələ deyildi. Bir neçə nəşriyyat fəaliyyət göstərirdi. Onların da hamısı xüsusi plan əsasında işləyirdi. Müxtəlif bölümlər üzrə beşillik tematik plan hazırlanır, Mətbuat Komitəsində baxılır, orada təsdiq olunandan sonra çap edilirdi. Atamın əsərləri həmişə plana salınırdı. Ola bilərdi, ya həcmi azaldılır, ya da müxtəlif səbəblərə görə ildən-ilə keçirilirdi. Atam kimi adamların əsərlərini plana salmağa məcbur idilər.

Mən Xanbabayev direktor olduğu dövrdə «Yazıçı» nəşriyyatında işləmişəm. O zaman özüm şahidi olmuşam. Hər il «dahi rəhbərlər»in - Marksın, Engelsin cild-cild kitablarını çap edirdilər. Onlar nəşriyyata gəlir gətirmirdi. Bunu bilə-bilə həmin kitabları nəşr edirdilər. Çünki dövlətin planı var idi. Gənc istedadları tanıtmaq məqsədilə «Müəllifin ilk kitabı» seriyası ilə buraxılan kitabları, hətta bəzi tanınmış yazıçıların, şairlərin kitabları da çox zaman yaxşı satılmırdı. Xeyir gətirən kitabların hər il nəşr edilməsi vacibiydi. Salam Qədirzadənin də kitabları ən çox xeyir gətirən kitablar idi və heç vaxt rəflərdə yığılıb-qalmırdı. Buna görə də hər dəfə plana atamın da əsərləri salınırdı.

Yaradıcı adamlar, adətən, qısqanc olurlar. Atamın kitablarının mütəmadi nəşr olunması, kitabxanalara çatdıran kimi satılıb-qurtarması kimlərinsə xoşuna gəlmir, bəzən buna görə onun xətrinə dəyirdilər. Atam da inciyirdi. O, əvvəlcə Azərbaycan Yazıçılar İttifaqının, sonralar həm də SSRİ Yazıçılar İttifaqının üzvü oldu. Ancaq dəfələrlə Azərbaycan Yazıçılar İttifaqı tərəfindən fəxri ad almaq üçün təqdim ediləndə, Mərkəzi Komitədə atamın «xeyirxahlarından» birinin sayəsində «ixtisara düşürdü». Əvəzində, layiqli adamlarla yanaşı, çox az tanınan adamlara ad verilirdi.

Onun «Mükafatım təbəssümündür» adlı bir əsəri var idi. Mənə elə gəlir ki, atam kitabına bu adı rəmzi mənada vermişdi. Heç zaman fəxri ad almayan yazıçı komik, satirik əsərlərin müəllifi kimi insanlara təbəssüm bəxş etdiyini yada salaraq bildirdi ki, ən böyük mükafatı xalqın təbəssümüdür. Hər halda, istər-istəməz üzləşdiyi haqsızlıqları qəlbinə salırdı. Amma dərdini, problemlərini heç zaman ailə üzvləriylə bölüşməzdi. Heç anama da yaradıcı aləmdə, ya da iş yerində üzləşdiyi çətinlikləri deməzdi. O hətta işdən çıxanda da biz ən axırda bilərdik. Yəqin ki, yaxın dostlarıyla bölüşərdi problemlərini. Atam həyatboyu çox etibarsızlıqlar gördü. Ona görə də dostlarının dairəsini genişləndirməyi sevməz, köhnələrin qədrini bilər, yenilərini axtarmazdı. Amma qalanlarla yoldaş münasibəti saxlamağa çalışardı. Əli Kərimlə, Əlağa Kürçaylıyla, rejissor Mehdi Məmmədovun qardaşı Teymur Məmmədovla, Nəbi Xəzriylə, Qabillə yaxın dost idi. Atam özü dostluqda etibarlı idi. Hərdən bizə elə gələrdi ki, onun üçün birinci dostlarıydı, sonra ailəsi. Hərdən anam buna görə ondan inciyirdi də.

Atam yaxın dostlarının çoxunu tez itirdi. Gənc yaşlarından tanıdığı Əli Kərimin, sonralar isə Əlağa Kürçaylının vəfatı ona böyük mənəvi zərbə oldu. Teymur Məmmədovu qardaş qədər sevər, onunla hər gün görüşərdi. Teymur əminin itkisi atamı əməlli-başlı sındırdı. Ürəyində bu dünyadan köçmüş əzizlərinin dərdləri də vardı.

Haqqında danışmaqdan doymadığı sevimli anasının, gənc yaşlarında dünyadan köçmüş bacısının, yeganə qardaşının yoxluğunun ağrısını çəkirdi. Amma hətta ən yaxın adamlarını itirəndə də biz atamın göz yaşı tökdüyünü, sızladığını görmədik. Anam həmişə deyərdi ki, mən onu ən ağır anlarında da ağlayan görmədim. Bəlkə də elə ağlayardı ki, kimsə görməsin.

Müşahidə qabiliyyəti güclüydü. Nəzərindən heç nə yayınmırdı. Bəzən bizə adi görünən, diqqətimizi çəkməyən həyat hadisələri barədə elə maraqla, şirin danışardı ki, gözlərimiz yaşaranadək gülərdik. Atam əsl məclis adamıydı, deyib-gülməyi xoşlardı. Çox baməzəydi. Mənə elə gəlir ki, Salam Qədirzadəni zarafatlarsız təsəvvür etmək mümkün deyildi. Müxtəlif lətifələr düzəldib danışar, eşidənlər uğunardılar.

Yadıma onlardan biri düşdü: bir gün yolda cavan bir oğlan ona yaxınlaşıb salam verir. Atam salamı alır. Oğlan cibindən dəvətnamə çıxarıb ona uzadır: «Xahiş edirəm, mənim toyuma gələsiniz». Atam təbrik edir. Dəvətnaməni alıb qoyur cibinə. Evə gəlib oxuyur, onu dəvət edən adamı yadına sala bilmir. Fikirləşir ki, əşi insandı da, nə olsun tanımıram, indi dəvət edib, gərək gedəm. O, hər toya da getməzdi. Amma gəncin dəvətini yerə salmayıb məclisə gedir. Nə qədər baxırsa gözünə tanış adam dəymir. Başlayır yeməyə, özünə yüz qram araq da süzür, amma görür, tək boğazından keçmir. Ətrafına göz gəzdirir. Özündən sinli, təxminən, 40-45 yaşlı bir kişinin də oturub heç kimə qaynayıb-qarışmadığını görür, adını bilmədiyindən, hörmət əlaməti olaraq ona «Mirzə» deyə müraciət edir: «Mirzə, götür badəni bəylə gəlinin sağlığına içək». İçirlər, bir az keçir, atam deyir: «Mirzə, gəl içək gənclərin ata-anasının sağlığına». Beləcə xeyli içirlər. Atam qayıdır ki, ağsaqqal, bağışlayın, adınızı da bilmirəm, elə bayaqdan sizə Mirzə deyirəm, adınız nədir? Kişi inciyir: «Yekə kişisən, dolamısan məni? Adım elə Mirzədir də».

Atam saatlarla belə məzəli əhvalatlar danışa bilərdi. Amma ailədə başqa cür idi. Onu məclislərdə görənlər inana bilməzdilər ki, bu qədər ciddi, tələbkar ola bilər. Atam həm də çox narahat adamıydı. Bilirdi ki, universitetdə dərslərim gündüz saat 1-də bitir, ordan evimizə isə on beş dəqiqəyə gələ bilərəm. Beşcə dəqiqə geciksəydim, özünə yer tapa bilməzdi ki, bu qız harada qaldı.

Qısqanclığı da vardı. Anamı uzun müddət işləməyə qoymadı. O, bütün günü evdə olurdu, heç rəfiqələri də yoxuydu. Elə bibilərimlə rəfiqəlik edərdi. Mənə elə gəlir ki, anam qısqanc qadın deyildi. Amma kim bilir, bəlkə də çox şeyə bilərəkdən göz yumurdu…

Atamın bakılılar xas yemək zövqü var idi. Ən çox xəmir xörəklərini xoşlayar, tez-tez anama sifariş verərdi: «Qutab hazırla», «Düşbərə bişir»… Anam da can-başla həmin yeməkləri hazırlayardı. O təkcə Azərbaycanın adət-ənənələrini, mətbəxini yox, yavaş-yavaş dilimizi də öyrənmişdi. Ruslan məktəb yaşına çatanda onu 190 saylı məktəbə vermişdilər. Anam o zaman çox gənc idi. Səhv edəcəyindən, şəkilçiləri düzgün işlədə bilməyəcəyindən ehtiyatlanıb, Azərbaycan dilində danışmırdı. Odur ki, qardaşımın oxuduğu məktəbdə müəllimlərlə, valideynlərlə ünsiyyət qurmaqda çətinlik çəkirdi. Atamın isə məktəbə getməyə vaxtı yox idi. Ona görə də anamın xahişini nəzərə alıb, mənim rusca təhsil almağıma icazə verdi. Amma qardaşım da, mən də rus dilini mükəmməl bilsək də, öz aramızda yalnız azərbaycanca danışa bilərdik. Atamla da eləcə. Yalnız anamla rus dilində danışardıq. Bu barədə atam ailədə ciddi qayda qoymuşdu. Mən buna görə də atama minnətdaram.

Onun üçün yaradıcılıqla məşğul olmağın müəyyən vaxtı-vədəsi yox idi. Müxtəlif vaxtlarda, daha çox gecələr işləməyi xoşlayırdı. Səhərlər yuxudan erkən oyanmaqla arası yox idi. O, yazı masasının arxasına keçəndə ,evdə tam sakitlik hökm sürərdi. Belə vaxtlarda bizə qonaq gəlsəydi, məəttəl qalardı ki, məgər bu evdə uşaq yoxdur? İş otağının qabağından barmağımızın ucunda keçərdik. Televizora baxmalı olsaydıq, səsini azaldardıq.

Atamın ölümü qəflətən oldu. Dörd il qabaq birinci dəfə insult keçirmişdi. Ancaq özünü həmişə gümrah tutmağa çalışdığındanmı, ya onun ölümünü ağlımıza gətirmək istəmədiyimizdənmi, belə hadisə baş verəcəyini düşünmürdük. 1987-ci ilin 8 noyabrı idi. Qardaşım hərbi toplantıdan təzəcə gəlmişdi. Atam qərara gəldi ki, hamımız bir yerə toplaşaq. Görüş yerimizi də təyin etmişdi: «Əfsanə» kafesində xudmani bir məclis qurulacaqdı. Həmin gün avtomaşınını təmirə aparıb. Durduğu yerdəcə onu ikinci dəfə insult vurub. «Semaşko» xəstəxanasına aparıblar. Vəziyyəti ağır olduğundan anamdan başqa heç kimi yanına buraxmırdılar.

Xəstəxanaya aparıldığının səhəri özünə gəlib. Olub-keçənləri anlayıb. Bir neçə saat danışıb. Sonra yenidən-üçüncü insult keçirib. Komaya düşdü. Bundan sonra bir də özünə gəlmədi. Bir həftə sonra-noyabrın 15-də atam 64 yaşında dünyasını dəyişdi.

Onu, əlbəttə, həmişə ilk növbədə bizi sevən, isti nəfəsi, qayğısı ilə rahatlıq tapdığımız atamız kimi xatırlayıram. Kişilərin bir çoxu kimi övladlarına qarşı çox tələbkar olsa da, sonralar nəvələrinə qarşı daha yumşaq, mülayim, mehriban baba oldu. Sonra nəzərimdə yazıçı Salam Qədirzadə kimi canlanır. Qardaşımla mən ona əsərləri barədə düşündüklərimizi deyir, bəzən hətta tənqid də edirdik. Diqqətlə bizə qulaq asardı. Atamla zövqlərimiz bir-birinə çox bənzəyirdi. Hətta eyni yazıçıları, eyni əsərləri sevərdik. Onun özünün satirik əsərlərindən xoşu gələrdi, mənim də. Bir də söz yox ki, «Kəndimizdə bir gözəl var» əsərini çox sevirəm. Yəqin, ona görə ki, atam mənim adımı o əsərdəki qıza verib.

Atamla fəxr edirdim. Orta məktəbin xüsusilə yuxarı siniflərində, Bakı Dövlət Universitetində oxuduğum illərdə ətrafımdakı həmyaşıdlarımın onun əsərlərinə olan maraqlarını, kitablarının əldən-ələ gəzdiyini görür, fərəhlənirdim. Onun adı çox yerdə köməyimə çatıb. Mən ailə quranda atam həyat yoldaşımdan xahiş etdi: «İcazə ver, Leyla öz soyadını dəyişməsin». O da atamın sözünü yerə salmadı. Mən bu günədək Qədirzadə soyadını daşıyıram. Onun vəfatından illər keçsə də, soyadımı görənlər «Siz yazıçı Salam Qədirzadənin qızısınız?» -deyə soruşur, müsbət cavab alanda hörmətlə yanaşar, bacardıqları qədər kömək göstərirlər.

***

Uzun illər yazıçının ən yaxın dostu olmuş Əli Tohidinin dediklərindən:

- Salam haqqında danışmaq çox çətindir. Belə adamın gərək özü də hərtərəfli olsun. Mən onun yaradıcılığı haqqında danışmaq fikrində deyiləm. Əsərləri göz qabağındadır, hamı sevir. Nə qədər kitabı çıxıbsa, rəhmətlik hamısının üzünü yazıb mənə bağışlayıb. Onları əziz xatirə kimi saxlayıram.

Salam çoxşaxəli bir adam idi. Biz onunla çox yaxın, mehriban dost olmuşuq. Əvvəllər onu əsərlərinə görə tanımış və sevmişdim. O əsərlərin arxasında onun müəllifini duymuş, hiss etmişdim.

Salamı bu qədər istədiyimi görən Teymur bir gün mənə dedi ki, Sizi tanış edəcəyəm.

Teymur Mehdi Məmmədovun qardaşı imiş. Mən 35 il bundan əvvəlin söhbətini edirəm. O vaxt N.Krupskaya adına Kitabxanaçılıq Texnikumunda müəllim işləyirdim, Teymur isə Ali və Orta İxtisas Təhsili Nazirliyində inspektor vəzifəsində çalışırdı. Vaxtaşırı görüşdüyümüzdən aramızda çox möhkəm ünsiyyət yaranmışdı.

Nə isə, söz verdi, əməl də etdi. O gündən dostluğumuzun tarixi başlandı. Təəssüflər olsun ki, Salamı çox erkən itirdik. 1987-ci ilin noyabrında 64 yaşında ikən vəfat etdi.

Əli müəllim kövrəlir. «Sizə, bütövlükdə redaksiyanıza razılığımı ifadə etmək üçün söz tapa bilmirəm. Çox sağ olun. Bu yazını hazırlamaqla savab iş görürsünüz…»

- Əli müəllim, Salam Qədirzadənin xatirəsi hamımız üçün əzizdir. Onu yada salmamaq, xatırlamamaq nankorluq, mənən kasıblıqdır. Nə isə… istərdik söhbətinizi davam etdirəsiniz. O ağır günü necə xatırlayırsınız?

- Noyabrın 7-si idi. Oğlu Ruslan hərbi toplantıdan qayıtmışdı. Bu münasibətlə Salam bizi «Əfsanə» restoranında nahara dəvət etmişdi. Ondan bir gün qabaq isə Mərdəkandan-bağdan qayıdarkən maşınını bir balaca zədələmişdi. Düşündük ki, nahardan əvvəl gedib maşını ustaya tapşıraq-düzəltsin, təmir etsin. Usta maşına yenicə baxırdı ki, gördüm Salam pıçıltıyla məni çağırır: «Başım yaman fırlanır». «Salam! Salam!»-deyə ona tərəf qaçdım. Gördüm yıxılır, tez tutdum. Təcili xəstəxanaya apardıq. On gün keçmədi ki…

- Maşının vurulması ona təsir edərdimi?

- Yox. O əvvəllər də ürəyindən şikayətlənirdi. Əlbəttə, burada gərgin işlərinin də təsiri vardı. Ən çox isə… Bir dəfə onların evinin yanında sərnişinləri ilə bir tramvay yanmışdı. Bu hadisəni Salam böyük sarsıntı ilə qarşıladı. ..

- Salam Qədirzadə ilə düz 25 il dostluq edibsiniz. Maraqlıdır ki, bu müddət ərzində bir dəfə belə incikliyiniz olmayıb. Bəlkə, bir xatirə danışasınız.

- Mənim dostlarım çox olub. Amma Salam dost aləmində bir idi, nadir idi, əvəzsiz idi. Dostluğun simvolu idi. Dilinə yalan gətirməzdi. Sözünün yiyəsi idi. Heç vaxt vədinə xilaf çıxmazdı. Çox diqqətli, qayğıkeş idi.

«Kirpi»də işləyərkən yanıma bir neçə nəfər gəlmişdi. Bir məktub da gətirmişdilər. Alıb oxudum. Ərəb əlifbası ilə bir köhnə tanışım yazmışdı: «Əli, bu məktubu gətirənlər mənim yaxın adamlarımdır. Kombinatda işləyirdilər. Oranı «Kirpi» yoxlayıb. Eşitmişik ki, sən jurnalın redaktoru Salam Qədirzadə ilə dostsan. Xahiş edirəm, imkan daxilində bunlara köməyin dəysin...»

Xaçmazdan gələnlərin maşınına minib Qoqol küçəsinə getdik. Yol boyu onlar hadisəni danışdılar ki, kombinatda böyük yeyinti olub. «Kirpi» bu haqda felyeton hazırlayır. Nəyin bahasına olursa-olsun, bu yazının qarşısı alınmalıdır.

Maşından düşüb «Kirpi» jurnalının redaksiyasına qalxmaq istəyirdim ki, həmin adamlar dedi: «Qardaş ,bu məsələ üçün Salam müəllimə Mərkəzi Komitədən, Nazirlər Sovetindən, müxtəlif orqanlardan çox xahişlər olunub. Ancaq heç birini eşitməyib. Biz sənə 50 min manat pul veririk ( o vaxt bu pula 10 ədəd təzə «Jiquli» düşürdü). Bu haqda redaktora heç nə demə. İşi korlarsan. Çünki o, pul götürən deyil».

Çox çıxılmaz vəziyyətdə qaldım. Əgər bu sözləri əvvəlcədən desəydilər, mən heç gəlməzdim. İndi…

İndi isə iş-işdən keçmişdi. Ayağımı sürüyə-sürüyə redaksiyaya qalxdım. Adəti üzrə məni çox mehriban qarşıladı. Hadisəni danışdım. Pul əhvalatı haqda hələlik heç nə demədim. Soruşdu ki, o adamları haradan tanıyırsan? Məktubu göstərdim. Dərindən köksünü ötürdü: «Əli, əvvəla bu adamlar yaxşı adama oxşamırlar. Şübhəlidirlər. Məqaləni yazana da mən çox inanıram. Ona külli miqdarda rüşvət təklif ediblər, almayıb. İkincisi, bu işlə bağlı mənə saysız-hesabsız zənglər, xahişlər olub. Ancaq razı olmamışam. Amma indi bir halda ki, sən gəlmisən, məcburam o yazını dayandıram. Qoy məktub sahibi də düşünməsin ki, Salam dostunun sözünə qulaq asmadı.»

Gülümsündüm. Soruşdu ki, niyə gülürsən. Dedim ki, sən doğru deyirsən, onlar təmiz adama oxşamır. Amma bir iş var. Şübhələndi: «Nə iş? Dedim: «Onlar mənə 50 min manat pul veriblər». Qaşları çatıldı: «Yox, Əli, mən səni neçə illərdir tanıyıram. Sən zarafat edirsən. Bilirəm ki, belə iş görməzsən. Yaxşı, bəs indi nə edək»?

Dedim: «Nə edəcəksən, bir halda ki, təmiz adam deyillər, yazını ver getsin».

Qaralmış çöhrəsinə işıq gəldi. Mən özüm də yüngüllük tapdım. Sanki çiynimdən dağ götürdülər… Beləliklə, o yazı da getdi, kombinatı yeyənlər də…

Bax, Salam belə təmiz, pak, müqəddəs idi. Bu dəqiqə and içə bilərəm ki, 64 illik həyatında o, bir dəfə belə haram tikə dadmadı…

Yaşar Vəliyev, “Mədəni həyat” jurnalı, (8/2013)

# 2927 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #