Elçinin yeni povesti “Kaşeyin ölümü” II hissə

Elçinin yeni povesti “Kaşeyin ölümü” II hissə
24 noyabr 2012
# 07:50

Kulis.az Elçin Əfəndiyevin "Kaşeyin ölümü" adlı kiçik povestini internet məkanında eksklüziv olaraq yayımlayır.

Bu gün povestin ikinci hissəsini oxuya bilərsiniz.

Povestin ilk hissəsini burdan oxuyun.

3

İstefaya çıxmış tibb xidməti polkovniki Cəfərov – kənddə hamı onu «Həkim» deyə çağırırdı; həkim çox idi, amma «Həkim» deyəndə, kənddə hamı bilirdi ki, söhbət Cəfərovdan gedir – axır vaxtlar öz səhhətindən narazı idi, təngənəfəs olurdu, ayaqlarının, qollarının oynaqları ağrımağa başlamışdı və özü-özünü müalicə etsə də, axır vaxtlar tez-tez ürəyində rus dilində təkrar edirdi: «starost – ne radost», yəni qocalıq səfeh şeydir və bu dünyada gərək Molla Zeydulla kimi qrafoman olasan ki, yaşının bu çağında sağlamlığının qeydinə qalmaq əvəzinə, başdan-başa xolestrin olan yağlı qoyun əti yeyə-yeyə kosmos və internet əsrində güldən, bülbüldən, Leyli və Məcnundan mənasız şeirlər yazasan.

Həkim Cəfərov sovet vaxtı Sov.İKP üzvü kimi hər ay səliqə ilə üzvlük haqqını ödəyən, partiya biletinə sidq-ürəkdən ehtiram bəsləyən əqidəli – hər halda, ona belə gəlirdi – kommunist idi, ancaq 1990-cı il yanvarın 20-də Mixail Qorbaçovun əmri ilə guya anti-sovet üsyanını yatırmaq üçün Bakıya qoşun yeridiləndən və o qoşun da günahsız insanları gülləbarana tutandan sonra protest əlaməti olaraq partiya biletini atmışdı.

Düzdür, Həkim Cəfərov bir müddətdən sonra partiya biletini geri götürdü, amma daha əvvəlki tək əqidəli kommunist deyildi. Sonra Sovet İttifaqı dağıldı və məlum oldu ki, sən demə, KQB, təkpartiyalıq, kommunizm idealları – hamısı boş şey imiş, bir nəfər – Qorbaçov – o boyda dövləti dağıda bilərmiş. Ancaq illər keçdikcə, deyəsən, Həkim Cəfərov kommunizm buxovlarını qırmış azad dünyada yavaş-yavaş təzədən əqidəli kommunist olmağa başlayırdı, get-gedə ona elə gəlirdi ki, uşaq çağlarında – 1940-ın sonu, 50-nin əvvəllərində – rəhmətlik nənəsi Nikolay vaxtı, yəni Sovet İttifaqından əvvəlki dövr haqqında gözəl xatirələr danışdığı kimi, o da nəvə-nəticələrinə sovet dövrü haqqında gözəl xatirələr danışacaq.

Bunu fikirləşəndə Həkim Cəfərov öz-özünə gülümsəyirdi, çünki başa düşürdü ki, onun bu ehtimalı heç vaxt baş tutmayacaq, amma ona görə yox ki, sovet dövrü haqqında gözəl xatirələr danışmaq mümkün deyildi – lap yaxşı mümkün idi və azad kapitalist dünyasını ki, belə görürdü, get-gedə o xatirələr daha da zənginləşəcəkdi – ona görə ki, iki övladından biri – qızı Yekatrina – isveç Bartolda ərə getmişdi və İsveçdə yaşayırdı, oğlu Aleksandr isə ailəsi ilə birlikdə Sankt-Peterburqda yaşayırdı və Həkim Cəfərov yaxşı başa düşürdü ki, onun haçansa oturub nəvələrinə şirin-şirin xatirələr danışmaq perespektivi sıfıra bərabərdir.

Məsələ burasında idi ki, Həkim Cəfərov 1955-ci ildə Bakıda orta məktəbi bitirib, Leninqradda Hərbi Tibb Akademiyasına daxil olmuşdu, oranı bitiridikdən sonra isə Yaroslavldan tutmuş Vladivostokacan Rusiyanın – nəhəng Rusiyanın – müxtəlif bölgələrindəki hərbi dairələrdə qulluq etmişdi və bir də düz 33 ildən sonra polkovnik rütbəsində istefaya çıxıb arvadı Anna Viktorovna ilə birlikdə Bakıya qayıtmışdı.

Yüksək ixtisaslı həkim kimi bir müddət Bakıdakı xəstəxanalardan birində işlədi, sonra birdəfəlik təqaüdə çıxıb, kənddə boş qalmış ata-baba mülkünə köçdü və burada da kənd camaatı hərdənbir onu xəstə üstünə çağırırdı. Qətiyyən tamahkar adam olmadığı üçün, Həkim Cəfərov heç vaxt pul söhbəti etməzdi və xəstəyə baxandan sonra hansı xəstə sahibi cibinə nə qoyurdusa, hansı bəxşeyişi verirdisə, onunla da kifayətlənirdi. Eyni zamanda sahil boyu salınmış İstirahət Mərkəzlərində, o cümlədən «Cənnət-məkan»da qeyri-rəsmi məsləhətçi idi, yəni ştatda deyildi, maaş almırdı, ancaq turistlərin, ümumiyyətlə, burada istirahət edənlərin səhhətində hansısa bir problem yarananda, onlar Feyzi bəyin tövsiyəsi ilə Həkim Cəfərova müraciət edirdilər, çünki Feyzi bəy onun şəxsiyyfətinə də, peşəkarlığına və səriştəsinə də hörmət bəsləyirdi və Anna Viktorovnaya isə xüsusi hörməti var idi.

Sən demə, Leninqrad da təzədən Sankt-Peterburq ola bilərmiş…

Kimin ağlına gələrdi?..

Axmaq Molla Zeydulla deyir ki, sən familyanın axırındakı «ov»u at, təkcə Cəfər qalsın, guya bununla Həkim Cəfərovun tərcümeyi-halı dəyişəcəkdi? Molla Zeydullanın hələ onun, yəni Həkim Cəfərovun atasının adının necə dəyişdirilməsindən xəbəri yox idi…

Bütün bunlar hamısı boş şeylər idi.

Həkim Cəfərov səhhətindən narazı idi, amma öz həyatından və taleyindən narazı deyildi: Anna Viktorovna olduqca təmizkar, əsəbləri sakit, qayğıkeş, mehriban bir insan idi və 1960-cı ildən ki, evlənmişdilər – düz 52 iliydi – o vaxtdan üzü bu tərəfə aralarında bir dəfə də nəinki dava-dalaş, heç söz-söhbət də olmamışdı və Həkim Cəfərov bunu çox yüksək qiymətləndirirdi. Oğlu da, qızı da ciddi adamlar idi, düzdür, Azərbaycanla demək olar ki, nə cismani, nə də mənəvi əlaqələri var idi, ancaq bu, Həkim Cəfərov üçün xüsusi bir qayğı mənbəyi deyildi, dünya onsuz da qloballaşmaya doğru gedirdi və yüz ildən, iki yüz ildən sonra nə azərbaycanlı, nə rus, nə ingilis?

Həkim Cəfərov bu kənddə anadan olmuşdu, kəndin uşaqları, o cümlədən də Zeydulla ilə (indi molla olub və gül ilə bülbülün məhəbbətindən şeirlər yazır!) yelpələng uçura-uçura, çilədi çiləyə-çiləyə, dənizdə üzə-üzə bu kənddə böyümüşdü və Rusiyada yaşadığı vaxtlarda, əlbəttə, hərdən o günləri xatırlayırdı, rəhmətlik anasını bişirdiyi Azərbaycan xörəkləri, xüsusən plov üçün qəribsəyirdi, ancaq bütün bunlar elə bir problem deyildi ki, Həkim Cəfərov bunları dərd eləyib ürəyinə salsın.

Anna Viktorovna kulinariya kitablarına baxa-baxa Azərbaycan xörəkləri və təbii ki, bu xörəklərin ən məşhuru olan plovu bişirməyə çalışırdı və Həkim Cəfərov üzə vurmasa da, ilk vaxtlar Anna Viktorovnanın kitabda yazılanlara cidd-cəhdlə əməl edib bişirdiyi plovu güclə yeyirdi, çünki bu elə bir plov idi ki, elə bil, Qaçaq Nəbi boğazına qalstuk bağlayıb, başına da şlyapa qoyub, ancaq illər keçdikcə Anna Viktorovnanın bişirdiyi plova elə öyrənmişdi ki, Azərbaycana qayıdandan sonra, bu dəfə də qohum-əqrabanın, tanış-bilişin evində yediyi plovu bəyənmirdi, onun üçün ən gözəl plov Anna Viktorovnanın bişirdiyi plov idi.

Və həmin isti yay günü də Həkim Cəfərov günortaçağı evdə oturub pamidorlu vermeşil supunu yeyə-yeyə rusca:

- Anna,- dedi.- Ya s udovolstviyem poyel bı plov… («Anna, mən məmnuniyyətlə plov yeyərdim…»)

Anna Viktorovna artıq sulanmağa başlamış, ancaq yenə də çox gözəl olan göy gözləri ilə ərinə baxa-baxa gülümsədi və dedi:

- Tolko v naçale sleduyuşeqo mesyatsa… («Ancaq gələn ayın əvvəlində…»

Bu mənada ki, təqaüdü gələn ayın əvvəlində, yəni beş-altı gündən sonra alacağıq və plov bişirmək üçün ət, ya toyuq da onda olacaq. Bugünkü supu isə Anna Viktorovna hələ bir həftə bundan qabaq həmişəki kimi qəssab Mirzəağadan aldığı təzə mal ətinin sümüklərinin suyunda bişirmişdi və Həkim Cəfərov bu cür bulyonda bişmiş pomidorlu vermeşil supunu xoşlayırdı. Onlar həmişə mal əti alırdılar, çünki qoyun əti nədənsə Anna Viktorovnanın qarnını ishala salırdı, buna görə Həkim Cəfərov da daha qoyun ətini yadırğamışdı.

Həkim Cəfərov çiyinlərini çəkdi və Anna Viktorovnanın həmişə əla bişirdiyi pomidorlu vermeşil supundan dolu bir qaşıq götürüb:

-Çto podelayeş?- dedi.- Pokuşaem prekrasnıy sup… («Nə etmək olar? Gözəl supu yeyəyərik…»)

4.

Xoruz döyüşləri adətən şənbə günləri günortaçağı, yay aylarında isə gün əyiləndən sonra, axşamüstü başlayırdı və həmin unudulmaz şənbə günü də İbad dayı axşama yaxın hava nisbətən sərinləyəndə kənd bazarının arxasındakı sahədə hazırlıq işlərini görməyə başladı.

Gödəkboy, tosmaraq, amma çox cəld bir adam olan İbad dayı bazarın gecə gözətçisi idi və bazarın arxasındakı o sahənin bu kişiyə heç bir dəxliyyatı olmasa da, özü-özünü «yer sahibi» təyin etmişdi ki, bu da «ev sahibi» kimi bir şey idi: döyüş meydanını hazırlayırdı, tamaşaçıların hər birindən əlli qəpikdən tutmuş bir manatacan «yer pulu» yığırdı, eləcə də mərc edənlərin pulunu yığırdı və mərci udan xoruz sahibi bu puldan da ona pay verirdi.

Bütün bunlar və bu qismdən olan ilaxır işlər öz yerində, ancaq İbad dayının kənd bələdiyyəsinə məxsus həmin sahəni istismar etməsi bununla bitmirdi, civə kimi daima hərəkətdə olan İbad dayı közətçi köşkündə saxladığı (və ora güclə sığışan) köhnə taxta mizi hıqqana-hıqqana köşkdən çıxarıb, döyüş meydanının yuxarı başına gətirirdi və arvadı Nisə xalanın dədə-babasından qalmış mis samovarı gətirib o mizin üstünə qoyurdu, arvadı Nisə xalanın kraxmalla tərtəmiz yuyub-ütülədiyi süfrəni mizin üstünə sərirdi, stəkan-nəlbəki, qənd, evdə Nisə xalanın böyük ruh yüksəkliyi və xüsusi səliqə ilə doğradığı limon dilimləri düzürdü, kömür salıb samovarı qaynadırdı və susuzdamış azarkeşlərə stəkanı 30 qəpiyə, xoruzlar aranı qarışdırıb, məzhəbi itirəndə isə fürsəti fotə verməyib 50 qəpiyə limonlu çay satırdı.

Beləliklə, İbad dayının şənbə qazancları pis olmurdu, amma Kaşey peyda olandan sonra, onun biznesi yeni bir mərhələyə keçdi, qazancı ikiqat, üçqat artdı, çünki Kaşeyin döyüşlərinə təkcə kənd adamları, sahil boyu tikilmiş İstirahət Mərkəzlərində dincələn turistlər yox, qonşu kəndlərdən də xeyli tamaşaçı gəlirdi və Nisə xala İbad dayının döyüşdən sonra tələsik evə gətirdiyi pulları həyəcanla saya-saya həm əri, yəni İbad dayıyla qürurlanırdı, həm də sidq-ürəkdən:

- Allah Kaşeyin canını sağ eləsin!..- deyirdi, elə bil, Kaşey də xoruz yox, İbad dayı kimi bacarıqlı bir kişi idi.

Ancaq döyüş meydanındakı alış-veriş təkcə İbad dayının getdikcə çiçəklənən biznesindən ibarət deyildi və xüsusən Kaşeyin şöhrəti ətrafa yayıldıqdan sonra hətta qonşu kəndlərdən də qovrulmuş tum, suda bişib üstünə duz səpilmiş qarğıdalı, dondurma satan yeniyetmə oğlanlar da bura gəlib bir-biri ilə rəqabət apara-apara alver edirdilər.

Adi günlər ki, İbad dayı gecələr bazardakı gözətçi köşkündə oturub növbəti şənbə günün eşqi ilə termos çayı içə-içə qarovulçuluq edirdi, bəzən xəyal onu qanadlarına alıb gələcəyə aparırdı və o zaman İbad dayı həmin gözəl xəyal aləmində döyüş meydanındakı alış-verişi tam inhisara götürürdü, meydandan bir az aralıdakı qoca, qollu-budaqlı badam ağacının kölgəsində qəssab Mirzağanın kafesinə bənzəyən mədəni bir köşk qurub, mədəni də bir satıcı tapıb tumu da, qarğıdalını, dondurmanı da özü satdırırdı. Orda isti qutab, hətta kabab da bişirtdirib satdırmaq olardı, indi sovet vaxtı deyildi ki, milisioner Səfər alver üstündə sənə hədə-qorxu gəlsin, öyüd-nəsihət versin və bu yerdə birdən, elə bil, o kababın qoxusu İbad dayının xəyal aləminə daxil olub, onu ayıldırdı. Bu zaman kişinin içindən bir səs gəlirdi ki, bəsdir, İbad, artıq tamah baş yarar, amma bir az keçdikdən sonra özündən asılı olmayaraq kişi yenə o gözəl xəyal aləminə daxil olurdu və bu dəfə qonşu kəndlərdən maşınla gəlib, maşınlarını o badam ağacının kənarında saxlayan azarkeşlərdən də maşın pulu yığmağa başlayırdı.

Və həmin unudulmaz şənbə günü də İbad dayı axşama yaxın «Ya Allah!»- deyib evdən çıxdı, döyüş meydanına gəlib həmişəki cidd-cəhd ilə torpağı yaxşıca tapdaladı, xoruzlar döyüşəndə tozanaq qopmasın deyə meydançaya su səpələdi və camaat da yavaş-yavaş yığışmağa başladı.

Əvvəlcə həmişəki kimi, tum, qarğıdalı, dondurma satan yeniyetmə oğlanlar gəldilər və onlar tez-tez dəniz kənarındakı istirahət mərkəzlərinə tərəf boylanırdılar, çünki onların əsas müştəriləri turistlər olurdu.

Avropadan, Yaponiyadan gəlmiş turistlər, çoxu qısa şort geymiş kişilər, qadınlar, uşaqlar öz dillərində hay-küy sala-sala xoruz döyüşlərinə baxırdılar və hər dəfə də onların ən sevimlisinə çevrilən, ən çox azarkeşlik etdikləri xoruz Kaşey olurdu. Kaşeyin o qədər fotoşəkilini çəkmişdilər ki, yəqin, nəinki hansısa başqa bir xoruzun, heyvanın, heç Hollivud ulduzlarının da o qədər fotosunu çəkməmişdilər.

Turistlər Abşeron sahillərindəki İstirahət Mərkəzlərində dincəlmyə, Xəzərdə çimməyə, qumluqda günəşlənməyə gəlib, bir həftədən, on gündən sonra gedirdilər, onların yerinə təzələri gəlirdi, amma Kaşey sevgisi və Kaşey heyranlığı bu gəlib-getməklərdən asılı olmayaraq, həmişə turistlərlə birgə olurdu və burasına da qətiyyən şübhə yox idi ki, o turistlərin Abşeron xatirələrində Kaşeyin unudulmaz yeri var idi.

Kəndin yeniyetmə oğlanları da həmin şənbə günləri xoruz döyüşlərinə xüsusi həvəslə gəlirdilər və bu həvəsin əsas səbəbi Kaşey, bir də ki, turist qadınların çılpaq baldırları, nazik köynəklərinin altında hiss olunan liftçiksiz döşləri idi, amma Kaşey döyüş meydanında elə şücaətlər göstərirdi ki, hətta o kənd yeniyetmələri də o çılpaq baldırları, həyəcandan atılıb-düşə-düşə azarkeşlik edən o turist qadınların nazik köynəklərin altında ora-bura atılıb-tərpənən o döşləri müvəqqəti olaraq yaddan çıxarırdılar.

Tamaşaçılar yığışdıqca, döyüş xoruzları da təşrif buyurmağa başladı. Sahibləri xoruzları karton siqaret, araq, xama, makaron qutularında – kim hansını tapırdısa, onda gətirirdilər və gələn kimi də xoruzları qutudan çıxarıb çölə buraxırdılar və öz vəzifələrini yaxşı bilən bu professional xoruzlar hələ ki, bir-birini vecinə almayaraq, tamaşaçıların ayaqları arasında məğrur-məğrur gəzir, hər biri öz növbəsini gözləyirdi.

Adətən başqa xoruz sahiblərinin xahişi ilə Kaşeyin döyüşünü döyüşlərin axırına saxlayırdılar, çünki Kaşey döyüşəndən sonra tamaşaçıların sayı azalırdı və bu dəfə də əvvəlcə başqa xoruzlar döyüşməyə başladı. Xoruzlar tamaşaçıların dövrə vurduğu döyüş meydanına buraxılan kimi, bir-birinin üstünə atılırdı və çox zaman da bir-birinə eyni zamanda zərbə vururdu, hərəsi bir tərəfə aşırdı, sonra cəld qalxıb, təzədən bir-birinin üstünə sıçrayırdılar. Əldən düşüb, bu zərbələrə dözməyən məğlub xoruz meydandan qaçırdı və gücü çatdığı bir sürətlə tamaşaçıların ayaqlarının arasından keçib, uzaqlaşırdı. Bəzən elə olurdu ki, məğlub xoruzun heç qaçmağa da taqəti qalmırdı və bu zaman qalib xoruzun sahibi dərhal işə qarışırdı, öz xoruzunu qamarlayıb götürərək, məğlubu öldürməyə qoymurdu.

Həmin şənbə günü nəhayət ki, növbə Kaşeya çatdı və döyüş meydanına girən Kaşey həmişəki kimi boynunu dik qaldırıb, bərkdən qanadlarını çırpa-çırpa, qart və həmin məqamlarda açıq-aşkar qorxunc qaqqıltısı ilə qaqqıldaya-qaqqıldaya meydanda dövrə vurdu. Döyüş meydanında beləcə dövrə vurmağı Kaşeyə heç kim, o cümlədən də Zərbala öyrətməmişdi və tamaşaçıların böyük həyəcanına və eləcə bir həyəcanla da səs-küyünə, alqışına səbəb olan bu mərasimi Kaşey öz fəhmi ilə mənimsəmişdi.

Kaşeyin bu dəfəki rəqibi ilk dəfə idi bu döyüş meydanına gəlirdi və toyuq kimi çil-çil olan bu iri xoruz o qəddər də əzəmətli görünmürdü, amma gözlərindən bütün dünyaya kin-küdurət və qəzəb yağırdı. Kaşey gözlərindən bu cür və bundan da artıq qəzəb yağan rəqibləri az görməmişdi və azarkeşlər də az şahidi olmamışdılar ki, özündən deyən bu cür zəhmli xoruzlar Kaşeyin qabağından qaçıb canlarını güclə qurtarırdılar.

İbad dayı pulu mərcləşənlərdən – onların böyük əksəriyyəti yenə də pulu Kaşeyin qələbəsinə qoymuşdu – yığdı və bundan sonra döyüş başladı, qaqqıldaya-qaqqıldaya meydanının üzbəüz künclərində qarşı-qarşıya durmuş Kaşey ilə Çil-Çil Xoruz bir-birinin üstünə atıldı.

Zərbala həmişəki kimi döyüş meydanının yuxarı başında çöməlib siqaret çəkə-çəkə Kaşeyin işlətdiyi fəndlərə baxırdı və əlbəttə, bütün bu Kaşey azarkeşləri indi Zərbalanın döyüşən xoruzlara baxa-baxa nə fikirləşdiyini heç ağıllarına da gətirməzdilər, heç Zərbalanın özü də gözləməzdi ki, birdən-birə ağlına belə fikirlər gələ bilər. Düzdür, Zərbala ölüm-dirim döyüşünə başlamış xoruzlara baxırdı, amma həmin anlarda Gülbalanın sifəti qəflətən Zərbalanın gözlərinin qabağına gəldi və onun, yəni Zərbalanın beynindən belə bir fikir keçdi ki, xoruz döyüşü nə qədər gözəl bir iş olsa da, hər halda içində bir qəddarlıq var idi, – xoruz olanda nə olar? – qan tökülürdü və Gülbala üçün alınan o vitaminli import ərzaqlarda nəsə Gülbalanın təmizliyinə yaraşmayan bir şey var idi, bəlkə Gülbalanın xəstəhal bir uşaq olması da elə bununla bağlı idi?

Adətən, Kaşey döyüşə girişəndən beş-altı, uzaq başı on dəqiqədən sonra, sifətindən, pipiyindən, saqqalından qan tökülən, bəzən də Kaşeyin dimdiyi ilə vurub gözünü çıxartdığı rəqib xoruz məğlub olaraq meydandan qaçırdı, qaçmağa taqəti olmayanda isə Zərbala özündən çıxıb tamam vəhşiləşmiş Kaşeyi qanadlarından tutub qaldıraraq rəqibindən güclə ayırıb qucağına alırdı, bir az sakitləşəndən sonra yenə boş meydana buraxırdı və Kaşey başını dik tutub meydançada dövrə vururdu, ancaq bu dəfə, elə bil, Kaşey Zərbalanın ağlına gələn fikirlərin ucbatından hələ ki, Çil-Çil Xoruzun öhdəsindən gəlmirdi, vaxt isə keçirdi.

Qartıldamaqdan səsləri batmış Kaşey ilə Çil-Çil Xoruz qanın-tərin içində bir-birinə hücum edirdi, sərt və iti dimdikləri ilə bir-birinə zərbə endirirdi, hər iki xoruz caynağını işə salırdı, sonra dal-dala addımlayaraq geri çəkilirdilər və hər dəfədə də, elə bil, onlara təzədən güc gəlirdi, yenə eyni qəzəb və hərisliklə bir-birinin üzərinə atılırdılar.

Zərbalanın ağlına gələn o fikirlərdən daha əsər-əlamət qalmamışdı və onun içini nigarançılıqla dolu bir həyəcan bürüməyə başlamışdı. Kaşeyin həmişəki sürətli qələbəsinə alışmış və yenə də bu qələbəni gözləyən tamaşaçılar isə Çil-Çil Xoruzun da gözlənilməz hünərini görəndən sonra xoruzların bir-birinə hücumunu daha artıq bir ehtirasla izləyirdilər, hətta bəzən Çil-Çil Xoruzun da hünərinə «əhsən!» deyirdilər.

Kaşey ilə Çil-Çil Xoruzun beləcə qarşılıqlı və qəzəbli həmlələri on beş dəqiqəni keçəndə Çil-Çil Xoruzun sahibi başındakı kepkanın dimdiyini qaldırıb, əli ilə istidən və həyəcandan tərləmiş alnını silərək:

- Su vaxtıdır!- dedi və öz xoruzunu qamarlayıb qucağına aldı, Zərbala da cəld yerindən sıçrayıb Kaşeyi qucağına götürdü.

Zərbala da, Çil-Çil Xoruzun sahibi də qarşı-qarşıdakı künclərdə yerə çöməlib, hərə öz xoruzunun başını, sinəsini tumarlayırdı və xoruzların da hər ikisi tövşüyə-tövşüyə dərindən nəfəs alır, pipikləri, saqqalları zədələnib qanamış başlarını o tərəf-bu tərəfə tərpədə-tərpədə bərəlmiş gözləri ilə ətrafa baxrdılar. Zərbala Kaşeyin ürəyinin döyüntüsünü ovucunda hiss edirdi.

İbad dayı hər əlində sərin su ilə doldurduğu iri dəmir fincan götürüb, tələsik birini Zərbalaya, o birini də Çil-Çil Toyuğun sahibinə verdi və Zərbala fincanı ondan götürən kimi, ağzına iri bir qurtum alıb Kaşeyin üzünə püskürtdü. Bir neçə dəfə belə edəndən sonra hiss etdi ki, Kaşeyin ürəyi yavaş-yavaş nisbətən sakitləşir və Zərbala dəmir fincanı kənara qoyub, cibindən çıxartdığı dəsmal ilə Kaşeyin qabağında havanı yelləməyə başladı.

Çil-Çil Xoruzun sahibi də suyu ağzı ilə öz xoruzunun sifətinə püskürəndən sonra dəsmal ilə havanı yelləyirdi və tez-tez başını çevirib açıq-aşkar təlaş dolu nəzərlərlə Kaşeyə tərəf baxırdı.

Xoruzlar yenə döyüş meydanına buraxıldı və Abşeron kəndlərindəki xoruz döyüşlərinin həmin tarixi hadisəsi də elə bu vaxt baş verdi.

Kaşeyin ən şah fəndi bu idi ki, qaça-qaça rəqibinin ətrafında fırlanıb, qəflətən üstünə atılırdı və onun başını dimdikləri arasına alıb aşağı əyərək dırnaqları ilə üz-gözünə, boğazına, sinəinə zərbələr endirirdi. Bədbəxt rəqib xoruz nəhayət ki, başını dartıb Kaşeyin dimdiklərinin arasından çıxarmağa nail olduqda pipiyinin, bəzən deşilmiş gözünün, saqqalının qanı axa-axa raket sürəti ilə meydandan qaçırdı. Ancaq bu dəfə hər şey qəflətən və tamam əksinə oldu: Çil-Çil Xoruz qəzəblə onun üstünə atılan Kaşeyin başını elə havadaca qapıb dimdiklərinin arasına aldı və bir göz qırpımında Kaşeyin boynunu əyərək başını yerə dirədi, caynaqları ilə Kaşeyin boğazını, sinəsini dağıtmağa başladı.

Bu heyrətamiz hadisənin ani hipnozundan ayılan tamaşaçılar qışqırıq saldı:

- Alə, bu öldürdü ki, Kaşeyi!

- Alə, öldürdü e!..

- Alə, görmürsüz, qoymuyun də!..

Və Çil-Çil Xoruzun sahibi sıçrayıb öz xoruzunun qanadlarından yapışaraq yuxarı qaldıranda Kaşey bir neçə an başı rəqibinin dimdiyində sallana-sallana qaldı və elə ki, nəhayət, Çil-Çil Xoruzun dimdiyindən qurtulub tappıltıyla yerə düşdü, dəhşətli bir vahimə içində öz şan-şöhrətinə yaraşmayan imdad qaqqıltısı çıxara-çıxara döyüş meydanından qaçaraq, tamaşaçıların ayaqlarının arasından qıvrılıb badam ağacı tərəfdə gözdən itdi.

Tamaşaçıların arasında sükut çökmüşdü və bu sükut içində ancaq Çil-Çil Xoruzun qəzəbli qaqqıltısı eşidilirdi.

5.

Bu da bir qəribə iş idi ki, kənd camaatının simsiz, telefonsuz, kompütersiz öz teleqrafı var idi və kəndin o başında nə baş verirdisə, bu başında o saat xəbər tuturdular. O tarixi şənbə günü də Zərbala badam ağacının arxasında özünü yerə qısıb gizlənmiş və elə bil, bu dünyada ancaq onu, yəni Zərbalanı gözləyən, üz-gözü, boğazının, sinəsinin tükləri qana bulaşmış Kaşeyi qutuya qoyub evə gətirəndə Əminə artıq hadisədən xəbərdar idi.

Əminə bəlkə də heç vaxt bu dərəcədə nigarançılıq içində olmamışdı, Zərbalada isə elə bir hissiyat var idi ki, elə bil, Çil-Çil Xoruzun dimdiyindən tappıltıyla yerə düşən Kaşey yox, elə onun özü idi – şaşırmağı bir tərəfə, bütün bədənində bir əzginlik var idi və Zərbalaya ürəyinin ən dərinlərinə qədər təsir edən Kaşeyin məğlubiyyətindən də artıq, xoruzun biyabırçılıqla döşyüş meydanından qaçması idi.

Əminə ərinə kömək edə-edə səssiz-səmirsiz büzüşüb kardon qutunun küncünə qısılmış Kaşeyi qutudan çıxaranda:

- Ay aman!...- dedi.- Bu nə gündü belə?!.

Və həmin şənba axşamından sonra Zərbalanın cidd-cəhdi öz yerində, amma əvvəllər ancaq Gülbalanın sağlamlığı ilə məşqul olan Əminə də vaxt tapan kimi cani-dildən Kaşeyə qulluq etdi və üç-dörd günə Kaşeyin yaraları qaysaq bağlayıb sağalmağa başladı.

Parlaq döyüş tərcümeyi-halında ilk dəfə məğlub olan Kaşey, deyəsən, o məğlubiyyəti də, o biyabırçılığı da çox tez yaddan çıxarmışdı, yenə əvvəlki kimi sübh tezdən öz banı ilə ətrafı lərzəyə salırdı və başını dik tutub şəstlə həyətdə gəzişirdi.

Azarkeşlər səbirsiz bir maraqla Kaşeyin yolunu gözləsələr də, İbad dayı bir neçə dəfə Zərbalagilə gəlib qaqqıldaya-qaqqıldaya şəstlə həyətdə gəzən Kaşeyə baxaraq:

- Maşallah, Zərbala, sən öləsən, bu, əvvəlkindən də boyevoydur!..- deyə ürək-dirək versə də Zərbala növbəti şənbə günü Kaşeyi döyüş meydanına aparmadı.

- Qoyginə bir az da keçsin…- dedi.

Düzdür, həftə başa çatmışdı, xərcləmək üçün evdə daha pul qalmamışdı, ancaq Əminə də Zərbalanın bu qərarına bir söz demədi, həftəni birtəhər başa vurdular və Zərbala Kaşeyi yalnız o biri həftənin şənbə günü döyüş meydanına apardı.

İbad dayının kefi kök idi, çünki bir tərəfdən hava çox isti idi və tamaşaçılar da hələ xoruz döyüşləri başlamamış badam ağacının kölgəsində stəkanı 50 qəpiyə xeyli limonlu çay içmişdilər, o biri tərəfdən də Kaşeyin yenidən döyüş meydanına qayıtması azarkeşlərdə böyük ruh yüksəkliyi yaratmışdı ki, bu da öz növbəsində İbad dayının enerjisini ikiqat artırmışdı və o ruh yüksəkliyinin döyüş meydanında yaratdığı aura İbad dayıya gələcəyin gözəl günəşli üfüqlərindən xəbər verirdi.

Kaşeydən əvvəl iki cüt xoruz döyüşdü və tamaşaçılar bu döyüşləri adi maraqla qarşıladı, ancaq elə ki, növbə Kaşeyə çatdı, elə ki, Zərbala qucağındakı Kaşeyin başını, boynunu, belini tumarlaya-tumarlaya onu döyüş meydanının küncündə yerə buraxdı və elə ki, Kaşey boynunu dikəldərək sinəsini irəli verib qanadlarını şappıldatdı, elə bil, döyüş meydanından bir dalğa keçib tamaşaçıları cuşa gətirdi. Kaşey öz ənənəsinə sadiq olaraq eləcə başı dik, sinəsi irəli, qanadlarını şappıldada-şappıldada meydançada dövrə vurdu və iki həftə əvvəlki o məğlubiyyətdən sonra Kaşeyin öz məşhur mərasimini bu cür şəstlə icra etməsi tamaşaçılara, xüsusən Kaşeyçi azarkeşlərə daha artıq bir ruh verdi.

Sahibi rəqib xoruzu da qarşıdakı küncdə yerə buraxdı. Gözünün biri güclə açılan bu qoca xoruz, görünür, çox döyüş keçirmişdi, pipiyi, saqqalı dimdik zərbələrindən o qədər deşilib sağalmışdı ki, çopur-çopur olmuşdu, sinəsinin tükləri çox yonulduğu üçün adda-budda dərisi görünürdü və bu xoruzun görkəmi Kaşeylə müqayisədə açıq-aşkar uduzurdu.

Qoca xoruz yerindən tərpənməyərək qanadlarını bir-iki dəfə şappıldatdı və boğazını arıtlayıb çox qart bir səslə bərkdən qaqqıldadı

Və ağlasığmaz o hadisə də elə bu zaman baş verdi: qoca xoruzun o qaqqıltısını eşidən kimi Kaşey yerindən götürüldü və gözgörəti bir panika içində meydandan qaçıb sürətlə tamaşaçıların ayaqlarının arasından keçərək yenə də badam ağacı tərəflərdə gözdən itdi.

Bu o qədər gözlənilməz bir iş oldu ki, hamı mat qalıb yerində donmuşdu və araya çökən o ani sükutu Müzəffər müəllimin səsi pozdu:

- Alə, Zərbala, belə nöş oldu, alə?

Və Kaşeyin bu şərəfsiz qaçışı onun qazandığı o böyük hörmət və nüfuzu bircə anın içində yerə vurdu

- Alə, bu lap əfəliymiş ki!..

- Pay atonan!..

- Bu neydi, alə?

- Kaşey ağciyər çıxdı!..

Stomotoloq Feyzi bəy İstanbuldan gəlib «Cənnət-məkan» İstirahət Mərkəzində işləməyə başladığı vaxtdan etibarən həmişə çalışırdı ki, Azərbaycan ləhcəsində danışsın, ancaq bu hadisə stomotoloqu elə sarsıtmışdı ki, bu dəfə Anadolu ləhcəsində:

- Ölümsüz Kaşey kalbine sahib çıkammadı!..- dedi və yerində donub mat-mat gözünü döyən Zərbalaya baxaraq böyük bir təəssüflə əlavə etdi: - Kardeşim, bu dünyada ebedi bir şey yok!.. Keçmiş olsun!..

Povestin sonu sabah...

# 2093 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #