Şeir oxuyan polkovnik...

Şeir oxuyan polkovnik...
19 dekabr 2015
# 12:00

Redaksiyada oturmuşdum. “Ulduz”da. Əvvəlcə kölgəsi, sonra özü içəri girdi. Başım yazıya qarışdığından onun kölgəsini gözucu gördüm. Xasiyyətim belədir: cümləni tamamlamasam, başımı qaldırmıram.

Salam verdi. Mən də başımı qaldırmadan, salamını aldım. Cümləmi tamamladım. Kölgə düşən tərəfə baxdım. Hündürboylu, nurani kişiydi. Bəlkə ona görə hündür göründü ki, əynində uzun plaşı vardı. Amma doğrudan da hündür idi.

Üzü gülürdü. Sanki nədənsə utanırdı.

- Sizə şeir gətirmişəm, - öz utancaqlığını ört-basdır eləmək üçün hündürdən və gülümsünərək dedi. Hər halda, mənə belə gəldi.

Fikir verdim ki, əlyazmasıdı.

- Biz əlyazma qəbul eləmirik. Kompüterdə yığdırandan sonra qonşu otaqda, poeziyaya baxan Fəqranə xanıma verərsiniz.

- Birin oxuyum, xoşunuza gəlsə, yığdıraram, gəlməsə, yığdırmağın nə xeyri, aparıb qoyaram arxivə.

Bu zaman Qulu Ağsəs içəri girdi.

- Qulu, - dedim, - bu qardaş şeir gətirib, birini oxusun, qulaq as, xoşuna gəlsə, kompüterdə yığdırıb gətirər.

- Yox, sən allah, oxumasın. Gətirər, oxuyarıq. –Qulu adətinə uyğun dedi.

- Şeiri adam özü oxuyanda yaxşı duyulur.

- Onda mən gedim, - yenə də üzündən təbəssüm çəkilmir.

- Oxu, oxu, - deyirəm.

- Oxuyum da, - deyir və oxuyur.

Qulu Ağsəs:

- Qardaş, sən şairsən, - deyir. - Onların hamısını yığdır gətir, verərik.

Mən də adətimə uyğun əlavə edirəm:

- Çox gətir ki, içindən seçə bilək.

Onun oxuduğu şeir yadımda deyil, amma bir şeirini deyim ki, sizdə də təsəvvür yaransın:

Hələ qalxacaqsan neçə yoxuşu,

İçimdə ölçüsən, məhək daşısan.

Elə bil mənimlə mehriban qonşu,

Elə bil mənimlə yol yoldaşısan.

Qoymadın göz dikəm özgə əllərə,

Suyum içimdədir, dənim içimdə.

Coşub çağlayırsan gündə min kərə,

Sahilsiz ümmansan mənim içimdə.

Həsrətə, hicrana tuşsan, ürəyim,

Boynuna yükümü daşımaq düşüb.

Sinəmdə çırpınan quşsan ürəyim,

Baxtına qəfəsdə yaşamaq düşüb.

Bayaqdan ayaq üstədi.

- Oturan da, - dedim.

Şeiri xoşumuza gəldiyinə görə daha da ürəklənib. Oturur və izahat verir:

- Mən polisdə işləmişəm. Əvvəllər də yazırdım, sonra başım qarışdı vəzifəyə, Vəzifədi də...İstefaya gedəndən sonra bekarçılıqdan şeir həvəsim də yerinə qayıtdı, -dedi və yenə də gülümsündü.

Məlum oldu ki, şair qardaşımız istefada olan polis polkovnikidir.

Tanışlığımız belə başladı.

Sonradan mən bilirəm ki,

Qış mənim içimdə, bahar çölümdə,

Qayğısı, dərdi yox, ölür bu dünya.

Bir az ayağımda, bir az əlimdə,

Bir az da gözümdə ölür bu dünya.

...sözlərinin müəllifi şair Fəxrəddin Teyyubdur.

Tanışlığımızın üstündən az bir zaman keçdikdən sonra onunla yenidən görüşdük. Natəvan klubunda rəhmətlik (o günçünsə sağ) Hacı Mirəziz Seyidzadənin (Mirəziz ağanın) həm 65 illik yubileyiydi, həm də “Divan”ının təqdimatıydı. O da köhnə dostuna həsr elədiyi bir şeiri oxudu. Tədbirin aparıcısı bəndəniz idi. Ona görə də zalda oturan Fərqanə xanıma dedim ki, bu şeiri də o birilərinin üstünə əlavə elə. Çünki xoşuma gəlmişdi.

Dərə keçib dağ aşmaqdı,

Həyat ki, var yarışmaqdı,

Ulduz olub sayrışmaqdı

Həm dürr olmaq, həm nur olmaq.

Nəhayət, bir gün gəldi və Fəxrəddin Teyyubun kitab çıxarmaq zamanı çatdı. Məsləhətləşdik. Nəticədə “Kölgəm mənim yol yoldaşım” şeirlər toplusu çap olundu. Kitaba ön sözü tanınmış publisist Zülfüqar Şahsevənli yazıb. Əhatəli yazıdır. Onun bir neçə misrası Fəxrəddin Teyyubun yaradıcılığı haqqında dolğun təsəvvür yaradır: “Bu şeirlər kiməsə dərd, kiməsə təsəlli, umid, kiməsə zülmətdən sıyrılan işıq kimidi, bəlkə. Mənimçün isə bu poeziya çiçəkləri pıçıltı-pıçıltı açılan yaşıl bir adadır...”

Fəxrəddin müəllimin mənəviyyatı və şəxsiyyəti poeziyası ilə həmahəngdir. O, az-az rast gəlinən köhnə kişilərdəndir: hökmü də var, fəhmi də. Qayğıkeşliyi də öz yerində...

Şair qardaşımızın poeziyası haqqında çox yazmaq, çox danışmaq olar. Amma məşhur deyimdəki kimi “yaxşıdan az-az dadarlar”...

O, ürəyinə yatan, gözü tutan dostlarına, elə mənə də ürəkdolusu şeir həsr eləyib. Sağ olsun.

Qınamasaydılar, bir bənd də deyərdim.

Yox, yaxşısı budur ki, Fəxrəddin Teyyubun “Kölgəm mənim yol yoldaşım” kitabını alıb, ona yol yoldaşı olun, şeiri də özünüz oxuyun...

Dekabr 2015

# 1816 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #