Bu gün tanınmış şair Barat Vüsalın doğum günüdür.
Kulis.az bu münasibətlə şairi təbrik edir və onun yeni şeirlərini oxuculara təqdim edir.
NƏSİMİNİN TÜRBƏSİ ÖNÜNDƏ
Mən də yanındaydım “Bəzmi-Əzəl”də,
Ruhkən söylədiyin “Bəli”nəm babam!
Məniydim “Nəsimi mənəm!” deyən gənc,
Onda da varıydım, bəli, mən babam!
Türbənin önündə daim durmuşam,
Amanat deyiləm, qaim durmuşam.
Olub yeddi qatı Göyün, durmuşam,
Yerin təki qədər dərinəm, babam!
Həmişə yanında olmuşam sənin,
Yanında kamala dolmuşam sənin.
Balanam...balanam...bilmişəm sənin,
Göyərən qolunam, əlinəm, babam!
Mən şeir yazmıram, səni gəzirəm,
Mən Dan içindəki Danı gəzirəm.
Mən sənin dediyin dini gəzirəm,
Mən Elməm, mən Eşqəm, Təliməm, babam!
Dözüb könüldə qəm, dözüb gözdə nəm,
Gərək gizlənməyəm, gərək gizlənəm.
Mən gizlin Aşkaram, aşkar Gizlinəm,
Açılmaz açımın...sirrinəm, babam!
Səni elə duydum, qüvarlanıram,
Ah, sənə kim qıydı...qubarlanıram.
Səni elə sevdim, ölsəm, sanıram,
“Nəsimi!” söyləsəm, dirilləm, babam!
Adı bir olanın min adı mənəm,
O Kəbədi, mənəm Minadı, mənəm,
Bütün həyatların həyatı mənəm,
Bütün ölümlərə ölüməm, babam!
Gəlmişəm, görsünlər çıxmayıb canın,
Saralıb...sönməyib Günəşi Danın!
Gəlmişəm, kəsilsin tökülən qanın,
Dur, geyin, soyulmuş dərinəm, babam!
BU GÜNÜ HEÇ KİMƏ VERMƏYƏCƏYƏM
(18 mart-təvəllüd günümdür)
Bir tinə, küçəyə burulmayacaq,
Qaxılıb yerimdə oturacağam.
Bir nadan sözündən darılmayacaq,
Dəli əsəbimi yatıracağam.
Bu gün bayramımdı, göyər səmənim,
Çoxdan gözləyirdim, mənimdi, mənim,
Bu günü heç kimə verməyəcəyəm.
Qorxuram bu günü itirəm qəfil,
Bir başı daşlıya rast ola billəm.
Qorxuram, dindimi sözü, söhbəti
Hey iki başlıya rast ola billəm.
Yenicə durulub qaralan qanım,
Qoy bir nəfəs dərim bu gün, sən canın!
Dükana, bazara getdi yox daha,
Aldana bilərəm,dünya işidir.
Nə var belə gündə könül açmağa,
Çərşənbə günüdür, çeşmə başıdır.
Durub bir çinara boylanacağam,
Çox şey itirmişəm... söylənəcəyəm.
Baş alıb dünyadan getmək olardı,
Bu günün xətrinə əylənəcəyəm,
Bu günü heç kimə verməyəcəyəm.
Müqəddəs arzular, hisslər, duyğular,
Buyurun, ən əziz qonağım olun!
Baharla gizlənparç oynayırmışlar,
Yeri bilinibdi çiçəyin, otun.
Bu gün bağ-baxçada yer belləyəcək,
Bir ağac dibini yumşaldacağam.
Başıma nə gəlib bir-bir deyəcək,
Qəlbimi torpağa boşaldacağam.
Açıb novruzgülü təpədə indi,
Qəlbə də kök atıb, qəlbə də indi,
Bu gülü heç kimə verməyəcəyəm!
Yandırın, a dostlar, bayram şamını,
Bu günü ömrümə naxış sayıram.
Qonaq çağırıram bu gün hamını,
Bu günü hamıya bağışlayıram,
Bu günü heç kimə verməyəcəyəm!
QAZAXDA YAŞADIM MƏN ÖZ ÖMRÜMÜ
Şəhər də bir cürə saraydır elə,
Tarix hicri kimi, miladi kimi.
Qoy orda olanlar Vaqif olsunlar,
Biz burda yaşarıq Vidadi kimi!
Gedib uzaqlarda kama yetmədim,
Bəsimdi öz ata yurdum, söylədim.
İtirə-itirə ömür etmədim,
Qazana-qazana ömür eylədim,
Qazaxda yaşadım mən öz ömrümü.
Admı axtarırsan, gəzmə, var adım,
Azmaram dağların dumanlarında.
Düşüb böyüklüyü mən axtarmadım,
Böyük şəhərlərin ünvanlarında,
Qazaxda yaşadım mən öz ömrümü.
Batmır burda günəş, bitmir sanki gün,
Gecələr ulduzlar dəstiri durdum.
Ulu babaları eşitmək üçün
Dizinin dibini kəsdirib durdum,
Qazaxda yaşadım mən öz ömrümü.
Sözümü demədim...deyəsən, dedim,
Mənim də özümə məxsus yolum var.
Ucalıq gəzəndə Göyəzən dedim,
Genişlik gəzəndə Ceyrançölüm var,
Qazaxda yaşadım mən öz ömrümü.
Sevdim çiçək-çiçək, gül-gül bağımı,
Baxdım şan-şöhrətə, taca yağıtək.
Sacdağı, Aveydağ, Gülül dağını
Qoydum ocağıma sacayağıtək...
Qazaxda yaşadım mən öz ömrümü.
Məni Kür eylədi Kür özü kimi,
Ürəyim böyüdü yer üzü kimi.
Bəlkə də ən böyük arzuma çatdım,
Vaqifin, Vurğunun varisi kimi
Qazaxda yaşadım mən öz ömrümü.
Hansı yerə desən getmişəm, nə qəm,
Hansı dağı desən aşar kimiyəm.
Mən elə Bakıda ömr eyləmişəm,
Mən elə Təbrizdə yaşar kimiyəm,
Qazaxda yaşadım mən öz ömrümü.
Gəzdi kitablarla dünya üzünü,
Dön bax, Nizaminin Gəncə ömrünə.
Mən də bu hesabla tapdım özümü,
Bir ömrü də qatdım məncə ömrümə,
Qazaxda yaşadım mən öz ömrümü.
Varlığı ucalar ucadadırlar,
Ömrün ömür olsa, xoş sayacaqsan.
Mənə beşiyimdə pıçıldadılar:
“Ömrünü Qazaxda yaşayacaqsan!”
Qazaxda yaşadım mən öz ömrümü.
Torpağın ər olub, daşın ər çıxıb,
İgidlər, ərənlər möhürü Qazax!
Qoynundan nə böyük kişilər çıxıb,
Ay kişi olanın ömürü Qazax!
Qazaxda yaşadım mən öz ömrümü.
Ən gözəl məqamda oturmuşam mən,
Durduğum zirvəylə fəxr eyləyirəm.
Ən gözəl qələmi götürmüşəm mən,
Ən gözəl məramı şərh eyləyirəm,
Qazaxda yaşadım mən öz ömrümü.
Kim deyir ki, aşiq butası deyil,
Daim bağ-bağçası güllənəcəkdir.
Qəlbimin sevinci bitəsi deyil,
Qəbrim də sevinclə dillənəcəkdir:
“Qazaxda yaşadım mən öz ömrümü!”.
DÜNYANI TANITMA MƏNƏ
Dədə, bu dünyanı tanıtma mənə,
Bu dünyanın neçə sifəti varmış,
Bu dünyanın neçə üzləri çıxır.
Qızıl sandığının üstə oturub,
Cırıq şalvarından dizləri çıxır.
Guya ki, mənə də qanı qaynayır,
Halbuki, qanımı qaba tutacaq.
Hələ ki, mənimlə beşdaş oynayır,
Bir azdan məni də topa tutacaq.
Xəncəri bağrımı dəlib əlində,
Səni də vuracaq, bilməyəcəksən.
Dünən dədəm-babam ölüb əlində,
Bu gün mənə deyir: ölməyəcəksən?!
Dədə, bu dünyanı tanıtma mənə,
Götürüb birinə kədər-qəm verir.
Aldadıb birinə şeir yazdırır,
Birini dünyadan aparmaq üçün,
Yüzünə bel verib qəbir qazdırır!
Təzə qəbristandı sanki qayəsi,
Yüyürüb yoluna daş dığırlayır.
Dilində duası-Quran ayəsi,
Əlində baltası-baş dığırlayır!
Bir qismət çörəyi təzə qəbirmiş,
Bir qismət çörəyi dərin quyuymuş,
Gələnə-cavaba oxşayan ömür,
Gedənə sualmış: dünya bu imiş?!
Dədə, bu dünyanı tanıtma mənə,
Boylandım, qəlbidən tanıdım onu.
Qərbinə, Şərqinə qarışdı başım,
Qərbindən-qəbrindən tanıdım onu.
Dedirdir bağlama, yanıltmac mənə,
Dilim gəlmir, dinəm: Canidi!- deyə.
Dədə, bu dünyanı tanıtma mənə,
Dədəmi yandırır tanıdım!-deyə.
NÖVBƏ
Tanrım, qəbul etdim bir hökmünü də,
Hamı necə atır bir dərdi, gördüm.
Halal sevincimi əlimdən alıb,
Arxamca sevinən namərdi gördüm.
Gördüm ki, qırmızı geyinməliymiş,
Hamı bu dünyada sevinməliymiş.
Nələr olasıymış, Allahım mənim,
Yaxşı da, yaman da yaratdığındı,
Yaxşı da, yaman da bəndəndi sənin.
Bir gün görəcəyəm ölüb gedirəm,
Bir gün görəcəyəm... əstəğfürüllah,
İndi də sevinmək növbəndi sənin?!
Qarğalar Laçına əl çalmalıymış,
Qarğalar Laçına lağlanmalıymış.
Hürməsə ağlayır, hürsə sevinir,
İtlərə də sevinc saxlanmalıymış,
Çaqqal vaqqıltıyla öyünməliymiş,
Hamı bu dünyada sevinməliymiş.
Sənin dərdin alım, qurbanın olum,
Görürəm hökmünə yoxdu beh-bezar.
Birinə elə bil dərman olurmuş,
Birinin heç nədən düşdüyü azar.
Mərdin təzə-təzə açan çiçəklə,
Ətrindən öldüyü güllə sevinir.
Namərd qəlbi vurur qara diləklə,
Əlində bir qızıl güllə... sevinir.
Növbəylə ağlayıb güləcək hamı,
Hər kəs qəm içində kefinə gedir.
Ölən biləndə ki, öləcək hamı,
Qəbirə sevinə-sevinə gedir.
Gülüb həqiqətə yalan sevinir,
Ölənə əl vurub qalan sevinir.
Bir anası ölmüş balan sevinir,
Bu da növbəsində deyilməliymiş,
Hamı bu dünyada sevinməliymiş.
Bir oğul boş qoyub yurd ocağını,
Doğma bir qapını çırpıb sevinir.
Bir yad qucağında, yad ocağında,
Sevinmək növbəsi tapıb sevinir,
Öpür yad ətəyi, yad ayağını,
Guya sevincini öpüb sevinir.
Hər günün əbədi növbədi bəlkə,
Hər anın növbədi... basabas düşür.
Hamı sevinsə də, sevinə bilmir,
Amma sevinməkdən hər gün söz düşür,
hər an söz düşür.
Mən də səhv eylədim hansı sözləsə,
Mən də öz yolumu azıb sevindim.
Vermədim əlimdən növbəmi nəsə,
Üzünə ağ oldum elə indicə,
Çatıldım, dağıldım elə indicə,
Yüyürdüm, yıxıldım elə indicə,
Mən də bu şerimi yazıb sevindim,
Mən də yazığammış, yazıq... sevindim!
BEŞDAŞ OYUNU
Başa düşəsiydim dünyanı o gün,
Gülüzlü bir uşaq başımı qatdı.
Gülüzlü bir uşaq qaşını çatdı,
Gəl beşdaş oynayaq, söylədi, əmi!
Gözlərin yorular çox baxma, göyə,
Bilmirsənsə deyim, göy nədi, əmi!
Siz bir bu uşağın sözünə baxın,
Əmi, istəyirsən adını deyim,
Sənə o dərənin, dağın-daşın da.
Bəlkə bu uşağın sözünə baxım,
Heç yana getməyim,
beşdaş oynayım,
Mən bu yaşımda!?
Gülüzlü bir uşaq sözlü-suallı,
Bəlkə mən tanımaq istədiyim yer,
Bəlkə mən tanımaq istədiyim göy,
Mənə sual verir...
görürdüm o gün.
O uşaq qalxırdı göyün qatına,
Utanıb mən yerə girirdim o gün.
Baxdım, nələr dedi uşağın gözü,
Baxdım, nə tanışdı uşağın üzü,
Yalvarıb yaxardı tanrı dilində,
Əmi, yollarına çıxma dünyanın,
Qoca sifətinə baxma dünyanın,
Ölsən də yerindən tərpənməyəcək,
Səni də qoyacaq uşaq əlində!?
Gülüzlü uşağın yanından ötüb,
Görmək istəyirdim dünyanı gedib.
Uçmaq istəyirdim üfüqlər boyu,
Qaçmaq istəyirdim üfüqlər boyu.
Sandım ki, o uşaq oyun oynayır,
Nə sevinci yarı, nə dərdi yarı...
Gördü bu yerlərə çox boylanıram,
Gördü o göylərdən ötrü yanıram,
Bəlkə o gün mənə acığı gəldi,
Amma bir söz dedi, yazığı gəldi:
-Vallah, o göylərə çox baxma, əmi,
Orda da beşdaşdı oynadıqları...
XALTA
Gah artır, gah batır səsi-səmiri,
Gah haray qoparır,
Gah dönür daşa.
Dostları görəndə zəncir gəmirir,
Düşməni şırvanıb keçirir başa,
Bu iti içimə kim bağlayıbdı?!
Bu yurdun başımda başı qarışıq,
İşinə on beşi, beşi qarışır.
Bilmirəm, kim salıb cana azarı,
Görmür çəpər basan canavarları,
Bu itin içimdə başı qarışıb,
Bu iti içimə kim bağlayıbdı?!
Tökülsün, tökülən qana yanmıram,
Versin, cəfa versin cana, yanmıram.
Qoy başım da getsin, leşım də getsin,
Mən ona yanmıram, ona yanmıram.
O günü içimdə qəfil açılıb,
O günü yüyürüb anamı tutdu.
Qayıdıb balamın üstünə cumdu,
Vururdum, əlimdə qələmi tutdu,
Bu iti içimə kim bağlayıbdı?!
Mən bir həqiqəti başa düşmüşəm,
Kiminsə qəlbini it yeyib deyə,
Tanımaz özünü... özünə baxsa!
Bəlkə mən bilməyib naşı düşmüşəm,
Ürək it bağlanan yeriymiş, yoxsa?!
Yalını tökərəm, əlimi qapar,
Dilimi çıxarram, dilimi qapar.
İndi də bir candı, çıxıb gedərəm,
Qorxuram ölməyə...ölümü qapar,
Bu iti içimə kim bağlayıbdı?!
Ehe-hey! Tez gəlin, qəza var burda,
Bu sənin baxtındı, özün bilərsən,
Ürəyim, barışma, ürəyim, barış!
Barışmamaq çətin,
barışmaq çətin.
Demə nə var burda...Nəsə var burda,
Bəs hardan yaranıb onda bu qarğış?!
“Görüm itə dönsün mili-millətin!”
Baxtımın taxtını kimsə çevirdi,
Bir də onda gördüm, ayağım altdan,
Vətənin torpağı, daşı da qaçdı.
Sevinə-sevinə bir qız sevirdim,
İçimdən it səsi eşidib qaçdı...
Əlimdə tutduğum baltadan qorxur,
Mən elə bilirdim xaltadan qorxur.
Gözüm gördüyünü gözlər görməsin,
Gözüm gördüyünü
Hələ ki, görür.
Yox imiş başqa bir işi-peşəsi,
Təkcə ürəyimi görüb elə bil,
Elə ürəyimin üstünə hürür,
Bu iti içimə
kim bağlayıbdı?!
ŞAİR QƏBRİ
İçimdə bir sarı sim ağlayanda,
İşləyir canımda qılınc dərinə.
Mənim qəbrimdə də... kim ağlayanda,
Göz yaşı damacaq ovuclarıma.
Hazırlaş şairim, qorxudan əl çək,
Deyim, bu dünyaya kim nəyə gəlir.
Gedən öz dərdini qoyub gedəcək,
Gələn öz dərdini deməyə gəlir.
Mənimdir, demirəm kimindi bu yük,
Sanma ki, səhv edir,
ya yanılıram.
Dərddən danışanda bu adamların
Məndən doğmasını mən tanımıram.
Uzanır qarşıda ömür yolları,
Yaşayır, hələ ki, gedirik şair.
Kimsə sonulayır təzə paltarı,
Mənimsə kipriyim sökük yamayır.
Kiminsə içində qışqırır qəmi,
Ümidlə gözünü dikir üzümə.
Şair maqnit kimi yığşırır qəmi,
Şair göz yaşını çəkir özünə.
Gedəcəm, məni də yenəcək qədər,
Nə dərdim, dərd-kədər cəmsə qəlbimə.
Dolmuş ürəyini boşalda bilər,
Söykəyib başını kimsə qəbrimə.
ULDUZLAR VƏ QUYRUQLAR
İlanın quyruğu ulduz görməmiş ölmür.
El inancı.
Quyruğu sağ qalan yazıq ilanlar,
Quyruğu sağ qalan kərtənkələlər!
Nədəndi bilmirəm, başınız deyil,
Qırıq quyruğunuz görür ulduzu.
Bəlkə də dünyanın xoşbəxtisiniz,
Ulduzlar öldürür quyruğunuzu.
Sizin başınızdan kim baş açacaq,
Sizin ki, başınız quyruqda imiş.
Sizin də başınız haqq əzilir, haqq,
Bir quyruq yolunda buyruqda imiş.
Nəymiş yer kürəsi – bu qəza yeri,
Boşluqmuş olmaya varlıqlarımız?
Başı bada verib, güdaza verib,
Ulduzda dolaşır quyruqlarımız.
Naşılar özünə naşı demirlər,
Gör nədi aldanıb, varıb uyduğu?
Dərdə bax, yerlərdə başı sevmirlər,
Ulduzlar yanında qırıq quyruğu?!
Quyruğu sağ qalan yazıq ilanlar,
Quyruğu sağ qalan kərtənkələlər,
Nəyinsə başını biz əzən zaman
Bəlkə biz çevrilib quyu oluruq,
Bəlkə biz çevrilib quyruq oluruq,
Başın yox, quyruğun qulu oluruq!?
Əlimizdə silah daş-kəsək idi,
Ovda ölənləri marıq öldürür.
Nə var, başımızı baş əzsə idi,
Bizi bu dünyada quyruq öldürür,
Ulduzlara baxa-baxa,
... ulduzlara qalxa-qalxa
yavaş-yavaş, qırıq-qırıq öldürür.
Hamımızı qırıb-qırıb öldürür...
Yanmır göy üzündə ulduzlar əbəs,
Nə quyruq varsa da sözsüz öldürür.
Götürməz bu dərdi dünya götürməz,
Hər insan öləndə bir ulduz axır,
İnsanın quyruğu ulduz öldürür...
...Tökülüb ortaya bu qan düşüncə,
Mən nə qəm bilirdim, nə günah bilir.
Bu quyruq ölüncə, axşam düşüncə,
Neçəsi öləcək, bir allah bilir!
Bir azdan yenə də axşam olacaq,
Qıvrılan quyruğu kəltənkələnin
Həm ulduz görəcək, həm də öləcək.
Bu ilan quyruğu onda öləcək,
Koramal quyruğu onda öləcək.
Başlar bir zərbədən ölüb gedirsə,
Başlar görməyəcək quyruq görəni.
Bir az öyəcəklər quyruqla səni,
Bir az söyəcələr quyruqlu məni...
Baxanda hamının baş daşına bax,
Hamı bir ulduzu endirib göydən,
Hamı bir ulduzu söndürüb göydə,
Ulduz quyruğmuzu öldürəmməyib,
Quyruğmuz ulduzu öldürür göydə?!
ŞİRNİ
I
Bir böyük qəbirmiş bu yer kürəsi,
Adamlar bilmirmiş, yuxulu imiş.
Hamının tikili görünən evi
Fələklər əliylə yıxılı imiş.
Bu böyük qəbirdə böyük səbirlə
Öldüyümüz yerdə ölə bilmirik.
Durduğumuz yerdə dura bilmirik.
Hər gün silkinirik, gordan çıxırıq,
Hər gün yıxılırıq gora... bilmirik,
Hər gün qəbirdəyik, görə bilmirik!
Bu böyük qəbirlə beşdaş oynayır,
Bu böyük qəbirlə dalaşırıq biz.
Fələklə, mələklə yollaşamırıq,
Kələklə, küləklə yollaşırıq biz.
Hələ də Allaha inanmayırsan,
Aldadan istehza, nəşədi səni.
Hər gün öz əliylə qəbirə qoyur,
Hər gün öz əliylə yaşadır səni!
Bu böyük qəbirə əhsən, min əhsən!
Çörəyi axırda ölümdən gəlir.
Allahın altında nə işlər desən,
Bu böyük qəbirin əlindən gəlir.
Bu böyük qəbirə sığmırıq qardaş,
Hər gün yekə-yekə iş çıxardırıq,
Guya yaşamaqdan baş çıxardırıq.
Kiməsə verməyə çiçək tapmırıq,
Kimisə vurmağa daş çıxardırıq.
Yaxşı alışmırıq, yaxşı yanmırıq,
Bu böyük qəbirə sığmayanları.
Görüncə, fələyə qıyırlar bizi.
Bu böyük qəbiri bəyənməyəndə,
Kiçik qəbirlərə qoyurlar bizi.
II
...Qadınlar ağlaşır bir qəbir üstə,
Daldada sevinir kiçik uşaqlar.
Qəbir daşlarının dalına sinib,
Şirni yığmaq üçün hazırlaşırlar.
Gətirmir ölümü birisi yada,
Sanırlar uşaqlar çətin ki, ölər.
Gözlərdə islanan dəsmalları da
Az qalır ağappaq şirni bilələr.
Onlar bir-birini hey dümsükləyir,
Nə fərqi, indi də qarışsın aləm.
Biri kimdi ölən o adam, deyir,
O biri səslənir: mən öləcəyəm!
Bəyaz saçlarını yolur bir ana,
Bir gözəl köksünü yanıb ötürür.
Uşaqlar gözləşir... qəbirstana,
Adamlar çiynində “şirni” gətirir.
Qoy deyim, qalmasın, söz ürəyimdə,
O şirnilər – sevinc, o şirnilər – qəm.
Yeyin, söyləyirəm öz ürəyimdə,
Mən də o şirnidən az yeməmişəm.
Dünyada nə qədər şirni yeyən var,
Hələ də çoxuna fikir verilmir,
Hələ də çoxuna uşaq deyilir.
Yeyib-içən kəsdən yeməyənlərin
Şirnisi nədənsə qabaq yeyilir.
Qəbri bəzəyəcək növ-növ şirnilər,
Ağlayanlar qoyur, gülənlər yeyir.
Bəlkə başımızı fələklər deyil,
Bəlkə başımızı şirnilər yeyir?!
...Bir böyük qəbirdi bu yer kürəsi,
Sağ gördüyü nə var ölü, yıxılı...
Biz hər gün bəlkə də çörək yeyəndə
Öz qəbrimiz üstdən şirni yığırıq,
Öz qəlbimiz üstdən şirni yığırıq?!
Biz şirni yığmasaq, qırılacağıq,
Qəbirstan şirnisi cürbəcür, baha.
Onda nə durmusan ay zalımoğlu,
Qoy belə bilsinlər biz də uşağıq,
Gedək qəbiristandan şirni yığmağa?!
FƏXRİ ADAM
Hər məclisdə söz alıb,
bir nəfəsə dedilər:
“Sən bizim fəxrimizsən!”
Atımın quyruğunu
qırxa-qırxa dedilər,
kəsə-kəsə dedilər:
“Sən bizim fəxrimizsən!”
Belə dedi həmişə,
Məni dostun-tanışın
Tez-tez alan gözləri.
Yatanda yuxumda da
Eşitdim o sözləri...
Qanad alıb uçunca
Qanadımı qırdılar.
Əllərinə keçincə
Öyə-öyə durdular,
Deyə-deyə durdular:
“Sən bizim fəxrimizsən!”
İpək qarı da dedi,
Köpək qarı da dedi,
Uçub bayquş uladı,
Sancıb arı da dedi:
Sən bizim fəxrimizsən!
Dərdimi kimə açım,
Anamdan əmdiklərim
Vallah, gəldi gözümdən.
Bilmədim hara qaçım
Fəxrimizsən sözündən!
Ha əlindən yapışdım,
Ha düzəltdim özümü.
Yazmadı, yazammadı
Dönüb qaralmış qanım
Fəxrimizsən sözünü!
...Məzarımı qazdılar,
Keçdilər qəbrim üstən.
Başdaşıma yazdılar:
“Sən bizim fəxrimizsən!”
QARA ÇIRAQ
İnsan öləndə nəşi yuyulan yerə balaca qara çıraq qoyurlar.
Axşam düşdümü, şər qarışdımı yandırılır bu çıraq.
Üç gecə təkrar olur bu qayda.
...Deyirlər Ölünün ruhu o işığın yanına qayıdır.
Deyirlər, insan öləndə özünü qaranlıq tuneldə hiss edir.
və qaranlığı yarmağa başlayır.
Bəlkə ölən adam son dəfə bu zalım dünyaya, şair o qara çırağa baxır... ömründə ilk dəfə bu dünyadan qorxur və çat-çat olmuş dodaqlarıyla pıçıldayır:
Yuyat yerindəki balaca çıraq,
Sənin də işığın öləziyəcək,
Sənin də işığın sönüb gedəcək.
Sənin də vüqarın, sənin də şaxın,
Titrəyib gedəcək, sınıb gedəcək.
Yuyat yerindəki qaraca çıraq,
Fərqin yox üç günlük qalan ömürdən.
Yanırıq, dönürük külə, kömürə,
Çıxmaq istəyəndə küldən, kömürdən.
Yuyat yerindəki balaca çıraq,
Çəkiləsi deyil, böyükdü dərdim.
Dişimin dibindən çıxası sözü,
Daha bu dünyaya deyibdi dərdim.
Deyəmmir fələklər sözünü üzə,
Ağaran başıma, işimə bax bir.
Çatmır kişiliyi zalım dünyanın
Həmişə sonuncu sözünü bizə,
Balaca, qaraca çıraqlar deyir.
ADƏM
Cənnətdə deyirlər, gəlib həyata,
İtirib ağlını, azıb yolunu.
Peyğəmbərlik edir bədbəxt bir ata,
Tərbiyə edəmmir namərd oğlunu.
Olub keçənləri bir-bir bildirir,
Köhnə qardaş dərdi, qardaş fəryadı.
Bütün ölənləri Qabil öldürür,
Bütün ölənlərin Habildir adı?!
Dərddən unudurmuş adam adını,
Bu dərdi fələklər deyir, yazıram.
Mən də çəkən gündən Adəm adını,
Cənnətdən qovulub... şeir yazıram?!
Ürək as, sinəmdən daş asma, Tanrı,
Sən nədə yalansan, mən nədə doğru?
Diriykən cənnətdən baş açmayanı,
Ölü göndəririk cənnətə doğru!?
Bir-bir döşürülür bir-bir tökdüyü,
O yazıq Adəmin oğluyam mən də.
Bəlkə mən bilmirəm, Qabil tökdüyü,
Məlum qan-qadayla doluyam mən də?!
Bəlkə Qabil mənəm, elə haqq üçün,
Yüz qərar çıxarır, yüz akt alırlar.
Məni Habil bilib basdırmaq üçün,
Gündə yer gəzirlər, yer axtarırlar?!
Damarda bu qanı bu qan yeyibdi,
Adamam, Adəmə yazığım gəlir.
Necə olubdu ki, Adəm yeyibdi,
Yeyilən o dənə yazığım gəlir!
Sənin bədəninin ay Adəm babam,
Yarısı ölüymüş, yarısı sağmış!
Yoxsa insan oğlu- zamin dururam,
Bir olan Allahtək yaşayacaqmış.
...Olan faciəni bir-bir bildirir,
Köhnə qardaş dərdi, qardaş fəryadı.
Bütün ölənləri Qabil öldürür,
Bütün ölənlərin Habildir adı?!
Adamlar haqq gəzir, Haqqı tapdayır,
Nə günə düşübdü vay dədə, Adəm.
Adamlar çoxalır... adam çatmayır,
Peyğəmbərəm!- deyir hələ də Adəm?!
BU KİMİN QƏBRİDİ?
Məni də duymadı bu köstəbəklər,
Sözləri sözdümü, izləri izmi?
Bir gün yana-yana göstərəcəklər,
Bu kimin qəbridi, bilirsinizmi?!
Bir gün deyəcəklər şair deyildi,
Burda yatan adam torpaqdı, daşdı.
Dərdini deməyə adam tapmadı,
Dünyadan başını götürüb qaçdı.
Onun nələr vardı qan yaddaşında,
Çox hayıf ki, gözdən irağa düşdü.
Onu da vurdular cavan yaşında,
Onu da vurdular... torpağa düşdü!
Bir gün görəcəklər yaşayır hələ,
Qəlbidi...qəbridi hər uçan qəbir...
Qəbri də özünə oxşayır elə,
Özgə qəbirlərin dərdini çəkir.
DÜNYA
Özündə mövcuddu, özündə yoxdu,
Özündə özünə möhtacdı dünya.
Evi min ildi ki, süpürülməyib,
Bir çoban qızına möhtacdı dünya.
Bir balta sapıdı öz budağına,
Zəncirdi, qandaldı əl-ayağına.
Su əndərib tökür od-ocağına,
Ocağın közünə möhtacdı dünya.
Nankora, namərdə batmmayanda,
Düşmən də söyləyir adama, can da,
Gecələr sübhəcən yatammayanda,
Aşığın sazına möhtacdı dünya.
Qurtarmır boranı, yaza çıxanda,
Başlayır tufanı, düzə çıxanda.
Yüz qəlbin yalanı üzə çıxanda,
Bir qəlbin düzünə möhtacdı dünya.
Barat, köməyi var, köməyi yoxdu,
Sənnən mərc gələrəm, ürəyi yoxdu.
Hər şeyi olsa da heç nəyi yoxdu,
Bir şair sözünə möhtacdı dünya.
KÖNÜL BAĞI
Başım diz üstə könül bağına uçub gedirəm,
Qonub da Sidrə ağacında quş kimi ötürəm.
(Xaqani)
Yaranmışam ölməyəm, torpağa gömülməyəm,
Qoymayam məzar olsun... torpağı könülləyəm!
Ucalarda bir ev var, ”Könül bağı”dır adı,
Yaranandan o evdə, o bağda könüldəyəm!
Mənə söyləməyin ki, sənin əzizin bizik,
Qoysanız əzizimi oxşayam, əzizləyəm!
Yoldayam, yamacdayam, varlıqdayam, heçdəyəm,
Çayırdayam, otdayam, çiçəkdəyəm, güldəyəm!
Bəlkə enib yerlərə o bağdan nahaq gəldim,
O bağa dönmək üçün cığırdayam, yoldayam.
Mən nə burda-evdəyəm, nə də orda -gordayam,
Gəlmişəm bir evdən ki, mən həmin mənzildəyəm!
Əlinizə nə keçdi, götürüb doldurmayın,
Nə vaxtdan zənbil kimi bilmirəm, zənbildəyəm!
Bülbül nəğmə oxumur, dərddən dil deyib ötür,
Mən də şeir yazmayam, mən də gərək dil deyəm.
Gözəl yaradılmışdı, insana nə oldu, nə?
İndi götürüb başım hansı küllə külləyəm?!
İnsanı ki, bu qədər bişərəf, alçaq gördüm,
Necə çıxım zirvəyə, necə deyim, zirvəyəm?!
Mən də ömürmü sürəm baş girləyənə baxıb,
Könül bağı salmayıb, başımımı girləyəm!
Başqasının yerini, başdakının yerini
Aşağıda dayanıb məndəmi mingirləyəm?!
Ariflər bilir niyə uçub Babil qülləsi,
İndi bildim, anladım, mən niyə min dilliyəm?!
Ağladan ağladacaq... bəşər deməməliydi.
Niyə görəsən belə mən əli məndilliyəm?!
İstəsə bu sualın cavabın tapar hər kəs,
“Mən niyə bir anlığam, mən niyə bir günlüyəm”
Ağlayıb təkrar-təkrar deyirəm bu sözləri,
“Ehe-hey! Sizinləyəm! Ehe-hey, kiminləyəm?!”
Barat, bu matəmgahda hamı hırıldayırsa,
Gərək “Könül bağın”da bircə mən inildəyəm!
GƏL QAYIDAQ KÖNLÜMÜZƏ
Bu dünyaya nahaq baxdıq,
Öyümüzü nahaq yıxdıq.
Könlümüzdən nahaq çıxdıq,
Gəl qayıdaq könlümüzə.
Deyirdin gül yerdə olur,
Nə olur, güllərdə olur.
Allah könüllərdə olur,
Gəl qayıdaq könlümüzə.
Çaylar axıb Kürdən keçir,
Minlər gəlib birdən keçir.
Əsil yol könüldən keçir,
Gəl qayıdaq könlümüzə.
Çəməndə şehə bataqmı,
Dumanda, çəndə itəkmi?
Qovub kəpənək tutaqmı,
Gəl qayıdaq könlümüzə.
Özümüzü məhv etmərik,
Özümüzü dəfn etmərik.
Bir də belə səhv etmərik,
Gəl qayıdaq könlümüzə.
KÖNÜLƏ DE SÖZÜNÜ
Gəlib xəbər gətirdi
Çapa-çapa atlılar.
“Allaha sözün olsa,
Könülə de, çatdırar!”
Biləsən gərək, bilə,
Gələsən gərək dilə...
Çatanlar könlü ilə
Hər məqama çatdılar.
Çox oldular az halda,
Qəm azalda-azalda.
Yatdılar hər məzarda,
Hər azarı atdılar.
Getdilər içib badə,
Haqqın yolunda bada.
İtdilər bu dünyada,
Yeri-göyü tutdular.
Atlılar tapıb yolu,
Atlılar öpüb yolu,
Atı könülə doğru
Çapdılar, hey çapdılar!
KÖHNƏ KÜLLÜK
Allahı tək türkdənəm,
Varlığı haqq türkdənəm.
Dərbənddən, Borçalıdan,
Təbrizdən, Kərkükdənəm.
Könüldənəm, ahdanam.
Küləkdənəm, mehdənəm,
Çəməndənəm, şehdənəm,
Güldənəm, güllükdənəm,
Məni Göydən atıblar,
Yerdə göydə tutublar!
Köhnə küllük tapıblar,
Mən həmin küllükdənəm!
Yoxam bu canda daha,
Varam hər yanda daha!
Ruham başdan ayağa,
Xalqdanam, Xaliqdənəm!
Ürəyim elə bağlı,
Çiçəyim gülə bağlı.
Bəzmi-Əzələ bağlı,
Camdanam, tuluqdanam!
Gəzib hardan gəlirəm,
Yazın, Ordan gəlirəm.
Əsrlərdən gəlirəm,
Neçə minillikdənəm.
Zatım ulu zat olub,
Onçün adım ad olub,
Mayam eldən tutulub,
Öydənəm, öylükdənəm.
Tanış olun, deyirəm.
Yerim məlum, deyirəm.
Erkanokon deyilən
Dağdakı dəlikdənəm.
Haqqın yolu yolummuş,
Aşiq halı halımmış.
Bir vaxt Yusif salınmış
Dərin quyuluqdanam.
Mənəm o Oğuz Xaqan,
Öz gücünə inanan.
Qonanda qartal qonan
Daşdan, qayalıqdanam.
Bir sütuna can qurban,
Bisutuna bir zaman
Türk sözünü ilk yazan
Qələməm - külünkdənəm!
Bir babam var, mərd, ərən,
Bir atam var, mərdə tən!
Bu torpağı yurd edən,
Süddənəm, Sümükdənəm!
Nər dizimi bükəmməz,
Mən çəkəni çəkəmməz.
Ömrüm bitməz, tükənməz,
Qandanam, ilikdənəm.
Dərgah Odur -“Hu” olan,
Könül məcunu olan.
Bircə Məcnunu olan,
Kəbədən, çöllükdənəm!
Hər ürəyə yolum var,
Danışmağa dilim var.
Sanma mənə ölüm var,
Əbədi sağlıqdanam!
SƏNİN KİMİ OLACAĞAM
Sənin kimi olacağam Azərbaycan,
Sənin kimi vüqarlı, sərt!
Sənin kimi uca, məğrur!
cəsur, comərd!
Sənin kimi üzündə nur,
gözündə nur,
dərdi-sevinc, sevinci-dərd,
Baxtı yüyrək, baxtı qara,
Ürəyində min bir arzu,
min bir yara.
Sənin kimi çadırlarda yaşayacam,
Səngərlərdə al qanıma bələnəcəm,
Sənin kimi olacağam,
ölənəcən!
Sənin kimi olacağam Azərbaycan,
Sənin kimi ağrılardan-acılardan,
baş qaldırıb yaşayacam,
heç kimə baş əyməyəcəm,
heç kimə əl açmayacam,
kərpic kəsib, ot otlayıb,
daş qaldırıb yaşayacam.
Sənin kimi olacağam Azərbaycan,
Sənin kimi doğranacam
dilim-dilim, qıyma-qıyma,
Ağrının nə olduğunu,
bilməyəcəm bir yol amma!
Yüz yol ölmüş biləcəklər,
ölməyəcəm bir yol amma!
Çırpı yığıb, çöp döşürüb
ocağımı qalayacam,
Öz ömrümü yurd ömrünə calayacam.
Çox qurunun ucbatından
Sən yanırsan höyüş-höyüş,
Mən yanıram höyüş-höyüş.
Mən öləndə görəcəklər,
Köksüm altda ürək deyil,
Azərbaycan döyünürmüş!
Azərbaycan döyünürmüş!
Zaman-zaman danışmayıb,
sussam da mən,
Al qanımı qussam da mən,
Vaxt gələndə dillənəcəm!
Vuruşacam ən sonuncu
Gülləməcən,
Ən sonuncu güllənəcən!
Sənin kimi olacağam Azərbaycan,
Sənin kimi olacağam ölənəcən!
HƏNDƏVƏR
Həndəvər söyləmə hər həndəvərə,
Nə vardı yatmayıb, it hürsə idi.
At var-həndəvəri ərlər, ərənlər,
İt var -həndəvəri it kürsəyidi.
Minib öz atını çap, o ki, var, çap,
Rast gəlmə nə uçrum, nə döngələrə
Özünə sən başqa bir həndəvər tap,
Hərrənmə sən başın, bu həndəvərə!
Həndəvər olarıq mində birimiz,
Yerdə qalanımız bəndə felləri.
Dağlardı, daşlardı həndəvərimiz,
Bəs nədi dağ-daşın həndəvərləri?!
Ey vətən, deyirəm haqqı qalıbmı
Hər bəndə deyənə bəndə deyəm mən?
Nə başlar qopmadı çiyinlər üstən,
Nə yellər əsmədi həndəvərindən?!
Elə istəyirəm, bəndə deyilik,
Torpağıq, deyim mən, daşıq, deyim mən.
Ruhumla bu yurdun həndəvərində
Gecə də, gündüz də keşikdəyəm mən!
Gəl demə, biz indi güvənək kimə,
Sən dayan, dur görüm, a həndəvər, bir...
Şəhid qəbirləri bəs nədi, bəs nə?
Sən deyən, mən deyən həndəvər deyil?!
Dünyada nə qədər həndəvərlər var,
Çaqqal həndəvəri, qurd həndəvəri...
Adamlar belinə kəmər taxırlar,
Yoxsa olmaq üçün yurd həndəvəri?!
Əsibdi, coşubdu bir qarı yenə,
Baxmır nəvəsinə kim vurulubdu.
Deyir, bir də qızın həndəvərinə
Hərrənsən, ölmüsən ay köpəyoğlu!
Necə saraldıblar gör aşiqləri,
Demirlər, sevənlər mində birdilər.
O qədər qına ki, sarmaşıqları,
Bunlar da bu təhər həndəvərdilər!
Canda canımız yox, qəmdə yerimiz.
Bəlkə biclik edək,fəndə əl qoyaq?
Boşalıb... boş qalıb həndəvərimiz,
Bəlkə adımızı həndəvər qoyaq?
...Bəndəlik eyləsin bəndələrə, de,
Sıra nəfərləri hər nəfər olmur.
Gəl, az həndəvərəm, həndəvərəm, de,
Həndəvər sozündən həndəvər olmur!
MƏCNUNUN MƏCNUNU, YAXUD MƏCNUNUN ATASI HAQDA POEMA
Leyli sevgisini, Məcnun eşqini,
Yükləyib dəvəyə, aparırdı o!
Bir Kəbə eviydi Məcnunun özü,
Məcnunu Kəbəyə aparırdı o!
Eşqi könül duyar, könül daşıyar,
Altda inləyirdi dəvələr eşqin.
Dönmüşdü ən yaxın könüldaşına,
O günü buludlu havalar eşqin.
Bir ata köksünə dağ çəkir bala,
Bir övladın baxtı yatıb gedirdi.
Məcnun atasının çəkdiyi nalə,
Məcnun sükutunda batıb gedirdi.
Bir ata naləsi Allaha çatmır,
Məcnunun sükutu çatası idi.
Məcnun atasına yazığım gəlir,
Məcnunun məcnunu atası idi!
Karvan gedir... Məcnun yoxdu karvanda,
Yenə tale başa oyun açırdı.
Atası Məcnuna doğru qaçanda,
Məcnun səhralara doğru qaçırdı...
Bilmirdi qəlbini ovutsun nəylə,
Bir görün neylədi, nə etdi Məcnun?
Bir zaman eşqini öz əlləriylə,
Boğmuşdu bu kişi... diriltdi Məcnun?!
Bəs niyə oğlunu duymayır onda,
Niyə öz üstündən qara çəkirdi?
Bəs özü özünü hara aparır,
Bəs özü özünü hara çəkirdi?!
Məcnun sevgisinin ağrısı canda,
Könül varsa, gərək odlara düşsün.
İstərəm Məcnundan danışılanda,
Məcnun atası da yadlara düşsün!
Əli boşda qaldı yola baxanda,
Oğlunu bir eşqin butası çəkib.
Məcnun nə çəkib ki, belə baxanda,
Nə çəkib... Məcnunun atası çəkib!
...Leyli sevgisini, Məcnun eşqini,
Yükləyib dəvəyə, aparırdı o!
Bir Kəbə eviydi Məcnunu özü,
Məcnunu Kəbəyə aparırdı o!
ADƏM-HƏVVA DASTANI
Adəmlə Həvvanın söhbəti uzun,
Adəmlə Həvvanın söhbəti qısa.
Çoxdan bu dünyadan çıxıb gedərdi,
Adəmlə Həvvanın qeyrəti olsa,
Adəmlə Həvvanın mürvəti olsa!
Kim kimin ucundan azara keçib,
Bilmirsən arada kimdir günahkar?
O nurmu zülmətdi,
bu zülmətmi nur?!
Adəmmi Həvvanın dalınca düşüb,
Yoxsa ki, Həvvamı Adəmi qovur?
Adəm təbiəti, Həvva xisləti,
Doğur günəşiylə, yaxır Ayıyla.
Bir söhbət başlayıb... bir söhbət gedir,
“Sevirəm” kəlməsi, “ah” harayıyla!
O söhbət acıdı, bu söhbət şirin,
Toydan çox əllərin xınası çoxmuş.
Mənalı görünən bu söhbətlərin,
Bir də baxırsan ki, mənası yoxmuş.
O qədər işlərə qarışırlar ki,
Bu işlər tanrıya vallah, xoş getmir.
O qədər susurlar... danışırlar ki,
Adəmlə Həvvanı Allah eşidir,
Adəmlə Həvvanı Allah eşitmir?!
Ayıbdı, hər şeyi qələmim, demə,
Gör Adəm övladı nə gündə imiş.
Zirvədən danışan Adəmin demə,
Fikri bir kolluğun dibində imiş.
Nə üçün gəlmişdi dünyaya, Adəm,
Sanır ki, bu dünya
quyruqdur, sökür...
Bir söz deyəsiydi Həvvaya Adəm,
Hələ ki, bir ucdan üyüdüb tökür.
Neçə cildə girir adam hər dəfə,
And içir, öz yalan sözünə gülür.
Həvvanı aldadıb Adəm hər dəfə,
Özünə ağlayır,
özünə gülür?
Bu yazıq Adəmə qıymaq olmayır,
Ağzına dikibdi aləm ağzını.
Adəmin sözündən doymaq olmayır,
Qoymayın, açmağa Adəm ağzını?!
Biz nələr görmüşük bir ömrümüzdə,
Deyirlər, hər şeyi
qəlbə salmayın.
Adəmlə Həvvanın yeri göz üstə,
Adəmlə Həvvanı qəbrə sallayın!
Bəlkə bəhanəymiş o iş, bu söhbət,
Nə var, çırpışdırıb
çalmaq üçünmüş.
Olmaya bu boyda qırğın-qiyamət
Həvvadan bir öpüş almaq üçünmüş.
Üzülür... pozulur axırı kefi,
Gah yerlə sürünür,
gah gedir göylə.
Adəmlə Həvvanın yıxılır evi,
Özgə əliylə yox, öz əlləriylə!
Dedi, unutmadı qaldısa sözü,
Dünyanın sırtılmış üzü-Adəmmiş.
Adəmmiş dünyanın ən qısa sözü,
Dünyanın ən uzun sözü-Adəmmiş?!
... Hanı Adam oğlu, özün yetirsin,
Qaldırsın Adəmi qolları üstə?
Əl atır budaqdan meyvə götürsün,
Həvvanın qan damır
əlləri üstə?!