İlqar Fəhmi: “Yaxşı ssenari axtaran rejissor istedadsızdır”

İlqar Fəhmi: “Yaxşı ssenari axtaran rejissor istedadsızdır”
21 aprel 2014
# 07:45

Kulis.Az yazıçı, ssenarist İlqar Fəhmi ilə müsahibəni təqdim edir.

- İlqar müəllim, kinoda sonuncu işiniz “Dərvişin qeydləri” oldu. İndi yeni film üzərində işləyirsiz?

- Sonuncu təhvil verilən film, hə, o oldu. İndi kinostudiyada “Axırıncı dayanacaq” adlı bir film də artıq yekunlaşıb. Fikrət Əliyevlə işləyirik. Onunla ilk filmimiz “Ölüm növbəsi” filmi idi. Mən kinonun incəliklərini ondan öyrənmişəm. Qocalar evi haqqında film çəkmək fikri çoxdan yaranmışdı. Ssenarinin yazılışı, filmin təsdiqi bir neçə il çəkdi. Keçən il istehsalata buraxıldı, artıq çəkilişlər bitib. Yəqin yay aylarında təqdim olunar. Tragi-komediya üslubunda filmdi.

- Onun adı əvvəl “Polkovnikin xəzinəsi” adlanırdı.

- Yox, lap əvvəl elə “Axırıncı dayanacaq” idi. Sonra dəyişib “Polkovnikin xəzinəsi” elədik. İndi yenidən əvvəlki adına qayıtmışıq. Yəqin elə bu adla da təqdim olunar.

- İndiyə qədər sizin iştirakınızla neçə film çəkilib?

- Teletamaşaları, serialları nəzərə almasaq, dövlət sifarişiylə 4 tammetrajlı bədii filmim olub.

- Bu filmlərin yayılmasından razısızmı?

- Yayım məsələsi həmişə yaralı yerimiz olub. Filmləri çəkirik, amma televiziyada verilmir, kinoteatrlar da yox idi. Tamaşaçı da xəbərsiz olurdu. Son vaxtlar bəzi filmlər internetə qoyuldu, ordan izləyənlər oldu. Bu da rəsmi şəkildə, nazirliyin icazəsi ilə deyildi. Bu yaxınlarda “Space” kanalı yeni filmləri göstərməyə başlayıb. Amma mən hesab edirəm ki, 5-6 il keçəndən sonra film də öz aktuallığını itirir. Ən əvvəl ona görə ki, filmin çəkildiyi texnologiya artıq köhnəlir. Kinoteatrlara gəldikdə isə bircə “Nizami” kinoteatrı yerli filmləri verir.

- Az da olsa bir neçə yerli film kinoteatrlarda verilir. Onlardan gələn gəlir müəllifə də çatır, yoxsa dövlət sifarişi olduğuna görə müəllif bu gəlirdən məhrumdu?

- Müqavilədə bunu təmin edən müddəa var. Gəlirin 5-8 faizi ssenaristə, bir o qədəri də rejissora çatır. Amma o qədər böyük gəlir olmadığına görə bizdə belə şeyləri itirib-axtaran yoxdu.

- “Dərvişin qeydləri” haqqında olan tənqidlərə münasibətiniz necədir? Hətta detektiv kimi də qüsurlu olduğu bildirildi.

- İstənilən əsər tənqid olunmalıdı. Amma rejissorun da haqqı var ki, öz nöqteyi-nəzərinin üstündə dursun... Bizim rejissorlar arasında belə bir söz var. Nəyəsə irad tutanda deyirlər ki, sən özün rejissor olanda, o cür çəkərsən, mən bu cür görmüşəm, bu cür çəkmişəm...

Filmə iki cür baxış var. Birinci tip, adi tamaşaçı baxışıdır. Tamaşaçı filmə baxır və deyir ki, yaxşıdır, ya pis. İkinci tip baxış isə yaradıcı insanların baxışdır. Yaradıcı insan-tənqidçi, rejissor, ssenarist-baxıb deyir ki, burası qüsurludu, orasını dəyişmək olardı, filan hissəni daha təsirli vermək olardı. Amma bu, onun fərdi rəyidi, yəni o filmdə filan yeri belə yox, başqa cür görmək istərdi. Konkret film isə rejissorun görümüdü... Ümumilikdə, filmin sahibi ssenarist yox, rejissordur.

- Ssenarinin yazılışında Eldar Quliyev də iştirak edib...

- İlkin ideya ondan gəlmişdi. O mənə təxmini ideyasını dedi, sinopsisi göstərdi, dedi ki, elə ssenari yaz, siyasi detektivlə hermetik detektiv üslublarının sintezi olsun. Biz ssenarini bir yerdə işlədik. Amma yekunda rejissor filmi necə görürsə o cür də çəkir. Təbiidi ki, ssenaridə rejissorun görmək istədiyi filmdən kənar nə varsa hamısı ixtisar olunacaq. Bu hər yerdə belədi. Hərdən mənə, sən rejissorlara çox güzəştə gedirsən deyəndə, deyirəm bəs filmin sahibi odur, başqa necə olmalıdır? Əgər sırf öz ideyamı istəyirəmsə, onda bədii əsər yazıram. Heç kim də kitabıma müdaxilə edə bilməz. Yox əgər o ideyanı film kimi görmək istəyirəmsə, gərək özüm rejissorluq oxuyub film çəkəm. Yəni mənimçün sirf fərdi yaradıcılıqla ortaq yaradıcılıq ayrı-ayrı məfhumlardı...

Misalçün, “Aktrisa”nın çəkilişi ilə niyə razılaşdım? Rövşən mənə fərqli ekranizasiya təklif etmişdi. Məndə ideya zahiri münasibətlərin illüziyaları və bu illüziyaların faciəsi üzərində qurulmuşdu. Amma Rövşən ideyanı dəyişdi, eyni süjetdə istedadın qarşısının zorla alınması və bunun fəsadlarını göstərdi. Ona görə də ssenariyə əlavələr oldu.

- Rejissorlarımız tez-tez deyirlər ki, çəkməyə ssenari yoxdu.

- Hansı rejissor “Yaxşı, dahiyanə ssenari yoxdur” deyirsə deməli “bezdarnı” adamdı. Kubrik “Portağal mexanizmi” adlı zay bir əsərdən o cür şedevr film yaradıb. Kitab da filmdən sonra bestseller oldu. Yüzlərlə belə nümunə var. Bizimkilər isə incəliyinə kimi işlənilmiş hazır gözəl ssenari istəyirlər. Teatr rejissorlarının çoxu da deyirlər ki, dramaturq yoxdu. Dramaturq yoxdu, götür hazır romanları, hekayələri səhnələşdirir. Mən ildə bir neçə dəfə Moskvaya gedəndə, tamaşalara baxıram. Təzə tamaşaların demək olar ki, hamısı hansısa romanın, hekayənin səhnələşdirilməsidir, hazır pyes deyil. Dramaturq yoxdu yoxdu da, yazıçı ki, çoxdu. Əsərlərini götürün, səhnələşdirin. Əziyyətdi deyə heç kəs özünü işə vermək istəmir, ona görə də “dramaturq yoxdu” deyərək özlərini sığortalayırlar...

Başqa bir məsələ də var. Bəzi rejissorların qısqanclığı. Yaşlı rejissorlar nəsə bir ideya olanda, ssenaristi çağırıb deyir ki, bu ideyaya əsasən ssenari yazaq. Onlarda bu kompleks yoxdu. Birlikdə rahat işləyirlər... Nisbətən gənc rejissorlar isə elə bilir ssenaristlə işləsə, şöhrəti parçalanacaq. İstəyirlər film bütünlüklə onların adıyla bağlı olsun. Ona görə də ssenarini də özləri yazırlar. Nəticədə gözəl kino kadrları, maraqlı epizodlar olur, amma nə dramaturji situasiya yerində olur, nə də dialoqlar qaydasında olur. O saat bilinir ki, ssenarini ədəbiyyatdan başı çıxmayan naşı adam işləyib.

- Gənc rejissorların dünyagörüşləri, müasir Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı ilə əlaqələri necədir?

- Bizim gənc rejissorlarda son vaxtlar kamera maniası yaranıb. Hazırda bütün dünyada belə proses gedir. Rejissorlar filmi ancaq görüntünün üzərində qururlar. Görüntünün qəşəng olmağına çalışırlar. Bizimkilər də Ceylanın filmlərinə baxıb onun kimi eləmək istəyirlər. İrad tutanda da deyirlər ki, Ceylanda 6 dəqiqə bir səhnəyə baxa bilirsən, məndə yox? İzah edirəm ki, Ceylan fotoqrafçılıqdan gəlib. O bir səhnənin kompozisiyasını qurmaq üçün bəlkə də 3 ay fikirləşib. Ədəbiyyat da o cürdür. Murakaminin qalın-qalın əsərlərinə baxırıq, deyirik ki, camaat bu qalında əsəri oxuyursa, mənim kiçik hekayəmi niyə oxumur? Daha fikirləşmir ki, Murakami min səhifəlik romanı oxutdura bilir, bunun qayda-qanunlarına bələddi... Əgər sənin o kiçik bir kitabını da oxumurlarsa, bu sənin günahındı, oxucunun yox.

- Dünyada kinematoqrafiya bir neçə qola ayrılıb. Art-house filmlər, kütləvi filmlər, bir də bunların ikisinin arasında dayanan filmlər. Bəs bizdə necədi?

- Bizdə hamısı bir-birinə qarışıb. Ən böyük problem isə peşəkar kadrların qıtlığıdı... Misal üçün, Türkiyədə “Rəcəb İvedik” ilə “Bir zamanlar Anadoluda” filminin texniki keyfiyyəti eynidi. Yəni operator eyni, montajçı eyni, işıqçı eynidir. Bizdə isə texniki tərəf bərbad gündədi. Sovet vaxtı peşəkar kadrlar var idi. Doxsanıncı illərdə həmin adamlar dolanmaq üçün müxtəlif sahələrə getdilər. Ardı yetişmədi... Misalçün, bu dəqiqə ən böyük problem ikinci rejissor problemidir. Bütün məsuliyyətin hamısı, rejissorun xarakterindən tutmuş aktyorların səfərbər olunmasına qədər ikinci rejissorun üzərinə düşür. Dediyim odu ki, tək yaxşı ssenariylə, yaxşı rejissorla iş bitmir, kinoda hətta kabel daşıyan da peşəkar adam olmalıdı. Bu xüsusda Kinostudiyanın direktoru Müşfiq Hətəmov çox çalışır, səy edir ki, çəkilən hər yeni film həm də müxtəlif profilli gənc mütəxəssislərin təcrübə meydançası olsun, nəsə öyrənsinlər. Amma gənclərdə də, səbirsizlik var. Deyirlər ki, elə birinci filmdən “partladım”. Peşəkar adamlar bilir ki, kino çəkməyən, ilk dəfə çəkiliş meydançasına çıxan rejissorun ilk addımdan “partlatması” mümkün deyil. Düzünü desəm, heç nəsrdə də mümkün deyil. Ancaq şeirdə ola bilər, çünki şeir ruha daha çox bağlıdı. Nəsr, kino, dramaturgiya yaradıcılığı isə peşəkarlıq və böyük təcrübə tələb edir.

- Çoxdandı kitabınız çap olunmur.

- Xeyli çap olunmamış əsərim var. Hazırda onları çapa hazırlamaqla məşğulam. Təxminən 12 cild olacaq. Həm bu vaxtacan çap olunanlar, həm də olunmayanlar o seriyada nəşr ediləcək. Burda romanlarım, telepyeslərim, hekayə-povestlərim, kinoromanlarım, pyeslərim yer alacaq. Axır vaxtlar kinoroman yazmaq çox xoşuma gəlir. Bunları yekunlaşdırandan sonra iri bir əsərim var, onun üzərində işləyəcəm. Birinci cildini keçən il bitirmişəm...

- Ədəbi mühitdə ən məhsuldar yazarlardan biri kimi tanınırsız. Bu nədən qaynaqlanır?

- Mən bir az qapalı adamam. Paviç deyir ki, mənim bioqrafiyam yoxdu, biblioqrafiyam var. Öz cavanlıq vaxtımı çox avara keçirmişəm və 27-28 yaşımda birdən-birə mənə qəribə vahimə, qorxu gəldi ki, mənim cavanlığım getdi, amma heç nə eləməmişəm və bütün bu itirdiyim müddəti mütləq geri qaytarmalıyam. Ona görə çox işləyirdim. Bu, mənim özümə də qəribə gəlirdi, çünki gənclikdə çox tənbəl idim. Heç öz şeirlərimi yazmağa, üzünü köçürməyə səbrim çatmırdı.

- Sizin kimi modern təfəkkürlü bir şair niyə məhz əruzda, qəzəl janrında yazdı?

- Forma heç nəyi həll eləmir axı. Sərbəstdə də elə yazmaq olar ki, tam köhnə düşüncə olsun. Ya da əksinə... Əruz isə həmişə musiqisinə, daxili axıcılığına görə xoşuma gəlib. Axır vaxtlar demək olar ki qəzəl yazmıram. Daha çox əruz vəznində müxtəlif formalı şeirlər yazıram. Əruzda qəribə bir şirinlik, daxili temporitm var ki, şeiri bir az da gözəlləşdirir. Əgər mən də bunu yazmağı bacarıramsa, niyə yazmayım?

- “O qıza” kimi eksperiment qəzəllər də yazırsız.

- O, qəzəl deyil, şeirin forması əruzdu və bir həndəsi simmetrik forma qurmuşam orda. Mən hərdən forma ilə oynamağı çox sevirəm.

- Tariix detektiv yazan biri kimi Çingiz Abdullayevi yüksək qiymətləndirmisiz. Onun haqqında bir neçə yazınız var.

- Çingiz Abdullayevin uğuru onun dünyada ilk olaraq, qlobal siyasi detektiv yazmasında idi. Səksəninci illərin axırında siyasi detektivlər yazılsa da qlobal siyasi detektivlər yox idi. Bunu ilk dəfə Çingiz Abdullayev elədi. Hələ dünyada ictimai qloballaşma başlamamışdan əvvəl o qlobal siyasi detektiv yarada bildi. Və o illərdə dünyadan təcrid şəraitində yaşayan insanlar üçün birdən-birə Kolumbiyadan İndoneziyadan, nə bilim Fransadan xəbər tutmaq çox maraqlı idi. Onun romanlarını oxuyanlar elə bilirdi ki, dünya siyasəti haqqında hər şeyi bilir. Çünki Çingiz müəllim öz müəllif təxəyyülünü real qlobal siyasətə maksimum yaxınlaşdıra bilirdi.

- Siz fars dilini bilirsiz. Həm klassik, həm də müasir İran ədəbiyyatı ilə yaxından tanışsız. Nə üçün İran ədəbiyyatı kinosuna uduzur? Demək olar ki, parlaq imzaları yoxdur.

- Yox, niyə, İran yazarları ingilis, fransız dillərinə tərcümə olunur. Sadəcə bizdə az təbliğ olunur. Ümumilikdə isə, bütün Şərqdə indi belə bir proses gedir. Necə edək ki, həm müasir dünya ilə ayaqlaşa bilək, həm də ənənələri saxlayaq, milli-dini identifikasiyamız itməsin. Bu yolu ən yaxşı bacaran hələ ki, Türkiyədir. Biz də çox məsələlərdə ordan nümunə götürə bilərik... Şərq ölkələri üçün bu dəqiqə ən çətin problem şəxsi identifikasiyanı saxlamaqla bərabər müasirləşməkdir.

Bir detalı qeyd edim. Şərq mədəniyyəti poetikanı sevəndi, publisitikanı sevmir. Elementer nümunə çəkim. Qərbdə nə qədər əsərlər var ki, bir qəhrəmana köklənib. “Martin İden”, “Yevgeni Onegin”, “Anna Karenina”, “Ceyn Eyr”, “Lara Korft”, “Ceyms Bond” və sair. Amma Şərqdə belə deyil. Bizdə əsərlərin adlarına baxaq; “Almaz”, “Sevil”. “Həyat” yaxud müasir dövrdə, “İskəndər”, “Mustafa” və sair... Əgər əsərin adı “Almaz” yox, tutalım “Almaz Quliyeva” olsa, bunu qəbul etməyəcəyik, bizi romantikadan ayıracaq... Çünki Şərq poetikası publisistikanı sevmir. Əsərlərdə də bizdə tək adlar olur, soyadlar işlənmir. Publisistika olanda bizim ədəbiyyata münasibətimiz dəyişir. O baxımdan deyirəm ki, biz nə qədər müasirləşsək də Şərq mədəniyyətinin bütün təzahürlərini öz içimizdən təmizləyə bilməyəcəyik... Deməli bununla barışmaq və öz spesifik inkişaf xəttimizi qurmalıyıq... İndi diqqətlə baxanda görünür ki, bizim ən açıq-saçıq əsərlərimizdən də şərqlilik süzülür. Bizdə daxildən gəlmə açıq-saçıqlıq yox, məqsədli şəkildə, süni formada özünü əxlaqsız, sərbəst göstərmək cəhdi var. Öz içindəkiləri intim, gizli məqamları yazmağa utanırlar, gizlədirlər, əvəzində uydurma saxta açıq-saçıqlıqlar yazmaqla özlərini müasir sərbəst göstərməyə çalışırlar. Halbuki içindəkini yazsalar daha səmimi olarlar. Amma yaza bilmirlər, damarlarında axan şərqli qanı mane olur... Avropada, Qərbdə rahat halda öz içinin dərinliklərindəki hissləri yazırlar. Çünki xristian aləmində tövbə ayini var. Pərdənin arxasında keşişə, yəni insana günahlarını, ən gizli hisslərini etiraf eləmək. Şərq ənənəsində, əxlaqında bu yoxdur axı, sən günahlarını ancaq Allaha etiraf edə bilərsən, insana yox. Ona görə də insanın öz içinin, ruhunun dərin qatlarında olan gizli intim duyğuları nəinki kitaba yazmaq, hətta kiməsə danışmaq belə, yaxşı qəbul olunmur. Biz də nə qədər istəsək də, xristian sivilizasiyasının yetirməsi olan bir fərd qədər açıla bilmərik. Amma düzünə qalsa mən heç bunun tərəfdarı da deyiləm. Müasir Avropada indi özləri də etiraf edirlər ki, insan ruhunun, psixikasının dərin və intim qatlarında çox vurnuxmaq o qədər də yaxşı nəticə vermirmiş...

- “Ulduz” jurnalından nə gözləyirsiz?

- Ümumiyyətlə son vaxtlar sırf yazılı mətbuatın funksiyası dəyişib. İnternet araya girəndən sonra mətbu orqanda çalışanlar da bu rəqabətin müqabilində nəsə elə bir şeylər fikirləşməlidi ki, oxucu həmin informasiyanı internetdən ala bilməsin. Biz də Qulu Ağsəslə birlikdə bu sahədə nələrsə eləməyə çalışacağıq. Sadəcə oturub müəlliflərin gəlişini gözləsək, jurnalın keyfiyyəti olmayacaq.

# 1899 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #