Fahişələri görəndə bildik ki, ədəbiyyat bizi aldadıb

Fahişələri görəndə bildik ki, ədəbiyyat bizi aldadıb
30 noyabr 2013
# 08:30

Müasir rus yazıçısı Viktor Yerofeyev 1947-ci ildə diplomat ailəsində anadan olub. Moskva Dövlət Universitetinin filologiya fakültəsini bitirən yazıçı 1979-cu SSRİ Yazıçılar İttifaqından xaric edilib. 1988-ci ilə qədər Rusiyada çapı qadağan edilib. “Rus gözəli”, “Rus ruhunun ensiklopediyası”, “Yaxşı Stalin” və s. əsərlərin müəllifidir.

Kulis.Az Viktor Yerofeyevin aif.ru saytına verdiyi müsahibəni təqdim edir.

- Viktor Vladimiroviç, “Pew Research” agentliyi əcnəbilərin rusiyalılara münasibətini öyrənib. Sorğuda iştirak edənlərin yalnız 36%-i (yunanlar, Cənubi Koreya sakinləri, çinlilər) bizə pozitiv yanaşırlar. İsraildə, İordaniyada, Türkiyədə, Fransada, Yaponiyada, Misirdə, Almaniyada, İtaliyada, ABŞ-da isə bizi sevmirlər. Sizcə niyə?

- Bir çox Avropa dövlətləri liberal prinsiplər üzərində qurulub: orda dövlət insana xidmət edir, bizdəki kimi tərsi deyil. Əgər insan nəsə bir xidmət göstərmək istəyirsə o zaman dövlət onunla sosial müqavilə imzalayır. Bu münasibət növü XIX əsrin əvvəllərində icad olunub, sonralar isə daha çox İkinci Dünya müharibəsi zamanı güc kultu dəbdən düşdüyü, güclünün gücsüz üzərində dominantlığının zəiflədiyi dövrdə düzəlişlər edilib.

Bizdə isə hələ də arxaik düşüncə hakimdir: bizim üçün güc kultunun böyük əhəmiyyəti var, biz hakimiyyəti, onun simvol və nişanlarını sevirik. Buna görə də təəccüblü deyil ki, Stalin ruhu hələ də genlərimizdə yaşayır. Bizimlə avropalılar arasında tamamilə əks dəyərlər olduğuna görə bu onlarda qıcıq yaradır. Amma bu avropalılara köhnə ilə yeninin bir-biri ilə mübarizə apardığı parçalanmış rus mədəniyyətinə və incəsənətinə hörmət etməyə mane olmur.

- Elə görünürdü ki, biz SSRİ-nin çöküşündən sonra azad olacayıq. İnsanların imkanları genişləndi, məişət zəminində də daha çox komfort əldə etdilər. Amma öz yaxınlarımızı daha az sevməyə başladıq. Sizcə cəmiyyətdə yüksək həddə çatmış aqressiya nədən qaynaqlanır?

- Biz hamımız nəhəng sovet həbsxanasında, xalqlar həbsxanasında yaşayırdıq. Və kütləvi illüziyaya qapılmışdıq. Bizi azad edəndə isə tamamilə yad bir dünyaya düşdük və azadlıqda yaşamağa o qədər də hazır olmadığımız məlum oldu. Bizim ağlasığmaz, heç nə ilə müqayisəyə gəlməyən inamsızlığımız və şübhələrimiz, qabaqcadan bilinməyən davranışlarımız bundan irəli gəlir. Misal üçün, Fransada yol qəzası baş verəndə tərəflər sakitcə ayrılırlar, çünki orda sığorta sistemi işləyir. Bizdə isə başqa maşınla toqquşduqda səni güllələyə də bilərlər, döyə də bilərlər, qarşınıza normal insan da çıxa bilər.

Bax bu bilinməzlik də insanlarda aqressiyanı doğurur. Fikir vermirsinizmi, insanlar xaricdən ölkəmizə çox çətin vəziyyətdə qayıdırlar. Aeroportda ilk gördüyümüz həyatdan yorulmuş, şübhəli üzlərdi. Və sən başa düşürsən ki, bu 5-10 ilə düzələn deyil. Əlbəttə, adamın insanlara yazığı gəlir, onların bir çoxu panik vəziyyətdədirlər. Çünki onlar sonra necə yaşamaq lazım olduğunu bilmirlər.

- Bu gün müsəlman və xristian dünyaları arasında qarşıdurma olduqca gərginləşib. Hər iki dinin təməlində sevginin dayandığını nəzərə alsaq bu qəribə deyilmi?

- Xristianlıq sözsüz ki, bizi insan etmiş böyük qüvvədir. Ancaq mən İsanın sözünü xatırlayıram: “Mən sizə sülh gətirmədim, qılınc gətirdim”. Bunun harası sevgidir? Və əgər Quranı diqqətlə oxusaq yüngül desək görərik ki, orda kafirlər haqqında heç də dostca olmayan münasibətlərlə doludur. Bibliyadan və Qurandan müxtəlif fikirlər əxz etmək olar - sevgi və milli ayrı-seçkiliyi alovlandırma fikirlərini.

- Niyə rus klassikasının əsas kitablarında sevgi bu qədər tragik təqdim olunur? Faciəvi sevgi niyə bu qədər cəlbedicidir?

- Təkcə rus klassikasında belə deyil. Qədim Yunan ədəbiyyatı başdan-ayağa tragediyadır. Klassisizm də iztirabla doludur. Sevgi haqqında bəlkə ən yaxşı kitab olan Floberin “Madam Bovari”sində də əzab var. Rus ədəbiyyatı bunlardan heç nəyi ilə fərqlənmir. Tragediya və ağlın narahatlığı daha bədiidir. Burda təəccüblü heç nə yoxdur. Bizim klassik ədəbiyyatın kamuflyaj olması artıq başqa söhbətdir. O sevgi mövzuları ilə dolu olsa da bətnində sosial dözülməzlik mövzusunu gizlədir.

“Anna Karenina” baş qəhrəmanı anlamayan qəddar, konservativ sosiumun faciəsidir. Eyni anda bu əsər bizim qadınların yolundan azmışlığının nümayişidir. Rus ədəbiyyatı demək olar ki, bötüvlükdə inqilabidir. Onda reallıqla mütləq bir barışmazlıq təsvir olunub. Ədəbiyyat bu qiyamı yaradır, amma bunu sevgi əzabları ilə kamuflyaj edir. Çünki birbaşa “çar axmaqdır, rədd olsun” deyə bilməzsən.

Düzdür, ancaq “Atalar və oğullar”ın əlyazmasında qalsa da Turgenevin əla bir sözü var. Bazarov orda deyir: “İnsan yaxşıdı, şərait pisdi”. Biz düşüncəmizin bu xəstəliyindən hələ də qurtula bilməmişik. İnsan yaxşıdır, şəraiti isə dəyişərik, düzəldərik. Çarizmi sosializmə dəyişərik, Lenin metodlarını Stalin metodlarına, Stalin metodlarını demokratik metodlara və sair. İnsanın rus ədəbiyyatında göstərildiyi kimi ideal olmadığını qəbul etmək yerinə biz ancaq vurnuxuruq. İnsanın ideallaşdırılması bizdə yenidənqurmaya qədər davam elədi. Və 90-cı illərdə həyatımıza mələk yerinə quldurlarla fahişələr daxil olanda aydın oldu ki, rus ədəbiyyatı bizi aldadıb. Fransız ədəbiyyatı bu baxımdan daha realistdir, o insanı bu qədər öymür. Madam Bovari faciəvi həyata düçar olur. Və bunda nə fransız cəmiyyəti günahkardır, nə onun əri, o özü günahkardır. Bu cür ədəbiyyat özünə baxmağa və anlamağı öyrədir ki, sən mükəmməl deyilsən. Buna görə də şəraitdən yan keç və xeyirlə şər arasında balans yaratmağa çalış. Bizim ədəbiyyat isə deyir ki, hey oğlan, sən yaxşısan, bir dənə get çarı öldür, bütün işlərin düzələcək.

- Sevgi hər halda ilahi hissdir?

- Mənə elə gəlir ki, Tanrı insanın idarə edə bilmədiyi üç şeyə cavabdehdir. Birincisi loqik və rasional hərəkət tanımayan məhəbbətdir. Gözəyərsən gəlməz, gözləmədiyin an qəfil gələr. İkincisi yaradıcılıqdı, onun da belə bir sirli tərəfi var. Sən bu gün Puşkinsən, sabah heç kim. Yazırsan, yazırsan və birdən dayanırsan. Və heç kim deyə bilmir ki, niyə daha yaza bilmirsən.

Çox qəribədi, üçüncüsü də puldur. Elə görünür ki, hər şey əldə eləmisən, birdən birjada qəribə işlər baş verir və sən var-yoxunu itirirsən. Ya da bizim bəzi biznesmenlər heç nədən ağlasığmaz pullar qazanırlar. Ona görə yox ki, nəsə biznes fikirləşib qurublar, ona görə ki, sadəcə lazım olan vaxt lazım olan yerdə olublar. Bizdə öz bizneslərini düşünüb quran biznesmen çox azdır. Lazım olan yerdə olduqlarına görə başlarına qızıl yağışı yağan biznesmenlərimiz isə xeyli çoxdur. Qalanları isə-hakimiyyət, karyera – insana məxsusdur. Hətta özünlə yola getməsən belə onları əldə etmək mümkündür.

# 2741 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #