Əli Kərimi niyə bəyənmirdilər?

Əli Kərimi niyə bəyənmirdilər?
6 iyul 2013
# 07:45

Mahir Qarayev

“Bəzən necə gözəlsən ÖLÜM – sən ey səadət!”

deyən şairin vəfatından 44 il ötdü...

Cəmi-cümlətanı 38 il ömür sürmüş Əli Kərimin (1931-1969) bu dünyada olmadığı illərin sayı vaxt keçdikcə, təbii ki, daha da artacaq. Lakin sağliğında ağrılarına meydan oxuyaraq “get, yoxdur ölümdən çəkinəcəyim” deyən, əcəllə, ölümlə qarşılaşmaqdan zərrəcə qorxmayan şairin özü kimi, şeirlərininin də zamandan heç bir qorxusu, çəkinəcəyi yoxdur, çünki bu poeziya Zamanın fövqündə durmağı bacaran poeziyadır.

O yay axşamı

yağış həsrətilə yanırdı hamı!

Yanırdı dünyanın torpağı, daşı,

göylərin yalanı, düzü yanırdı;

Ağlaya bilənin gözünün yaşı,

ağlayammayanın gözü yanırdı!

O yay axşamı

ümidlər, arzular pərən-pərəndi;

hər küncü darısqal bir qəfəs kimi

taxta pəncərəli dar otağıydı…

Köhnə xatirələr

sönən işıq kimi, batan səs kimi

təsəlli deyildi qəlbə, dağıydı!

O yay axşamı

hərəsi otağın bir bucağında

istidən-tüstüdən didərgin kimi

bir qadın, bir də ki, üç uşağıydı…

Tanrı uzağıydı –

çoxdan olub keçən, itən gün kimi,

həkim də dünyanın ən yazığıydı!

Və bir də

o axşam, o yayın günü,

o əsrin, o ilin, o ayın günü,

iyunun son günü – son iyun günü…

Üç igidin teli üç kəhər atın

uzun yalı kimi tumarlanırdı;

Səssiz hönkürürdü gendə bir qadın,

yağış həsrətilə hamı yanırdı!

O, bu dünyada çox az yaşadı – Puşkin kimi, Lermontov kimi, Volker kimi, Rembo kimi, Yesenin kimi, Müşfiq kimi... Lakin Fikrət Qocanın şəhadətincə, bu bizə belə gəlir, əslində Əli Kərim özü başqa cür düşünürdü: ağrılı keçən elə günü olurdu ki, həmin gün bir əsrəcən uzanırdı və belə günlər bir deyildi, beş deyildi. Bəlkə də gözlərini son dəfə dünyaya yumanda, Əli Kərimə elə gəlmişdi ki, çox uzun sürən acı bir həyatla vidalaşır və yüz il ömür sürdüyünü zənn edən şair müdrik bir qocatək bu dünyanın bütün dərdlərinə, bütün oyunlarına, bütün iştəklərinə özünəməxsus bir təbəssümlə qımışıb, o dünyaya təmənnasız getdi: həm ürək ağrısı, həm də könül xoşluğuyla...

Şair Əli Kərim...

Adətən şairlər haqda yazanda «şair» sözündən öncə mütləq bir epitet işlətmək dəbdədir: gənc, qocaman, böyük, qüdrətli, istedadlı, görkəmli və sairə və ilaxır. Fəqət bu epitetlərdən hər hansı biri «şair» sözü bоyuna biçilmiş Əli Kərim adının qarşısında yamaq kimi görsənərdi, çünki bəzəksiz-düzəksiz poeziyası kimi, bəzəksiz-düzəksiz adının qarşısında yazilmağa da tək bircə söz yaraşır: böyük həriflərlə yazılan ŞAİR sözü! Çünki Əli Kərim çox nadir qələm sahiblərindəndir ki, əlinə qələm alıb qələmi əlindən yerə qoyduğu günəcən yalnız ŞAİR olub; az-az istedad yiyələrindəndir ki, bütün ömrü boyu məqsədi yalnız SÖZ, yanğsı yalnız sənət yanğsı olub. Elə bu səbəbdəndir ki, Əli Kərim sənəti ötən illərin növ-növ sınaqlarından bоynunu bükmədən, səsini qısmadan, xəcalət təri tökmədən, yalmanamadan, büzüşmədən və alın açıqlığı, baş ucalığıyla adlamağı bacarmış, qarşıdakı zamanlarda da küləyin hansı səmtdən hansı səmtə əsəcəyinin ona heç bir dəxli yoxdur, olmayacaq – neyçün ki, bu SƏNƏT heç vaxt «küləyin dəyişdiyi səmtə dəyişmək» istəyinin acı olmayıb; heç vaxt bu sayaq ucuzluğa yaxa tanıtmayıb!

Əli Kərim poeziyamız üçün kimdir?

Bu suala indiyəcən verilmiş bütün cavabları bir yerə yığsaq, zənnimcə, belə bir obrazlı fikir alınır: Əli Kərim bizdən küsüb getmiş poeziyanı təzədən bizə qaytaran bənzərsiz sənətkardır; bu bənzərsiz sənətkarın özünü isə bizə onun ölümü qaytardı...

Əli Kərimdən söz düşəndə, adətən tənqidçilər təəssüflə deyirlər: dünyasını belə tez dəyişməsəydi, hələ gör nələr yaradardı...

Bu sözlərin doğruluğuna şübhə yox. Amma bir həqiqət var ki, Əli Kərim elə qoyub getdiyi ədəbi irslə də kifayət qədər zəngin şairdir. Çünki Əli Kərimin yaradıcılığında çıxdaş olunası əsərlər çox azdır: keyfiyyət meyarından yanaşdıqda, Əli Kərimin “Seçmə bircildliyi” kifayət qədər qalın, yaşıdlarının xəzəl kimi vərəqləri qopub düşdükcə günbəgün sısqalaşan beşcildliyindən, oncildliyindən xeyli qalındır. Bunu hələ şairin sağliğında həssaslıqla duyan, Əli Kərim talantını hamıdan öncə görən Rəsul Rza onu “hər sözü, hər misrası ilə bir pillə ucalan, özünü də aşıb keçən” novator şair adlandırmışdı. Professor Tofiq Hacıyevin fikrincə isə, Əli Kərimin mövzuları ən azı, əsərlərinin sayı qədərdir.

Əli Kərimə ithaf edilən şeirlər, onun həyat və yaradıcılığı barədə yazılanların həcmi kəmiyyətcə bu gün şairin özünün ədəbi irsindən qat-qat çoxdur. Əli Kərimlə bağlı dadlı-duzlu xatirələri də buraya əlavə etsək, gözlərimizin önündə təkcə poetik bir yaradıcılıq deyil, həm də şairanə bir ömü canlanar.

Əli Kərimi görməyənlər üçün şairlə bağlı xatirələrin nə qədər əziz olduğunu xüsusi vurğulamağa isə ehtiyac yoxdur.

Əli Kərimi görənlərin, tanıyanların söhbətlərini eşitmişəm: əksəriyyəti sağlığında Əli Kərimə göstərilən qayğısızlıqdan, soyuq, biganə münasibətdən gileylənib. Amma orası da var ki, şair özü heç vaxt belə şeylərdən gileylənməzmiş.

Amma nəymiş ona qarşı bu laqeydliyin səbəbi?

Eşitdiyim cavablardan ən çox diqqət çəkəni (və yadımda qalanı!) belədir: «Əli Kərimin cavan (heç qocalmağa ömrü qaldı ki?) yaşda o cür şerlər yazması adlı-sanlı sənətkarlarımızdan çoxunun yaradıcılığına kölgə salır, onların pafoslu əsərlərini, uğurlarını şübhə altında qoyurdu».

Heç kəsin zəhmətini yerə vurmadan, əməyini danmadan bir şeyi etiraf etmək lazımdır ki, Əli Kərim 30-cu illər ədəbi nəsli repressiyaya məruz qaldıqdan sonra meydana gəlmiş olan (həm də meydanda qalmış olan) ədəbi nəsillərin (şübhəsiz ki, söhbət poeziyadan gedir) ən böyük nümayəndəsidir; bu gün ixtiyarımızdakı poeziya nümunələrini saf-çürük eləyəndə bunu aydınca görürük. Ortaya çıxan (və ortalıqdakı) mənzərə məhz belədir: Əli Kərim, az qala, bircə sözü, bircə misrası da köhnəlməyən yaradıcı, Rəsul Rzann qiymətləndirdiyi həmin o novator şairdi ki, müasirlərinin arasından 44 il əvvəl çəkilsə də, yenə hamısından öndə, hamısından da müasirdir.

Dünyada iki cür yaradıcılar var: ədəbiyyatın qazandığı sənətkarlar və ədəbiyyatdan qazanan sənətkarlar.

Ədəbiyyatdan qazananlar ədəbiyyatın qazandıqlarından qat-qat çox olub (elə bu gün də belədir), sadəcə, bu «çoxların» adları zaman keçdikcə eriyib yoxa çıxır, unudulur.

Səmimiyyətdən uzaq düşdüyündən sanki sözünün kəsərini, saflığını, təmizliyini, təbiiliyini itirmiş Azərbaycan ədəbiyyatı (bizdən küsüb getmiş, ikrahla üz döndərmiş poeziya) Əli Kərimi qəfildən tapdı: onu su kimi işdi, təmizləndi, saflaşdı, sanki gözünə nur, canına təpər gəldi: Əli Kərimin timsalında ədəbiyyatımız əsl şair, əsl sənətkar qazandı.

...Vaxtilə Əli Kərimi tanıyanların birindən soruşmuşdum: «Əli Kərim partiyaçı idimi?» (Sovetlər dönəmində bir partiya vardı: Kommunist partiyası). «Yox» - deyib, ardını gözləmədən izah eləmişdi: «Bir dəfə niyəsini ondan soruşdum. Əli təəccüblə çiyinlərini çəkdi: şair nəyə görə partiyanın üzvü olmalıdır?! Şairinki çöldü, meşədi, dənizdi, sərbəstlikdi. Sonra qəfil gözünə sataşan uzaqdakı bir buruğu göstərdi: bax, o buruq kimi...»

Əli Kərim “xalq şairi” olmadı, heç bir fəxri ada, titula da layiq görülmədi. (Bu yerdə məşhur rejissor Eldar Ryazanovun sözlərini xatırlamamaq olmur: «Fellini – İtaliyanın əməkdar incəsənət xadimi deyil, Berqman da İsveçin xalq artisyi adına layiq görülməyib...»).

Və Əli Kərim “partiyaçı” da deyildi – 1990 cı ilin qanlı yanvar günlərinəcən yaşasaydı, yəqin ki, bir çoxları kimi partiya bileti ilə oyun oynamağa da ehtiyacı olmayacaqdı... Çox şeylərə ehtiyac duymayacaqdı: «etiraf» yazmağa da, nə vaxtsa yazdığını gizlətməyə də...

Onu həyatda cəmisi bircə dəfə görənlər də hiss etməyə «imkan» tapıblar ki, Əli Kərimi səmimi adamdır. Ən azı buna görə söhbət Əli Kərimdən gedəndə, səmimi olmaq lazımdır. Boynumuza alaq ki, Əli Kərimə münasibətdə müşahidə olunan biganəlik bu gün də tərzini-tövrünü dəyişməyib və öz əvvəlki «dominantliğını» saxlamaqdadır. Əli Kərim təbliğ olunmur, haqqında az yazılır, kitabları hərdənbir və kıçik tirajla nəşr edilir. Əli Kərim poeziyasının başqa dillərə tərcüməsi heç kəsi maraqlandırmır, halbuki sivil ölkələrdə, sivil xalqların qarşısında Əli Kərim kimi şairlərlə görünməyə (məhz belələriylə tanınmağa!) böyük ehtiyac var.

Əcəba, görəsən Əli Kərimin Bakıda neçə heykəli, adına neçə küçə, neçə xiyaban, neçə park, neçə muzey, neçə gəmi, neçə... var? Və ümumiyyətlə, varmı görəsən?! Bilmirəm.

Bircə onu bilirəm ki, Əli Kərimə sağlığında şöhrət gərək olmadığı kimi, öləndən sonra da sadaladıqlarımın heç biri gərək deyil. Hə, indiyəcən əsərlərini oxuduğum, dostlarının xatirələrindən tanıdığım Əli Kərimi – o utancaq, o səmimi insanı gözlərimin önünüə gətirməyə çalışdım və öz-özümə düşündüm: yəni, onun kimi qüdrətli bir şairin doğrudanmı adına qoyulası küçəyə, yaplası heykələ, tunca, mərmərə, nə bilim nələrə ehtiyacı var? Və özüm də cavab verdim: Əlbəttə ki, yoxdur. Axı, Əli Kərim bu cür xırda hisslərlə yaşasaydı, onda Əli Kərim olmaz, o şerləri, o poemaları yaratmazdı ki!

Olan, ya olmayan (olası, ya olmayası) o küçə də, o park da, o xiyaban da, o muzey də, o heykəl də - hamısı bizim üçündür: onları biz öz təskinliyimiz üçün yaratmağa çalışırıq və onların şair Əli Kərimə heç bir dəxli yoxdur. Dəxli olsaylı, onda Əli Kərim də olardı bizlərdən birimiz.

Amma Əli Kərim bizim heç birimiz deyil, Əli Kərim – elə ƏLİ KƏRİMDİR.

# 2942 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #