Unudulmuş qəzəlxan

Unudulmuş qəzəlxan
19 sentyabr 2013
# 11:10

İşıq kimi, ruh kimi, səs kimi göylərə çəkilən şair nəfəsi artıq torpağa qovuşmuş, yiyəsi olduğu cismin sonuncu nişanəsi kimi hərdən-hərdən üfüqlərdən boylanır və fasiləsiz olaraq yüklənən yaddaşımızda ani olaraq yanıb-sönür. O ani parıltını sezmək üçün Tanrı insanlara üçüncü göz bəxş edib. Yaddaş dediyimiz o əvəzsiz xəzinə öz varlığına görə həmin üçüncü gözə minnətdar olmalıdır.

Yaddaşımızın üfüqlərində talecə küskün, nakam bir ad dolaşır: Sədi Sani. Tarix üçün an qədər qısa bir ömür yiyəsi. XIX əsrin cəmi dörddə bir çərəyini yaşamağa macal tapmış bu insana Tanrı dünyanın ən bakirə duyğularını biçimləyib şeirə gətirmək qüdrəti bəxş etmişdi.

1854-cü ildə Qarabağın Çinli kəndində doğulmuş Sədi Sani ilk təhsilini Şuşada, sonra isə Türkiyənin Amasiya şəhərində Hacı Mir Həmzə Seyid Nigarinin yanında almışdır. Cəhalət və fanatizm girdabında çabalayan millətin barmaqla sayılacaq qədər azad düşüncəli insanları içərisində elmə və təhsilə meyli ilə seçilən Sədi Sani əruz vəzninin oynaq bəhrlərində incə ruhlu qəzəllər yazarmış. Gözünü açdığı dünyaya heyrət və təəccübünü üzücü gecələrin pəncəsində qıvrıla-qıvrıla ağ vərəqlərə köçürərmiş. Məhvərindən çıxmış ömrünün heç vaxt solmayacaq, vaxta, zamana bac verməyəcək həmişəyaşıl yarpaqları 150 illik uzaqlardan bizə munis bir dost kimi əl yelləyir, duyğularımıza sərinlik çiləyir.

Çox gənc olmasına baxmayaraq, klassik irsi gərəyincə mənimsəmiş, Azərbaycan və fars dillərində poetik nümunələr yazmış Sədi Saninin ədəbi irsinin yalnız bir hissəsi qalıb. Təxminən on il bundan öncə klassik ədəbiyyatı çox yaxşı bilən dostumuz İlqar Fəhmiylə söhbətlərimizdən birində ilk dəfə Sədi Saninin adını eşitdim. İlqar dedi ki, Sədi Sani adında bir şairimiz olub, onun qəzəllərini tap oxu. Xeyli müddət Axundov adına kitabxanada araşdırdım ki, görüm bu Sədi Sani kimdir? Niyə onun adı unudulub... Yadımdadır ki, axtarışlarım uğurla nəticələnəndən sonra “Ulduz” jurnalına Sədi Saninin qəzəllərini təqdim etdim və həmin qəzəllər çap olundu. Bu qəzəllər təmiz Azərbaycan dilində yazılmışdı, qəliz ərəb-fars sözlərindən istifadə olunmamışdı bu qəzəllərdə... Ən çox da bu məqam diqqətimi çəkmişdi.

O dövrdə Şuşada zamanının məşhur şairləriylə yaxınlıq etmiş bu gənc 1879-cu ildə dünyasını dəyişib. Onun qəzəlləri qayıdışsız keçmişin, ötüb getmiş zamanın maddiləşmiş bir hissəsidir.

Sədi Sani 25 illik ömür möhləti içərisində zamanla döyüşdə qalib çıxdı.

Əbədiyyətə doğru yön almış söz karvanında Sədi Sani adlı bir yolçu da var. Hərdən-hərdən o yolçunun səsi üfüqlərin o tayından gəlir...

# 1762 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #