Seymur Baycanın hekayəsi: Zəif bənd

Seymur Baycanın hekayəsi: Zəif bənd
6 yanvar 2015
# 08:30

Kulis.Az Seymur Baycanın uşaqlar üçün yazdığı “Zəif bənd” hekayəsini təqdim edir.

Onlar qəsəbənin kənarındakı təpənin yanından ötüb dərəyə endilər, hasarı yarı uçub tökülmüş həyətə girdilər. Həyətdəki ağacların budaqları bir-birlərinə dolaşmışdı. Fira qabaqda gedirdi. Onun əsl adı Firəngiz idi, amma hamı ona Fira deyə müraciət edirdi. Ona Fira deməyənlərdən zəhləsi gedir və onlarla söhbət etmirdi.

Fira həyətdə görünən kimi ağacların budaqlarına qonmuş qarğalar həyəcanla qarıldaşdılar. Bir böyrü yatmış komanın tinindəki it damından iri, qıllı bir köpək zəncirini cingildədə-cingildədə qalxdı. Dal ayaqlarını dayaq verib tullandı. Zənciri onu boğub arxaya dartanda Fira diksinib geri çəkildi, rəngi ağarmış halda sürücüyə sığındı və gecə vaxtı qəbiristanlığa düşmüş adam kimi dəhşət içində ətrafa baxdı. Sürücü Firanı məmnun bir halda qolları arasında bərk-bərk sıxdı, qorxma-qorxma dedi. Sürücü çox xoşbəxt idi, bundan artığı ona lazım deyildi.

İt bir az hürdü. Sonra yenə əvvəlki yerinə qayıtdı. Dili qıpqırmızıydı, gözləri isə insan gözlərinə bənzəyirdi. Gərnəşdi. Başını sirkələdi. Qabaq ayaqlarını cütləyib var gücü ilə yerə basdı. Belini az qala qarnı yerə dəyincəyə qəsər əydi, dodaqlarını aralayıb iri dişlərini göstərdi. Sonra itin sifəti mülayimləşdi, hətta adamda mərhəmət oyadan yazıq bir səs çıxartdı. Heç elə bil bayaq özünü yırtan it bu deyildi.

Komanın hisdən qaralmış qapısı açıldı. Astanada qəribə bir məxluq göründü. Bu məşhur cadugər idi. Fira bu cadugər haqqında çox söhbətlər eşitmişdi. Onu görməkdən ötrü altmış kilometr məsafə qət etmişdi. Cadugərin yaşını təyin etmək mümkün deyildi. Ordları batmış, üzü qırış-qırış olmuşdu. Qara yaylığının altından çirkli, pırtlaşıq saçları görünürdü. Sümükləri çıxmış əllərini qapının halqasına keçirmiş cadugər Firanın üzünə baxdı və yumşaq bir səslə “Xoş gəlmisiniz” dedi. Fira cadugərdən bu cür mülayim səs gözləmirdi. Bu səs cadugərin görünüşünə heç uyğun gəlmirdi. Bununla belə Fira yaxınlaşmağa qorxub cadugərlə uzaqdan salamlaşdı. Cadugər başı ilə qapını göstərdi. “Buyurun, içəri keçin” dedi və qabaqca özü komaya daxil oldu. Fira sürücüdən aralanıb qorxa-qorxa başında min bir fikir qapıya tərəf getdi. Hətta bura gəlməyinə bir az peşman da olmuşdu, lakin niyyəti onu istər-istəməz irəli itələyirdi. Koma soyuq və qaranlıq idi. Qapı örtüləndən sonra Fira ətrafda heç bir şey görmədən əl havasına bir stul tapıb oturdu. Həyəcanla sözləri qıra-qıra bura kimin vasitəsiylə, nə üçün gəldiyini nağıl etdi. Firanın gözləri getdikcə qaranlığa alışırdı. Komanın içindəki əşyalar bir-bir, yavaş-yavaş görünməyə başlayırdı. Fira komanın içini nəzərdən keçirə-keçirə düşünürdü-bu qədər pul qazanır, yaşadığı evə bax. Görəsən qazandığı pulları hara xərcləyir. Otağın başında oturmuş cadugər ağzını geniş açdı. Elə əsnədi ki, qırışıqlı üzü yoxa çıxdı, üzün yerində qara bir oyuq yarandı. Bu oyuğun içində iki əyri diş göründü. Qarı ağzını örtdü və oyuq qırışıqlı üzə çevrildi.

- Beş yüz manat.

- Çox deyil?

- Ölüm işidir. Mən hələ tanışımızın xətrinə sənə az deyirəm. Tanımadığım adamlara yeddi yüzdən aşağı qiymət demirəm. Killer tutsan bundan yüz dəfə artıq xərcin çıxar. Mən isə cəmisi beş yüz manata tərtəmiz iş görürəm.

- Bir az aşağı olmaz?

- Yox olmaz. Bundan aşağı düşə bilmərəm.... Sən niyə onu öldürmək istəyirsən? Düzünü de. Nə qədər doğrusunu desən işimiz bir o qədər asan olar. Bura hər cür adam gəlir. Bəziləri doğru danışmırlar. Bu zaman cadular düzgün təyin olunmur və öz təsir gücünü itirir. Sonra da şikayət edirlər ki, cadu yaxşı təsir göstərmədi. Axırda məlum olur ki, onlar doğru danışmayıblar. Məni çox aldadıblar. Əslində onlar məni yox, özlərini aldadırlar. Baxıram savadlı qıza oxşayırsan. Yəqin bilirsən ki, cadu iki başlı olur. Yalan danışanda cadu bəzən adamın üstünə qayıdır. Tem bolee ölüm işidi. Ehtiyatlı olmaq lazımdı. Utanma, düzünü de. Mən keşmişdə uzun illər universitetdə müəllim olmuşam. Minlərlə tələbəm olub. Adamın üzünə baxan kimi nə mənsəbə qulluq etdiyini bilirəm.

Fira başını aşağı salıb dedi:

- Mən onun paxıllığını çəkirəm. Yaşaya bilmirəm. O hər yerdə diqqət mərkəzində olur. Nə geyinir ona yaraşır. Onun çoxlu pərəstişkarları var. Hamı onunla tanış olmaq istəyir. Mən bahalı paltarlar alıram. Heç kim heç nə demir. O, isə iki dəfə aşağı qiymətə paltar alıb əyninə geyinir. Hamı onu tərifləyir. Axırda ürəyimdə qara qanlar axa-axa mən də tərifləməyə məcbur oluram. Mən əzab çəkirəm. Belə yaşamaq mümkün deyil. Bu əsl cəhənnəmdir. Lütfən, yalvarıram məni bu əzabdan xilas edin. Biz bir şöbədə işləyirik. Hamı bizi podruqa kimi tanıyır. İşdən sonra hara gediriksə bir yerdə gedirik. Bizi həmişə bir yerdə görürlər. Hər yerə birlikdə dəvət ediblər. Adamlar bizi bir yerdə görməyə alışıb. Hər gün onu görmək mənim üçün əzabdır. Daha onu görmək istəmirəm. Onu görməmək üçün ölkədən çıxıb getmək istəyirəm. Ya o bu ölkədə yaşayacaq, ya da ki, mən.

Fira özünü saxlaya bilməyib ağladı. Cadugər belə ağlayan qızları çox görmüşdü. Koması şəhərdən xeyli aralı yerləşsə də müştəri sarıdan korluq çəkmirdi. Hərəni bir dərd onun yanına gətirirdi. Kimisinin əri gəzirdi, kimisi ərə getmək, kimisi də sadəcə xərcə düşüb paxıllıqdan qonşusunu, qohumunu qara dərdə düçar etmək istəyirdi... Cadugər ağlayan adam görəndə əsəbiləşirdi. Göz yaşlarına dözə bilmirdi, tərslikdən də bura gələn qızların əksəriyyəti dərdlərini danışanda ağlayırdılar. Ağlaya-ağlaya danışırdılar.

- Yaxşı-yaxşı ağlama. Ürəyimi dağlama. Beş yüz manat xərcin çıxacaq. Sən ki, belə açıq danışdın, çox xoşuma gəldin. Bu artıq mənim üçün iş deyil, prinsip məsələsidir.

Fira pencəyinin cibindən beş ədəd yüzlük çıxarıb cadugərə uzatdı. Bura gələndə tanışı ona ölüm işinin qiymətini demişdi. İşin beş yüz manata alınmasına Fira ürəyində sevinirdi. O özünü iki yüz manat qabağa düşmüş adam kimi hiss edirdi. Qarı pulları alıb saymadan qoynuna soxdu. Elə həmin yerdən qoz böyüklüyündə bir düyünçə çıxarıb Firaya verdi. Düyünçədə qəbir torpağı, tabut yonqarı, sabun qırığı, bıçaq sınığı, ölü dırnağı və daha bu kimi caduya lazım olan materiallar vardı.

Bu şeylərin hər biri Firanın rəfiqəsinə bədbəxtlik gətirməli idi. Qəbir torpağı onu toza döndərməli, bıçaq sınığı hər gün Firanın rəfiqəsinin ürəyinə girib onu deşik-deşik etməli idi. Sabun isə qızın əriyib izsiz-tozsuz yox olmasına kömək edəcəkdi. Cadugər Firaya düyünçəni rəfiqəsinin evinə atmağı məsləhət gördü. Sonra yenə həmin yerdən-qoynundan-bir xəmir kündə çıxarıb Firaya verdi. Qəti olaraq dedi ki, gündə bir dəfə bu kündəyə iynə batırmaq lazımdı. Bunun nəticəsində Firanın rəfiqəsində dəhşət baş ağrısı yaranacaq. Elə bir başağrısı ki, bu ağrıya dözməkdənsə rəfiqəsi ölməyi daha üstün tutacaq.

Fira cadugərin komasından birbaş rəfiqəsi gilə getdi. Evə zəng vurub anasına rəfiqəsigildə gecələyəcəyini dedi. Anası bir az mızıldanıb axırda razılaşmağa məcbur oldu. Onsuz da razılaşsa da razılaşmasa da qızı istədiyini edəcəkdi. Ən yaxşısı bir az özünü narazı kimi göstərib üzüsulu razılaşmaqdı. Fira tez-tez rəfiqəsigildə gecələyirdi. Hətta sevgilisiylə gecə bir yerdə olanda da evdəkilərə rəfiqəmgildə qalacam deyirdi.

Orda hər zaman olduğu kimi bu dəfə də Firanı mehribanlıqla, gülərüzlə qarşıladılar. Emanın anası plov dəmləmişdi. Fira plovdan doyunca yedi. Plovu xeyli təriflədi. Emanın anası bu təriflərdən xeyli məmnun qaldı. Rəfiqələr xeyli söhbət etdilər. Çoxlu qeybət etdilər. Kim hansı mağazada hansı cür paltar gördüyünü danışdı. Nəhayət danışıb-danışıb yoruldular, yatağa girib bir-birlərini sığallayıb, oxşayıb, ehtiraslı sözlər pıçıldayıb boşaldılar, rahatlaşdılar, bir-birlərinə gecən xeyrə qalsın deyib yatdılar. Səhəri gün bəzənib-düzənib bir yerdə işə getdilər.

Fira hər gün xəmir kündəyə bir dəfə iynə batırırdı. O, özünü güclə saxlayırdı. Kündəni iynəylə deşik-deşik etmək istəyirdi. Lakin cadugər ona gündə yalnız bir dəfə xəmir kündəyə iynə batırmağı tapşırmışdı. Fira kündəni itirməkdən çox qorxurdu. Kündəni çantasında gəzdirirdi. Gündə bir neçə dəfə çantaya baxıb kündənin orda olub-olmamasını yoxlayırdı.

Saat 00:01-i göstərən kimi Fira əlində hazır tutduğu iynəni kündəyə batırırdı. Bəzən o bərk yorulurdu. Heç cürə yuxuya müqavimət göstərə bilmirdi. Əl-üzünü soyuq suyla yusa da, tünd kofe içsə də, barmağını azca kəsib yaraya duz töksə də xeyri olmurdu, yatırdı. Səhər yuxudan oyananda hər şeydən əvvəl ilk işi xəmir kündəyə iynə batırmaq olurdu...

# 1734 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #