O gecədən sonra qadını paylaşmağa başladılar

O gecədən sonra qadını paylaşmağa başladılar
27 sentyabr 2014
# 08:45

Kulis.az görkəmli yazıçı Xorxe Luis Borxesin “Araya girən qadın” hekayəsini Cəlil Cavanşirin tərcüməsində təqdim edir.

Deyilənə görə bu əhvalat, böyük qardaşı Kristianın 1880-ci ildə Maron məhəlləsində təbii şəkildə ölümündən sonra, cənazə gecəsində Nilsenlərin balacası Eduardo tərəfindən danışılıb.

Buna inanmaq çətindir, amma həqiqət budur ki, o uzun, unudulmuş gecədə stəkan-stəkan çay içilərkən biri bir başqasından bu əhvalatı eşitmiş və Santiyaqo Daboveyə danışmışdı və mən də ondan öyrənmişəm. İllər sonra məhz həmin əhvalatı, hadisənin baş verdiyi Turderada mənə danışdılar. Bir az uzun olan ikinci forması bir az fərq və dəyişikliklə Santyaqonun hekayəsinə uyğun gəlirdi. Məndə indi bunu yazıram, çünki yanılmıramsa bu hekayə o insanları – şəhər kənarında yaşayan o insanların xarakterini qısa və faciəli bir şəkildə izah edir. Hekayəni olduğu kimi yazacağam, fəqət ədəbi ehtirasımın təsiri ilə bəzi nöqtələrin üzərində daha israrla dayanıb, bir-iki şey əlavə edəcəyimi düşünürəm.

Onlar Turderada Nilsenlər olaraq tanınırdılar. O bölgənin keşişi, özündən əvvəlki keşişin o ailənin evində qara cildli və qotik hərflərlə yazılmış qədim bir “İncil” gördüyünü xatırladığını mənə demişdi, “İncil”in arxa səhifələrində əllə yazılmış adlar və tarixlər varmış. Evdəki yeganə kitab olan, Nilsenlərin bu qaramat xronikası bir gün yoxa çıxmalı olan bir şey kimi yoxa çıxmışdı. Bu gün artıq yerində olmayan evləri qırmızı kərpicdən tikilmişdi. Dəhlizdən iki həyət görünürdü; biri qırmızı plitələr döşənmiş, biri torpaqdan. Ailə fərdlərindən başqa heç kəs gəlməzdi evə; Nilsenlər tənhalıq içində davam etdikləri həyatlarını heç kəsin pozmasına icazə verməzdilər. Xaraba otaqlarındakı yataqlarında yatardılar. Həyatlarında lüks şeylər yoxdu, blöv daşları, qısa ağızlı bıçaqları, şənbə gecələri geydikləri rəngli paltarları və adamı sərxoş edən şəkər qamışı likörları vardı. O iki zənci mələzin damarlarında bəlkə də adlarını eşitmədikləri Danimarka və ya İrlandiya qanı axırdı... O bölgədə yaşayanlar bu Qırmızı saçlılardan qorxurdular – böyük ehtimalla kimi isə öldürüblər, deyirdilər. Bir dəfə polislə döyüşmüşdülər. Kiçik qardaş bir gün Xuan İberra ilə davaya girişmiş, olduqca yaxşı döyüşmüşdü və İberranı tanıyanlar üçün bu böyük işdir. Nilsenlər süvariliklə, dəri soymaqla, at oğurluğu məşğul olmuş və bəzən də qumarbazlıq etmişdilər. Sərxoş olarkən və qumar oynayarkən comərdliklərini çıxsaq, xəsislikləri ilə məşhur idilər. Qohumlarının kimlər olmasını, hardan gəlmələrini heç kəs bilməzdi. Bir öküz arabaları və bir də araba üçün oxları vardı. Görünüşləri Kosta Bravaya çılğınlıq gətirən gənclərdən daha fərqli idi.

Bu və onların haqqında bilmədiyimiz başqa şeylər, bu iki qardaşın bir-birinə nə dərəcə bağlı olduqlarını aydınlaşdırır. Birini hirsləndirmək, iki düşmənlə qarşılaşmaq demək idi. Nilsenlər çox əhli-kef idilər, lakin o günə qədər eşq macəralarına aid hadisələr fahişəxanalarda və salonların içində ört-basıdır olub qalmışdı. Kristian, Juliana Burgosu özüylə birlikdə yaşamaq üçün evə gətirəndə bunun dedi-qodusunu edənlər olmuşdu. Kristianın evinə bir qulluqçu tapması doğruydu, lakin qadının ucuz muncuqlarla bəzənib fiestalarda[1], kasıb ev məclislərində onunla görünməsi də göz qabağında idi. Amma bu məclislərdə dingildəmək, qucaqlaşmaq qadağan idi; adamlar aralarından işıq görünəcək qədər bir-birindən uzaqda dayanıb rəqs edərdilər o zamanlar. Juliananın dərisi şokalad rəngindəydi və iri gözləri vardı; biri ona baxdımı, dərhal gülümsəyərdi. Əməyin və laqeydliyin qadınları soldurduğu bu sadə məhəllədə Juliana üzünə baxılacaq tip idi.

Əvvəllər Eduardo da onlarla birlikdə hər yerə gedirdi. Bir müddət sonra, dəqiq niyəsini bilmirəm, amma bir iş üçün Arrecifesə getdi. Qayıdanda yolda tapdığı bir qızı özü ilə gətirmişdi, lakin bir neçə gün sonra onu başından rədd elədi. Bundan sonra Eduardo qaşqabaqlı görünməyə başladı, barda təkbaşına içir və hər kəsdən qaçırdı. Kristianın qadınına aşiq idi. Məhəllədəkilər onun vəziyyətini özündən əvvəl başa düşmüşdülər, iki qardaş arasındakı gizli rəqabəti öyrənməklərindən xaincəsinə həzz alırdılar.

Bir axşam gecədən keçmiş evə gələn Eduardo, Kristianın qara atının dirəyə bağlanmış olduğunu gördü. Qardaşı əyninə ən yaxşı paltarını geyinmiş, həyətdə gözləyirdi. Qadın əlində çay fincanıyla vurnuxurdu. Kristian:

- Fariasların evində təşkil edilən məclisə gedirəm. Juliana burada qalır. Onu arzulayırsansa ürəyin istədiyini et- dedi, Eduardoya.

Səsinin tonu yarı amiranə, yarı da dəvətedici bir havada idi. Eduardo bir an hərəkətsiz ona baxdı, nə edəcəyini bilmədi. Kristian qalxdı, Eduardoyala vidalaşdı və sanki orada yalnız bir əşya parçasıymış kimi Julianaya bir şey demədi və atına minərək bir an belə düşünmədən çıxıb getdi.

O gecədən sonra qadını paylaşmağa başladılar. O məhəllənin namusunu korlayan bu həyasızlığın detallarını heç kim bilməyəcəkdi. Bu vəziyyət bir neçə həftə davam etdi. Lakin bu çox davam edə bilməzdi, iki qardaş aralarında Juliananın adını heç çəkmirdilər, hətta onu çağırarkən belə. Lakin bir-biriylə çəkişməyə səbəblər axtarıb tapırdılar. Dəri qiymətləri üstündə mübahisə edərkən anlaşılmazlıqlarının səbəbi başqa idi. Kristian səsini yüksəldib qışqırar Eduardo isə susardı. Fərqinə varmadan bir-birlərini güdərdilər. Kişilərin hakim olduğu bu mühitdə, kişi, öz-özünə belə, qadının önəmli ola biləcəyini etiraf etməzdi. Qadın yalnız arzu edilən və sahib olunan bir obyekt idi. Lakin iki qardaş da ona aşiq idi. Bir tərəfdən də bu hal qürurlarını sındırırdı.

Bir gün günortadan sonra Eduardo, Lomas meydanında Xuan Iberraya rast gəldi və Xuan, əldə etdiyi o gözələ görə Eduardonu təbrik etdi. Bu zaman Eduordo əsəbiləşib Xuanı təhqir etdi; onun yanında heç kəs Kristianla məzələnə bilməzdi.

Qadın isə itaətli bir heyvan kimi hər ikisinə də boyun əyirdi, lakin kimi üstün tutduğunu da gizlətmirdi. Bu şübhəsiz ortaqlığı rədd etməyən lakin bunu özü düzüb-qoşmayan balaca qardaş idi.

Bir gün Julianaya ön həyətə iki stul çıxararaq onları tək qoymasını əmr etdilər; onların danışacaqları bir məsələ vardı. Qadın söhbətin uzun çəkəcəyini düşündüyü üçün günorta yuxusuna getdi, lakin az sonra onu oyandırdılar. Bütün əşyasını torbasına yığmasını və anasının ona vəsiyyət etdiyi kiçik xaç və şüşə təşbehi də unutmamasını tapşırdılar. Heç bir izahat vermədən onu arabaya mindirdilər. Səssiz və darıxdırıcı səfər başladı. Yağış yağmışdı, yer palçıq içində idi və Murona çatdıqları zaman gecə saat on bir idi. Qadını fahişəxana işlədən madama satdılar. İş bitmişdi; Kristian pulu götürdü və sonra yarısını qardaşına verdi.

O, çirkin sevdanın düyününə düşdükləri Turderaya geri döndükdən sonra Nilsenler, kişilər aləmindəki kişiyana həyata yenidən başlamağa qərar verdilər. Qumara, xoruz döyüşünə meylləndilər, hərdən də içirdilər. Hər ikisinin də xilas olduqlarını düşündükləri xatirələr vardı. Amma ikisi də səbəbli və ya səbəbsiz ortadan itirdi. İlin sonundan bir müddət əvvəl gənc qardaş paytaxtda bir işi olduğunu söylədi. Kristian onun arxasınca Morona getdi və orada daha əvvəl adı çəkilən fahişəxananın barmaqlığına bağlanmış Eduardonun qara atını tanıdı. İçəri girdi, qardaşı içəridə oturub növbəsini gözləyirdi. Kristian ona belə dedi:

- Belə davam etsək atları yorğunluqdan öldürəcəyik. Qadın yanımızda olsa daha yaxşı olar.

Fahişəxana sahibiylə danışdı, kisədən müəyyən qədər pul çıxarıb verdi və Juliananı aldılar. Qadın Kristianla birlikdə idi; Eduardo onları görməmək üçün atını mahmızlayıb qabağa düşdü.

İka qardaş köhnə həyatlarına yenidən başladılar. Tapdıqları iyrənc çarə müvəffəqiyyətsizliyə uğramışdı; hər ikisi də hiylə işlətmişdi. Qabilin ruhu yaxınlarda dolanırdı, lakin Nilsenlər arasındakı sevgi çox qüvvətli idi. Allah bilir nə çətinlikləri, nə təhlükələri dəf etmişdilər birlikdə. Beləcə bir-birlərinə qarşı olan qəzəblərini ətrafdakılardan, itlərdən, aralarını vuran Julianadan çıxarırdılar.

Mart ayı sona çatmaq üzrə idi, lakin istilər davam edirdi. Eduardo, bazar günü bardan evə gələndə (bazar günləri camaat evə erkən dönərdi), Kristianın öküzlərə qoşqunu taxdığını gördü.

Kristian:

- Gəl kömək elə, Pardonun dərilərini aparmaq lazımdır. Arabaya yüklədim onları, hava sərinkən gedək- dedi.

Məncə, Pardonun bazarı cənub tərəfdə idi. Əvvəlcə Şimal yoluyla getsələr də sonra yan tərəfə, başqa yola çıxdılar. Qaralan gecədə tarlalar ətrafı bürümüşdü...

Bir otlağın yanından keçəndə yandırdığı siqarını yerə atan Kristian, sakit bir səslə:

- Tərpən, iş başına qardaş, dedi. Bu işin sonrasını da quzğunlar görərlər. Qadını bu gün öldürdüm, muncuqları ilə birlikdə ataq onu bura. Artıq bizə heç bir zərəri toxuna bilməz.

İki qardaş, kədərlə qucaqlaşdılar. İndi, onları bağlayan bir bağ da vardı: faciəvi şəkildə qurban etdikləri qadın və onu unutmaq məcburiyyəti.

Türkcədən çevirən: Cəlil Cavanşir


[1] Xüsusi günlərdə, xüsusi musiqiçilərə həsr olunmuş tədbir, festival, bayram. (İspanca)

# 3591 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #