Ölümündə Fidel Kastronu günahkar bilən yazıçı

Ölümündə Fidel Kastronu günahkar bilən yazıçı
26 noyabr 2016
# 18:59

1956-cı il dekabrın 2-də Kuba inqilabçıları “Qranma” gəmisindən sahilə enəndə sevinənlərdən biri də Reynaldo Arenas idi. 13 yaşlı Reynaldo inqilabın Kubanı xilas edəcəyinə ürəkdən inanınrdı. Amma hər şey Jorj-Jak Dantonun edam qabağı dediyi məşhur peyğəmbəranə fikrində olduğu kimi baş verdi. İnqilab öz növbəti övladını yedi. Kubada təqibə, həbsə məruz qalan Arenas Amerikaya mühacirət etməyə məcbur oldu. Mühacirətdə də həyatına son verdi.

Milli Kitabxananın işçisi

Reynaldo Arenas 1943-cü ildə Kubada anadan olmuşdu. Ailələri çox uşaqlı və yoxsul idi. Bütün güc anasının üzərində düşmüşdü. Reynaldonun atası yox idi.

Uşaqlığı hədsiz acınacaqlı keçsə də, Reynaldo dərslərini oxuyur, ədəbiyyatla maraqlanırdı. Uşaqlığından kitaba maraq onu Kuba Milli Kitabxanasına gətirib çıxarmışdı. Havana universitetinə daxil olandan sonra Reynaldo Milli Kitabxanada işə durur, burada işləməklə yanaşı, həvəslə dünya ədəbiyyatının klassiklərinin əsərlərini mütaliə edirdi.

Bütün böyük romançılar kimi Arenas da yaradıcılğa şeirlə başlamışdı. Onun şeirləri sentimentallığı, zərifliyi ilə seçilirdi. Amma şeir Arenasa özünü ifadə etmək üçün yaramırdı. Ona içindəki vulkanı püskürmək üçün daha geniş “ərazi” gərək idi. Reynaldo roman yazmağa başladı.

“Qara siyahı”ya düşdü

“Yuxu kimi dünya”
romanı Meksika inkivizisiyası tərəfindən təqib edilmiş 19-cu əsr şair-rahibi Servantesin həyatından bəhs edirdi. Əsər xaricdə çap olundu. Əsərin ölkədə senzuradan keçməmiş xaricdə çap olunması partiya məmurlarını hiddətləndirdi, bundan sonra Arenas biixtiyar “qara siyahı”ya düşdü. O, gizli şəkildə təqib olunmağa başlamışdı. Hakimiyyətin arzuolunmaz adamına çevrilməsinə baxmayaraq, əsər milli müsabiqədə, digər məşhur Kuba yazıçısı Lesama Lima olmaqla, münsiflər tərəfindən yüksək qiymətləndirildi.

Təqiblərdən sonra Reynaldo Milli Kitabxanadakı işindən çıxmaq zorunda qaldı. Bir müddət “Qaseta de-Kuba” adlı ədəbiyyat məcmuəsində redaktor kimi fəaliyyətə başladı.

Homoseksual olmağın bədəli

Reynaldo Arenas homoseksual idi. O bunu gizlətmir və açıq şəkildə cinsi oriyentasiyasını büruzə verirdi. İnqilabın düşməninə çevrilmiş Arenası uzun müddətdən bəri həbs etmək üçün səbəb arayan Kommunist Partiyası axır ki, tutarlı bir dəlil tapdı. Arenas 1973-cü ildə homoseksual əlaqələrinə görə həbs olundu.

Bir müddət sonra həbsdan qaçmağa o, nail oldu. Kustar üsulla şinlərdən düzəldilmiş qayıqda adanı tərk etmək istərkən sahil qoruyucuları tərəfindən saxlanılan Arenas həbs olunub bu dəfə daha ciddi bir həbsxanaya – El-Morro qəsrinə salındı.

Həbsxanada məktublar

El-Morro
da əsasən qatillər və qatı cinayətkarlar saxlanılırdı. Həbsxanada Arenas üçün düşünüldüyü qədər də çətin olmadı. Tezliklə yazıçı olduğunu öyrənən savadsız məhbuslar ona arvadları və sevgililəri üçün məktub yazdırmağa başladılar. O gününü məktub yazmaqla keçirirdi. Yazdığı sevgi məktubları ilə bu cinayətkarları qadınlarının gözündə romantik sevgiliyə çevirməyi başarmış Arenas həm həbsxanada böyük nüfuz qazanar, həm də əsərlərini yazmaq üçün kifayət qədər kağız əldə edirdi.

Bir dəfə Arenasın əsərini həbsxanadan çıxartmaq cəhdi uğursuzluqla nəticələndi. Əsərləri müsadirə olunan yazıçı çox ağır cəzalandırıldı. İşgəncəyə tablamayıb yazdıqlarından imtina etməyə məcbur oldu. 1976-cı ildə azadlığa buraxılan Arenas üç il sonra Fidel Kastronun müxaliflərə ölkəni tərk etməyə icazə verən qərarı ilə ABŞ-a mühacirət etdi.

Mühacirət illəri

ABŞ-da Arenasın “Pentoqrama” siklindən olan romanı - “Bəyaz skunsların sarayı” dərc olundu. Bu əsərlər özünün absurd karnoval atmosferi, keçmişin və indinin alleqorik izləyişləri, hər cür əsarətin və zülmün tənqidi ilə səciyyələnirdi. Bir il sonra isə yazıçının digər romanı “Şənliyin sonu” dərc olundu. Yazıçı bir-birinin ardınca romanlar yazır bunları dərc etdirirdi. Yazıçı Kubada nəzarət altında qalanda ağlında cızıb qaralamasını etdiyi romanları ard-arda kağıza köçürürdü.

“Kuba tarixinin sirləri”

“Kuba tarixinin sirləri”
adlanan siklə beş roman daxil idi. Yazıçı bu siklə daxil olan romanlarda inqilabdan sonrakı Kubanın gizlədilmiş, lakin gerçək, həqiqi üzünü ortaya çıxarırdı. Seriyaya daxil olan ilk roman hələ Arenas Kubada olarkən nəşr olunmuşdu və “Selestino dan yeri ağaranda” adlanırdı. Bu romanda Oryentedə yaşayan bir uşaqdan danışır, o, ailəsinin sərt etirazlarına baxmayaraq, yazmaq istəyir.

“Pentoqram” a daxil olan ikinci roman “Bəyaz skunsların sarayı” nda Arenas Kuba inqliabı zamanı üsyançıların sıralarına qoşulmuş Fortunado adlı gəncdən bəhs edir.
“Yenə də dəniz” romanında isə Arenas həbs olunmaqdan canını qurtarmaq üçün sevmədiyi qadınla evləməyə məcbur olan homoseksualı anladır.

“Yayın rəngləri” “Pentoqram” dakı sonuncu roman “Həmlə” də Kubadakı siyasi vəziyyətə və bu fonda homoseksualların təqib olunmasına həsr olunub.

Kuba islah düşərgələri

Reynaldo Arenasın romanları avtobioqrafik səciyyə daşıyır. Onun hər əsərində ən azı bir obraz Arenasa bənzəyir. “Arturo, ən parlaq ulduz” romanı bütünlükdə yazıçının Kubada həbsxanada keçirdiyi illərdən bəhs edir. Bu əsərdə Kuba islah düşərgələrindəki vəziyyət realist çalarla əks olunub. 1984-cü ildə “Arturo, ən parlaq ulduz” romanının dərcindən sonra Kuba həbsxanalarından bəhs olunan “Pis davranış” adlı sənədli filmi çəkilir. Həmin filmdə Arenas da epizodik rolda oynayır.

QİÇS-ə yoluxdu

1987-ci ildə Arenasın daha bir romanı “Mələk təpəsi” dərc olunsa da, bu il onun üçün sevindirici olmadı. Onun qanında QİÇS virusu aşkar olunmuşdu. Bu dəhşətli xəbərdən sonra Arenas üçün çətin günlər başladı. Xəstəlik onu gücdən salır, günü-gündən zəiflədirdi. Bununla belə, yazıçı qələmini yerə qoymur, həyatının çətin günlərində bir-birinin ardınca gözəl əsərlərini yaradırdı. Ömrününü sonlarında yazıçı yazdığı şerləri bir kitabda toplayıb dərc etdirdi. Bunun ardınca isə “Qapıçı”, daha sonra “Havanaya səyahət” romanını yazdı.

Arenasın ABŞ-da və eləcə də dünyada şöhrəti artıqca Kubada onu daha çox lənətləyirdilər. Reynaldo isə doğma vətəninin həsrətini çəkirdi. O yaradıcılıqla yanaşı, Kubadakı mövcud rejimə qarşı aktiv surətdə mübarizə aparır, Kubadan mühacirət etmiş gənc yazarlara köməyini əsirgəmir, ABŞ-dakı mühacirlərin təşkilatması üçün çalışırdı.

“Hələ gecə düşməmiş” avtobioqrafik əsəri sonuncu romanı idi. Əsər yazıçının ölümündən iki il sonra dərc olundu və 1993-cü ilin on ən yaxşı romanlarından biri kimi “Nyu-York Tayms” ın siyahısına düşdü.

2000-ci ildə əsərin əsasında eyniadlı film çəkildi. Filmdə baş rolu oynayan və xarici görkəmcə də bir az da Reynaldo Arenasa bənzəyən Havyer Bardem Oskar mükafatı sahibi oldu.

Onu Fidel məhv etdi

Latın Amerikan ədəbiyyatının təkrarsız simalarından birinə çevrilmiş Arenas, nə qədər də uğurlu bir ədəbi həyat sürsə də, şəxsi həyatı olduqca acınacaqlı idi. Doğma yurdundan ayrı düşmüşdü, tənha idi, üstəlik sağalmaz xəstəliyə düçar olmuşdu. Yaşamaq üçün bütün gücünü itirmişdi. Gec-tez xəstəlik onu ağuşuna alıb aparacaqdı. Odur ki, özü ölümün pişvazına çıxmaq qərarına gəldi və 1990-cı ildə spritli içkiyə barbiturat qataraq qədəhi başına çəkdi.
Vida məktubunda isə yazıçı yalnızca bircə nəfəri gühalandırırdı:
“Mən öz həyatımı könüllü olaraq başa vururam. Çünki daha çalışa bilmirəm. Ətrafımdakı insanlar mənim qərarıma görə qətiyyən məsuliyyət daşımırlar. Yalnız bir adam var ki, mən onu ölümümdə günahkar hesab edirəm: Fidel Kastro”.

...Fidel Kastro hələ də sağdır.

2011


# 1170 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #