Yazıçı Vilyam Gibson: "Məhsuldar işləyəndə mən sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram..." - Müsahibə

 Yazıçı Vilyam Gibson:  "Məhsuldar işləyəndə mən sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram..." - Müsahibə
17 mart 2026
# 16:00

Bu gün 1967-ci ildən Kanadada yaşayan və ikili vətəndaşlığı olan ABŞ-kanadalı tanınmış fantast yazıçı Vilyam Gibsonun doğum günüdür.

Kulis.az yazıçının 2011-ci ildə ilə "Paris Review" jurnalına verdiyi müsahibəni təqdim edir.

- Romana necə başlayırsınız?

- Birinci işim ilk cümləni yazmaqdır. Səhv eləmirəmsə, cəmi bircə istisna olub, heç vaxt kitabı yazıb qurtarandan sonra ilk cümləni dəyişməmişəm.

- Kitaba başlamaq üçün bu bir cümlədən savayı başqa heç bir hazırlıq görmürsünüz?

- Yox. Mən roman yazmaq üçün bazarlıq siyahısı-filan tutmuram. Roman yazıldıqca elə özü öz siyahısına çevrilir. Bu, lap skripka ustası haqda məlum lətifəyə oxşayır. Ustadan soruşurlar ki, skripkanı necə düzəldir, o da cavab verir ki, işə bir taxta parçası ilə başlayır, sonra həmin taxtanın skripkaya aid olmayan bütün hissələrini yonub çıxardır.

Mən də roman yazanda belə edirəm. Bir fərqlə ki, mən bu prosesdə eyni zamanda taxta parçasının özünü də yaratmalıyam.

E.M.Forsterin bir fikrini qulağımda sırğa etmişəm - yazacağı əsərin obrazlarına aid hər şeyi əvvəlcədən düzüb-qoşan yazıçı əslində heç işə başlamayıb da. Mənim heç zaman təxəyyülün gücü ilə əvvəlcədən quraşdırdığım, kitaba başlayanda əlimin altında olacaq roman materialım olmayıb.

Amma məhsuldar işləyəndə mən sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram. Bu vəziyyət mənə həm yazacaqlarımı diqtə edir, həm də imkan verir ki, bir çox hallarda, hadisələrin kağız üzərində inkişafının nəzəri və fəlsəfi məntiqindən xəbərsiz qalım. Açığı, bir oxucu kimi mənim özümün də başqa cür təhkiyəyə inamım yoxdur. Elə bil ev tapşırığıdır.

- Qeydlər aparırsınız?

- Mən qeyd aparmaq məsələsinə belə baxıram: birdən nəyisə unutdum, niyə işimə ziyan vurum ki. Amma kitabı yazarkən bəzən elə bir məqama yetişirəm ki, təhkiyənin sürəti mənim kitab yazmaq sürətimi üstələyir. Belə olanda bəzən işə fasilə verib qısa qeydlər aparıram. Amma həmin qeydlərə qayıdanda məlum olur ki, onlar artıq tamamilə lazımsızdır: baxırsan ki, altından üç dəfə xətt çəkilib, konteksti də bilinmir, düşünürsən ki, "doğrudan vacibiymiş bu?"

- İş qrafikiniz necədir?

- Kitab yazanda səhər saat 7-də oyanıram. E-mailimi yoxlayıram, müasir dövrdə etdiyimiz kimi, “internet vannamı” qəbul edirəm. Bir fincan qəhvə içirəm. Həftədə üç dəfə pilatesə gedib saat 10-da-11-də qayıdıram. Sonra masa arxasına keçib yazmağa cəhd edirəm. Əgər heç nə alınmırsa, özüm-özümdən icazə alıb həyətin otunu biçməyə gedirəm. Amma normalda masa arxasına keçmək və ürəklə cəhd eləmək yazmağa başlamaq üçün bəs edir.

Lanç vaxtı işə fasilə verirəm, sonra qayıdıb bir az da yazıram. Bundan sonra mürgüləmək vaxtı gəlir. Məndən ötrü mürgü yazı prosesi üçün çox vacibdir. Yatmaq yox ha, yuxuya yaxın vəziyyət, şüurun yarıoyaq halı.

- Bu qrafik kitabın yazıldığı müddətdə dəyişməz qalır?

- İş irəlilədikcə, rejim sərtləşir. Əvvəl-əvvəl qrafikim 5 günlük olur, hər gün 10-dan 5-cən, lanç və mürgü fasiləsi də daxil. Lap axıra yaxın isə 7 günlük iş qrafikinə keçirəm, işin özü isə 12 saatacan çəkə bilər. Kitabın sonuna yaxın məndə yazı prosesinin mürəkkəbləşdiyi hissi yaranır, sanki onun kimyəvi tərkibi dəyişir və elə bir hala gəlir ki, istədiyini verməsən, yox olub gedəcək. Onun istədiyi isə dayanmadan yazmağımdır. Artıq işin yatmaqdan başqa nəyə görəsə dayanması mümkünsüz olur. Amma axırda yaxamdan əl çəkməsindən həmişə məmnun qalıram.

- Yazdıqlarınıza yenidən qayıdırsınızmı?

- Hər gün. Masa arxasına keçən kimi əlyazmanın birinci səhifəsindən başlayıb axırınacan göz gəzdirirəm, bəzi düzəlişlər edirəm.

- Siz əlyazmanı hər gün əvvəldən-axıracan nəzərdən keçirirsiniz?

- Bəli, hərçənd bütün bu prosesin nəticəsi cəmi bir neçə xırda düzəliş ola bilər. Təzə-təzə hekayə yazmağa başlayandan həmişə belə etmişəm. Bunu eləməyəndə özümü narahat hiss edirəm, çünki onda yazı prosesi mənə qarasına işləmək kimi gəlir. Kitablarımın əvvəli dəfələrlə yenidən yazılıb. Son bölümlərin isə ya 1, ya da uzağı 3 qaralaması olur. Son variant belə yaranır. Amma mən əlyazmanın bu başından o başına çox sürətlə gedib çıxa bilərəm, bunu başqasının mətnini oxumaqdan qat-qat sürətli edə bilərəm.

- Öz işinizə verdiyiniz qiymət gündən-günə dəyişə bilərmi?

- Əgər dəyişməz qalsaydı, onda bu, əsl dəyərləndirmə olmazdı. Məncə, mətnə qayıtmağın əhəmiyyəti çox kiçildilib. Ona çox nadir hallarda dərin kreativlik üçün imkan olan, yaxud kreativliyin qol-qanad açdığı yer kimi baxırlar.

Səhv etmirəmsə Yeatsin sözüdür ki, mətnə yenidən qayıtmaq həyatda insanın özünü həqiqətən təkmilləşdirə biləcəyi yeganə sahədir...

# 1713 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər