“Qırmızı yarpaqlar” – FOLKNER HEKAYƏSİ

“Qırmızı yarpaqlar” – <span style="color:red;">FOLKNER HEKAYƏSİ
9 iyun 2018
# 15:00

Kulis.az Natiq Səfərovun tərcüməsində Uilyam Folknerin “Qırmızı yarpaqlar” hekayəsini təqdim edir.

I

Hər iki hindu plantasiyadan keçib tayfa qullarının yaşadığı qəsəbəyə yönəldi. Qəsəbənin çiy kərpicdən tikilmiş komaları iki cərgə düzülmüşdü, tərtəmiz ağardılmış evlərin arası ilə yalın ayaq izlərindən naxışlanmış tozlu və ensiz küçə uzanırdı. Bir neçə əldə qayırma oyuncaq toz-torpağın içinə atılıb səssiz-səmirsiz qalmışdı. Heç yanda həyatdan əsər-əlamət yox idi.

Hindulardan biri:

– Bilirəm, burda nəyi tapacağıq, – dedi.

– Nəyi tapmayacağıq, – deyə o biri əks-səda verdi.

Gün günorta olmuşdu, amma küçədə heç kəs gözə dəymirdi. Hər yerdə sükut və boşluq hökm sürürdü, şadara ağızlı, gil suvaqlı bacalardan tüstü çıxmırdı.

– Hə, indiki başçının atası öləndə də belə idi.

– Sən yəqin “keçmiş başçının” demək istəyirsən.

– Hə…

Hindulardan birinin adı Üç Səbət idi. Təxminən, altmış yaşı olardı. Hər iki hindu görkəmcə varlı bürgerlərə oxşayırdı: enlikürək, yastıyapalaq, yekəbaş, fətirsifət, torpaq rənginə çalan boz-bulanıq sifətlərinə sirli bir sakitlik hopmuşdu. Bu cür üzləri hardasa Siam və Sumatradakı kalafalıqlarda duman içindən boylanan daş balbanlarda görə bilərsən. Onları bu kökə günəş salmışdı – qızmar günəş və qatı kölgə: saçları qarsanmış cilə oxşayırdı. Üç Səbətin sol qulağından üstünə mina çəkilmiş tənbəki qutusu sallanırdı.

– Mən çoxdan deyirəm ki, bütün bunlar düzgün deyil. Qabaqlar qullar yox idi. Bizdə zəncilər yox idi. İstədiyimiz kimi ömür sürürdük. Bolluca da vaxtımız olurdu. İndi isə bütün vaxtımız ona görə gedir ki, onlar üçün iş axtarıb tapaq. Onlar işsiz qala bilmir.

– Onlar it kimidir, at kimidir.

– Elədir. Bir tikə də ağılları yoxdur. Mütləq gərək işləsinlər. Onlar

ağlardan da pisdirlər.

– Köhnə başçı sağ olanda onlar üçün iş axtarmaq lazım gəlmirdi.

– Elədir. Köləlik xoşuma gəlmir. Bu, düzgün deyil. Qədimlərdə adamlar düzgün yaşayırdılar. İndi yox.

– O vaxtlar sənin yadında olmaz.

– Yadında olanlardan eşitmişəm. Özüm də elə yaşamağa çalışmışam. İnsan işləmək üçün yaranmayıb.

– Elədir. Sən bir onların bədəninə bax.

– Qaradır. Özü də acı dadır.

– Bəyəm yemisən?

– Bir dəfə yemişəm. Onda cavan idim, dad anlamırdım. İndi ölsəm də, yemərəm.

– Elədir. İndi onları yemirlər. Sərfəli deyil.

– Dadsızdır. Acıdır. Xoşuma gəlmir.

– Həm də sərfəli deyil. Onları ata dəyişmək olar.

İndi onlar küçə ilə addımlayırdılar. Yöndəmsiz, lal oyuncaqlar – ağacdan, əski və lələklərdən düzəldilmiş tilsimlər astanaların qabağında, kududan qayrılmış kasa qırıqlarına və sür-sümüyə qarışıb toz-torpağın içində itib-batmışdı. Nə komalardan səs-səmir gəlir, nə qapılarda bir qaraltı gözə dəyirdi. Dünəndən – İssetibbexa ölən gündən belə idi. Artıq hindular bilirdilər ki, burda nə tapacaqlar.

Onlar qəsəbənin ortasındakı iri daxmaya yaxınlaşdılar. Zəncilər ayın müəyyən günlərində buraya yığışır və mərasimlərinin bir hissəsini icra edir, qaranlıq düşəndən sonra çayın sahilinə – iri təbillərin saxlandığı yerə yollanırdılar. Bu komada cürbəcür tutiyalar – ovsunlar, tilsimlər və üzərində qırmızı gillə rəmzlər çəkilmiş taxta lövhəciklər saxlanırdı. Otağın ortasında, bacanın altında qaralıb küllənmiş ocaq vardı, ocağın üstündə dəmir qazan asılmışdı. Pəncərələr bağlı idi və günəş işığından daxmaya girmiş hindular ilk anda heç nəyi seçə bilmədilər. Otaqda nə isə bir hərəkət duyulur, qaranlıqda kölgələr tərpəşir və gözlərin ağı işarırdı, elə bil, otaq ağzınacn zənciylə dolu idi. Hər iki hindu astanada ayaq saxladı.

Üç Səbət:

– Budur e, – dedi. – Bilirdim ki, axırı belə olacaq.

– Bura mənim xoşuma gəlmir, – o biri hindu cavab verdi.

– İyi deyirsən, hə? Qorxduqları üçün belə iy verirlər. Onların iyi də başqa cürdür.

– Gedək burdan.

– Sən də qorxursan! Bunu mən sənin iyindən duydum.

– Bəlkə biz İssetibbexanı duyuruq.

– Elədir. O bilir ki, biz burda nə tapacağıq. Hələ can verəndə bilirdi ki, bu gün burda nə tapacağıq. – Otaqdan hinduları kəskin iy vururdu, qatı qaranlıqda zəncilərin gözləri işarırdı.

– Siz məni tanıyırsız. Mənim adım Üç Səbətdir. Axtardığımız adam qaçıb. – Zəncilər dinmirdi. Zəncilərin iyi bürkülü, durğun havada dalğa-dalğa qalxır, gah güclənir, gah zəifləyirdi. Adama elə gəlirdi ki, onların hamısı bir vahid canlıdır və hamısı nə isə sirli, dərkolunmaz yad bir şey haqda düşünür. Onlar qaranlıqda pusquda durmuş qırxayaq kimi, nəhəng bir ağacın qazılmış kökləri kimi idilər. Elə bil, indicə torpağın üst qatı qaldırılmış və torpağın altında işıqdan, həyatdan gizlənmiş iri, üfunətli bir yumaq üzə çıxmışdı.

– Niyə susursuz? – Üç Səbət dilləndi. – Siz yaxşı bilirsiz ki, biz nə üçün gəlmişik. Axtardığımız adam qaçıbdır.

O biri hindu:

– Onlar nə barədəsə düşünürlər, – dedi. – Gedək burdan.

– Onlar nəyisə bilirlər.

– Səncə onu gizlədirlər?

– Yox. O qaçıb. O, hələ dünən axşam qaçıb. İndiki başçının babası öləndə də belə idi. Biz üç gün onu tuta bilmədik. Düz üç gün Duum qəbrə gedə bilmirdi, deyirdi: “Mən atımı görürəm. Mən itimi görürəm. Amma nökərimi görmürəm. Siz onu neyləmisiz? Niyə məni qəbirdə dincəlməyə qoymursuz?”

– Onlar ölmək istəmirlər.

– Elədir. Namussuz və şərəfsiz adamlardır. Həyatdan zəli kimi yapışıblar.

– Bura mənim xoşuma gəlmir.

– Mənim də xoşuma gəlmir. Ancaq nə etmək olar. Onlar vəhşidirlər, gözləmə ki, qanuna hörmət edəcəklər. Elə ona görə deyirəm, indi heç nə düzgün deyil.

– Elədir. Onlar həyatdan bərk-bərk yapışıblar. Günün altında tərləməyi başçı ilə yanaşı basdırılmaqdan üstün tuturlar. Lakin axtardığımız adam burda yoxdur.

Zəncilər dinmirdilər, susurdular. Qaranlıqda yalnız gözləri işarırdı, bir də dalğa-dalğa qatı və kəskin iy gəlirdi.

– Elədir. Onlar qorxurlar. – O biri hindu dedi. – İndi nə etməliyik?

– Gedək başçı ilə danışaq.

– Moketubbe bizi eşidərmi?

– Bəs necə ? Bu, onun xoşun gəlməyəcək. Ancaq indi o, başçıdır.

– Elədir. İndi o, başçıdır. İndi könlü istəyən qədər QIRMIZI DABANLI AYAQQABILARI geyə bilər.

Hindular dönüb qapıdan çıxdılar. Əslində qapı yeri idi, qapının özü yox idi. Daxmaların heç birində qapı yox idi.

– O, əvvəllər də geyirdi.

– İssetibbexadan gizlin geyirdi. Amma indi ayaqqabılar onundur, çünki o, başçıdır.

– Elədir. Bu, İssetibbexanın xoşuna gəlmirdi. Mən bilirəm. Bir dəfə Moketubbeyə dediyi sözləri öz qulağımla eşitdim: “Sən başçı olanda ayaqqabılar sənin olacaq. Hələliksə bu ayaqqabılar mənimdir”. İndi Moketubbe başçıdır və onları geyə bilər.

– Elədir, – deyə o biri cavab verdi. – İndi o, başçıdır. Əvvəllər o, ayaqqabıları İssetibbexadan xəlvət geyirdi və heç kəs bilmirdi ki, İssetibbexanın bundan xəbəri var, ya yox. Ancaq indi İssetibbexa qoca olmasa da, ölübdür və ayaqqabılar Moketubbeyə çatıb, çünki Moketubbe artıq başçıdır. Sən bu barədə nə düşünürsən?

– Mən bu barədə düşünmürən. – Üç Səbət dedi. – Bəs sən?

– Mən də düşünmürəm.

– Sən çox ağıllı iş görürsən ki, düşünmürsən…

– …

II

Ev dikdirdə, palıd ağaclarının arasındaydı. Ön tərəfdən birmərtəbəli idi – əslində bu, bir vaxtlar sahilin yaxınlığında quma oturmuş gəminin göyərtəsi idi. İssetibbexanın atası Duum gəmini boşaldıb sərv ağacından yonulmuş vərdənələrin üstü ilə evinə sürümüşdü – sahildən evəcən on iki mil yolu düz beş aya getmişdilər. O vaxtlar Duumun evinin kərpicdən bircə divarı vardı. Gəminin göyərtəsini enli tərəfdən divara söykədilər, indi jalüzləri salınmış kayutların qapısı üstündə rokoko üslubunda düzəldilmiş və bəzi yerləri qopub tökülsə də, dəbdəbəli gözəlliyini itirməmiş pərvazlar öz qızılı rəngiylə göz oxşayırdı, kayutların qapıları üstündəki qızılı yazılar da olduğu kimi qalmışdı.

Duum başçılar nəslindən idi, ancaq ata tərəfdən yox, – ana qohumlarından biri irokez qəbiləsindən (red. Şimali Amerikada ən qüdrətli hindu tayfalarından biri) idi. Cavanlığında o, Yeni Orleanacan gedib çıxmışdı. Bu əhvalat çoxdan olmuşdu, o vaxtlar Yeni Orlean Avropa şəhəri kimi bir şey idi. Duum qayıqla Missisipi çayı ilə Yeni Orleana enmiş və orada kavaler Syö Blond de Vitri ilə dostlaşmış, öz müəlliminin rəhbərliyi altında Yeni Orlean limanının qumarbazları və başkəsənləri arasında yaxşı bir həyat məktəbi keçmişdi. Orada o özünü iri torpaq sahələri olan başçı qələminə verirdi. Hindu dilində başçı həm də “insan” mənasında işləndiyi üçün kavaler de Vitri onu “di Homme” çağırırdı. Duum adı da elə ordan gəlirdi.

Onlar – kor-kobud sifətli, qartal baxışlı, yastıyapalaq hindu və deyilənə görə bir vaxtlar Karondeli (red. Luiziananın ispan qubernatoru) və general Uilginslə (red. 1805-ci ildən Luiziananın Amerika qubernatoru, hindulara qarşı xüsusi qəddarlığı ilə ad çıxarıb) yaxınlıq etmiş və indi vətənindən didərgin düşmüş parisli hər yerə cüt gedirdilər. Günlərin birində onlar qəfildən yoxa çıxdılar – vaxtlarını keçirdikləri qumarxana və tiryəkxanaları tərk etsələr də, özlərindən sonra çoxlu rəvayət və dedi-qodu qoyub getdilər, şəhərdə Duumun qumarda udduğu külli miqdarda puldan, onun varlı-karlı Vest-Hind ailəsindən olan bir qızla əlaqəsindən şayiələr gəzirdi. Duum yoxa çıxdıqdan sonra qızın qardaşı əlində tapança hələ uzun müddət qumarxanaları gəzib Duumu axtarırdı.

Yarım ildən sonra qız da yoxa çıxdı. O, Sent-Luisə yollanan gəmiyə mindi və gecələrin birində gəmi Missisipinin yuxarı axarında sahilə yan aldı. Qız qaravaşın və zənci qızın müşayiəti ilə sahilə endi. Orada onu atlı-arabalı dörd nəfər hindu qarşıladı. Üç gün-üç gecə yol getdilər. Dəstə çox ləng irəliləyirdi, çünki gənc qadın artıq boylu idi və tezliklə doğmalı idi. Plantasiyaya gəlib çatanda məlum oldu ki, Duum artıq başçıdır. Bunu necə etdiyini Duum açıb-ağartmadı, bircə onu dedi ki, əmisi və qardaşı – hər ikisi bir gündə qəfildən vəfat ediblər. O vaxtlar ev qulların hördüyü bircə əri-üyrü divardan ibarət idi, divar boyu otaqlara bölünmüş üstü küləşlə döşənən saray uzanırdı, bütün bunlar daha çox parka oxşayan maralların ev heyvanı kimi otladığı on min akrlıq meşədə yerləşirdi. Duum və onun gənc arvadı İssetibbexanın dünyaya gəlişindən az əvvəl evləndilər. Onların kəbinini əsas peşəsindən əlavə, həm də qul alveri ilə məşğul olan bir keşiş kəsdi. Avropalılar kimi Duum da qul almağa və sahəsinin bir hissəsini əkib-becərməyə başladı. Ancaq qullar həddən çox olduğuna görə onlar üçün iş çatışmırdı. Zəncilərin əksəriyyəti boş-bekar qaldığından Afrika cəngəlliklərində vərdiş etdikləri kimi həyat sürürdülər. Yalnız hərdən Duum itləri onların üstünə qısqırdıb qonaqlarını əyləndirirdi.

Duum öləndə oğlu, on doqquz yaşlı İssetibbexa bütün torpaq sahələrinin və bir bölük qulun sahibi oldu – bu vaxt ərzində onların sayı beş dəfə artmışdı – bu qədər qul isə ona gərək deyildi. O, yalnız başçı adını daşıyırdı, tayfanı isə əmisi və əmisi oğlanları idarə edirdilər. Axırda hindular zənci məsələsinə görə məşvərətə yığışdılar. Kayutların qızılı yazıları altında çöməlib müdrik bir görkəmlə bu problemi hər tərəfdən müzakirə etməyə başladılar.

Biri dedi:

– Biz onları yeyə bilmərik.

– Nə üçün? – deyə o biri maraqlandı.

– Onlar çoxdurlar.

– Düzdür, – üçüncüsü söhbətə qoşuldu. – Əgər onları yeməyə başlasaq, gərək hamısını yeyək. Bu qədər ət yeməksə ziyandır.

– Bəlkə onların əti maral əti kimidir. Onda ziyan eləməz.

– Onda artıq olanları yeməyək, qıraq, – deyə İssetibbexa söhbətə qarışdı.

Düz bir dəqiqə hamı ona baxdı.

– Nə üçün? – deyə nəhayət kimsə yerindən dilləndi.

– Yox, belə yaramaz, – o biri dedi. – Belə etmək olmaz. Onlar bizə çox baha başa gəliblər. Yadınıza salın, onlar üçün nə qədər əziyyət çəkmişik, iş axtarmışıq. Ağlar kimi etmək lazımdır.

– Onlar nə edirlər? – İssetibbexa soruşdu.

– Ağlar zənciləri bəsləyirlər. Onları yedizdirmək üçün bolluca torpaq şumlayır və qarğıdalı əkirlər. Onlar çoxalan kimi satırlar. Biz də yer şumlayarıq, qarğıdalı əkərik və başlayarıq zənciləri bəsləyib artırmağa. Sonra isə ağlara pulla satarıq.

– Bəs biz bu pulu neyləyəcəyik? – deyə üçüncüsü maraqlandı.

Bir müddət cəhdlə düşündülər.

– Baxarıq da, – birincisi dedi. Onlar çöməlib oturmuşdular və səylə düşünməyə cəhd edirdilər.

– Deməli, yenə də işləmək lazım gələcək, – üçüncüsü dedi.

– Qoy bunu zəncilərin özləri eləsinlər, – deyə birinci hindu etiraz etdi.

– Elədir, qoy özləri. Bizə isə tərləmək ziyandır. İşləyəndə bədən nəm çəkir. Bütün dəlmə-deşiklər açılır.

– Sonra soyuq hava ordan içəri keçir.

– Elədir. Qoy zəncilər işləsinlər. Onlar tərləməyi sevirlər.

Beləliklə, tayfa zəncilərin köməyilə daha çox sahəni əkib-becərməyə başladı. Əvvəllər qullar çardaqlı evdən çox donuz pəyəsinə oxşayan bir ağılda yaşayırdılar. İndən belə, hindular üçün ayrıca komalar tikib zəncilərin cavan oğlan və qızlarını orda saxlayırdılar ki, törəyib artsınlar. Beş ildən sonra İssetibbexa qırx baş qulu memfisli qul alverçisinə satıb, ana tərəfdən qohumu olan yerli orleanlı dayısının rəhbərliyi ilə Avropaya səyahət etdi. Kavaler Syö Blond de Vitri o vaxtlar artıq Parisə qayıtmışdı, qocalıb əldən düşmüş, bütün dişləri tökülmüşdü. Parik və korset gəzdirirdi, quruyub qaxaca dönmüş ənlik-kirşanlı sifətində isə istehza qarışıq faciəvi bir ifadə hopub qalmışdı. O, İssetibbexadan üç yüz dollar borc alaraq bunun əvəzinə onu bəzi kübar dairələrlə tanış etdi, bir ildən sonra İssetibbexa evə qayıdanda özü ilə qızıl suyuna çəkilmiş çarpayı və deyilənə görə, bir vaxtlar işığında madam Pampadurun saçını düzəltdiyi və Lüdovikin onun pudralanmış çiyni üstdən boylanaraq güzgüdə öz əksinə gülümsədiyi bir cüt şamdan gətirdi. Ancaq hədiyyələrdən ən çox xoşuna gələn qırmızı dabanlı ayaqqabılar idi. Lakin tufli ayağına olmurdu, bu da təəccüblü deyildi, çünki bu vaxtacan İssetibbexa ömründə ayaqqabı geyməmişdi.

O gətirdiyi tufliləri tütün kağızına bükərək ağzınacan küknar qozları ilə doldurulmuş aşırma heybənin cibində saxlayır və hərdən çıxarıb oğlu Moketubbeyə oynatmağa verirdi. Hələ üç yaşında ikən Moketubbenin enli, yastı, monqol sifəti elə ifadəsiz və donuq idi ki, sanki o, dərin bir yuxuya getmişdi və oyanacağına da güman yox idi. Yalnız qırmızı dabanlı tufliləri görəndə sifətində həyat nişanələri görünməyə başlayırdı.

Moketubbenin anası gözəl bir qız idi. İssetibbexa onu bostanda işləyəndə gördü. Dayanıb bir müddət qıza, onun ətli yançaqlarına, möhkəm kürəyinə, sakit sifətinə tamaşa elədi. İssetibbexa çaya balıq tutmağa gedirdi, ancaq həmin gün gedib çaya çata bilmədi. Heç ayaqları artıq tufliyə girmirdi. Sakit, bürkülü axşamlarda İssetibbexa oğlunun koppuş, enli pəncələrini necə bir inadla ayaqqabının içinə soxmağa çalışdığına baxır və səssiz-səssiz gülürdü. O, hələ bir neçə il də beləcə səssizcə güldü, çünki Moketubbe on altı yaşınacan tufliləri ayağına keçirə biləcəyi ümidini itirmir, böyüdükcə bir o qədər inadla ayağını tufliyə soxmağa can atırdı. Lakin sonralar öz inadından əl çəkdi. Ancaq İssetibbexaya elə gəlirdi ki, əl çəkib. Əslində isə o, İssetibbexanın yanında özünü elə göstərir, ayaqqabılara yaxın durmurdu. Günlərin birində saysız-hesabsız arvadlarının sonuncusu İssetibbexaya xəbər verdi ki, bəs Moketubbe tufliləri oğurlayıb gizlədib. Bu yerdə İssetibbexa gülməyini kəsib arvadına buyurdu ki, çıxıb getsin. Tək qalandan sonra – “Hə-ə, – dedi, – mənim özüm də yaşamağı xoşlayıram”. Sonra adam göndərib Moketubbeni yanına çağırtdı. – Bu tufliləri sənə hədiyyə verirəm, – dedi.

O vaxtlar Moketubbenin iyirmi beş yaşı vardı. Hələ də evlənməmişdi. İssetibbexanın özü çox da hündür deyildi. Bununla belə, boyu oğlundan altı düym hündür, çəkisi isə yüz funt az idi. Moketubbenin o vaxtlar enli, solğun, yuxulu sifəti, sanki xəstəlikdən şişmiş əlləri və ayaqları vardı.

İssetibbexa diqqətlə oğluna baxıb:

– Tuflilər indi sənindir, – dedi.

Moketubbe yalnız bircə dəfə – içəri girəndə gözlərini zilləyib atasının üzünə baxdı. Lakin bu iti, ehtiyatlı və oğrun baxışdan İssetibbexa heç nə oxuya bilmədi.

Moketubbe:

– Çox sağ ol, – dedi.

İssetibbexa hələ də ona baxırdı, ancaq heç nə kəsdirə bilmirdi. O, heç vaxt Moketubbenin nə gördüyünü, niyə baxdığını anlaya bilmirdi.

– Bu ayaqqabılar onsuz da sənin olacaq, onu sənə bağışlamaqla məgər bir şey dəyişirmi?

Moketubbe yenə də:

– Çox sağ ol, – dedi.

İssetibbexa bir çimdik burunotunu damağının altına qoyub kitrə ağacının budağı ilə dişlərinə sürtə-sürtə:

– Nə etmək olar, – dedi. – İnsan əbədi yaşaya bilməz. – O, yenə oğluna baxdı, sonra onun gözləri sanki boşaldı. Bütün bədəni süstəldi və o, dərin xəyala qərq oldu. Nə barədə düşündüyü məlum deyildi, amma bir müddətdən sonra sanki öz-özünə danışırmış kimi:

– Hə, ancaq atam Duumun, əmisinin qırmızı dabanlı ayaqqabıları yox idi, – dedi. O, yenə də qarşısında dayanıb gözlərini aşağı dikmiş şişman və yuxulu oğluna baxdı: – Hə, bu cür sir-sifəti olan adam nə desən eləyə bilər, heç xəbər də tutmazsan. Tutanda da artıq gec olar. – O, oturacağı maral dərisindən hörülmüş kresloda oturmuşdu. – O, ayaqqabıları heç geyə də bilmir. Bu ayaqqabılar hətta onun ayağına da olmur, məgər bu, mənim günahımdır?

O daha beş il yaşadı, sonra öldü. Günlərin birində axşamüstü qəfildən heysizləşdi və skuns dərisindən arxalıq geymiş şaman bütün gecəni onun başı üstündə ovsunlu çubuqları yandırsa da, sübhə yaxın keçindi.

Bu hadisə dünən baş vermişdi. Qəbir artıq qazılmışdı və bütün gün adamlar furqon və arabalarda, atlı və piyada qızardılmış it əti, sekkotaj və közdə bişirilmiş ət yemək və dəfn mərasimində iştirak etmək üçün axışıb bura gəlirdilər.

III

Öz yoldaşı ilə başçının evinə qayıtmış Üç Səbət:

– Bu, üç gün çəəcək, – dedi.- Ən azı üç gün. Heç ərzaq da çatmayacaq. Bir dəfə görmüşəm, bu necə olur.

O biri hindunun adı Qaragilə Lui idi.

– O, bu cür istidə iylənəcək, – dedi.

– Elədir. Onlardan həmişə ziyan çəkmişik. Ziyandan savayı heç nə gözləmə.

– Bəlkə heç üç gün çəkmədi.

– Yox, onlar çox uzağa qaçırlar. Bu başçı yerin tərkinə gedənəcən bolluca iy verəcək. Özün görəcəksən ki, mən haqlıyam.

Onlar evə yaxınlaşdılar.

– İndi o, ayaqqabıları geyə bilər. – Qaragilə dedi. – Hamının gözü qabağında geyə bilər.

– Hələlik yox, – deyə Üç Səbət razılaşmadı. Qaragilə təəccüblə ona baxdı. – O, təqibə özü başçılıq etməlidir.

– Moketubbe? – deyə Qaragilə heyrətləndi. – O ki danışmağa belə ərinir. Səncə indi buna razı olar?

– Bəs necə? Axı tezliklə onun atası iy verəsidir, mənim yox.

– Elədir. – Qaragilə dedi. – Deməli, başçı olandan sonra belə ayaqqabılar ona havayı qismət olmayıb. Bunun üçün o, hələ xeyli tər tökməli olacaq, elə deyil? Sən nə fikirdəsən?

– Bəs sən nə fikirdəsən?

– Bəs sən?

– Mən heç nə fikirləşmirəm. Ayaqqabılar indi İssetibbexanın nəyinə gərəkdir? Moketubbe onları özünə götürə bilər. İssetibbexa üçün fərqi yoxdur.

– Elədir. Qoy götürsün. O, başçıdır. Buna onun haqqı var.

Evin qabağında gəmidən də xeyli hündür, üstü ağac qabığı ilə örtülmüş, altına yağmurlu havalarda bağlanan qatır və atların dırnaqları ilə eşilib tapdalanmış çardaq var idi. Gəmi göyərtəsinin burun hissəsində bir qoca və iki arvad oturmuşdu. Arvadlardan biri toyuq ütür, o biri qarğıdalının qabıqlarını soyurdu. Qoca isə deyinirdi. O, qalın kətandan uzun pencək və qalın şlyapa geyinmişdi. Amma ayaqları yalın idi.

– Hər şey məhv olur, – deyə qoca mızıldanırdı. – Bu gəlmələr axırımıza çıxacaqlar. Nə qədər ki onlar zənciləri boynumuza mindirməmişdilər, hər şey yaxşı idi. Ürəyimiz istəyən kimi yaşayırdıq. Qabaqlar qocalar kölgədə oturub maral əti və qarğıdalı yeyir, tənbəki çəkir və namusdan, qeyrətdən, mühüm işlərdən danışırdılar. İndi isə? Hətta qocalar belə tərləməyi sevən bu axmaqların qayğısını çəkməkdən usanıb əldən düşürlər. – Üç Səbət və Qaragilə göyərtəyə qalxanda qoca susub gözlərini onlara zillədi. Gözləri sönük və kədərli idi, sifəti narın qırışların içində itib-batmışdı. – Deməli, bu da qaçdı.

– Elədir, – deyə Qaragilə cavab verdi. – Qaçdı.

– Mən bilirdim ki, axırı belə olacaq. Duum öləndə olduğu kimi indi də üç həftə onun dalınca düşəcəyik. Görərsiniz.

– Üç həftə yox, üç gün, – deyə Qaragilə etiraz etdi.

– Bəyəm sən orda idin?

– Yox. Lakin mən başqalarından eşitmişəm.

– Mənsə ordaydım, – qoca dedi, – düz üç həftə bataqlığın, tikanlı kolların içiylə ovu qovaladıq. – Qoca hələ də danışırdı. Lakin Üç Səbət və Qaragilə artıq onu eşitmirdilər. İçəri keçmişdilər.

Bir vaxtlar gəminin salonu olan otaqdan indi tədricən sökülüb-dağılan çürük bir qutu qalmışdı. Salonun qırmızı ağacdan olan örtüyü kif atmışdı, şüşələri sınmış pəncərələr içi oyulmuş göz yuvası kimi qaralırdı. Otaqda bir neçə toxum kisəsi və landonun (red. dördnəfərlik açıq kareta) dişləsi, təkərləri və qabaq çarxı vardı. Söyüd çubuqlarından hörülmüş qəfəsdə bir tülkü balası aramsız olaraq o baş-bu başa qaçırdı. Üç arıq döyüş xoruzu toz-torpağın içində eşələnirdi. Döşəmə onların quru nəcisi ilə örtülmüşdü.

Hindular kərpic divardakı deşikdən keçib çatlaq şalbanlardan tikilmiş böyük bir otağa düşdülər. Burda landonun arxa hissəsi və layları küncə atılmışdı. Pəncərəyə söyüd çubuqlarından hörülmüş çərçivə salınmışdı. Çərçivənin deşiklərindən başlarını bayıra çıxarmış döyüş xoruzlarının muncuq kimi yupyumru hirsli gözləri və didilmiş pipikləri vardı. bir küncdə qədim xış və bir cüt əldəqayırma avar divara söykədilmişdi, İssetibbexanın Parisdən gətirdiyi qızılı çarpayı dörd qayışla tavandan asılmışdı. Çarpayının artıq nə döşəyi, nə yayları vardı. Boş çərçivə səliqə ilə dəri qayışlarla hörülmüşdü.

İssetibbexa hər axşam gənc arvadını bu çarpayıda yatmağa məcbur edirdi. O, özü təngənəfəs olduğundan uzanmır, gecələri yarıoturmuş vəziyyətdə kresloda keçirirdi. Axşamlar arvadının çarpayıda uzandığına əmin olduqdan sonra o, uzun-uzadı qaranlıqda oturub özünü yuxuluğa vururdu – o, gün ərzində cəmi üç-dörd saat yatırdı. Gecənin bir aləmində arvadının necə oğrun-oğrun döşəksiz qayışlardan yorğanın üstündə uzanmağına ləzzətlə tamaşa eləyirdi – baxır və səssizcə gülürdü. Səhərə yaxın arvadı yenə oğrun-oğrun yerindən qalxıb, qorxa-qorxa boylanır və təzədən çarpayıya uzanaraq özünü yuxuluğa vururdu, heç ağlına da gəlmirdi ki, iki addımlıqda əri İssetibbexa oturub onun hər bir hərəkətinə göz qoyaraq səssizcə gülür.

Otağın küncündə yerə sancılmış çubuqlara İssetibbexanın Parisdən gətirdiyi şamdanlar bərkidilmişdi, elə həmin küncə on qallonluq viski çəlləyi qoyulmuşdu. Otaqda bir də gildən ocaq yeri vardı, ocağın qənşərinə açılıb-yığılan kreslo qoyulmuşdu, kresloda Moketubbe əyləşmişdi. Qara mahud pencək geymişdi, ancaq köynəyi yox idi və alt tumanının kəməri üstündən tunc kürəyə oxşayan yumru və hamar qarnı çıxmışdı, ayağında qırmızı dabanlı tuflilər vardı. Kreslonun arxasında yeniyetmə oğlan dayanmışdı, məxmər yelpiklə onu yelləyirdi. Moketubbe yerində qurcanmadan oturmuşdu, gözlərini yummuş və suitinin üzgəcinə oxşayan koppuş əllərini dizləri üstünə qoymuşdu. Onun yastıburunlu, sarı, enli sifəti – sehirli, faciəvi laqeyd bir maska kimiydi. Qaragilə və Üç Səbət içəri girəndə də Moketubbe gözlərini açmadı.

– O, ayaqqabıları sübh tezdən geyib? – deyə Üç Səbət oğlandan xəbər aldı.

– Səhərin gözü açılmamış, – oğlan csvab verdi. Yelpiyin hərəkəti bir anlıq da kəsilmirdi. – Özünüz görürsüz.

– Elədir. – Üç Səbət dedi. – Görürük.

Moketubbe tərpənmədi. Pencək və darbalaqda, sinəsi açıq, ayağında qırmızı dabanlı bayakı tuflilər, Asiya bütü kimi dinməzcə əyləşmişdi.

– Sizin yerinizdə olsaydım, – oğlan dedi, – ona toxunmazdım.

– Sən bəlkə də toxunmazdın. – Üç Səbət dedi. Qaragilə ilə çöməlib oturdular, oğlan yelpiyini yelləməyindəydi. – Qulaq as, ey

başçı, – deyə Üç Səbət sözə başladı. Ancaq Moketubbe tərpənmədi. – O qaçdı.

Moketubbenin əvəzinə yenə oğlan dilləndi.

– Mən sizə demişdim. Bilirdim ki, o qaçacaq. Sizə demişdim.

– Elədir. Sənin kimi sonradan başbilənlik eləyənlər çoxdur. Bəs siz ağıllılar dünən ona mane olmaq üçün niyə heç nə eləmədiniz?

– O, ölmək istəmir, – Qaragilə dedi.

– Axı niyə istəməsin?

– Niyə də istəsin? – deyə oğlan söhbətə qarışdı. – nə vaxtsa öləcəyi ehtimalı hələ elə bir dəlil deyil. Bu heç məni də inandırmazdı.

– Ağzını yum. – Qaragilə dedi.

– Düz iyirmi il, – deyə Üç Səbət sözə başladı. – Onun tayfası günün altında tər tökdüyü halda o, kölgəlikdə başçıya qulluq edirdi. ƏGƏR O, ƏVVƏLLƏR TƏRLƏMƏK İSTƏMİRDİSƏ, NƏ ÜÇÜN İNDİ ÖLÜMÜ İSTƏMƏSİN?

– Özü də bu cür asan ölümü, – deyə Qaragilə onun sözünə qüvvət verdi, – bir göz qırpımında əziyyətsiz ölməyi niyə istəməsin?

– Onu tutanda bunu özünə deyərsiniz, – oğlan dedi.

– Sakit, – deyə Qaragilə qəfildən onun sözünü kəsdi. Hər iki hindu çöməlib diqqətlə başçının üzünə baxmağa başladılar. Amma Moketubbe tərpənmirdi, elə bil, özü də ölmüşdü. Sanki nəfəsi bu qalın piy qatının elə dərinliklərində gedib-gəlirdi ki, zahirən onu heç hiss eləmək də mümkün deyildi.

– Dinlə bizi, ey rəhbər, – deyə Üç Səbət yenə sözə başladı, – İssetibbexa ölüb. O gözləyir. Onun atı və köpəyi bizim əlimizdədir, ancaq nökəri qaçıbdır. İssetibbexa gözləyir.

– Elədir, – Qaragilə dedi.

– Bu artıq birinci dəfə deyil. Sənin babanın dövründə də belə olmuşdu. Duum uzanmışdı, gözləyirdi ki, nə vaxt onu aparıb basdıracaqlar. Düz üç gün-üç gecə beləcə gözlədi. Deyirdi: “Hanı mənim zəncim, hanı mənim nökərim?” O vaxt atan İssetibbexa ona belə cavab vermişdi: “Mən onu tapacağam, narahat olma: mən onu sənin yanına gətirəcəyəm ki, səfərə rahat çıxa biləsən”.

Moketubbe tərpənmədi, gözlərini açmadı.

– Üç gün-üç gecə İssetibbexa aranda yol yordu, qulu qovdu. Zəncini tutub gətirənəcən nə gözünə yuxu getdi, nə dilinə çörək dəydi. Zəncini gətirib atası Duuma dedi: “Bu sənin atın, bu sənin köpəyin, bu da sənin zəncin. Sakit ol”. Dünən ölmüş İssetibbexa belə dedi, indi isə İssetibbexanın öz nökəri qaçıb, onun atı və iti yerindədir. Nökəri isə yoxdur – nökəri qaçıbdır.

– Elədir. – Qaragilə dedi.

Moketubbe tərpənmədi. Gözləri yumulu idi, kresloya yayılmış şişman bədənində sanki bir yük kimi süstlük asılıb onu həyata qayıtmağa qoymurdu. O, elə dərin tərpənməzliyə qərq olmuşdu ki, heç bir səs-səda onun qalın qatını deşib keçə bilmirdi. Çöməlib oturmuş hindular diqqətlə onun sifətinin ifadəsini izləyirdilər.

– O hadisə sənin atan təzə başçılığa keçəndə olmuşdu, – Üç Səbət dedi. – Başqası yox, məhz İssetibbexa zəncini tutub Duumun yanına gətirmişdi.

Moketubbenin sifəti hərəkətsiz, gözləri qapalı idi. Üç Səbət bir az da gözləyib:

– AYAQQABILARINI ÇIXARIN, – dedi.

Oğlan dartıb tufliləri Moketubbenin ayağından çıxardı. Moketubbe qəfildən, kəsik-kəsik, hövlnak nəfəs almağa başladı: onun çılpaq sinəsi qalxıb-düşür, sanki dənizin dibindəymiş kimi gözləri hələ də yumuluydu.

– O, təqibə başçılıq edəcək, – Qaragilə dedi.

– Elədir, – Üç Səbət dedi. – İndi o, başçıdır. Təqibə o özü başçılıq edəcək.

IV

Başçıya nökərçilik etmiş, o xəstələndikdə isə qaçıb gizlənmiş zənci həmin günü samanlıqda uzanaraq ordan İssetibbexanın necə can verdiyinə tamaşa eləyirdi. Zəncinin qırx yaşı olardı: yastı burnu, qısa, qıvrım saçlı balaca başı, qabağa çıxmış göyümsov – çəhrayı rəngə çalan damaqları, iri və enli dişləri vardı. Qul alverçilərindən biri onu Kamerundan gətirəndə cəmi on dörd yaşındaydı, ona görə dişləri mişarlanmamış qalmışdı. Elə o vaxtdan – düz iyirmi üç il idi ki, İssetibbexaya nökərçilik edirdi. İssetibbexanın xəstələndiyi günün ərəfəsində axşamüstü zənci qəsəbəyə -evinə yollandı.

Qaranlıq təzəcə düşmüşdü. Günün bu durğun çağında bütün komalarda ocaqlar tüstülənir və eyni bir qoxu – bütün ocaqlarda eyni xörək bişirilirdi – qapılardan çıxıb dalğa-dalğa küçəyə yayılırdı. Arvadlar ocaq başında əlləşirdilər; kişilər küçənin yuxarı başına toplaşıb zəncinin alatoranlığın aldadıcı işığında yalın ayaqlarını ehtiyatla yerə basa-basa üzüaşağı, qəsəbəyə tərəf düşməyinə tamaşa eləyirdilər. Kişilərin durduğu yerdən baxanda adama elə gəlirdi ki, zəncinin gözləri azacıq işıldayır.

– İssetibbexa hələ ölməyib, – qulbaşı dedi.

– Ölməyib, – deyə zənci ona əks-səda verdi. – Kim ölməyib?

Ala-toranlıqda hamının hamının sifəti nökərin sifəti kimi idi; yaş arasındakı fərq itmişdi. Ölü meymun maskasına bənzəyən bu sifətlərdə eyni bir ifadə donub qalmışdı. Tüstünün və biş-düşün kəskin iyi xəfif bir axınla qaralmaqda olan havaya yayılırdı. Adama elə gəlirdi ki, bu iy küçənin və toz-torpağın içində eşələnən çılpaq uşaqların başlarının üstü ilə süzülərək uzaqdan, sanki başqa bir dünyadan uçub gəlir.

– Əgər o, qaş qaralanacan ölməsə, deməli, səhərəcən yaşayacaq, – zəncilərdən biri dilləndi.

– Kim dedi?

– Deyirlər.

– Deyirlər. Çox şey deyirlər. Lakin biz bircə şeyi bilirik. – Onlar qarşılarında durmuş nökərə baxırdılar. O, kəsik-kəsik, ağır-ağır nəfəs alır, gözləri sönük-sönük işarırdı. Sinəsi çılpaq idi; sinəsinin üstündə tər damcıları puçurlanırdı. – O, bilir. O, özü bilir.

– Qoy, təbillər desinlər.

Elədir qoy təbillər desinlər.

Təbillər axşam düşəndə səsləndi. Bataqlıq sərvinin içi oyulmuş köklərindən düzəldilmiş təbilləri zəncilər bərk-bərk gizlədirdilər – niyə gizlətdiklərini isə heç kəs bilmirdi. Təbillər bataqlığın qırağnda, lilə basdırılmışdı; on dörd yaşlı bir oğlan onların keşiyini çəkirdi. O, boyca gödək və anadangəlmə lal-kar idi. Bütün günü çöməlmiş vəziyyətdə, ağcaqanadlardan canını qurtarmaq üçün bədəninə yaxdığı qalın palçıq qatını nəzərə almasaq lüm-lüt oturub təbillərin keşiyini çəkirdi; boynundan ot torbası asılmışdı, torbada üstündə azca əti olan donuz qabırğası və simə keçirilmiş iki parça ağac qabığı vardı. O, bütün günü dizlərini qucaqlayaraq oturur və ağzının suyunu axıda-axıda nə isə mızıldanırdı. Bəzən arxadan, kolların arasından hindular səssizcə çıxır, bir dəqiqə dayanıb ona tamaşa edir və eləcə səssizcə çıxıb gedirdilər, o isə heç nə görmür, heç nə eşitmirdi.

Zəncinin bütün günü və bütün gecəni qaldığı tövlənin üstündəki samanlıqda təbillərin səsi aydınca eşidilirdi. Çaya üç mil olardı. Ancaq o, təbillərin səsini elə aydınca eşidirdi ki, sanki təbilləri onun başı üstündə – tövlədə çalırdılar. Ona elə gəlirdi ki, tonqalın və təbillərin üzərində rəqs edən əlləri – alovun işığında tunc rəngə çalan qara əlləri də lap aydınca görür. Ancaq orada alov yox idi, orda işıq burdakından – onun uzandığı tozlu, qaranlıq samanlıqdakından çox deyildi. Orada ağcaqanadları qovmaq üçün çatılmış, güclə tüstülənən tonqaldan savayı işıq yox idi, tonqalın ətrafında əliuşaqlı qadınlar oturub hamar, südlə dolu döşlərini körpələrinin ağzına salmışdılar, əmizdirirdilər – özləri də ədrin xəyal içində oturmuşdular, təbillərin səsini belə eşitmirdilər… Orada od yox idi, çünki od həyat deməkdir. Burda isə yalnız göyərtinin böyründəki otaqda kiçik bir tonqal yanırdı. Orada İssetibbexa çubuqlara taxılmış şamdanların və qamışla tavandan asılmış qızılı çarpayının altında, arvadlarının əhatəsində uzanıb can verməkdə idi. tonqal yanır, tüstülənir və zənci bu tonqalın tüstüsünü çox aydın görürdü. Səhərə yaxın o, skuns dərisindən arxalıq geymiş şamanın gəminin burnuna qalxaraq iki gil çubuğu yandırdığını gördü. “Deməli o hələ ölməyib” – bunu zənci samanlığın xışıldayan qaranlığına üz tutub sanki özü-özünə cavab olaraq dedi: o iki səsin bir-biri ilə söhbət etdiyini eşidirdi. Hər iki səs onun idi.

– Kim öldü?

– Sən öldün.

– Elədir, mən öldüm, – deyə o, yavaşcadan özünə cavab verdi. Qəfildən könlündən orada, təbillərin döyüldüyü yerdə olmaq istəyi keçdi – kolların içindən çıxıb arıq, yağlanmış və gözəgörünməz ayaqları ilə, iri sıçrayışlarla təbillərin arasında lümlüt qaçdığını təsəvvürünə gətirdi. Lakin o, bunu edə bilməzdi, çünki bu cür sıçrayış insanı həyatdan ölümün məskən saldığı yerə aparır. O, özü ölümün qabağına atılıb, elə ona görə də ölə bilmir. Çünki ölüm insanı yalnış o vaxt apara bilər ki, onu sərhədin bu tayında – lap son qurtaracağında yaxalaya bilsin. Ölümə onu arxadan o hələ yaşamaqda ikən haqlamaq vacibdir. Baltalarla yonulmuş qədim çatıların üstüylə qaçışan siçovulların xəfif xışıltısı küləyi tədricən sakitləşən uğultusu kimi çatıların qurtaracağında eşidilməz olurdu. Bir dəfə o, siçovul yemişdi. O vaxtlar uşaq idi, Amerikaya təzəcə gətirilmişdi. Onlar düz üç ay gəminin anbarında oturub bütün günü ingiltərəli kefli şkiperin avazla kitab oxumasını dinləyirdilər; yalnız on ildən sonra o, başa düşdü ki, bu Tövrat imiş. O, bir küncə qısılaraq illərlə sivilizasiya şəraitində, insanlarla qonşuluqda yaşadıqlarından sayıqlıq və çevikliyini itirmiş siçovullara tamaşa eləyirdi. O, çox asanca əlinin bircə hərəkəti ilə siçovulu tutub tələsmədən fikirli-fikirli yeməyə başladı. Siçovulu yeyə-yeyə bu cür asan ələ keçən canlının hələ də yer üzündə həyat sürdüyünə möhkəmcə təəccüblənirdi. O vaxtlar o, əsas peşəsindən əlavə həm də qul alveri ilə məşğul olan unitar kilsənin keşişinin verdiyi uzun, ağ köynək geyir və yalnız öz doğma ləhcəsində danışa bilirdi.

İndi isə hinduların ağların satın aldığı mahud şalvarı və qayışla belinə asdığı tilsimi nəzərə almasaq, o, tamam çılpaq idi. tilsim İsetibbexanın Parisdən gətirdiyi sədəf lornetin yarı tayından və mokassin ilanın kəllə sümüyündən ibarət idi. O, samanlıqda uzanmışdı, evə, gəmiyə baxır, təbil səsini dinləyir və özünü təbillərin arasında atılıb-düşən təsəvvür eləyirdi.

O, beləcə bütün gecəni samanlıqda qaldı. Səhəri şamanın gəmidən çıxıb, öz qatarına minərək başçının evini tərk etdiyini gördü. Bütün bədəni gərildi, qatarın qaldırdığı toz yatanacan gözlərini yoldan çəkmədi, yalnız bundan sonra hələ də nəfəs aldığını sezdi və təəccübləndi ki, nəfəsi lələ də gedib-gəlir və ona hələ də hava lazımdır. O, yenə də uzanmışdı, səssizcə baxırdı, çıxıb getməyə fürsət kəsirdi; gözləri sönük-sönük işıldayırdı, nəfəsi də sakit və rəvan idi. Tezliklə o, Qaragilənin kayutdan çıxıb göyə baxdığını gördü. Hava artıq işıqlaşmışdı və göyərtədə beş hindu bayram geyimində çöməlib oturmuşdu; günortaya yaxın orada artıq iyirmi beş hindu oturmuşdu. Günəş qərbə dönəndə onlar çala qazmağa başladılar, bu çalada onlar ət qızardacaqdılar. Yams meyvələrini közdə bişirəcəkdilər; artıq yüz nəfərəcən qonaq yığışmışdı – hamısı da özünü təmkinli, abırlı aparmağa çalışır. Avropa geyiminin narahatçılığına səbirlə dözürdülər; zənci Qaragilənin İssetibbexanın madyanını tövlədən çıxarıb ağaca bağladığını gördü. Az keçmiş Qaragilə adətən İssetibbexanın kreslosu yanında uzanıb mürgü vuran qoca köpəyi evdən çıxarıb xaltasından darta-darta gətirdi, onu da ağaca bağladı; özüdə çöməlib oturdu və vüqarla qonaqları süzməyə başladı. Qəfildən köpək ulamağa başladı. Gün qüruba çəkiləndə o, hələ də ulamaqdaydı. Ətrafa qaranlıq çökəndən sonra o, sarayın arxa divarından aşdı, bulağa gedən dərəyə enməyə başladı. Orada artıq gecə idi. Dərəyə düşər-düşməz zənci qaçmağa üz qoydu. Arxadan köpəyin ulartısı gəlirdi. Bulağın yanında o, hələ qaçmaqda ikən başqa bir zənci ilə üz-üzə gəldi və onlar biri dayanmış, o biri qaçış vəziyyətində bir anlıq bir anlıq bir-birlərini süzdülər: sanki iki dünyanı bir-birindən ayıran barının üstündən baxışırdılar. Tezliklə hava tamam qaraldı, o isə hələ də qaçırdı, dişlərini qıcıyıb, yumruqlarını düyüb. Enli burun pərələrini şişirdə-şişirdə qaranlıqda qaçırdı.

O, bu yerlərə yaxşı bələd idi, çünki burada dəfələrlə İssetibbexa ilə ova çıxmış, qatırını başçının madyanı ilə yanaşı sürərək tüklü və ya vəhşi çöl pişiyinin iziylə getmişdi. O, bu yerlərə onu təqib edəcək adamlar qədər yaxşı qalmış olduğunu gördü. Bu vaxtacan o, çayın axarı boyu başı yuxarı otuz mil məsafəni qət etmiş, geri dönüb təzədən aşağı düşmüş və ətirli-qoxulu otların içində gizlənib onu təqib edənləri gözləmişdi. Onlar iki nəfər idi, hər ikisi kətan köynək geymiş, həsir şlyapa qoymuşdu, səliqə ilə bükdükləri şalvarını qoltuqlarına vurmuşdular: amma silahları yox idi. Hər ikisi yaşlı, yekəqarınıydı, ona görə yeyin gedə bilmirdilər; qovduqları adamın iziylə gedib yalnız səhərə yaxın zəncinin indi gizləndiyi yerə qayıda biləcəkdilər. “Deməli, gecə yarısınadək dincələ bilərəm,” – deyə zənci düşündü. Plantasiya o qədər yaxındaydı ki, tüstünün, qızardılmış ətin iyinin lap aydınca duyur, fikirləşirdi ki, bir şey tapıb yesə pis olmaz, əslində o, acmamışdı, lakin indi özü haqda tamam kənar bir şəxs kimi düşünürdü; düşünürdü ki, yəqin o, acıb, axı, bütün günü dilinə heç nə dəyməmişdi. Lakin az keçmiş fikrini dəyişdi: “Yox, dincəlmək daha vacibdir”, – düşündü. O, otların içində uzanmışdı, öz-özünə təkrar-təkrar deyirdi: “dincəlmək lazımdı, dincəlmək…” O, dincəlməyə tələsdikcə, bunu bacardıqca tez, tez etmək lazım gəldiyini düşündükcə ürəyi bir o qədər şiddətlə döyünürdü. Sanki o, adamların necə dincəldildiyini tamam unutmuşdu və bunu yada salmaq üçün ixtiyarında olan altı saatın kifayət etməyəcəyindən qorxurdu.

Hava qaralan kimi, o, təzədən ayağa qalxdı. Fikirləşdi ki, bütün gecəni sakitcə, tələsmədən yol gedəcək, onsuz da getməyə yeri yoxdu; lakin elə ilk addımdan dözməyib qaçmağa üz qoydu; ağır-ağır, burun pərələrini şişirdə-şirirdə təngnəfəs qaçırdı. O, bir saat beləcə qaçdı, heç özüdə bilmirdi hara qaçır, sonra səmti tamam itirib qəfildən dayandı. Qulaq asmağa başladı və az keçmiş ürəyinin döyüntüsü təbillərin səsindən ayrıldı, sinəsinə qayıtdı və orada aramla çırpınmağa başladı. Təbillər hardasa yaxında, bəlkə də cəmi iki mil aralıda idi. O, səsi tutub getdi, bir müddət qaranlıqda dolaşdı, nəhayət, tüstü tonqalının kəskin iyini duydu. O, göründükdə təbillər susmadı, yalnız qulbaşı qabağa yeridi, zənci tüstü dumanın içində durmuşdu, titrək burun pərələrini şişirdərək ağır-ağır nəfəs alırdı, parıltı gah zəifləyir, gah güclənirdi, sanki onların işığı ciyərlərinin dolub-boşalmasından asılı idi.

– Biz səni gözləyirik, – qulbaşı dedi. – İndi isə çıx get.

– Gedim?..

– Ye və çıx get. Ölü dirilərin arasında qala bilməz. Sən özündə bunu bilirsən.

– Elədir. Bilirəm. – Onlar bir-birlərinə baxmadan danışırdılar. Təbillər səslənirdi.

– Yemək istəyirsən? – deyə qulbaşı xəbər aldı.

– Mən ac deyiləm. Bu gün dovşan tutub yemişəm.

– Onda özünlə qızardılmış ət götür.

O, yarpaqlara bükülmüş əti götürdü və təzədən çayın yatağına düşüb yola düzəldi, bir azdan təbillər susdu. O, səhər açılanacan dayanmadan yol getdi. Mənim hələ bir günümdə var, – deyirdi. – Bəlkə də çox, onlar izə gecə düşmüşdülər. Gecə izi görmək çətindir. – O, çöməlib oturdu, tələsmədən əti yedi, əllərini yançaqlarına sildi. Sonra qalxdı, şalvarını əynindən çıxardı, bataqlığın yanında təzədən çöməldi, palçıq götürüb əllərinə, ayaqlarına, bütün bədəninə yaxdı, sonra əlləri ilə ayaqlarını qucaqladı, başını əlləri üstünə qoydu. Hava işıqlaşanda qalxıb bataqlığın içərilərinə yönəldi, oradan təzədən çöməldi və beləcə yuxuya getdi. Yuxuda heç nə görmədi. Amma yaxşı ki, bataqlığın içərilərinə getmişdi, çünki oyananda qəfildən qarşısında həmin iki hindunu gördü, onun gizləndiyi yerin qənşərində durmuşdular, – hər ikisi kök, yumru, lırt, yekəqarın; şalvarını büküb qoltuqlarına vurmuşdular, həsir şlyapa və ətəkləri yellənən köynəkdə çox gülməli görünürdülər.

Hindulardan biri:

– Yorucu işdir, – dedi.

– Hə. Evdə kölgədə otursaydıq, bundan yaxşı idi, – deyə o biri cavab verdi. – Amma orda başçı öz nökərini gözləyir. Tələsmək lazımdır.

– Elədir.

Onlar sakitcə ətrafa boylanırdılar. Biri əyilib köynəyinin ətəyindən tikanları təmizləməyə başladı.

– Görüm bu zəncini…

– Elədi. Narahatçılıq və əziyyətdən savayı onlardan nə vaxt xeyir görmüşük.

Tezliklə, günortadan sonra ağacın təpəsinə dırmaşan zənci plantasiyaya nəzər saldı. Baxıb gördü ki, İssetibexanın cəsədi öz əvvəl köpəyinin və atının bağlandığı ağacların arasında asılmış tor yelləncəyə sarınıb, gəminin qabağındakı meydança isə furqonlar, araba, qatır, qoşqulu və yəhərli atlarla doludur; ət bişirilənçala boyu əliuşaqlı arvadlar və qocalar oturmuşdular. Kişilər və yeniyetmələr isə səliqə ilə bükülmüş bayram geyimlərini ağacların haçasına keçirib çayın yuxarı axarı boyu onun iziylə gedirdilər. Zənci onlara göz qoymağa başladı və bir azdan onların maral dərisindən düzəldilmiş xərəkdə Moketubbeni bayıra çıxardıqlarını gördü. Zənci yarpaqların arasında gizlənərək hündür bir yerdən aşağıya, onun məhvi üçün necə tədarük görüldüyünə tamaşa edirdi və onun sifəti Moketubbenin üzü kimi donuq və ifadəsiz idi. “Belə, – deyə zənci astadan dilləndi. – Deməli, o da gedəcək. on beş ildi ki, bədəni ölmüş bu adam da gedəcək”.

Axşama yaxın o, hindulardan biriylə üz-üzə gəldi. Onlar çayın üzərində salınmış dirəyin üstündə qarşılaşdılar: hündür, arıq, baldırqayış, yorulmaz, çılğın zənci və kök, lırt, süst və hər bir oşə nifrət bəsləyən yorğun hindu ilə ensiz bir cığırda üz-üzə gəldilər. Hindu qımıldanmadı, səsini çıxarmadı; dirəyin üstündə dayanıb kirimişcə baxırdı. Zənci isə suya atıldı, üz-üzə sahilə çatıb meşədə gözdən itdi.

Axşamın düşməyinə az qalmış o, yıxılmış ağacın dalında gizlənib uzanmışdı, aöacın gövdəsi boyu ləng bir axınla qarışqa düzümü sürünürdü. O, qarışqaları bircə-bircə tutub ağzına atır və tənbəl-tənbəl, fikirli-fikirli yeyirdi. Sanki qonaqlıqda oturmuşdu, yeməklər dəyişdirilərkən yaranmış fasilədə bekar qalmamaq üçün qarşısındakı qabdan duzlanmış fındıqları götürüb ağzına atırdı. Qarışqalar da şor dadırdı. Zənci tənbəl-tənbəl onları yeyir və onların aramsız axınla ağacın gövdəsi ilə sürünərək dəhşətli bir inadla öz məhvlərinə doğru can atmalarına heyrətlə tamaşa edirdi. O, bütün günü heçnə yeməmişdi; bərkimiş palçıq maskasının altında sifəti görünməz olmuşdu, yalnız gözləri narahat-narahat işarırdı. Günün qürub çağında o, sürünərək, suyun qırağında oturmuş qurbağanı tutmaq istəyəndə onu qəfildən mokassin ilanı çaldı; zəhərli dişlərini ket və güclü zərbəylə qoluna batıraraq dəridə bir cüt uzun, sanki ulgüclə kəsilmiş yara qoydu. İlan onun üstünə atıldı, çaldı, çalan kimi də sanki öz çevikliyi və hiddətindən büsbütün boşalaraq heysizcə yerə düşdü, bir anlıq onun qarşısında tamam köməksiz vəziyyətdə qaldı. Zənci – “ Salam, nənə”, – dedi. İlanın başına toxundu və onun çırpınaraq dişlərini təzədən onun əlinə batırdığına laqeyd-laqeyd tamaşa elədi, ilan onu yöndəmsiz, küt zərbələrlə dalbadal üç dəfə çaldı.

– Bütün bunlar ona görədir ki, mən ölmək istəmirəm, – zənci bunu astadan, getdikcə artan sakit bir heyrətlə dedi. Sanki o, bunu indicə başa düşmüşdü, sanki nə qədər ki, bu sözlər qeyri-ixtiyari olaraq onun dodaqlarından qopmamışdı, o, özündə bu qədər güclü, ehtiraslı yaşamaq istəyinin olduğunu ağlına belə gətirmirdi.

V

Moketubbe tufliləri özü ilə götürmüşdü. O, yeriyəndə, hətta xərəkdə yırğalananda belə uzun müddət tufliləri ayağında gəzdirə bilmirdi, ona görə ayaqqabıları dizləri üstdə, bala maralın dərisindən tikilmiş fərşdə tutmuşdu, köhnə, öz ilkin qəlibini itirmiş, bağsız, qərməzə dabanlı tufliləri onun heysizcə arxası üstdə düşüb qalmış şişman bəədəninin üstdə idi. Həmin gün hindular bir-birini əvəz edə-edə yırğalanan xərəkdə CİNAYƏTİ VƏ CİNAYƏTİN ƏSAS SƏBƏBKARINI bataqlığın və tikanlı kol-kosun içiylə aparırdılar, – çünki, qatil qətlə yetənin qarşısında hələ öz borcunu verməliydi. Moketubbe üçün bu, sağ ikən ona ölüm arzulamış, öləndən sonra isə əbədi əzablarının təsadüfi şahidləri olmuş məhkum ruhların onu diri-diri cəhənnəmin içiylə sürüyüb aparması kimi bir şey idi.

Dincələndə hamı dövrə vurub oturur, xərəyi isə ortaya qoyurdular. Xərəkdə Moketubbe gözləri yumulu uzanmışdı, sifəti həm dinclikdən doğan bir həzz, həm də gələcək əzabların xofundan gələn bir ümidsizlik ifadə edirdi; belə vaxtlarda tufliləri çətinliklə də olsa, təzədən onun ayağına keçirirdilər. Bu zaman Moketubbenin üzündə mədə ağrısından əziyyət çəkən adamların sifətindəki kimi hüznlü və qayğılı bir ifadə peyda olurdu. Sonra dəstə təzədən yola düzəlirdi. Moketubbenin tərpənmirdi: o, xərəkdə yırğalanır, təzədən yola düzəlirdi. Moketubbe tərpənmirdi: o, xərəkdə yırğalanır, öz sonsuz tənbəlliyindənmi, ya kişilik və ruh yüksəkliyi kimi ali keyfiyyətlərdənmi dözüm alaraq susur, dillənmirdi. Bir müddətdən sonra xərəyi yerə qoyub və onun sapsarı, tər damcıları puçurlanan, büt kimi donuq üzünə baxırdılar və kimsə – Üç Səbətmi, ya Qaragiləmi deyirdi: “Ayaqqabıları çıxarın. Ehtiram göstərildi”. Tufliləri çıxardılar. Moketubbenin sifətinin ifadəsi dəyişmirdi, yalnız nəfəsi daha aydın duyulmağa başlayır, dodaqlarının arasından hıçqırığa oxşayan bir səslə çıxırdı, qalanları çöməlib kəşfiyyatdan gələnlər və çaparlarla söhbət edirdilər.

– O hələ görünmür?

– Yox, o, məşqə gedir. Axşam Tipax çayının mənsəbinə çatacaq. Sonra geri dönəcək. Biz onu sabah yaxalayacağıq.

– Yaxşı olardı. Yoxsa gör nə qədər vaxt keçib.

– Elədir. Artıq dördüncü gündür.

– Düüm öləndə məsələni üçcə günə çürütdük.

– Axı, o, qoca idi. Bu isə cavandır.

– Elədir. O, maral kimi qaçır. əgər onu sabah yaxalasalar, mən mərcə at udacağam.

– Elədir. Sabah tutsalar yaxşı olar.

Həmin gün plantasiyada ərzaq qıtlığı başlandı. Qonaqlar evlərinə dağılışdılar, ertəsi gün bir həftəlik ərzaqla qayıdıb gəldilər. Elə həmin gün İssetibbexanın cəsədi iylənməyə başladı və günortaya yaxın hava bir az da istiləşdi, külək üfunət iyini uzaqlara, çayın yuxarı və aşağı axarı boyu qovmağa başladı. Altıncı günü, axşam üstü kəşfiyyatçılar gəlib xəbər verdilər ki, zəncinin qanının izi tapılıb. O, özünü yaralayıb.

– Ümidvaram ki, yüngül yaradır. – Üç Səbət dedi. – Biz İssetibbexa ilə o dünyaya yararsız nökər göndərə bilmərik.

– Biz bilmirik – kəşfiyyatçı dedi. – O, gizlənib. Bataqlığın içərilərinə çəkilib. Biz ora gözətçi qoyduq.

İndi xərəyi qaça-qaça aparırdılar, zəncinin gizləndiyi bataqlığacan azı bir saatlıq yol vardı. Tələsdiklərindən və həyəcandan Moketubbenin ayaqqabılarını çıxarmağı unutmuşdular. Bataqlığa çatanda gördülər ki, Moketubbe bayılıb. Ayaqqabıları dartıb ayağından çıxardılar, onu huşa gətirdilər.

Hava qaralanda bütün bataqlıq artıq mühasirə edilmişdi. Hindular çöməlib oturmuşdular, başları üstünü isə bulud topası kimi ağcaqanad və mığmığalar almışdı. Qərbdə, səmanın lap qurtaracağında qütb ulduzu sönük-sönük işarırdı.

– Ona vaxt verək, – hindular dedilər. – SABAH ELƏ BU GÜNDÜR. SABAH BU GÜNÜN YALNIZ BAŞQA ADIDIR.

– Elədir. SABAH DA ELƏ BU GÜNDÜR. Onu tələsdirməyək. – Onlar susdular və qəfildən şərtlənmiş kimi hamının baxışı zülmətə – bataqlığa zilləndi. Az keçmiş bataqlıqdan gələn səs-küy yatdı və tezliklə qatı zülmətə kəşfiyyatçılardan biri göründü.

– O, mühasirəni yarıb qaçmaq istəyirdi.

– Siz onu geriyə qovduzmu?

– Bəli. O geriyə döndü. Üçümüz də az qala qorxacaqdıq. Biz onun qoxusunu duyurduq və daha nəyisə duyurduq, amma nəyi duyduğumuzu anlaya bilmirdik. Ona görə də qorxurduq, amma sonra o, bizi başa saldı. Bizdən xahiş elədi ki, onu elə indi öldürək, çünki bataqlıq qaranlıqdı və o, yaxınlaşan adamın üzünü görməyəcək. Amma bizim duyduğumuz bu da deyildi. O, bizi başa saldı. Onu ilan çalmışdı. İki gün əvvəl. Yarası şişmişdi, iy verdi. Ancaq bizim duyduğumuz bu da deyildi, çünki şiş çəkilmişdi və qolu balacalaşıb uşaq əli boyda olmuşdu. O, bizə göstərdi. Üçümüz də onun qolunu əlləşdirdik – uşaq qolundan böyük deyildi. O bizdən balta istədi ki, qolunu kəsib atsın. Dedik, sabahı gözlə. Sabah da elə bu gündür.

– Elədir. – Sabah bu gündür.

– Az qala qorxacaqdır. Sonra o, təzədən bataqlığa qayıtdı.

– Bu yaxşıdır.

– Elədir. Biz az qala qorxacaqdıq. Başçıya deyək?

Üç Səbət:

– Mən fikirləşərəm, – dedi və harasa çıxıb getdi. Çapar şöməlib təzədən zənci barədə danışmağa başladı. Üç Səbət qayıtdı: – Başçı deyir ki, bu yaxşıdır, qayıt yerinə.

Çapar qaranlıqda gözdən itdi. Hindular xərəyin ətrafında çöməlib oturmuşdular, sonra beləcə yuxuya getdilər. Gecənin bir aləmində qəfildən onları zəncinin səsi yuxudan oyatdı. O bağırır, öz-özünə danışırdı; zil səsi qatı zülməti asanlıqla yarırdı. Sonra o susdu. Hava artıq işıqlaşmışdı: ağ bir leylək qanadlarını çırpa-çırpa sapsarı səmada uçurdu. Üç Səbət artıq oyanmışdı.

– Getmək vaxtıdır, – dedi. – Artıq bu gündür.

İki hindu bataqlığa girib səs sala-sala irəlilədilər. Ancaq zənciyə çatmağa az qalmış dayandılar, çünki zənci qəfildən oxumağa başladı – lümlüt, başdan-ayağa palçıq içində kötüyün üstündə oturub oxuyurdu. Bir az aralıda hindular çöməlib oturmuşdular və onun nə vaxt səsini kəsəcəyini səbirlə gözləyirdilər. O isə üzünü doğmaqda olan günəşə tutub dupduru və güclü bir səslə öz ana dilində nə isə oxuyurdu və bu nəğmə çox çılğın və kədərli səslənirdi. Hindular – onu tələsdirməyək, -dedilər. Onlar çöməlib səbirlə gözləyirdilər. Nəhayət, o susdu. Hindular yaxına gəldilər. Zənci çevrilib aşağıdan-yuxarı onlara baxdı. Gözləri qanla dolmuşdu, dodaqlarının arasından mişarlanmamış dişləri görünürdü. Qurulmuş palçıq maskası onun sifəti üçün çox iriydi. Sanki bu maska üzünə taxandan sonra xeyli arıqlamışdı. Sol əlini sinəsinə sıxmışdı, qolu da dirsəkdən aşağı qalın palçıq qatı ilə örtülmüşdü; hindular ondan gələn kəskin iyi aydınca duyurdular o, hələ də səssizcə, tərpənmədən onlara baxırdı. Nəhayət, hindulardan biri onun qoluna toxundu:

– Gedək, – dedi. – Sən maral kimi qaçırdın. Nahaq utanırsan.

VI

Onlar bu aydın, lakin əclaflıqla ləkələnmiş sübh çağı plantasiyaya çatanda zəncinin gözləri at gözü kimi azacıq çaş baxmağa başlamışdı. Hinduların ət qızartdıqları taladan tüstü qalxırdı, tüstü torpağın üstü ilə süzülərək, əlvan, nimdaş və narahat Avropa libaslarında bardaş qurub həyətdə, gəminin göyərtəsində oturmuş qonaqları dumana bürüyübdü. Ovçular çaparları çay boyu göndərmişdilər, birini isə qabağa, plantasiyaya yollamışdılar. İssetibbexanın cəsədi isə artıq qəbrin yanına köçürülmüşdü. Orda onu atı və köpəyi gözləyirdi. Lakin üfunət iyi hələ də evdən çəkilib getməmişdi və İssetibbexa ölmüş olsa da sağlığında yaşadığı evin həndəvərində dolaşmaqdaydı. Qonaqlar yavaş-yavaş, dəstə-dəstə dəfn yerinə gedirdilər. Nəhayət, xərəyin üstündə Moketubbe göründü. Onu bir dəstə hindu müşayiət edirdi. Onlar təpəyə qalxmağa başladılar.

Onların arasında ən hündürü zənci idi; onun balaca, yumru, palçıqdan qərtmək bağlamış başı hamıdan yuxarıda yırğalanırdı. O, çətinliklə nəfəs alırdı. Elə bil ki, bu əzab dolu son atlı günün bütün gərginliyini yalnız indicə duymağa başlamışdı; hinduların aramla, yavaş-yavaş yeriməsinə baxmayaraq, bədəninə sıxılmış sol qolu altındakı sinəsi ağır-ağır qalxıb düşür, gözləri aramsız ora-bura qaçır, heç yerdə qərar tuta bilmirdi, elə bil heç nə görmür və ya baxdığını görməyə macal tapmırdı; balıq kimi ağzını açıb-yumur, sanki havası çatışmırdı, qəfildən o, mərasimi görüb dayandılar, bəziləri əllərində ət tikəsi tutmuşdular. Onlar dayanıb gözləyirdilər, zəncinin gözləri – vəhşi, gərgin baxışları aramsız onların sifətində gəzir, bir yerdə qərar tuta bilmirdi.

– Bəlkə sən əvvəlcə yemək istəyirsən? – deyə Üç Səbət xəbər aldı.

O, bunu iki dəfə təkrar etməli oldu.

– Hə, – nəhayət, zənci dilləndi. – Hə, hə mən yemək istəyirəm.

Onlar gəmiyə yaxınlaşdılar. Üç Səbət: otur, -dedi. Zənci göyərtənin qırağında oturdu. O, hələ də boğulurdu. Sinəsi ağır-ağır düşüb-qalxır, ağı parıldayan gözləri aramsız ora-bura qaçırdı. Ona yemək gətirdilər və hamı kirimişcə oturub onun necə yediyinə tamaşa eləyirdilər. O, tikəni ağzına qoyub çeynəməyə başladı, ancaq yarı çeynənmiş ət dodaqlarının qırağından pırtlayıb təzədən bsyıra çıxırdı, çənəsi isə sürüşüb sinəsinə düşürdü. Az keçmiş o, dayandı: beləcə ağzında bir lomba ət, lüm-lüt, başdan-ayağa palçıq içində, dizləri üstdə sinib oturmuşdu: çeynənməmiş yeməklə dolu ağzını azca ayırıb bərələ gözlərini ətrafa gəzdirərək kəsik-kəsik nəfəs alırdı. Hindular ona baxır və amansız bir təmkin və səbirlə onun nə vaxt yeyib qurtaracağını gözləyirdilər.

– Gedək, -deyə, nəhayət, Üç Səbət dilləndi.

– Mən su içmək istəyirəm, – zənci dedi. Su, hə, hə. Mən su istəyirəm.

Quyu təpənin yamacında, qulların qəsəbəsinə gedən yolun qırağında idi. Bütün yamac boyu ləkə kimi qısa kölgələr uzanırdı – artıq günorta idi. Bir vaxtlar belə saatlarla İssetibbexa kresloda mürgüləyərək naharı gözləyir və nahardan sonra təzədən kresloda uzanıb uzun-uzadı yuxu bişirir, nökəri isə belə vaxtlarda tam sərbəst olurdu. O, mətbəxin astanasında oturub xörək bişirən qadınlarla mırt vurur, arabir aşağıya zənci qəsəbəsinə boylanırdı, orada sakitlik, əmin-amanlıq idi, arvadlar şirin-şirin söhbət edirdilər, qapılardan tüstü çıxırdı, toz-torpağın içində qara ağacdan düzəldilmiş oyuncaqlara oxşayan uşaqlar eşələnirdilər.

– Gedək, – Üç Səbət dedi.

Dəstənin ortasında hamıdan birbaş hündür olan zənci gedirdi. Qonaqlar tələsmədən ora – İssetibbexanın köpəyi və madyanı gözlədiyi yerə gedirdilər. Zənci gedirdi və hamının başı üstündə onun aramsız bir yerdə qərar tuta bilməyən gözləri işarırdı.

Üç Səbət: – bu da su. İç, – dedi.

– Sən su istəyirdin. İç.

– Elədir, zənci dedi. – Elədir. – o çevrilib evə, sonra qəsəbəyə tərəf baxdı. Bu gün qəsəbədə ocaqlar yanmırdı, tüstü çıxmırdı, qapılardan arvadlar boylanmırdı, toz-torpağın içində uşaqlar eşələnmirdi. Zənci ağır-ağır nəfəs alırdı.

– O məni bax buramdan çaldı,- dedi, – dişlərinin düz əlimə batırdı: üç dəfə çaldı, bir iki, üç. Dedim: “Nənə, salam”.

– Bu da su, iç – Üç Səbət dedi. Zənci hələ də yerindən tərpənmədən addımlayırdı. Başını dala atıb dizlərini yuxarı qaldıraraq addımlayırdı, amma bircə qarış da qabağa getmirdi, elə yerindəcə sayırdı, elə bil palçıq ayaqlayırdı. Gözləri də vəhşi at gözü kimi par-par yanırdı.

Üç Səbət:

– Sən su istəyirdin, – dedi, – bu da su. İç.

Quyunun yanında zəncirdən içi oyulmuş küdü asılmışdı. Onu ağzına qədər su ilə doldurub zənciyə uzatdılar. Hamı dayanıb durmuşdu, onun suyu necə içməyə çalışdığına tamaşa eləyirdi. O, qabı ağzına apardı və yavaş-yavaş əyməyə başladı. Qabın kənarları üstündən gözləri qaçışır, bir an belə dayanmırdı, hülqumu aramsız batıb-qalxır, oyum-oyum oynayır və günün şəfəqlərində parıldayan su damcıları küdünün kənarları ilə süzülərək onun çənəsinə, ordan da sinəsinə axırdı. Sonra su qurtardı.

– Hə, – Üç Səbət dedi.

– Dayanın, – zənci dedi. O, yenə qabı su ilə doldurdu, dodaqlarına apardı və onu yavaş-yavaş əyməyə başladı və küdünün kənarlarından onun aramsız qaçışan gözləri görünürdü. Yenə də hamı kirimişcə durub onun zorla udqunaraq suyu necə udmağa çalışdığına və udulmayan suyun minlərlə parıldaşan zərrələrə parçalanaraq zəncinin çənəsinə, ordan isə sinəsinə axaraq qurumuş palçıqla naxışlar açmasına tamaşa edirdi. Onlar gözləyirdilər.

Sonra su qurtardı, ancaq zənci hələ də udqunur, udmaq istəyir, ancaq uda bilmirdi, çünki udmağa heç nə yox idi. Su qurtarmışdı. Suyun yumşaltdığı bir parça palçıq sinəsindən qopdu və ayaqları altına düşüb parçalandı və hamı zəncinin boş küdünün içindən gələn kəsik-kəsik nəfəsini eşitdi: hax, hax, hax, hax.

– Hə, di tərpən, – Üç Səbət – dedi. Və küdünü zəncinin əlindən alıb quyunun kənarından asdı.

# 1635 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #