Şəhid məktubları - MƏTNLƏR

<b>Şəhid məktubları - <span style="color:red;">MƏTNLƏR </b>
11 aprel 2016
# 11:23

Morqda işləyən Kubra xanım şəhid olmuş əsgərlərin cibindən çıxardığı bu məktubların güllə yerlərini və qan ləkələrini olduğu kimi sizə təqdim edə bilmədiyi üçün təəssüflənir və nöqtəsinə, vergülünə, hətta qrammatik səhvlərinə belə toxunmadan çap etdirməklə ovunmağa çalışır. Üstəlik zamanın öz dəsti-xətti ilə qələmə aldığı bu hekayətləri ixtiyarınıza buraxmaqla təskinlik tapır, düşünür ki, indən sonra bu kağız parçaları əvvəlki qədər ağır olmayacaq, onları kitab rəfindən götürmək, o üzə, bu üzə çevirmək, hətta işığa tutub oxumaq mümkün olacaq.

***

Hörmətli məktub

Əvvəlan salam. Necəsüz Lələ Güli Elçin Feyruz Hikmət necədir. İşləriniz necə gedir. Bilirəm indi iş əlindən başuzu qaşımağa vaxtuz yoxdur. Əgər mənim kefimi xəbər almaq istəsəz sağ-salamatam. İşlərim də yaxşı gedir. İndi biz bir neçə gündür təlimi başa vurmuşuq. İndi isə pexota təlimi keçirik. Pexota təlimi minemiyot təlimindən çətindir. Günüzlər dəniz qırağında dağda paliqona gedirik gecələr isə çölə hücumu öyrənirik. Yorulmayasan çox əladır maraqlıdır.

Burda bir leytnatla tanış olmuşam, nə vaxt istəsəm məni kağızsız buraxa bilər. Amma qorxuram gələm. Gəlsəm birdən yoldaşlarım döyüşə gedər. Komandirimizə demişəm, döyüşdən kağıznan buraxacaq. Day lələm mənim üçün gəzməsin.

Burda yanımda Kolinofkadan 2-i nəfər var. Biri Məmmədin oğlu Mehrabın arvadının qoxumu Elmidar təyyar oğlu biri Xavizənin oğlu idrisin gəlininin qardaşı Tehran gülseyin oğlu. Mənim sözüm bu qədər. Yazın görüm öz kefiniz necədir. Lələ necədir. Vaxt tapıb çölə gedə bilir. Gəlsəm çəlləyin birin mən yeyəcəm. İki aydı balıq yemirəm.

İki yarım aydı gəlməyimə inanmıram. Hələ billəm iki üç gün bundan qabaq gəlmişəm. Günlərim çox xoş keçir.

Çülü necədir. Almaz gilə deyin onu çox işdədməsin. Kömək eləsin. Mənim üçün darıxmasın sağlıq olsun. Eravanı alanda onunçün erməni gəlni gətirəcəyəm.

Elçin necədi. Deyin işində olsun day mənə molla lazım deyil. Mamaçanın uşaqlarından biri molladır: cibində quran.

Fiyruz necədi. quşa gedə bilir. Deyin seçmə qurtaran deyil atsın vursun. Almaz necədi deyin uşaqdan madı olsun. Gəlib əmi deyən görüm.

Mehri necədi. deyin ondan qabaq lalə corab toxuyub göndərdi. Ovşim sözüm bu qədər. Məndən məni soruşanlara çoxlu-çoxlu salamlar. Mənə kəddə qohumlardan hasının toyu olacaqsa həmən günü yazın bəlkə döyüşdən gəldim.

***

Dünyalar qədər istəkli sevgilim Qabil sən bilsən mən bu məktubu necə yazmışam. əzizim bu məktubu mən kövrələ-kövrələ yazıram. Əzizim mən səni başa düşürəm ki sən əsgərliyə məni qoyub getmək istəmirsən. Bilirəm ki məni bir gün görməyəndə darıxırsan. Sevgilim elə mən də sənin kimi darıxıram. Nə etməliyik dözməli və səbr etməliyik. Bəlkədə sən gedəndən sonra orada 1-2 yaxutda 1 ay çətinlik çəkəcək məni görmək istəməyəcəksən. Elə mən də sənin kimi darıxacam. əzizim Qabil mən sənin məktubunu ağlaya-ağlaya oxudum. Bəlkə sən də bu məktubu kövrələ-kövrələ oxuyacaqsan sevgilim mən sən gedənə kimi səninlə olmaq istəyirəm. Bəlkədə sən də bu fikirdəsən. Bilirəm əzizim sənin mənə olan sözün nədir. Qabil nə olar məni bağışla. Sənin o gecə məni öpməyinə razı olmadım. Ancaq indi peşmanam ki niyə belə elədim. Mən nə biləydim ki sən belə tez əsgər gedəcəksən. Axı mən elə fikirləşdim ki, biz həmişə görüşəcək və nə vaxt olsa öpüşəcəyik. Yalnız belə olmadı. Bilirəm əzizim dura bilməyəcəyik. Elə isə görüşəndə öpməyə hazır ol. Nə vaxt istəsən öp. Amma özümə demə. Sağ ol.

Mənimçün sənin getməyin çox çətindir.

İmza: sevgilin Amaliya

***

Unudulmaz məktub.

Əziz qardaşım Rəsul salam. Salamdan sonra sağlıq və salamatlıq. Yaz görüm necəsən. Rəsul mənim məktub yazmağım ancaq əmin sənin yanına gələndən gələnə olur. Rəsul bibin səndən ötrü yaman darıxır. Yenə pəpiş başını qatır. Minir bibiyin belinə, qolun, üzün dişdiyir. Nə qədər eliyirik bizdə qalmır.

Yaz görüm nə iş görürsən. Xüsusi kefin necədir. Başar üzüyola ol. Hamımızın sənə çoxlu salamı var. Arzu eləyirik ki, müharibə qurtarsın sağlıq salamatlıq olsun. Rəsul özün neçə aydı ordasan gör imkan olsa icazə al əminnən gəl. Əminə də tafşırmışam deyir imkan olsa gətirəcəm. Sağ ol, öpürəm səni məktub yaz. Bir az da sözündən-söhbətindən yaz əmin məktubu özümə verir.

***

Hörmətli məktub

Əziz qardaşım Rəsul salam. Salamdan sonra yaz görüm vəziyyətin necədir. Sizə indi nə örgədirlər. O qədər yadıma düşürsən ki, burnumun ucu göynəyir. Rəsul qonşumuz Məmişin oğlu İntiqam əsgərlikdən qaçıb gəlmişdi. Deyirdi serjantım məni incidir. deyir pul ver şokalad al, siqaret al.

Əgər səni də incidirlərsə əmim gələcək yanına onda deyərsən. Rəsul Ziyyədin bir dəfə gəlib evdəkiləri gördü. Sən də bir dəfə komandirindən icazə al gəl bir səni görək. Qumruynan Tamara yaman darıxıblar səndən ötərin. Elə hamımız... Rəsul aprelin 1-də Tofiq yaman aldatdı məni. Dedi Rəsul gəlir. Mən də səni yuxuda görmüşdüm. Qaçdım həyətə gördüm yoxsan. Sonra yadıma düşdü ki, aldatma günüdür. Rəsul mənə məktub yaz. Gözləyəcəm. Yaz gör sizi nə vaxt döyüşə aparacaqlar. Bax özündən müğayat ol. Yaxşı. Rəsul səni öpüb ayrılıram. Sağ ol.

Cavab gözləyirəm.

İmza bacın Adilə 11.II.94

***

Cəbhə məktubu

Salam əziz ana kefin necədir

İsmayıllıda havalar yaxşımı keçir

Salam de hamıya mənim dilimdən

Sizdə nə var nə yox təzə xəbərdən

Bəlkə ağlayırsan məndən xəbərsiz

Yox, yox, qadan alım ağlama mənsiz

Sənin göz yaşının hər damlasına

Mən qurban kəsilim səssiz səmirsiz

Tez yaz cavabını gözləyirəm mən

Yuxuma girmişdin dünən yenə sən

Nigaran qalmışam anacan, səni

Nə vaxt görəcəyəm bir də görəsən?

Anacan necəsən. Buradan zəng eləmək bir az çətindir. Ona görə də zəng eliyə bilmirəm. Amma çalışacağam ki zəng eləyim. Bilirəm ki, məktub gec gəlib çatır. Amma neyləyək 5-10 gündən sonra uvalneniya məsələsi düzəldi. 3-4 nəfər heç evə getmiyən var. Onlardan sonra görək icazə alıb gələ bilərəmmi? Nə isə. Hər şey Allah talanın köməkliyi ilə yaxşı olar. Bura məktub yazmaq istəsəniz Adres belədir.

Goranboy rayonu h/h 157 İSR.

Daha nə yazım. Sağ olun, var olun, öpürəm sizi.

Goranboy. 18.XI .93

***

Sevgilim Qabilə sonuncu məktub

Dünyalar qədər istəkli sevgilim səni sevir və sənin xaişini yerinə yetirir və ağlama deyirsən ağlamıram. Əzizim axı özümü saxlaya bilmirəm sənin məktubunu oxuyanda kövrəlir və ağlayıram. Və çalışıram ki, sən gedəndə dalınca ağlamayım. Mən bilirəm ki, mən ağlasam sən də ağlayacaqsan. Bəli sənin dediyini edirəm. deyirsən fikir eləmə eləmirəm. Və sən yadıma düşəndə şəkilinə baxıb elə biləcəm yanımdasan. Qaldı sənin əsgərliyini çəkib gəlməyinə allah qoysa çəkib gələrsən. Həyat qurar və ailə sahibi olarıq. Əzizim ailə quracaq sən ata mən isə ana olacam. Əzizim o nə deməkdi səni ömrüm boyu gözləyəcəm və sənin məktublarını oxuyub səni yadıma salacam. Bəli nə vaxt olsa görüşəcəyik. Elə məndə səni son dəfə bağrıma basmaq və öpmək istəyirəm. Yaxşı əzizim dalınca ağlamayacam. Bilirəm məni sevirsən və mənsiz dura bilməyəcəksən. Elə məndə sənsiz dura bilməyəcəm.

Yaxşı tez-tez məktub yazacam və cavab gözləyəcəm.

Sağ ol. Öpürəm səni.

Amaliya

***

Şanlı məktub

Əvvəla salam. Əzizlərim mənim əhvalımla tanış olsuz hələlik sağ və salamatam. Dayım Teymur əzizim xala ayın 17-də Arcazor uğrunda döyüşdə ayağımdan yaralandım. Narahat olmayın, axrı ki, Arcazoru aldıq. Hindi Ağdərədə qospitalda yatıram. Xala mənim yaralandığımı bizlərdən heç kim bilməsinlər. Xala məndən ötrü ağlamayın çünki Yerevanı alıb pramoy gələcəm sizə, Teymur dayımnan oturub bir qletka araq içib sonra dava salacam.

Eşitmişəm Tahirə ora ərə gedib. allah xoşbəxt eləsin gələndə onu da görərəm. Ordan Füzuli gilə Almariyə asobu çoxlu salam de. Xala səndən bir xaişim var orda bir adam var ona da asobu salam de. Pərviz darıxma gələrəm. Yadındadı sənnən mal axtarmağa gedirdik. Lap əla adamın canına yatır heyif cavanlıq. Teymur dayı sən də darıxma az qalıb gəlib sizdə vurmağımıza. Xala məndən olsa ora gəlmərəm, məni ora çəkib gətirən bir canlı var (zaravat) Pərviz oraları sənə tapşırmışam onu sənə tapşırıram sənidə allaha

Əzizlərim sağ olun. Ayın axırı bərkə qospitaldan çıxıb sizə gəldim hələlik bu qədər öpürəm sizi.

20 yanvar 1993-cü il

***

Salam Natiq. Necəsən? Mən yaxşıyam. Sənin də yaxşı olmağını o bir Allahdan arzu edirəm. natiq yəqin orda da havalar soyuq keçir hə? Üşümürsən ki? özünü soyuğa vermə. Allah eləməmiş xəstələnərsən, əynini qalın elə. Natiq, məktubunu aldım. Həm Sahibi gördüyüm üçün, həm də səndən məktub aldığım üçün elə sevindim ki. Natiq, mən sənə məktub yazmışdım. Görünür almamısan. Üstündə Gəncədə olan yerinin adresini yazmışdım. O məktubda səndən o qədər şikayət yazmışdım ki. Yazmışdım ki, sən insafsızsan. Bilirsən niyə? Çünki, mənə məktub yazmırsan. O məktubumdan qabaq sənə üç dənə məktub yazmışdım. Ancaq göndərə bilmədim. Ürəklənib 4-cünü göndərdim, o da gəlib sənə çatmadı. Mən sənin kimi insafsız deyiləm, Natiq. Sənin adresini dəqiq bilsəm, sənə tez-tez məktub yazaram, heç vaxt tapıb oxuyada bilmərsən. Ancaq sizin yeri tez-tez dəyişirlər. Nə olar, ay insafsız, sən mənə məktub yazsan, öz adresini versən, inan ki, hər gün məktub yazaram sənə. Mən sənin kimi deyiləm. Xahiş edirəm, Natiq, mənə tez-tez məktub yaz, məni məktubsuz qoyma. Mən o biri məktubumda yazmışdım ki, mənə şəklini göndər. Ürəyə bax ki, sən o məktubu almamısan, ancaq şəklini göndərmisən. Amma doğrudan insafsızsan. O nə sözlərdi yazmısan? «Əgər məndən yana darıxsan, şəklimə baxarsan, darıxmasan, o sənin öz işindir» nə bilim nə. Özün bir fikirləş. Yol gözləyən qız gözlədiyi adamdan yana darıxmazmı? Natiq, mənə bir dənə də şəklini göndər, ancaq gözündə açki olmasın. Qəşəng düşmüsən, ancaq, gözlərin görsənmir. Yaman arıqlamısan. Fikir eləmə, hər şey yaxşı olacaq, inşallah. Natiq məhləmizdə toy evi tikirlər, inşallah sən gəlib hazırını görərsən.

Səlvər dayının qzı İlhaməni apardılar. Cəfər dayının qızı İlhaməni nişanlayblar xalası oğluna. Vüqarın bacısı İlahəni nişanladılar Azalı bir oğlana.

II binadakı Rəşidin qızı qoşulub qaçdı. Eldənizin bacısını Habilə verdilər. Deyəsən Habili də əsgər aparacaqlar, ona görə tez qızın sözünü alıblar. Məhləmizdə olan təzə xəbərlər bu qədər.

Natiq, səndən bir xahişim var. Özünü qoru, ehtiyatlı ol. Bilirəm ki, Sahib də, sən də heç özünüzü fikirləşmirsiniz. Natiq, heç olmasa mənim xatirimə özünü qoru. Bir də ki, arxayın ol, bil ki, yolunu gözləyəcəm. Və sənin bir barmağına belə tikan batmasını istəmirəm. Bu günlə düz 208 gündür ki, hər axşam dal balkona çıxıb Allaha dua edirəm.

Natiq, məni məktubsuz qoyma. Dözə bilmirəm. İnanırsan ki, az qalıram gedim vayenkomata, Deyim ki, məni yollasınlar sən olduğun yerə. Döyüşə bilməsəm də sənin yanında olaram. Bu mənə bəsdir. Görəsən götürərlər məni? Kaş bir quş olardım, uçub gəlib səni görüb qayıdardım. Eh, Natiq sözüm çoxdur. Yazdıqca yazmaq istəyirəm. Ancaq bəsdir. Sənə yazdığım məktubları bilmirəm necə göndərim. Sənin də məktub yazmağını istəyirəm. Amma o məktubun da mənə necə gəlib çatacaq bilmirəm. Mənə məktub göndərsən Zülfiyə xalaya yazarsan ki, elə eləsin heç kim bilməsin. Xahiş edirəm. Əgər bir adam bilsə inan ki mən ölmüşəm. Qonuşlarımızı ki, tanıyırsan.

Mamamın da acığına gələr. Danışdığımızı mamama demişəm. Bir az hirsləndi ki, atan bilsə öldürər. Dedim neyləyim mama əsgər gedirdi. Allah qoysa, gələndən sonra danışmağa getməyəcəm. Elə dedim ki, dinməsin... Nə edim. Əlimdən səni gözləməkdən başqa bir iş gəlmir. Ancaq gözləmək.

Sağ ol. Bir xahişim var səndən. Elə elə ki, bu məktubum ələ düşməsin, cır at.

Özündən müğayat ol.

Özünü qoru.

4.09.1993

(Cır at xahiş edirəm)

***

Əziz və hörmətli Şükür qardaşım, necəsən, keyfin necədi. Qaqa helə mən də səninçün darıxıram. Qaqa bir də sən haçan evə gəlirsən. Qaqa sən gələndə mənə remen gətirərsən. Qaqa bir də sənin 22 mart ad günüvü təbrik edirəm. Sənə 100 il ömür arzu edirəm. Qaqa day nə yazım. Birdəfəlik evimizə qayıtmağuvu gözliyirəm. day qaqa yazmağa bir sözüm yoxdu. Sağ ol və sağ salamat qal. Sağ ol qaqa. Səni çoxlu-çoxlu öpürəm.

25.3.94

İmza: Şükürün qardaşı vəli

Sağ ol.

cavab gözləyirəm

# 3977 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #