Stalinlə düşmən, Putinlə dost olan Nobelli yazıçı - İradə Musayeva yazır...

Stalinlə düşmən, Putinlə dost olan Nobelli yazıçı - <span style="color:red;">İradə Musayeva yazır...
25 aprel 2018
# 09:01

Kulis.az tənqidçi İradə Musayevanın “Ədəbiyyatın gücü, siyasət və ədəbiyyat konfliktində tənhalaşan qaliblər...” məqaləsini təqdim edir.

(A.Soljenitsinin “Birinci çevrə” romanı haqqında)

Mən oxuduğum fəlsəfələr yox, həbsxanalarda danışılan insan taleləri əsasında nəticə çıxarıram.

Dissident, Nobel mükafatı laureatı, məşhur “Qırmızı çarx” epopeyasının müəllifi Aleksandr Soljenitsını Fransa prezidenti Nikolas Sarkozi “XX əsr Rusiyasının vicdanı” adlandırmışdı. Vladimir Putin isə Soljenitsının vəfatını bütün Rusiya üçün ağır itki hesab etmişdi. Birləşmiş Ştatların prezidenti Richard Niksondan onun haqqında soruşularkən “Mənim şəxsi münasibətim ondan ibarətdir ki, mən ədəbiyyat üzrə Nobel mükafatı laureatının və böyük cəsarət sahibinin təəssübkeşiyəm”, – demişdi.

Bu siyahını uzatmaq da olar. Siyasət liderlərinin Soljenitsın haqqındakı müsbət fikirlərini, səmimi etiraflarını... Rusiya onu – Soljenitsını vətəndaşlıqdan çıxarmışdı. Rusiya müharibədə artilleriya zabiti kimi iştirak edən, şagirdlərinə riyaziyyat elmi öyrədən, ədəbiyyatının şərəfli səhifələrini yazan, ölkəni fəlakətə, yalana, zora, xaosa sürüyən bir rejimin iç üzünü vaxtında açan cəsarətli və vicdanlı, ləyaqətli insanın imzasını qara dairəyə alıb, əsərlərinin oxunmasına, adının çəkilməsinə qadağa qoymuşdu. Soljenitsın 1967-ci ildə mətbuatdan senzuranın götürülməsini tələb etdiyi üçün isə Yazıçılar İttifaqı üzvlüyündən çıxarılmış, təqiblərə, yalan və böhtan xarakterli ittihamlara məruz qalmışdı.

1945-ci ildə cəbhədə olarkən tutulur və 1956-cı ilə qədər sürgün həyatı yaşayır. Yazıçının 8 il həbs cəzasına məhkum olunma səbəbi dostlarına yazdığı məktublarda Stalini tənqid etməsi ilə bağlı idi. Lubyanka, Marfino həbsxanalarında yatan, Qazaxıstandakı siyasi məhbuslar düşərgəsinə köçürülən, daha sonra Sibirin müxtəlif rayonlarında sürgünlük yaşayan Soljenitsının həyat dramları ədəbiyyat mətni kimi sənətə, ictimai-siyasi fikir tarixinə çox fayda verdi. O, öz həyatını da dövrün böyük siyasi oyunları fonunda ədəbiyyatlaşdırdı, əzablarına əbədilik qazandırdı. Soljenitsın ağrıları şəxsi xarakterli deyildi, ümumiləşmiş, tipik sovet ziyalısı faciəsinin real cizgili bədii portreti idi…

Faciənin, məhv olmuş, ağrı və əzablardan keçmiş bir insan taleyinə yazılanların həm də ədəbiyyat materialı kimi dəyərə malik olması reallığı, əlbəttə, acıdır... Lakin bu, tək istisna deyil. Tarix boyu Şərq və Qərb ədəbi-siyasi, ictimai-fəlsəfi fikir tarixində söz və həqiqət üstündə asılanlar çox olub. İ.Nəsimi faktı da bu sıradadır. Sözü diri, həqiqəti ayaqda, ləyaqət və insan iradəsini ucalıqda saxlayan da məhz həmin asılan, tutulan, yandırılan, həbs olunan insanların fəda etdiyi həyatları müqabilində qazanılan dəyərlər olub.

Image result for в круге первом

Rus-sovet siyasəti, rus-sovet müharibəsi, rus-sovet yalanları və sadizmi haqqında yazmaqdan qorxmayan Soljenitsını həbs edirlər və o, həmin “yeni” həyatın, sistemin, quruluş və nəzəriyyənin – sovetizm və stalinizmin yeni səhifəsini (sovet həbsxanaları, sürgünləri və s.) qələmə almalı olur. Onun həyatı və yaradıcılığı haqqında oxuya-oxuya düşünürsən ki, həqiqətən də əsil yazıçı üçün “şərait”, “xüsusi ədəbi mühit” deyilən bir situasiyanın olması şərti vacib deyilmiş. Yazıçı hər yerdə, zindanda belə həyatı bədii mətn materialı kimi dəyərləndirməyi bacarır. QULaq həbs düşərgəsinin mənzərələrini, dustaqların burada yaşadığı faciəvi durumu əks etdirən “İvan Denisoviçin bir günü” adlı povesti, “Matroyananın evi”, “İşin xeyri üçün”, “Kreçetovka stansiyasında ölüm” hekayələrinin rus mətbuatında çap olunması ötən əsrin 60-cı illəri üçün partlayış effektli oldu. Soljenitsın bir insan kimi sürgünlük həyatını unuda bilmirdi. Özü xilas olsa da, insan və insanlığa qarşı yönəlmiş o cür təqib və təhqiramizliyin, məhkumluq şiddətinin davam etməsi prosesini bir yazıçıtək izləməkdə idi.

1974-cü ildə yazıçının “Vaşinqton post” qəzetində öz həmvətənlərinə “Yalansız yaşamaq” başlıqlı müraciəti dərc edilir. “SSRİ ədəbiyyatı” adlı pafos arxasında gizlənən və həyat həqiqətlərini, ədəbi qanunları pozan bir yaradıcılıq formasına tərs sillətək çırpılan bu yazı susqunluqda bomba kimi partladı. Sükut bataqlığına daş atılmışdı... Soljenitsın “Onlar” dediyi gücün, rejim qoruyucularının, yalan, şər və zor tərəfdaşlarının obrazını sanki arxa plana keçirir və günahı haqqın tərəfində olan, amma susan, rəzalətə boyun əyən adamlarda görürdü: “Bütün bunlarda heç də “onlar” günahkar deyil, hər şeydə biz özümüz günahkarıq!” Soljenitsın çox sadə dillə haqq və nahaq kulminasiyasının kodunu açırdı. Qoqol, Dostoyevski qəhrəmanlarının varislərini yaxalamış kimi davranır, fərqli üslubda yeni çalarlı ədəbi yanaşma ilə üzünü yenə xalqa, kütləyə, intellektuallara tutub, onları mübarizəyə çağırırdı. Bəli, məhz mübarizəyə çağırırdı! Sülh və əmin-amanlıq ölkəsi kimi təqdim olunan Rusiyanın maskasını üzündən sivirib çıxarmaqla məşğul idi. Onun yazıçı qələmi bu dəmir maskanı döyəcləyə-döyəcləyə yırtdı... Bu maskanın arxasında zora, yalana, beyinləri iflic edən ideologiya təlqinlərinə dayanaraq idarəetmə prinsiplərinə sığınan, cəmiyyətləri şikəst edən, xalqlar həbsxanasına çevrilmiş “Əsil SSRİ Həqiqəti” gizlənmişdi.

“Kimi istəsələr həbs eləyirlər, sağ-salamat adamları dəlixanaya salırlar. İstədikləri oyunu çıxarırlar, bizsə acizik, gücsüzük. Axırımız çatıb, mənəvi ölüm artıq bizi yaxalayıb və fiziki ölüm də qapımızın ağzını kəsdirib: özümüzü də, övlad-uşağımızı da külə döndərməyə hazırdır, bizsə əvvəlki kimi ürkək-ürkək qımışır və dodaqaltı mızıldanırıq: “Necə mane ola bilərik? Bizdə o zor hanı?”

Adamlığımızı o dərəcədə itirmişik ki, bütün prinsipləri, mənəviyyatımızı, ata-babalarımızın bütün elədiklərini, nəvələrimizin eləyə biləcəklərinin hamısını bir qarın çörəyə qurban veririk – təki köhnə nizam pozulmasın, vücudumuza xətər toxunmasın. Bizdə nə qətiyyət, nə qürur, nə də ürək yanğısı qalıb. Biz bütün bəşəriyyətin axırına çıxa biləcək atom ölümündən və üçüncü dünya müharibəsindən də qorxmuruq (bəlkə dəlmə-deşikdə yer tapıb gizlənə bildik?); biz yalnız cəsarətli vətəndaş olmaqdan qorxuruq.

Təki sürüdən ayrılmayaq, təkbaşına bir addım atmayaq – birdən bir parça çörəyimizi itirərik, qazdan, isti sudan, Moskva qeydiyyatından əlimiz çıxar. Siyasi dərnəklərdə beynimizə möhkəm yeridiblər ki, ömür boyu sabit və rahat yaşamaq gərəkdir: mühitdən, sosial şəraitdən qaça bilməzsən, varlıq şüuru müəyyən eləyir, yəni bizlik bir iş yoxdur, biz heç nə eləyə bilmərik”.

Yazıçı çox doğru olaraq yazırdı ki, sovet insanları “vaxtı da xəstəlik kimi yaşamaqdadırlar”... Həqiqətən də vaxt bu ölkədə, SSRİ məkanında geriyə işləyirdi, kommunizm yalanının hərəkət mexanizmi çoxdan pas atmışdı...

Soljenitsının “Birinci çevrə” romanı ruhumuzu sarsıdan insan talelərinin hekayəsidirmi yalnız? Katorqa həyatı, nömrələnmiş, sinələrinə, dizlərinə, qollarına rəqəmlər yapışdırılmış ziyalılar, ailəsini, azadlığını, sağlamlığını itirmiş insanların? Təkcə bu deyil, bu əsərdə dünya siyasəti, stalinizm xəstəliyindən əziyyət çəkən milyonlarla beynin aldığı travma, şüurlardakı durğunluq və s. bu kimi bəşəri mahiyyət daşıyan problemlər əks edilir. Əsərin öz taleyi belə adamı kədərləndirir. “Müasir rus kitablarının taleyi belədir: üzə çıxsalar da, bunu ancaq tükləri yolunmuş halda edə bilirlər. Bir müddət əvvəl Bulqakovun “Master”i ilə də belə olmuşdu – onun da tükü sonradan çıxmışdı. Mənim bu romanımla da eyni şey baş verdi: ona zəif də olsa hÿyat vermək, heç olmasa, redaksiyaya aparıb kiməsə göstərməyə cürət etmək üçün özüm onu yoluşdurdum və təhrif etdim, daha doğrusu – sökdüm və təzədən yığdım. Və bu halda da onu oxudular”.

Müəllif hətta romanın əvvəlində belə bir qeyd edir: “Yazılıb – 1955–1958, təhrif edilib – 1964, bərpa olunub – 1968”.

Roman avtobioqrafiya fraqmentləri ilə doludur. “Sаrаşkа” elmi-tədqiqat həbsxanalarının jarqonla ifadə edilən adıdır. Marfino kəndinin adından götürülmiş ifadədir. Vaxtilə seminariya binasına gətirilmiş 15 dustaqla başlayır tarixçəsi. Burada alimlər, mühəndislər gizli şəkildə tədqiqatlar aparır. Cihazların çoxu isə Almaniyadan gətirilmişdir. Amma bunu həmişə gizli saxlamağa çalışmışlar... Düşüncəsinə görə həbs edilən insanların elmi potensialı nəzarətçilərin deşiklərdən güddüyü otaqlarda sıxıldıqca sıxılır. Akustika laboratoriyasında məhbus ziyalılar dramatik bir sitüasiyanın daimi iştirakçıları kimi səksəkədə yaşayırlar. Ağıl, elm, müdriklik və qeyri-adi qabiliyyət sahibləri zorun, cahil və iddialı güclülərin pəncəsində əzilirdi. Romanda həmin məkanı cəhənnəmin birinci dərəcəsi adlandırırlar. Düşünən, müdrik insanlar üçün Dantenin də cəhənnəmi birinci dairədə imiş.

“ – Bilirsiniz, Lev Qriqoryiç, bu təəssüratlar axınından, şəraitin dəyişməsindən lap başım gicəllənir... Sabah məni buz kimi soyuq suyun içinə qovmayacaqlar! Qırx qram kərə yağı! Masanın üstündə qara çörək! Kitabları qadağan etmirlər! Üzünü də özün qırxa bilirsən! Nəzarətçilər də dustaqları döymürlər! Nə böyük bir gün! Nə parlaq zirvə? Bəlkə mən ölmüşəm? Bəlkə, bunları yuxuda görürəm? Bəlkə, məni qara basır, mən cənnətdəyəm!

– Xeyr, möhtərəm insan, siz əvvəlki kimi cəhənnəmdəsiniz, amma onun daha yaxşı, ali çevrəsinə yüksəlmisiniz – birinci çevrəyə. Soruşursunuz ki, saraşka nədir? Bilmək istəsəniz, saraşkanı Dante düşünüb tapıb. O, özünə əl qatmışdı, bilmirdi ki, müdrikləri harda yerləşdirsin”.

Alman əsirləri ilə ideoloji iş aparan, onları nasistdən kommunistə çevirən Lev Rubin german dilləri üzrə mütəxəssis, filoloq idi. Hitler əleyhinə almanlarla gördüyü bütün işləri özü bir qələmdəcə alt-üst etmişdi. O, bütün böyük siyasi məsələlərə humanist və kommunizm ideallarının aliliyinə, saflığına inanan biri kimi baxırdı. Alman əsilli dustaq Maksa saatlarla rus dilini öyrədir, yeni il gecəsində alman əsirlərinin yanına gedib onlarla bir masada oturub bayramı qeyd edir. Qleb Nerjin isə riyaziyyatçıdır. Onların tez-tez fəlsəfi söhbətləri, mübahisələri olur. Müəllif bu mübahisə prosesində də zamanın ictimai-siyasi baxış müxtəlifliklərini açır. Məsələn, Qleb Nerjin mübahisələrin birində Lev Rubinə “Özünü yaramaz kommunizmin təntənəsinə inanmağa zorla məcbur edən birisən” – deyir. Əsərin süjeti başdan-başa kontrastlar, ziddiyyətli və absurd məqamların müqayisəsi üzərində qurulub. Əməliyyat müvəkkili mayor Şikin Serafima Vitalyevna adlı balacaboy, Rabitə İnstitutu məzunu olan əməkdaşlarına həmin ziyalı insanlara nəzarət etməyi tapşırıb. Gənc məzunları işləmək üçün Marfinoya göndərəndə təlimatlandırıb deyiblər ki, müharibədən də pis bir yerə, sanki ilan yuvasına düşüblər. Onlar (ziyalı dustaqlar) guya özlərini mədəni, cəfakeş və humanist göstərən canavarlardır.

Müəllifin dili ilə desək, bu balaca quşcuğaza oxşayan qız akustika laboratoriyasında yeganə hakimiyyət və yeganə müdiriyyət idi. “Təlimata görə, o, nəzarət etməli idi ki, məhbuslar işləsinlər, boş-bekar durmasınlar, işçi binalardan silah düzəltmək və ya lağım atmaq üçün istifadə etməsinlər, radio detallarının bolluğundan istifadə edib qısadalğalı ötürücülər quraşdırmasınlar”. Və yenə təlimata görə dustaqlarla əlaqə qurmaq cinayət xarakterli idi, bu cinayətin müddətini isə istənilən qədər uzatmaq olarmış.

Romanda insanın xoşbəxtlik anlayışını qavramasının fəlsəfəsi Mefistofel və Faust münasibətləri fonunda açılır. Mefistofel Faustun xoşbəxtliyi etiraf etməsi anındaca onun ruhunu alacağını demişdi. Lakin Faust qaytarılan gəncliyi, sonsuz var-dövləti, qələbələri və Marqaritanın sevgisi qarşılığında belə həmin etirafda bulunmur. O deməli idi: “Dayan, ey an, sən gözəlsən!” Heç nə onu xoşbəxt edə bilmir. Lakin qocalmış Faust nəhayət ki, bəşəriyyəti xoşbəxt etmək iddiası ilə alışıb yanır. Bataqlıqları qurutmaq üçün kanallar qazdırır. Gözləri zəifləyən Faustun inadından xilas olmaq istəyən Mefistofel, nəhayət ki, onu hiylə ilə məğlub edir. Xoşbəxtliyin özü yox, kölgəsi ilə istəyinə çatır. Belə ki, bataqlıqların qurudulması, insanların xilası adıyla Mefistofel Faust üçün qəbir qazdırır. Faust elə zənn edir ki, o insanları bataqlıqdan xilas etmək üçün böyük işlər görməkdədir. Və Faustun bu aldanışı onu məcbur edir ki, desin: “Dayan, ey an, sən gözəlsən!” Faustu itələyib həmin çalaya salırlar. Faust özünə qazılan qəbiri bəşəriyyəti xoşbəxt etməli olduğu xilaskarlıq məqsədilə qazılan kanallar zənn etmişdi...

Deməli, xoşbəxtlik bəşəriyyətə xidmət və xeyirxahlıqdadırsa, bəlkə bu bir aldanışdır? Amma Faustun aldanışı məğlubiyyət deyildi, əksinə, zənnimizcə böyük bir qələbə idi. O, öz xeyirxahlığının quyusuna gömülür... Aldadan Mefistofel olsa da, əsil məğlubiyyət onunku idi. O, Fausta həqiqi xoşbəxtliyi yaşada bilməmiş, onu şəxsi arzuları ilə sınağa çəkmişdi... Şəxsi arzulara yetmək əsil xoşbəxtlik deyil. Balaca adam kimi doğulub böyümədən ölmək deməkdir həm də... Bu məqamda “Birinci çevrə” romanının ana ideyası aydınlaşır. Soljenitsın oxucusunu öz böyük mücadiləsinin sirri ilə tanış edir. Həbslərdən, sürgünlərdən, aclıq və şaxtalı həyat yolundan keçərək uyumuş, qəflətdə sovet sistemi yalanları ilə zəhərlənən insanları düz yola səsləmək mücadiləsi ilə özünü ən uzaq torpaqlarda, sürgünlərdə belə gərəkli saymaq aldanış deyildi ki? Əlbəttə, yox! Öz bilik və bacarıqlarından saraşka kimi yerdə belə başqalarının xoşbəxtliyi, rahatlığı və inkişafı üçün istifadə etmək istəyən insanların düşüncəsi əslində müəllifə məxsusdur. Soljenitsının həyat hekayəsi Faust məsləki ilə üst-üstə düşür.

Əsərin əvvəlində ilk konflikt yaradan hadisə saraşka məhbuslarının Stalin üçün hazırlamalı olduğu “klipləşdirilmiş nitq aparatı” ilə bağlı olur. Bu aparatı məhbus riyaziyyatçılar, fiziklər və mühəndislər ərsəyə gətirməlidir. Stalinə söz verilib və vaxt alınıb, ancaq bu işi başa gətirmək həmin məhbus alimlərdən asılı idi, onlar məhbus kimi nə qədər nizamlı olsalar da, alim kimi “ərkəsöyün” və inadkardırlar. Onlar bu cür mürəkkəb işin, tədqiqatın dəyənək altında görülməsini mümkünsüz hesab edirlər. Və elə bu məqamdan da məmurlar arasında iyerarxik asılılıq, yalvarış və həyəcan yaşantıları başlayır. Nazir Abakumov Stalinə hesabat verməlidir. Selivanovski, Oskolupov, Yakonov kimi məmurlar da Abakumovdan qorxur, onun qarşısında əsə-əsə vaxt istəyirdilər. Bu işin əsas icraçıları olan Nerjin, Bobınin, Pryançikov isə hər şeyini itirmiş dərin ağıl, mükəmməl düşüncə sahibləridir. Nerjin imtina edir və onun barəsində “çıxdaş edilsin” qərarı anındaca verilir. Bobınin və Pryançikov isə öz saymazyana tərzləri ilə Abakumovu heyrətləndirir...

Bütün qanunlar və gedişat şeytani bir diktə ilə idarə edilir. “1917-ci ildə azad olduq ki, yenidən daha pis məhbus həyatı yaşayaq?” – sualı hər kəsi narahat edir saraşkada. Nerjin universitet müəllimi Pyotr Trоfimоviç­Verenyovla da həbsxanada yenidən görüşür. Azad düşüncəli, sərbəst fikirli, dahi hesab edilən müəllimi Nerjinin həbsinin səbəbini soruşur:

“– Bəs Nerjin... nəyə görə tutuldun?

Nerjin gülümsündü.

– Yenə də olsa, nəyə görə?

– Düşüncə tərzimə görə, Pyotr Trofimoviç. Yaponiyada belə bir qanun var: insanı deyilməmiş fikirlərinə görə mühakimə etmək olar.

– Yaponiyada! Bizdə axı belə qanun yoxdur?

– Elə bizdə də bu qanun var və adı əlli səkkiz-onuncudur”.

Bu qarşılaşma – ən mükəmməl alimlə onun ən yaxşı tələbəsinin həbsxana divarları arasındakı qarşılaşma səhnəsi Stalin rejiminin miskinlik və rəzalət aşılayan iyrəncliklərinə əyani sübut kimi göstərilir. Bütün diktatorlar kimi Stalin də ağılın və azad iradənin düşməni idi. Bütün ali vəzifələri ibtidai təhsil səviyyəsində bilik alan nazir Abakumovlarla doldurmuşdu. Çünki o cür cahil, elmsiz və yaltaqlar diktator arzularının xislətinə bələd olan adamlar idi. Onlar Stalinə yalvarırdılar: “Bizə ölüm cəzasını qaytarın!” Bu istək Stalinə həzz verirdi, ruhu pərvazlanırdı sanki... “– Yaxın günlərdə ölüm hökmünüzü qaytaracağam, – Stalin irəli, illər və illər boyu gələcəyə baxırmış kimi danışırdı. – Bu yaxşı tərbiyəvi tədbir olacaq”.

Stalinin gələcək planlarında 37-ci il repressiyasını bir də müharibədən sonrakı dövrdə təkrarlamaq məqsədi var. Abakumov kimi nazirlər isə bu ölümləri və həbsləri guya dövlət və xalq, ölkə mənafeyi naminə etdiklərini bildirir, bunu hətta arzulayırdılar. Xəstə təfəkkürlü, manyak düşüncəli diktator bu istəkdə olan insanları “qabiliyyət sahibi” kimi qiymətləndirirdi. Və həmin ölkələrdə bütün zamanlarda alimlər, düşünə, mühakimə yürüdə bilən insanlar kütləvi şəkildə həbs olunur... Həqiqi ziyalılar daima düşüncələrini gizlətmək, həqiqət hissini öldürmək, özünü qanmaz, nadan kimi “tərbiyələndirmək”lə məşğul olmaqdan bezir. Ağıl və ədalət hissi güclü olan adamlar katorqalarda çürüməkdə davam edirdi.

25-30 yaşında düşündüklərini azad şəkildə ifadə etdiyi üçün tutulan cavan oğlanlar 50-55 yaşında bütün həyatı məhv olmuş şəkildə “azadlığa” çıxacaqdırsa, burda, bu yerlərdə həqiqətən çoxları başını küçə dirəklərinə, divarlara çırpıb intihar etməzmi? Necə ki İlya Terentyeviç Xorobrov bəzən elə dözümsüz olurdu ki, başını küçədəki reproduktorun çuqun dirəyinə çırpmaq istəyirdi. Xorobrov müharibədən sonrakı ilk seçkilərdə bülletendə adını qaraladığı namizədin haqqında söyüş yazmışdı. Bu çılğınlığı onu indi həbsxana həyatı yaşamağa vadar etmişdi. Bir ay onun xəttini araşdıran xəfiyyələr istəklərinə nail olmuşdur...

Image result for Stalin

Xorobrov heç olmasa düşərgədə azad olacağını düşünürdü və səhv edirdi. Çünki orda da xəfiyyələr və satqınlar var idi. Xorobrov bir ömür boyu susmalı, sadəcə fizioloji varlıq kimi instiktlə yaşamalı idimi? Burda artıq əclaf və yalançı olmaq lazım gəlirdi, yaşamaq və xilas olmaq üçün... Amma Stalin gənclər haqqında başqa söz deyirdi. Abakumova tapşırığı daha amansız qərarlara imza atdırırdı: “Tələbələrin əhvalına nəzarəti gücləndirmək lazımdır! Tək-tək yox, bütöv qruplarla qoparıb atmaq lazımdır! Və qanunun sizə verdiyi tam ölçüyə keçmək lazımdır – iyimi beş il, on il yox! On il məktəbdir, həbsxana deyil! Məktəblilərə on il vermək olar. Kimin ki bığları çıxır, iyirmi beş! Cavandırlar, ölməzlər, azad olana kimi yaşayarlar!”

Diktator qocalmışdı. Amma qisası bitmirdi. Qocalığını “it qocalığı” adlandırırdı. “Bu, it qocalığı kimi qocalıq idi... Dostlarsız qocalıq, məhəbbətsiz qocalıq. İmansız qocalıq. İstəksiz qocalıq. Hətta doğma qızı da ona çoxdan lazım deyildi, yad idi”.

Saraşkada Nerjin, Xorobrov kimi mənən sarsılan insanların yaş həddi yox idi. Gənc Ruska da bezib: “–Tarix o qədər yeknəsəqdir ki, adam oxuyanda iyrənir. Elə bil “Pravda”nı oxuyursan. İnsan nə qədər alicənab və vicdanlı olursa, həmvətənləri onunla bir o qədər həyasız davranırlar... Tarixi oxuyanda adam özü də əclaf olmaq istəyir”.

Romanda “bütün qələbələrimizin ilhamçısı və təşkilatçısı” təyini ilə işarə edilən, əsərin bir çox yerində haqqında “Xozeyin” kimi danışılan Stalinin obrazı görünməz və idarə edən əl timsalındadır. Onun portreti bütün kabinetlərdə, bütün divarlarda, bütün natiqlərin başı üstündə nəzarətedici baxışlarla daima ayıq-sayıq durmaqdadır. Stalin 90 il yaşamaq istəyirdi, guya bu ömrü özü üçün deyil, SSRİ-ni yaşatmaq üçün arzulayırdı. Yeri-göyü başına almış “rəhbər şəkilləri”nin də sirri ondaymış, guya. Xalqı daima qorxu və nizamlı düşüncə qəlibində, dövləti möhkəm dayaqlar əsasında saxlamaq üçün... “Yoxsa bu şəkillər mənim nəyimə lazımdı?” – deyirdi. O, 200 milyon insanı bu cür qorxularla, həbslər, sürgünlər və başqa cür repressiv davranışları ilə nəzarətdə saxlamağın yeganə mümkünlüyü hesab edirdi. Stalin haqqında yazılan kitablar, qoşulan nəğmələr, əzbərlənən şeirlər, bağçalarda, məktəblərdə, universitetlərdə beyinlərə həkk edilən manqurt sevgilərinin səbəbini də Stalin özü üçün deyil, gəncliyin tərbiyəsi və ölkənin qüdrəti naminə olunduğuna camaatı inandıra bilir. Onun 70 illiyi haqqında yazılan kitab on, iyirmi milyon tirajla çap olunmalı, hər yana, kolxoz-sovxozlardan tutmuş bütün elmi, mədəni müəssisə və təşkilatlara satılmalıdır. Manyak arzuları və təlqinləri milyonların taleyini və gələcək nəsillərin inkişafını məhv edir. Diktatura rejimini diktator portretlərinin vahiməsi ilə qoruyub saxlamaq ideyası elə bir iyrənclik, insanlıq üçün ləkəli tapıntı formasıdır ki, onun coğrafi və milli kimliyi, spesifikası olmur.

Q.Q.Markesin, C.Oruelin, A.Soljenitsının və onlarla başqa dahi yazıçının yaratdığı diktator obrazları bir ülgü əsasında kəsilmiş burun kimidir... Hansı quruluş, hansı ölkə, hansı zamana aid olmasından asılı olmayaraq hamısı eyni ssenarinin oyunçularıdır... Bütün diktatorlar əslində həmişə tənha və təkdir. Onların dostu olmur. Soljenitsın da “Birinci çevrə” romanında öz diktatorunu nifrət və kinlə nəfəs alan, xalqın 1 nömrəli düşməni kimi təqdim edir.

Stalin gecə düşüncələrinin birində deyirdi: “Sevməyinə, xalq onu sevirdi, bu doğru idi, lakin xalqın özündə çoxlu naqislik vardı, xalqın özü heç nəyə yaramırdı...”

Və 1941-ci il hadisələrini xatırlayır. O zaman müharibəni uduzacaqdı həmin xalq... Çünki Stalin qorxusu gücləndirilməmişdi. Ona məhəbbətini min-bir üsulla ifadə etmək üçün növbəyə durmuş yaltaqlar ordusuna və həyatlarını onun yolunda belə fəda etmək arzusunu nitqləri və pafoslu şeirləri ilə ifadə edən xalqa Stalin ikrah hissi ilə yanaşır əslində. Hətta “İnqilab muzeyi”ndə qalaqlanmış xalq adından göndərilən hədiyyələrin birinə belə gözucu nəzər salmağı mənasız hesab edir.

Adı ilə tərs mütənasib olan, zamanın ən yalançı qəzeti – “Pravda” rəhbərliyi ondan icazə alır ki, xalq sevgisini ifadə edən yubiley təbriklərini hər sayında iki sütunda belə olsa çap etsin. Bu təbriklərin çapı bir neçə il çəkəcək. Stalin bu axmaqlığa da “Qoy çəksin, eybi yoxdur” – deyir... Diktatorlar həmişə xalqa özlərini sadə, qayğıkeş və doğma şəxs kimi təlqin edir. Bunun da öz ssenarisi var və Stalin bunu gözəl bacarırdı. Belə məqamlarda ikrah hissini, nifrət və istehzasını hətta baxışlarından belə sivirib kənara atmağa nail olurdu.

Atasını güllələtdiyi uşaqların, oğlunu sürgün etdirdiyi anaların belə sevimli qəhrəmanı rolunda olmaq məharəti heyrətedicidir. Leninin sosializm nəzəriyyəsi və bu siyasi fiqurdan da Stalin öz məqsədləri üçün istifadə edirdi. Əslində xalqa qarşı olan alçaldıcı münasibəti həm də “İnqilabın rəhbəri dahi Lenin”ə də şamil oluna bilərdi. Oktyabr inqilabını özlüyündə avantüra adlandırır, “alınan bir cəhd idi, buna görə Leninə beş də yazmaq olar” – istehzası ilə hadisələri yenidən təhlil edir. (“Belə şeyi heç gözləmək də olmazdı – amma alındı! Bu təlxək Trotski hələ də dünya inqilabına inanırdı, Brest sülhünü istəmirdi, Leninin özü də inanırdı, eh kitab xəyalpərəstləri! Eşşək olmaq lazımdır ki, Avropa inqilabına inanasan, özləri orada nə qədər yaşayıblar, heç nə başa düşməyiblər”.)

On minlərlə arxiv vərəqini öz əlləri ilə odun içərisinə atıb məhv edən inqilabçı Stalinin keçdiyi həyat yolu cinayət və yalanlarla dolu idi. Yenə gecə düşüncələrinin birində deyir: “Burada Lenin məsuliyyətsizcəsinə hər şeyi qatıb qarışdırmışdı, o dala-qabağa baxmadan vədlər verməyi xoşlayırdı, bu vədlərin altını isə Stalin çəkməli olurdu”.

Diktator amansızlığı vətən, xalq, din və əxlaq təəssübkeşliyi anlamaz. Onların nifrət və intiqamı həm də təbiətə, dənizlərə, meşələrə, dağlara, çaylara qarşı da eyni mahiyyətli olur. Həkimlərdən biri onun səhhəti ilə bağlı sərv ağaclarını zərərli hesab etmiş, havanın təmizliyini evkaliptlə tənzimləməyi vacib saymışdır. Nəticədə Krımda bütün sərv ağacları kütləvi şəkildə doğranmaya məruz qalmış, insanlar kimi repressiya baltasının altında boyunları vurulmuşdur. Avstryadan isə Rusiyaya evkaliptlər gətirilmişdir. Onun əqidəsinə görə Avropa həyatından çıxıb gəlmiş bütün sovet insanları düşərgələrə salınmalı, cəzası uzandıqca uzanmalı idi ki, Avropa həyatını unutsun və başqalarına bu barədə nəsə danışmasın.

Romanın seçkilərlə bağlı hissəsində xalqı oyuncaq kimi eqosuna ram edən, xalqın səsindən məhz elə xalqın özünü uçuruma yuvarlamaq üçün status qazanıb onu məhv edən tiran obrazının real cizgiləri görünür. Bütün yaltaq nazirlər və məmurlar Stalini inandırır ki, xalq səmimi-qəlbdən onu seçib. Abakumov həmin zümrənin ümumiləşmiş nazir tipidir. Özü də Dövlət Təhlükəsizliyi naziri...

Onlar həm də müharibədəki vəziyyətlərdən istifadə edib qazana bilirdilər. Xalqı “Vətən uğrunda!”, “Stalin uğrunda!” şüarları ilə cəbhəyə çağırır, özləri isə milyonlar qazanmağa fürsət tapırdılar. “Onların vaqonlarda möhürlədiklərinin nə olduğunu, üzərinə həbs qoyulmuş malikanədən nə çıxardıqlarını, qarovul qoyduqları yerin nə olduğunu yoxlamağa heç kəs cürət edə bilməzdi. Yük maşınları, qatarlar, təyyarələr SMERŞ zabitlərinin varidatını daşıyırdı. Leytenantlar minlərlə, polkovniklər yüz minlərlə, Abakumov isə milyonlar qazanırdı”.

Abakumovun 1945-ci ildə bu cür varlanmasını Stalin də bilirdi, lakin onu cəzalandırmağa tələsmirdi. Onun Abakumov kimi kadrlardan ona görə xoşu gəlirdi ki, onların əqidəsi və ideyası yox idi. Özü də özünə etiraf edirdi ki, ideyalı adamlarla işləmək mümkün deyil. Buxarin kimi...

Davamı

18.04.2018.

# 1742 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #