#

Zibil iyi mənim kitabımdan yox, xalqımdan gəlir

Zibil iyi mənim kitabımdan yox, xalqımdan gəlir
22 may 2013
# 07:15

İrland yazıçısı, dünya ədəbiyyatının ünlü simalarından biri kimi sayılıb-seçilən Ceyms Coys (1882-1941) "Sənətkarın gənclik portreti" (1916), "Uliss" (1922), "Finneqana ehsan" (1939) romanlarının və bəşər mədəniyyəti xəzinəsinə "Dublinlilər" (1914) adıyla daxil olmuş silsilə novellaların müəllifidir.

Mövcud irland həyat tərzi ilə barışa bilməyən XX yüzilin dahi sənətkarı Ceyms Coys 1904-cü ildə doğma yurdu həmişəlik tərk etmiş, elə bu illərdə də İrlandiya haqqında sərt həqiqətlərin güzgüsü olan "Dublinlilər" kitabını yazıb başa çatdırmışdı. Lakin naşirlərin uzun müddət cəsarət edib yaxın buraxmadıqları kitab yalnız 1914-cü ildə işıq üzü görmüşdür. Bu münasibətlə Coys öz naşiri Riçardsona yazmışdı: "Hekayələrimdən zibil qutusunun iyi gəlməsi mənim günahım deyil. Belə fikirdəyəm ki, siz irlandları mənim hər şeyi olduğu kimi əks etdirən güzgümdə özlərinə baxmaq imkanından məhrum etsəniz, bütövlükdə İrlandiyada sivilizasiyanın inkişafını ləngitmiş olacaqsınız".

1920-ci ildə Sürixdən Parisə köçən Coys İkinci Dünya Savaşı başlayanacan burda yaşamışdır. Alman qoşunlarının Fransaya daxil olmasından sonra yenidən Sürixə qayıtmaq məcburiyyətində qalan yazıçı öz ömrünü çoxdan tərk elədiyi doğma vətənindən uzaqlarda başa vurmuşdur.

Sənətkarlıq məsələlərinə böyük diqqət göstərən və zərif bir üslubiyyətçi olan Coys əsərlərini bir zərgər dəqiqliyi ilə işləyirdi. Təsadüfi deyil ki, "Uliss"in meydana gəlməsi yeddi il çəkmiş, "Finneqrana ehsan" isə on yeddi ilə yazılmışdı. Geniş və hərtərəfli dünyagörüşə malik, dini-tarixi, siyasi-fəlsəfi burjua nəzəriyyələrini dərindən mənimsəyən yazıçı bütün bunlardan yaradıcı şəkildə istifadə etmişdir.

Bu səbəbdən, Coysun yüksək sənətkarlıq nümunəsi olan romanları oxucudan xüsusi hazırlıq tələb edir; daha dəqiqi, Coys geniş oxucu kütləsi üçün "anlaşılmaz və yabançı" müəlliflərdəndir. Amerika yazıçısı T.Uaylder əbəs yerə deməmişdi ki, həcmcə çox da böyük olmayan "Finneqana ehsan"ı oxumaq üçün hazırlıqlı oxucuya ən azı min saat vaxt lazımdır.

Haqqında bir neçə görkəmli yazıçının, ədəbiyyat mütəxəssisinin fikir və mülahizələrini təqdim edəcəyimiz "Uliss" romanı da Coysun çətin dərk edilən əsərlərindəndir. Təkcə elə bir qəribəliyi vurğulayaq ki, romandakı bütün hadisələr bir günün ərzində – 1904-cü ilin 16 iyununda, Dublində cərəyan edir. Həmin o yay gününün təsvirinə isə Coys nə az, nə çox – ömrünün düz yeddi ilini sərf etməli olmuşdu…

Riçard Oldinqton (1892-1962), İngiltərə

Cənab Coysun təsiri

Cənab Coysun cəhdi artıq əldə etmiş olduğu müvəffəqiyyət kimi güman ki, indən belə göstərəcəyi təsir baxımından da son dərəcə maraqlıdır; əminəm ki, onun nailiyyəti böyükdür, təsiri isə qorxuram ki, çox zərərli olsun. Əgər gənc yazarları inandırmaq müyəssər olsa ki, Coysu təqlid etmədən də ona pərəstiş eləmək mümkündür – onda hər şey qaydasında olardı; ancaq deyəsən buna ümid azdır…

Coysun metodundan dadaizmə cəmisi bircə addım məsafə var, dadaizmlə dəliliyin arasındakı məsafə isə daha da qısadır. Cənab Coys üçün nailiyyət sayılanlar intellektual qüvvənin, heyrətamiz müşahidəçiliyin, yaddaş və intuisiyanın yoxluğu ucbatından başqaları üçün tam uğursuzluğa çevrilə bilər…

…Cənab Coysa çoxları böyük ümidlər bəsləyirdi. Mən heç vaxt arzulamamışam ki, o zəhər kimi təsir göstərən rəsmi nikbinliyin bircə zərrəsini də mənimsəsin; istəməmişəm ki, o, "şəkərə" çevrilsin, yaxud Renan kimi təbiətinə aşkar yabançı olan iltifat və mərhəmət göstərsin. Ancaq mən ümid edirdim ki, Coys əsl faciə yazacaq və satira ilə faciəni bir yerə qarışdırıb qondarma bir şey düzəldən naturalistlərin hibrid janrına qayıtmayacaq.

Lakin indi mənə aydındır ki, nahaq yerə ümid eləmişəm - "Uliss" cənab Coysun indiyəcən yazmış olduqlarının içərisində ən dəhşətlisi, ən iyrənci, ən qəddarı və ən ziyanlısıdır. Bu, bəşəriyyət üçün bir iftiradır; bunu təkzib etməkdə mən acizəm. Ancaq bunun iftira olduğu da məndə şühbə doğurur. "Uliss"də gülüş var, ancaq bu, Rablenin qros riresindən çox-çox uzaq olan nifrətedici və qəddar bir gülüşdür. Mən bu fikirdəyəm ki, böyük istedad sahibi olan cənab Coys bu istedadın gücünə bizi insanlığa nifrət etməyə yönəldəndə bütün bəşəriyyətə şər atmaqla məşğul olur.

"Uliss" barədə mənim fikirlərim belədir. Sənət baxımından cənab Coysa müəyyən bəraət qazandırmaq mümkündür: o yüksək dərəcədə qeyri-adi kitab yazmağa müvəffəq olub. Ancaq həyati baxımdan əminəm ki, böyük səhvə yol verib. Üstəlik də, Coysun bir qayda olaraq uğurla mənimsədiyi üslub eynən fəlsəfəsi kimi onu təqlid edənlərin yazılarında saxta görünəcək.

Cənab Coysun təsiri, cürət edib deyə bilərəm ki, çox güclü olacaq, ancaq mümkün deyil ki, bu təsir qeyd-şərtsiz müsbət olsun. O, kin və nifrəti müəyyən məqsədlə doğurur, başqaları isə şübhəsiz ki, bunu səbəbsiz-filansız eləyəcəklər.

Əlbəttə ki, cavan yazıçılar öz çağdaşlarının təcrübəsinə xor baxmalı deyillər, ancaq onların yolgöstərən ulduzları - klassiklər olmalıdır. Üslubu formalaşmayan yazarlar üçün "Uliss" olduqca təhlükəli əsərdir. Əgər ömrünü ədəbiyyata həsr etməyi qərara almış hər hansı gənc dostum olsaydı və əgər o mənim məsləhətlərimə qulas assaydı, mən cənab Coysun əsərlərini hökmən o gəncin gözündən gizlədər, onun diqqətini Paskalın, Volterin, eləcə də Corc Murun, Floberin yaradıcılığına yönəldərdim.

Yalnız bundan sonra, yəni ədəbiyyatın məqbul xüsusiyyətlərinin - yığcamlığın, dəqiqliyin - qiymətini biləndən sonra cənab Coysun əsərlərini ona qaytarardım; bilərdim ki, artıq bu kitabların təsiri ondan ötrü qorxulu olmayacaq.

"İnqliş revyu", aprel, 1921.

Valeri Larbo (1881-1957), Fransa

Ceyms Coysun "Uliss"i

Bu kitabı əlinə alan oxucu gərəkdir ki, öncə "Odissey"dəki gözlənilməz dəyişmələri bütün təfərrüatı ilə yadına salsın, əks halda özünü tam dolaşıqlığa salmış olacaq. Mən təbii ki, Rable, Monten və Dekart kimi sənətkarların əsl qiymətini bilən hazırlıqlı oxucunu nəzərdə tuturam, çünki yarımçıq, naşı oxucu ilk üç-dörd səhifəni oxuyan kimi əsəri bir kənara tullayasıdır…

Burda gedən söhbət bu və ya digər ictimai sinfin nümayəndələri üçün daha çox səciyyəvidir: bunlardan bəziləri - fəlsəfəyə, teologiyaya, ədəbi tənqidə, siyasi satiraya, tarixə aid xalis esselərdir. Burda elmi nəzəriyyələr təqdim olunur və müzakirə edilir.

Bunlar kitabdan asılı olmayan və kitaba süni şəkildə pərçimlənən haşiyə, yaxud əlavə parçalardır. Və etiraf etməliyik ki, bu parçalar kitaba hansı əsasla məxsusdursa, elə həmin əsasla da personajlara, onların nitqinə, yaxud fikirlərinə məxsusdur. Və biz artıq kitabdan on səkkiz epizodu bir-birindən təcrid edilmiş, bir-birinə qətiyyən bağlı olmayan hekayələr kimi qəbul edə bilmərik: Blum, Stiven və digər personajlar bəzən hamısı birlikdə, bəzən ayrı-ayrılıqda əsas fiqurlara çevrilirlər; həmin günün tarixi, faciə və məzhəkəsi onların arasında oynanılır. Etiraf etmək lazımdır ki, bu on səkkiz epizoddan hər biri digərindən formasına və dilinə görə fərqlənsə də, bütünlükdə onlar vahid orqanizmdə – kitab şəklində birləşirlər.

…Bir sözlə, bizim qarşımızda açarı olan bir kitab durur. Bu açar nədir? Cürət edib deyirəm: bu açar - qapının üstündə, yəni kitabın üz qabığında, "Uliss" sərlövhəsinin özündədir…

Coys tənqid və elmi məfkurə ilə ətrafına möhkəm hasar çəkilmiş mətndən Ulissi qoparıb ayırmışdır; tarixin dərin qatlarına baş vurub zaman etibarilə Ulissə yaxınlaşmağa cəhd göstərmək əvəzinə onu özünün müasiri, xəyali partnyoru, mənəvi atası etmişdir.

"Odissey"dəki Uliss mənəvi cəhətdən kimdir? O, epik silsilədən olan qəhrəmanların arasında insanlığın daha bitkin mücəssəməsi olmaq cəhdiylə Coysun məhəbbətini hələ erkən yaşlarından qazanmışdır. Ulissə getdikcə daha çox yaxınlaşan gənc şair onun insani simasını, xarakterinin məzəli və riqqətli cəhətlərini yaratmışdır. Və yaradandan sonra öz qəhrəmanını gözünün qabağındakı müasir həyatın mürəkkəb gerçəkliyinə, dini etiqadı, elmi təsəvvürləri və dünyəvi problemləriylə zəngin olan bizim günlərin Dublininə atmışdır.

Coys "Uliss"də insanın mənəvi, zehni və fiziki bütövlüyünü nümayiş etdirmək istəmiş və bu onu əxlaqi çevrədə cinsi instinktlərin müxtəlif təzahür və eybəcərliklərini, psixoloji dairədə isə cinsi orqan və onların funksiyasını qabartmağa məcbur etmişdir.

İkinci cəhət belədir: nəyə görə Blum yəhudidir? Mən yalnız bir şeyi deməliyəm: əgər Coys öz sevimli qəhrəmanını, mahiyyət etibarilə onun ikinci "mən"i olan Stiven Dedalın mənəvi atasını yəhudi kimi veribsə, bu yalnız antisemitizmin ucbatındandır.

"Kriterion", oktyabr, 1922.

Ezra Paund (1885-1972), Amerika

Coys və Peküşe

"Uliss" sonata formalı geniş romanlar sinfinə məxsusdur, yəni mövzusu, əks-mövzusu, reprizi, inkişafı, finalı olan bir romandır. Bu əsər bölmələrə də malikdir: o, atalar və oğullar romanıdır.

"Bovari"də misilsiz səhifələr, "Buvar və Pekuşe"də tayı-bərabəri olmayan fəsillər var. Lakin Floberdə Coys kimi məzmunu qəfildən açıqlayan səhifələr olsa da Coys istehza obyektlərinin kollekiyasını xeyli zənginləşdirmişdir. Fəsillərin birində o, ingilis dilinin bütün çeynənmiş sözlərini bircə axınla yuyub aparır. Başqa fəsildə alliterik poeziyanın ilk nümayəndələrindən başlamış ingilis ədəbiyyatı tarixinin yığcam mənzərəsini verir… Digər bir fəsildə biz "Frimens cornel"in qəzet başlıqları ilə, yəni 1760-cı ildən etibarən bütün jurnalistika tarixi ilə rastlaşırıq; Coys bütün bunları kitabın axınına heç bir xələl gətirmədən tənzimləyir.

Kitabın müxtəlif hissələrində o özünü müxtəlif tərzdə ifadə edir (Aristotelin məsləhətinə əməl edərək), ancaq bu heç də görkəmli Larbonun təsdiqlədiyi kimi, Coysun vahid üslubdan imtina etməsi demək deyil. Hər bir personajın nəinki fərdi danışığı var, onlar həmçinin müstəsna düşünmək tərzinə də malikdirlər.

Coys Homerdən götürdüyü səhnələrdə orta əsrlərin alleqorik mədəniyyətinin qalıqlarından istifadə edir; bu elə də vacib məsələ deyil və hərəkəti heç də məhdudlaşdırmır; nə realizmə, nə də hərəkətin müasir xarakterinə xələl gətirmir. Və bu kitabda Floberin kitabında olduğundan daha çox forma var. "Buvar və Peküşe"nin əsas xüsusiyyəti ondan ibarətdir ki, hadisələr kifayət qədər inadkar zərurətlə bir-birini izləmir; ideya heç də məntiqdən xali deyil, lakin o tamamilə başqa tərzdədir. Floberin xeyrinə digər tərifəlayiq dəlillər də gətirmək mümkündür, lakin çox aydın və yığcam bir əsər olmasına rəğmən "Buvar və Peküşe"də canlılıq, qıvraqlıq çatışmır. Coys bu əskikliyi düzəldib; o öz oxucusunu istənilən anda, istənilən qəribəliyə hazır vəziyyətdə saxlayır, hər an hansısa gözlənilməz bir hadisə baş verir, hətta ən uzun təsvirlər zamanı da oxucu intizar içində ehtiyatla gözləməli olur.

Bu, realist “par exellence” romanıdır; bu əsərdə hər bir personaj özünəməxsus tərzdə danışır və ətraf gerçəkliyə dərin köklərlə bağlıdır. İrlandiya Britaniyanın boyunduruğu altında, dünya isə qarşısıalınmaz sələmçiliyin əsarətində göstərilib.

"Buvar və Peküşe" kimi "Uliss" də böyük əksəriyyət tərəfindən heyranlıqla qarşılanacaq kitablardan deyil, ancaq bu hər bir ciddi yazıçının təkrar-təkrar oxumağa borclu olduğu kitabdır; peşəkar qələm sahibləri yaradıcılıq sənətinin inkişaf istiqaməti haqqında aydın təsəvvürə malik olmaq üçün bu əsəri oxumağa məcburdular.

"Merkür de Frans", iyun, 1922.

Arnold Bennett (1867-1931), İngiltərə

Ceyms Coysun "Uliss"i

Müəllifin iyirmi saatdan da az olan zaman kəsiyinin təsvirinə yeddi yüz səhifədən artıq yer ayırması barədə çox danışılır. Mən burda qeyri-adi heç nə görmürəm. Əgər adamın kifayət qədər vaxtı, kağızı, uşaqlıq şıltaqlığı və inadkarlığı varsa, həyatın cəmisi iyirim saatı haqqında heç bir çətinlik çəkmədən yeddi yüz səhifədən də artıq yazması mümkündür.

Ceyms Coysun öz romanının mövzusu üçün hansısa müəyyən bir gün seçmiş olduğunu sübut eləyən əsaslı dəlillər yoxdur. Hər şeydən göründüyü kimi, onun xasiyyəti acı və ironikdir; belə düşünürəm ki, o, rastına çıxan adi günlərin ən adisini seçib götürməkdən kinli bir məmnunluq duymuşdur.

Hazırlıqsız oxucu həmin günün təsvirində nə forma, nə bədii plan, nə də "təşkil" (Henri Ceyms bu sözü çox dəqiq tapıb) görmür. Lakin hazırlıqsız oxucu həm də kordur. Valeri Larbonun fikirincə, həmin gün bütün incəliklərinə qədər planlaşdırılmış və təşkil olunmuşdur; Coys "Odissey"i hələ gəncliyindən sevirdi və Homerin ruhu onu müvafiq formanı bu əsərə əlavə etməyə yönəltmişdi.

Bəlkə də belədir. Larbo heç şübhəsiz ki, əsəri müəlliflə ətraflı şəkildə müzakirə etmişdir. Cəsarət edib belə bir şübhəmi bildirmək istərdim ki, müəllif sadəcə olaraq Larbonun beynini doldurmuşdur, əlbəttə əgər Larbo müəllifin qaralamasını öz gözləriylə görməyibsə…

Mən hətta müəllifin həyata keçən, yaxud keçməyən planının olması fikiriylə də razılaşıram. Ancaq bununla yanaşı, mən təhrikçi üsul yoxluğuna görə onu mühakimə etməliyəm. Çünki o, oxucuya heç bir tərzdə kömək göstərmir.

Əgər müəllif camaatla peşəkar ədəbiyyatçı üçün qəbul olunmuş nəzakət çərçivəsində davransaydı, "Uliss" qat-qat yaxşı alınar və normal qəbul edilərdi.

...Bəzən adama elə gəlir ki, müəllifin coğrafiya barədə heç anlayışı da yoxdur, ətrafda baş verənlərdən baş çıxara bilmir, sözün geniş mənasında xeyirxahlığın və insan təbiətinin nə odluğunu anlamır və böyük şairlərə xas olan həssaslığa malik deyildir. Ən betəri odur ki, perspektiv anlayışından o büsbütün məhrumdur. Ancaq bir sənətkar kimi mənim ona daha ciddi iradlarım var. Müəllif dünyanı miskin şəkildə görür, dünyanın sakinləri isə onun nəzərində qəddar və mərhəmətsizdirlər.

Bütün bunlara baxmayaraq Coys ədəbiyyatda çox böyük fenomendir. Bəzən o dedikcə orijinal olur. O, həyatı bütöv şəkildə görə bilmir, əvəzində iti baxışlarla onun dərinliyinə müdaxilə edir. Coys ustad sənətkardır, buna heç bir şübhə ola bilməz. Onun böyük səriştəsi, qeyri-adi yumoru var.

Romanın ən yaxşı parçaları (bədbəxtlikdən bütöv əsərdə belə parçalar zərrə kimi görünür) ədəbiyyatda ömürlük qalacaq. Mən xanım Blumun kitabı tamamlayan iri həcmli daxili monoloqunu xüsusi qeyd edirəm. Qırx çətin səhifədən, iyirmi beş minə yaxın sözdən ibarət bu monoloq özünün tamamilə inandırıcı gerçəkliyi ilə həqiqətən mövcud olmuş qadının ən məhrəm fikirlərinin fonoqramı kimi əsaslı bir sənəd ola bilərdi. Şəxsən mən ömrümdə bundan yaxşı bir şey oxumamışam; nəinki bundan yaxşısına, heç buna bərabər olanına da təsadüf etməmişəm. Ola bilər ki, mənim iradlarım da, təriflərim də həddindən ziyadə, qədərindən artıq görünsün. Ancaq mən Ceyms Coysu məhz bu cür qəbul edirəm.

"Autluk", aprel, 1922.

# 2789 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar - Ulucay Akif

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar - Ulucay Akif

15:00 4 oktyabr 2024
Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

09:00 2 oktyabr 2024
Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

14:30 1 oktyabr 2024
“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub

“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub

14:22 28 sentyabr 2024
Məni diksindirən gənc şairlər - Şərif Ağayar

Məni diksindirən gənc şairlər - Şərif Ağayar

14:07 28 sentyabr 2024
Bu darıxmaq ki var, itin balası... - Bizim şairlər niyə it kimi darıxır?

Bu darıxmaq ki var, itin balası... - Bizim şairlər niyə it kimi darıxır?

12:00 26 sentyabr 2024
#
#
# # #