Mariya nəyə görə hər şeyi atdı?

Mariya nəyə görə hər şeyi atdı?
23 iyul 2013
# 07:45

BARTLBİ VƏ KOMPANİYA

Kulis.Az Enrike Vila-Matasın “Bartlbi və kompaniya” romanından seçmələrin üçüncü hissəsini təqdim edir. Roman bir neçə il bundan qabaq çap edilsə də kult romanlardan hesab olunur. Bol esseistik parçalarla zəngin olan roman yazmayan yazıçılar haqqındadır.

Tərcüməçi: Nicat Məmmədov

Birinci hissə

İkinci hissə

15) Yetmişinci illərin ortasında Parisdə işləyirdim, ta o vaxtdan da qəlbimdə Mariya Lima Mendesə aid zamana tabe olmayan xatirə qoruyuram, həm də bu xatirə Mariyanın əziyyət çəkdiyi Bartlbi sindromunun qeyri-adi növünə də aiddir. Xəstəlik onu iflic vəziyyətinə salmışdı, əl-qolunu qorxuyla bağlamışdı.

Mən Mariyaya həyatımda heç kimə vurulmadığım kimi vuruldum, amma o mənim hisslərimi bölüşmürdü və mənə yalnız iş yoldaşı kimi yanaşırdı (biz onunla kolleqa idik). Mariya Lima Mendesin atası kubalı, anası portuqal idi, Mariya isə bu qan qarışıqlığı ilə çox fəxr edirdi.

  • Sonla fado arasında bir şey alındı, – deyə o bir qədər kədərlə gülümsəyərək tez-tez təkrarlayırdı.

Mən “Radio Frans internasyonal”da işləməyə başlayanda və Mariyayla tanış olanda o artıq üç il idi ki, Parisdə, bundan əvvəl isə Qavana və Koimbredə yaşayırdı. Mariya son dərəcə gözəl idi – ancaq metislər belə gözəl olur. Bir də o yazar olmaq istəyirdi.

- Yazar yox, ədib, – deyə o həmişə məlahətlə düzəliş edərdi.

İndi deyəcəyim sözlər heç də mənim ona olan sevgimlə izah olunmur: bütün ömrüm boyu Mariya Lima Mendes kimi ağıllı insanlara nadir halda rast gəlmişəm. O həm də çox istedadlı idi – təbiət ona ecazkar təxəyyül və əhvalatlar nəql etmək bacarığı bəxş etmişdi. Kubalı itizəkalılıq və portuqal qüssəsi. Ona arzusunu gerçəkləşdirməyə və “ədib” olmağa nə mane ola bilərdi?

Mariyanı ilk dəfə “Radio Frans”ın dəhlizlərində görəndə o artıq ciddi şəkildə Bartlbi sindromuna yoluxmuşdu, bu da onu yavaş-yavaş tam yaradıcılıq iflicinə sürükləyirdi.

-Xəstəlik, – deyirdi o. – Bu xəstəlikdir.

Xəstəliyin köklərini isə Mariyanın fikrincə, “şozizm”in – bu söz o zaman mənimçün sirrli səslənirdi, – qarşısıalınmaz yürüşündə axtarmaq lazım idi.

- “Şozizm”, Mariya?

-Bəli, – deyə o başını yellədərdi, sonra isə yetmişinci illərin əvvəlində Parisə gəldiyi, Latın kvartalında qaldığı, bu məkana “ədib” kimi yetişməsində ümidli olduğu barədə danışardı. Mariya, təbii, çox gözəl bilirdi ki, orada bir neçə nəsil Latın Amerikalı yazıçı yaşayıb, həm yaşayıb, həm də ədəbiyyatla məşğul olmaq üçün ideal şərait tapıb. Mariya Severo Sarduydan sitat gətirərdi: “əsrin əvvəlindən başlayaraq bizim yazarlar Fransaya, Parisə yox, Latın kvartalına və onun üç-dörd kafesinə mühacirət edib”.

Mariya Lima Mendes saatlarla “Flora” yaxud “Dö Maqo” kafesində oturardı. Mən də çox vaxt onu oralara ötürərdim. O mənə qarşı çox həssas idi, dost kimi rəftar edərdi, amma sevmirdi, yox, sevmirdi, amma bir növ nəvaziş duyurdı – qozbel olduğuma görə. Biz dəfələrlə bir yerdə vaxt keçirərdik. Mən də tez-tez ondan bu cür etiraflar eşidərdim: Parisə köçüb bu məhəllədə lövbər salanda ilk öncə seçilmişlər çevrəsinə daxil olduğunu hiss edirdi, bu icmanın damğasını, alkoqol, ayrılıq və sükut damğasını, ədəbi kvartalın və oradakı üç-dörd kafenin ən ali nişanlarını daşımağa razılıq verirdi.

-Mariya, nəyə görə məhz ayrılıq və süküt?

Bir dəfə o izah etdi: ona görə ki, Kuba və Karib dənizi, Seliya Krusun səsi üçün darıxır.

Ayrılıq və sükuta rəğmən ən əvvəl Paris Mariya üçün bütöv bir bayram idi. Amma seçilmişlər çevrəsinə daxil olma, gizli ordenin bir üzvünə çevrilmə sonda faciəylə bitdi, çünki Mariyanın həyatında onun “ədib” olmasına mane törədən Xəstəlik peyda oldu.

İlkin stadiyada Xəstəliyin konkret adı var idi – “şozizm”.

-Necə-necə, Mariya? “Şozizm”?

Bəli, günah bosanovada deyil, “şozizm”də idi. Yetmişinci illərin əvvəlində, Mariya kvartalda ev tutanda süjetsiz romanlar yazmaq dəbdə idi. Dəbdə “şozizm”, yəni əşyaların – stulun, masanın, karandaşçərtənin, mürəkkəbqabının, – son dərəcə dəqiq və geniş təsviri idi.

Nəticədə Mariya çox böyük əzab çəkdi. Amma lap əvvəl Latın kvartalının yeni sakini nəticələrin onu hara gətirib çıxaracağı barədə düşünmürdü. Bonapart küçəsində ev tutandan sonra o, dərhal işə, daha doğrusu, daim üç-dörd yerli kafeyə baş çəkməyə başladı və çox götür-qoy etmədən elə kafe masasının arxasında irihəcmli roman yazmağa girişdi. Başlıcası o öz yerini və ənənədə ardıcıllığını təyin etdi. Nə vaxtsa eyni kafelərdə oturan və ona bir növ təməllə struktur miras qoyan Latın Amerikası yazarları barədə düşünərək Mariya özü-özünə dedi: “Mən sələflərimə layiq olmağa məcburam”. “İndi mənim növbəm yetdi”, – kafelərə ilk gəlişləri zamanı deyirdi özü-özünə Mariya. Beləcə o “Le cafard”, yəni “Darıxqanlıq” adlı ilk romanına başladı. Romanın adı fransızca idi, amma yazı, təbii ki, ispanca olmalıydı.

Mariya yaxşı düşünülmüş plana ciddi şəkildə əməl edərək yazıya girişdi. Romanın qəhrəmanı qadın idi və onun, təbii ki, kədərli görünüşü var idi, o, yaşlı, sükuta qərq olmuş, səbirli, dənizi seyr edən insanların yanında stulda otururdu. Səmadan fərqli olaraq dəniz adi tünd boz rəngdə idi. Dəniz hamar və sakit idi, dalğalar xışıltıyla qumu tumarlayırdılar.

- Mənim avtomobilim var, – qonşu stulda oturan kişi dilləndi.

- Bu Atlantik okeanıdır?

- Əlbəttə, sizcə başqa nə ola bilər?

- Düşünürdüm ki, bəlkə bu Bristol boğazıdır.

- Yox! Baxın,– kişi xəritəni götürdü. – Bristol boğazı buradadır, bizsə buradayıq. Bu Atlantikadır.

- Çox bozdur,– dedi qadın, sonra isə ofisiantdan bir stəkan soyuq mineral su xahiş etdi.

Buracan Mariyada hər şey əla gedirdi, amma mineral suyundan başlayaraq roman ən faciəvi tərzdə dayandı, çünki birdən Mariyanın ağlına gəldi ki, “şozizm”siz keçinmək mümkün deyil, başqa sözlə, dəblə ayaqlaşmaq lazımdı. Ona görə də o mineral su şüşəsinin üstündəki kağızın təsvirinə otuz səhifə yer ayırdı.

Kağızın yorucu təsvirini bitirib qum sahilini tumarlayan yumşaq dalğalara qayıdandan sonra roman dayandı, daha doğrusu, çürüyüb töküldü, nəsə cəfəngiyat alınırdı, bu da Mariyanı elə pis vəziyyətə saldı ki, o “Radio Frans”da təzəlikcə düzəldiyi işə girişməyə tələsdi... Bu azmış belə o “şozizm”in təcəssümü olan “yeni roman”çılıq üslubunda yazılmış kitabları, ilk növbədə də Rob-Qriyenin əsərlərini öyrənmək fikrinə düşdü, baxmayaraq ki, elə hamıdan çox Mariya məhz Rob-Qriyeni oxuyurdu.

Günlərin bir günü Mariya öz “Darıxqanlığ”ına qayıtmağa qərar verdi. “Gəmi sanki hərəkət etmirdi” – bu sözlər Mariyanın yenidən romançı olmaq cəhdinə aid idi, fəqət indi onun əl-qolunu başqa şeylər bağlayırdı – o özü də bunu gözəl anlayırdı, – o Rob-Qriyenin zamanla mübarizə yaxud banallıqlara həddən artıq yervermə azarına düçar oldu.

Halbuki nəsə Mariyaya deyirdi ki, gücü süjetə verib köhnə dəbdə bir əhvalat nəql etsin, amma hansısa kobud qüvvə bu yolla getməyə mane olurdu və bu yolu gedəcəyi təqdirdə başqalarının ona “geridə qalmış əyalət yazarı” kimi baxacağını təlqin edirdi. Ən çox Mariya məhz bu ittihamdan qorxurdu, ona görə də əvvəl-axır romanını Rob-Qriye manerasında davam etməyi qərar verdi.

Amma az sonra roman yenə də dayandı və onu davam etmək imkanı heç cür tapılmadı. Əlacsızlıqdan Mariya yenə də var gücüylə radiodakı işinə davam etdi. Biz onunla məhz o dövrdə tanış olduq. Axı mən də özümü yaza bilməyən yazar kimi hiss edirdim, səbəblərim Mariyanın səbəblərindən fərqli olsa belə.

Mariya Lima Mendesə sonuncu zərbəni “Tel Quel” dərgisi vurdu.

O, xilas yolunu, yenidən yazmaq şansını dərgidə çap olunan mətnlərdə gördü və anladı ki, bunu yeganə yolla, yeganə düzgün manerayla etmək olar: “təxəyyülü qəddarcasına tikə-tikə parçalayaraq”.

Amma bir azdan Mariya hiss etdi ki, ona bu cür mətnləri yazmağa mane olan çox ciddi bir sədd var. O səbr edib Sollersin, Bartın, Kristevanın, Pleyne və digərlərinin mətnlərini öyrənməyə başladı, lakin onların nə demək istədiklərini heç cür başa düşmürdü. Ən pisi isə o idi ki, bu yazıların mənası ona çatanda Mariya öz yazmaq istəyini itirirdi, çünki oxuduqları mətnlərdə söhbət artıq yazının mümkünsüzlüyü və hətta yazının mümkünsüzlüyü haqqında söhbətlərin lazımsızlığı barədə gedirdi.

  • Nədən başlamalı? – deyə bir dəfə Mariya “Flora” kafesində oturanda məndən soruşdu.

Məni soyuq tər basdı, özümü itirib susmuşdum, bilmirdim ona necə ürək-dirək verim.

  • Bu işi yekunlaşdırmaq lazımdı, başqa əlac yoxdu, – deyə Mariya öz-özünə cavab verdi. – Nöqtəni qoyub yaradıcılığın hər hansı bir forması barədə, hər hansı bir mətnin müəllifi olmaq barədə unutmaq lazımdı.

Sonuncu zərbəni Mariyaya Rolan Bartın “Nədən başlamalı?” adlı yazısı vurdu.

Bu yazı onun sonuncu ümidlərini puç etdi.

O, mənə Bartın həmən essesini verdi, mən də onu bu günədək qoruyub saxlayıram.

Bart “konkret praktiki çətinliyi, yeni işə başlayan hər kəsin qarşısında duran sadə sualı, nədən başlamalı? sualını” təsvir edir. “Əvvəl-əvvəl elə gəlir ki, bu çətinlik yalnız praktiki addımlara, hətta jestlərə (məsələ ondadır ki, mətnlə görüş zamanı bizim ilk jestimiz nə olur) aiddir, amma bütün müasir linqvistika məhz buradan boy atıb; insan dilinin dözülməz, sarsıdıcı müxtəlifliyini (başlaya bilməyəndə səni məhz bu hiss bürüyür) qət etməkçün Sossür kələfin bir sapını seçib izləmək qərarına gəlir – məna layını; dilin sistemi məhz bu cür qurulmuşdu”.

Mariya bu sapı seçmək, üstəlik də “insan dilinin dözülməz, sarsıdıcı müxtəlifliyi” kəlməsinin dəqiq mənasını anlamaq iqtidarında deyildi. Əvvəl-axır o birdəfəlik susdu, lakin artıq heç nə anlamayaraq “Tel Quel” dərgisini oxumağa davam etdi. Bu əsl faciə idi, çünki Mariya çox ağıllı qadın idi və belə taleyə layiq deyildi.

1977-ci ildə mən Barselonaya qayıtdım, bununla da Mariya Lima Mendeslə tanışlığım sona çatdı. Düzdür, bir neçə il əvvəl mən onun haqqında xəbər aldım. Ürəyim titrədi, buradan da belə bir nəticəyə gəldim ki, eşqimdən hələ qurtulmamışam. Paris kolleqalarımızdan biri Mariyayla Montevideoda görüşüb. Mariya orada Frans Pressdə işləyirmiş. Kolleqamız mənə onun telefon nömrəsini verdi. Mən zəng edib dərhal onun öz Xəstəliyinə qalib gəlib-gəlməməsini, ədəbiyyatla məşğul olub-olmamasını soruşdum.

  • Yox, əzizim, – dedi Mariya. – “Mümkünsüz başlanğıc” qanıma yaman işləyib, bununla da hər şey bitib.

Mən ondan 1984-cü ildə çıxan “Güzgünün qayıdışı” kitabından, həmin kitabda “yeni roman”ın bir ədəbiyyat zarafatı kimi yarandığından xəbərdar olub-olmadığını soruşdum. Mən ona izah etdim ki, mifi dağıdan bu kitab Rob-Qriyenin özü tərəfindən yazılıb, sonrasa onun sözlərini Rolan Bart da təsdiq edib. Mən Mariyaya danışdım ki, “yeni roman” tərəfdarlarının deməyə sözü olmayıb, çünki mifi puç edən məlumatın müəllifi məhz Rob-Qriye özü olub. Kitabda o “müəllif”, “təhkiyə” və “reallıq” kimi anlayışların Bartla bir yerdə asanlıqıla diskreditasiya etməklərindən söz açıb. Bir də o deyib ki, onların bu işi “o dövrün terroristik aktları” ilə bir cərgədə durur.

  • Yox, – Mariya mənə əvvəlki kimi bir qədər qüssə qarışıq şən səslə cavab verdi, – mən bunu bilmirdim. İndi mən terror qurbanları cəmiyyətinə üzv ola bilərəm. Amma hər halda bu artıq heç nəyi dəyişmir. Bilirsən, mən hətta sevinirəm ki, onlar aferist çıxdılar, bu onlara bəraət qazandırır, axı mən incəsənətlə baş verən zarafatları çox sevirəm. Üstəlik, Marselo, adam gərək özünü aldatmasın. Mən nə qədər çox istəsəydim belə heç nə yaza bilməyəcəkdim.

Görünür, mən artıq o zaman Yox təmayülünə aid yazarlar haqqında bu qeydlərimi beynimdə bişirirdim, ona görə son danışığımızda – haradasa bir il bundan öncə – yenə bu mövzuya toxundum.

- Axı indi obyektivizmin texniki və ideoloji lozunqları, başqa axmaq-axmaq şeylər də yox olub, – deyə mən sarkastik tərzdə qeyd etdim. – Bəlkə yenidən öz “Darıxqanlığ”ına qayıdasan, ya da süjeti olan yeni romana başlayasan?

- Yox, əzizim, – Mariya cavab verdi. – Mən artıq yerimdən tərpənə bilməyəcəyəm, axı mən əvvəlki kimi nədən başlamağı bilmirəm...

- Mariya, axı...

- Mariya filannan da qurtardıq! İndi mənim adım Violet Devariyedir. Mən heç vaxt heç bir roman yazmayacağam, əvəzində isə adım əsl yazıçı adıdır.

Ardı var...

Tərcümə: Nicat Məmmədov

# 1868 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #