Məşhur yazarın bloknotunu oğurlamış partiya rəhbəri

Məşhur yazarın bloknotunu oğurlamış partiya rəhbəri
9 dekabr 2013
# 14:39

Kulis.Az Azad Yaşarın tərcüməsində Belçika yazıçısı Bernar Kirininin “Yazarın bloknotu” hekayəsini təqdim edir.

Bastian Pikerlə tanış olanda on doqquz yaşım vardı. Bu özündənrazı, vasvası və yaraşıqlı cavan həmişə son dəblə geyinsə də, öz gur saçlarını nadir hallarda darayardı. İllər uzunu gözlərimin önündə olsa da, nədənsə mən onu bir başqa nəslin nümayəndəsi sayardım: buna bənzər hissi orta məktəbdə, səndən cəmi bircə sinif yuxarıda oxuyanlara münasibətdə də duyursan.

Ədəbiyyata bəslədiyi ehtiras üzündən bu modabaz universitet təhsilini yarımçıq qoydu. Yeni tanışlarına (o cümlədən mənə) özünü "yeni başlayan yazar" kimi təqdim edirdi. Hələlik heç bir əsəri işıq üzü görməsə də, öz bioqrafiyasından alınma faktlar ilə xəyal məhsulunun qarışımından ibarət iri bir roman üzərində işlədiyini deyirdi və işıq üzü görəcəyi təqdirdə əsərin böyük sensasiya doğuracağına da özünü inandırmışdı.

Bu arada o, başqalarının kitabları barədə yazılarıyla özünə oxucu nüfuzu qazanmaqla məşğul idi. Ədəbi aləmə girməkdən ötrü gecələri sənət adamlarının toplaşdığı kafelərdə keçirir, yaşadığı dövrün ən tanınmış qələm sahiblərinə yaxın dairələrdə fırlanırdı. Onu da deməliyəm ki, bunu yaxşı bacarırdı: keçirilən bütün ədəbi gecələrə və ən müxtəlif rəsm sərgilərinə dəvət alırdı, hər hansı jurnalistə adıyla müraciət edir və onunla öz yaşıdı sayılan digər yazarların qeybətini qırırdı. Bu sahədə yetərincə püxtələşən Bastian hələlik öz istedadını hər hansı şəkildə büruzə verməmişdi.

Tədbirlərlə bu cür dolğun həyat tərzinə rəğmən, onun yaradıcılığa necə vaxt tapdığına dair dəfələrlə ona sual vermişdim. O da lovğalıqla demişdi ki, heç yatmır, həm də az işləsə belə, nəhəng istedadı ona böyük uğurları asanlıqla əldə etmək imkanı yaradır: "Kim isə yazı masası arxasında bir saat oturub cəmi-cümlətanı on-on beş sətir yaza bilir, sonrakı günü isə bunları düzəltməyə sərf eləyir. Halbuki mən bir saat içində düzəliş tələb etməyən təxminən on səhifə yazır, hələ üstəlik, yeni poemam üçün iki bənd şeir də toqquşdururam".

Əslində isə məsələ bir qədər başqa cür idi. Bir axşam lül-qənbər sərxoş olan Bastian mənə etiraf eləmişdi ki, indiyəcən vecəyaramaz üç-beş vərəq mətn qaralayıb, onları da həmin dəqiqə xışmalayıb, zibilqabına atıb. Beynində dolaşan və kağıza köçürülməyi gözləyən saysız-hesabsız süjetlərə gəldikdə isə, məlum oldu ki, bunlar yerli-dibli olmayıb.

Sən demə, dildən pərgar sayılan Bastian Piker xəyal gücündən tamamilə məhrum imiş və hətta kiçik hekayə yazmaq üçün də ideya sıxıntısı çəkirmiş. Acı şikayətləri mənə yer elədiyi üçün vaxt itirmədən ona yardıma hazır idim, lakin heç özümün də xəyal gücüm də bir o qədər iti deyildi və kömək barədə təklifim hər halda onun mənliyinə toxuna bilərdi.

Məşhur Leopold Aksel həmin dövrün ən məşhur yazarlarından idi və onun həndəvərində dolaşmağa başlayan Bastiana elə gəlirdi ki, öz probleminin həllini tapıb. Nüfuzlu ailədən çıxan və daha öncə diplomat olan bu adamı bütün gənc yazarlar ilahiləşdirir, nisbətən yekəxanaları isə onun yazı üslubunda səhvlər tapmağa cürət göstərirdilər. Mən də Akselin bütün kitablarını oxumuşdum və onu ötən əsrdə yaşamış klassiklərin layiqli davamçısı sayırdım. Bütün bunlarla bərabər, o – imanlı katolik idi və özünün də etiraf etdiyinə görə, ədəbi, yoxsa dini fəaliyyəti seçərkən uzun-uzadı tərəddüd keçiribmiş. İman və ilahiyyat məsələlərinə dair bir sıra esselər yazan (daha biri üzərində də hələ işləyirdi) bu adam Almaniya və Avstriyanın bütün yepiskoplarıyla yaxından tanış idi. Aksel Vyanada yaşadığı üçün öz dövrünün ədəbi həyatında fəal iştirak edirdi. Bir neçə qəzet üçün köşə yazıları yazırdı, xeyli ədəbi mükafatın jüri üzvü idi, gənc qələm sahiblərini hər cür həvəsləndirir, onlardan qayğı və dəstəyini əsirgəmirdi. Onun yaxın çevrəsinə girməkdən ötrü Bastian lap dəridən-qabıqdan çıxırdı.

Bastiana rəğbətlə yanaşan Aksel Ədliyyə Sarayının iki addımlığında, Parizerqassedəki iqamətgahında verdiyi axşam ziyafətlərinə vaxtaşırı onu da dəvət etməyə başlamışdı. Həmin ziyafətlərin son dərəcə məşhurluğunu ayrıca vurğulamağa isə mən bir elə hacət görmürəm.

Bastiandan fərqli olaraq, Akselin xəyal gücü hədd-hüdud tanımırdı. Onun çap etdirdiyi əsərlər arasında təxminən iyirmi roman, yüzlərlə hekayə və povest vardı, həm də bunların heç birisi bekara əsər sayılmazdı. Bu fakt adamı heyrətə gətirirdi və bu qədər fərqli süjeti haradan tapması oxuculara sadəcə ağlasığmaz görünürdü.

Akselin daim yanında daşıdığı dəri üzlü bir bloknotu vardı: onu həmişə əlinin altında, ya da pencəyinin cibində tutardı ki, ağlına yeni bir ideya gələn kimi tez onu bloknota yaza bilsin. Vaxtilə oxumuşdum ki, Çexovun da belə bir bloknotu varmış və hər dəfə onu yazı masasının siyirməsindən çıxaranda fəxrlə havada silkələyərək, öyünürmüş: "Yüz süjet var burada! Bəli, cənab! Müasirlərim mənimlə heç cür yarışa bilməzlər! Əgər istəsəniz, bir-ikisini sizə satmağa da hazıram!"

Görünür, Aksel də özünü onun kimi aparırdı. Evində və ya kafedə süfrə arxasında oturarkən hərdənbir söhbəti yarıda qoyar, gözlüyünü taxaraq, bloknotunu çıxarıb, əlüstü ona bir neçə söz yazar və nə yazdığını oradakıların görməməsinə çalışardı. Qeydlərini edərkən: "Siz davam edin, davam edin" deyərdi. Adətən həmsöhbətləri az əvvəl maraq doğuran dediklərini xatırlamağa cəhd göstərər və ən əsası, bu qeydin məşhur yazarın yeni kitabında harada və necə əks olunacağı barədə düşüncələrə dalardılar. Bəzən isə o, verdiyi ziyafətin lap sonunda bloknotunu cibindən çıxarar, ofisiantın ödənəcək hesabı qoyduğu nimçədəki qələmlə həmin masa arxasında eşitdiyi bütün əhvalatların, öz dediyi kimi, qısa məzmununu bloknotuna köçürərdi.

Onu həmin bloknotsuz təsəvvür eləmək artıq imkansız idi: məsələn, onsuz evdən çıxması hansısa konsertə çılpaq getməsi qədər əcaib görünürdü. Cürbəcür ideya və süjetlərlə dolub-daşan həmin bloknotu Bastianın hansı acgözlüklə süzdüyünü təsəvvürə gətirmək bir elə çətin deyil. Orada toplanan əhvalatları o, bütün qalan ömrü boyu yazsaydı belə, onlar bitib-tükənən deyildi. Bloknota yiyələnmək əvvəl-əvvəl ondan ötrü əlçatmaz bir arzu idi: bəzən biz heç vaxt gerçəkləşməyəcək səyahətlər barədə də könlümüzdə eynilə beləcə xəyalplov qururuq. Lakin bu barədə sərasər düşündüyü üçün o, belə qərara gəlmişdi ki, bloknotu çırpışdırmaq – ondan ötrü yeganə çıxış yoludur, bloknot – onun idefiksidir (sabitləşmiş və ya taxıntılı ideyasıdır – A.Y). Nəyin bahasına olursa-olsun, o, həmin bloknotu əkişdirməliydi.

Bir axşam Zaylerqassedəki kafedə oturarkən Bastian bununla bağlı planını mənimlə bölüşdü. Bunu vecsiz saydığım üçün onu niyyətindən daşındırmağa çalışdım. Dedim:

- Bura bax, axı, sən Akselin hazır ideyalarını oğurlamağa necə cürət edərsən?

Bastian etiraz elədi:

- O, özü deyir ki, yüzlərlə, hətta minlərlə hazır ideyası var! Əgər mən onun bircə bloknotunu çırpışdırsam, onsuz da günü sabah o, yenisinə başlayacaq və ikicə həftədən sonra onu da dolduracaq! Bizimlə söhbətlər əsnasında ideyalarımızı oğurlamağın, sonra isə bunlarla bizi cırnatmağın nə demək olduğunu qoy o da bilsin!

Boynumun ardını qaşıdım:

- Yaxşı, deyək ki, sən onun bloknotunu əkişdirdin, hərçənd mən bunun mümkünlüyünə inanmıram. Bu baş tutarsa, o, elə hay-küy qaldırar ki, bütün Vyana bundan xəbər tutar. Onun süjetləri əsasında yazdığın hekayələri çapa verəndə isə o, hər şeyi anlayar və səni ifşa eləyər.

Bastian özündənrazı halda dilləndi:

- Lələşin o qədər də xam hərif deyil. Əvvəla, mən süjet xəttini qismən, personajların adlarını isə tamamilə dəyişəcəyəm ki, plagiat faktı heç kəsin ağlına gəlməsin. Bilirsən, mənə lazım olan tək şey – bir hekayətdəki çıxış nöqtəsidir. Əminəm ki, sonra mənim öz xəyal gücüm gərəkli təkanı alaraq oyanacaq, işə düşəcək və mən Akselin süjetini elə inkişaf etdirəcəyəm ki, heç kəs, hətta o, özü də bunu tanımayacaq. Onun süjet xətlərini bir-birinə qarışdırıb, onların baş verdiyi fonu elə dəyişdirəcəyəm ki, heç kəs qurduğum hoqqadan xəbər tutmayacaq.

Bir qədər susandan sonra o, sözünə davam elədi:

- Əgər hətta onda şübhə yaransa belə, ideyalarını məhz mənim oğurladığımı necə sübuta yetirəcək ki? Bah! İkimizin ağlına oxşar ideyaların gəlməsinin günahkarı bəyəm mənəm?! Bu fakt sadəcə sübut edəcək ki, yeri gələndə mən heç də ondan zəif yazar deyiləm. Vəssalam.

Bu sözləri deyən Bastian desertini yeyib bitirdi, stəkanını başına çəkdi, şlyapasını başına qoyub, mənimlə sağollaşdı. Hər halda o, məni inandıra bilməmişdi və mən hələ də əmin idim ki, Akselin bloknotunu çırpışdırmaq – uğursuz ideyadır. Ancaq onun başına ağıl qoya, bu fikrindən daşındıra bilmədiyim üçün tək çarəm – onun irəlidə necə davranacağını səbirsizliklə gözləmək idi.

Təxminlər özünü doğrultdu: bu planı gerçəkləşdirmək sən deyən də asan deyildi. Xatırlayırsınızsa, demişdim ki, Aksel bloknotunu adətən pencəyinin cibində gəzdirirdi və hər dəfə qeydlərini bitirən kimi onu qaytarıb, cibinə qoyurdu, heç vaxt masanın və ya bar dəzgahının üstündə unutmurdu ki, üzünü yana çevirən kimi bir başqası hiss olunmadan onu çırpışdıra bilə. Uyğun fürsəti qaçırmamaqdan ötrü axır vaxtlar Bastian daha sıx-sıx onun həndəvərində fırlanmağa başlamışdı. Deyirdi ki: "Əvvəl-axır o, bloknotunu cibinə qoymağı unudacaq və mən o uyğun fürsəti qaçırmayacağam!"

Hər yerdə – restoranlarda, kafelərdə, kilsədə (həftədə beş dəfə yazar orada messaları dinləyirdi), günortadan sonra getdiyi kitabxanalarda o, Akseli qarabaqara izləyirdi. Alaqaranlıq və səssiz oxu zalında Bastian ondan bir qədər aralıda oturub, üzünü rəfdən təsadüfən götürdüyü kitabın cildi arxasında gizlədir, ağzı sulanan şahin kimi şikarını gözünün ucuyla pusmağından isə qalmırdı. Həlledici məqam – Akselin öz bloknotunu unutduğu an - yetişənədək onun nə qədər saatı səbirlə gözlədiyini heç kəs biləmməz.

Bastian mənə deyirdi:

- O, çox diqqətli və hədsiz dərəcədə səliqəli adamdır. Həmişə eyni masa arxasında əyləşir, gərəkli kitabı sifariş verir və qiraətə köklənir. Adətən o, ayrı-ayrı vərəqlərdə qeydlər etməyə, sonradan onları karton qovluğa yığmağa üstünlük verir. Bu ara nəyi araşdırdığını dəqiq söyləyə bilmərəm, çünki qovluğun üzərinə heç nə yazmır. Bildiyim bircə odur ki, sifariş verdiyi kitablar din və fəlsəfə tarixiylə bağlı olur. Buna əsasən, onun aylardan bəri sözünü etdiyi o esse üzərində işlədiyi qənaətindəyəm.

- Bəs bloknot?

- Onu düşəndən-düşənə çıxarır. Bəzən görürəm ki, eşələdiyi ciblərindən bir neçə kağız parçası çıxarır və onları xüsusi diqqətlə masanın üstünə düzür. Sonra isə əlini pencəyinin döş cibinə aparır: həsrətindən saralıb-solduğum bloknotu orada saxladığını bildiyim üçün həmin an ürəyim az qalır ayağımın altına düşə. Bloknotu çıxarıb, açır, qələmi götürüb orada qeydlər edir. Təxminlərimə görə, o, masadakı kağız parçalarından bloknotuna nələrsə köçürür.

- Bəlkə o, orda-burda olanda ağlına gələn ideyaları tələm-tələsik tramvay biletlərinə və ya ödəmə qəbzlərinə yazır, daha sonra, yəni nisbətən sakit şəraitdə isə onları bloknotuna köçürür?

- O da ola bilər. Hər necə olsa, o lənətəgəlmiş bloknotu işi bitən kimi mütləq pencəyinin cibinə qoyur. Ora qoymasa belə, əlini ondan çəkmir. Buna görə də gözünü oğurlayıb, bloknotunu çırpışdırmağa girəvə tapmıram.

- Acınacaqlı haldır.

- Heç şübhəsiz. Hərçənd dünən bir ara düşündüm ki, fürsət o fürsətdir: saat beşə doğru, yəni düz yarım gün kitablarla əlləşəndən sonra Aksel bloknotunu çıxarıb, orada beş-on kəlmə nə isə qaraladı. Sonra qələminin qapağını taxdı, qəlyanını və tütün kisəsini götürüb, yerindən qalxdı və oxu zalından çıxdı. Bloknot masanın üstündə qaldığından ona tərəf şığıdım.

- Hə, necə oldu, ələ keçirtdin onu?

Təlaşdan az qalırdı nəfəsim darala.

Bastian köksünü ötürdü:

- Təəssüf ki, yox. Tam əlimi ona sarı uzatdığım an Aksel haradansa peyda oldu: sən demə, kibrit paltosunun cibində qalıbmış. Buna görə də rola girəsi oldum. Uca səslə dedim: "Cənab Aksel, nə xoş təsadüfdür bu!" Bunun ardınca öz kitabım üçün material topladığımı gopladım. O isə bunu təqdir eləyərək dedi ki, ilkin mənbələrin araşdırılması gənc yazarlar üçün son dərəcə vacibdir və sair və ilaxır.

- Sonra nə oldu? Lənətəgəlmiş qəlyanını tüstülətməyə getmədi ki?

- Getdi, ancaq mən də istər-istəməz ona qoşulası oldum. Əgər bir bəhanəylə oxu zalında qalıb, bloknotu çırpışdırsaydım, bax, o halda Aksel təkcə məndən şübhələnəcəkdi.

Bastian qədəhindəki viskini başına çəkdi. Son vaxtlar o, yaman çox içməyə başlamışdı.

- Həm də ki biz zaldan çıxanda o, bloknotunu döş cibinə qoydu yenə.

Bu “qaçdı-tutdu oyunu” təxminən altı ay davam elədi. Kitab süjetlərinin mücrüsü sayılan o bloknotu ələ keçirməyə yerikləyən Bastian özünün bütün həyatını Akselin yaşam tərzinə uyğunlaşdırmışdı. Ən çox qorxduğu da o idi ki, birdən gözlənilən fürsət yaranar və o, bunu gözgörəsi qaçırar. Hərdən mənə elə gəlir ki, əgər o, bu güdükçülüyə sərf etdiyi bunca enerjini başqasının ideyalarını çırpışdırmağa deyil, öz əsərlərini yazmağa yönəltsəydi, yəqin çoxdan bir kitabı hazır idi. Ancaq bu fikrimi Bastianla paylaşanda o, özünü eşitməzliyə qoydu, çünki öz istedadının sönüklüyü ilə artıq barışmışdı və başqasının uğuruna şərik olmaqdan başqa bir yol görmürdü. Onun ədəbiyyata məhz bu üsulla gəlmə ehtimalını mən təkcə ümidsiz xülya saymırdım, bunun alçaq bir üsul olduğuna da şübhəm yox idi.

Hər şeyə rəğmən, o, nəhayət, bloknotu ələ keçirtdi. Kafedə oturmuşdum, bir də gördüm böyük təlaş içində içəri girdi. Qızla olduğumu görüb özünü qanacaqlı apardı və şirin söhbətimizi yarımçıq kəsmədi. Gedib, bar dəzgahına dirsəklənərək, gözlərini mənə zillədi. Bu vaxt onun üzündə özündənrazı və həzz dolu bir təbəssüm dolaşırdı. Əli ilə plaşının cibini sığallayaraq mənə başa salmağa çalışırdı ki, bloknot oradadır. Qızla söhbətimiz uzun çəkdi. Bastian içkisinin pulunu ödəyib, mənə əl yellədi, yəni «Axşam mənə dəy».

Saat səkkiz üçün ona baş çəkdim. Həmin bloknota yazılanların məğzini öyrənməkdən ötrü yaman səbirsizlənirdim. Odur ki, pillələri iki-iki, az qala qaça-qaça çıxırdım. Bastianın mənzili sonuncu, altıncı mərtəbədəydi. Qapının zəngini basarkən nəfəsim daralmışdı və mən indi qarşımda ədəbiyyat aləminə qədəm qoymağa hazırlaşan, hətta artıq ilk romanının birinci fəslini yazan cavan oğlanın sevincdən parlayan gözlərini görəcəyimi umurdum.

Qapı açılanda, qəribədir ki, onun son dərəcə çaşqın olduğunu sezdim. Mənzil tar-mar vəziyyətdə idi, sanki burada qızğın dalaşma-filan olmuşdu. Bu qarmaqarışıqlığın və qanqaraçılığın səbəbini soruşmağa nədənsə özümdə cürət tapmırdım.

Nəhayət, dilim söz tutdu:

- Hə, bloknot necə oldu?

Karıxmış halda:

- Bloknot? Hə, bloknot! – dedi. – Aksel dühasının ideyalar xəzinəsini deyirsən? Al, özün bax.

Döşəmədəki bloknotu götürüb, üstümə vızıldatdı, sanki bu, işlənmiş tramvay biletiydi. Cəld onu açıb, oxumağa girişdim və gözlərimə inanmadım. Qəzəbdən otaqda var-gəl edən Bastianın ağzı isə durmadan söyüş püskürürdü:

- Min cür süjetə bax ha! Sən demə, bu, olsa-olsa, adicə baqqal dəftəriymiş! O qoca xəsis bütün xərclərini sonuncu pfenninqinə qədər buna yazırmış! Simicliyə bax! Lənətə gəlmiş Qarpaqon! Ödədiyi bütün məbləğlər - qəzet, kitab, nahar, dərzi, elektrik enerjisi xərcləri – tarixlər də göstərilməklə, burada yazılıbdır! Bəzən isə o, saatları da göstərib!

Dəhşətə gəlmişdim: bloknotu vərəqlədikcə ümid edirdim ki, bəlkə iki-üç süjetin qaralamasına rast gələrəm. Ancaq hər səhifədə sadəcə sütunla düzülmüş rəqəmlər vardı. Köks ötürdüm:

- Bu, ola bilməz. Belə çıxır ki, o, lap əvvəldən hamını barmağına dolayıbmış?

- Hə, lap əvvəldən. İlk növbədə də məni! - deyə Bastian dəli nərə çəkdi.

Havalanmış biri kimi o, kitab şkafına tərəf cumub, oradan yalnız Akselin kitablarını götürüb, birbəbir cırmağa başladı. Səhifələri xırda-xırda doğrayandan sonra kini soyudu. Yaşadığı böyük uğursuzluq onun ədəbi iddialarını sıfıra endirmişdi.

Səhərisi gün, o, siyasətlə məşğul olmaq qərarına gəldi və təsis etdiyi yeni partiyanın ilk üzvü mən oldum. Akseldən isə qisasını gen-bol aldı və bundan ötrü onun bloknotundakı bircə detaldan yararlandı: geniş oxucu kütləsinə car çəkdi ki, bu görkəmli yazar və qatı katolik həftədə iki dəfə Verayneqassedəki işrətxanada pozğun qadınlarla əylənir və bu həzzlərə hər ay düppədüz iki yüz marka xərcləyir.

Bu qalmaqallı günlərdə zavallı Aksel aylardan bəri kitabxanada, özünün o vaxtkı heyranının həsəd dolu baxışları altında yazdığı, dinə və əxlaqa həsr olunmuş essesini çap etdirsə də, bu əsərə məhəl qoyan tapılmadı ki, tapılmadı.

https://www.facebook.com/azadyasharofficial

# 3415 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
#
#
# # #