“Dövlətin bığını hara aparırsınız?”

“Dövlətin bığını hara aparırsınız?”
19 iyun 2013
# 10:46

Kulis.Az yazıçı Qərib Mehdinin “Qəhqəhə” lətifə-romanından parçaları təqdim edir.

Fikirləşirəm ki...

Bir gün Telman yoldaşları ilə yol gedirmiş. Birdən onların qarşısına boydan borclu qalan-xeyli gödək bir nəfər çıxır. Gödək Telmandan nə isə soruşur. Telman cavab vermir. Üçüncü dəfə də cavab almayan boydan borclu acıq edib dəstədən aralanır.

Yoldaşları Telmanın üstünə düşürlər:

- Kişinin sorğusuna niyə cavab vermədin?

Sanki Telman bu sualdan ayılır:

- Fikir məni aparmışdı.

Yoldaşları deyir:

- Nə fikirləşirdin?

Telman gözdən itməkdə olan gödəkboyu göstərib cavab verir:

- Fikirləşirdim ki, görəsən bunun yarısı hanı?

Bığ əhvalatı

Teatrın qrim sexinə bir qızı işə götürürlər. Sex müdiri işə nabələd təzə işçiyə tapşırır ki, tamaşadan sonra dərhal bığları yığışdırsın. Aktyorlar qızı görən kimi yapışdırdıqları bığları “könüllü” surətdə qopardıb təhvil verirlər. Telmanın özünün şəvə kimi qara bığı olduğuna görə səhnədə qondarma bığa ehtiyac duymurmuş. Vəziyyətdən bixəbər qız görür ki, Telmandan başqa hamı bığını təhvil verdi. Təzə işçi bığ təhvilini Telmana xatırlatmağa utanır. Bu ara Telman durub evə yollanır. Qız elə bilir ki, aktyor əliəyrilik edərək bığı əkir. Qız Telmanı qarabaqara izləyir. Bunu hiss edən Telman qızı anlamır. Bayır qapısından çıxmaq istəyəndə qız onu qabaqlayır:

- Dövlətin bığını hara aparırsınız?

İzlənməyi Telmana indi aydın olur. Qıza doğru əyilib gülə-gülə deyir:

- Gücün çatırsa qopart.

Ağ eləmə

Telman hərdən bizə gələr, içəri girən kimi birinci “ Qərib, hey... ” deyən anamla görüşərdi. Ciddi başlanan, giley-güzarla davam etdirilən söhbət yumorla başa çatdırılardı. Əlbəttə 100 yaşlı qarının sorğu-sualında yeganə oğlu - Qərib dayanardı. Anam böyük nigaranlıqla cəmiyyət arasında mənim mövqeyimi, hörmətimi, uğurumu öyrənməyə çalışırdı. Telman qəlb qıran adam deyildi. Birinin üstünə beşini qoyub anamı sevindirərdi. Anam arxayın nəfəs aldıqdan sonra hər dəfə eyni sözü təkrar edərdi:

- Mən oğlumu o kişiyə tapşırmışam. Allah zülmə-zalıma şərik döyül. Gecə-gündüz dua oxuyub oğlum Qəribi yadına salıram. İkisi də təkdir, ikisi də qəribdir...

Növbəti söhbətdən sonra anam əlini göyə qaldırıb Telmanın şahidliyi ilə iltimas edirdi. Mən də bir tərəfdə dayanıb onların söhbətinə maraqla qulaq asırdım.

Anam:

- Xudaya, xudavəndi aləm, öz böyüklüyün xətrinə sən mənim balamın sözünü ötkün elə!

Telman:

- Eləyib.

Anam:

Qılıncını kəskin elə! Telman:

- Eləyib.

Anam:

- Rütbəsini uca elə!

Telman:

- Eləyib.

Anam:

- Xudaya sənə and verirəm o birliyinə sən təklərin, yetimlərin zamindarısan, mənim balamın başından bir tük əskik eləmə.

Bu duadan, bu iltimasdan sonra Telman nəzərlərini hərləyib mənim gümüş kimi parıldayan daz başıma baxdı. Və mənalı tərzdə gülüb anamı ayıltmaq istədi.

- Ay ana, daha ağ eləmə. Sonra kişinin qəzəbinə düçar olarıq.

Özündən asılıdır

Güləndər müəllimi ittiham eləmək çox asandır. Ancaq təqsirini, günahını boynuna qoymaq çətindən çətindir. Rəqibləri fakta görə atmaca ustasını üstələsələr də, məntiqə gələndə aciz qalırlar.

Hamı bilir ki, Gülü bəy uduzulan oyunları udandır. Hamı bilir ki, gülüş bulağı şəriət adamı yox, şərait adamıdır. Hamı bilir ki, lətifə qəhrəmanım özünü yazmaqdan, özünə gülməkdən qorxmur. Güləndər müəllimi hədsiz bivəfalığa görə qınayanlar yaxşı bilirlər ki, o, şələsi əyilənə Lələlik eləmir.

Ədəbiyyat kafedrasında müdir əvəzlənməsi baş verir. Professor Xəlil Yusifli vəzifədən gedir, yerinə professor Davud Hacıyev iqtidara gəlir. Təbii ki, Gülü bəy də Xəlil müəllimlə əvvəlki isti münasibətlərinə xitam verib, Davud müəllimlə növbəti dostluq sevdasına başlayır.

Bundan xeyli qayğılanan Xəlil müəllim deyir:

- Sənin etibarın bizə bəllidir. De görüm, təzə müdirlə dostluğun nə qədər çəkəcək?

Güləndər müəllim halını pozmur:

- Təzə müdirlə dostluğun ömrü bir aylıq da ola bilər, ömürlük də. Burda mənlik bir iş yoxdur. Bu məsələ Davud müəllimin özündən asılıdır.

Xəlil müəllim sadəlövhcəsinə soruşur:

- O, neyləməlidir ki, səninlə dostluğu pozulmasın? Güləndər müəllim:

- Sadəcə bir şey: çalışsın vəzifədən aşmasın...

Bunları eşitdik...

“Boyuna baxma, boyamağına bax!..” Güləndər müəllimin qabiliyyətini, məharətini açan bu cümləni çox yerdə söyləmişəm. Gülüş bulağı şişməyi də sevir, şişirtməyi də. Bəlkə bu xasiyyət onun canına həyatın tələbindən keçib. “Əvvəlcə şişmək, sonra eşmək!”.”Əvvələ şişirtmək, sonra düşürtmək!” Güləndər müəllim bu aforizmlərin həm müşahidəçisi, həm də iştirakçısı olub. Yazıçı-dramaturq Altay Məmmədov da Gülü bəyin bu keyfiyyətlərinə yaxşı bələddir. Növbəti lətifəmiz şişməkdən yox, şişirtməkdən söz açacaq.

Altay müəllimin pambıqyığan maşına oxşarı var. Məlumat azarkeşidir. Hər cür “qərzəkli” xəbərin qat-qarışına fikir vermədən böyük məmnuniyyətlə “bunkerinə” yığır. Təhlilə keçmək, saf-çürük etmək sonranın – arxayın vaxtın işidir.

Bir gün Güləndər müəllim sensasiyalı yeni bir xəbəri həyəcan dolu pafosla, obrazlı ifadələrlə, biri min eləyə-eləyə dostuna çatdırır. Altay müəllim onun əsib-coşmağına, daşıb-tökülməyinə əhəmiyyət vermədən əsasına söykənib sakitcə müsahibinə qulaq asır. Gülü bəy görür ki, yazıçı sensasiyalı xəbərə reaksiya vermədi. Düşünür ki, yəqin fikrini çatdıra bilməyib. Xəbərçi əhvalatı eyni hay-küylə, eyni həvəslə ikinci dəfə söyləyir. Təzə xəbər müştərisi yenə qımıldanmır. Güləndər müəllim əlacsız qalıb üçüncü dəfə qanadlı ifadələrini havaya buraxır. Altay müəllim yenə dinmir. Güləndər müəllim dostunun soyuqqanlılığına təəccüblənir və incik halda dillənir:

- Bu xəbəri bütün gözləyicilərdən qabaq sənə çatdırmışam, niyə münasibətini bildirmirsən? Sakit halını pozmayan Altay müəllim qımışır:

- Gülü bəy bunları eşitdik. İndi bir xahişim var. Əhvalat necə olubsa elə danış...

Anlaşılmazlıq

Gəncəbasar yazıçılarının rəhbəri Məmməd Alim öz dəstəsilə respublika yazıçılarının 10-cu qurultayından qanıqara qayıdırdı. Gecə qatarlarının bir kupesinə yığışmışdılar. Kupenin qapısından qara lent asılmışdır. Qələmçi xanımların ağlamaqdan gözləri şişmişdi. Kişi qələmçilər isə bir başqa hal keçirirdilər. B.Bağırov, H.Hatəmi, Q. Mehdi, M.Rəfizadə ara-sıra öndərlərinə təsəlli verir, yerə-göyə sığmayan ədalətsizliyə görə kimlərinsə kölgəsini qılıclayırdı. Ancaq bunların heç biri böyük öndərin qəlbini aça bilmirdi.

Belə bir agır, üzüntülü durumda Güləndər müəllim təntimiş halda kupeyə daxil olur:

- Bayaqdan sizi axtarıram, hara çəkilibsiniz?

Heç kim başını qaldırıb kefikök gülüş bulağına cavab vermir. Məclisin ağir sükuta qərq olmağından Güləndər müəllim duyur ki, nəsə faciəvi bir hadisə baş verib.

- Siz niyə yasa batıbsınız?

Kövrək xanımların yenidən gözləri dolur.Dəfn mərasimlərində matəm nitqləri söyləməkdən ustalaşan B.Bağırov qabağa düşür:

- Daha nə baş verməlidir ki?! Qurultayda dürlü-dürlü məruzələr oxundu. Onlardan birində məşhur şairimiz M.Alimin adı çəkilmədi. Belə haqsızlığa dözmək olar?

Güləndər müəllim əlini əlinə-vurub qəhqəhə çəkir:

- Ay canım, məruzəçilər kimdir, çıxışçılar kimdir?! Əsas sima Yazıçılar Birliyinin sədri

Anar bəydir. Qulaqlarınızı kirəyə vermişdiniz? Ad çəkildi, özü də bir yox, düz üç dəfə!

Yasabatanlar müşdəli xəbərdən vəcdə gəlib xorla dilləndilər:

- Səni xeyirxəbər olasan, Gülü bəy! Görəsən necə olub ki, rəhbərimizin adını bızim kar qulaqlarımız eşitməyib?!

Özünə inamlı Gülü bəy davam edir:

- Görmədiniz ki, rəhbərimiz çıxış edəndə Anar bəy düz üç dəfə ayağa durub

“Məmməd Alim, reqlament” dedi!

Qurban bayramında

Professor Bağır Bağırov xoruzquyruğu çaydan içib Kəpəz telekanalında nümayiş etdirilən filmə baxırdı. Və arada bir beynindən keçirirdi: “Görəsən dünyada məndən də humanist adam varmı?” Bu əhvalat Qurban bayramına bir gün qalmış baş verirdi. Bu ara Bağır müəllimin zövcəsi Nazilə xanım içəri girib əlindəki bir dəstə pulu professorun qarşısına qoydu:

- Ay Bağır, bu qədər Qurban bayramı gəlib-keçib, heç sənin qurban kəsdiyini görməmişəm. Bu pulu qoy cibinə, sabah bazara çıx, yaxşı bir qurbanlıq al.

Bağır müəllim xanımının gözəl təklifindən pərt oldu, əlinin arxası ilə pulu geri itələdi:

- Elə deyirsən qurban kəs!... Göydə Allahıma, yerdə Peyğəmbərimə üz tutub, niyyət eyləyib, yüz dəfə qurban demişəm. Hansı əhdim başa gəldi ki, mən də qollarımı çırmayıb qurban kəsim? Min diləyim var. Ancaq ikisinin əlindən bir iş gəlmir. Pulunu götür get, bir də mənə qurban barədə yersiz söz demə.

Nazilə xanım pulu götürüb incik halda ərindən üz çevirdi. Birdən televizorda filmin nümayişi dayandırıldı. Deyəsən təcili xəbər vardı. Ekrandan matəm melodiyası eşidildi. Təsvirdə Qərib Mehdinin qara haşiyəyə alınmış şəkli göründü. Diktor qəm qarışıq aramla sözə başladı: “Dünən axşam görkəmli yazıçı-publisist, şair-dramaturq, ağıçı-lətifəçi, “Yüksəliş” qəzetinin baş redaktoru Qərib Mehdi Qasımoğlu uzun sürən yüngül xəstəlikdən sonra...”

Xəbəri sona qədər dinləməyə hövsələsi çatmayan Bağır müəllim gümrah səslə uzaqlaşmaqda olan xanımını səslədi:

- Arvad, pulu geri qaytar, deyəsən mən qurban kəsəsi oldum.

Qısa müsahibə

Mərkəzdən gələn bir müxbir Güləndər müəllimdən yaradıcılığına yaxından bələd olan əziz dostu Qərib Mehdi Qasımoğlu haqqında qısa müsahibə alır:

- 40 il öncə Qərib Mehdi nə ilə məşğul idi?

- Xəyala dalır və lirik hekayələr, povestlər yazırdı.

- Daha 20 il keçəndən sonra nə edirdi?

- Gülür və nikbin faciələr yazırdı.

- Bəs indi yaradıcılıq durumu nə vəziyyətdədir?

- Gülü bəy xeyli fikrə getdi. Desinmi? Deməsinmi? Desin, necə desin? Deməsin, necə deməsin? Müxbiri çox intizarda saxlamayıb deməyə qərar verdi:

- Qərib Mehdi indi ağlayır və ağlamalı lətifələr, gülməcələr yazır...

Topladı : Cəlil Cavanşir

# 3651 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #