Qəhrəmanlarını öldürməkdən həzz alan yazıçı

Qəhrəmanlarını öldürməkdən həzz alan yazıçı
24 sentyabr 2013
# 11:34

İngilis yazıçısı Co Aberkrombi (1974) bütün dünyada fentezi janrında yazdığı “Birinci qanun” trilogiyası ilə məşhurdur. Aberkrombinin romanları özünün qara yumoru və kəskin süjeti ilə fərqlənirlər. Onun baş qəhrəmanları sifarişli qatillərdir, onlar isə adətən işgəncəli və təbii ölümlə ölürlər. Trilogiya Aberkrombinin ədəbiyyatda debütü olub, ilk romanı “Qan və dəmir” isə bestsellerlər siyahısına başçılıq edib, tənqidçilər onu “ştampların dağıdıcısı” adlandırıblar. Moskva beynəlxaq yarmarkasında olan yazıçı “AİF” saytının müxbirinin suallarını cavablandırıb. Kulis.az müsahibəni təqdim edir.

- Rusiyada əsərlərinizin bu qədər oxunduğunu, oxucuların çoxunun sizinlə görüşmək istəyəcəyini güman edirdinizmi?

- Düzünü deyim ki, heyrətləndim. Mənim stendimdə xeyli növbə var idi. Başqa ölkəyə oxucularla görüşə gedəndə heç vaxt bilmirsən nə olacaq. Əlbəttə, kitabların satışı haqqında statistika var, amma bunlar pərəstişkarların kəmiyyəti haqqında dəqiq təsəvvür yaratmır.

- Sizin romanlarınızda nəyi daha çox xoşlayırlar?

- Məncə bütün fentezi həvəskarları kimi onlara tanış nüanslar var. Əlbəttə bir də yeni bir şey, gözlənilməzlik onların xoşuna gəlir. Birincisi, mənim qəhrəmanlarımın heç də hamısının ideal olmamaqları onların xoşuna gəlir. Onların çoxunun taleyi ağırdır, travmalı həyatları var, bütün bunlarla birlikdə onlar yumor hissini qoruyub oxucunu əyləndirə bilirlər. Oxucuların isə bu optimizmdən xoşları gəlir.

- Sizin personajlar sərtlikləri, qəddarlıqları ilə fərqlənirlər. Bununla belə siz pozitiv, şən adam təəssüratı yaradırsınız. Bunları birləşdirmək sizdə necə alınır?

- Mən sadəcə öz sərtliyimi, qəzəbimi kitabın sətirlərinə doldururam, bundan sonra şən qala bilirəm (gülür). Daha doğrusu məndə nə pis xüsusiyyət varsa hamısı personajlarımda təcəssüm edir.

- Fentezi populyar janrdır, bir çox yazıçılar bu janrda yazarkən hazır sxemlərlə işləyirlər. Yəqin ki, orijinal süjet tapmaq və yeni qəhrəmanlar yaratmaq çətindir?

- Həqiqətən ştamplanmış mövzularla dolu, olduqca çox qeyri-orijinal fentezilər var. Bu janrla işləməyin xüsusiyyətlərindən biri əvvəlcə oxucuya məlum olan şeylərdən başlayıb sonra qəfildən qeyri-adi bir şeylə onu heyrətləndirməkdir. Belə hesab edək ki, sizin hündürboy, ağ saqqallı, şlyapalı, əlində əsası olan personajınız var. Oxucu elə zənn edəcək ki, o xeyirxah olacaq və hamıya yardım edəcək. Amma siz onu tamam başqa cür verə bilərsiz; yaramaz və əclaf kimi. Başqa bir vacib şey vicdanla yazmaqdır. Çünki əgər müəllif onu hiss edir və öz içindən keçirsə onda mətn də yeni, həqiqi görünəcək, onda oxucu da ona inanacaq. Əsas odur ki, personajlar həqiqi, inandırıcı olsunlar, özlərini təbii aparsınlar, bizlərdən birimiz elə situasiyaya düşsək necə davranarıqsa o cür etsinlər.

- Sizin personajlarınız, hətta ən işıqlıları belə tez-tez ölürlər. Sizin onlara yazığınız gəlmirmi, nəzərə alsaq ki, siz onların hər birinə bu qədər zəhmət sərf edirsiz?

- Bəzən bu personajlarla edilməli olan ən yaxşı şeydir (gülür). Qəhrəman maraqsız və oxucu üçün əziz olmasaydı onu öldürmək də mənasız olardı. Personajı yaradanda sən artıq əvvəldən bilirsən ki, onu öldürəcəksən. Və əgər sən onunla hisslərinlə bağlı deyilsənsə onu öldürmək də mənasızdır. Bu oxucuda reaksiya yaratmaq üçün yaxşı vasitədir. Oxucu personajı nə qədər bəyənsə onun ölümünə reaksiyası da o qədər güclü olacaq. Personaja gəldikdə isə bəzən onları diri saxlamaq öldürməkdən daha amansızdır (gülür).

- Yeni kitabınız əvvəlkilərin davamı, yoxsa nəsə yeni bir şey olacaq?

- Hazırda yazdığım daha çox gənclər, yeniyetmələr üçündür. Təzə kitab elə də uzun və əvvəlkilərdən fərqli olaraq heç də ağır deyil. Bu kitab 2014-cü ildə Böyük Britaniyada çıxacaq.

- Sizi populyar bir janrda yazan bir müəllif kimi piratçılıq narahat etmir ki?

- O qədər də yox. Bir tərəfdən bu elə bir problemdir ki, ondan qaçmaq mümkün deyil, digər tərəfdən buna görə öz rahatlığını və yuxunu itirməyə dəyməz. Piratçılıqla mübarizə aparmağın çox sadə bir yolu var: münasib qiymətə keyfiyyətli kitab təqdim etmək. Onda heç kəs piratçılığa dəstək olmayacaq. Hər halda bizdə, Böyük Britaniyada belədir.

- Yəqin ki, oxucular sizə süjetlə bağlı istəkləri və qəhrəmanların taleyi barədə yazırlar. Onların xahişlərini nəzərə alırsızmı?

- Mən öz pərəstişkarlarımla sosial şəbəkələrdə olduqca çox ünsiyyət qurur və məktublaşıram. Bundan başqa onlarla tez-tez canlı olaraq da görüşürəm. Bəziləri doğurdan da personajların taleyi haqqında yazır, məsləhətlər verirlər. Mən onların xahişlərini yerinə yetirməməyə çalışıram, axı onlar həqiqətdə rica etdikləri şeyləri istəmirlər. Əgər hər şeyi qabaqcadan bilsələr bu onlara maraqsız gələr. Mən isə onlar üçün maraqlı olmasını istəyirəm.

# 1977 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
#
#
# # #