Elif Şəfəq: “Eşq mənlik deyil”

Elif Şəfəq: “Eşq mənlik deyil”
27 dekabr 2013
# 08:15

Kulis.Az Ayşe Armanın Elif Şəfəqlə müsahibəni təqdim edir.

Şəfəq deyiləndə hər ağızdan bir avaz çıxar. Onu qeyri-səmimi hesab edən də var, PR bəhrəsi olduğunu iddia edən də.

Xarici bazar üçün yazır, yazdıqlarının Türkiyəylə heç bir əlaqəsi olmadığını da deyirlər, şəxsi həyatıyla bağlı şayiələr də yayırlar, həyat yoldaşıyla münasibətini müzakirə edirlər, Türkiyə xaricində yaşadığını da müzakirə mövzusuna çevirirlər.

Amma...

Bəyənib-bəyənməsək də, sevib-sevməsək də...

Haqqını vermək lazımdır.

Bu ölkənin ən gözəl roman yazanlarından biridir.

Onların da sayı məhduddur.

Buna görə də zəhmətinə hörmətlə yanaşmalıyıq.

Romanları 41 dilə tərcümə olunur.

Haqqında aparılan qara PR-a baxmayaraq o həmişə öz yaradıcılığını davam etdirir.

Və yenə düşmənlərini özündən çıxaracaq bir roman yazdı: “Ustam və Mən”.

Öncəki romanından çox fərqli – dili fərqli, texnikası fərqli, yapışır adamın yaxasından, fonda isə sehrli XVI əsr panoraması var.

Bir çox şeyin hekayəsidir bu roman. Cihan adlı kiçik bir uşaqla, Çota adında ağ bir filin hekayəsi. Hər küncdə əsərlərini gördüyümüz, amma çox da yaxından tanımadığımız – 21 yaşına qədər xristian, sonra isə müsəlman olan dahi bir memarın – Memar Sinanın hekayəsidir bu roman. Bildiyimizi zənn etdiyimizi bir imperiyanın – Osmanlı imperiyasının hekayəsi. Padşahların, sultanların deyil, sadə insanların hekayəsidir. Xarratların, qulların, fahişələrin, dərvişlərin, heyvan tərbiyəçilərinin hekayəsi...

Heyvanların hekayəsi... Yaşadığımız şəhərin, bu şəhərin mədəniyyətinin hekayəsi... Hər gün yanından ötüb keçdiyimiz Osmanlı dövründən qalan məscidlərin necə inşa edilməsinin hekayəsi... Kimlərin alın tərinin bəhrəsi olmasının hekayəsi... Gördüyün işə məhəbbətlə bağlanmanın hekayəsi... Məhəbbət hekayəsi... Xəyanət hekayəsi...

u qədər iş-gücün içində 425 səhifəni oxuyub qurtara bilmərəm deyə düşünürdüm, oxudum, çünki əlimdən qoya bilmədim. Bu da məni sevindirdi.

Tam fərqli yerlərə apardı məni bu roman. Cihanın səsi qulağınıza gəldikdə sizi də aparacaq.

Amma təbii ki, Elif Şəfəqi təhqir edənlər yenə də danışmağa başlayacaqlar.

Danışsınlar.

Qadın möhtəşəm yazıb!

- Elif, yenə möhtəşəm bir roman yazmısan. Nə qədər vaxtını aldı?

- Təxminən üç ilimi aldı. “İsgəndər”dən öncə yazmağa başlamışdım. Memarlıq, sənət, tarix, mədəniyyət tarixi, heyvanlar – müxtəlif mövzularda araşdırma aparmalı oldum. Ona görə çox vaxtımı aldı, hətta 3 ili ötdü.

- Bu əməyin neçə faizi tarix oxumaqdan ibarətdir?

- Bu roman 600 səhifəli olmalı idi. Nəşr etmədiyim 120 səhifə var. O qədər sevgi və maraqla mədəniyyət və ümumi tarix haqqında oxudum ki... Amma sevərək, zövq alaraq. O qədər ehtirasla araşdırdım ki, XVI ərdən çıxıb bu dövrə dönməyim çətin oldu.

- Bəs məqsəd nə idi “Ustam və Mən”də? Osmanlının bu günə qədər heç kimin bəhs etmədiyi tərəflərindən bəhs etmək?

- Osmanlı tarixinin ən görkəmli dövrünü bir zooparkla əlaqədar təsəvvür etdim. Aslan, zürafə, şir, fil... Biz Osmanlıya həmişə Qərb tərəfdən baxmışıq. Mən Şərq tərəfdən yanaşmaq istədim. Osmanlı tarixini kitablardan həmişə insansız tanıdıq. Tək-tük insandan bəhs ediləndə də bu ya sultanlar oldu, ya da idarəçilər. Mənsə sadə insanları anlatmaq istədim. Dərvişləri, qulları, aslan tərbiyəçilərini, fahişələri... Və heyvanları xatırlatmaq istədim. Sanki tariximizdə heç heyvanlar olmamış kimi davranırıq. Halbuki döyüşlərdə, zəlzələlərdə, inşaatlarda onlar da insanlarla birlikdə idi. Və bir də təbii ki, Memar Sinana başqa aspektdən yanaşmaq istədim.

- Nədir o başqa aspekt?

- Memar Sinandan hamımız danışırıq, amma dühasını, ruhunu qavramadan əzbərə danışırıq. Halbuki əsərlərini ərsəyə gətirən nə idi? O dövr necə bir dövr idi? Mən onu ən xırda insani xüsusiyyətləri ilə təsvir etmək istədim. 21 yaşına qədər xristian olub sonradan müsəlmanlığı qəbul edən və möhtəşəm məscidlər yaradan bir insanın heç ziddiyətli tərəfləri yox idimi? Şübhəsiz heykəli qoyulası adam idi. Amma mən onu heykəlləşdirərək anlatmamışam.

- Osmanlı imperiyasına fərqli mövqedən yanaşırsan...

- Bəli. Osmanlı ən görkəmli dövründə tikansız bir gül deyildi. Məsələn sufi qollarına, qaraçılara necə davranıldığına nəzər yetirək. Romanda bu haqda yazmışam. Qaraçılarla bərabər hüquqlu insanlar kimi davranılmayıb. Sayları artmasın deyə neçə doğuşda məhdudiyyətlər qoyulub. Təbii ki, Osmanlının təqdirəlayiq tərəfləri də olub, tənqid olunacaq tərəfləri də. Nə romantikləşdirək, nə də qaralayaq.

- Bu romanı da ingiliscə yazdın, sonra türk dilinə tərcümə olundu. Demək olar ki, tərcüməylə birlikdə iki roman yazdın. Niyə? İngiliscə yazmağının səbəbi nədir?

- İki dildə var olmağı, iki dildə yazmağı sevirəm. Əlimdən gəlsə üçüncü, dördüncü bir dildə yazmaq da istəyərəm. Türk dili mənim ana dilimdi, ürəyim türkcə döyünür, amma zehnim ingiliscə oxuyub analiz edir. Mən bu sintezi sevirəm.

- Kitabı yazmağının əsas səbəbi nədir?

- Hər gün Osmanlıdan qalma məscidlərin yanından ötüb keçirik, amma necə inşa ediliblər, neçə nəfərin alın təri var burda, onların öz hekayələri nə idi, bunları anlatmaq istədim. İnsanların və heyvanların, ağaların və qulların, xristian, yəhudi, müsəlman... Əslində hamımızın eyni bir günbəzin altında yaşadığımızı göstərmək istədim.

- Sən də Cihan kimi öyrənməyə olan həvəsin ucbatından eşqə vaxt ayıra bilmirsən, hə?

- Mən də öyrənməyə aşiq olanlardanam. Həmişə oxumaq və öyrənmək iddiam var. Eşqə gəldikdə isə bax bu mövzuda istedadsızam, təcrübəsizəm. Sevgiyə vaxt qalmır oxumaqdan, öyrənməkdən.

- Cihanın başına nə gəlirsə marağından gəlir, sən də elə birisən?

- Yox, Cihan kimi deyiləm. Mən daxilə qapaılı tiplərdənəm.

- Türkiyədən uzaqda – İngiltərədə necə bir həyat qurmusan özünə?

- Əslində bizim həyatımız çox darıxdırıcıdır. Yazıçı olmaq istəyən çox gənc tanıyıram, amma yazıçı həyatı yaşasalar fikirlərini dəyişib qaçarlar. Bahar gəlib, insanlar gəzir, əylənir, mənimsə vecimə deyil. Roman bitənə qədər insanlıqdan çıxıram.

- Uşaqların nə deyir bu işə? Sənə yazıqları gəlir, yoxsa səninlə fəxr edirlər?

- Vallah, bir az qəribə insan olduğumu düşünürlər. Ətrafdakı analar kimi olmadığımı qəbul edirlər, sağ olsunlar.

- Yoldaşın Eyub Can. O bu rəsmin hansı tərəfindədir?

- Tən ortasında. O mənə bu qədər dəstək olmasa çox çətin olardı mənim üçün. Bu bütün qadınlara aiddir. Əgər yoldaşınız sizə rəqib gözüylə baxırsa, evdə oturmağınızı istəyirsə bir qadın necə ürəkdən, könlü istəyən kimi işləyə bilər?

- Uşaqların üçün atalarını az-az görmək çətin olmur ki?

- Əlbəttə çətin olur. Amma mən birlikdə yaşamaqlarına baxmayaraq uşaqlarını daha az görən atalar tanıyıram.

- Romandakı filin adı Çotadır. Çota Baba türbəsinin tarixçəsi nədir?

- Bu şəhərin altında insanların olduğu qədər heyvanların da məzarları var. Heç iz qalıb heyvanlardan geriyə? Çota Baba hekayəsi bunları düşünəndə gəldi ağlıma. Cihanı da bu mövzu narahat edir. “Dindarlar niyə heyvanlar cənnətə düşə bilməz deyirlər”? – deyə soruşur. Fili o qədər sevir ki, cənnətə getməyini istəyir.

-Bir çox sirr romanın sonunda ortaya çıxır. Triller romandı bu?

- Bəli. Əvvəl yazdığım romanlardan çox fərqli bir quruluşu var. Kitabın sonlarına yaxın gərginlik artır.

- Memar Sinan necə şəxsiyyətdir?

- O ürəyinin mərkəzini kəşf etmiş bir insandır. İşinə aşiq bir insan.

- Bəs 99.5 yaşına qədər yaşaması həqiqətdir, yoxsa sənin uydurman?

- Deyilənə görə çox uzun illər yaşayıb, rəqəmi mən əlavə etmişəm.

- Eşq, məhəbbət vecinə deyil? Ömrünün sonuna qədər belə davam edəcək?

- Məhəbbət ədəbiyyatdan kənarda mövcud deyil. Mən kitablara aşiqəm.

# 3604 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #