“Yarımçıq əlyazma” ABŞ-da

“Yarımçıq əlyazma” ABŞ-da
8 fevral 2013
# 18:16

Yazıçı Kamal Abdullanın postmodern estetikayla qələmə alınmış «Yarımçıq əlyazma» romanı nəşr olunduğu vaxtdan bu yana istər Azərbaycanda, istərsə də xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə və polemikalara yol açan ədəbi hadisə kimi yadda qaldı.

Azərbaycan tarixinin empirik sayıla biləcək faktlarının bədii işlənməsi, klassik ənənələrin yeni paradiqmalar üzrə şərhi həm filoloji, həm də sosiomədəni səciyyə daşıyan diskussiyaların meydana çıxmasını şərtləndirdi.

Bədii, tarixi, mədəni, elmi kontekstin simulyakı məsələlərini ön plana çıxararaq, bənzərsiz üslubu və yazı manerası ilə oxucuların könlünə yol tapan «Yarımçıq əlyazma»nın odisseyası davam edir. «Yarımçıq əlyazma» - «The İncomplete Manuscript» bu günlərdə ABŞ-ın nüfuzlu «Strategic Book Publishing and Riphts Agensy (SBPR)» nəşriyyatında nəfis tərtibatla çap edilib, oxucuların ixtiyarına verilmişdir.

Kitabın üz qabığında, əsərdə cərəyan edən hadisələrin ruhuna uyğun olaraq, Orta çağ və Dədə Qorqud dövrlərinin stilini və həyat qavramını əks etdirən zövqlü illüstrasiya verilmişdir. Əsərin Amerika nəşrinin ilk vərəqində müəllif tərəfindən «Bütün müəllimlərimə və tələbələrimə» ithaf sözləri yer alır.

“Yarımçıq əlyazma”nın ABŞ nəşrinin önsözünü Viskonsin-Medison universitetinin professoru, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, müqayisəli mifologiya və ritorika üzrə dünyada tanınmış mütəxəssis Maks Statkiyeviç yazmışdır. Xatırladaq ki, M. Statkeviçin «Yarımçıq əlyazmadan Kamal Abdullanın “Yarımçıq əlyazma”sına» (yaxud «Yazı eposa qarşı») başlıqlı məqaləsinin qəzet üçün sadələşdirilmiş variantı «525-ci qəzet»də çap olunmuşdu.

Kitab ingiliscəyə rus və Azərbaycan nəşrləri əsasında tərcümə edilmişdir. Nəşrin üz qabığına yerləşdirilmiş annotasiyada deyilir: «Anna Tomsonun ingilis dilinə tərcümə etdiyi «Yarımçıq əlyazma» romanı əfsanəvi Orta çağ qəhrəmanlarının xəyali həyatından bəhs edir. Gənc tədqiqatçı Əlyazmalar institutunda elmə məlum olmayan bir salnamə aşkarlayır və bunun «Kitabi Dədə Qorqud» eposu olduğunun fərqinə varır. Eposda Dədə Qorqudun və Orta çağ Azərbaycan hökmdarı, şairi Şah İsmayıl Xətainin bir-biri ilə çulğaşan həyat hekayətləri tamamilə yeni interpretasiyada təqdim olunur. Heyranlıqla oxunan bu roman artıq bütün dünyada oxucuların ciddi marağına səbəb olmuşdur».

Elə burada ədəbiyyatşünas-alimlər Maks Statkiyeviçin (ABŞ), Andrea Brinyonun (Fransa) və Niyazi Mehdinin (Azərbaycan) «Yarımçıq əlyazma» haqqında yazdıqları məqalələrdən kiçik çıxarışlar verilmişdir.

«Bu kitabı detektiv roman, mifologiyaya giriş, ən vacibi isə, öz daxili aləminizə səyahətnamə kimi oxuya bilərsiniz». A. Brinyonun bu sözləri ədəbiyyatımızı xarici ölkələrdə uğurla təmsil edən «Yarımçıq əlyazma»nın doğurduğu təəssüratlardan biridir.

Romanın Rusiya, Fransa, Türkiyə, Braziliya, Misir, Polşa və s. kimi zəngin ədəbi ənənələri olan ölkələrdən sonra ABŞ-da da işıq üzü görməsi bütövlükdə Azərbaycan ədəbiyyatının uğurudur.

P.S. Kitabda Nəşriyyat (SBPR) tərəfindən müəyyən edilmiş daxili rəy müəllifinin son cümləsi belədir: “Əminəm ki, oxucu kitabı əlindən qoymaq istəməyəcək.”

# 4377 dəfə oxunub

Oxşar xəbərlər

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

12:00 6 mart 2026
"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..."  - Hekayə müzakirəsi

"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..." - Hekayə müzakirəsi

12:00 4 mart 2026
"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

14:09 3 mart 2026
Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

16:00 2 mart 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər