Sevgilisindən küsüb mehrini manekenə salan rəis

Sevgilisindən küsüb mehrini manekenə salan rəis
21 iyul 2018
# 09:55

Kulis.az “Əsl kino” layihəsində Petr Zelenkanın “Adi bir dəliliyin xronikası” (2005) və Olivye Assayasın “Zils Mariya” (2014) filmlərini təqdim edir.

Çexiya, Almaniya və Slovakiyanın birgə istehsalı olan film 27-ci Beynəlxalq Moskva Film Festivalında əsas mükafatı alıb və Almaniyanın Kottbus Film Festivalında “Don Kixot mükafatı”na layiq görülüb.

Hazırki əsas şəkil

Süjet: Filmin qəhrəmanı Petr Qanek (İvan Trojan) hava limanında texniki işçidir. Sevgilisi Yana (Zuzanna Şulayova) onu tərk edərək başqa birisi ilə yaşayır. Yana Petri inandırmağa çalışır ki, o, yeni sevgilisi ilə telefon köşkünə zəng edərək tanış olub. Və bu vasitə ilə 20 kişi ilə tanış olaraq sevişib.

Petrin atası (Miroslav Krobot) sosialist Çexoslovakiyasında məşhur xəbər aparıcısı olub. İndi təqaüddə olan atanı heç kəs xatırlamır. Həyat onun üçün mənasını itirib. Heç nəylə maraqlanmayan ata sanki hissiyyatını da itirib. Arvadı (Nina Divişkova) ərini dünyada baş verən hadisələri izləməməkdə suçlayır, Bosniyada müharibədə yaralananlara tez-tez qan verir. Qadın it kimi hürərək ərini qorxutmaq və bununla da onu hissiyyata gətirmək istəyir.

Ata təsadüfən, sevgilisi tərəfindən tərk edilmiş bir heykəltəraş qadınla tanış olur. Onunla birlikdə paraşütlə tullanır və muzeylərdə tamaşaçılar üçün yadında qalan köhnə xəbərlərdən deyir.

Petrin arvadı ilə dil tapa bilməyən rəisi (Karel Gerjmanek) isə mehrini maneken kuklaya salıb.

Petrin yeni qonşuları - orta yaşlı cütlük onu məcbur edir ki, sevişəndə onlara tamaşa etsin. Çünki onlar yalnız belə həzz ala bilirlər.

Petr isə nə olur-olsun keçmiş sevgilisini qaytarmağa çalışır...

Çex rejissoru Petr Zelenka filmi eyni adlı pyesi əsasında çəkib.

Filmdə ailə, kişi-qadın münasibətlərində, sıradan, adi məişət situasiyalarında çoxşaxəli mövzu işləyib. Keçmiş sosialist ölkəsinə nostalgiya, Bosniyada baş verənlər, nəsillər arasında toqquşma, ailə ənənələrinin keyfiyyətcə yenilənməsi təsvirlərdə fars, absurd elementləri ilə həll edilib.

Buradakı personajların hər birinin fərqli dünyası var, hər biri tənhadır. Onlar ünsiyyət çətinliyi yaşayırlar.

Müəllif problemləri gərgin emosiyalarla yükləmir, faciə düzəltmir, o, hadisələrə yumorla baxır. Onun yumoru bir az ironik, bir az kədərlidir.

Filmdə absurd, mənasız dialoqlar çoxdur. Bu, təsadüfi deyil. Çünki bizim ömrümüzün yarısı bu cür dialoqlara xərclənir.

Filmin son səhnələrindən birində “Bayatı Şiraz” muğamı səslənir...

***

Fransız rejissoru Olivye Assayasın “Zils Mariya” filmi Almaniya, İsveçrəvə Fransanın birgə istehsalıdır. Film 67-ci Kann Kinofestivalının əsas müsabiqəsində iştirak edib.

Süjet: Filmin qəhrəmanı orta yaşlı aktrisa Mariya Endersdir (Jülyet Binoş). Mariya uzun illər əvvəl “Maloyya ilanı” adlı tamaşada debüt etmiş, bu rol ona uğur qazandırmışdı. Tamaşada onun qəhrəmanı ambisiyalı, cazibədar Siqrid özündən yaşca böyük qadın Helenanı ələ alır, sonra onu intihar həddinə çatdırır. Bu roldakı uğuru onun həyatını dəyişir. İyirmi il sonra məşhur aktrisa olan Mariyanı Sürixə dəvət edirlər. Ona burada pyesin müəllifi Vilhelm Melhiorun adından nüfuzlu mükafat veriləcək. Sivil həyatdan uzaqlaşan Melhior İsvecrənin Zils Mariya kəndində zahid həyatı yaşayır. Ancaq gözlənilməz hadisə baş verir. Mükafatlandırma mərasiminə az qalmış yazıçı ölür.

Mərasimdə teatr rejissoru Mariyaya pyesin yeni versiyasında Helena xarakterini canlandırmağı təklif edir. Helenanı intihar həddinə çatdıran Siqridi isə gənc, ambisiyalı aktrisa Co Enn Ellis (Xloya Morets) oynayacaq...

Bu filmin ideyasını Assayasa Binoş özü təklif edib. Dünya kinosunun parlaq aktrisalarından olan Binoşun belə bir ideyada bulunmasını müxtəlif cür qəbul etmək olar: aktrisa kimi daxili dünyasında baş verən burulğanın ifadəsi kimi də, yaşlaşan aktrisa kompleksindən təmizlənmə kimi də, sadəcə öz komplekslərinin və gənc, istedadlı aktrisalara uduzmasının bir etirafı kimi də. İstənilən halda bu, cəsarətli aktdır.

Yaşlı və gənc, ümumiyyətlə aktrisalar arasında rəqabət mövzusunda maraqlı filmlər çəkilib: “Eva haqda hər şey”, “Balaca Ceynlə nə baş verdi” və s. Ədəbiyyatda Somerset Moemin “Teatr” romanı bu mövzuda yazılmış ən yaxşı əsərlərdən biridir.

# 3419 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #