"The New York Review of Books" dərgisi ərəb dünyasının tanınmış şairi, adı tez-tez Nobel mükafatına ən real namizədlər arasında hallanan Adonis ilə müsahibə dərc edib. Müsahibəni ixtisarla təqdim edirik.
- Suriya müharibəsi başlananda siz prezident Bashar al-Assad-a məktub yazmışdınız. İndi yazsaydınız, nə deyərdiniz?
- Din və dövlət bir-birindən ayrılmasa heç nə dəyişməyəcək. Dini məsələlərlə siyasi, mədəni, sosial məsələlər bir-birindən ayrılmalıdır, əks təqdirdə Ərəb tənəzzülü daha da şiddətlənəcək.
- Vətəniniz Suriyada son dəfə nə vaxt olmusunuz?
- 2010-cu ildə. Müharibə xəbərlərini sizin kimi kənardan eşidirəm. Nə baş verir orda? Eşitmişəm, Aleppo bazarları da dağıdılıb, bu tayı-bərabəri olmayan mədəni varidat idi.
Yazıçı heç vaxt ölümün, qətlin tərəfində olmaz. Bu, mümkün deyil.
- Sizin bir şeiriniz var, orada Eyfel Qülləsi Aralıq dənizində üzür, Abu Nawas və Victor Hugo arasında söhbət də yazımısınız. Şərq və Qərb arasında necə körpü qurmaq olar?
- Şərq və Qərb iqtisadi, hərbi anlayışlardır. Onları 17-ci əsrin kolonializmi yaratmışdı. Şərq və Qərb sözlərini coğrafi mənada işlədə bilərik. İncəsənətdə isə Şərq, Qərb yoxdur.
Qərbin böyük modernist rəssamı Paul Klee-nin əsərlərini görmüsünüz, o, Şərq ölkələrini necə gözəl çəkib. Delacroix, Rimbaud-un əsərlərini yada salın… Abu Nawas, yaxud Abu Al-Maarri-ni oxuyanda onların şərqli, ya qərbli olduğunu deməzsən. Yaradıcı insanlar ölkəsindən asılı olmayaraq, dünyaya bağlı olurlar. Mənim üçün amerikalı şair Whitman bizim Abu Tammam-ımız kimi doğmadır.
- Demişdiniz ki, Orta əsrlərdən sonra Qərb yeni sosial təsisatlar yaratdı ki, Ərəb dünyasında məhz onlar çatışmır.
- Avropada dindən və kilsədən azad yeni cəmiyyətlər quruldu, Avropa Orta əsrləri aşdı. Qərbin dövlətlə dini ayırması onun uğuru oldu. Biz hələ bu mərhələdəyik.
- Din və dövlət işlərinin effektiv ayrılmasına necə nail olmaq olar?
- Mübarizə lazımdır. Oturan yerdə heç bir iş alınmır, gərək mübarizə aparasan, gərək yazasan və həbs olunasan. Ərəb türmələri niyə yazıçılarla dolu deyil? Ona görə ki, ərəb yazıçılar öz işlərini görmürlər. Tənqid etmirlər. Dərin məsələlər haqda danışmırlar. Mən yazıçıları tənqid edirəm, dövləti yox. Yazıçı türmədə olar, bu o deməkdir ki, o, həqiqəti deyər. Türmədə olmayan, ya da kitabları qadağan olunmayan yazıçı deməli, həqiqəti demir. Yalnız o zaman demək olar ki, hə, o mədəniyyətin rolu var.
- Theodor Adorno deyirdi ki, Osventsim-dən sonra şeir yazmaq olmaz.
- Sözdür də, deyib Mən əksini düşünürəm. Osventsim, bəli, böyük insanlıq faciəsi idi. Amma mən inanıram ki, yazmaq, həmçinin şeir yazmaq sual verməkdir, hər hansı cildə girmiş şəri gpstərməkdir. Mən Adorno ilə razı deyiləm. Yazmaq elə Osventsimdən sonra başlanır.
- Bəs Suriyada müharibə gedərkən şeir yazmaq nə deməkdir?
- Bombayla şeiri müqayisə etmək olmaz. Şeir yazmaq ətir düzəltmək, nəfəs almaq kimi həyati bir şeydir. Onun maddi standartlarla ölçmək olmaz…
- Biz eşitmişik ki, dövrümüzün qanlı terrorçuları və terror təşkilatlarının liderləri şeir yazır.
- Onların yazdığı poeziya deyil. Onları poeziya saymaq qətiyyən olmaz. Poeziya sosial fenomendir. Min dənə romançı ola bilər. Amma beş dənə oxucu varsa, o yer yaxşı yerdir. İstənilən ölkədə indi minlərlə romançı, şair var, onların arasında beşi, altısı yaxşıdır, qalanı zibil yazır. Həmçinin ərəblərdə də milyon dənə şair var, onların arasında əsl şeir yazan azdır.
- Ərəb ölkələrindən milyonlarla qaçqın Avropaya üz tutub, bu haqda nə deyə bilərsiz?
- Mühacirəti iki şey doğurur: işin olmaması və azadlığın olmaması. İnsan işləməyə və azad olmağa yer axtarır. İki yüz il ərzində bizim ölkələrimiz kasıb qaldı, bir dənə yaxşı universitet və ya tədqiqat institutu qura bilmədik. Böyük resurslarımızı mənasız silahlara sərf edirik. Silah, təyyarə, hətta təyyarələri sürən pilotlar alırıq…
Biz Qahirədə ABŞ-da istehsal olunmuş maşınları görüb aldanmamalıyıq, biz özümüz hələ orta əsrlərdəyik, özümüz maşın istehsal edə bilmərik. Heç kofe fincanı istehsal etmirik. Bizdə özünü sorğulama olmalıdır. İntellektual adamlar özünü, xalqını, mədəniyyətini sorğu-sual etməlidir...
azadliq.org