Umberto Eko: “Ora mənə anamın bətnini xatırladır”

Umberto Eko: “Ora mənə anamın bətnini xatırladır”
27 may 2013
# 09:49

Yazıçı Umberto Eko türk mətbuatına verdiyi müsahibəsində “klişe” suallara cavab verir. Kulis.Az Ekonun müsahibəsini təqdim edir.

- Dünyada üç şeyi dəyişdirmək imkanınız olsaydı, nələri dəyişərdiz?

- Birinci reportajları yığışdırardım. Qalanı isə çox adi şeylər olardı. Məsələn, dünyada sülhün olmasına çalışardım. Əslində ömrümün çox az bir hissəsinin qaldığını nəzərə alsaq bunun mənə heç dəxli yoxdur. Amma nəvələrim üçün yaxşı olardı. Fikirləşirəm, amma deyəsən dəyişdirmək istədiyim başqa şey yoxdur. Dünya pis-yaxşı belə də davam edə bilər.

- Tənha bir adaya düşsəniz özünüzlə hansı üç şeyi götürərdiz?


- Siz hansı üç şeyi götürəcəyimi soruşursuz. Mənə bu vaxta qədər o adaya hansı kitabı götürəcəyim sualını verirdilər. Mən də “telefon kitabçası”nı deyirdim. Telefon kitabçasındakı adlardan xeyli hekayə düzəldə bilərəm. Deməli birinci əşya telefon kitabçası.

İkincisi, blokfleytamı da özümlə götürərdim. Adada tənha adamın bir işlə məşğul olması lazımdır, ya yox. Beləcə Baxdan çalardım.

Adada elektrik olmadığına görə təəssüf ki, kompüterimi götürə bilmirəm. Ümid edirəm kokos qırmaq üçün adada daşdan zaddan tapa bilərəm. Ona görə də üzmək üçün özümlə çimərlik paltarımı götürə bilərəm. Təbii ki, gözlüklərimi hesaba almasaq. Onlar ayrı hesablanarsa çimərlik paltarı yerinə gözlük götürmək daha doğru olar.

- Ömrünüz boyu təkrar-təkrar oxuduğunuz bir kitab varmı?

- Çoxdu. Ən birinci əlbəttə telefon kitabçası. Bir də gəncliyimdən bəri oxuduğum bir kitab var; İtaliyada, Fransada və Amerikada onun haqqında çoxlu dərs demişəm. Gerard de Nervalın “Silviya”sı. Nerval İstanbul üçün də vacib bir addır (XIX əsr fransız romantik ədəbiyyatının ən önəmli simalarından olan şair Gerard de Nerval şərqə səfəri zamanı dəfələrlə İstanbulda olmuş və bu barədə səyahətnamələrində yazmışdır - red.).

Onun “Silviya” əsərini nəhayət italyancaya çevirdim. Hər dəfə oxuyanda yeni şeylər kəşf etdiyim əla bir hekayə idi. Tərcümə əsnasında son dəfə oxuyarkən belə daha əvvəl gözümdən qaçan yeni şeylər tapdım. 8-9 il əvvəl tərcüməni bitirəndə çox üzülmüşdüm. Çünki artıq bu kitabı nə edəcəyimi bilmirdim.

- Təkrar-təkrar baxdığınız və yaxınlarınıza baxmağı tövsiyə etdiyiniz bir film varmı?

- Con Fordun 1939-cu ildə çəkdiyi “Dilican” filmi. Bu əsl kinodur. Bir yad planetliyə “film nədir” deyə öyrətmək lazım olsaydı “Dilican”a baxdırardım. Bir neçə həftə əvvəl bağ evimdə 12 yaşındakı nəvəmə də baxdırdım. Bu yeni nəsildə köhnə filmlərə baxmaq üçün səbir yoxdu. Köhnə filmlərin tempi onlar üçün çox astadı, amma məcbur etdim. Axırda mənə: “Baba, həqiqətən də baxmağa dəyərmiş” - dedi. Bu filmdə bütün kino texnikalarını, kino fikirlərini tapmaq olar. Əslində bu filmdən sonra film çəkmək praktik olaraq bihudə işdir.

- Dünyaya təzədən gəlsəydiniz hansı peşəni seçərdiz?

- Yəqin ki, bir barda və ya otel vestibülündə ağzımda siqar, qədəhim əlimdə piano çalardım. Üzümdə də hər halda Boqart Hamfri (Amerika aktyoru, Amerika kino institutu onu Amerika kino tarixinin ən yaxşı aktyoru hesab edir - red.) ifadəsi olardı.


- Cavabını ən çox bilmək istədiyiniz sual hansıdır?

- Filosof kimi işim cavabı olmayan suallarla məşğul olmaqdı. Ona görə də bu mövzuda saatlara danışa bilərəm. Amma ən qorxuncu budur; qarşımda dayanan adam həqiqətən də vardırmı? Yoxsa xəyal gücümün məhsuludur?

- Axirətə inanırsızmı?


- Məndən sonra da həyat davam edəcək. Öz tərəfimdən bu suala müsbət cavabım yoxdu. Hələ ölməmişəm, sonra nə olacağını da bilmirəm. Amma gedənə sizə xəbər verərəm.


- Uşaqlarına verdiyiniz, ya da ata-ananızdan aldığınız ən vacib nəsihət hansıdır?

- Məncə bir ana və ya ata, uşaqlarına ən vacib nəsihəti onları qarşısına qoyub “nəsihət eləyəndə” deyil, fərqində belə olmadığı anda verir. Hər hansı bir şeyi öyrətdiyindən xəbərsiz olduğu anda. Tamamən marjinal anlarda. Özü üçün də, uşaqlar üçün də sirr olaraq qaldığı anlarda.

- Tanış olmaq, söhbət etmək istədiyiniz bir tarixi fiqur, yazıçı, dövlət xadimi, filosof varmı? Belə bir şansınız olsa kimi seçərdiz?


- Heyran olduğum adamlarla görüşməyə heç cəhd etmədim. Onlarla tanış olmağı rədd edirəm. Onlar haqqında beynimdə çəkdiyim rəsmi təhrif etmələrini, pozmalarını istəmirəm. Dolayısı ilə görmək istədiyim tarixi fiqur yoxdu. Kitablarında, tablolarında, bəstələrində dediklərindən artıq bir şey deyəcəklərini də zənn etmirəm. Söz gəlişi, Baxla tanış olmaq üçün heç bir səbəb tapa bilmirəm. Qoyub getdiyi əsərlər mənim üçün kafidir. Nəticədə Bax pop mədəniyyət deyil.

- İstanbulda ən çox sevdiyiniz yer haradı?

- İstanbulu, xüsüsən 1998-ci ildəki səfərimdə başdan ayağa gəzdim. “Baudolino” romanımda da bu barədə yazmışam. Amma xəyal gücümü ən çox hərəkətləndirən yer Bazilika ovdanı oldu. Yer altını həmişə sevmişəm. Bəlkə də mənə anamın bətnini xatırlatdığına görədi.

# 2268 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #