Bunu ilk dəfə Məhəmməd Əmin Rəsulzadə etmişdi

Bunu ilk dəfə Məhəmməd Əmin Rəsulzadə etmişdi
14 may 2013
# 07:15

“Dinc həyat sürən qadın ömrü boyu müharibə görməmiş ölkə kimidir”

(Alfons Dode)

Alfons Dode əsasən yumor üslubunda yazıb-yaradan məşhur fransız yazıçısıdır. O, 1840-1897-ci illərdə yaşayıb yaratmışdır.

Özünəməxsus orijinal, yeni və maraqlı yazı tərzi olan Alfons Dodenin yaşadığı dövr Avropa tarixinin həm ictimai-siyasi baxımdan, həm də ədəbi-mədəni mühitin formalaşması baxımından ən mürəkkəb dövrlərdən biri idi.

1869-cu ildə Alfons Dode ən məşhur romanı olan “Taraskonlu Tartarenin qeyri-adi macəraları” adlı trilogiyasını yazıb.

Qadınlara qarşı diqqətcil olan və eşq macəraları yaşamağı xoşlayan Alfons Dode heç vaxt ağlına belə gətirməzdi ki, Jüli Alyar adlı bir qadın onun həyatının günəşinə çevriləcək. Yazıçının həyat fəlsəfəsinə görə, qadınlara bağlanmaq, ailə həyatı qurmaq yaradıcılıqla bir araya sığmır. Ona görə də yazıçı qəti olaraq evlənməməyə qərar veribmiş. Lakin sehrli gülə, tilsimli çiçəyə bənzəyən Jüli, elə ilk görüşdə yazıçının, necə deyərlər, ağlını başından çıxarır, gənc yazıçını özünə məftun edir, onun ürəyinə hakim kəsilir. Elə həmin an Alfons Dode heç zaman evlənməmək barədəki vədini unudur və...

Məlumatlara görə, son dərəcə ağıllı, yüksək təhsil görmüş Jüli Alyerin özü də yazıçı idi. Maraqlıdır ki, Alfons Dode sonralar yazdığı əsərlərin bir sətrini də Jüliyə oxumamış, onun senzurasından keçməmiş çap etdirməyib.

Deyilənlərə görə, bir gün Dode ilə onun gözəl xanımı və ilham pərisi Jüli arasında çox böyük bur qalmaqal yaşanır. Mübahisə qızışır, əsəblər tarıma çəkilir, ehtiraslar dağ çayları kimi coşub-daşır... Elə bu zaman Dode üzünü arvadına tutaraq deyir: “Əzizim Jüli, bilirsənmi nə var, mənə elə gəlir ki, bizim bu savaşımız gözəl bir roman üçün mövzu ola bilər”.

Xanım Jüli isə bu sözləri eşidən kimi, bir an əvvəlki qalmaqalı unudaraq: - Əzizim Dode - deyə ərinə məhəbbətlə müraciət edir, mənə isə elə gəlir ki, bu roman elə bu saat yazılmağa başlanmalıdır.

Yazıçının oğlu Leon sonralar atası haqqında yazdığı xatirələrdə qeyd edir ki, onun anası - xanım Jüli atasının həyatında həmişə əvəzsiz rol oynayıb. Əgər Jüli olmasaydı, Dode də olmazdı.

Alfons Dode dünya ədəbiyyatına bir çox görkəmli əsərlər bəxş edib. Məşhur yazıçının vətənpərvərlik mövzusunda qələmə aldığı “Sonuncu dərs” hekayəsi 1914-cü ildə “İqbal” qəzetində dərc olunmuşdur. Bu əsər Dodenin dilimizə ilk tərcümə olunan əsəridir. Onu rus dilindən M.Ə.Rəsulzadə tərcümə etmişdir.

Sonuncu dərs

Alfons Dodedən- elzaslı bir uşağın dilindən

Sabahkən məktəbə gecikmişdim. Müəllimin sərzənişindən (danlağından) qorxurdum. Müəllimimiz Müsyo Hamel bu gün bizdən qəvaidi feili (feli sifətləri) soracaqdı. Mən bu dərsi yaxşı bilmirdim. Hələ əvvəlinci kəlmələri tamamilə yadımdan çıxmışdı. Əqlimə gəldi ki, bu gün əslində məktəbə getməyib gəzməyə qaçım.

Hava da bu fikrimə müsaid, olduqca saf və isti idi. Çayın kənarından tutub meşəyə qədər sərilən çəmənlik yamyaşıl idi. Çəmənlikdə oxuyan qumruların gözəl bir musiqisi, vəcdə gətirən nəğmələri də adamı başdan çıxarırdı. Taxta kargahının o biri tərəfindəki Riper çəmənzarından dəxi san görən Prussiya əsgərinin marşı ətrafa inikas edirdi.

Təbiətin mühəyya elədiyi (yaratdığı) bu mənzərə əlbəttə ki, təsrifi əfal qaydasından daha ziyadə xoşuma gəlirdi. Məəmafih (bununla belə) bir az tərəddüd etdim. Məktəbdən qaçmaq fikrindən vaz keçib doğruca məktəbə tərəf yollandım.

Kəndxudanın evi yanından keçirkən bir çox cəmaətin elan taxtasının qabağında yığıldığını gördüm. İki ildən bəri bütün qara xəbərlər bu taxta vasitəsilə bizə yetişirdi. Sınıqlıq, məğlubiyyət, təhliqat (vergilər) və sair dövlət əhkamı (hökmləri) hamısı burada nəşr olunurdu. Öz-özümə dedim ki, görəsən, yenə nə var? Bu anda dəmirçi Vaxter ilə şagirdini gördüm ki, elanı oxuyurdu. Məni görcək çağırdı və dedi ki:

- Balaca, çox da tələsmə məktəbə vaxtında çatarsan!

Mən xəyal etdim ki, dəmirçi mənim gecikdiyimi görüb istehza edir. Buna görə ayaq saxlamadım. Haman qaçaraq, yüyürək özümü məktəbin həyətinə yetirdim.

Dərs başlamamış olsaydı, hərgünkü kimi uşaqların səsini ta küçədən eşitməli idim. Çünki həmişə dərsin ibtidasında uşaqların qilü-qalı küçəyə qədər gedir, mizlər açılıb-qapanır, dərs üstündə mübahisələr olunar, bunlara hərdənbir müəllimin səttarə (xətkeş) ilə masa üzərinə vurub:

- Bir az sakit olun! – deyə bağırması da əlavə olunardı. Halbuki, indi nə səs var idi, nə səda. Məni artıq xof götürmüşdü. Madam ki, səs-səda yoxdur, demək ki, dərs başlanmışdır. İndi bütün qeyrətim buna münhəsir idi ki, bir tövr ilə özümü dərs otağına salım ki, müəllim xəbər tutmasın.

Pəncərədən görürdüm ki, yoldaşlarım öz sıralarında əyləşmişlər. Müsyo Hamel də öz dəhşətli səttarəsini qoltuğuna vurub o tərəf-bu tərəfə gəzir. İndi gərək ki, qapını açıb bu sükuti-tam içində öz sırama oturam. Artıq nə dərəcədə qorxub və nə əndazədə qızardığımı özünüz təsəvvür ediniz.

Nəticədə öylə olmadı. Müsyo Hamel acıqlanmadan mənə baxdı və mülamiyyətlə dedi ki:

- Tez ol, balaca Frans, yerini tut. Az qalmışdı ki, sənsiz dərsi başlayaq!

Mən haman yerimi tutdum, bir az qorxum götürüldükdən sonra baxdım ki, müəllimimiz qəşəng göy mundirini geymiş, yaxasına zərif bir qalstuk taxmış və tovzifi-mükafat (vəzifə mükafatı), bayram və sair böyük günlərə məxsus qızıl sürməli qara papağını başına qoymuş, bunlardan başqa desək dərs otağının da başqa bir cilvəsi və mənzərəsi vardır.

Hər şeydən ziyadə nəzər diqqəti cəlb edən bir şey vardı ki, o da kənd əhalisindən bir cəmin adətən boş qalan dal sıralarda oturmuş olduqları idi. Onlar da bizim kimi sakit və samit oturmuşlardı. Hauzer özünün o üçkünclü papağı ilə mədrəsənin sabiq müəllimi, qədim posta məmuru və sair şəxslər dəxi burada idilər. onların hamısı olduqca qəmgin və mütəəssir idilər. Hauzer özü ilə bərabər kənarları didilmiş köhnə bir əlifba kitabçası da gətirmiş və açıb dizlərinin üstə sərmiş, gözlüyünü də onun üstə qoymuşdu.

Gördüyüm bu fövqəladə əhvalatdan təəccübdə idim ki, müəllimimiz müsyo Hamel özünəməxsus olan mövqeyə çıxıb məni qəbul elədiyi mülayim və mətin səslə başladı:

- Uşaqlarım, bu, sonuncu dərsimizdir. Berlindən əmr gəlmişdir ki, Elzas və Lorren məktəblərində almancadan başqa heç bir şey öyrədilməsin… Təzə müəllim sabah buraya varid olar, bu gün sizin fransızcadan sonuncu dərsinizdir. Xahiş edirəm ki, lazımınca diqqət yetirəsiniz.

Bu neçə kəlmə məni münqəlib etdi (dəyişdi). Ah, zavallılar! Kəndxudanın qapısında elan olunan bu imiş!..

Mən indi-indi yazı öyrənməyə başlamışdım. Demək ki, artıq heç bir şey öyrənə bilməyəcəyəm. Ah, o tələf etdiyim vaxtlar! Ah, o dərsdən qaib olub da quş yuvalarını axtarmağa və yaxud Saar meydanında fırfıra fırlatmağa getdiyim saatlar!... Sizin üçün nə qədər mütəəssirəm! O vaxt sərf-nəhvim (qrammatikam), tarixi-müqəddəsim və başqa kitablarım mənə ağır bir yük olub nəzərimdə mənfur idilər. İndi onlardan ayrılmaq mənim üçün qədim dostlarımdan ayrılmaq qədər çətindir. Bu kitablar da müsyo Hamel kimidirlər. Müəllimimiz gedəcək, artıq onu görə bilməyəcəyəm, təsəvvür etdiyim səttarələrin acısını unutdururdu. Yazıq kişi!

Bu sonuncu dərsin ehtiramına imiş ki, müəllimimiz yekşənbələrə məxsus olan yaxşı paltarlarını geyinmiş. İndi anladım ki, kəndin qoca kişiləri nə üçün buraya gəlmişlər və nə üçün dal sırada oturmuşlar. Bu hərəkətləri ilə onlar buraya gəlmədiklərindən mütəəssir olduqlarını göstərirlərdi. Bu, qırx ildən bəri indi əlimizdən gedən vətənimizə xidmət edən müəllimimizə qarşı bir növ təşəkkür idi.

Mən bu xəyallarla (sərgərm) məşğul idim ki, öz adımı eşitdim. Cavab vermək növbəti mənə çatmışdı. Fəqət mən uca səslə qələtsiz olaraq tamam bir surətdə qəvaidi-feili izah edə bilmədim. Haman əvvəlinci kəlmələrdə həvasım (hisslərim) qarışdı, sıranın kənarına dayandım. Bir neçə dəqiqə titrədim, başımı qalxızmağa utanırdım. Müsyo Hamel halımı böylə görüncə dedi:

- Balaca Fransım, mən səni məzəmmətləmirəm. Çünki özünün nə qədər müqəzzəb (əzab çəkmiş) olduğunu görürəm… Bax, gör nələr oldu. Hər gün deyirdiniz ki, vaxt var, dərsimi sabah öyrənərəm. Fəqət gördünüz ki, sabah nələr olur, sonra nə gəlir…

Ah!.. İştə bu təlim işini sabaha qoymaqdır ki, Elzasımızın bədbəxtliyinə səbəb oldu. İndi onların haqları var bizə desinlər ki, fransız olduğunuzu iddia edirsiniz. Halbuki nə öz dilinizi danışa bilirsiniz, nə də öz dilinizdə yaza bilirsiniz. Biçarə Fransım, bu işdə müqəssir olan yalnız sən deyilsən. Bu məzəmmətlər bizim hamımıza variddir. Böyüklərimiz sizi lüzumunca oxutdurmadılar. Bir neçə qəpik qazanmağı sizin oxumanıza tərcih verdilər. Sizi məktəbdən alıb əkinə apardılar, fabrikalara göndərdilər. Mən özüm də məlamətdən (danlaqdan) xaric deyiləm. Çox vaxt olmurdu ki, mən sizi oxumaq əvəzinə bağımı suvarmağa vadar edirdim, başıma balıq ovu düşəndə sizi bica yerə dərsdən azad etmirdim?!

Sonra müsyo Hamel mövzunu dəyişdirdi, Fransa dilindən bəhs açıb bizə deyirdi ki:

- Fransa dili dünyanın ən şirin ən fəsih və ən mətin bir dilidir. Biz gərək ki, həmişə bu dilimizi saxlayaq və onu hərgiz yadımızdan çıxarmayaq! Zira əsarətə keçən bir millət öz dilini əlində saxlamış olarsa, düşdüyü zindanın açarına malik olmuş deməkdir.

Bədən (axırda) müəllim sərf-nəhv kitabını götürüb dərsimizi oxudu. Mən özümün bu qədər yaxşı anladığıma heyrət edirdim. Müəllim nə deyirdisə haman anlayırdım. Sanki ömrümdə bu yaxşılıqda dərs eşitməmiş və sanki müəllimimiz bu dəfəki kimi heç bir zaman dərs deməmişdi. Zavallı adam getməkdən əvvəl sanki bütün bildiklərini bir anda bizə vermək və bir dəfədə bütün məlumatını beynimizə soxmaq istəyirdi.

Şifahi dərs tamam oldu. Yazı dərsi başlandı. Müsyo Hamel bu günə məxsus sərməşqlər (nümunələr) hazırlamış, onların üzərində gözəl bir xətlə yazmışdı:

“Fransa, Elzas! Fransa, Elzas!”

Sıraların kənarlarına asdığı bu sərməşqlər damlar üzərində yellənən bayaraqlara bənzəyirdi. Uşaqların necə bir həvəslə bu sərməşqləri istinsax etdiklərini (üzünü köçürdüklərini) görməliydi. Otaqda tam bir sükut vardı. Hər şey samit idi. Ancaq kağız üzərində cızıllıyan qələmin sədası idi ki, bu sükutu pozurdu. Küçədən zərinpər arılar otağa daxil olurlardı. Ayrı vaxt uşaqların zehnini özünə cəlb edən bu cücülərə düzcizgi məşqilə məşğul olan xırda uşaqlar belə əhəmiyyət vermirlərdi. Onlar da var səslərilə Fransa yazısı zənn etdikləri bu cizgiləri təkrar etməklə məşğul idilər.

Göyərçinlər dəxi məktəbin damında oturub qəmli-qəmli oxuyurlardı. Mən onların səsini eşitdikdə öz-özümə dedim ki, görəsən onlar bunları da almanca oxumağa məcbur edəcəklər?

Arabir başımı qabağımdakı kağızdan qalxızdıqda görürdüm ki, müsyo Hamel oturmuş öz masasının şeylərini götürüb - qoyur. Sanki bu mühəqqər (təhqir olunmuş) dərsxanəsinin bütün şeylərini zehninə tapşırmaq istəyir. Bir təsəvvür ediniz. Bu zavallı adam qırx ildən bəri bu otağa mənus olmuş (öyrənmiş), həmişə bu pəncərənin qabağında oturub həyətə baxmış və bu qırx ilin ərzində eyni mənzərə, eyni tərtibləri görmüş, yalnız təğyir tapan (xarab olan) bir şey varsa o da məktəb sıralarının sürtülüb köhnəlməsi ilə həyətdəki qoz ağaclarının böyüyüb qol-budaq atmasından və öz əlilə əkdiyi gül ağaclarının pəncərə boyunca qalxıb damın kənarına qədər uzandıqlarından ibarət idi.

Bunların hamısından ayrılmaq məcburiyyətinin təsəvvürü və yuxarı otaqda səfər sandıqları ilə çamadanları bağlayan bacısının hənirtisi zavallı adama nə kimi təsir icra edə biləcəyini də bir kərə düşününüz. Düşününüz bu adamın hüzn və kədərini ki, ələlsabah buradan daimi surətdə ayrılacaqdır.

Bütün bu ruhəzici təsirlərlə bərabər müəllimimizin yenə qüvvəti vardı ki, dərsini axıra yetirsin. Məşqdən sonra tarix dərsi gəldi.

Kiçik uşaqlar bir ağızdan əlifbanı oxuyurlardı. Otağın dal sıralarında oturub da əlifba kitabını əlinə almış olan qoca Hauzer də eynəyini gözünə vurub kiçik uşaqlarla bərabər təhəcci edirdi (höcəlləyirdi). Görünürdü ki, bu qoca kişi də çalışırdı. Qocanın iztirab təsirindən səsi titrəyirdi. Bir dərəcədə ki, hamımızı gülmək, eyni zamanda ağlamaq tuturdu.

Ah!.. Bu sonuncu dərsi heç bir vaxt unutmam… Nagah kilsə saatı on ikini vurdu. Günorta çağı idi. Dua oxundu. Bu əsnada idi ki. Məşqdən qayıdan Prussiya əsgərlərinin şeypurlarının səsi ucaldı. Müsyo Hamel müztərib (həyəcanlı) idi. Rəngi qaçmış halda kürsü üzərinə çıxıb ayaq üstə durdu (müsyo Hamel heç bir zaman bu qədər böyük görünməmişdi) və dedi: - Dostlarım! Dostlarım mən… mən...

Mühüm bir söz demək istəyirdi. Fəqət, boğazı mingirləşir, sanki bir şey onu danışmaqdan mən edirdi (qabağını alırdı).

Nagah müəllim üzünü məktəbdəki qara lövhəyə çevirdi. Əlinə ağ bir təbaşir parçası alıb bütün qüvvət və bacarığını sərflə böyük hərflərlə yazdı:

- Yaşasın Fransa!

Sonra haman yerindəcə qaldı. Başını divara dayadı. Artıq bir söz demədən əlilə bizə işarə etdi ki:

- Bitdi… Mürəxxəsiniz…

Mənbə: Ş. Hüseynov, “Mənəvi irsimiz və gerçəklik” 2004.

“Mədəniyyət” qəzeti, 2009, fevral.

# 3507 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #