Bacarıqsız “Azərbaycan”lılar...

Bacarıqsız “Azərbaycan”lılar...
21 iyun 2014
# 08:00

Azərbaycan Yazıçılar Birliyinin son qurultayında hesabat xarakterli çıxışlarda “Azərbaycan” jurnalının baş redaktoru heç bir təklifi və fikri ilə yadda qalmadı. Üstəlik onun məzmunsuz və maraqsız çıxışını demək olar ki, heç bir mətbu orqan yayımlamadı.

Sanki biz bu jurnalının çöküşünün bir səhnəsini də o zalda izlədik.

Bu məqam “Azərbaycan” jurnalı ilə bağlı müzakirələri aktuallaşdırır.

İntiqam müəllim “Azərbaycan” jurnalının sayca iyirminci baş redaktorudur və nə az, nə də çox- düz 17 ildir yaşı doxsanı keçmiş bu ədəbi orqana rəhbərlik edir. Əslində bu jurnal haqqında uzun-uzadı danışmağa, təhlil etməyə ehtiyac yoxdur. Yəni hər şey açıq-aydın ortalıqdadır. Dövlətin maliyyə dəstəyi ilə nəşr olunan bu jurnalın ədəbiyyatımıza necə xidmət etməsi (etməməsi) göz önündədir. Görünən dağa bələdçi lazım olmasa da, dağın altındakı mağaralara təcrübəli bələdçi lazımdır. Mən təcrübə konusunda iddialı deyiləm, amma ən azı diqqətli oxucu kimi bəzi məsələlərdən digər oxucularımızı xəbərdar etmək istərdim.

Məsələn oxucuların çoxusu bilmir ki, “Azərbaycan” jurnalında çoxlu lazımsız kadrlar çalışır. Ümumi işə heç bir faydası olmayan yaşlı və ətalət basmış əməkdaşların çoxluğu, gənc kadrların demək olar ki olmaması jurnalın işinin bu cür yarıtmaz qurulmasının əsas səbəbidir.

Bir vaxtlar ədəbiyyatımızın aparıcı ədəbi orqanı hesab olunan jurnalın, hazırda ədəbi proseslərdə heç bir rolu yoxdur. Bunu bir neçə dəfə Əsəd Cahangirin rəhbərliyi ilə təşkil olunan müzakirələr də təsdiqlədi. Mən qətiyyən Əsəd Cahangirin jurnaldakı təşəbbüskar imicinə xələl gətirmək istəməzdim. Amma jurnalın astagəl ruhu bu təşəbbüsləri mənasızlaşdırır..

Jurnaldakı materialların qruplaşdırılması görüntü olaraq möhtəşəmdir: folklor, klassik irsimiz, ədəbi gənclik, sənətkarlıq məsələləri, tənqid və ədəbiyyatşünaslıq, dünya ədəbiyyatı, dəyirmi masa, tərcümə və s. və ilaxir. Bu bölgüylə keyfiyyətli ədəbi məhsullar çap olunsa, jurnal qısa müddətdə ədəbi prosesə yön verə bilər. Amma, ancaq, lakin...

...Valideynlərimin kənddəki kitabxanasında “Azərbaycan” jurnalının sovet dövründə çap olunan yüzdən artıq nömrəsi vardı. Uşaqlığım bu jurnalları mütaliə etməklə keçib. Uzun qış gecələrində valideynlərimin də, qonşularımızın da ən sevimli məşğuliyyəti idi “Azərbaycan” jurnalının köhnə nömrələrini vərəqləmək. Nəsrimizin ən gözəl nümunələri bu jurnalda çap olunur, jurnallar şəxsi kitabxanalarda hörmətlə qorunurdu. İki yaxın qonşumuzun da kitabxanasında ən azı 50-60 “Azərbaycan” jurnalının köhnə nömrələrini görmüşdüm.

Görəsən bu gün uzaq dağ kəndlərində “Azərbaycan” jurnalı oxuyan oxucu varmı? Uzaq dağ kəndləri bir yana, heç paytaxtımız Bakıda belə, bu jurnalı alıb həvəslə oxuyan oxucu tanımıram. Mənim şəxsi kitabxanamda cəmi 4-5 nömrəsi var “Azərbaycan” jurnalının. Məcbur olmasam, heç oxumaram bu jurnalı. Amma bu yazını yazmaq üçün 5-6 nömrəyə göz atmağa məcbur oldum.

Sonuncu dəfə pul verib bu jurnalın iki nömrəsini dostum Cavid Zeynallının “Leyla” romanı çap olunanda almışdım, təxminən bir il əvvəl...

Jurnalın vəziyyəti həqiqətən acınacaqlıdır. Jurnalda çap olunan şeirlərin səviyyəsindən danışmasaq yaxşıdır. Çap olunan şeirlərin böyük qisminin qətiyyən şeirə aidiyyatı yoxdur. Əyalət təfəkkürlü məmur-şairlər, şeirdən bixəbər qafiyəbazlar və qəzəlxanlar jurnal səhifələrində at oynadır. Və yaxud nə qədər olar folklor bölməsində “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları haqqında material dərc etmək? Bəyəm folklorşünaslıqda başqa heç bir yenilik yoxdur?

Azərbaycan oxucusu “klassik irsimiz” adı altında təkrar-təkrar Nizamini, Füzulini, Nəsimini nə vaxta qədər oxuyacaq? Hələ “ədəbi gənclik” adı altında çap olunan 50-55 yaşlı ağzı qatıq kəsməyən şairləri, yazıçıları demirəm.

Jurnalı vərəqləyərkən sosrealizm qoxusu verən teatr tənqidləri ilə rastlaşsanız, çaşmayın. Bəli, bu jurnalda tənqid sovetdənqalmadır. Kif basmış yanaşma, alayarımçıq təhlil və qeyri-sağlam düşüncə tərzi... Elə ədəbi tənqidlərin də səviyyəsi jurnalın ümumi kəsafətli ruhuna sadiqdir.

Önəmli məsələlərdən biri də jurnalın səhifələrini zəbt edən dissertasiya materialları, gözümüzü döyənək edən qrafomanlarla bağlıdır. Elə bir nömrə yoxdur ki, ədəbiyyatdan min kilometrlərlə uzaq materiallar bəh-bəhlə təqdim edilməsin. Sovet dövrünə xas palaz-palaz yubiley təbrikləri (təmənnalı tostlar) isə oxucu üçün əsl işgəncədir.

Dünya ədəbiyyatı ilə “Azərbaycan” jurnalının arasından sanki qara pişik keçib. Təqdim olunan nümunələr ya çox keyfiyyətsizdir, ya da lazımsızdır. Jurnal rəhbərliyi hərdən dünyada tanınmış imzalarla baş qatmağa çalışsa da, seçimdəki zövqsüzlük, geridəqalmışlıq ürək bulandırır. Müasir dünya ədəbiyyatı ilə, “Azərbaycan”lıların arası ciddi şəkildə dəyib...

Jurnal dövlətdən aldığı maliyyə ilə böyük bir kollektivi dolandırır. Amma jurnalın satışı bərbad gündədir. Yəni dəqiq məlumatlara görə hər nömrədən cəmi 20-30 nüsxə satılır.

Əslində görünən dağa nə bələdçi... Nəticə bundan ibarətdir ki, bu jurnalda çox ciddi dəyişikliklərə ehtiyac var.

Cəlil Cavanşir

# 4092 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #