O oğlanı yatağından qov

O oğlanı yatağından qov
2 sentyabr 2014
# 13:52

Kulis.Az Stiven KinqinXüsusi endirimli Nyu York Tayms” hekayəsini təqdim edir.

O, duş qəbul edirdi və birdən telefonun zəngini eşitdi. Ev qohumlarla dolu olsa da – aşağıdan səsləri gəlirdi, deyəsən, heç vaxt çıxıb getməyəcəkdilər – heç kim telefonun dəstəyini qaldırmırdı. Ceyms onu proqramlaşdırmışdı, beşinci zəngdən sonra telesekretar cavab verməli idi, lakin telefon dayanmadan zəng çalırdı.

Eni qətfəyə bürünüb çarpayının yanına qoyulmuş tumba üzərindəki telefona sarı getdi. Su süzülən saçları boynuna və çiyinlərinə toxunub onu qıcıqlandırırdı. Dəstəyi qaldırdı, “alo” dedi, sonra zəng edən adam onun adını dedi.

Ceymsdir.

Onlar otuz il idi ki, bir yerdəydilər və bu, onun eşitmək istədiyi yeganə söz idi. O, heç kimin demədiyi kimi “Anni” deyirdi. Həmişə belə deyirdi.

Bir anlıq nitqi tutuldu, nəfəsi də dayandı. Söz onu nəfəsini verdiyi anda tutmuşdu, az qala ciyərləri kağız vərəqləri kimi bir-birinə yapışacaqdı. Onun adını bir də deyəndə (amma heç özünə xas olmayan kimi ürəksiz deyirdi) ayaqları da gücsüzləşib keyləşdi, qətfə sürüşüb yerə düşdü, çılpaq və yaş sağrılarını çarpayıya, mələfənin üzərinə qoydu. Əgər orada çarpayı olmasaydı, döşəməyə yıxılacaqdı.

Dişləri bir-birinə dəyib şaqqıldadı və bu, yenə nəfəs almasına imkan verdi.

“Ceyms? Haradasan? Nə olub?”

Normal vəziyyətdə onun bu sözləri, yeməyə gecikmiş on yaşlı oğlunu danlayan ananın əsəbiləşməsi kimi səslənərdi. İndi bu vəziyyətdə isə qadın xeylağının vahimə içində deyinməsi idi. Hər halda aşağıdan səsləri gələn qohumlar onun dəfnini planlaşdırırdılar.

Ceymsin boğuq gülüşü eşidildi, sanki karıxmış adamın səsi idi.

“Həə, deyim sənə… “,– cavab verdi, – “harada olduğumu dəqiq bilmirəm.”

Eninin qarışmış ağlına ilk gələn bu oldu ki, yəqin o, Londonda təyyarəyə gecikib. Amma uçuşdan azca əvvəl özü Hitrou aeroportundan ona zəng etmişdi axı. Sonra fikrini bir az aydınlatdı: həm “Tayms”, həm də televiziya xəbərlərində dedilər ki, sağ qalan olmayıb, amma ən azı bir nəfər sağ çıxıbmış. Onun əri, təyyarənin (və təyyarənin çırpıldığı binanın; unutmaq olmaz ki, yerdə iyirmi dörddən artıq meyit vardı və bu, növbəti qəzaya qədər dünyanın bu hadisəni faciə kimi qiymətləndirməsi üçün kifayət idi) parçaları altından iməkləyib çıxıb və indiyə qədər də şok vəziyyətində, Bruklində gəzib dolaşır.

“Cimmi, sağ-salamatsan? Sən… yanmamısan?”

Bunun nə demək olduğunun birdən fərqinə vardı və sanki yalın ayağın üzərinə ağır kitab düşdü. Ağlamaqqarışıq çığırmağa başladı:

“Xəstəxanadasan?”

“Sss…”, – dedi Ceyms.

Onun həmişəki xeyirxahlığı və ailə həyatlarının bir hissəsi olan o köhnə söz, Enini daha da ağlatdı.

“Sakit ol, şəkərim…”

“Axı mən heç nə anlamıram!”

“Mən yaxşıyam,” – dedi, – “çoxumuz yaxşıyıq.”

“Çoxumuz?.. Başqaları da var?”

“Pilot yaxşı deyil, bəlkə də bu ikinci pilotdur. Qışqıra-qışqıra gəzir: “Biz aşağı gedirik, elektrik yoxdur, aman Allah”. Bir də – ‘Bu mənim günahım deyil, məni təqsirkar bilməsinlər, deyir.”

Eninin içindən soyuq cərəyan keçdi.

“Kimsən sən? Axı niyə belə dəhşətli insansan? Mən ərimi təzəcə itirmişəm, götv…ən! ”

“Şəkərim…”

“Mənə elə demə!” Burun dəliyindən şəffaf selik çıxıb sallandı. Əlinin arxası ilə onu silib yan tərəfə atdı, uşaqlığından bəri belə etməmişdi.

“Qulaq as, mister, indi ulduz-altmış doqquzu yığıram, polis gəlib sən kütbeyin, duyğusuz eşşəyi götürüb aparıb göstərər nə var, nə yox… ”

Amma Eni bundan o yana gedə bilmədi. Bu onun səsi idi. İnkarsız. Zəngin vurulması, aşağıdan heç kimin dəstəyi qaldırmaması, telesekretarın işə düşməməsi – bunlar hamısı zəngin yalnız ona vurulduğunun nişanəsi idi. Və… “şəkərim”, “sss…”. Karl Perkinsin köhnə mahnısındakı kimi…

O sakit idi, danışmırdı. Sanki Eninin bunları ayırd etməsinə imkan yaradırdı. Eni yenidən nəsə demək istəyəndə xətdən “biip” siqnalı gəldi.

“Ceyms? Cimmi? Hələ burdasan?”

“Hə, amma çox danışa bilmirəm. Biz aşağı gedəndə sənə zəng vurmağa çalışdım, yəqin elə ona görə bu həngamədən keçə bildim. Burda çoxu öz cındır telefonları ilə zəng etmək istədilər, amma alınmadı”, – bir “biip” siqnalı da gəldi – “indi də telefonumun batareyası qurtarır.”

“Cimmi, sən bilirdin?”

Bu fikir Eni üçün ən ağırı idi və onun ən əzablı cəhəti də, o bitmək bilməyən bir-iki dəqiqə ərzində Ceymsin bunu duymasıydı. Yanmış cəsədlər, dişləri ağaran üzülmüş başların səpələndiyi səhnəni də gözünün önünə gətirirdi. Hətta nişan üzüklərini və brilyant sırğaları çıxaran qıvraq meyit qarətçilərini də təsəvvür edirdi. Amma Eni Driskolun yuxusunu ən çox ərşə çəkən Cimminin öz pəncərəsindən küçələrə baxıb maşınları, Bruklinin yaxınlıqda yüksələn qaralmış yaşayış evlərini görən obrazı idi. Oksigen maskaları balaca və sarı heyvan leşləri kimi sallanmışdılar. Oturacaqların üstündəki baqaj rəfləri açılmış, içindəkilər ətrafa səpələnmiş, kiminsə “Norelko” üzqırxanı əyilmiş keçidə, sıraların arasına düşmüşdü.

“Sən bilirdin ki, hara düşürsünüz?”

“Səmimi desəm, yox”, – dedi, – “lap sona qədər hər şey yaxşı idi – yəqin ki, son otuz saniyəyə qədər. Amma belə situasiyalarda zamanı hiss etməyin çətin olduğunu həmişə düşünmüşəm.”

Belə situasiyalarda. Bir az da artıq: həmişə düşünmüşəm. Sanki bir dəfə deyil, beş-altı dəfə 767-də qəzaya uğramışdı.

O davam edirdi: “Hər halda, zəng etdim deyəm ki, biz tez gələcəyik, ona görə mən gələnə qədər FedEx-dən olan o kuryer oğlanı yatağından qov.”

FedExdən olan kuryer oğlanın Enini cəlb etməsi absurd olsa da, onların arasında illər uzunu davam edən bir zarafat idi. Eni yenə ağlamağa başladı. Onun telefonu bir “biip” də verdi, sanki ağladığına görə Enini qınayırdı.

“Deyəsən telefonun birinci çağırısı sənə gələndən bir-iki saniyə əvvəl mən öldüm. Məncə ona görə bu həngamələrdən keçib, səninlə əlaqə yarada bildim. Amma, bu telefon da görünür bir azdan canını tapşıracaq.”

Yenə boğuq gülüş. Sanki dediyində gülməli nəsə vardı. Eni düşündü ki, yəqin gülməlidir və nə vaxtsa o da bunu anlayacaq. Mənə bir on il də versəydin, deyə düşündü.

Sonra Eniyə yaxşı tanış olan, öz-özünə deyinmək başladı: “Niyə bu telefon zibili gecə dolmağa qoymadım?! Unutdum, sadəcə unutdum.”

“Ceyms, … canım… təyyarə iki gün əvvəl qəzaya uğrayıb.”

Pauza. İnsafən bu dəfə “biip”siz ötüşdü. Sonra:

“Doğrudanmı? Missis Kori deyir zaman burada kəlləmayallaqdır. Burda bəziləri onunla razılaşır, bəziləri yox. Mən də razılaşmadım, amma belə çıxır ki, doğru deyirmiş.”

“Qırmızı ürək?” – Eni soruşdu. O hiss edirdi ki, özünün orta yaşlı, ağır və yaş bədənindən kənara, bir az hündürlüyə uçur, amma Cimminin köhnə vərdişləri yadındaydı. Uzunmüddətli uçuşlarda o həmişə kart oynayırdı. Kribbaj və ya kanasta oynayırdı, amma “qırmızı ürək” həmişə sevimli kartı idi.

“Qırmızı ürək”, – Cimmi dedi. Telefon isə Cimminin sözünü təsdiq edirmiş kimi “biip” verdi.

“Cimmi…” – bu məlumatı bilmək istədiyini özündən soruşmağa uzun-uzadı tərəddüd edirdi. Birdən:

“Olduğunuz yer haradır?”– dedi.

“Mərkəzi Vağzala oxşayır”, – dedi Ceyms, – “Amma daha böyükdür, həm də daha boşdur. Əslində elə bil Mərkəzi Vağzal da deyil… mmm… kino çəkilişi üçün Mərkəzi Vağzalın dekorasiyası düzəlmiş bir yerdir. Nə demək istədiyimi anlayırsanmı?”

“Mənə… mənə elə gəlir ki, hə... anlayıram.”

“Amma heç bir qatar yoxdur… heç yerdə də görünmür… çoxlu qapı var burda. Hə... eskalator da var, amma işləmir. Tamam toz basıb, bəzi pillələri də sınıb.”

O, pauza verdi və yenidən danışmağa başlayanda səsinin tonunu alçaltdı, sanki kiminsə ona qulaq asdığından qorxurdu.

“Adamlar gedirlər. Bəziləri eskalatora dırmaşır – özüm görmüşəm – amma çoxusu qapılardan keçib gedir. Deyəsən, mən də getməli olacağam. Bir məsələ var ki, yeməyə heç nə yoxdur. Şirniyyat avtomatı var burda, o da işləmir.”

“Sən… canım, sən acsan?”

“Bir az. Ən çox istədiyim sudur. Bir şüşə soyuq “Dasani”dən ötrü lap adam da öldürərəm.”

Eni günahkarcasına üzərində su dənələri parıldayan qıçlarına baxdı. Gözünün önünə Cimminin bu dənələri necə yalaması gəldi və içindən keçən seksual oyanış onu vahimələndirdi.

Cimmi tələsik əlavə etdi: “Yaxşıyam, hər halda hələlik yaxşıyam. Amma burda qalmağın da mənası yoxdur. Sadəcə…”

“Nə? Cimmi, nə sadəcə?”

“Bilmirəm hansı qapıdan keçim.”

Yenə “biip” gəldi.

“Kaş biləydim missis Kori hansı qapıdan gedib. Mənim zəhrimar kartlarım ondaydı.”

“Sən…” – Eni duşdan çıxanda büründüyü və indi yerə düşmüş qətfəni götürüb üzünü sildi; gözünün yaşı ilə burnunun suyu üzündə qarışmışdı, – “Sən qorxmusan?”

“Qorxmuşam?” – dalğın səslə soruşdu. “Yox. Bir az həyəcanlıyam, vəssalam. O da hansı qapıdan keçəcəyimi bilmədiyim üçün.”

Evin yolunu tap, Eni düşündü və sanki bunu dedi də.

Doğru qapını tap və çıx gəl evə.

Ancaq o bunu etsə Eni onu görmək istəyəcəkdimi? Bir kabus olsa yenə keçər, ancaq… Qapını açanda qırmızı gözlü, əynindəki cinsin qalıqları əriyərək qıçlarına qarışmış, tüstülənən kömür müqəvvasını görsə necə? Əgər missis Kori də yanında, Ceymsin kartları da bükülmüş əlinə bişib yapışmış görkəmdə olsa necə olsun?

Yenə “biip”.

“Sənin FedExdən olan oğlanla ehtiyatlı olacağını deməyinə ehtiyac yoxdur daha”, – dedi. “Əgər həqiqətən onu istəyirsənsə, o sənindir.”

Eni özünün qəfil gülüşündən şok oldu.

“Axı mən səni sevdiyimi demək istəyirdim.”

“Mən də səni sevirəm. Şəkərim!”, – dedi. “Bir də bu payızda Makkormikin uşağını navalçaları təmizləməyə qoyma, yaxşı işləyir, amma çox riskə gedir. Keçən il az qalmışdı yıxılıb boynunu sındırsın. Bazar günləri də çörəkçi mağazasına getmə. Orda nəsə olacaq, özü də bilirəm ki, bazar günü olacaq, amma hansı bazar, bilmirəm. Burda zaman doğrudan kəlləmayallaqdır.”

Onun Makkormikin uşağı dediyi, Enigilin Vermontdakı yay evinə baxan kişinin oğlu olmalı idi… amma o evi on il olardı ki, satmışdılar və o uşağın da indi iyirmi beş yaşı filan olardı, yəqin. Və çörəkçi? Eni fikirləşdi ki, yəqin Zoltans çörəkçisini deyir, amma nə əlaqəsi…

“Biip.”

“Mənə elə gəlir ki, burdakı adamların çoxu yerin altında olublar. Bu çox pisdir, çünki bura necə gəlib düşdüklərini bilmirlər. Pilot da qışqırmağında davam edir. Bəlkə də bu ikinci pilotdur. Məncə, burada hələ çox qalacaq. Dayanmadan buralarda gəzir. Lap özünü itirib.”

“Biip”lər daha tez-tez gəlməyə başladı.

“Mən getməliyəm, Anni. Burda qala bilmərəm, onsuz da telefon indicə şalvarını batıracaq.” Yenə də öz-özünə deyinən səslə (inanmaq mümkünsüzdür: bu gündən sonra Eni bu səsi bir daha eşitməyəcəkdi; inanmamaq da mümkünsüzdür) pıçıldadı:

“Bunu etmək nə qədər sadəydi… nə isə, unut getsin. Səni sevirəm, sevgilim!”

“Dayan, getmə!”

“Mən …”

“Mən səni sevirəm! Getmə, noolar!”

O, artıq getmişdi. Eninin qulağında qara sükut vardı.

O, oturduğu yerdə ölmüş telefonu bir-iki dəqiqə də qulağında saxladı, sonra onu söndürdü. Əlaqəsizlik. Xətti yenə açdı, adi telefon səsini eşitdi və nəhayət ulduz-altmış doqquz yığdı. Xəttin o başındakı robot dedi ki, son zəng bu səhər saat doqquzda olub. Eni bunun kim olduğunu bilirdi, bacısı Nelli idi, Nyu-Meksikodan zəng vurmuşdu. Eniyə təyyarənin gecikdiyini və yalnız gecə gəlib çatacağını deyirdi. Eniyə möhkəm olmasını tapşırdı.

Həm Ceymsin, həm də Eninin uzaqda yaşayan bütün qohumları uçub gəlmişdilər. Ceyms ailədən qurban vermək haqqından istifadə etmişdi və ən azı indi daha təyyarə qəzasına düşməyəcəklərinə əmin olmalıydılar.

Eni çarpayının yanındakı saata baxdı. Saat 15:17-ni göstərirdi. Dul qalmağının üçüncü günündə, telefonda bu saata giriş zəngi qeyd olunmamışdı.

Kimsə otağın qapısını döydü və Eninin qardaşının səsi gəldi: “Eni?.. Eni?”

“Geyinirəm”, – deyə cavab verdi. Səsindən ağlamış olduğu hiss edilirdi. Amma təəssüf ki, evdəkilərdən heç biri bunda bir qəribəlik görmürdü.

“Bura girmə, lütfən.”

“Özünü yaxşı hiss edirsən?”– qardaşı qapının arxasından soruşdu. “Bizə elə gəldi ki, sənin danışdığını eşitdik. Elli dedi ki, kimisə çağırırsanmış.“

“Yaxşıyam!”– dedi Eni, sonra dəsmalla üzünü sildi. “İndi aşağı düşürəm!”

“Okey. Tələsmə.” Pauza. “Biz səninçün burdayıq.”

“Biip,” – Eni pıçıldadı, sonra əlilə ağzını tutdu ki, qəhqəhəsi bayıra çıxmasın. Bu, dərdin gətirdiyi mürəkkəb emosiya idi, çıxış üçün özünə belə yol tapmışdı. “Biip, biip. Biip, biip, biip.” – özünü arxası üstə çarpayıya atdı, qəhqəhələrini boğmaq üçün ağzına basdığı əllərinin üstündən gözləri genişlənmiş, göz yaşları yanağından süzülərək axıb qulaqlarına dolmaqda idi. “Biip-biiptiri –zəhrimar-biipti-biip”

Biz az da ağladı, sonra geyindi və onun kədərini bölüşməyə gəlmiş qohumları ilə birlikdə olmaq üçün aşağı mərtəbəyə endi. Amma qohumlar onun çəkdiyini bilmirdilər, Ceyms onlara zəng etməmişdi axı. Ona zəng etmişdi. Xeyrə idi, yaxud şərə – ona zəng etmişdi.

O il bütün payız boyu təyyarənin çırpıldığı yaşayış binası qarala-qarala qalmış, polisin sarı lenti ilə ətraf dünyadan ayrılmış (hərçənd cındır müştəbehlər oraya girib püskürtmə boya ilə divara XIRÇILDAYAN HƏŞƏRATLAR BURADADIR yazmışdılar) və Eni “internet xəstəsi” tanışlarından çoxlu e-poçt almışdı. Bu e-poçtu göndərənlərdən biri də Gert Fişer idi, Tiltonda (Vermont ştatı) şəhər kitabxanasında işləyirdi. Eni və Ceyms yayı orada keçirəndə Eni kitabxanada könüllü kimi işləmişdi.

Bu iki qadının xüsusi yaxın münasibətləri yaranmasa da, Gert o vaxtdan üç ayda bir paylaşdığı xəbərlər siyahısına Enini də salmışdı. Bu məktublar heç də həmişə maraqlı olmurdu. Amma evlənmələr, dəfnlər haqda xəbərləri oxuyub yarıya çatanda gözünə onun nəfəsini kəsən bir yazı sataşdı. Haqi Makkormakın oğlu Ceyson Makkormak Əmək Bayramı günündə bədbəxt hadisə nəticəsində ölmüşdü. Navalçaları təmizləyərkən yay evinin damından yıxılıb boynunu sındırmışdı.

“O, bu işi atasına yardım etmək üçün görürdü. Atası yadınızdadır, yəqin, inişil onu iflic vurmuşdu.” Bundan sonra kitabxananın təşkil etdiyi yay sonu qazon satışında necə leysan yağmasından və buna görə hamının kefinin pozulmasından yazırdı. Gert özünün üç səhifəlik xülasəsində bunu yazmamışdı, ancaq Eni əmin idi ki, Ceyson onların satdığı evin damından yıxılıb ölüb. Buna heç şübhəsi yox idi.

Ərinin ölümündən (və Ceyson Makkormakın ondan az sonrakı ölümündən) beş il sonra Eni ikinci dəfə ərə getdi. Onlar Boka Ratona köçsələr də, Eni keçmiş məhəlləyə tez-tez gedirdi. Əri Kreyq yalnız yarım-təqaüdçü idi və biznes məsələlərinə görə hər üç-dörd aydan bir Nyu-Yorkda olurdu. Eni demək olar ki, həmişə onunla gedirdi, çünki hələ də Bruklində və Lonq Aylenddə onun ailəsi yaşayırdı. Hərdən onlarla münasibətlərini necə quracağında tərəddüd edirdi. Amma onları əsəbi bir məhəbbətlə sevirdi, yalnız əlli-altmış yaşlarındakı adamın sevə biləcəyi məhəbbətlə. Ceymsin təyyarəsi çırpılanda onların yığışıb onun qayğısını çəkmək üçün necə əllərindən gələni etdiklərini heç vaxt unutmurdu. Onun da çırpılmasının qarşısını almaq üçün…

Geri, Nyu-Yorka dönəndə həmişə təyyarə ilə uçurdular. Bu barədə heç bir tərəddüdü yox idi, amma orda olanda bazar günləri Zoltans çörək mağazasına getmirdi, hətta cənnət qapısında verilən kökələrə bərabər kişmişli buynuz kökəsi almağa da. Onun əvəzinə Frocers mağazasına gedirdi. Partlayışı eşidəndə də orada idi, kömbə qoğal alırdı (onların kömbə qoğalı həqiqətən yaxşı olur). Zoltans mağazası ordan on bir kvartal uzaqda olsa da, Eni bu səsi çox aydın eşitdi. Maye qaz partlayışı idi. Dörd nəfər ölmüşdü, Eniyə həmişə buynuz kökəsi satan qadın da onların arasında. Kökələri qoyduğu kağız torbanın ağzı həmişə kip bükülü olurdu və həmin xanım ona: “Evə çatana qədər belə saxlayın, yoxsa təzəliyi itər.”– deyirdi.

Adamlar səkilərə toplaşıb, əllərini günlük kimi alınlarına qoyaraq partlayış səsinin gəldiyi və tüstünün qalxdığı şərq tərəfə baxırdılar. Eni heç kəsə baxmadan onların arasından iti addımlarla gedirdi. O, partlayışdan sonra bulud kimi qalxan tüstünü görmək istəmirdi; onsuz da bu aralarda Ceymsi çox düşünürdü, xüsusilə gözünə yuxu getmədiyi gecələrdə.

Evə yaxınlaşanda içəridə telefonun zəng çaldığını eşitdi. Ya evdəkilərin hamısı tinin aşağısında məktəbin təşkil etdiyi rəsm əsərləri satış-sərgisinə getmişdi, ya da telefonun zəngini heç kəs eşitmirdi. Yəni ondan başqa heç kəs… O, açarla qapını açıb içəri keçəndə zəng kəsildi.

Sara, – onun bacıları arasında yeganə ailə qurmamış olanı – evdə idi. Amma ondan niyə telefonun zənginə cavab vermədiyini soruşmaq mənasız idi; bir zamanlar diskoteka kraliçası olan Sara Bernike, “Kənd adamları” diskini qoyub, bir əlində döşəməsilən taxta tutaraq rəqs edirdi və bu görkəmində televiziya reklamındakı qıza oxşayırdı. Mağazadakı partlayışdan da xəbəri yox idi, halbuki onların evi Frocersdən daha yaxın idi Zoltans mağazasına.

Eni avto-cavab cihazını yoxladı, GƏLƏN MESAJLAR bölümündə böyük və qırmızı sıfır görünürdü. O demək idi ki, içində heç bir şey yoxdur. Əlbəttə, çox adam zəng edib mesaj qoymur, amma…

Ulduz-altmış doqquz deyirdi ki, son dəfə dünən axşam səkkiz-qırxda zəng vurulub. Məntiqə əks olsa da, Eni yenə haradasa Mərkəzi Vağzala bənzəyən dekorasiya qurulmuş çəkiliş meydançasında onun yer tapıb telefonunun batareyasını doldurduğuna ümid edərək həmin nömrəni yığdı. Ceymsə elə gələ bilərdi ki, Eni ilə dünən danışıb. Və ya bir dəqiqə əvvəl danışıb. Burda zaman kəlləmayallaqdır, deyirdi axı…

Eni belə zəngi çox arzu etmişdi və indi sanki arzusuna çatacaqdı, amma bu haqda heç kimə bir söz deməmişdi. Nə Kreqə, nə də artıq doxsan yaşını haqlamasına baxmayaraq, hələ də ağlı başında olan və o biri dünyanın varlığına möhkəm inanan anasına.

Mətbəxdə “Kənd adamları” üzülməyə gərək olmadığını deyirdilər. Gərək yoxdur və o da üzülmür. Amma yenə də ulduz-altmış doqquzdan öyrəndiyi nömrəni yığdı, dəstəyi əlində çox bərk sıxmışdı. Birinci çağırını eşitdi, sonra ikinci çağırını…

Qonaq otağında telefon dəstəyini qulağına tutub durmuşdu və o biri əlini sol döşünün üstündəki bəzəkli sancağa basmışdı. Sanki sancağı tutmaqla onun altındakı ürəyinin çırpınmasını saxlayacaqdı.

Sonra çağırılar bitdi və avtomata yazılmış səs ona, bir daha təkrar olunmayacaq xüsusi endirimli qiymətə Nyu-York Taymsa abunə yazılmağı təklif etdi.

Tərcümə: Kazım Səlimov

[email protected]

# 2322 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #