“Baxın, bu kitabı 1900-cü ildə Şimali Karolinanın Eşvill qəsəbəsində doğulmuş böyük bir uşaq yazıb. Onun cəsədi çoxdan çürüyüb. Nə vaxtsa o, dörd böyük kitab yazıb. O tufan kimiydi. O dağları qaldırmağı düşünürdü və özünü zirvələrə qaldırırdı. 1938-ci il sentyabrın 15-də Baltimorda Con Hoppkins xəstəxanasında dəhşətli xəstəlikdən – beyin sətəlcəmindən öldü. Ondan sonra kiçik hərflərlə, karandaşla yazılmış bir çemodan əlyazma qaldı” .
Rey Bredberi
“Vulf imkansızı yaratmağa çalışırdı – o, insanlığın bütün təcrübəsini ədəbiyyatda əks etdirməyə çalışırdı. O bütün dünyanı iynə ucunda yerləşdirməyə cəhd edirdi”.
Uilyam Folkner
Tomas Vulf Azərbaycanda demək olar ki, tanınmır. Amma o, “itirilmiş nəsil” adlandırılan ədəbi nəslin ən böyük nümayəndələrindən biri olaraq dünya ədəbiyyatına öz möhürünü vurmuş yazıçılardan biridir.
Vulf doğurdan bir tufan kimiydi və Tanrı ona zaman tanısaydı, bəlkə də dünya ədəbiyyatını başından dəyişəcək bir istedada sahibdi.
1929-cu ildə Vulfun ilk romanı – “Dön, evinə nəzər sal, Mələk” çap olunduqdan sonra bir çoxları, çoxdan bəri hər bir amerikalının gözlədiyi “Amerikanın böyük romanı”nın yazıldığını bildirdi. Bu, doğurdan da belə idi. Amerika Böyük tənəzzüllün başlanğıc nöqtəsində ədəbiyyata o qədər böyük bir girişim etdi ki...
Birinci Dünya müharibəsi ilə İkinci Dünya müharibəsi arsındakı zaman kəsiyində Amerika dünya ədəbiyyatını o qədər zənginləşdirməyi başardı ki, bu dövrdən sonra Amerika bəlkə də tarixinin heç bir dövründə bu qədər böyük ədəbiyyatı bir daha yarada bilməyəcək. Söhbət Folkner, Heminquey, Fitscerald, Dos Pasos, Sinkler Lyuis, Steynbek və təbii ki, Tomas Vulf yaradıcılığından gedir. Bunların arasında Folkner və Vulf yaradıcılığı xüsusi olaraq seçilir.
Vulfun yaradıcılığında heç bir kiçik detal yoxdu. O hər şeyi böyük görür və nəhəng düşünürdü. Əslində isə o, uşaq kimi düşünür və o qədər böyük xəyallar qururdu ki, bu xəyalların qarşısında yalnız heyrətə gəlmək olurdu. Vulfun özündən başqa tanıdığı, bildiyi bir kimsə yox idi. Onun yazdığı dörd böyük roman və iki kitabda toplanmış povest və ədəbi düşüncələri təpədən dırnağa avtobioqrafik bir yaradıcılıqdı. Vulf öz yaşamını və böyük xəyallarını kağıza köçürürdü və bu zaman, Folknerin söylədiyi kimi, bütün insanlığın təcrübəsini ədəbiyyata gətirmək üçün imkansıza can atırdı. Elə buna görə də Amerikanın ilk Nobel mükafatı laureatı Sinkler Lyuis onu “nəhəng uşaq” adlandırmışdı.
Vulf üçün yaradıcılıqda mövzu, süjet və ədəbi material kimi bir problemlər yoxudu. O, birnəfəsə yazırdı və hər gün 5 min söz yazmadan masa arxasından qalxmazdı. O özündən sonra 4 böyük roman qoyub getdi və bu romanlar özünün nəhəngliyi ilə ancaq “Hərb və sülh”lə müqayisə oluna bilərdi.
O, 38 yaşında öldü və hardasa 14 illik yaradıcılığında, zaman baxımından doğurdan imkansızı başarmışdı. Bu baxımdan onu Makedoniyalı İsgəndərlə müqayisə etmək daha doğru olardı.
* * *
Tomas Kleyton Vulf anasının saxladığı dərbədər bir pansionda böyüyüb başa çatmışdı. 15 yaşında Şimali Karolina Universitetinin hüquq fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra 20 yaşlı Vulf dramaturq olmağa qərar verir və bu məqsədlə Harvard Universitetinin dramaturgiya fakultəsində məşhur dramaturgiya ustalarından olan professor Beykerin seminarlarına qatılır. Üç ildən sonra o, Nyu Yorka yola düşür və burda yazdığı pyesi tamaşaya qoymağa çalışır. Lakin pyes o qədər nəhəng və əsərdəki personajlar sayca o qədər çox olur ki, heç bir prodüsser Vulfun pyesini qəbul etmir. Bundan sonra Vulf Nyu York Universtetində ədəbiyyatdan dərs deməyə başlayır.
1925-ci ildə Vulf Alina Bernastayna vurulur və bu məhəbbət onun həyatında bir çox şeyləri dəyişdirir. Məhz Alinanın səyləri nəticəsində o, “Dön, evinə nəzər sal, Mələk” romanını bitirir. Lakin əlyazma o qədər böyük olur ki, heç bir naşir romanı qəbul etmir. Yalnız M.Perkins Vulfun istisnasız istedadını görərək romanı nəşr etməyə qərar verir. Perkins nəhəng əlyazmanı redaktə etmək üçün aylar sərf edir və 1929-cu ildə kitab çap olunduqdan sonra Amerika və Avropada hadisəyə çevrilir. Bundan, 4 illik tənhalıqdan sonra Vulf ikinci romanını – “Zaman və çay haqqında” romanını bitirir. Roman 1935-ci ildə çap olunur və Vulf dövrünün ən böyük yazıçılarından biri olaraq qəbul olunur.
Hər iki kitab avtobioqrafik romanlardı və onların personajları Vulfun həyatında iştirak edən real insanlardı.
1938-ci ildə Vulf beyin sətəlcəmindən ölür. Onun evindən böyük bir çemodan əlyazma tapılır. Ölümündən sonra daha iki romanı – “Hörümçək toru və qaya”, “Evə dönüş yoxdur” dərc olunur. Və istisnasız Tomas Vulf 20 əsr dünya ədəbiyyatının ən böyük nümayəndələrindən biri olaraq tarixə düşür.
Sağlığında Vulfun ən çox dərc olunduğu ölkə Almaniya idi. 1936-cı ildə Vulf kitablarının bu ölkədə çap olunmasına qarşı çıxdı. O, faşizmi qəbul edənlərin onun kitablarını oxumasını istəmirdi.
* * *
1931-ci ildə Sinkler Lyuis gecə saat 3-də telefon zəngi ilə Vulfu yuxudan ayıldaraq evinə çağırır. Bir saat sonra qapıdan içəri girən Vulfu qonağına göstərərək deyir: “Baxın, o necə də nəhəngdir”. Vulfun boyu iki metrə yaxındı və onun uzun qolları dizlərinə qədər uzanırdı. Amma o uşaq kimi sadəlövhdü. Müasirələri onun dəhşətli istedadı və eyni zamanda dəhşətli sadəlövhlyüyünü necə bir araya sıxışdırdığını anlaya bilmirdilər.
Doğurdan da anlaşılmazdı. Bu qədər böyük düşünən bir adam necə bu qədər sadəlövh ola bilərdi?..
Tomas Vulf: Nəhəng uşağın xəyalları - ARAŞDIRMA
16 may 2011
11:50
2178 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024