Tolstoyun əkdiyi ananası indi kimlər yeyir? VİDEO

Tolstoyun əkdiyi ananası indi kimlər yeyir?  VİDEO
21 noyabr 2013
# 13:22

Bu il Lev Nikolayeviç Tolstoyun vəfatından 103 il ötür. Ömrünün çox hissəsini öz malikanəsi Yasnaya Polyanada keçirən böyük yazar təkcə əsərləri ilə deyil, həm də həyatı, məişəti ilə də maraqlıdır. Kulis.Az Yasnaya Polyana haqqında yazını təqdim edir.

Turistlər adətən Yasnaya Polyanaya “Hərb və sülh” əsərinin və Tolstoyun əksər əsərlərinin yazıldığı məkanla tanış olmaq üçün gəlirlər. Bundan başqa malikanədə təkcə böyük rus ədəbiyyatının keçmişi ilə deyil, həm də XIX əsr mülkədarlarının həyatı ilə də-yeməkləri, içməkləri, yatmaqları, işləməkləri, dincəlməkləri-tanış olmaq olar.

Ev xanımlarının həyatı

Ailənin təsərrüfat həyatında başçı yazıçının xanımı qızlıq familiyası Bers olan Sofya Andreyevna Tolstaya idi. Onun razılığı olmadan malikanədə heç bir iş həyata keçirilmirdi. Sofya Andreyevna hər işi bacarırdı: o səhər yeməyini və naharı müəyyənləşdirir, ərzağı özü paylayır, onların həcmini müəyyənləşdirirdi. Bunun üçün mətbəxə bir neçə tərəzi də qoyulmuşdu. Onun rəhbərliyi altında qış ehtiyatı görülürdü. Hətta bazarlıq üçün Tulaya belə özü gedirdi.

Sofya Andreyevna hələ uşaqlıqdan bacıları ilə birlikdə təsərrüfat idarə eləməyi öyrənmişdi. Bacılara çox ciddi şəkildə təlim keçilirdi, Bers bacıları 9 yaşından başlayaraq evdə növbətçilik edirdilər. Əvvəl-əvvəl növbətçilik bir həftə davam edirdi. Bacılar səhər tezdən durur, dərslərə başlayan qədər (əlbəttə, dərslər heç bir halda təxirə salınmırdı) atalarına qəhvə bişirir, səhər yeməyi hazırlayır, xörəklərin hazırlanma prosesi ilə maraqlanır, beləcə bütün günü evdar qadının edəcəyi bütün işləri görürdülər. Həftənin sonuna növbətçiliyi təhvil vermək vədəsi yetişəndə bütün şkaflar yaxşı vəziyyətdə olmalı, bir həftəlik qənd doğranmış, qəhvə üyüdülmüş olmalı idi. Bacılar böyüyəndən sonra həftəlik növbətçilik aylıq növbətçiliklə əvəz olunmağa başlayır.

Bu cür tərbiyə mülkədar ailəsində adi qayda idi, çünki bütün qızlar əvvəl –axır ərə gedib böyük-böyük evlərin xanımına çevrilirdilər. Evdə qalanlar isə yenə də ev təsərrüfatı ilə məşğul olurdular.

Yəni Sofya Andreyevna Lev Tolstoya ərə gedib Yasnaya Polyanaya köçəndə qarşılaşacağı qayğıları əvvəlcədən bildiyinə görə buna hazır idi. Buna baxmayaraq bəzən elə yorulurdu ki, hətta nahar etməyə də halı olmurdu.

Sofya Andreyevna olduqca işgüzar xanım idi. Onun düşüncəsinə görə bir an olsun işsiz oturmamaq özü elə xoşbəxtlik idi. Təbii ki, onun vaxtını təkcə təsərrüfat qayğısı almırdı. Onun ən vacib işləri uşaqları idi, onların təhsil və tərbiyəsi ilə məşğul olurdu. O ərinə də işlərində kömək edir, rəssamlıq və fotoqrafiya ilə məşğul olurdu. Müasirləri onun mahir fotoqraf olduğunu deyirdilər. Bundan başqa o çox gözəl tikiş tikir və naxış toxuyurdu.

Sofya Andreyevna kulinariyaya da olduqca yaradıcı münasibət göstərirdi. Sofya Andreyevna bütün həyatı boyu yemək reseptlərini yazıb toplayır, eksperimentlər edir, yeni inqredientlər əlavə edirdi. O hər yerdə reseptlər toplayırdı. Misal üçün məşhur Ankov piroqunun reseptini o ata evindən gətirmişdi. Bu piroq Tolstoyların ailə səadətinin simvoluna çevrilmişdi.

Sofya Andreyevna evdarlıq jurnallarına abunə yazılır, qonşu və rəfiqələri ilə yemək reseptlərini mübadilə edir, qonaq getdiyi yerlərdə ev xanımlarından yeni yemək qaydalarını öyrənirdi. O, hətta özünün aşpazlıq kitabını da tərtib etmişdi. Rəssamlıqla məşğul olan yaradıcı adam kimi o bu kitabı xüsusi zövqlə tərtib etmişdi. Sofya Andreyevnanın aşpazlıq kitabının əlyazması Tolstoyların Moskvadakı ev muzeyində hələ də saxlanılır.

Tolstoyların mətbəxində

Ailəyə yeməklərin hazırlandığı bu balaca mətbəx elə bil indiyə kimi o qeyri-adi qadının ruhunu qoruyub saxlayıb. Sofya Andreyevna burda aşpazı müşahidə edir, tərtib etdiyi resept əsasında xörəklər hazırlanırdı.

O hər gün gündəlik menyunu tərtib edir, lazım olan ərzaqları çəkib aşpaza verirdi. Sofiya Andreyevna hər gün hazırlanan yeməklərin keyfiyyətinə nəzarət edirdi. Kiçik mətbəxdə xörəklər əsasən çuqundan olan mülkədar sobasında (pilətə) bişirilir, qonşu otaqdakı rus peçində isə piroq və sıyıq hazırlanırdı. Soba sadə quruluşlu olsa da onda xörək hazırlamaq çətindi, əvvəla temperatur nə qədər odunun atılmasından asılı idi. Üstəlik bu odunun hansı ağacdan olmasının da əhəmiyyəti vardı. Bundan başqa sobanın biş-düş üçün üç gözü, üstəlik isti su rezervuarı da vardı ki, bunun sayəsində mətbəxdə gün boyu isti su olurdu.

Sofya Andreyevnanın mətbəxi qab-qacaqdan da xeyli bol idi. Təəssüf ki, bunların xeyli hissəsi günümüzə gəlib çatmasa da hazırda mətbəxdə olanlar vaxtilə Tolstoylar üçün xörək hazırlanan qab-qacaqlardır. Mətbəxdə çuqun tavalar, mis qazançalar, yumurta qırmaq üçün alətlər, jele, piroq üçün qəliblər, hətta 18 bıçaqlı ətkəsən də vardı ki, Amerika istehsalı olan bu alət öz dövrü üçün çox bahalı idi.

Mətbəx inventarının hamısı bahalı idi. Bütün bunlardan Tolstoyların ailə aşpazı Nikolay Mixayloviç Rumyansev yararlanırdı. O bu ailədə də hələ Lev Nikolayeviçin babası knyaz Volkonskinin sağlığından qulluq edirdi. Ondan sonra isə aşpazlığı oğlu Semyon Rumyansev edirdi. Aşpazın yanında daima bir köməkçi qadın olurdu, qonaq qəbulu zamanı isə gərək olduqda əlavə köməkçilər cəlb olunurdu. Bildirmək lazımdır ki, Sofya Andreyevna öz aşpazı haqqında çox yüksək fikirdə idi.

Lev Tolstoy özünə necə yemək hazırlayırdı?

Amma Tolstoyların yeməklərini heç də həmişə aşpaz hazırlamırdı. Bəzən Sofya Andreyevna da yemək hazırlayırdı. Hətta Lev Tolstoyun özünə yemək hazırladığı günlər də olub. Bu əsasən yazıçı malikanədə tək qaldığı zamanlarda olurdu. Moskvada ev alandan sonra ailə qışı şəhərdə keçirirdi. Tolstoy isə şəhəri sevmir və daha çox Yasnaya Polyanada qalırdı.

Belə vaxtlarda o özünə yemək hazırlayır, hətta çörək də bişirirdi. Yazıçının kulinar eksperimentləri adətən uğursuz alınırdı. Məsələ burasındadır ki, Tolstoy ümumiyyətlə yeməyə qarşı laqeyd idi, onun üçün nə yeməyin önəmi yox idi, əsas o idi ki, tezcənə işinə qayıtsın. O süfrə arxasında uzun müddət də otura bilərdi, amma yemək naminə deyil, söhbət naminə.

Tolstoyun ən sevimli yeməyi yulaf sıyığı idi. Yulaf sıyığını o spirt lampasında hazırlayırdı. Ailəsi aşpazı da götürüb şəhərə köçəndə yazıçı ancaq bu xörəkdən yeyirdi. Lev Tolstoy qəhvə bişirməyi də bacarırdı. Deyəsən onun mətbəx bacarığı elə bunlardan ibarət idi.

Tolstoy şirniyyatı çox xoşlayırdı. O, quru meyvələri çox sevir, evdən xurma və alma qaxı əskik olmurdu. Yazıçı elə bunlarla da öz sevimli sıyığını yeyirdi. Sofya Andreyevna bunu nəzərə alaraq Moskvaya getməmişdən qabaq əri üçün xeyli yulaf və xurma tədarükü görürdü.

Tolstoy və vegeterianlıq

Yazıçı belə hesab edirdi ki, həyatın mənası özünü kamilləşdirməkdədir. Vegeterianlığı isə bu uzun yolda ilk addım hesab edirdi. Bununla belə yazıçı anlayırdı ki, heç kəsi bu birinci addımı atmağa məcbur etmək olmaz. O evdəkiləri dediklərinə əməl etməyə vadar eləməsə də qızları ataları kimi ətdən imtina etmişdilər. Oğlanları isə vegeterian deyildilər.

Əlbəttə, Tolstoy evdə vegeterianlığın fiziki və mənəvi faydasından danışırdı. Ət yemək nədir axı - sən kotlet yeyəsən deyə başqa bir insanı bir canlını öldürməyə məcbur etmək. Ən əsası özünə qalib gəlməkdi, kotletdən imtina etməklə sən kimisə kimisə öldürməyə məcbur etməyəcəksən.

Oranjereyalar, bal arıları və alma bağları

1860-1870-ci illər Tolstoyun həvəslə kənd təsərrüfatı ilə məşğul olduğu dönəm idi. Məhz bu ərəfələr malikanədə gəlir gətirən alma, başqa meyvə bağları salındı. Tolstoy həm də arıçılıqla məşğul olurdu. Bundan başqa oranjereya salınmış orada, şaftalı, üzüm, ananas kimi müxtəlif ekzotik meyvələr becərilirdi.

1867-ci ildə Yasnaya Polyanada yanğın baş verir, bütün qiymətli bitkilər məhv olur. Bu çox böyük itki idi. Bəzi bitkiləri yenidən əkmək mümkün olsa da Tosltoy şaftalı və üzümsüz qaldı. Ananas isə hələ də yetişdirilir. Hətta belə bir adət formalaşıb; hər il meyvələr yetişən zaman kənddə yerləşən uşaq bağçasının uşaqları malikanəyə dəvət edir və onları ananasa qonaq edirlər.

XIX əsrin ikinci yarısında malikanə demək olar ki, özü özünü ətlə, südlə müxtəlif meyvə və tərəvəzlərlə təmin edirdi. Çay, qəhvə, şəkər, makaron kimi bəzi məhsulları isə almaq lazım gəlirdi. Tolstoylar ilboyu armud, portağal, naringi, bitki yağı və şərab alırdılar.

Tolstoy XIX əsrin əksər mülkədarları kimi öz malikanəsində olduqca çox zəhmət çəkir və çox bacarıqlı şəkildə ailəsinin dolanışığını təmin edirdi. Meyvə bağları, qarabaşaq, çovdar, yonca zəmiləri, meşə, bal - bunlar Yasnaya Polyananın əsas gəlir yerləri idi.

Malikanədə demək olar hələ də bəzi təsərrüfat tikililəri qalıb; bağlar, arıxana, oranjereya. Əgər bu yerləri gəzsəniz görəcəksiniz ki, XIX əsrdə mülkədar həyatı heç də ballar, ziyafətlər, gəzintilər sentimental romanlar deyil, gündəlik ağır zəhmətdən ibarət idi. Əlbəttə ballar da, gəzintilər də, ziyafətlər də var idi. Amma bununla belə hər bir mülkədarın günü səhər dan ağarandan başlayır, axşam gün batanda bitirdi. Axı mülkədardan həm də yüzlərlə başqa insanın həyatı asılı idi.

# 3038 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #