Hacı Murad Yagizarov: “Uşaqlar maşınımı əzib, özümü təhqir etdilər” - Müsahibə

Hacı Murad Yagizarov:  “Uşaqlar maşınımı əzib, özümü təhqir etdilər” - Müsahibə
16 sentyabr 2025
# 16:42

Kulis.az Ramilə Qurbanlının bu gün II Fəxri Xiyabanda dəfn edilən Hacı Murad Yagizarovdan 2012-ci ildə aldığı müsahibəni təqdim edir.

- Sizi axtardım, dedilər, Almaniyada yaşayırsınız, yeni tamaşanın məşqlərində iştirak etmək üçün Bakıya gəlmisiniz ?

- Mən yox, xanımım, uşaqlarım Almaniyada yaşayırlar. Mən gedib-gəlirəm.

- Yəqin bu yaşda iki ölkə arasında qalmaq asan deyil.

- Çətindir, əlbəttə.

- Bu barədə yenə danışacağıq, hələlik bir az uşaqlığınıza səyahət edək. Hansı mühitdə böyümüsünüz, ailəniz kim olub?

- Bakıda doğulub-böyümüşəm, köklü bakılıyam. Atam hərbçi, anam müəllim idi. Atam dağıstanlıdır, anam Şamaxı xanı Mahmud Əliyevin nəvəsidir. Ata tərəfimin hamısı ya diş həkimi idi, ya da zərgər.

Yegizarov II Fəxri xiyabanda dəfn olundu

- Yəni əlləri qızılla oynayırdı?

- Hə, ana tərəfim isə əksəriyyəti dövlət qulluğunda olublar: nazir, diplomat. Dayım da diplomat idi, istəyirdi ki, mən də onun yolu ilə gedim. Nəslimdə-kökümdə incəsənət adamı olmamışdı mənə qədər. Qonşumuz Ələsgər Ələkbərovun təsiri ilə mən tez-tez Dram Teatrının tamaşalarına gedirdim. İncəsənətlə bir peşə kimi məşğul olmaq ağlıma da gəlmirdi. İdmanla məşğul olurdum, boks üzrə Respublika çempionu idim. Voleybolla, üzgüçülüklə, karate ilə ayrı-ayrı vaxtlarda məşğul olmuşam.

Orta məktəbin sonuncu sinfində məktəbin dram dərnəyinə düşdüm, görkəmimə görə məni kiçik bir idmançı rolunu oynamağa dəvət etdilər. Mühitə düşdüm, ardınca buraxılış gecəsi üçün bir tamaşa hazırladıq, orda da oynadım. Tamaşaya Ələsgər Ələkbərov gəlmişdi. Ailəm iştirak etmədi, çünki məəttəl qalmışdılar ki, mən neyləyirəm, hansı peşəni seçmək istəyirəm, birdən incəsənəti seçərəm.

Ələsgər Ələkbərovdan xahiş etmişdilər ki, baxsın görsün mənim incəsənətə bir aidiyyatım var, ya yox. O da baxdı tamaşaya və ailənin içində mənə dedi ki, sənin incəsənətə getməyin məsləhətdir, istedadlısan, səndə öz gəncliyimi görürəm.

Beləliklə sənədlərimi verib İncəsənət İnstitutuna qəbul olundum. Elə birinci kursda Ələsgər Ələkbərov məni “Uzaq sahillərdə” filminin sınaq çəkilişlərinə apardı ki, Mixaylo roluna çəkilim. Çox gənc olduğum üçün o rola məni götürmədilər, filmdə bir partizanı oynadım. Ondan sonra “Ögey ana”da çoban obrazına çəkildim.

- Ələsgər Ələkbərovla bir yerdə.

- O illər ərzində hansı filmə çəkildimsə, Ələsgər Ələkbərovla bir yerdə çəkildik. “Böyük dayaq” da həmçinin. Təhsil aldığım illərdə bir neçə filmə çəkilmişəm. “Böyük dayaq”da Şirzad diplom işim oldu. Ardınca “Ulduz”, “Arşın mal alan”, “O qızı tapın”, “Bir cənub şəhərində”, “Arşın mal alan”. Əsasən Eldar Quliyevin filmlərinə çəkilirdim, çünki uşaqlıq dostum idi. Həyatımda üç dəfə jurnalist obrazını oynamışam. “Həyat öyrədir”, “Ən vacib müsahibə”, “Bir cənub şəhərində ”.

Ögey ana” filmindəki bu hərəkətinə görə ona şillə vurdular – Almaniyada  yaşayan Xalq artistimiz haqda bilmədiklərimiz

- “Arşın mal alan”da Süleyman roluna çəkilmək, deyəsən, öz istəyiniz olub?

- Tofiq Tağızadə ssenarini mənə oxumağa verdi, oxudum və ondan xahiş etdim ki, Süleyman rolunu mənə versin, çünki o rolu özümə daha yaxın hesab etdim. Bu rolla öz köklərimə qayıdırdım. Öz mühitimin adamı idi, xaricdə təhsil almış, dövrünün intellektualı.

- İlk sınağınız alınmasa da, film taleyiniz uğurlu oldu.

- Hə, bir-birinin ardınca kinolara çəkildim, 35 film “Azərbaycanfilm”in istehsalıdır. NTV-nin Azərbaycanla birgə istehsalı olan “Dronqo”da nazir müavini , iki gürcü filminə çəkilmişəm, iki filmdə də Almaniyada rol almışam. “Şpeyer və o” filmində Sovet polkovniki rolunu oynamışam, bir də “Şübhə altında” bədii filmində Azərbaycan naziri obrazına çəkilmişəm. Almaniyada “Məkkə” adlı filmdə də çəkilmişəm, onu azərbaycanlı çəkib.

- Son illər, deyəsən, nazirləri, ya da çekistləri oynayırsınız.

- Hə, elə çıxır.

- Rus Dram Teatrı yeganə iş yeriniz olub, teatrı heç vaxt dəyişməmisiniz.

- Hələ tələbə ikən burda işləməyə başlamışam. O vaxtdan 200 rol oynamışam, müxtəlif xarakterli rollarım olub. Bu da mənim həyatım.

- Təqaüdə çıxmamısız.

- Rəsmi surətdə təqaüddəyəm, amma hamı bilir ki, aktyorun təqaüdə göndərilməsi onun ölümü deməkdir. Ona görə də demək olar ki, bütün tamaşalarda varam, oynayıram.

- Dövrünüzün xarizmatik aktyoru olmusunuz, çox populyar idiniz, o dövrlə indinin arasında həyatınızda nələr dəyişib?

- Çox şey dəyişib, çünki epoxa dəyişilib. Çox işləyirdik, işimizin müqabilində qəpik-quruş alırdıq, amma gələcəyə, kommunizmə inanırdıq. Fəxri ad, orden, medal verirdilər, amma dolanışıq yox idi. Bizi Sovet istismar edirdi. İndi, heç olmasa, çəkilişlərə görə o vaxt olduğundan çox qonorar alırıq. Düzdü, Moskva aktyorları ilə heç müqayisəyə gələ bilmərik, amma Allaha şükür, Prezident təqaüdü alırıq. Fəxr etdiyim bir məqam var ki, yaxşı təhsilli, öz intellektini yüksəltməyə çalışan gənclik yetişməkdədir. Dünya miqyaslı tədbirlər bizdə keçirilir, bu da gözəl haldır. Bir-birinin ardınca teatrlar təmir olunur. Azərbaycan çox inkişaf edir. Heyıf ki, həyatımızın çox uzun bir hissəsi keçid dövrünə düşdü. Bu keçid dövründə mədəniyyətimiz çox itirdi. Nəsillər arasındakı ardıcıllıq itdi. Böyük kadrları itirdik. Kadrlar getdilər, yerlərini tutan yoxdur, çünki fasilə böyük oldu. İndi yenilərinin yetişməsi üçün zaman gərəkdir.

Hacı Murad Yegizarov Day.Az Radionun qonağı olub - Audioyazı

- Qayıdaq əvvəlki söhbətimizə, Almaniyada yaşayan ailənizdən danışırdıq. Artıq söhbət əsnasında anlaşıldı ki, siz niyə həm Bakıda, həm Almaniyada yaşayırsınız, çünki Bakısız qala bilmirsiniz.

-Düzdü, cəmi on gün sonra Bakı üçün necə darıxıramsa, özümə yer tapa bilmirəm. Birdən hiss edirəm ki, artıq qayıtmalıyam, bunu heç nə ilə izah etmək olmur – vətəndir, vəssalam. Gəlirəm, məzarlığa gedirəm, əzizlərimi ziyarət edirəm. Atalığım rəhmətə gedəndə ona layiq başdaşı düzəltdirə bilməmişdim. Mənimki belə gətirib ki, atam da olub, atalığım da. O, böyük elm adamı idi, bu il ona layiq məzarüstü düzəltdirdim, bir az rahatladım. Hiss edirəm ki, bizdən sonra gələn nəsillər üçün belə məqamlar heç bir rol oynamayacaq, təəssüf ki, belədir, amma biz belə yetişmişik, bizim üçün ata, ana, böyüklərin məzarı ziyarətgahdır. Gəlirəm, hökmən onları ziyarət edirəm. Bakıya düşən kimi kerosin qoxusu məni vurur, onu ciyərlərimə çəkirəm, çünki bu, Bakının qoxusudur, mənim uşaqlığımın qoxusudur.

- Amma ailənizdən də uzaq yaşaya bilməzsiniz

- Arvadım, qızım, bir oğul nəvəm var. Ailəm mənim hər şeyimdir. Onlardan danışmaq istəmirəm, gözə gələcəklərindən qorxuram. Onlar üçün yaşayıram, Allahdan sağlamlıq istəyirəm ki, onların qayğısına qala bilim. Heç kim onlara pislik edə bilməsin. Qızım xoreoqrafiya məktəbini bitirib, sonra da Xarici Dillər Universitetində təhsil alıb. Demək olar ki, dörd dil bilir.

- Ailəniz niyə getdi Bakıdan, eşitdim ki, hələ 90-cı illərdə sizi də Almaniyaya dəvət ediblər, amma sənədinizi məcburi köçkün kimi tərtib etmək şərti ilə razılaşmamısınız?

- 90-cı illərin əvvəli idi, xaos hökm sürürdü. Mən maşınımı saxlayıb teatra girmək istəyirdim, bir-neçə nəfər əllərində zəncir kəsdilər qarşımı ki, bizi Bayıla apar. Dedim ki, uşaqlar, bağışlayın, mənim məşqim başlayıb, axşam tamaşam var. Girdim teatra, bir də gördüm arxadan dəhşətli səslər gəlir, çönüb gördüm ki, maşınımı salıblar dəmir, ağac, nə bilim əllərinə nə gəldi onun altına. Maşından əsər-əlamət qalmadı, qayıtdım geri, məni aldılar mühasirəyə, təhqiramiz ifadələr işlətdilər. Həmin məqamda əlimdə avtomat olsa, biçərdim onları, çünki çox təhqir olunmuşdum, alçaldılmışdım. İllər keçdi, mən “Sovetski”də böyümüşəm, dostlara bu məsələni danışdım, onları çox sərt cəzalandırdılar.

Həmin illər “Azadlıq” radiosundan Mirzə Xəzər mənə təklif elədi ki, gəl, burda səni də, ailəni də işlə, evlə təmin edirik, qal. Dedi ki, çox az qalıb Sovetlər Birliyi dağılmaq üzrədir, səni burda məcburi köçkün kimi sənədləşdirək, bircə o sözə görə getmədim. Mən bakılı, azərbaycanlı kimi bunu edə bilməzdim. Ailəmin isə təhlükəsizliyi üçün onları göndərdim. Həqiqətən də çox keçmədi, Sovetlər Birliyi dağıldı, o vaxt bu, heç ağlagəlməzdi. Mən elə bir ömür yaşamışam ki, heç kimi alçaltmamışam, satqın olmamışam, satılmamışam, sülh adamıyam. Müharibə olmasın, öz sənətimizlə məşğul olaq.

Гаджимурад Ягизаров (Hacımurad Yegizarov) - актёр - фотографии - советские  актёры - Кино-Театр.Ру

- Bu yaşda sizi nə xoşbəxt edə bilər?

- Uşaq gülüşü.

# 297 dəfə oxunub

Oxşar xəbərlər

“Aqibətnamə” kitabının təqdimatı baş tutdu

“Aqibətnamə” kitabının təqdimatı baş tutdu

17:25 16 sentyabr 2025
XI Bakı Beynəlxalq Kitab Sərgisində 41 xarici təşkilat iştirak edəcək

XI Bakı Beynəlxalq Kitab Sərgisində 41 xarici təşkilat iştirak edəcək

15:40 16 sentyabr 2025
"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

15:00 16 sentyabr 2025
Azərbaycan bu yarışdan imtina etdi

Azərbaycan bu yarışdan imtina etdi

14:20 16 sentyabr 2025
İƏT Mədəniyyət Festivalının tarixi dəyişib

İƏT Mədəniyyət Festivalının tarixi dəyişib

14:15 16 sentyabr 2025
Siyavuş Novruzov:  "İaşə obyektlərinin adı birinci ingilis dilində yazılır, dil normaları pozulur"

Siyavuş Novruzov: "İaşə obyektlərinin adı birinci ingilis dilində yazılır, dil normaları pozulur"

12:37 16 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər