Kulis Qorxmaz Şıxalıoğlunun yeni şeirlərini təqdim edir.
Küdrü düzü
Sanki sonsuzluqdan yorulan sükut,
Burda torpaq olub, düzə çevrilib.
Bəlkə də ilk dəfə burda insanın
Dilinə “dünya” tək təzə söz gəlib.
Hayana baxırsan çöldü, düzəndi -
Yaxın da, uzaq da eynidir burda.
Zaman, əbədiyyət kölgəsi bilib,
Sanki uzaq durur, yan ötür burdan.
Sanasan düzlərin dərinliyindən,
Sükutun sehrli nəfəsi gəlir.
Belə sonsuzluqda insan bir yana,
Daşın da düşünmək həvəsi gəlir.
Bir iz də yox qədim “Karvan yolu”ndan -
Qarışıb düzlərə, qalıb bir adı.
Uzaqda sürünən ağappaq duman,
Bəlkə də o yolun yuxularıdır.
Göyün yaxasını cırar ildırım,
Gur yağış çölləri alar əlinə.
İldırım səsindən qorxan sığırçın,
Uçub bir qoyunun qonar belinə.
Üfüqü bir yağış tutar ötəri,
Günün qürubunda damcılar yanar.
Yağışda islanan yovşanın ətri,
Qarışar üfüqün qızartısına
Çöllərin əbədi yaz arzusunu
Qış sındırmaq istər soyuq gücünə.
Çör-çöpün dibindən işaran göy ot,
Qışın hədəsini almaz vecinə.
Uzaqdan görünən qoyun sürüsü,
Qürubda yeriyər kölgələr kimi
Çöllərə yayılan at kişnərtisi,
Adama xoş gələr al səhər kimi.
Adamın ürəyi atlanır burda -
Üfüqdən o yanı görmək istəyir.
Bu sonsuz aləmdə gücsüz sözlərin,
Uşaqtək tutmağa ətək istəyir.
Üfüqdə baş qoyub uzanan düzlər,
Sanki kainatın bilir sirrini.
Bəlkə ona görə çöllər bu qədər,
Bu qədər arxayın, sakit görünür.
İrəmə
Qupquru təpələr, sarı yarpaqlar...
Dünyanı yandırır yayın bürküsü.
Nə ətrafda bircə yaşıl yarpaq var,
Nə də eşidilir bir quşun səsi.
Sarıya bürünüb burda hər tərəf,
Hava da, elə bil, sarıya çalır.
Sanasan bu yerlər, sonuncu kərə,
Yüz il əvvəl görüb yağışı, qarı.
Bir yandan da səsi yay böcəyinin
Havaya bir təndir istisi yayır.
Adam elə bilir bu səs, səs deyil-
Bürkünün içində bürkü oxuyur.
Bir sarı hörümçək toru yapışıb,
Kolun dibindəki əlləmə daşa.
Bəlkə gözüm yaxşı ayırd eləmir,
Bir parça bürküdür daşa yapışan?
Yarğanın qaşında bitən kəvərdən,
İki-üç qurumuş sarı çöp qalıb.
Bir alabaxtanın lələyi yerdə,
Torpağın çatında ilişib qalıb.
Kimsəsiz uşaqdı cığır, elə bil,
Düşüb üzüqoylu ağlayır səssiz.
Həyan axtarsa da gözü arabir,
Tapmır həndəvərdə bir ləpir, bir iz.
Cığırın ağzında bir sarıtikan,
Necə də şax durub baxır arxayın;
Elə bil, torpağı, daşı qovuran,
Yayın qızmarına meydan oxuyur.
Dərin qobularda büzüşüb yatır,
İşığa tamarzı minillik kədər.
Bəs niyə ruhuma belə doğmadır,
Niyə ürəyimi oxşayır bu yer?
Niyə çəkir məni bu quru çöllər?
Varlığın sirri var bəlkə bu yerdə?
Allah, min il sonra mənə fürsət ver,
Gəlim bu yerləri qoy görüm bir də.
15.07.2014
Qışlaq
Yolunu ot basıb, cığırı itib,
Köhnə çağlarından qalmayıb nişan.
Palçıq dəyələri dağılıb, gedib,
Qəm-kədər boy atıb, hayana baxsan.
Çürük taxtaları yerdə qaralan,
Qapının cəftəsi pas atıb qalıb.
Sökülüb ağılı, çöküb tövləsi,
Qışlaq dediyinin bir adı qalıb.
Yağışın döydüyü uçuq divarlar,
Düşmənə yalvaran əsirə bənzər.
Palçıqla suvanan ağac tavanlar,
Əlli ildən qalan xəlbirə bənzər.
Dəyənin ağzında bitən qarağac,
“Zarıncı” oxuyan aşıqdı sanki.
Torpaq döşəmədə uşaq corabı
Bir parça çürüyən işıqdı sanki.
Yaxında ağaran böyük gölməçə,
Bir xırda hənirə qulaq şəkləyib.
Suya baş sallayan yovşan topası
Qoymur gölməçəni kədər təkləyə.
Ruzu işığına təşnə buyurdun,
Dağılıb tifaqı, çevrilib taxtı.
Bu qışlıq, elə bil, şüşəsi sınan
Nefti qupquruyan köhnə çıraqdı.
Gözündə bir doğma nəfəs həsrəti,
İllərdir qalıbdı qulağı səsdə...
Kaş ki, gəlməyəydim heç bu qışlağa,
Gedirəm dərd qoyub dərdinin üstə.
22.01.2016