Nədir bu postmodernism? - SORĞU

Nədir bu postmodernism? - <span style="color:red;">SORĞU
26 aprel 2016
# 08:30

Bəzən ədəbi cərəyanlar, terminlər haqqında yanlış rəylər verilir. Kimisi onu düzgün anlamadığından yanlış yorumlayır, kimisi isə xəbərdar olmadığından səhvə yol verir. Azərbaycanda ədəbiyyatçıların dilindən “postmodernizm” sözü düşmür. Bəziləri bunu həyat tərzi, bəziləri isə ədəbi cərəyan kimi şərh edir. Bəs, ümumiyyətlə, bu postmodernizm nədir? Postmodernizmi necə başa düşək? Azərbaycanda postmodernizm varmı? Kulis.az bu barədə sorğu keçirdib. Cavabları təqdim edirik.

Azər Abdulla: “Mən postmodernizmi qəbul eləmirəm. Açığı, başa düşmürən o nə olan şeydir. Bu söhbət də son vaxtlar yaranıb. İndi cavanlar yazır, arada görürəm. O vaxt Həmid Herisçi “postmodernizm” terminini gətirdi yadımdadır, sonra da dedi, konspirologiya var. Gündə bir termin çıxır, ancaq ədəbiyyat dəyişmir, yerində qalır. Ədəbiyyat illərdir bir neçə cərəyanlar görüb. Ancaq mənim üçün yaxşı ədəbiyyat var, bir də sönük ədəbiyyat”.

Səfər Alışarlı: “Məncə, postmodernizm yaradıcılıq metodundan daha çox ictimai düşüncənin təkamül səciyyəsidir. Yazıçılar öz əsərləri ilə mövcud cəmiyyətin indiki qavrayışına, zövqünə, tələbatına uyğun üslub, təhkiyə, hətta mövzu seçirlər. Bütün metodoloji yaradıcılıq formasiyalarında yazıçılar öndən gələn yeni zamanın diktəsilə bir qədər hesablaşmaq məcburiyyətində qalıblar. Heç şübhəsiz, deyilənlər istedadlı yazıçılara aiddir. Məsələn, Heminquey ədəbi fenomeni təsdiq olunan kimi bütün dünya qrafomanları başladılar qısa frazalarla əsərlər yaratmağa və müsahiblərinə “starik” deyə müraciət etməyə. Amma onların hamısı, yəni yer üzünün minlərlə yazıçısı, bir “Qoca və dəniz” qədər ədəbiyyata xidmət göstərə bilmədilər. Görəsən, kimsə saya bilərmi o minlərdən neçəsinin bizim Azərbaycan ədəbiyyatının qismətinə düşdüyünü?! Yaradıcılıq metodundan asılı olmayaraq, müəllifin və əsərin əsas göstəricisi ondakı istedadın, yəni Allah vergisinin qədəridir. Bəzi istedadsız müəlliflər bir vaxtlar hökumətləri aldatmağı bacardılar, amma bununla kifayətlənməyib, sonradan onlar Allahı da aldatmaq iddiasında bulundular. Allahın da barmağı yoxdu ki...”

Əsəd Cahangir: “Postmodernizm vaxtında lazım idi və öz işini də gördü, artıq onun fəaliyyəti dayanıb. İndi postmodernizmdən danışmaq keçmişə baxmaqdır. Azərbaycanda postmodernizm Kamal Abdullanın “Yarımçıq əlyazma”, İlqar Fəhminin “Aktrisa”, Həmid Herisçinin “Nekroloq”, Elçinin “Teleskop” əsərlərində, Salam Sarvanın, Murad Köhnəqalanın şeirlərində öz əksini tapıb. Postmodernizmin bəlkə də 2500 illik ədəbi-bədii tarixi var. Bir mərhələnin yeni mərhələyə keçidinin arasında qalan xaosdur postmodernizm. Artıq postmodernizm öz ömrünü tükədib. Ona görə də postmodernizmi söz konusuna çevirməkdənsə, daha müasir anlayışları müzakirə etmək lazımdır. Belə anlayışlardan biri post insan anlayışıdır”.

Qismət: “Postmodernizm nədir?” sualına hərənin bir cavabı ola bilər və bu cavabların hamısı həm doğru, həm də yanlış ola bilər. Çünki onu nəzəri bir proqramda ümumiləşdirmək az qala qeyri-mümkündür. Bu mənada postmodernizm haqqında çox yazsam da, mənim cavabım da cavablardan biridir.

Postmodernizm bir şeyin nə olduğunu yox, necə olduğunu soruşmaqdır. Məsələn, postmodernizm soruşmur ki, “varlıq nədir?”, soruşur ki, “varlığa nə olub?”

Postmodernizmi qaydalar toplusundan çox, Jan Fransua Liotarın diliylə desək, davam edən vəziyyət, durum, əhval, ovqat kimi dərk etməyin tərəfdarıyam. Bu durum içində astronomiya ilə astrologiya, elmlə magiya, akademik tiblə xalq təbabəti, texnogenlərlə təbiətçilər yan-yana dura bilir. Postmodern vəziyyət klassik musiqini caz ritmində çalmaqdır, türkünün, xalq mahnısının diskotekada səslənməsidir. Postmodernizm elitarla kütləvinin, kitçlə nüfuzlunun bir yerdə olması, “baboçka” ilə cins şalvar geyinməkdir. Postmodernizmi anlamağın ən yaxşı yollarından biri, konkret sənət nümunələr üzərində danışmaqdır. Bu isə bir sorğunun sərhədlərini çox aşır. Ümumiləşdirməyə çalışım, məsələn, metafiksiya, yəni mətnin quruluşunu, yazılma prosesini faktlaşdırma, əsərin öz qurama olmağını faş etməsi, mimesisdən imtina, təhkiyəçinin aktiv fiqura çevrilməsi, xronologiya zəncirinin qırılması, intertekstuallıq, başqa mətnlərə eyhamlar, göndərişlər, pastiş, parodiya, qəhrəmanın subyektə çevrilməsi və s.

Bizdə postmodern romana iddialı xeyli müəllif olsa da, bədii mətn səviyyəsinə yüksələn bir neçə nümunə var. İlk ağlıma gələn daşlaşmış, bütləşmiş dastan qəhrəmanlarını toxunulmazlıq kürsüsündən yerə endirən Kamal Abdullanın “Yarımçıq əlyazma”sıdır. Sonra damarlarından poeziya axan təhkiyəsi ilə, yaşadığımız həyatın sona qədər yazılmasının qeyri-mümkünlüyünə elegiya olan Həmid Herisçinin “Nekroloq” romanı. Sonra həm “qəhrəmanlıq” anlayışına qas-qas gülən, həm də öz qəhrəmanını sevməkdən geri dura bilməyən Şərif Ağayarın “Haramı” romanı. Sonra rəsmi yox, subyektiv tarix anlayışı ilə yazılmış, ədəbiyyatımızdakı “bartlbi sindromu” haqqında ilk əsər olan Qan Turalının “Fələk qırmancı” romanı və s...”

# 1539 dəfə oxunub

Oxşar xəbərlər

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #