Mövzu: Keşiş şəhvətə necə qalib gəlir?

Mövzu: Keşiş şəhvətə necə qalib gəlir?
11 iyun 2013
# 13:31

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri bir əsər haqqında söhbət edəcəyik. Budəfəki həmsöhbətimiz tanınmış yazıçı Mübariz Cəfərlidir. Qeyd edək ki, Mübariz Cəfərlinin ən sevdiyi əsər Lev Nikolayeviç Tolstoyun “Sergi ata” povestidir.

- Nəyə görə Tolstoyun “Sergi ata” povesti?

- Bu əsər tez-tez yadıma düşür, nədənsə unuda bilmirəm, hələ də bütün hadisələr yadımdadı. Əsər başdan-başa işarələrlə, üstüörtülü məqamlarla doludur. O məqamları anladıqca ləzzət alıram. Bu povesti 20 il əvvəl oxusam da, son vaxtlar “Sergi ata” əsərinin havasındayam. 20-25 yaşlarına qədər Dostoyevskinin yaradıcılığını çox sevirdim. 30 yaşımdan sonra Tolstoyun yaradıcılığını sevdim və Tolstoy mənim qəlbimdə Dostoyevskini tamam-kamal üstələdi. Əsəri sevməyimin əsas səbəblərindən biri povestin tale qəfilliyi ilə adamı heyrətə salmasıdır. Həyatda belə şeylər çox olur: Birdən başına pis bir hadisə gəlir, sanki biri başına tale dəyənəyi vurub işini cəncələ salır. Ayılıb görürsən ki səhv eləmisən və sənə heç nə kömək etməyəcək. O tale dəyənəyindən çevrilib başqa adam olursan. Özü də belə şeyləri adama kitab öyrətmir. Kitab çox vaxt həqiqətləri təsdiqləmək üçün kara gəlir.

- Mübariz müəllim, bir az əsərin özündən danışaq. Deməli, Stepan Kasatski (Sergi ata onun rahib olduqdan sonra özünə götürdüyü addır) Meriyə vurulur, məlum olur ki həmin qız imperator Nikolay Pavloviçin sevgilisi olub. Meridən buna görə ayrılır, rahib olur, rahib olub bütün hər şeydən uzaq olsa da özünü ələ ala bilmir, bir dəfə də tacirin qızı ilə cinsi münasibətdə olur, bununla da başa düşür ki, o əslində, rahib deyil, bütün ibadətləri özü üçünmüş, Tanrı naminə deyilmiş. Sonda isə uşaqlarına baxan və hər şeyi onların naminə edən bir qadının yanına qayıdır və onun dünyaya və ailəyə olan saf inamını görəndən sonra, vilayəti tərk edir, dilənçiliyə başlayır, insanları sağaldır – yəni rahib olmasa da, rahibdən daha yüksək mərtəbəyə qalxır. Fikir verirsinizsə, Sergi ata Allaha qovuşmaq üçün hər dəfə qadınla imtahana çəkilir, sanki Tolstoy göstərmək istəyir ki, kişinin Allaha gedən yolu qadından keçir. “Qızılı odla, qadını qızılla, kişini qadınla imtahan” edərlər misalı bu anlamda reallaşır.

- Əsərə diqqətlə baxanda görürsən ki, Kasatski hər şeyi hesablayır, ölçüb-biçir. O, qadına elə-belə vurulmur, qadına vurulmasının özündə də bir hesab olur. O, kübar cəmiyyətə çıxmaq üçün qrafinayla münasibət qurur. Amma hesab özünü doğrultmur. Sonra qıza, doğurdan da aşiq olur. Yəni Tolstoy göstərir ki, hesablanmış heç nə alınmır, sən nəyi hesablayırsan hesabla, axırda yuxarıdakının - Allahın hesabı qalib gələcək. Sonra sənin də dediyin kimi Kasatski öyrənəndə ki, Meri ondan əvvəl Nikolayın sevgilisi olub, bunu qəbul edə bilmir. Çünki onun ruhi məqamı elədir ki, lider olmağı sevir, eqoistdir, heç nəyi bölüşməyə hazır deyil.

Sonra rahibliyə başlayır, olur Sergi ata. Makovkina adlı yüngülxasiyyətli qadın mərcləşir ki, gedib Sergi atanı yoldan çıxaracaq, onunla cinsi münasibətdə olacaq. Sergi ata Makovkinanı qəbul edir, Makovkina öz tələsini qurub atanı otağına çağıranda Sergi şəhvət hissinə qalib gəlmək üçün barmağını kəsir. Bununla da, qadın öz səhvini başa düşür və rahibə olur. Adı da Aqna ana olur ondan sonra. Yəni bəzən səni müqəddəsləşdirən müqəddəs olmur. Əsas dərs vermək deyil, dərs almaqdır. Bir sözlə, təkcə kişi qadınla sınağa çəkilmir, həm də qadın düz yola qayıdır, qadın da imtahan edilir. Yəni kişi qadından keçdiyi kimi, qadın da kişidən keçir. Bir də ki, Fərid, insan bu dünyada çox adi şeylərlə imtahana çəkilir, unutma, çox adi şeylərlə.

- F.M.Dostoyevskinin “Cinayət və Cəza” əsərində Sonyaya görə Raskolnikov, L.Tolstoyun “Dirilmə” romanında Kaytaya görə Nexlyudov sürgünə getməyə razı olurlar. Sanki rus yazıçıları hər vəchlə katorqanı “hökumət cəzası” kimi göstərməyə çalışırlar. Yəni, bu Allahın verdiyi cəza deyil. Həm də bununla belə deyək, o tipli cəzalara bir bəşəri ironiya nəzərə diqqətə çatdırılır.

- Razıyam, rus yazıçıları katorqaya bəzən ironiya ilə yanaşıblar. Fərid, sən çox dərin yerlərə gedib çıxırsan, əgər belə edəcəyiksə, əsərdən və mahiyyətdən uzaqlaşacağıq, ona görə gəl, daha çox detallara varaq. Deməli, Sergi ata, əvvəlki adı Stepan Kasatiski olan bu oğlan zabit olmaq, mövqe qazanmaq istəyir, kasıbdır, bir bacısı və bir anası var, atası da ölüb. Bu adam ifrat dərəcədə karyeristdir, heç kimi sevmir. Düzdür, çara pərəstiş edir, hətta Tolstoy yazır, çarı sevir, amma dərinə gedəndə görürsən ki, o ancaq özünü sevir. Özünü sevdiyinə görə də hər şeydən rahat imtina edə bilir. Onda ancaq birinci olmaq – hökmranlıq duyğusu var. Üç cür nəfs var, cinsəl nəfs, maddi (qarın) nəfs var, - yəni bir maşınım varsa, qoy on beşi də olsun – və ağlın, beynin nəfsi var. Beyin nəfsi insanda hökmran olmaq istəyi yaradır. Allah yaxın olmaq isə hər üç cür nəfsdən azad olmaq deməkdir. Tolstoy göstərir ki, sən əgər bu üç nəfsi də boğmamısansa, Allaha qovuşa bilməzsən. Nişanlısı başqa adamla münasibətdə olduğunu Kasatskiyə deyəndə o çox sərt reaksiya verir, az qala qayınanasını da vurmaq istəyir. Bu da məhəbbət deyil. Başa düşmür ki, qadını bundan başqa biri də sevə bilər, Kasatski sevgidə də birinci olmaq iddiasındadır. Kasatski eqoistliyindən hər şeyə tüpürür: çarın nökəri olmaq istəmir, düşünür ki, gedib Allahın nökəri olacağam. Fikirləşirdi ki, qoy mənim ağam bütün aləmlərin sahibi olsun. Bu anlamda da müştəbehlik edir. O qarın nəfsindən də arınır, bütün mülkünü bacısına bağışlayır və hər üç nəfsdən azad olmaq üçün gedir. Kasatski Sergi ata olanacan nə qədər özü ilə mübarizə aparır. Ən çox narahat olduğu məqamsa cinsi təminatsızlıqla bağlıdır. Tolstoy onu bir dəfə də sınağa çəkir. Zabit dostu onunla görüşməyə gələndə, onda o zabitlə görüşməyə məcbur olur, amma əsəbiləşir ki, o kimdir, məni onunla görüşdürürsüz. Yəni, birinci o hakimiyyət iddiası, birincilik, mənəm-mənəmlik, bir sözlə, beyin nəfsi hökm edir ona.Əsərdə son cümlə yadındadırmı?

- . Təxminən belədir ki, o varlı bir mujikin obasında məskən salıb, onun bostanında işləyir, uşaqlarla oynayır və xəstələri müalicə edir.

- Bəli. Tolstoy üstün vurmadan göstərir ki, bax, müalicəni belə edirlər. İndi o Allaha qovuşub, indi təmizlənib, indi müqəddəsdir. İndi o uşaqlarla oynayır, kilsə də deyil, dilənir, amma Allah adamıdır. İyirmi ildir ki, bu cümlə barədə vaxt-bivaxt düşünmüşəm. Həqiqətə çatmaq günahın içindən keçir. Tostoy o cümləni yazmaqla göstərir ki, o adi yazıçı deyil. “Müalicə edir” ifadəsiylə göstərir ki, bax adamı belə müalicə edərlər. Allah-Allah deməklə Allaha yaxın olmaq olmur. Sergi Ata rahib olanda adamları sağaldırdı, amma inanmırdı ki bu necə olur, bununla da özü də bilmədən Tanrının kərəminə qarşı naşükürlük, şəkk edirdi. Bir məqam da var: Sergi ata tacirin qızın zorlamalıydı, çünki o özündən xəbərsiz o günaha hazırlamışdı özünü. O rahib olanda dilənçilərin paltarın götürmüşdü, amma geyinmirdi. Yəni paltar - günahın qabı hazır idi. Bu gün elməsə də sabah edəcəkdi.

- Sonda Sergi ataya yuxu vasitəsi ilə çatdırılır ki, həmin evdar qadın Paşenkanı – həqiqətini tapsın. Sergi ata yuxunu görəndən sonra gedib həmin qadını tapır və onun boynuna götürdüyü ailə-uşaq yükünü görəndən sonra başa düşür ki, əslində, Allah məqamına çatan həyatın dibində min bir əziyyətlə övladlarını böyüdən kimsəsiz qadındır.

- Yuxu nədi, yuxu elə-belə halda boş şeydi, yuxunu da Sergi ataya göstərən İlahi qüvvə var. Əgər Sergi ata o günahı işləməsəydi o yuxu da göndərilməyəcəkdi. Yəni o yuxuyla qəhrəmana çatdırılır ki, ay qafil, oturmusan hücrədə dünyadan da xəbərin yoxdur, imtahansız həyatla özünü “imtahana çəkib” aldadırsan, elə bilirsən qəhrəmansan. Get gör həyatın dibində nələr var, zülmsüz yerdə mübarizə aparmaq istəyirsən?! Əsas dərs vermək deyil, dərs almaqdır.

- Sergi ata sonda öz adına qayıdır, yenə Kasatski olur.

- Əlbəttə. Ümumiyyətlə, ad insana elə-belə verilmir. Bu gün istəsək özümüzə beş-on ad götürə bilərik, amma çevrilib həmin adam olmayacağıq. Sənə o adı qoyublarsa, o da lövhi-məhfuzda yazılmışdı. Bəzən bizə elə gəlir ki, bu adı kimsə seçdi və bizim adımız oldu. Tolstoy usta idi, hər şeyə öz adını verib, hər şeyi öz mərtəbəsində imtahana çəkirdi. Mənim üçün əsərin ən üstün cəhətlərindən biri də budur.

# 7058 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #