Xalq yazıçıları nə oxuyur? SORĞU

Xalq yazıçıları nə oxuyur? SORĞU
21 oktyabr 2013
# 12:27

Kulis.Az yazıçı və şairlərə növbəti dəfə “Nə oxuyursunuz?” sualı ilə müraciət edib. Cavabları təqdim edirik.

Afaq Məsud: “Heç nə oxumuram, daha çox işləyirəm”.

Kamal Abdulla: “Mənim özümün kitabla münasibət konsepsiyam var. Mən axır zamanlar daha çox əvvəllər oxuduğum kitabları yenidən oxuyuram. Sanki belədə mənim özümün bəzi yazıçılar üçün "qalxıb-enmə zolağı"m hər dəfə təzələnir. Yeni nüanslar yaranır, oxuduğumu əvvəlkindən daha adekvat qəbul edə bilirəm.

Mən bu gün daha çox Haqverdiyevi, Bulqakovu, Trifonovu, Servantesi, Brodskini oxuyuram. Güləcəksən, amma özümü oxuyuram”.

Anar: “Əlbəttə ki, oxuyuram, amma ad çəkməyəcəm”.

Ramiz Rövşən: “Mən bu yayı Folknerə həsr etmişdim, Folknerlə məşğul idim. Yenidən Folknerin kitablarına, romanlarına baxdım. Mən hər yay yazıçılardan birini təkrarlayıram. Məsələn, əsasən yay aylarında bir dəfə Lev Tolstoyu, bir dəfə başqa birini təkrarlayıram”.

Nəriman Həsənzadə: “Nizami Gəncəvini, Vilyam Şekspiri daimi oxuyuram. Nizami, Şekspir mənim stolüstü kitablarımdır. Digər tərəfdən mən həm də kulturologiyadan dərs deyirəm akademiyada, ona görə, bir sıra fəlsəfi materiallar oxuyuram. Ancaq son günlərdə xüsusən qəhrəman türk paşaları, Türk-Osmanlı ordusunun hərbiyə naziri Ənvər paşa, onun qardaşı Nuru paşanın, Qafqaz-İslam Ordusunun Azərbaycana gəlişi, Bakının Şaumyanın işğalından azad edilməsi ilə bağlı materialları oxuyuram. Poemam da demişəm ki, “Türk can qoydu bu torpaqda, Azərbaycan deyə-deyə, tarix, səni oxuyuram, mən türkə can deyə-deyə”. Özümü onlara borclu hesab edirəm və onlar haqda yazılanları oxuyuram”.

Maqsud İbrahimbəyov: “İndi yeni əsər üzərində işləyirəm. İşləyən zaman isə heç nə oxumuram. Çalışan zaman hətta adım da yadımdan çıxır”.

Əkrəm Əylisli: “Rusiyada, Moskvada çıxan dövri jurnallar internetdə var. Orda maraqlı bir şey tapanda oxuyuram. Vaxtım daha çox Moskva jurnallarını izləməyə gedir. Çünki, rus dilindən ayrı bir dil bilmirəm. Mən həm də Azərbaycan dilində tərcümə əsərləri oxumuram. Bir də ki, yaxşı əsəri, güclü əsəri neçə dəfə oxusan elə bilirsən təzədən oxuyursan. Məsəl üçün, Con Steynbekin “Qəzəb salxımları” əsərini bu yaxında yenidən, ikinci dəfə rus dilində oxudum. Əvvəl oxumuşdum, yenidən oxudum. Dəhşətə gəldim. Belə əsərlər çoxdur. İldə bir dəfə, ya da uzağı iki ildə bir dəfə “Don Kixot”u oxuyuram. Çünki o əsəri oxuduqca içində yeni nəsə tapırsan. Bədii sözün ruhuyla yazılan əsəri neçə dəfə oxusan orda təzə bir şey tapa bilirsən. Saxta əsərləri bir dəfə oxuyursan, süjetindən xəbərdar olursan, qurtarır gedir, vəssəlam. Tutaq ki, Mirzə Cəlilin “Usta Zeynal”ı və yaxud başqa əsərlərini üzdən baxanda dərin görünmür, amma əslində o qədər dərindir ki... Məsələn, “Usta Zeynal”ı da 5-6 dəfə oxuya bilərsən. Hər dəfə yeni bir şey tapa bilərsən orda”.

Seyran Səxavət: “Hazırda heç nə oxumuram, dincəlirəm”.

Musa Yaqub: “Dövri mətbuatı, təzə yazıları, şeirləri oxuyuram birinci növbədə. Peyğəmbərimizdən 300-400 il əvvəl yaşamış Çərcis peyğəmbər haqqında yazılmış bir kitab var, onu oxuyuram. Ondan sonra əlimə düşən müxtəlif yazıları oxuyuram. Məqsədli şəkildə, bunu oxuyum, onu oxuyum kimi bir fikrim yoxdur. Marağım olan yazıları oxuyuram, təkrarlayıram”.

Vaqif Nəsib: “Hazırda vaxtım yoxdur kitab oxumağa, aradabir sevdiyim yazıçıların kitablarını vərəqləyirəm”.

Mövlud Süleymanlı: “Zaur Həsənovun “Çar skiflər” tədqiqat əsərini oxuyuram həmişə. Herodotu vərəqləyirəm. Türklərlə bağlı, Qafqazla bağlı, Cənubi Azərbaycanla, Midiya dövləti ilə bağlı olan əsərlər diqqətimi çəkir. Həmişə axtarışdayam. Axtarıram, yaxşı əsər olanda tapıb oxuyuram”.

Sabir Rüstəmxanlı: “Kitab oxumaq uzun illərdən bəridir ki, mənim gündəlik işimin mühüm bir parçasına çevrilib və oxumaq məsələsində mənim konkret bir rejimim yoxdur. Səhər, axşam, maşında, təyyarədə... İmkan daxilində bütün oxumaq vasitələrindən yararlanıram - əlyazılarından tutmuş ənənəvi və elektron kitablara qədər.

Oxuduğum kitabların coğrafiyası da çox genişdir. Bu da illər uzunu formalaşmış çevrədir. Bədii ədəbiyyatla yanaşı müxtəlif elmi-kütləvi nəşrlər, tarix, fəlsəfə, etnoqrafiya.

Ən az oxuduğum janrlardan biri detektivdir və maraqlıdır ki, son oxuduğum kitab da nədənsə bu janrdan olan əsərdir. İngilis yazıçısı Simon Bekettin "Ölümün kimyası" adlı detektiv romanı. Bu müəllif bizdə az tanınsa da, Avropada çox məşhurdur və ən çox oxunan yazıçılardan biridir, kitabları otuza yaxın dilə çevrilib. Oxuduğum romanı da bu janrın ən gözəl nümunələrindən biri hesab edirlər.

Ümumiyyətlə, mən "indi hansı kitabı oxuyursunuz" sualına cavab verməyə həmişə çətinlik çəkmişəm. Çünki evdə, işdə, maşında həmişə əlimin altında yeni kitablar olur və mən onları çox vaxt paralel oxuyuram. Çox dəbdə olan yazıçıların əsərlərini pis bir vərdiş olaraq, nədənsə, sona saxlayıram. Məsələn, dünyada çox məşhur olan əfqan yazıçısı Xalid Hüseyninin "Min möhtəşəm günəş" romanını oxumayan yazıçı az tapılar. İki-üç ildir ki, qardaşlarım bu romanı mənə təbliğ edirlər, ancaq qəribədir ki, oxumağa heç cür hövsələm çatmırdı. Yalnız indi "Ölümün kimyası"nı oxuyanda həmin romanı da başladım və ingilis yazıçısının kitabını yarıya çatdırana qədər onu oxuyub bitirdim. Əslində, o da ölüm haqqında bir romandır - ancaq ölümün siyasəti, böyük güclərin bir xalqı məhkum etdikləri ölüm haqqında”.

Çingiz Abdullayev: “Stolumun üstündə Elçin Hüseynbəylinin “Şaqi Komandora və 141-ci Don Juan” kitabı var. Mənə bağışlayıb, hazırda onu oxuyuram”.

# 3385 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #