Şərif Ağayar və urvat məsələsi

Şərif Ağayar və urvat məsələsi
24 iyun 2015
# 14:55

Yuxarıda adını çəkdiyim yazıçımız bir yazı yazıb və bizi mükafat dilənməkdə ittiham eləyib. Hələ harasıymış, biz «Ədəbi azadlıq» müsabiqəsinin 20-liyinə düşməmişik, adam da bunu görüb və xeyli mütəəssir olub. Elə belə də yazıb, xeyli mütəəssir oldum. Yaşımızın bu çağında yeniyetmə yazarları mütəəssir eləyirik. Yaxşı işlər görmürük.

Amma oxuyursan, görürsən niyyəti, məqsədi səmimi deyil, onu narahat eləyən mövzunu yazmayıb, kimlərinsə zövqünə hesablayıb yazıb. Kimlərəsə yarınmaq üçün yazıb və yarındığı adamciyəzlər də artıq bu yazını paylaşıblar. Sevinirlər. Şadyanalıq eləyirlər.

Mövlud Süleymanlıya da, Seyran Səxavətə də elə bir rəğbətim yoxdur. Cavanlıqda qapıları üzümə bağlayan adamlar olublar. Amma mənim üçün əlahəzrət haqq hər şeydən üstündür. Onlar nəyə görə hansısa ədəbi müsabiqədə iştirak eləməsinlər? Məgər müsabiqə yalnız cavanlar üçünmü keçirilirdi? Sən nahaq sevinirsən, Seyran Səxavət nəvəsi yaşda uşaqlara uduzmadı. Sadəcə olaraq şərəfsizlik, alçaqlıq eləyərək onun haqqını nəvəsi yaşda uşaqlara verdilər. Nəvəsi yaşda uşaqlar da bunu öz halalca haqları kimi qəbul elədilər. Səni bu narahat eləməliydi! Sən bundan yazmalıydın! Az-çox ədəbi vicdanı olan hər kəs etiraf eləyər ki, o müsabiqədə mükafat alanların, sənin təəbirincə desək qalib siyahilərinə düşənlərin yazılarını Seyranın yazıları ilə müqayisə eləmək özü belə haqsızlıqdır!

Sənə görə özünə güvənməyən, ciddi kompleksləri olan, köhnə və yeni yazdıqlarına da şübhə eləyənlər müsabiqələrdə iştirak eləyirlər. Sənin məntiqin budurmu? Özünə güvənməyənlər, kompleksi olanlar, yazdıqlarına şübhə eləyənlər müsabiqələrə qatılmazlar. Yazılarını münsiflərin sərəncamına verməzlər, sabah hansısa «məğlub» siyahiyə düşəcəklərindən qorxarlar. Mənimsə belə bir qorxum yoxdur. Özümə də inanıram, yazılarıma da. Müsabiqələrdə də iştirak eləyirəm. Hansısa siyahiyə düşməyən yazılarımı oxucularımın da sərəncamına verirəm ki, özləri qiymət versinlər.

Demək, hekayə müsabiqəsinin 20-liyinə düşmədiyimiz üçün bizi oxumayacaqsan. Olmaya oxuyanda dağları otu, ağacı, bulağı, havası ilə birlikdə gətirib xonçada bizə təqdim eləyirdin, oxumayacaqsan, yıxılacaq evimiz, bu nemətlərin hamısından məhrum olacağıq. Adam, sən bu yazdıqlarını sonradan oxudunmu? Yoxsa eyforiyaya qapılıb mənim 20-liyə düşməməyimdən aldığın həzzin, ləzzətin təsiri altında elə birbaşa konveyrə verdin? Sən oxudun nə olasıdı, oxumadın nə olasıdı?

Elə bu məntiqlə də demək olar. Bu adam illərdir çalışır, amma heç bir vəzifə ala bilmir, daha ona salam da verməyəcəyəm. Yaşını bilmirəm, amma yaşı, həm də saçın çallaşmasını bu qədər abardırsansa, demək, gəncsən. Demək, sən belə düşünürsən. Sənin dünya görüşün, həyata baxışların budur. Bizsə şikayətlənirik, bizi dəyərləndirmirlər, yazıçıya, kitaba hörmət eləmirlər. Səncə dəyərləndirməlidirlər?

Gözünü subyektiv və qərəzli fikirlər örtməsəydi, hamını düşündürən bir yazı qoyardın ortalığa. Mədəniyyət Nazirliyini, AYB-ni ittiham eləyərdin ki, işinizin adı nədir? Niyə siz qala-qala Amerikanın radiosu müsabiqə keçirməlidir? Heç olmaya müsabiqə keçirənlərin də ünvanına bir-iki tənqidi fikir səsləndirərdin. Yoxsa yalnız yaşlı yazıçıları müsabiqədə iştirak elədiklərinə görə qınaq hədəfinə çevirmək nə anlama gəlir? Ona qalarsa şəxsən məndən on-on beş yaş böyük yazıçılarımız da bu müsabiqədə iştirak eləyiblər və qalib siyahilərinə də düşüblər.

Bizdən heç vaxt səs çıxmır, amma sənin səsinmi hər yerdən gəlir? Hardan gəlir? Mən AYB üzvüyəm, amma birlikdəki bütün neqativ halları kəskin tənqid eləmişəm, sənin çalışdığın sayt da yayıb. Ölkədə baş verən heç bir hadisəyə də biganə qalmamışam. Yanlış qapı çalırsan.

İnsanın qəlbində kin, paxıllıq, qısqanclıq olarsa, onda bu hissləri yaradanları görməz. Mikroskopla da. Bizi görən görür. Sənin görməyinə elə də ehtiyac duymuruq. Lap düzünü deyim. Görməsən yaxşıdır. Balaca da deyilik, sadəcə, sən balaca görmək istəyirsən. Amma istəməyə nə verirlər?

Şərif bəy, müsabiqələrdə iştirak eləmək, məğlub siyahilərə düşmək urvatsızlıq deyil.

Sən ölkəmizdə müsabiqələrin necə keçirildiyini bilirsən, biz bu utanmazları utandırmaq istəyirik, biz oxucularımızın da, gənclərimizin də onların iç üzlərini tanımalarını istəyirik. Sənsə dolayı da olsa onlara haqq qazandırırsan, urvatsızlıq budur.

Urvatsızlıq şərin yanında dayanmaqdır.

Məğlub siyahilərə haqq qazandırmaq, olduğu yerdə olmaq əvəzinə, qalib təyin olunanların yanına qaçmaq, onların kölgəsinə sığınmaq urvatsızlıqdır. Sənin timsalında bunun bir şeyə yaramadığını, adama urvatsızlıqdan başqa bir şey gətirmədiyinin şahidi olduq.

Yazdıqlarında yalnız bircə həqiqət işartısı var. Doğrudan da yaşım keçir. Ömrüm qüruba doğru gedir. Yazılar yazdım, amma bəziləri kimi Türkiyəni lərzəyə gətirə, Avropanı diz çökdürə, Amerikanı titrədə bilmədim. Amma bu ölkədə bir kimsədən və bir kimsədən pis yazmadım!

Hə, bir də, Ekoda lap haqlısan. Eko kimi nəinki dünyanın, heç ölkənin də təhsil sisteminə istiqamət verə bilmədim. Çalışdım ha, dayanıb seyr eləmədim, amma istədiyim istiqamətə döndərə bilmədim. Hara gedirdisə, ora da getdi.

Mən bacarmadım.

Siz Eko yaşında olanda yapışarsınız dünyanın təhsil sisteminin sükanından və təhsilə istiqamətinizi verərsiniz.

Hələliksə xəyallara qapılmayın.

Heç nəyə istiqamət verə bilmirsiniz.

Manera.az

# 1589 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #