Nobelə namizəd olan yazıçının hekayəsi

Nobelə namizəd olan yazıçının hekayəsi
6 oktyabr 2016
# 17:46

Kulis.az 2016-cı il Nobel Ədəbiyyat mükafatının namizədləri arasında adı hallanan Nquqi va Tionqonun hekayəsini təqdim edir.

Nquqi va Tionqo 5 yanvar 1938-ci ildə Keniyanın Kamiritu qəsəbəsində anadan olub. Ailəsi “Mau Mau” hərəkatı zamanı həbs edilib və bir müddət sonra ögey qardaşı dünyasını dəyişib. Anası da işgəncələrə dözməyərək vəfat edib.

Nquqi 1963-cü ildə Uqandanın paytaxtı Kampalada yerləşən Makarere Universitetinə daxil olub. Təhsil aldığı dövrdə ilk əsəri olan “Qara Hermit” pyesi Kampalada səhnələşdirilib. İlk romanı “Ağlamayın, uşaqlar” 1964-cü ildə İngiltərənin Leeds Universitetində oxuyarkən dərc edilib. Bu, Şərqi Afrikalı yazar tərəfindən ingiliscə yazılan ilk romandır. Daha sonra dərc edilən “Aralıqdakı çay” romanı “Mau Mau” hərəkatından, xristianlarla qeyri-xristianların arasındakı ümidsiz vəziyyətdən bəhs edir.

Yazarın “Bir buğda dənəsi” romanında marksizmi mənimsədiyi duyulur. Müstəmləkəçi mahiyyət daşıdığından ingilis dilindən, xristianlıqdan və əsl adı Ceyms Nquqi-dən imtina edərək Nquqi va Tionqo ismini qəbul edib. Bu hadisədən sonra o, əsərlərini öz ana dili olan “Gikuyu” və “Svahili” dillərində yazmağa başlayıb.

1977-ci ildə qələmə aldığı “Nə zaman istəsəm, o zaman evlənəcəm” pyesindəki siyasi fikirlər o dövrün rəhbəri Daniel Arab Moiyini qəzəbləndirdiyindən həbs edilib. Kamiti həbsxanasında olarkən Gikuyu dilindəki “Xaçdakı Şeytan” adlı müasir romanını tualet kağızına yazıb.

Azadlığa çıxdıqdan sonra Nairobi Universitetindəki işinə bərpa edilmədiyindən və diktator rejiminin əleyhinə yazdığı yazılara görə sürgünə göndərilib. Yalnız 22 ildən sonra – diktator Daniel Arap Moinin hakimiyyətindən sonra qurulan yeni hökumətin zamanında vətəninə qayıdıb.

1992-ci ildə Nyu-York Universitetində müqayisəli ədəbiyyat üzrə professor dərəcəsi alıb. 22 illik sürgün dövrü bitdikdən sonra bir aylıq Şərqi Afrika turu çərçivəsində vətəni Keniyaya qayıdıb. Lakin bir neçə gün sonra yenidən Amerikaya dönmək məcburiyyətində qalıb. Səbəb isə 11 avqust 2004-cü ildə Keniyadakı evinə oğru girməsi, pullarının və kompüterinin oğurlanması və həyat yoldaşının zorlanması olub.

2006-cı ildə “Random house” adlı nəşriyyat iyirmi ildən sonra yazarın ilk romanı “Sehrbaz qarğa” əsərini çap edib.

Yazıçının “Nyoreqa” hekayəsini təqdim edirik.

Nyoreqa

Naməlum cinayətkarların Harstonlar cütlüyünü öz evlərindəcə qətlə yetirməsindən yaman çox danışılırdı. Qəzetlər bu hadisəyə ilk səhifədə yer verir, radiolar son xəbərlərə bu hadisə ilə başlayırdı…

Bu hadisə ona görə böyük səs-küyə səbəb olmuşdu ki, Harston cütlüyü ölkəni bürümüş zorakılığın qurbanı olmuş ilk avropalı mühacirlər idi. Şayiələr gəzirdi ki, bu işin arxasında siyasi səbəblər var. Bazarlarda, hind dükanlarında, ucqar, afrikalılara məxsus şəhərkənarı pivəxanalarda, ümumiyyətlə, hər yerdə dedi-qodular gəzir, bu qətlin səbəbləri barədə şayiələr və fərziyyələr dolaşırdı.

Bəlkə də bu cinayət heç yerdə missis Hillin təpənin üstündəki tənha evindəki qədər təfərrüatı ilə müzakirə olunmurdu. Onun Keniyaya köç etmiş ilk avropalılardan olan əri keçən il malyariyadan dünyasını dəyişmişdi. Övladları – qızı və oğlu indi vətəndə – İngiltərədə oxuyurdular.

Missis Hillin geniş çay plantasiyaları vardı. Ətrafındakılar ona hörmət bəsləsələr də, xanım hamının məhəbbətini qazana bilməmişdi. Onun yerlilərə liberal münasibəti bəzilərinin xoşuna gəlmirdi. Qətl hadisəsindən iki gün sonra onu yoluxmağa gələn rəfiqələri missis Smayls və missis Hardinin çöhrələrində məyusluq, təntənə əks olunmuşdu. Məyusluğa səbəb o deyildi ki, öldürülənlər sadəcə mister və miss Harstondur, səbəb o idi ki, qətlə yetirilənlər məhz avropalı idi. Təntənə isə yerli əhalinin təbiətində olan nankorluq və qüsurun tam şəkildə özünü büruzə verməsindən qaynaqlanırdı. Artıq missis Hill təkid edə bilməzdi ki, yerli əhali ilə dil tapıb yola getmək olar.

Missis Hardi əslən Cənubi Afrikadan olsa da, Keniyada çoxdan yaşayırdı. Onun heç vaxt öz müstəqil rəyi olmadığından ərinin fikirlərinə bənzəyən mülahizələrlə razılaşırdı. Bu gün o missis Smaylsın dediklərini təsdiqləyirdi. Missis Hill inadla dediyinin üstündə dayanırdı ki, yerli əhali daxilən quzu kimi mülayim, məzlum və üzüyola adamlardır, sadəcə onlarla dil tapmaq lazımdır.

– Onlarla rəftarda xeyirxah olsanız, onlar da sizə qarşı xeyirxah olarlar. Bir mənim qulluqçularıma baxın. Onlar məni necə sevirlər! Onlardan hər biri mənim bir sözümlə oda da, suya da atılar.

Missis Hill başqa ağ adamlardan fərqli olaraq öz qulluqçularının qayğısına qalırdı. O, öz qulluqçuları üçün kərpicdən (fikir verin, kərpicdən) ev tikdirib, uşaqları üçün məktəb açmışdı. Məktəbdə müəllim çatışmazlığı, uşaqların cəmi bir neçə saatlarını məktəbdə, qalan vaxtlarını isə plantasiyalarda belləri bükülmüş halda keçirməsi bir o qədər də əhəmiyyətli deyil. Axı digər ağ köçkünlər heç bunları da etməyib.

– Dəhşətli, dəhşətli cinayətdir! – Missis Smayls hirslə ucadan dedi. Missis Hardi ona dəstək verərək:

– Nankorlar! Biz onlara mədəniyyət gətirmişik. Biz quldarlığın kökünü kəsdik, qəbilələrarası müharibələrə son qoyduq. Məgər bu vəhşilər bizsiz məqsədsiz yaşamaqdan əl çəkərdilərmi?

Bu səpkidə uzun-uzadı natiqlik edəndən sonra tənə ilə başını yelləyib dedi:

– Mən həmişə demişəm ki, onları dəyişmək mümkün deyil, onların mədəniyyəti qavramaq qabiliyyəti yoxdur.

– Biz səbirli olmalıyıq. – deyə missis Hill razılaşmadı. Bu dəfə, deyəsən, missioner rolunu missis Smayls yox, o özü ifa edirdi:

– Səbir! Səbir! Nə vaxtadək? Harstonlardan səbirli kimi tanıyırsız? Ya xeyirxahını? Neçə icarədara çörək vermişdilər.

– Axı onları icarədarlar öldürməyib…

– Bəs onda kim? Kim?

– Bu cinayətkarların hamısını asmaq lazımdır! Asmaq! – deyə missis Hardi dilləndi və onun səsində sarsılmaz mətinlik hiss olundu.

– Ağlasığmaz bir haldır ki, Harstonları öz qulluqçusu yataqdan qaldırıb.

– Nə danışırsız?

– Təsəvvür edirsiz? Qapını döyüb və onu evə buraxmalarını xahiş edib. Deyib ki, arxasınca kimsə gəlirmiş…

– Bəlkə doğrudan da belə olub?

– Yox, yox! Bu əvvəlcədən qurulma işdi. Yazıqlar qapını açan kimi bir dəstə quldur evə soxulub. Bu barədə qəzetlər də yazıb, əmin ola bilərsiniz.

Missis Hill təqsirkar kimi gözlərini yerə dikdi. Artıq saat beşə yaxınlaşsa da, o hələ bugünkü qəzetləri oxumamışdı.

– Saat beşdir? Bəs niyə süfrəyə çay verilmir? – Missis Hill qonaqlardan üzr istəyib qapıya yaxınlaşdı və şirin səslə çağırdı:

– Nyoreqa! Nyoreqa!

Qulluqçunun adı belə idi. Nyoreqa Hillər ailəsinə on ildən artıq qulluq edirdi. O, qapıda görsəndi – hündür, qıvraq, orta yaşlı, əynində xaki rəngli şort, belində geniş qırmızı qurşaq, başında qırmızı fəs.

Nyoreqa sual dolu gözlərilə qaşlarını qaldırdı, adətən, bu hərəkətləri “Bəli, memsahib?” və ya suxili dilində “Ndio, bvaia?” sözləri ilə müşayiət olunurdu.

– Bizə çay gətir.

– Ndio, memsahib!—qulluqçu gizlincə qonaq otağında oturmuş xanımlara nəzər salaraq, qeyb oldu.

Nyoreqanın gəlişi ilə kəsilmiş söhbət yenidən başladı.

– Zahirən onlar lap mələk kimi məsumdurlar. – missis Hardi dedi.

– O, artıq on ildən çoxdur bizə qulluq edir. Çox sədaqətlidir. Məni də çox sevir.—deyə missis Hill öz qulluqçusuna arxa çıxdı.

– Yenə də o mənim xoşuma gəlmir.

– Mənim də. Xoşagəlməz siması var.

Nyoreqa çayı gətirdi. Onlar çayı içə-içə Harstonların ölümü, dövlətin taktikası, bu gözəl ölkədə hərc-mərclik, iğtişaş salan təhlükəli elementlər-siyasi demaqoqlar barədə söhbət etməyə başladılar. Missis Hill qeyd etdi ki, bu kəmsavad demaqoqlar bir neçə dəfə İngiltərədə olduqları üçün Allah bilir özləri haqda düşünürlər ki, dəhşət savadlıyıq, amma öz xalqlarını tanımırlar. Axı xeyirxahlıq və mərhəmət göstərərək yerli camaatın çox asanlıqla rəğbətini qazanmaq olar.

Ancaq rəfiqələri gedəndən sonra missis Hill fikrə daldı. Onu qəflətən narahatlıq hissi onu bürüdü. İlk dəfə ağlına gəldi ki, qonşulardan çox uzaqda yaşayır və əgər bir şey baş versə, onun köməyinə çətin ki, kimsə çatsın. Lakin az sonra xatırladı ki, silahı var, ürəkləndi.

Nyoreqanın iş saatı şam yeməyindən sonra bitdi. O gecənin qaranlığına çıxdı. Sahibin evindən təpənin ətəyində yerləşən muzdurların evinə aparan cığırla addımlayaraq sükutu pozmaq və tənhalığı hiss etməmək üçün fit çalmağa başladı, lakin dərhal da susdu.

Bayquşun səsi eşidildi. Nyoreqa yerində quruyub qaldı. Ətraf zülmət qaranlıq idi. Arxada qalan sahibin evi qaranlıqda güclə sezilirdi –iri, bədbin…

Nyoreqa qaşqabaqla evə baxdı:

– Sən, sən… Mən uzun illərdir sənə qulluq edirəm…Əvəzində nə əldə etdim? Məni nəyə çevirmisən? Məni öz torpağımda nəyə çevirmisən!

Nyoreqa qışqırmaq, ürəyindəki qəhəri nifrət dolu sözlərə çevirmək istədi. Lakin onun ürəyindəkilərdən evə nə! Nyoreqa başa düşdü ki, az qala, axmaqlıq edəcəkdi və yolunu davam etdi.

Yenə bayquş səsi. İkinci dəfə!

“Ona xəbərdarlıq edir” – deyə düşündü. Və yenidən Allahın onlara bəxş etdiyi bu yerlərdən onları qovan, Keniya övladlarını öz torpaqlarında sıxışdıran bütün gəlmələrə, ağlara qarşı qəlbində etiraz baş qaldırdı. Məgər Hekoyo tanrısı bu torpaqların qəbilə başçısına və onun nəslinə məxsus olacağını vəd etməmişdimi? Tanrı sözünə əməl etmədi…

Nyoreqa atasını xatırladı – nədənsə həmişə qəzəbli və məyus olanda onu xatırlayırdı. Atası qəbiləyə aid məbədlərin ayaq altına salınmasının qarşısını alarkən həlak olmuşdu. Bu hadisə Nayrobidə polisin dinc nümayişçilərə atəş açanda baş vermişdi. Atası o gün ölənlərin arasında idi. O vaxtdan Nyoreqa ağ mühacirlərin fermalarında muzdur işləyərək alın təri ilə bir parça çörək qazanmaq məcburiyyətində qaldı. Bu neçə illər ərzində hər cür sahiblə rastlaşdı – zalımını da gördü, mərhəmətlisini də. Lakin hamısının bircə məqsədi vardı –onun daxilindəki insanı ram etmək. Elə verdikləri pul da ancaq acından ölməməyə çatırdı. Artıq on ildən çoxdur ki, o, Hillər ailəsinə qulluq edir. Bu gün missis Hillin sahibəsi olduğu torpağın böyük hissəsi, atasının sözlərinə görə nəsildən-nəslə keçməklə onlara məxsus idi. Bir dəfə quraqlıq səbəbindən onun atası qonşularla birlikdə müvəqqəti olaraq Muranquya getdilər. Qayıdanda məlum oldu ki, onların torpaqlarını zəbt ediblər.

“Bu ağacı görürsən? Yadında saxla bura sənin torpağındır. Səbirli ol. Gün gələcək onlar getməyə məcbur olacaqlar və onda öz torpağını geri tələb edə biləcəksən…”

Uşaq vaxtı və atasının ölümündən sonra kişinin vəsiyyətini unutmuşdu. Lakin bir dəfə təsadüfən bu yerlərə yolu düşərkən həmin ağacı gördü və hər şeyi xatırladı… Atasının dediyi hər bir söz yadına düşdü. Hətta sahənin sərhədləri də…

Missis Hill heç vaxt Nyoreqanın xoşuna gəlməyib. Onun qulluqçulara təkəbbürlü münasibəti, onların qayğısına qalmağı barədə boşboğazlığı Nyoreqada nifrət yaradırdı. O, Missis Smays və Missis Hardi kimi sahiblər üçün də işləmişdi. Bunlardan ən azı nə gözləniləcəyini bilirsən. Lakin missis Hill! Onun təngə gətirən xeyirxahlığı adamı cinləndirirdi. Nyoreqa bütün ağ mühacirlərə nifrət edirdi. Onların müştəbehliyi və riyakarlığı onu təngə gətirmişdi. O gözəl bilirdi ki, missis Hill də istisna deyil, sadəcə himayədarlıq etmək xanımın xoşuna gəlir və bu da ona əsas verir ki, başqalarından daha yaxşı olduğuna inansın. Əslində isə ən pisi elə odur.

“Onlara nifrət edirəm! Hamısına nifrət edirəm!” – deyə Nyoreqa ürəyində danışdı. Sonra onu qəmgin məmnunluq hissi bürüdü. Bu gecə missis Hill öləcək, nəhayət bütün ağ adamların təkəbbür və saxta xeyirxahlığının, günahlarının ədalətli əvəzi veriləcək. Bir düşmən azalacaq!

O, öz evinə yaxınlaşdı. Barakların bacasından tüstü görünmürdü, elə işıq da sönmüşdü. Bəziləri yatmaq üçün uzanmış, bəziləri isə bara pivə içməyə getmişdilər. Nyoreqa lampanı yandırıb çarpayıda oturdu. O, balaca bir otaqda yaşayırdı. Çarpayıdan əlini uzatsan otağın istənilən küncünə əlin çata bilərdi. Belə darısqallıqda o, iki arvadı və uşaqları ilə artıq altı ildir ki, yaşamaq məcburiyyətində qalmışdı. Missis Hill isə əmindir ki, bu daxmaları kərpicdən tikdiribsə, artıq heç nə arzulamağa dəyməz!

– Hə, necədir, razısız? – deyə adətən qulluqçulardan soruşardı.

Hər dəfə evinə qonaq gələndə onlara böyük fəxrlə bu evcikləri göstərirdi.

Yenə Nyoreqanın üzünü acı təbəssüm bürüdü, nəhayət, bu gün missis Hill müştəbehliyinin və riyakar mərhəmətinin haqqını ödəyəcək. Baltanı itiləmək lazımdır. O, atasının ölümünü, alçaldılmış ailə şərəfini, sahibi ola bilmədiyi torpağın qisasını almalıdır. Yaxşı ki, arvadları və uşaqlarını kəndə yollamışdı. Yəqin ki, bu gündən sonra qaçmaq, gizlənmək lazım gələcək…

Partizanlar indilərdə gələrlər. O, partizanları sahibənin evinə aparacaq. Ümumiyyətlə, bu xəyanət olsa da, o, bunu etməyə məcburdur.

Yenə bayquşun səsi gəldi. Bu dəfə daha hündürdən. Axmaq əlamətdir! Bayquş daim ölüm carçısı olub. Onun fikirləri daim missis Hillə qayıdırdı. Axı neçə vaxtdır ki, onların evində yaşayırdı! Sahibə öz ərini sevirdi. Onun ölüm səbəbini eşidəndə kədərindən az qala öləcəkdi. Riyakarlığından heç əsər-əlamət də qalmamışdı. Bütün qadınlar kimi qəm-qüssə içində idi. Nyoreqanın hətta ona yazığı gəldi… Uşaqlar… Onun gözləri qarşısında böyümüşdülər. Adi uşaqlardır. Elə onun öz uşaqları kimi. Valideynləri onları sevirdi, missis Hill isə bütün həyatını onlara həsr etmişdi… İndi onlar atasız, anasız uzaqda – İngiltərədədirlər…Və qəflətən o, başa düşdü ki, bunu edə bilməyəcək. Axı missis Hill onun Njeni və ya Vambuusu kimi qadındır, həyat yoldaşıdır, anadır. O, qadını öldürə, anaya əl qaldıra bilməz. Bu zəifliyinə görə özünə nifrət edirdi. Belə ruhdan düşmək olmaz. Unutmaq olmaz ki, o plantasiya sahibi ağ adamdır və onun torpağına sahib çıxıb. Bu halda hər şey öz yerini tapar, axı Nyoreqa bütün plantasiya sahiblərinə və ağ adamlara nifrət edir. Onların hamısını öldürərdi. Tərəddüd etmədən, vicdan əzabı çəkmədən. Lakin indi özünü ələ ala bilmirdi. Əvvəllər missis Hillin qadın, ana olduğu heç ağlına da gəlməmişdi. Heç vaxt! Bu günədək heç vaxt! Axı o sahibənin yanında on ildir ki, yaşayır, bu illər onun üçün nə qədər əziyyətli və alçaldıcı olsa da.

Bu illər ərzində ədalətsizliyə, ağlarla qaralar arasında düşmənçiliyə son qoyması üçün Allaha nə qədər dua etmişdi. Lakin onun dualarının köməyi olmadı…

İndi o nə etməlidir? Necə etməlidir? Qardaşlarına xəyanətmi etməlidir? O, plantasiya sahiblərinə nifrət edirdi. Onun bu hissini heç nə sarsıda, dəyişə bilməzdi. Lakin iki uşaq anasını öldürmək onun imkanları xaricində idi…

O küçəyə çıxıb yenə qaranlığa qarışdı. Ulduzlar göydən ona baxırdı. Onların baxışları soyuq və diqqətli idi – sanki onun nə qərar verəcəyini səbirsizliklə gözləyirdilər. O, yeyin addımlarla missis Hillin evinə tərəf yollandı. O, Missis Hilli xilas edəcək, qurtaracaq, sonra isə təmiz vicdanla meşəyə gedib mübarizəsini davam etdirəcək. Qardaşlar onu anlayıb bağışlayarlar. Bütün daxilini fəth etmiş “qadını xilas etmək lazımdır” fikri ilə qaçmağa başladı. Addım səsləri eşidildi. O kolların arxasına keçib yerə uzandı. Bu, onlar idi. Nəfəs almadan Nyoreqa addım səslərini kəsilməsini gözlədi. Deməli, o xaindir. Yenə özünə qarşı daxilində yüksələn nifrəti hiss etdi. Ancaq həyatın çətin məqamında insana ünvanlanmış vicdanın səsinə qulaq asmaya bilərdimi? Ayağa qalxıb yenə qaçmağa başladı.

Bu da missis Hillin evi. Nəhayət ki!

– ”Memsahib! Memsahib!” – deyə qapını zərblə döyməyə başladı.

Missis Hill hələ yatağına girməmişdi. Zehnində qəmgin fikirlər dolaşırdı. Missis Smayls və missis Hardi ilə söhbətdən sonra narahatçılıq hissi hər ötən dəqiqə artırdı. Nyoreqa gedəndən sonra tək qalanda, o, seyfi açıb pistoleti götürdü. Əlində oynatdı. Hər şeyə hazır olmaq lazımdır. Eh, kaş əri sağ olaydı. Onda özünü belə tənha hiss etməzdi!

Afrikada birgə keçirdikləri ilk illəri xatırlayaraq köks ötürdü. O, əri və başqa köçkünlər bu vəhşi məmləkətdə məskən salıb xam torpaqları şumladılar. Nyoreqa və onun yerliləri artıq qəbilə müharibələrini unudub sülh və əmin-amanlıqda yaşayırlar. Qoy avropalılara minnətdar olsunlar.

Missis Hill zəhmətkeş və mülayim yerli camaatı yoldan çıxarmağa çalışan siyasətbazlara nifrət edirdi. Harstonların qətli heç ürək açan deyil. Bivaxt oldu! Missis Hill yenə də necə tənha olduğu barədə düşüncələrə qərq oldu, Nayrobi və ya Kinanhopadakı dostlarına yaxın yerə köçsə, yaxşı olardı.

Yaxşı bəs onun plantasiyalarında işləyən yerli camaat necə olsun? Axı onlar lap uşaq kimidirlər. Nyoreqanı xatırladı. Qəribə adamdır. Maraqlıdır, görəsən, onun neçə arvadı var? Ailəsi böyükdürmü? Qəribədir onların yanında çoxdan yaşasa da, bu barədə heç düşünməyib. Onun üçün Nyoreqa sadəcə qulluqçu olsa da, axı o, həm də atadır… O, köks ötürdü. Bu, əlbəttə, onun nöqsanıdır, qulluqçulara qarşı diqqətli olmaq lazımdır.

Bu vaxt qapı döyülməyə başladı və çığırtı eşidildi:

– ”Memsahib! Memsahib!”

Qışqıran Nyoreqa idi. Onun qulluqçusu…Alnını soyuq tər basdı. O sözləri ayırd edə bilməsə də, səsi eşidirdi. Bu da sonu! Son! Harstonlar kimi. Bütün bədəni titrəməyə başladı, başı gicəlləndi.

Lakin qəflətən gücü özünə qayıtdı. Kömək edəcək adam olmasa da, o özünü qorumağı bacarar. Əlində pistoleti bərk-bərk sıxaraq qapını araladı və atəş açdı. Ürəyi bulandı, boğazınadək gəldi. Ömründə ilk dəfə qan tökməli olmuşdu. Missis Hill ağlamağa başladı. O bilmədi ki, xilaskarını öldürüb.

Səhəri gün bu əhvalat qəzetlərdə çap olundu. Təsəvvür edin, tənha qadın görülməmiş şücaətlə on beş nəfərdən ibarət quldur dəstəsi ilə döyüşə girib! Hətta onlardan birini də öldürüb!

Missis Smayls ilə missis Hardi onu təbrik etməyə tələsdilər.

– Biz axı deyirdik onların hamısı yaramazdır! – deyə missis Smayls dilləndi.

– Onların hamısı birdir, – deyə missis Hardi təsdiqlədi.

Lakin missis Hill susurdu, Nyoreqanın öldüyü şərait onu karıxdırmışdı, narahat idi. Bu barədə düşündükcə, hey çaşıb qalırdı.

– Düzü heç bilmirəm – deyə o köksünü ötürdü.—Düşünürəm ki, Nyoreqanı heç vaxt başa düşə bilməmişəm.

– Əlbəttə, belədir. Onlar tamamilə anlaşılmazdırlar – deyə missis Smayls fikrində israr edirdi – hamısını dar ağacından asmaq lazımdır.

– Son nəfərinədək—deyə missis Hardi dəstəklədi.

Bax, beləcə, yəqin ki, heç kim Nyoreqanın ölümü barədə həqiqəti bilməyəcək, missis Hillin uzun müddət vicdan əzabını çəkdiyini də.

Tərcümə etdi: Rəfiqə Əlisəfa

Sim-sim.az

# 1622 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #