"Siqaret: Yox. İçki: Bəzən. Qadın: Nə isə..."

"Siqaret: Yox. İçki: Bəzən. Qadın: Nə isə..."
11 dekabr 2012
# 17:48

Kulis.Az yazıçı Kamal Abdullanın "Ulduz" jurnalına müsahibəsini təqdim edir:

- Kamal müəllim, bu yaxınlarda amerikalı professor Maks Statkiyeviçin “Yarımçıq əlyazma” romanı haqqında geniş bir məqaləsini oxudum. Maraqlıdır, o yazıda nə var idi ki, bizim tənqidçilər əsərinizdə onu görə bilməmişdilər?

- Bu suala cavab vermək mənə çətindi. Ona görə ki, mən romanım haqqında yazılanları bir ədəbiyyatşünas və alim kimi sərf-nəzər etmək fikirindən həmişə uzaq olmuşam. Kimlərsə əsərimdə nəyisə görüb, nəyisə anlamağa, nəsə təkliflər verməyə çalışıb. Ona görə də amerikalı professorla bizimkilərin fikirləri arasında ola bilər ki, fərqli cəhətlər də var, eyni şeylər də. Amma əlbəttə ki, Statkiyeviç tərəfindən bu əsərin daha geniş ədəbi-mədəni, intellektual məkan kontekstində götürülməsi şübhəsizdir. Roman özü də ona imkan verib ki, o bu missiyanı geniş konteksdə yerinə yetirsin. Çox şadam ki, amerikalı bir alim məni belə bir məkanın içində görə bilib.

- Yadıma gəlir, hansısa müsahibənizdə demişdiniz ki, yaradıcılığım haqqında bu qədər yazılır, ancaq heç bir yazı əsərlərimin içinə girə bilmir. Sizcə, amerikalı ədəbiyyatşünas əsərinizin içinə girə bildimi?

- Bir yazının qarşıya qoyduğu məqsəd qədər, bəli. Yəni, bütövlükdə bu adam öz yazısında masştab məsələlərdən danışıb. Məsələn, mif və eposla yazının mübarizəsindən. O, bu qarşıdurmanı əsərin içindən çıxarda bilib. Professor Statkiyeviç “Yarımçıq Əlyazma”nın quluncundan tutub, bir növ əsəri, güləşçilər demiş, fəndə salıb.

- Siz Mif və Yazının mübarizəsindən hələ 1991-ci ildə yazdığınız “Gizli Dədə Qorqud” monoqrafiyanızda geniş bəhs etmisiniz. Sonra “Gizli Dədə Qorqud-2” yazıldı. Nəhayət, iki-üç il bundan qabaq bu seriyadan hələlik axırıncı kitabınız çapdan çıxdı – “Mifdən Yazıya”. Hər hansı bir problemə iyirmi ildən artıq vaxt sərf etmək həddindən çox deyilmi?

- Həddindən çox azdır. … Çünki bu qarşıdurma, əslində, “Mədəniyyət – Təbiət” adlı geniş kulturoloji qarşıdurmanın təməl daşlarındandır. “Dədə Qorqud” dastanı isə bir ayağı ilə Təbiətin, digər ayağı ilə Mədəniyyətin üzərində dayanıb. Onun gizli qatında Miflə Yazı arasında gedən mübarizəni sezməsək, biz, əslində, bu dastanda heç nəyi sezmiş olmarıq. Özü də bu mübarizənin əks-sədası, qoxusu hər süjet xəttindən, hər personajdan, nəhayət, heç də şişirtmədən deyirəm, hər cümlədən gəlir. 20 il çox azdır. Hələ deyiləsi o qədər gizlinlər var ki. Maks Statkiyeviçin sözü olmasın, sirrlə birlikdə o sirrin yayılması da başlayır.

- Maks Statkiyeviçin yazısı xaricdə çap olunandan sonra Azərbaycanda işıq üzü gördü? Yoxsa elə ilk dəfə burda çap olundu?

- Bəlkə sizə qəribə gələcək, amma mən bu professoru şəxsən tanımıram. Hər hansı bir səviyyədə heç bir ünsiyyətim, söhbətim olmayıb. Ancaq mənim yaradıcılığıma hörmət eləyən məsləkdaşlarımdan biri - o da ədəbiyyat professorudur - vaxtilə Amerikada onunla bir yerdə çalışıb. Və o, əsərin ingilis dilinə tərcümə olunmuş variantını professor Maks Statkiyeviçə göndərib. Deyib, belə bir əsər var, göndərirəm sənə ki, həvəsin olsa, oxuyasan. O da oxuyub, heyranlığını bildirib (elə-belə də yazıb: “heyran oldum”) və məndən qiyabi olaraq icazə istəyib ki, bu əsər haqqında yazsın. Dedim, icazə verirəm, sağ olsun. O, məqaləni yazmazdan əvvəl Dədə Qorqud dastanlarını da oxuyub. Yazıdan da görürsən ki, sitat gətirdiyi, haqqında danışdığı Homer dastanlarını, Nitşenin əsərlərini, Derridanı, Baxtini, Bulqakovu... bütün bunları əxz eləyib, oxuyub. Özü də bu adam ancaq orjinaldan danışır, orjinallarla işləyir. Onun terminalogiyası da, fəlsəfi baxışları da möhkəm elmi təməllər üzərində qurulub. Bu, əlbəttə ki, heyrətə gətirir.

- Sizin əvvəlki hekayələrinizlə “Labirint” adı altında bir kitabda çap olunmuş son hekayələriniz arasında bir fərq hiss elədim. Əvvəlki hekayələrinizdə daha çox mifoloji, mistik düşüncələr üstünlük təşkil edir, son hekayələriniz isə məişət, xatirə tipli mövzulardan bəhs edir.

- Yox, əslində, sən dediyin düşüncələr son hekayələrə aiddir. Süjetlər isə əvvəlkilərə. Amma...Bəlkə də sən haqlısan. Bəzən “Labirint”də də mifoloji süjetlər özünü göstərir. Düzünə qalsa, yenə cavab vermək çətin oldu mənim üçün. Bayaq demişdim, bir daha təkrar edirəm. Mən öz yazdıqlarımla bağlı filoloji araşdırma niyyətindən həmişə uzaq olmuşam. Əlbəttə ki, filoloji münasibət bildirə bilərəm. Çünki bir filoloq kimi yaxşı bilirəm ki, bu əsərlərin qiyməti nədi və nədədi. Ancaq onları durub təhlil eləməyə mənən hazır deyiləm və boynuma onu da alıram ki, buna heç həvəsim də yoxdu. Bunun üçün ciddi təhlilçilər, ciddi ədəbiyyatşünaslar, ciddi tənqidçilər var. Bizdə də gözəl tənqidçilər var. Yəni, mənim əsərlərimi nəinki bəyənənlər, bəyənməyənlər arasında da ciddilərini ayırmaq mümkündür. Bu, onların işdir. Ancaq sənin sualına gəlincə. Şəxsən mən hiss eləməmişəm ki, mifoloji, sirli mahiyyətdən “məişət, xatirə” tipli mövzulara – hansısa başqa bir nostalji ovqata keçmişəm. Bunlar başqa-başqa müstəvilərdir və biri o birini inkar etmir.

- Kamal müəllim, Azərbaycanda ilk dəfə olaraq Nobel mükafatına namizəd oldunuz. Yaxınlarda mükafatçı məlum oldu. Belə gözləyirdinizmi? Sizcə, Mo Yanın sizdən nəyi üstündür?

- “Mən almalıydım, amma o aldı” cavabını gözləyənlər peşman olacaq. O layiq idi, o da aldı. Ala bildisə, deməli, layiqdir. Amma bəlkə də... yox... əgər Eko təqdim edilmişdisə, o almalıydı. Layiq Umberto Eko idi.

- Siz uzun müddət elmi yaradıcılıqla məşğul olmusunuz. 50 yaşınızdan sonra romanlar yazmısınız. Ancaq tərcümeyi-halınızda adınızın qarşısına birinci yazıçı yazılır. Belə çıxır ki, alimliyiniz yazıçılığınıza uduzub.

- Mən bədii yaradıcılığa elmi yaradıcılıqdan əvvəl başlamışam. Orta məktəbdə şeirlər yazırdım. İndi o şeirləri üzə çıxarmıram. Amma yox, onlar da işə yaradı. “Tarixsiz gündəlik” povestim bu şerlərlə doludur... Sonra uzun müddət elmi fəaliyyətlə məşğul oldum. Paralel olaraq yenə nəsə yazıb pozurdum. Yavaş-yavaş elmi yaradıcılığım bədi yaradıcılığımın içinə girməyə başladı. İndi sevinirəm ki, yazıçılığım sən deyən kimi tərcümeyi-halımda önə keçib. Ancaq bu gün də mənim aspirantlarım, doktorantlarım var, onlarla elmi fəaliyyətimi, elmi istiqamətimi ciddi şəkildə davam etdirirəm. Birgə hazırladığımız elmi konfranslar var, elmi monoqrafiyalar çapdan çıxır. Amma onu da deyim ki, “Qərar”, “İlişin qayıtmağı” hekayələrim çox-çox əvvəllərin yazısıdı. Hələ o zamanlar Zakir Fəxri onları öz “Xəzər” jurnalında çap edirdi, Mövlud Süleymanlı onlara ön söz yazırdı... Yəni, bədii yaradıcılıq romanlarla gəlmədi.

- Əgər Kamal Abdullaya Azərbaycanın Umberto Ekosu desəydilər, bu təşbehə münasibətiniz necə olardı? İtalyan yazıçısının sizə təsiri olubmu? Ümumən, hansı milli və dünya yazıçılarından təsirlənmisiniz?

- Mənim bir dostum vardı: İrfan Ülkü. Allah ona rəhmət eləsin. Mərhum həm şair, ədəbiyyatçı, publisist, jurnalist, həm də Azərbaycanın və Azərbaycan ədəbiyyatının dostu, böyük türk oğlu idi. O, hələ 7-8 il əvvəl mənim haqqımda türk mətbuatında yazdığı məqalələrdə məni Azərbaycanın Ekosu və Azərbaycanın Borxesi adlandırırdı. Bu, mənim üçün böyük şərəfdir. Əlbəttə, bu yazarların mənə böyük təsiri olub. Onlar mənim sevimli yazıçılarımdır. Mən ildə, iki ildə bir onları yenidən, təkrar oxumağa özümdə ehtiyac duyuram. Onlardan başqa, Platonov var, Folkner var, Markes var, Bulqakov var, Trifonov var. Ən sevimli yazıçım isə Servantesdir. Bizdə – Əbdürrəhimbəy Haqverdiyev.

- Son 10 ildə yazdığınız “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox...” romanlarını roman-trilogiya da adlandırmaq olar. Bir-biriylə ideya və üslub telləri ilə bağlı olan romanlarınızın bədii-estetik dəyəri göz qabağındadır və qiymətini də alıbdır. Siz bu romanlarla Azərbaycan ədəbiyyatında intellektual romançılığın əsasını qoymusunuz. Amma ya mif dövrü, ya da orta əsrlərə üz tutan bu romanların müəllifini sanki çağdaş Azərbaycan ictimai-siyasi həyatı o qədər də maraqlandırmır. Müasir dövrdən bəhs edən “Unutmağa kimsə yox...” romanında isə mağara divarlarına runik əlifbayla yazılmış sevgi məktubu çağdaş dövrün hər cür problemlərinə qarşı qoyulur. Bu romanlar öz kabinetində oturub elmi, bədii dünyasına dalmış bir insanın subyektiv düşüncələri təsirini bağışlayır. Özünüzü vətəndaş olmağa borclu saymırsınızmı?

- Yox. Borclu saymıram. Mən bütün dünya borclarımı “bə qədri-qüvvə” verib qurtarmış adamam. İndi o biri, haqq dünyadakı borclarım barədə düşünürəm. Adını çəkdiyin romanları isə oxuyub əxz etməyə, görünür, sənin də nəfəsin çatmayıb. Onlardan ruhən daha müasir roman mən tanımıram.

- “Yarımçıq Əlyazma”nın dilindən yazanlar deyirlər ki, sizin diliniz rəngarəng deyil. “Yarımçıq Əlyazma”dakı dil potensialı guya zəifdir, zəngin deyil, əhvəlat, macəra çox, müxtəliflik və rəngarənglik yox dərəcəsindədir. Deyirlər ki, eyni sözləri və ifadələri müəllif az qala minib çapır, romanda xeyli sayda əhvəlat və mühakimə təkrarlarına yol verilib. Mətndə işlədilən arxaizmlər orta məktəb dərsliyində nümunə kimi verilən sayı demək olar ki, keçə bilmir və s. və i.a. Bunları qüsur kimi İradə Musayeva bildirir.

- Eləmi? “Mənim dilim rəngarəng deyilmiş...” Amma, əzizim, sən bilirsənmi, o deyilən “rəngarənglik”dən mən məqsədli şəkildə qaçmışam?! Axı Dədə Qorqud dövründən, adamlarından danışan bir əsərdə o tarixi çərçivədən kənar olan dil ünsürü işlətmək gülünc olardı. Mən bunu şüurlu olaraq etməmişəm. Dastanın dil mövcudluğuna özündən sonrakı, illah da ki, bu günkü dilin “rəngarəngliyini,” o dövr üçün əttökən bər-bəzəyini aparmamışam. Məndən bunumu istəyirlər?! Əgər fikir vermisənsə, “Yarımçıq əlyazma”da hətta “ona elə gəldi...” tipli və ruhlu cümlə də yoxdur. Mən nə bilim, ona necə gəldi?! Dədə Qorqud yazırsa, gördüyünü yazır, görüb ki, xan gözünü qıyıb baxır, elə də yazıb. Daha onun “qəlbində baş verən tufandan, fırtınadan” yazmayıb. Bunu XX əsrdə başladılar yazmağa. Dədə Qorqud isə heç kimin qəlbinin içinə girməyi qarşısına məqsəd qoymayıb. Və deyəndə ki, “Dədə Qorqud” dili zəngin dildir, bu hökmü də son dərəcə ağıllı şəkildə anlamaq lazımdır. Bu, nadanların anladığı rəngarənglik “estetikası”nın zənginliyi deyil, bir başqa zənginlikdir.

Təkrarlara gələk. Bunu deyən adamlar “Kitabi-Dədə Qorqud”u bilmirlər. Mən tam ciddiyəm və bunu sübut edə bilərəm. Bəlkə oxuyublar, amma bilmirlər. Hadisələrin, olmuş əhvəlatın müxtəlif yerlərdə təkrarı (özü də bir deyil, iki deyil!) dastanın poetik quruluşundan gəlir. Məsələn, xırda bir yadasalma. Dastanda Beyrəyin bəzirganları qarətçilərdən qurtarması, qılınc çalıb baş kəsməsi üç dəfə bütün “nanə-turşusu” ilə verilir. Dastan poetikası deyilən nəsnə də elə budur. İndi bunu bilməyən (əslində, “qanmayan” deməliydim!) bir adam qınayırsa ki, nə bilim romanda dil rəngarəngliyi yoxdur, nə bilim ifadələrin, əhvəlatların təkrarı baş alıb gedir və s. və i.a. Beləsinə acımayasan, neyləyəsən?! “Dədə Qorqud” hər adam girən kol deyil.

- Bir başqa bucaqdan yanaşsaq, Siz romanlarınızda sistemli və özəl dil konsepsiyası ilə çıxış edirsiniz. Hətta demək olar ki, Azərbaycan yox, Kamal türkçəsində yazırsınız. Yenə də bəziləri, yenə də xüsusilə, qadın tənqidçilər bunu sizin dil qüsurunuz kimi qələmə verir.

- Mən bunu bir dəfə demişəm. Əzizim Kəramət, mən Azərbaycan dilində yazmıram, mən Azərbaycan dilinin potensialında yazıram. Azərbaycan dilində, ütülü, sığallı, lap elə nahamvar yazmaq mənim üçün maraqlı deyil. Mənim üçün maraqlı odur ki, hiss edəsən ki, cümlə içində bir addım da kənara atsan, bu, artıq azərbaycanca olmayacaq. Dilin imkanının ən son, axırıncı, üzüntü nöqtəsi! Mənim üçün maraqlı oradır, o sərhəd məkanıdır.

Sən düz deyirsən, mənə dil dərsi vermək istəyənlər tapılır. Hətta mənim cümləmi düzəldib – əyib hansısa əndazəyə salmaq cəhdində bulunanlar da var. Nə deyim, vallah?! Ciddi söhbət deyil. Deyirsən, daha çox qadın tənqidçilər bunu edir? Ola bilər. Bilirsən, bu, məni son zamanlar çox düşündürən bir məsələni mənim üçün bir az da əyani etdi. Bunu ilk dəfə sənə deyirəm. Düşünürdüm ki, bizim dilimizin iki variantı var: Azərbaycan dilinin qadın variantı var və Azərbaycan dilinin kişi variantı var. Bizdə Azərbaycan dilinin kişi variantında yazan bir yeganə xanım yazıçımız var və o da hələ ki mənim dilimi tənqid etməyib. Deməli, sən dediyin xanım “ədəbiyyatçılar” – “tənqidçilər” Azərbaycan dilinin kişi variantını ya anlamırlar, ya da həzm edə bilmirlər.

- Kimdir Azərbaycan dilinin kişi variantında yazan yeganə xanım yazıçı?

- Afaq Məsud.

- Vəzifəniz yaradıcılığınıza mane olmur ki?

-Yox, mane olmur.

- Asudə vaxtınızdan necə istifadə edirsiniz?

- Mənim asudə vaxtım olmur. Yuxarıdakı suala cavab da bunu təsdiq edir.

- Bəzən belə söhbətlər gəzir ki, Kamal Abdulla haqqında yazan müəlliflər daha çox ona yarınmaq məqsədi güdür və bu məqsədlə yazılan yazı həqiqətə uyğun ola bilməz. Neçə-neçə sayılıb-seçilən, nüfuzlu simaların sizin yaradıcılığınız haqqında yüksək fikirdə olduğunun şahidi olmuşam. Ancaq həmin adamlar haqqınızda yazmaqdan çəkiniblər. Hətta bir neçəsindən maraq xatirinə bunun səbəbini də soruşmuşam. Bildiriblər ki, ehtiyat edirlər, birdən deyərlər ki, bu da Kamal Abdullaya yarınır.

- Var belə bir məsələ. Və o artıq mənim üçün son dərəcə gülməli bir hala dönüb. Özü də əsas “zərbə” burda mənə yox, mənim haqqımda yazanlara tuşlanıb. Hətta olub ki, yazmaq istəyən yazmaqdan vaz keçib, yaxud da elə yazıb ki, heç özü də anlamayıb ki, tərif hardadı, təhlil hardadı. Beynində sabah çayxanada səslənəcək “sən də Kamala yarındın?” sualına cavablar axtara-axtara çaşıb qalıb. Qərəz, öz işləridi. Onu deyə bilərəm ki, qardaş, sən zəif adamsansa, mənim haqqımda yazma. Ağzıgöyçək deyəcək ki, yarındı. Azərbaycan ədəbiyyatının bütöv bir nəsli Səməd Vurğuna, həqiqətən, yarındı. O, Elmlər Akademiyasının vitse-prezidenti, Yazıçılar İttifaqının sədri idi. Amma onlara “yarındılar” demədilər. Mənə isə, deməli, yarınırlar. Bilirsən, Kəramət, görünür, mənim yazdıqlarım bu ağzıgöyçəklər üçün daha qorxuludur. Üzümü bir daha zəif adamlara tuturam və deyirəm: yazma, qardaş. Özündən muğayat ol. İndi isə üzümü “yarındı” deyən və özünü “güclü” sayan kişilərə tuturam. Yaz, qardaş, anlamadığını, xoşuna gəlməyəni yaz, yeddi qaba çək əlindəkini! Sən axı “kişisən!..”

Kim istəyir yazsın, kim istəmir yazmasın. Artıq mənim vecimə deyil. Ədəbiyyat nəhrəsi çalxalandı, yağı yağ, ayranı ayranlıq oldu!

Mənim üç romanım və hekayələrim artıq ədəbi zövq və mədəni səviyyə göstəricisidir. İstəsən də belədi, istəməsən də. Mən də bununla fəxr edirəm.

- Slavyan Universitetində bir ədəbi mühit formalaşıb. Buna görə sizi dəstəbazlıqda ittiham eləyənlər var. Deyirlər, Kamal Abdulla ikinci Yazıçılar Birliyi yaradıb.

- Bunların hamısı gülməli şeylərdi. Sadəcə olaraq mən inandığım adamlarla işləyirəm. İnandığım adamları öz ətrafıma dəvət eləyirəm, öz yanıma yığıram. Daha doğrusu, onları Salamla, Etimadla bir yerdə yığırıq. Onlarla bir yerdə müəyyən işin qulpundan yapışırıq. Bunlar istedadlı adamlardır. Salam Sarvanı, Etimadı dedim, Rüstəm Kamalı, Aqşini, Fərid Hüseyni, Əsəd Qaraqaplanı da istedadına, iş bacarığına görə çağırmışam yanıma. Ədəbi zövqümüz, ədəbi düşüncələrimiz də eynidi, yaradıcılıqlarından da xoşum gəlib. İndi mən neyləməliyəm? Mən istedadsız adamları yığmalıyam ətrafıma? İstedadlı adamları yığıram və yığacağam. Nəylə məşğuldurlar bu adamlar?! “Dünya ədəbiyyatı” seriyasından əsərlər çapa hazırlayır, Yaradıcılıq fakültəsində öyrəncilərlə çalışır, onlarla ünsiyyətə və təmasa girir, maraqlı görüşlər, müzakirələr təşkil edirlər. Bu ədəbi mühitdə tələbələr də udur, onlar da udurlar. Dəstədisə – dəstədi, heyətdisə – heyətdi, qüvvədisə – qüvvədi. Amma hər nədirsə, Yazıçılar Birliyi deyil. (gülümsəyir). Qıraqdan ağız büzənlər isə, biz birlikdə belə qənaətə gəlmişik ki, bizim qüvvəmizə paxıllıq edənlərdir. Onları başa düşmək olar.

- Son zamanlar yazılan əsərləri oxuyursunuzmu?

- Təəssüf ki, son zamanlar az oxuyuram. İlk iki cümləni oxuyuram. Üçüncü cümləsi ilə məni öz arxasınca aparıb hər şeyi unutduran əsər... belə deyim, azdı.

- Azərbaycanda qiymətləndirdiyiniz gənc yazarlardan kimlər var?

- Bayaq adını çəkdiyim Salam Sarvan, Etimad Başkeçid, Aqşin, Fərid Hüseyn... Təbii ki, oxuduqlarım içində rəhmətlik Rafiq Tağı var. Nahaqdan biz öz “Məqamlar” kitabımızı - Salam, Etimad və mən - Rafiq Tağının xatirəsinə həsr eləməmişik. Şərif Ağayar var. Murad Köhnəqala var. Orxan Fikrətoğlu, Zahir Əzəmət, Qan Turalı var. Aysel Əlizadə, Mövlud, Qismət var. Əlimə keçdikcə oxuyuram. Ancaq gənclərin arasında biri var ki, onu xüsusilə ayırmaq istərdim. Mənim üçün onun xüsusi çəkisi var...

- Adını çəkdiklərinizin çoxu Slavyan Universitetinin əməkdaşları oldu. Rafiq Tağı isə dünyasını dəyişib. Bu heç... O bir nəfərin isə adını çəkmədiniz. Demədiniz, qocadı, cavandı, hansı janrda yazır.

- Kifayət qədər cavandı. Və kifayət qədər cavanlıqdan uzaqlaşmaqda olan bir adamdı. Ona baxıb deyə bilmirsən ki, bu cavandı, ya yaşlıdı. Yazıçının yaşı olmur. Bax, o adam da yaşsızdı. Çox qəribə bir istedaddı. Adını çəkməyəcəyəm. Amma onda həqiqi istedad, parlaq bir nasir istedadı, nasir nəfəsi və potensialı var. Dağ çayıdı, seldi, nədi, axıb gəlir, yolundakı maneələri dağıdır.

- Bəs niyə demirsiniz, kimdi o?

- Nəsə ürəyim belə istədi. Ad heç nəyi dəyişmir. Amma, həqiqətən, o adamın əsl Azərbaycan nasirləri arasında yeri var.

- Maraqlıdır, sizin elə bir xüsusiyyətiniz varmı ki, onun aludəçisinə çevrilmisiniz, ayrıla bilmirsiniz. Məsələn, siqaret, içki, qadın və s.

- Siqaret. Mənə elə gəlirdi ki, mən heç vaxt siqaretdən əl çəkə bilməyəcəm. Mənə siqareti rəhmətlik Həsən Turabov atdırdı. Mən də asanlıqla atdım. İndi, ümumiyyətlə, siqaret çəkmirəm. Əvvəl fikirləşirdim ki, necə ola bilər axı, əlimə qələm alım, oturub yazı yazım, ancaq siqaret çəkməyim?! Belə bir hal mənim ağlıma sığışmırdı. İçki... Xüsusi olaraq pərəstiş eləməmişəm. O mənim üçün ola da bilər, olmaya da bilər. Qadın! Nə isə...

- Bəziləri sizi sərt, bəziləri isə mülayim bir insan kimi tanıyır. Hətta bir köşə yazarı yazmışdı ki, guya siz onu pəncərədən atmaq istəmişsiniz. Bu ziddiyyətli münasibət nədən irəli gəlir?

- Mənə çətindi deyəm ki, mən sərtəm, yoxsa mülayiməm. Yəqin həm bu var, həm də o var. Təəssüf ki, bəzən mənim sərtliyimdən dostlarım da inciyib. Görünür, günah məndədi. Nə bilim, vallah?! Əslində isə birinin necə insan olduğunu dostları və bədxahları daha yaxşı bilər. O pəncərə məsələsi isə olub. Amma o adamı pəncərədən atmaq istəməmişəm, istəsəydim, atardım. Vəd vermişəm. Məni tanıyanlar bilir ki, əlimdə kifayət qədər əsas olanda əvvəl-axır verdiyim vədləri yerinə yetirirəm.

- Yazmaq üçün konkret vaxt müəyyən edirsiniz, yoxsa istənilən vaxt yaza bilirsiniz?

- Zamanı bəlli olmaz. Amma başlamaq bir az çətin olur, yazıya başlayandan sonra isə ayrıla bilmirəm. Ayrılmaq olmur. Yəqin çox adamda belədir.

- Günəş, yoxsa ay işığında yazmağa üstünlük verirsiniz?

- Mən belə sualları, sadəcə, anlamıram. Bizim səninlə indi Azərbaycan dilinin yuxarıda dediyim başqa-başqa variantlarına keçmək təhlükəmiz var.

- Bu qədər işdən-gücdən necə vaxt ayırıb yaza bilirsiniz? Həm də əsərləriniz irihəcimlidir.

- Sənə bir sirr açım. Mənim sağ çiynimdə bir, sol çiynimdə isə iki gözəgörünməz mələk əyləşib. Mənim əvəzimə onlar yazır. İrihəcmliləri soldakı mələklər yazır. Hərdən mübahisə edirik. Amma heç kimə demə.

- Mən də inandım. Yenə qayıdaq həmin o gənc yazarın adına.

- Yox, qayıtmayaq. Deməyəcəm. Amma, həqiqətən də, istedad külçəsidi. Bəlkə heç özü də bilmir nə dərəcədə böyük bir yazıçıdır.

- Roman da yazır?

- Dərinə getmə. Nəsr yazır, belə deyək. (gülüş). Bəlkə şeir də yazıb nə vaxtsa... Yaxşı nasirlər həmişə zəif şerlər yazıb.

- Bu, mistikaya meylli Kamal Abdullanın ənənəvi sirr konsepsiyasının tərkib hissəsi, ya da posmodernist bir yazıçının növbəti oyunu deyil ki?

- Onu sən bilərsən. Bəlkə də oyundur. Ola bilər. Burda oyun elementləri var. Amma bəlkə də oyun deyil.

- Həyatda ən çox nəyə sevinirsiniz və nəyə kədərlənirsiniz?

- Bir nəvəm var, üç yaşı hələ tamam olmayıb. Ona sevinirəm. Məni doğru-düzgün anlamayanda isə kədərlənirəm. Bəzən bu kədər, açıq deyim, müxtəlif formalarda üzə çıxır. Təəssüf ki, onun kobud forması da olur. Bəzən isə sevinc də, kədər də eyni vaxtda baş verir.

“Sehrbazlar dərəsi” Türkiyədə iki-üç il bundan əvvəl Arif Acaloğlunun tərcüməsində çap edilmişdi. Bu yaxınlarda isə həmən tərcümənin ikinci nəşri haman nəşr evində basıldı. Amma necə? İcazəsiz! Türkiyədə buna “korsan basqı” deyirlər. Nə mənim, nə də tərcüməçinin icazəsi olmadan 2-ci nəşr gerçəkləşdi. Bax, bu pirat nəşrə eyni vaxtda həm sevindim, həm də kədərləndim.

- Çağdaş tənqidçilərdən kimi daha çox oxuyur və qiymətləndirirsiniz?

- Ondan başlayım ki, Tənqidi ancaq qüsur göstərmək kimi başa düşənlər, əlbəttə ki, kobudcasına yanılırlar. Tənqid təhlil deməkdir. Tənqidçi əsərin bütün cəhətlərini – həm mənfi, həm müsbət cəhətlərini təhlil edən bir ədəbiyyat adamıdır. Bu mənada, Tehran tənqidçilər içində ruhən mənə ən yaxınıdı. O, əslində, mirzədi, sözün əsl mənasında – mirzə. O, ədəbiyyatın içində eşələnən, onu duyan cəfakeş bir fəhlədi. Ancaq bu tənqidin fikir aristokratı da – Aydın Talıbzadəsi də var. Yeri gələndə Niyazi Mehdisi, bu “satqın burjua”sı da var. Azərbaycan ədəbiyyatında tənqidçi ancaq tənqidçi deyil. Yeri gələndə Anar tənqidçidi. Anarın mənə böyük bir məktubu vardı “Yarımçıq əlyazma”yla bağlı, yadıma gəlir, çox tənqiddən qiymətli idi. Elçin çox ciddi tənqidçidi, əlbəttə ki. Ramiz Rövşən, Zeynal Məmmədli tənqidçidi həm də. Vaqif Yusifli, Elnarə Tofiqqızı, Rüstəm Kamal, Elnarə Tofiqqızı, rəhmətlik Elçin Səlcuq tənqidçidirlər. İsa Həbibbəyli, Vilayət Quliyev, Muxtar İmanov, Rəhim Əliyev var. Maks Statkiyevic tənqidçidi, baxmayaraq ki, sırf ədəbiyyatşünas, mifoloqdu və qarşılaşdırma ədəbiyyatı mütəxəssisidir. Cavanlardan Əsəd Cahangir hay klassdı!.

- Amma Əsəd Cahangir yazmayıb sizin haqqınızda nədənsə.

- Bəyəm mən ancaq məndən yazanları dedim?! Özü bilər, yazıb-yazmayıb, öz işidi. Amma mən onun yazılarını oxuyuram. Görürəm ki, gözəl tənqidçidi, maraqlı təhlilçidi və təhlilini çəkinmədən edir.

- Siz daha tənqidi yazılar yazmırsınız?

- Məni də, deyirsən, yəni, tənqidçi kimi xatırlayırlar?! Bir şey deyim, mən bunu heç yanda deməmişəm, birinci sənə deyirəm. Hazırda bir mövzu üzərində düşünürəm və onu yəqin ki, yazacağam. Ömür vəfa etsə... Adı bilirsən nədi? “Azərbaycanın istedadsız şairləri”. Həmişə istedadlılar haqqında yazıblar, düzdürmü? Mən bu dəfə istedadsız şairlər haqqında yazacağam. Azərbaycan sovet dövrünün bir ələk istedadsız şairi var ki, onlar ədalətsiz olaraq təhlildən kənarda qalıblar (gülüş). Bunlar Azərbaycanın nəzmlə məqalə, cümlə yazan şairləridi. Misra yazmaq başqa şeydi. Misra artıq şeirdi. Mən Azərbaycanın cümlə yazan şairlərinin şeirlərini təhlil etmək istəyirəm. Onların içində hətta, təsəvvür edirsən, “dahi” sayılanlar da var.

- Kimlərdi onlar? Belə çoxdular?

- Çoxdular. Mən əksərini şəxsən tanıyırdım. Aralarında gözəl insanlar da var idi və var. Amma şair olmaq gözəl insan olmaq demək deyil. Mənim o kitabım yazılandan sonra kimsə baxıb o istedadsız şairlər arasında özünü, kimsə atasını görəcək, kimsə əmisini, dayısını, kimsə də dostunu.

- Adlarını çəkin bir neçəsinin mümkündüsə. Görək kimlərdi onlar.

- Bir ağıllı adam mənə dedi ki, sən istedadsız Azərbaycan şeirindən yazırsansa onda Azərbaycan ədəbiyyat tarixini yazmalı olacaqsan. Cavab verdim ki, kiçik istisnalarla, bəli! Hələ ki, xüsusi olaraq, kiminsə adını çəkmək istəmirəm. Mən istəyirəm ki, nəhayət, narkomanlar “iynəyə” oturan kimi, “şeir”də də qafiyəyə oturdulan bu lənətəgəlmiş cümlələri misralardan ayırım. Bu adamlar qafiyələnmiş cümlələrlə bizim hamımızı zaman-zaman aldadıblar. İstedadsızlığın da, əslində, öz morfologiyası, öz “estetikası” var və onu rentgen işığında göstərmək maraqlı və faydalı olardı. Bəlkə cümlələri qafiyələndirənlərin sayı azalsın.

- Kamal müəllim, yenə oyun?

-Yenə və həmişə!...

Kəramət Böyükçöl; “Ulduz” jurnalı

# 4329 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #