Generalın qızı ilə sevişən əsgərin müsibəti

Generalın qızı ilə sevişən əsgərin müsibəti
20 avqust 2014
# 10:00

Rasim Qaracanın belə şeiri var: R hərfi olmayan aylarda şeir oxumayın! R hərfi olmayan aylar girəndən kitablarla arama soyuqluq girmişdi. Baxmayaraq ki, həddindən artıq isti idi. İyulun sonunda dostum Mirmehdi Ağaoğlu qonağımız oldu. Gələndə özüylə Bakını ələk-vələk eləyib tapdığı “Yazı” dərgisini, özünün “Görüş” və “Küləyi dişləyən” kitablarını və “Qanun” nəşriyyatının təndirdən indicə çıxan çörək kimi qoxuyan ən yeni tərcümə seriyasından çap olunan yeni nəşrini- Suzanne Collinsin “Aclıq oyunları” romanını gətirmişdi. Dovlatovun “Əcnəbi qadın” romanını isə əlindən tutub aldım.

Mirmehdigili yola salan kimi yüyürdüm kitabların üstünə. Əvvəlcə Mirmehdinin kitablarından başladım. Amma düzünü deyim ki, Mirmehdinin kitablarına hələ göz atmaq istəyirdim. Fikrim bu idi ki, ”Əcnəbi qadın”ı sonra da “Aclıq oyunları”nı oxumağa başlayım. Amma Mirmehdinin romanlarını vərəqlədikcə “oxu, oxu” deyə sehrli kəlmələr pıçıldayırdılar. Cadu-zad eləmişdi sanki kitablara Mirmehdi…

Gözüm Sevinc Fədainin oğluma bağışladığı kepkadan qorxmuşdu axı. Sevinc gedəndən azı qırx gün sonra da uşaq kepkanı başından çıxarmadı. Başında yatdı, başında durdu. Yumağa da vermirdi. Qırmızı papaq qaralmışdı. Bir dəfə əlindən alıb paltaryuyan maşına atdım. Maşın fırlanmağa başlamışdı ki, şöngüdü qabağında, başladı ağlamağa. Çıxartdım verdim özünə. Bir gecə oğlum yatanda papağı başından alıb paltaryuyana atdım, yudum. Papaq yuyulandan sonra oğlum daha istəmədi onu. Gülməkdən keçinmişdim. Zəng elədim Sevincə ki, ay qız oğluma niyə dualıq eləmisən?

Yuxarıdakı abzası zarafat üçün yazdım.

Mirmehdinin hər iki kitabından yaxşı təəssüratlarla ayrıldım. Kitabları bitirən kimi qələm dostuma zəng eləyib dedim: “Sən nə yaxşı yazıçı imişsən, xəbərim yoxmuş!”

Yazıçılar özləri də bir-birinin kitablarını almaqdan, oxumaqdan soyuyublar. Yazıçılıq Sizif əməyinə çevrilib. Hamı bilir ki, özü, ya qələm dostu lap xarüqələr yaratsa da hətta ölkədə, paytaxtda səs salmayacaq. Kitab əldən-ələ gəzməyəcək.

Gündəm problemlə o qədər doludu ki, sadə azərbaycanlının ən sonuncu dərdi kitab almaq, kitab oxumaqdı. Kitab bəziləri üçün bahadır, bəzilərinin də kitab oxumağa vaxtı və həvəsi yoxdu.

Buna görə ölkəmizdə kitab yazmaq, nəşr eləmək, satmaq Sizif əməyidir. Necə ki, dostum Mirmehdi Ağaoğlunun küləyi dişləmək istəyən qəhrəmanı əsgər İsayev Asif bir maşın daşı bir yerdən başqa yerə daşımaqla cəzalandırılıb. Kitabı sevmək də elə bir cəza olub.

Generalın qızı ilə gizli eşq yaşayan və buna görə dustaq edilən əsgər hər gün bir maşın daşı töküldüyü yerdən ona göstəriş verilən başqa yerə daşımalı, sonra da qaytarıb yerinə yığmalıdı. Əsgər hər gün günortaya qədər qan-tər içində daşları daşıyıb aparır, günortadan axşama qədər isə geri qaytarıb yığır. İşin ağırlığı yox, yeknəsəqliyi, məqsədsizliyi əsgəri yorub əldən salır. O, gördüyü işə məna qazandırmağa çalışır. Daşları gah sıra ilə üst-üstə yığır, gah da piramida şəklində düzür. Komandiri daşları fərqli şəkildə yığmağa can atan əsgəri cəzalandırır. Kiçik bir dəyişikliyi də əsgərə çox görür. Necə ki, oxucular kiçik bir yeniliyi, standartdan çıxma cəhdini biz yazıçılara bağışlamırlar.

Əsgər özünə təlqin eləyir ki, guya kəndlərindədi, yenə əmisinin evini tikirlər.

Ordudan tərxis olunandan sonra artıq Sizif əməyinə öyrəşmiş, zülmə tabe olmuş əsgər daş daşımaqdan əl çəkə bilmir. Daşı ətəyindən tökmür. Bütün yoldaşları tərxis olunmaq əmrlərinin sevincini yaşayanda o, həvəslə öz daşlarının yanına yüyürür.

Ordudan sonra da Bakıya gedib yeni tikilən binalarda daş daşıyır. Artıq o, daş daşımadan yaşaya bilmir. Və axırda da daşıdığı daşların altında qalıb ölür.

Bütün sadə insanların taleyi həmin əsgərin taleyinə bənzəyir. Hətta evdar qadın kimi mənim də. Səhərdən axşama kimi evdə işləyirəm. Bir ucdan təmizləyirəm, baxıram o biri ucdan təzədən batıb. Çarlz Bukovski deyir ki, uşaqlı evi təmizləmək qar yağarkən küçəni süpürmək kimi bir şeydi.

Sonuncu cümlələri gülmək üçün yazdım.

# 9575 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #