Kimlər işləmədən yaşaya bilər?

Kimlər işləmədən yaşaya bilər?
23 avqust 2013
# 11:17

Kulis.Az Enrike Vila-Matasın “Bartlbi və kompaniya” romanından seçmələrin VII hissəsini təqdim edir. Roman bir neçə il bundan qabaq çap edilsə də kult romanlardan hesab olunur. Bol esseistik parçalarla zəngin olan roman yazmayan yazıçılar haqqındadır.

Birinci hissə

İkinci hissə

Üçüncü hissə

Dördüncü hissə

Beşinci hissə

Altıncı hissə

49) Coysun bioqrafiyasında Riçard Ellman sanki Yox teatrının səhnəsindən düşmüş belə bir epizodu təsvir edir: “Coysun o vaxt əlli, Bekketin isə iyirmi altı yaşı var idi. Bekket susmağı sevirdi, Coys da həmçinin; hədsiz dərəcədə kədərli olan bunlar sükut dolu dialoqlar aparırdılar; Bekket əsasən dünyanın aqibətinə kədərlənirdi, Coyssa özü-özünə. Coys sevdiyi pozada bir ayağını o birisinin üstünə qoyub otururdu; uzun və arıq Bekket də həmin pozada otururdu. Birdən Coys belə bir şey soruşurdu:

- Məgər idealist Yum hər hansı bir əhvalat yaza bilərdi?

Bekket cavab verirdi:

- Təsəvvürlər tarixçəsini.

51) Oskar Uayldın “Yaradıcı insan qismindəki tənqidçi” essesində səslənmiş əbədi arzusu: “…tamamilə heç nə etməmək, halbuki bu dünyada ən çətin işdi, ən çətin və ən intellektual”.

Həyatının son iki ilində Parisdə o, nə qədər qəribə olsa da, bu çoxdankı arzusunu həyata keçirə bilir – tamamilə heç nə etməmək. Çünki həyatının son iki ilində Uayld yazmırdı, o ədəbiyyatı birdəfəlik atmaq fikrinə gəlib başqa zövqlərin dadına baxmaq, avaraçılığın müdrik sevincini dərk etmək, vaxtı boşuna sərf edib kədərli düşüncələrə qapılmaq istəyirdi. Nə vaxtsa “iş – içki içən siniflərin qarğışıdı” kəlməsini söyləmiş insan ədəbiyyatdan yaxa qurtarıb özünü gəzintilərə, əyyaşlığa və sərt düşüncələrə həsr edir.

“Platon və Aristotel üçün, – yazırdı Uayld, – tamamilə heç nə etməmək enerjinin ən ali forması idi. Ən ali mədəniyyətin təmsilçiləri üçün düşüncə insana layiq olan yeganə məşğuliyyət idi”.

O həmçinin yazırdı ki, “seçilmiş insan heç nə etməmək üçün yaşayır”; o, son iki ilini məhz bu tərzdə yaşadı. Bəzən sadiq dostu Frenk Harrisi – öz gələcək bioqrafını, – qəbul edirdi. Harris Uayldın avaralanmasına təəccüblənərək dəfələrlə deyərdi:

- Görürəm, yenə də heç nə etmirsən…

Bir dəfə Uayld cavab verir:

- Məsələ ondadır ki, zəhmətkeşlikdə eybəcərliyin toxumu var, amma mən əvvəlki kimi ideyalar hasil edirəm, istəsən sənə birini sata bilərəm.

Həmin axşam Uayld Harrisə əlli funta komediya üçün bir süjet satır. Harris tez bu süjeti qələmə alıb bir göz qırpımında 1900-cu ilin oktyabrın 25-də Uayldın Parisin “Elzas” otelində ölümündən cəmi bir ay qabaq Londonun “Royal” teatrında “Mister və missis Deventri” adı altında tamaşaya qoyur.

Ölümünə bir ay qalmış Uayld hələ premyeradan öncə anlayır, premyeradan sonra isə tam əmin olur ki, “Royal” teatrında gedən hər tamaşaya görə, – əsər Londonda böyük uğurla gedirdi, – qonorar tələbi onun firavan yaşayışını uzada bilər. Bu səbəbdən o Harrisə ta ölümünə qədər bu sayaq məktublar yazmağa başladı: “Siz təkcə mənim pyesimi oğurlamadınız, həm də onu birdəfəlik korladınız, ona görə mən yenə də əlli funt tələb edirəm”.

Uayldın ölümü ilə bağlı bir Paris qəzeti onun sözlərini sitat gətirmişdi: “Həyatı bilməyəndə mən yazırdım; indi onun mənasını dərk edəndən sonra isə yazmağa gərək görmürəm”.

Bu ifadə Uayldın finalı ilə əla uyğunlaşır. Ölümündən qabaq o iki il ərzində xoşbəxtlikdən zövq alıb yaradıcılığa heç bir ehtiyac duymurdu, yazdıqlarına bircə sətir belə əlavə etmək istəmirdi. Ola bilər ki, ölümündən sonra o bilinməzliyin dolğunluğunu dərk edib, boşluğun mahiyyətini anlayıb, yəni doğrudan da dünyada bundan daha çətin və inellektual şeyin olmadığını anlayıb.

Onun ölümündən əlli il sonra Latın kvartalının elə həmin küçələrində (Uayld avaraçılıqdan zövq alaraq və ədəbiyyatı unudaraq buralarda gəzişərdi) “Elzas” otelinin yaxınlığındakı divarların birində “situasionist”lərin radikal axınının yaranmasını siqnal verən ilk yazı peyda olur. Publika ilk dəfə üsyançıları tanıdı, onlar cəmiyyətə qarşı durub öz “Yox” nidalarını bağırmağa hazırlaşırdılar. Tənhalıq, köməksizlik, sərgərdanlıq hissinə qapılıb bu “Yox”u onlar hələ çox qışqıracaq, amma burada bir xoşbəxtlik də olacaq – bütün bunlar isə Oskar Uayldın həyatının son günlərini mənalandırırdı.

“Situasionist”lərin doğuluşunun ilk siqnalı divardakı yazı oldu – “Elzas” otelindən yüz metr aralı. Deyirdilər ki, bu Oskar Uayldın anımıdır. Yazını Qi Deborun böyük şəhərlərdə piyadaların hərəkəti üçün evlərin damını açmaq təklifi irəli sürən tərəfdaşları etmişdilər. Yazı belə idi: “Heç vaxt işləməyin”.

53) Henri Rot 1906-cı ildə Qalisiyada (o zamanlar Avstro-Macar imperiyasına daxil idi) anadan olub, 1995-ci ildə isə Amerika Birləşmiş Ştatlarında vəfat edib. Onun valideynləri Amerikaya mühacirət etmişdilər və Rot uşaqlığını Nyu-Yorkda keçirmişdi. İyirmi səkkiz yaşında çap etdiyi “Bunu yuxu adlandırın” romanında o məhz bu barədə nəql etmişdi.

Romana heç kim fikir vermədiyindən Rot başqa məşğuliyyət tapmaq fikrinə gəlir: o, su kəməri işçisinin köməkçisi, dəlixanada sanitar işləyir, ördək saxlayır.

Otuz il sonra “Bunu yuxu adlandırın” romanını yenidən nəşr edirlər və bir neçə həftə ərzində roman Amerika ədəbiyyatının demək olar ki, klassikasına çevrilir. Rot həqiqətən də təəccüblənmişdi və bu uğur dalğasının zirvəsində təzə bir şey çap etmək qərarına gəlmişdi, amma səksən yaşı haqlayandan sonra. O, bu səddi keçdi və “Bunu yuxu adlandırın”ın zəfərindən otuz il sonra naşirlərə yeni əlyazma təqdim etdi – “Gur axının ixtiyarı”. Əlyazma iri həcmli olduğundan naşirlər onu dörd yerə böldülər.

Həyatının sonunda Rot demişdi: “Mən bu romanı yalnız hələ də yaddaşımda öləziyən köhnəlmiş xatirələrimi qorumaq üçün yazdım”.

Söhbət “ölümü asanlaşdırmaq” məqsədi ilə yazılmış romandan gedir, amma burada ədəbi şan-şöhrət üzərində bir gülüş, dahiyanə bir gülüş də var. Kitabın ən yaxşı səhifələrinə Rotun ədəbiyyatdan kənar yaşadığı həyatın (bu isə elə təxminən səksən il təşkil edir) təsvirini aid etmək olar. Bütün roman da demək olar ki, məhz bu barədədir. Bu da məntiqlidir, axı biz Rotun uzun illər ərzində yazıb-yazmadığını bilmirik. Hər halda uzun illər ərzində o heç nə çap etməmişdi, Ədəbiyyat adlı çayın qollarını unudub özünü tamamilə Həyat adlı gur axının ixtiyarına buraxmışdı.

54) Sevdiyin insanın ölümü – təkcə romantik zanbaqlar deyil, o həm də Yox təmayülünə aid şairlər yetişdirir. Xuan Ramon Himenes kimi. Puerto-Riko, 1956-cı ilin baharı. Xuan Ramon bütün həyatını durduğu yerdə öləcəyindən əmin olaraq keçirib. Ona “Sabahadək” deyəndə Himenes adətən belə cavab verərdi: “Sabahadək? Kim bilir sabah mən harada olacağam?”.

Və bu cür qeyri-adi sağollaşmadan sonra evə qayıdıb sakit-sakit kağız-kuğuzla məşqul olardı. Dostlarının dediyinə görə o ya deyirdi ki, atası kimi yuxuda ölə bilər (onu uşaqkən kobud tərzdə gecə oyadıb atasının öldüyünü demişdilər), ya da ki, hamını fiziki cəhətdən tam sağlam olduğuna əmin etməyə çalışırdı. O özü bu xüsusiyyətinə “rüzgarların alicənablığı” deyərdi.

Deməli, o, həyatını öləcəyini gözləyərək keçirirdi, amma onun ağlına belə gəlməzdi ki, birinci Zenobiya, onun yoldaşı, məşuqəsi, gəlini, katibəsi, onun istənilən praktiki işi görən əlləri, onun sürücüsü, onun qəlbi ölə bilər.

Puerto-Riko. 1956-cı ilin baharı. Zenobiya Bostondan Xuan Ramonun yanında ölmək üçün qayıdır. İki il ərzində o cəsurcasına xərçənglə mübarizə aparırdı, amma şüalanma kursu zamanı onun uşaqlığını yandırırlar. Zenobiya ilə eyni zamanda – o bu barədə bilməsə də – San-Xuana bir neçə isveç jurnalisti gəlir. Onlar bu ilin Nobel mükafatının çox ehtimal ki, Ximenesə veriləcəyini xəbər tuturlar.

İsveç qəzetlərinin birinin Nyu-York müxbiri Stokholma yazır ki, mükafatlandırmanı tezləşdirsələr yaxşı olar: qoy ölüm ayağında olan Zenobiya da bunu görüb son dəfə sevinə bilsin. Amma Zenobiya mükafat barədə xəbər tutanda səsi artıq onun sözünə baxmırdı. O, kağız xışıltısına bənzər səslə lay-lay pıçıladayırdı və sabahısı gün dünyadan köçdü.

Nobel mükafatının laureatı Xuan Ramon birdən-birə aciz insana çevrildi. Sadə layla nəğməsi onun zadəganlıq zirehini yırtdı və qəlbini rüzgarlara açdı. Bu günə qədər sağ olan, doxsan yaşına çatmış, amma hələ də hər şeyi gözəl yadda saxlayan və maraqlanan hər kəsə bunu danışan qulluqçu yoldaşının dəfnindən sonra evə qayıdan şairin çılğınlığının şahidi olmuşdu. Bu dəlisovluq Xuan Ramonun Yox təmayülü adeptinə çevrilmənin astanası idi.

Onilliklər boyu ərinin yazdıqlarını səliqəyə salan Zenobiyanın bütün işi, onun zəhməti, ta ölümünəcən Xuan Ramona sevgisini qoruyan qadının nəhəng və ağır əməyi məhv oldu: ümidini itirmiş şair kağızları yerə tullayıb onları hirslə tapdalamağa başladı.

Zenobiyanın ölümündən sonra o yaradıcılığa tamamilə marağını itirdi. O gündən Himenes ədəbi sükuta qərq oldu, bir daha heç nə yazmadı. O nəylə məşğul olurdu? Ancaq əvvələr yazdıqlarını yaralı vəhşi kimi tapdalayıb məhv etməklə. Həyatının qalan hissəsində o bütün dünyaya danışırdı ki, yalnız yanında Zenobiya olduğu üçün yazırdı. O öləndən sonra hər şey öldü. Bircə sətir belə yazılmadı, ancaq hər şeyi udan vəhşi sükut qaldı. Təməllərin təməlində isə Xuan Ramonun unudulmaz ifadəsi – bilmirəm o haçan bunu deyib, amma dediyi dəqiqdir, – bu ifadə sənki qəsdən Yox təmayülü ədəbiyyatının tarixi üçün deyilib: “Mənim ən yaxşı əsərim – əsərlərimdəki peşmançılıqdır”.

Ardı var...

# 1977 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #