Şou-biznesin “Leyla”sı

Şou-biznesin “Leyla”sı
25 noyabr 2013
# 11:55

Bizim tanışlığımızın maraqlı tarixçəsi var...

Təxminən on ilin söhbətidi, mən onda “Sənət” qəzetində çalışırdım. Bu qəzet elə ilk saylarından ədəbi mühitdə böyük maraqla qarşılanmışdı və çoxlu yeni imzalar çap olunmaq üçün bu qəzetə üz tuturdu.

Redaksiyada təmtək idim, qapı ehtiyatla döyüldü və sünbülündən süd daman bir oğlan içəri daxil oldu. Salam-kəlamdan sonra çəkincən tövrüylə əlində tutduğu qalın şagird dəftərini mənə uzatdı və dedi ki, mən hekayələr yazıram, istərdim yazılarım sizin qəzetdə çap olunsun. Təbii ki, bu cavan oğlan qəzetimizin sorağını alıb gəlmişdi və mən də dəftəri vərəqləyəndən sonra özlüyümdə düşündüm ki, bir az bu gəncə məsləhətlər verim. Deyəsən o, ürəyimdən keçəni üzümdən oxumuşdu, məndən məsləhət almaq istəyilə soruşdu ki, kimləri oxumağı tövsiyyə edirsiniz? Ona İsa Hüseynovu, Əkrəm Əylislini, İsi Məlikzadəni oxumağı məsləhət gördüm. Nə gizlədim, o vaxt mən özüm cəmi 4-5 qotur hekayə yazmışdım və işə bax, durub yazıçı olmaq istəyən bir gəncə məsləhət verirdim. Bu abırlı gənc də mənə kəmali-ədəblə təşəkkür edib sakitcə çıxıb getdi. Amma nədənsə o gəncin siması uzun müddət yaddaşımda ilişib qaldı, arada xatırlayırdım və düşünürdüm ki, görəsən cavan oğlan necə oldu, görəsən yenə yazır?..

Aradan quş qanadlı bir neçə il ötüb keçdi. Günlərin bir xoş günündə “Ulduz” jurnalı əlimə keçmişdi və mən jurnaldakı imzalara diqqət yetirərkən qəfildən həmin tanış simaya rast gəldim! Jurnalda gənc dostumuzun bir hekayəsi çap olunmuşdu, hekayəni birnəfəsə oxudum və heyrətə gəldim; sevincqarışıq bir hiss məni bürüdü. Səliqəli, rəvan dil, maraqlı süjet xətti ədəbiyyata istedadlı bir gəncin gəldiyindən xəbər verirdi. Demək, o, bu illər ərzində papağı günə verməyib, oxuyub, öyrənib, öz üzərində çalışıb.

Bu qoçaq kim olsa yaxşıdı? Yazıçı sözünü adının qarşısında ürəklə yazdığım Cavid Zeynallı! Həmin Cavid Zeynallı ki, öz nəsildaşları içərisində ən yaxşı romanlardan birini – “Günəşi gözləyənlər”i – o, yazdı. Həmin Cavid Zeynallı ki, sonralar mənim nəsr kitabım haqqında iradlarıyla məni düşünməyə vadar edən tənqidi bir yazı yazdı.

***

Cavid yaşıdlarıyla müqayisədə dilə olduqca həssas yanaşan bir yazıçıdı. Onun “Azərbaycan” jurnalının 6, 7-si saylarında dərc olunmuş “Leyla” romanını oxuyandan sonra gördüm ki, birinci romanından sonra Cavid arxayın oturmayıb, roman texnikasını mənimsəyib, dili bir az da cilalanıb, roman artıq oturuşmuş bir yazıçının qələmindən çıxıb. Bu romanda artıq Cavidin bir yazıçı olaraq üslubunun formalaşdığını görürük.

Bu, nə Nizaminin, nə Füzulinin, nə də Salam Qədirzadənin Leylasıdır. Bu, Cavid Zeynallının Leylasıdır. Necə deyərlər, “ keçdi Məcnun dövrünü, köhnəldi sözü Leylalərin, indi bu eşqin yolunda mübtəlalər tazədir”.

“Leyla” bir müğənni qızın taleyi fonunda şou-biznes aləminin gizlin qatlarına işıq salır. Üzdə olan müğənninin həyatının görünməyən tərəfləri çevik, rəvan dillə yazılıb. Cavid Leylanın xarakterini açmaq üçün onu müxtəlif situasiyalarda təsvir edir. Rəcəb kasıb, kirayədə yaşayan bir jurnalistdir və o, Leyla haqqında yazı yazmaq istəyir. Leylanın həyatı müəmmalarla doludur. Onu gözləyən təhlükələrə baxmayaraq o, bu qızın həyatının hər sirrini öyrənməyə çalışır, onu intihar etməkdən çəkindirir, münasibətlər hətta intim müstəviyə qədər gəlib çıxır. Leyla bu bataqlığın içindədir, şou-biznesin yazılmamış qanunları onun azadlığını büsbütün əlindən alıb. Amma Cavid (əslində Rəcəb) onun qəlbinin dərinliklərindəki işıqlı cəhətləri kəşf edir. Rəcəb onu xilas etmək üçün ondan icazəsiz evindən tapançanı oğurlayır, Leyla bunu bildikdə əvvəl əsib-coşsa da yenə Rəcəblə münasibətlərini kəsmir.

Leylanı müxtəlif situasiyalarda təqdim edən müəllifin psixoloji təhlili təhkiyə boyu paralel şəkildə davam etdirilir və oxucu bu zavallı qızın çıxılmaz bir durumda olduğunu anlayır. Əsərdə hadisələr, konfliktlər və surətlər ustalıqla ümumiləşdirilib, şərti və rəmzi ifadə vasitələrindən romanın bədiiliyinə xələl gətirmədən istifadə olunub. Leylanin ilk sevgilisi Mehrabla aralarında yaranan soyuqluq, bəstəkar sevgilisi Vüqarın ona xəyanəti, Klaranın onu məhv etmək üçün hər vasitəyə əl atması, Rəcəbin hədələnməsi, şantaj olunması, nişanlısının ondan üz döndərməsi, işdən çıxarılması və nəhayət, ölümcül döyülməsi o qədər dəqiq detallarla işlənib ki, oxucu bütün bu baş verənlərə səmimi-qəlbdən inanır, həyəcanlanır, təəssüf hissi keçirir, nifrət edir, qəhrəmanların taleyinə acıyır.

Leylanın həyatı “sənət qurban tələb edir” ifadəsinin bədii təcəssümüdür. Hər gün efirdə parlayan bu ulduzlar sənət adlı əjdahanın ağzına kim bilir, nə qədər qurbanlar atıblar. Leylanın faciəsi həm də soyunub özünü şou-biznesin qucağına atan və sonra heç cür ordan çıxa bilməyən, parlayıb da tez sönən ulduzların faciəsidir.

Cavid bu romanında belə demək caizsə, özü özünü ötüb keçib.

# 3284 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #